Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 4,68 Mb.
səhifə34/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   30   31   32   33   34   35   36   37   ...   42
MAYASI MƏHƏBBƏTLƏ

YOĞRULAN POEZİYA
O bu boyda bir cahanı yaradıb,

Yeri, göyü, asimanı yaradıb.

İnsan olub o, insanı yaradıb,

Bu həyatın əlifbası məhəbbət,

Həm ilk nəğmə, həm ilk yazı məhəbbət.

Cabir Novruz
Mənə elə gəlir ki, şair əlinə qələm alanda ilk mövzusu elə eşq, məhəbbət olub. Mən ruzgar xanımın da şeirlərində bunu mü­­şahidə etmişəm. Gəncliyimdə bir şeiri çox bəyənib əzbər­lə­mişdim:

Genişlik tapsa da eşq ilə insan,

Arzusu hər zaman dardan keçibdi.

Sən ki əllərimə toxunmamışdın,

Bəs odun qəlbimə hardan keçibdi.
Ruzgar Əfəndiyevanın dərin və anlamlı bir dərya olan mə­həbbət ətirli şeirlərini mən ilhamla, sevə-sevə oxumuşam. Çün­ki bu şeirlərdə sevən bir ürək döyünür. Şeirlər qəlbdən ke­çən tanış duyğuları oxucusuna səbirlə, təmkinlə, inandıra-inan­dıra, həm də utuna-utana, abır-həya ilə, hökmsüz, hökmdarsız diktə edir:
Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi,

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində sönən eşqimi.


---------------------------------

* Məqalə “Ulduz” jurnalının 2013-cü il, 7-ci nömrəsində yayınlanmışdır.

Bu poetik parça büllur kimi eşqin soyuq bir ürəkdə buza dön­düyünü ifadə edən məhəbbət hekayəsidir desək, yerinə düşər.

Mənə küskün baxanım, görən nə günahım var,

Yavaş-yavaş addımla, yollarında ahım var.


Məslək dostum Flora Xəlilzadənin “etirafı, etirazlı” adlan­dır­dığı bu sətirlər bir eşqin təlatümündən yaranan poetik par­çadır. Eləcə də “O gecə” şeiri də şairi hicran körpüsündən keç­məyə məcbur edən “etirafı, etirazlı” son məktub, ayrılıq mək­tubudur:
O gecə sən gəldin boranlı qıştək,

Göynətdi könlümü soyuq sözlərin.

Ayrılıq ömrünə yağdı yağıştək,

Necə dəyişmişdi odlu gözlərin.


…O gecə ulduz da, ay işığı da,

Yollara töküldü göz yaşlarımda.

…Elə o gecədən, elə o gündən,

Eşqim yalqız qaldı dünyada mənim.


Ruzgar xanım könlündəki dərya qədər təlatümü, içindəki ağrı-acıları poetik bir biçimdə dilə gətirərkən onun qolundan tu­tanın, ona dəyanət verənin də yenə öz şeirlərindəki təsəllive­ri­ci misralar olduğunu etiraf edərək yazır:
Dünya gözümün içində,

Ömrüm dözümün içində,

Öldüm özümün içində,

Bir misram qolumdan tutdu.


Bu etiraf, bu sədaqət, bu dəyanət şairin bütün yaradıcılığı boyu ona yoldaşlıq edir.

Onun tərənnüm etdiyi məhəbbət bayağılıqdan, vəfasız­lıq­dan, duyğusuzluqdan, giley-güzardan uzaq Allahın insan oğ­luna bəxş etdiyi əzəli məhəbbətdir.

Poeziya aləminə öz dəst-xətti ilə gələn Ruzgar Qurbanova  Əfəndiyevanın şeirlərinin musiqiyə yatımı, həm də klassik tərzdə yatımı onun şeirlərini bəstəyə, nəğməyə çevirmək üçün bir şans verir. Bu da şair üçün bir məziyyətdir. Bu poetik uğur hər şeirin taleyinə yazılmır. Ruzgar xanımın şeirlərindəki bu mu­siqi ruhunu duyan tanınmış bəstəkarlar Vasif Adıgözəlov, El­za İbrahimova, Oqtay Rəcəbov, Oqtay Kazımov, Bahadır Hü­seynov, Nəriman Məmmədov, Həsənağa Turabov onun onlarla şeirinə musiqi bəstələmişlər.

“Sənli günlərim” neçə-neçə müğənniyə şöhrət gətirən klas­sik bəstəli şeirdir. Oqtay Kazımovun bəstələdiyi bu nəğmə bu gün də sevilir, oxunur, təsirləndirir.


İndi gözlərimdə mavi yuxudur,

O sənli günlərim, sənli günlərim.

Hicranı, vüsalı məni qorxudur,

O sənli günlərin, sənli günlərin.


Aylar, illər bilir nələr çəkmişəm,

Eşqindən könlümə yollar çəkmişəm.

Gəlməsə, ömrümə buludu çökər,

O sənli günlərin, sənli günlərin.


Eləcə də Ruzgar xanımın hələ keçən əsrin 70-80-ci illə­rində Bahadır Hüseynovun bəstələdiyi musiqi ovsunu ilə dəbdə olan, hələ də qəlblərdə taxt quran “Axtarma məni” nəğməsi:
Gəzdiyin yerləri çox dolaşmışam,

Eşqinin oduna gizli yanmışam,

Artıq bahar deyil, qarlı bir qışam,

Odlanıb yansan da, axtarma məni.

Çıxıram dağlara, ay gülüm, sənsiz,

Dağ da qəribsəyir dumansız, çənsiz,

Dolan bu dünyanı, get, dolan mənsiz,

Peşiman olsan da, axtarma məni.


“Dünya” mövzusu milli poeziyamızda eninə, boyuna işlən­mişdir. Səməd Vurğun, Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Zivər Ağayeva kimi neçə-neçə söz sərrafları dünyaya fəlsəfi bir don geydirmişlər. Kimi onu “əzəldən yaranmış tama­şaya” bənzətmiş, kimi onu vəfasızlıqda,gəldi-gedərlikdə, kimi də fanilikdə günahlandırmışdır.

Ruzgar xanımın poeziyasında dünyanın ağı ilə qarasını gö­rüb dərk edən bir şair dünyası yaşayır. Təzadlı bir şəkildə dün­yanı “bu boş dünya, dolu dünya”, “şeytanların qolu dünya”, “ulu­lardan ulu dünya” şəklində ifadə etsə də, sanki bir anın için­də dünyanın gözəlliyini də görə bilir, onun gözəlliyinə heyrətlə baxaraq, dünya nə gözəldir deyir.


Göylər kirpiyimdən asılıb necə,

Elə bil sinəmə qısılıb gecə,

İstəyim bürünüb nura, sevincə,

Dünya belə imiş görən həmişə,

Dünya nə gözəldir, heç bilməmişəm –
deyən şairin şeirindəki deyim tərzinin ürəyə yatımlılığı insanı həyata bağlayan duyğu və düşüncələrlə üst-üstə düşür.

Təbiətin gözəl bir parçası olan Bərdədə dünyaya gələn Ruz­gar Əfəndiyevanın şeirlərindəki təbiət məhz Azərbaycan təbiə­tidir. Dağından, daşından həyəcanlandığımız insan kimi da­nı­şan füsunkar təbiətdir, ana torpaqdır, ana torpağın bənöv­şəsi, sarı çiçəyi, laləsidir, dağı, daşıdır.

Təbiətdən ilham alan şairlərin sevə-sevə təsvir etdiyi təbiə­tin boynubükük gözəli bənövşə Ruzgar xanımın şeir­lə­rində bir başqa biçimdə poetikləşir:

O qədər boynumu bükmüşəm ki mən,

Bilsə, bənövşələr çəmənə çıxmaz.
Başqa bir şeirində isə:
Ömrüm-günüm kəsə-kəsə,

Xəyalından ötəcəyəm.

Səhər-axşam yolun üstə,

Bənövşətək bitəcəyəm – deyir.


“Kirpiyimdə od daşıdım,

Mən belə ömür yaşadım”.


“Ürəyimə köz bükmüşəm,

Mən buluddan buz çəkmişəm”.


“Hicran ömrü ömürlərdən uzundu”.
“Bir arzum qapı açmadı”.
“Ömrüm eşqə köklənib,

Ayrılıqda təklənib,

Görsəm sevgim tükənib,

Ölüm, məni ağla sən” -


kimi misra və beytlərdəki mətləbi çox vaxt şeirlərinin üst qa­tında deyil, iç qatında axtarmalı olursan.

Bir kitabına özünün yazdığı “Ön söz”də Ruzigar xanım 1947-ci ilin bir yaz günündə – may ayında dünyaya gəldiyini ifadə edir: “Kim bilir, bəlkə də, doğulduğum o yaz günü öz dün­yasından ən çox mənə pay vermişdi. Bu gündən sonra bulud da, şimşək də, dağ da, düz də, duman da, gecə də, gün­düz də, qış da, bahar da, sevinc də, dərd də… məndən öz payını əsirgəmədi”.

Həyatın bu təzadlı “pay”ları içində Ulu Tanrı ondan poeziya payını əsirgəmədi.

Bir neçəsi poetik inci, bir neçəsi də publisistik yazılardan ibarət 10-dan artıq kitabın müəllifi olan Ruzgar Əfəndiyeva həm də ədəbiyyatımızda az-az yazılan mənsur şeirlərin, kiçik heka­yələrin “Yol gözləyənlər” povestinin “Xan qızı” mənzum pye­sinin müəllifidir. O, həm də teatr və opera ilə bağlı idi. Bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operasının ariya və duetlərinin mətnini, İlyas Əfəndiyevin “Büllur sarayda” pye­sindəki “Təb­rizim” mahnısının sözlərini yazmışdır.

Böyük türk mütəsəvvüfü Hacı Bektaş Vəli demişdir ki, “Mənim üç dostum vardır. Mən öləndən sonra biri evdə qalar, biri yolda, biri də mənimlə gedər. Evdə qalan malımdır. Yolda qalan yaxınlarımdır, mənimlə gedən yaxşılıqlarımdır”.

“Uzun incə bir yol”da Haqqın Dərgahına qovuşan Ruzgar xanım Əfəndiyeva insanlara bəxş edəcəyi yaxşılıqların bir qismi olan neçə-neçə gözəl poetik inciləri özü ilə apardı. Onun bu dünyaya da əbədi qalan var-dövləti isə onun bir övladı və mənəvi övlad­ları olan əsərləri oldu.





Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin