ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


heç  bir  dini  ayin  icra  etməmişəm.  Bundan  sonra  da  icra



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

heç  bir  dini  ayin  icra  etməmişəm.  Bundan  sonra  da  icra 

etməyəcəyəm. Lakin mənə təklif olunan vəzifəni qəbul edirəm. 

Çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi 

güman edirəm”. O, bu vəzifədə otuz üç il fəaliyyət göstərmişdir. 

Yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb etmiş-

dir. Qadın təhsili və qadın azadlığı məsələsi onu çox düşündür-

müş, bu yolda böyük əmək sərf etmişdir. O, “Dəsturi-nisvan”, 

“Qadın  və  qızlarımızın  təlim  və  tərbiyəsi”  adlı  məqalələrində 

sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç 

də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının 

hökm sürdüyü belə bir ağır vaxtda o, öz həyat yoldaşı Səadət 

xanıma  “Qafqaz  Qadınları  Xeyriyyə  Cəmiyyəti”ndə  iştirak 

etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis 

Nücabə Qızlar İnstitutunda oxutmuşdur. Həmin İnstitutu Nigar 

xanım Qayıbova (Şıxlinskaya) 1889-cu ildə, Gövhər xanım Qayı-

bova (Usubova) 1903-cü ildə qızıl medalla bitirmişdir.

Hər ikisinin həyat yoldaşı hərbçi idi. Nigar xanım 1909-cu ildə 

tam artilleriya generalı Əli ağa Şıxlinski ilə, Gövhər xanım isə 

1911-ci ildə süvari generalı İbrahim ağa Musa ağa oğlu Usubovla 

ailə qurmuşdur.


Şəmistan Nəzirli

225


Mirzə Hüseyn əfəndi üç oğul atası idi. Oğlanlarının hamısına 

ali təhsil vermişdir: Nadir bəy (1874-1941) Sankt-Peterburqdakı 

Yol  Mühəndisləri  İnstitutunu,  Bahadır  bəy  (1878-1949)  Xarkov 

Universitetinin  Tibb  fakültəsini  qızıl  medalla,  Cahangir  bəy 

(1882-1938)  isə  Moskvadakı  Lazarev  İnstitutunun  Şərq  dilləri 

fakültəsini birinci dərəcə ilə bitirmişdir.

Mirzə Fətəli Axundov Adolf Berjeyə 1876-cı il 21 oktyabr ta-

rixli məktubunda açıqlayır: “Biz sizin gəlməyinizi səbirsizliklə 

gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-

halı  haqqında  Molla  Hüseyn  Qayıbovun  bu  gün  Azərbaycan 

dilində göndərməli olduğu məktubu tərcümə etməyə başlayaca-

ğam”.


Mirzə Hüseyn dördcildlik toplusunda söz sənətinin mahir us-

tadı M.P.Vaqifin şeirlərinə geniş yer verilmişdir. Araz Dadaşzadə 

“M.P.Vaqif”  kitabında  A.Berje,  F.Köçərli,  M.Y.Nersesov  kimi 

görkəmli tədqiqatçılara yanaşı, M.H.Qayıbovun da fəaliyyətini 

yüksək  qiymətləndirir:  “A.Berjeyə  böyük  ədəbiyyat  həvəskarı, 

Zaqafqaziya  müftisi  Hüseyn  əfəndi  Qayıbovun  da  müəyyən 

köməyi olmuşdur” qənaətinə gəlir.

İnqilaba qədər Vaqifin əsərlərinin toplanmasında, onun qeyri-

mətbu şeirlərinin aşkara çıxarılmasında M.Y.Nersesovdan sonra 

ən mühüm rolu Hüseyn Qayıbov oynamışdır. M.F.Axundovun 

arxivindəki bir məktubdan anlaşılır ki, Hüseyn Qayıbov ondan 

“Vaqif  və  digər  müasirin”  məcmuəsinin  göndərilməsini  xahiş 

edir və açıqca göstərir ki, “Məcmueyi-əşar” hazırlamaq fikrin-

dədir.


Mirzə Hüseyn əfəndi Qayıbov bu işə hələ altmışıncı illərdən 

başlamışdır. Onun tərtib etdiyi dördcildlik məcmuə səksəninci 

illərdə tamamlanmışdır. O, toplusunda Azərbaycanda tanınmış, 

məşhur  və  az  tanınan  yüz  doqquz  XVIII-XIX  əsr  şairlərinin 

əsərlərindən  nümunələr  vermişdir.  Bu  sahədə  ilk  təşəbbüsü 

Mirzə Hüseyn göstərmişdir.

Mirzə Hüseyn əfəndi Qayıbov Qori Seminariyasında işləyər-

kən tələbələrini, Qafqaz müftisi təyin olunarkən ruhaniləri şifahi 



General Əli ağa Şıxlinski və silahdaşları

226


xalq ədəbiyyatı toplamağa sövq etmişdir. Onun topladığı mate-

riallar M.F.Axundov tərəfindən tərcümə edildikdən sonra “Aktı” 

məcmuəsində çap olunmuşdur. Bundan başqa o, uzun illər xal-

qımızın adət-ənənələri, həyat tərzi, ədəbiyyatı ilə bağlı topladığı 

məlumatlar  əsasında  “Azərbaycanda  məşhur  olan  şüəranın 

əşarına məcmuədir” adlı antologiyasını tərtib etmişdir. Heç şüb-

həsiz, onun ən böyük xidməti bu antologiyanın tərtibidir. Onun 

da  meydana  gəlməsində  M.F.Axundovun  səyi  və  təşəbbüsü 

təqdirəlayiqdir.  Onlar  möhkəm  dost  olmuşlar.  Axundovun 

nəvəsi, fransız dili müəllimi Aliyə xanım Sultanova xatiratında 

yazırdı ki, babası əlyazmalarının surətini gözəl xətt sahiblərinə 

çatdırardı ki, onlardan biri də Hüseyn əfəndi idi. Qayıbovun ar-

vadı Səadət xanım ömrünün son günlərində belə Mirzə Fətəlini 

çox yaxşı xatırlayırdı.

1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn əfəndi Qayıbov 

(1830-1917) Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbova ya-

zırdı:

“Rəşid bəy Malixoliyanın “qələbə”sindən sonra məyusluqla 



özünü tapança ilə qətl elədi. Oğlu Fətəli (Mirzə Fətəli Axundo-

vun adı qoyulan nəvəsi – Ş.N.) bu günlərdə gələsidir. Rəşid bəy 

məni və Xanbaba xanı (M.F.Axundovun kürəkəni, polkovnik idi 

– Ş.N.) apekon (qəyyum) təyin edibdir. Bu barədə də kağız ya-

zıbdır.

Bu gün “Kavkaz”dakı cənab Sərdara və qrafinaya oxunan nit-



qinin (reçinin) müsəlmancəsini mən tərtib edib, sonra Nərimanov 

ruscasını Sərdara və qrafinaya hüzurlarında oxuduq. Hər ikisi 

çox  razı  qaldılar  və  Sərdar  dedi  ki,  bu  on  beş  nəfər  qızların 

vəsaitimlə Svetaya Ninaya götürtməkləri mənim tərəfimdən bir 

cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaq-

larının təlim və tərbiyələrinə çalışacağam…”.

Mirzə Hüseyn ədəbi-bədii irsimizin toplanmasında da böyük 

və  əvəzsiz  xidmət  göstərmişdir.  O,  böyük  dramaturqumuz 

M.F.Axundovun  məsləhəti  ilə  XVIII-XIX  əsr  şairlərimizin 

əsərlərindən ibarət dördcildlik “Azərbaycanda məşhur olan şüa-



Şəmistan Nəzirli

227


ranın əşarına məcmuədir” adlı kitabın tərtibçisidir. Burda yüz 

doqquz şairin əsərlərindən nümunələr toplanmışdır. Şərqşünas 

Adolf  Berje  1867-ci  ildə  Leypsiqdə  dərc  etdirdiyi  “Qafqaz  və 

Azərbaycanda  məşhur  olan  şüəranın  əşarına  məcmuədir”  və 

sonralar, Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi ma-

terialları” adlı əsərini yazarkən Mirzə Hüseyn əfəndinin dörd-

cildlik  məcmuəsindən  geniş  istifadə  etmişlər.  Mirzə  Hüseyn 

əfəndi Qayıbzadəni yaxşı tanıyan, onun ailəsinə çox yaxın olan 

ədəbiyyatşünas-alim Firidun bəy Köçərli haqlı olaraq yazırdı:

“…Cənab Berjenin (Adolf) məcmuəsini tərtib edən Zaqafqa-

ziya  Müftisi  Hüseyn  əfəndi  Qayıbzadə  olubdur  ki,  ol  cənabın 

şeir və ədəbiyyata artıq meylü-həvəsi var idi. Bu məcmuə dəxi 

əlan çox az tapılır” (F.Köçərli. “Azərbaycan ədəbiyyatı” kitabı, 

Bakı, 1978, 1-ci cild, səh.171).

Mirzə Hüseynin öz əlilə yazdığı dördcildlik külliyyat Respub-

lika  Elmlər  Akademiyasının  Məhəmməd  Füzuli  adına  Əlyaz-

maları İnstitutunun Fondunda ən qiymətli bir abidə kimi saxla-

nılır (rəf.S, v. 1091). Külliyyatın birinci cildi 1986-cı ildə, ikinci 

cildi 1989-cu ildə, üçüncü cildi isə 2002-ci ildə nəşr olunmuşdur.

Qafqaz  müftisi  Mirzə  Hüseyn  əfəndi  Qayıbov  məktəblərin 

vəziyyətini  yoxlamaq  üçün  1887-ci  il  mayın  22-də  Şamaxıya 

gəldi. Ruhani məktəblərində dərslərin keyfiyyəti ilə maraqlanıb, 

yoxlanış  apardı.  Çoxdan  görüşmək  arzusunda  olduğu  “xoş-

məzmun və ibrətamiz nağıl və hekayələri ana dilində tərtib edib, 

öz şagirdlərinə oxuyan” (F.Köçərli) məşhur şair Seyid Əzim Şir-

vaninin dərs dediyi şəhər məktəbinə də gəlib tanış oldu. Seyid 

Əzimin nikbin ruhlu qəzəlləri, dərslikləri, “Tarixi-Şirvannamə” 

adlı əsərindən oxuduğu ayrı-ayrı hissələr Mirzə Hüseyn əfəndi 

Qayıbzadəni heyran qoydu. Seyid Əzimin köməkliyi ilə Qayı-

bov, Nişat Şirvaninin, Ağa Məsih Şirvaninin, Ağa Bağırın, Əli-

qulu bəy Köçməzin, Zülali Şirvaninin, Molla Qədir Nacinin, Vaiz 

Şirvaninin və başqa şirvanlı şairlərin əsərlərini gələcək məcmuəsi 

üçün topladı.


General Əli ağa Şıxlinski və silahdaşları

228


Şair “Qəsideyi-türki” mənzuməsində əleyhdarlarından, şəxsi 

məktəbini  bağlatmaq  istəyənlərdən  əqidə,  inam  dostu  olan 

Mirzə Hüseyn əfəndi Qayıbzadəyə acı-acı şikayətlənirdi:

Özün agahsan hər bir kəsin felü ədasından,

Bilirsən, kim sədaqət etdi, kim əhli-riya gəldi.

Dağıtdı məktəbimi sədri-pakun sui-tədbiri

Təmlə hər tərəf kim, atdı ox tiri-xəta gəldi.

Müfti  H.Qayıbovun  Şirvana  gəlişini  alqışlayan  Seyid  Əzim 

dostuna  həsr  etdiyi  səksən  dörd  misralıq  qəsidəsində  onu  ilk 

dəfə məktəb bina edən peyğəmbər adlandırır:



Hüseyni-paktinət, müftiyi-Qafqaz kim, anın

Vücudundan bu torpağə xəvasi-kimya gəldi.

Sanırsan bir yədi-qüdrətdü, oldu qeybdən zahir,

Bu Qayıbzadə zahir oldu, dəhrə yüz cila gəldi.

Hüseyn namında çün məşhur idi imdadə yetməklik,

Vilayət mülkünün şahı “vəliyyü-innəma” gəldi. 

Vücudun oldu çün öz ülfətinlə mürşidi-kamil,

Sənə tədrisdə İdrisdən yüz mərhəba gəldi.

“Seyid Əzimin Azərbaycanda məşhur olan şüəranın əşarına 

məcmuədir” adlı toplusundakı əsərlərini H.Qayıbov bilavasitə 

şairin özündən almışdır. Bu, Seyid Əzim ilə Müfti əfəndi arasın-

dakı görüşün ilk faydalı nəticələrindən idi. İkincisi, “Qəsideyi-

türki”  mənzuməsində  şairin  sevimli  məktəbdən  ayrılması  ilə 

əlaqədar  olaraq  keçirdiyi  həyəcan  və  iztirablar  H.Qayıbova 

təsirsiz qalmazdı. Çalışqan müəllimin göstərdiyi səylər Qayıbo-

vun da nəzərini cəlb etmişdi. Təsadüfi deyil ki, həmin görüşdən 

bir  qədər  sonra  müəllim  Seyid  Əzimin  medalla  təltif  edilməsi 

məsələsi  ortaya  atılır.  Bu  təklifin  irəli  sürülməsində  ilk  təşəb-

büskarlardan  biri  də  Hüseyn  əfəndi  Qayıbovun  olduğuna 



Şəmistan Nəzirli

229


qətiyyən şübhə ola bilməz” (S.Hüseynov. “Seyid Əzim Şirvani-

nin yaradıcılıq yolu”, Bakı, 1977, səh.56).

Mirzə Hüseyn əfəndi Qayıbzadə 1830-cu ildə Qazax qəzasının 

Salahlı  qəryəsində  anadan  olmuşdur.  1917-ci  il  fevralın  20-də 

vəfat edən Mirzə Hüseyn Tiflisdə böyük məsləkdaşı Mirzə Fətəli 

Axundovun yanında “Nəbatət bağı”nda dəfn olunmuşdur.

Fevralın  21-də  Əlahəzrət  Qafqaz  canişini  Qafqaz  Maarif 

Sərdarının popeçiteli N.F.Rudolfa əmr göndərmişdir ki, görkəmli 

maarifçi,  din  alimi  Müfti  Mirzə  Hüseyn  əfəndi  Qayıbzadənin 

vəfatı  münasibəti  ilə  Tiflis  və  Bakı  quberniyalarındakı  təhsil 

müəssisələrində dərslər dördgünlüyə dayandırılsın. Qori şəhə-

rindəki Seminariyanın şagirdləri də Tiflisə gətirilib Qayıbzadənin 

son mənzilə yolasalma mərasimində iştirak etsinlər.

Bakıdan  “Nəşri-Maarif”  Cəmiyyətinin  sədri  Hacı  Zeynalab-

din Tağıyev, “Səadət” İlahi Qüvvələr Cəmiyyətinin sədri Axund 

Hacı  Abdulla  Rəhim  Hadızadə,  “Nicat”  Cəmiyyətinin  sədri 

Mirzə  Əsədullayev  və  başqa  görkəmli  şəxslər  Mirzə  Hüseyn 

əfəndi Qayıbzadənin yas mərasimində iştirak edib, ailəsinə baş-

sağlığı veriblər.

Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə vəsiyyətində demişdir 

ki, tabutumun üzərinə əklil qoymayın, təmtəraqlı mərasimimə 

yığılan pulları xeyriyyə və məktəb işlərinə sərf edin. Onun vəfatı 

ilə əlaqədar “Kaspi”, “Kavkaz”, “Tərcüman” və başqa qəzetlər 

yazılar vermiş, mütərəqqi ziyalılar matəm saxlamışlar.

Dövrünün çox görkəmli şəxsiyyəti olan Mirzə Hüseynin sağ-

lığında  məşhur  şairlər  onun  şərəfinə  şeirlər  yazmışlar.  Seyid 

Əzim Şirvani (1835-1888), Mirzə Ələsgər Növrəs (1836-1912), şu-

şalı  Mirzə  Rəhim  Fəna  (1841-1929),  Qobustan  İmamı  Molla 

Zəkəriyyə Qədir Əfəndizadə və başqaları.

Mirzə  Hüseyn  əfəndi  Qayıbzadənin  müasiri  görkəmli  şair 

Abbas ağa Nazir (1849-1919) də onun maarifçilik və elmi fəaliy-

yətinin əlliilliyi münasibətilə 43 beytlik “Vücudun fəxri-insandır” 

adlı şeir yazmışdır. 1908-ci ildə görkəmli alim M.H.Qayıbzadənin 



General Əli ağa Şıxlinski və silahdaşları

230


şərəfinə yazılan bu şeir indiyədək oxucu üzü görməmiş, alimin 

arxivində qorunub saxlanılmışdır.

Azərbaycan  Respublikası  Mərkəzi  Dövlət  Ədəbiyyat  və 

İncəsənət Arxivində, akademik Heydər Hüseynovun şəxsi fon-

dunda  general  Əli  ağa  Şıxlinskiyə  məxsus  çoxlu  sənəd  və 

müxtəlif materiallar var.

Beş yüz on dörd nömrəli fondda general Əli ağa Şıxlinskinin 

bir dəftəri də saxlanılır. Qara meşin üzlü zabit dəftərində gene-

ralın öz dəsti-xəttiylə yazdığı şeirləri, bədii parçaları, tərcümə və 

qeydləri var. Həmin dəftərin 8-ci səhifəsində 1908-ci il fevralın 

6-da Rəhim bəy Qayıbovun Zaqafqaziya müftisi Mirzə Hüseyn 

əfəndi Qayıbova göndərdiyi məktubun mətninə rast gəldim.

“Yanvarın  otuz  birində  azərbaycanlıların  nəfinə  səmərəli 

fəaliyyətimizin 50 illiyi tamam oldu. Sizin həmişə həyat şüarınız 

belə olmuşdur: hər şey xalq üçün, özün üçün isə heç nə. Siz ha-

zırkı şəraitdə görüləsi mümkün olan bütün işlərin öhdəsindən 

gəlmisiniz. Cəsarətlə deyə bilərsiniz ki, nahaq yerə yaşamamı-

şam.  Çox  faydalı  əməyinizin  50  illiyi  münasibətilə  təbrik  edir, 

Sizə hələ bundan sonra da yaradıcılıq nailiyyətləri arzu edirik”.

Mirzə Hüseyn əfəndi Qayıbovun əvəzsiz maarifçilik xidməti 

müasirlərinin  nəzər-diqqətini  həmişə  cəlb  etmişdir.  XIX  əsrin 

sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış şair Abbas ağa Na-

zir fəxrlə yazırdı:

Var idi bir müəllimi-mümtaz,

Sözü əlan Müftiyi-qafqaz,

Şəxsi-qabil hünərvər adı Hüseyn,

Əsl ustadı həm müəllimi-eyn.

Hücrədə əyləşib sabah-axşam,

Vəxti tədrisə sərf edərdi müdam,

…Müxtəsər, ol müəllimi-fazil,

Elmi-tədrisdə mahiru-kamil.


Şəmistan Nəzirli

231


Mirzə Hüseyn əfəndi din alimi olduğuna görə, sovet dövründə 

onun haqqında var səsimizlə danışa bilməmişik. Tədqiqatçılar, 

ədəbiyyatşünaslar,  tarixçiləri  ondan  bol-bol  bəhrələnsələr  də 

onun  xidmətini  danmışlar.  Təkcə  məşhur  ədəbiyyatşünas-

alimimiz Firidun bəy Köçərli (1863-1920) onun əvəzsiz xidmətini 

yüksək qiymətləndirmişdir. Biz də bu gün bəyənmədiyimiz, yet-

miş il tənqid atəşinə tutduğumuz Çar hökuməti Mirzə Hüseyni 

1878-ci  ildə  “Qızıl  Xaç”  medalı  ilə,  Yaxın  Şərq  xalqları  üçün 

dərsliklər müəllifi olduğuna görə 1884-cü ildə İranın “Şire-Xor-

şid” ordeni ilə, 1871-ci ildə qeyri-xristianlar üçün təsis olunmuş 

üçüncü dərəcəli “Müqəddəs Anna”, 1876-cı ildə ikinci dərəcəli 

“Müqəddəs Stanislav”, 1879-cu ildə ikinci dərəcəli “Müqəddəs 

Anna”,  1883-cü  ildə  dördüncü  dərəcəli  “Müqəddəs  Vladimir” 

ordenləri ilə və dəfələrlə pulla mükafatlandırılmışdır.



General Əli ağa Şıxlinski və silahdaşları

232


İLK HƏRBİ ŞƏFQƏT BACISI

(Nigar xanım Şıxlinskaya)

Mən yalnız bir qadının mehriban nəvazişilə yaşa-

yıb ölmək istərdim.

Jül Renar

Dadıma çatmışdı şəfqət bacısı,

Hörüklü saçları dəydi üzümə.

Kövrəldim. Qanımda ağrı, acısı,

Dedim: Burax məni, özünü üzmə,

Qoy qalıb can verim, allah xətrinə…

Elə məyus-məyus baxdı ki, mənə,

Daha dinlənmədim. Yaramı yudu,

Sonra da ehmalca onu sarıdı.

Yakob Polonski

1

Hər  dəfə  Nigar  xanım  Şıxlinskayadan  söz  düşəndə  istər-

istəməz Qafqaz tarixinin mahir bilicisi Vasili Veliçkonun “Nəcib-

lik azərbaycanlıların qanındadır, onlar təbiət etibarilə xoşxasiyyət 

və rəhmlidirlər, mərd və alicənabdırlar” sözlərini xatırlayıram. 

Nigar xanımın ömür yolu ilə tanış olanda görürsən ki, nəciblik 

sözü onun təbiətinə xas olan xüsusi bir keyfiyyət imiş. Bu nəcib 

və  xoşxasiyyət  qadınla  iyirmi  iki  il  ömür  sürmüş  məşhur 

sərkərdəmiz Əli ağa Şıxlinski yazır:

“1909-cu il oktyabrın 27-də qırx dörd yaşında ikən mən Zaqaf-

qaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbovun qızı Nigar xanım-

la evləndim… Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq 

səadətə  yönəltdi.  Bir  yerdə  keçirmiş  olduğumuz  iyirmi  iki  illik 

1

  Şeiri şair Səyavuş Məmmədzadə tərcümə edib.



Şəmistan Nəzirli

233


həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Fitrən 

istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar xa-

nım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə 

tam mənası ilə nail oldum. Lakin 1931-ci il avqustun on beşində 

Nigar xanımın ölümü mənim üçün ən ağır zərbə oldu. Mənim hər 

şeyim: həm səadətim, həm də səhhətim onunla getdi”.

Nigar xanım 1871-ci il oktyabrın 10-da Tiflisdə ziyalı bir ailədə 

dünyaya  gəlmişdir. Atası  şeir-sənət  xiridarı,  məşhur  din  alimi 

Mirzə Hüseyn, anası Səadət xanım isə Qafqaz Qadınları Xeyriyyə 

Cəmiyyətinin fəxri sədri idi.

İlk təhsilini evdə ata-anasından və məşhur riyaziyyatçı Əbdül-

kərim ağa Qayıbovdan alan Nigar xanım Tiflisdəki Nücabə Qız-

lar İnstitutunu 1889-cu ildə qızıl medalla bitirmişdir

1

. Fransız və 



rus dillərində sərbəst danışan Nigar xanım, ərəb və fars dillərini 

də kamil bilirdi.

Zaqafqaziya müftisinin qızı Nigar xanım Qayıbova qızıl me-

dalla, Dilşad xanım Axundova və Fərruxa xanım İsmayılova gü-

müş medalla təltif olundular.

Dilşad xanım böyük dramaturq M.F.Axundovun qaynı, pol-

kovnik Mirzə Mustafa Axundovun (1835-1903) qızı idi.

Fərruxa xanım isə şamaxılı Ağaəli Əkbər İsmayılovun qızı idi. 

Sonralar Fərruxa xanım polkovnik Şahzadə Xancan xan Qacarın 

həyat yoldaşı oldu.

Bahadır bəy Qayıbovun akademik Heydər Hüseynova 1946-

cı il 30 sentyabr tarixli məktubu:

Hörmətli Heydər Nəcəfoğlu!

Əlbəttə, Sizin unudulmaz Əli ağa və Nigar bacı haqqındakı 

yazınız həmişə çox uğurlu alınır. Bəli, onları unutmaq olmaz: on-

ların hər ikisi öz Vətənini və xalqını səmimi-qəlbdən sevirdilər. 

1

 



Tiflisskiy  listok

  qəzeti  1889-cu  il  3  iyun  (№124)  tarixli  sayında 



yazır  ki,  ötən  həftənin  cümə  axşamı  Zaqafqaziya  Qızlar  İnstitutunun 

təntənəli buraxılışı oldu. İnstitutu bitirən 194 nəfər müdavimin 17 nəfəri 

ali təltifata layiq görüldü. Təltif olunanlar arasında müsəlman qızları da 

var – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

234


Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz doğma ana dilini də 

əla bilirdilər.

Heç vaxt unutmaram ki, onların hər ikisinə şəxsən ana dilində 

təhsil verən, həmçinin Tiflisdə, Qoridə – Müəllimlər seminariya-

sında  yüzlərcə  azərbaycanlı  uşağını  oxudan  rəhmətlik  atam 

səbəbkardır.

Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz etmişdir: o 

yetkinliyində, nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami 

və  başqalarını  oxumuş,  həmçinin  bütün Azərbaycan  şairləri  – 

Xaqani, Nizami, Füzuli, Vaqif və başqalarını mütaliə etmiş, ərəb 

dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə yaxından tanış idi. Heyf ki, 

Siz onunla tanış deyildiniz – o, həqiqətən rus dili bir yana, bizim 

və fars ədəbiyyatının bilicisi idi”.

1918-ci ildən Bakıda yaşayan Nigar xanım “Yeni fikir” qəze-

tində Azərbaycan ədəbiyyatına dair silsilə məqalələri ilə çıxış et-

mişdir.  O,  1923-cü  ildə  “Proletar  mədəniyyəti”  şüarı  altında 

klassik irsimizə xor baxan, dilimizin saflığını korlayan cığırdaş 

qələm sahiblərini cəsarətlə tənqid edir və Nizami Gəncəvinin nə 

üçün farsca yazmasının tarixi səbəblərini elmi izahını əsaslı fakt-

larla şərh edir, Nizaminin azərbaycanlı olmasına şübhə edənləri 

kütbeyin, savadsız adlandırır. O, Nizaminin azərbaycanlı olma-

sını yazan ilk tədqiqatçılardan biridir.



Nigar  xanım  Şıxlinskayanın  “Yeni  fikir”  qəzetinin  doqquz 

oktyabr  1923-cü  ildə  dərc  etdirdiyi  “Azərbaycan  ədəbiyyatına 

dair” irihəcmli elmi məqaləsində ədəbi problemlərin həlli araş-

dırılır.

O  yazır:  “Yeni  fikir”  qəzetinin  keçən  nömrəsindən  birində 

“Ədəbiyyat  necə  xidmət  etməlidir?”  ünvanlı  məqaləsində  Hü-

seyn  bəy  Hacınski  cənabları  deyir  ki,  “bizim  dahi  şairlərimiz 

hələ gəlməyiblər. Fars tayfasının dahiləri: Firdovsi, Sədi, Hafiz, 

Ömər  Xəyyam…  yazdıqları  ədəbiyyat  ilə  dünyada  məşhur  ol-

muşlar. Bizim bunlar kimi heç bir şairimiz olmayıbdır. Olsa da 

Molla Rumi, Şeyx Nizami kimi fars dilində gözəl əsərlər qoyub. 

Öz dillərinə məhəl qoymayıblar. Odur ki, biz onlara türk şairi 


Şəmistan Nəzirli

235


deyib fəxr etməməliyik. Farsdan, ərəbdən qafiyə düzəldib dili-

mizi xan-xarab edərək mədh və ya həcv yazan ədib ola bilməz. 

İndiki şairlərimizdən Abdulla Şaiq, Hüseyn Cavidə az-çox ədib 

demək olar, ancaq bunlar dillərini molla dili deyil, camaat dili 

yapmalı, şeirlərini osmanlı türkcəsilə deyil, Azərbaycanın şivə-

sinə uyğunlaşdırmalıdırlar”.

Hüseyn bəy Hacınski cənabları deyir ki, “bizim dahi şair ləri-

miz hələ gəlməyiblər. Biz bu cür ədibləri, şairləri gözləyirik. On-

lar bundan sonra gələcəklər”.

Nigar xanım Şıxlinskaya, Hüseyn bəy Hacinskiyə irad tutaraq 

sonra fikrini belə əsaslandırır:

“İstədiyiniz şair, ədiblər gələcəklərmi – bunu bilmək çətindir. 

Bu  halda  şairlərimiz,  ədiblərimiz  vardır  və  keçmişdə  də  var 

idilər. Bunu yəqin deyə bilərik. Abdulla Şaiq və Hüseyn Cavid 

cənabları, əlbəttə ki, ədibdirlər və təbii-şairanələri də vardır…”

Nigar  xanım  məqalələrində  bolşevik  fitvasına  uyanlara, 

klassik irsimizi inkar edənlərə, zəngin Azərbaycan dilini mü-

kəmməl bilməyənlərə məsləhət verərək yazırdı:

“…Həmişə və hər yerdə camaatın söylədiyi dildə yazmaq ol-

maz.  Hər  millətin  və  camaatın  növbənöv  şivəsi  vardı,  amma 

ədəbi dili birdir. Yazan özü də şivədə danışsa da, yazdığı ədəbi 

dildə  olmalıdır.  Dilimizdə  olan  ərəb,  fars  sözlərini  mümkün 

qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki 

öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini 

ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik.

Dilimizdə  köklənmiş  ərəb,  fars  sözləri  işlətmək  olar,  çünki 

bunları  oxumamışlarımız  da  bilirlər.  Rus  dilində  də  əcnəbi 

sözləri vardır. Başqa dillərdən iqtibas etməmiş heç bir dil tapıl-

maz. Osmanlı şivəsini bilmək lazımdır, lakin bizim Azərbaycan 

şivəsini bütün-bütünə tərk etmək böyük səhv və xətadır, çünki 

osmanlı türkcəsindən isə bizim Azərbaycan türkcəsində əsl türk 

sözləri artıqdır...

Şeyx Nizami fars dilində gözəl əsərlər qoyub, öz dilinə məhəl 

qoymuyubdur – demək yersizdir, çünki Şeyx Nizaminin farsca 



General Əli ağa Şıxlinski və silahdaşları

236


yazmağı  türkcəyə  məhəl  qoymamağından  əmələ  gəlməyibdir, 

səbəbi başqadır. Deyil ki, Şeyx Nizaminin vaxtında, hətta qırx-

əlli il bundan müqəddimədə farsicə yazan çox idi. Rəsmi kağız-

lar  farsicə  yazılırdı,  bir  möhtərəm  kimsəyə  məktub  yenə  də 

farsicə olurdu. Fars dilinin bizim türklər arasında şöhrəti təbii 

şeydir. Tarixçə məlumdur ki, mədəniyyətcə geridə olan millət, 

hətta  zor  ilə  məğlub  etdiyi  mədəni  millətlərin  mədəniyyətinə 

tabe  olurlar.  Məsələn,  qədim  zamanlarda  rumlular  yunanlara 

qalib olub. Yunanıstanı fəth edəndə külliyyatı əsir götürmüşdülər. 

Bununla belə, yunan mədəniyyəti onlarınkından artıq olduğuna 

görə əsirlərinin mədəniyyətinə məğlub oldular. Rumlular başla-

dılar yunan dilini və ədəbiyyatını öyrənməyə... Yunan dilinə və 

ədəbiyyatına olan şövq o dərəcəyə çatdı ki, rum şair və ədibləri 

öz dillərini qoyub, yunanca yazdılar... Xeyli müddətdən sonra 

rumlular yavaş-yavaş yunanca yazmağı tərk edib, öz dillərində 

yazdılar... Türklər dəxi haman bunlar kimi olublar.

Zorən  farslara  qalib  olmuşlarsa  da  özlərindən  artıq  mədəni 

olan  farslara  mədəniyyətcə  məğlub  olublar:  farsca  yazmaq  bir 

adəti şey olubdur və bu hal uzun müddət davam edibdir. İran ilə 

həmsərhəd və bir vaxt İrana tabe olan Azərbaycanda, hətta İran-

dan çox uzaqda olan Krımda və Türkiyədə dəxi şairlərin farsca 

yazılmış əsərləri az deyil. Zənn olunmasın ki, türk dili vüsətin 

deyil, elə fikir var ki, onu demək üçün farscada bir tək söz oldu-

ğu halda türkcədə iki-üç söz var ki, bir mənada olub və hər biri 

bir başqa dərəcəni göstərir: məsələn: ağlamaq – sıtqamaq, içinmək, 

sınqarmaq... Yuxarıda dediyimizdən məlum olur ki, Şeyx Niza-

minin farsca yazmağı türkcəyə məhəl qoymamaq deyil, zəma-

nəyə tabe olmağındandır.

Keçmişdə  ədiblərimiz  və  şairlərimiz  çox  olubdur.  Onların 

əsərlərinin  barəsində  ətraflı,  müfəssəl  yazmalı  olsaq,  neçə  cild 

kitab yazmaq lazımdır.

Mərhum  Müfti  əfəndi  Qayıbzadə  Qori  seminariyasında 

müəllim işlədiyi zamanında Azərbaycan şairlərinin şeirlərini yı-

ğıb böyük bir məcmuədə əmələ gətirmişdir. Məcmuə dörd bö-



Şəmistan Nəzirli

237


yük  cilddir.  Bütün Azərbaycan  ədəbiyyatını  göstərən  məcmuə 

pul olmadığına görə basılmamış qaldı. O məcmuə basılıb cəmaət 

arasında  yayılmış  olsaydı,  uşaqlarımız  və  böyüklərimiz  görər-

dilər ki, biz azərbaycanlıların da şairləri, ədibləri olublar və elə 

şair  və  ədiblər  ki,  onların  vücudu  ilə  fəxr  etməkdə  haqqımız 

var”.


* * *

1948-ci il noyabrın 28-də gecə saat ikidə dünyadan köçən dahi 

bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş 

bir not qaldı. Üzeyir bəy general Əli ağa Şıxlinskinin altıbəndlik 

“Mənim” şeirinin iki bəndinə romans yazmışdı.

1912-ci ildə Çarskoye-Seloda yazılan bu şeirdə general sonsuz 

bir məhəbbətlə sevdiyi Nigarını tərənnüm edirdi:

Ey sevdiyim, ey dilrüba,

Səbrim, qərarımsan mənim.

Səd mərhəba, səd mərhəba,

Nə türfə yarımsan mənim.

Görən səni, ey nazənin,

Deyər pəh-pəh, səd afərin!

Dünyada mislin yox, yəqin

Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,

Gözəl batin, təbiətin.

Gözəl, hər işdə qeyrətin,

Namusum, arımsan mənim.

Mənim baharda bülbülüm, 

Mənim qızılca sünbülüm.

Gülşənlərdə zərif gülüm,

Bağlarda barımsan mənim.


General Əli ağa Şıxlinski və silahdaşları

238


Səni ziyarət eylərəm,

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm,

Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,

Verdin bu dərsi, bilməli.

Eşqindən olmuşam dəli,

Sən ahü zarımsan mənim.

Nigar  xanımın  fransız  dilini  mükəmməl  bilməsi  haqqında 

mənim bildiyim iki olmuş əhvalat var. Onlardan birini general 

Əli ağa Şıxlinski xatirələrində ötəri də olsa yazıb.

…1912-ci  ilin  yayında  Çarskoye-Seloya  gələn  Fransa  hərbi 

nümayəndə heyətinin başçısı general Dezavye general Əli ağa 

ilə səmimi münasibətdə olur. Bir gün Şıxlinski onu evinə qonaq 

dəvət edir.

Fransızca çətinliklə danışan Əli ağaya Nigar xanım da arabir 

kömək edirmiş. Nigar xanımın fransız dilini incəliklərinə qədər 

bilməsi general Dezavyeni heyrətə gətirdi. O, maraqla soruşur 

ki, neçə il Parisdə yaşamısınız. Onda Nigar xanım gülümsünüb 

deyir ki, heç Parisin üzünü görməmişəm. Heç vaxt Rusiya əra-

zisindən  kənara  çıxmamışam.  Ona  təşəkkür  edən  general  De-

zavye demişdir:

–  Məni  heyrətə  gətirdiniz,  madam,  öz  gözəl,  təmiz  Paris 

ləhcənizlə…

İkinci əhvalatı isə mənə on il əvvəl Nigar xanımın yaxın qohu-

mu, mərhum Zülfüqar Qayıbov danışmışdı.

…Bir  dəfə  anası  Səadət  xanımla  doğma  Salahlı  kəndindən 

Tiflisə gedən Nigar Saloğlu stansiyasında qatar gözləməli olur. 

Bu vaxt Qarayazı çölündən ekspedisiyadan qayıdan iki fransız 

da qatarın gəlməsini gözləyirmiş. Fransızlardan biri o birinə mil-

li geyimdə olan Nigar xanımı göstərib deyir:



Şəmistan Nəzirli

239


– Ora bax, gör türk qızı necə gözəldir, amma heyf ki, çox zövq-

süz geyinib.

Fransızların  Nigara  baxıb  nəsə  dediklərini  hiss  edən  anası 

Səadət xanım: 

– Qızım, – deyir, – onlar deyəsən səndən danışırlar?

–  Ana,  dinmə,  onlar  məni  və  geyimimi  təhqir  etdilər.  Eybi 

yoxdur, bu saat cavablarını alarlar.

Qatar gəlir. Minirlər. Bir xeyli gedəndən sonra Nigar xanım 

çölə baxıb fransızlardan təmiz fransız dilində soruşur:

– Cənab, zəhmət olmasa, deyin görək saat neçədir, hələ Naf-

tulluğa çoxmu qalır?

Heyrətdə qalan fransızlar özlərini itirirlər. Dönə-dönə Nigar 

xanımdan və anasından üzr istəyirlər.

Nigar xanım xalqımızın ilk hərbi şəfqət bacısıdır.

Birinci Dünya müharibəsi başlananda general Əli ağa Şıxlins-

ki Çarskoye-Selodakı Artilleriya Zabitləri Məktəbində rəis müa-

vini idi. Döyüşən orduya gedən müdavimlərin tədris binası, ka-

zarmaları (qışlaları) yaralı əsgərlər üçün hospitala çevrilir. Zabit 

arvadları yaralı əsgərlərə tibbi yardım göstərmək üçün “Qırmızı 

Xaç  Cəmiyyəti”  təşkil  edirlər.  Nigar  xanım  həmin  cəmiyyətə 

sədr seçilir.

İmperatorun “Qırmızı Xaç Cəmiyyəti”nin səlahiyyətli nəza-

rət çisi polkovnik Velçinski bir yoxlama zamanı demişdir ki, Ni-

gar xanım Şıxlinskayanın başçılıq etdiyi hərbi xəstəxana hazırkı 

müharibədə  fövqəladə  təşkil  olunmuş  bütün  “Qırmızı  Xaç 

Cəmiyyəti” xəstəxanaları arasında ən yaxşısıdır. Onu da xatırla-

daq ki, hərbi xəstəxananın rəsmi adı “Topçu zabitləri məktəbi 

qadın  komitəsinin  xəstəxanası”  olmasına  baxmayaraq,  hörmət 

əlaməti olaraq hamı ona “Şıxlinskayanın xəstəxanası” deyirmiş.

Həmin illəri xatırlayan general Əli ağa Şıxlinski yazır:

– Mənim arvadım Nigar xanım həmişə xəstəxanada olurdu. 

Komitənin sədrliyi vəzifəsini ifa etməkdən başqa əsgərlər üçün 

rusca, Kazan tatarlarının kazak və özbəklərin dillərində evlərinə 

məktub  yazırdı.  Əsgərlər  onu  ana  kimi  son  dərəcədə  sevir  və 



General Əli ağa Şıxlinski və silahdaşları

240


onu “mamaşa” – deyə çağırırdılar; tez-tez bu xəstəxanaya get-

diyimdən mənə də “papaşa” deyirdilər.

1984-cü ilin oktyabrında Sankt-Peterburqdakı Saltıkov-Şedrin 

adına  kütləvi  kitabxananın  arxivində  saxlanan  “Artilleriya 

Zabitləri  Məktəbinin  Xəbərləri”  jurnalının  səhifələrində  Nigar 

xanım haqqında xeyli maraqlı faktlara rast gəldim. Jurnalın 1914-

cü il oktyabr (30) nömrəsində (səh. 60-61) yazılıb ki, Nigar xanım 

Şıxlinskaya “Qadın Xeyriyyə Cəmiyyəti”nin sədri seçilib. Digər 

bir səhifədə isə daha qırx belə qadının adı, familiyası dərc edilib. 

Bunlar “Qadın Xeyriyyə Cəmiyyəti”nin üzvləri Nigar xanımın 

tabeliyində işləyənlərdir. Daha sonra jurnalın yetmiş səkkizinci 

səhifəsində Nigar xanımın “Dul qadınlar, yetim uşaqlar və aşağı 

rütbəli ailələr üçün” adlı müraciət-məqaləsi dərc olunub.

Məqalədə  göstərilir  ki,  hökumət  müharibədə  ailə  başçısını 

itirənlərə yardım verib, təqaüd kəsməlidir…

* * *


Sankt-Peterburqun və onun ətraf şəhərlərinin havasını bircə 

gün  yağmursuz  təsəvvür  etmək  çətindir.  Çətiri  olmayanlar 

Lisey-muzeyindən çıxan kimi qaçıb özünü avtobusa salırdı. Na-

valçalardan tökülən aramsız yağış mərkəzi küçənin asfaltını yu-

ya-yuya axıb səssiz gölə qarışırdı. Gün günortadan keçmişdi. Nə 

hava açılırdı, nə də yağış kəsirdi. Buna baxmayaraq, dəstə-dəstə, 

ikibir-üçbir  şəhər  bağını,  Yekaterina  sarayının  ərazisini  başı 

çətirli gəzənlər azalmadı.

Artilleriya zabitləri məktəbini və onun arxivinin yerini soruş-

dum.


Lisey-muzeydəki növbətçi qız dedi ki, arxivi deyə bilmərəm, 

amma  məktəbin  binası  durur.  Arxiv  üçün  şəhər  muzeyinə 

müraciət edin. Park küçəsi ilə gedin, muzey yolun üstündədir.

Muzeydə bələdçi qız dedi ki, Əli ağa Şıxlinskinin adını birinci 

dəfədir  eşidirəm.  Direktorumuz  məzuniyyətdədir,  amma  bir 

yana  getməyib,  şəhərdədir.  O,  keçmiş  Çarskoye-Selo  və  indiki 

Puşkin şəhəri haqqında kitab yazır, bilməmiş olmaz. İstəyirsiniz, 


Şəmistan Nəzirli

241


ev telefonunu verim, zəng edib soruşun. Məmnuniyyətlə razı ol-

dum.  O,  “buyurun”  deyə  ev  telefonu,  ad  və  familiya  yazılmış 

balaca bir kağızı mənə verdi. 

Telefona Nina Aleksandrovna Trofimovanın özü gəldi. O, Ba-

kıdan olduğumu biləndə:

– Allah xatirinə, heç bir izahat, təqdimat lazım deyil, vaxtınız 

varsa, gözləyin, indi gəlirəm.

Yarım saat keçər-keçməz Nina Aleksandrovna gəlib çıxdı.

– Bağışlayın, – dedi, – bir az gecikdim, lətifəsi sizdən uzaq, 

bizim  şəhərin  yağışı  üzlü  qonaq  kimidi,  gəldi,  getmək  bilmir. 

“Bakı”  sözünü  eşidəndə  sevindim.  Bakılılara,  ümumiyyətlə, 

azərbaycanlılara böyük hörmətim var.

Ürəyim fərəh hissiylə döyündü. Uzaqda yağışlı, soyuq bir ha-

vada  xalqımızın  haqqında  eşitdiyim  xoş  söz  canıma  hərarət, 

gözümə nur gətirmişdi.

–  Buyurun,  eşidirəm,  mənə  dair  qulluğunuz?  –  Nina Alek-

sandrovna mehriban gözlərini mənə dikdi. 

Mən nə məqsədlə gəldiyimi izah elədim.

O, gülümsəyə-gülümsəyə dedi:

– Əli ağa Şıxlinski general olub, özü də elə-belə general yox, 

ordudakı misilsiz xidmətinə görə artilleriyanın “allahı” sayılıb. 

Mən  onun  haqqında  eşitmişəm  də,  oxumuşam  da. Amma  çox 

təəssüf ki, onunla bağlı muzeyimizdə heç nə yoxdur, təkcə on-

dan yox, heç onun işlədiyi məktəbdən də bir sənəd, fotoşəkil qal-

mayıb. Məndə bir kitab var, 1911-ci ildə Sankt-Peterburqda çap 

olunub – “Çarskoye-Selo”, müəllifi də Sergey Nikolayeviç Velçi-

kovskidir. O kitabı gətirim baxaq.

Kitabın bir yerində polkovnik Şıxlinskinin adı çəkilir. Məktəb 

haqqında olan faktları dəftərçəmə köçürdürəm. Arxiv, haqqında 

isə yenə də heç nə əldə edə bilmirəm.

Nina Aleksandrovna soruşur:

– Yaxşı, qonaq, belə yağışda yolun haradır?

– Məktəbə baxmaq istəyirəm. 

– Gedək göstərim, mənim evim də o istiqamətdədir.



General Əli ağa Şıxlinski və silahdaşları

242


Biz məktəbin həyətinə çatdıq. İndi burada “Puşkin şəhər Ali 

Radiotexnika Məktəbi” yerləşir. Bazar günü olduğundan rəhbər 

işçilərindən heç biri yoxdur. Nina Aleksandrovna xahiş edib mu-

zeyi açdırdı. Təəssüf ki, general Əli ağa Şıxlinski haqqında heç 

nə  tapa  bilmədik.  Muzey  əsasən  1940-cı  ildən  bu  günlərədək 

olan eksponatlar əsasında qurulub. Biz siyasi işlər üzrə rəis mü-

avini,  keçmiş  məktəb  zabitlərinin  yaşadığı  binanın  yerini 

göstərməyi xahiş etdik. O, ikimərtəbəli bir binanı göstərdi.

“Burada məktəbin rəisi, müavinləri, əlbəttə, ailələri ilə birlikdə 

yaşayıblar”. “Məktəb müavininin evi”. Deməli, Şıxlinski həyat 

yoldaşı  Nigar  xanımla  burda  yaşayıb.  1906-cı  ildən  ta  1914-cü 

ilin  yayına  kimi  isti  ocağı,  doğma  evi  bura  olub.  Burada  o, 

gecədən  keçənə  kimi  qərib-qərib  yanan  lampa  işığında  elmi-

hərbi  məqalələrini  yazıb,  onu  bütün  dünyaya  tanıdan  məşhur 

“Şıxlinski üçbucağını” tərtib edib. 1912-ci ildə Nigar xanım qışın 

bir  ayını  Tiflisdə  atası  evində  olanda  general  Əli  ağa  Şıxlinski 

qəribsəyərək yazmışdı:

Səni ziyarət eylərəm, 

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm,

Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli, 

Verdin bu dərsi, bilməli: 

Eşqindən olmuşam dəli,

Sən ahü zarımsan mənim.

Burada, bu evdə general Şıxlinskinin həyat yoldaşı Nigar xa-

nımın bir vaxt bişirdiyi dadlı-tamlı Şərq xörəkləri qraf Baransevi, 

general  Sinitsını,  Barsukovu,  knyaz  Sergey  Vasilyeviçi  heyran 

qoyub…

1914-cü ildə məktəbi yoxlamağa gələn qraf Baransev üzünü 



general Şıxlinskiyə tutub deyir:

Şəmistan Nəzirli

243


– Hamı Sizi tərifləyir. Həyat təcrübəmə görə əgər bir adamı 

tərifləyirlərsə, deməli, burada bir fırıldaq var.

On gün məktəb heyətinin işilə yaxından tanış olan yoxlama 

qrupu heç bir qüsur tapa bilmir. Qraf Baransev Əli ağa Şıxlinskiyə 

nümunəvi rəhbərliyinə təşəkkür etmək üçün general Qaitinovla 

onun evinə gəlir. 

“Qraf Baransev gəldi. O, son dərəcə mehriban idi. Arvadımla 

tanış oldu, onun əlini öpdü, sonra general Qaitinova müraciət 

edərək dedi:

– Mən indi inandım ki, belə bir köməkçisi olan hər cəhətdən 

xatircəm ola bilər.

Görüşüb ayrılarkən qraf Nigar xanıma dedi: 

– İzin verin, ərinizi qucaqlayım.

 Arvadım ona cavab verdi:

–  Nəinki  icazə  verirəm,  ona  qarşı  səmimiyyətinizə  görə 

təşəkkür edirəm.

Qraf məni qucaqlayıb üç dəfə öpdü”.

Çarskoye-Selo xatirələri general-mayor, hərb elmləri doktoru 

professor  Yevgeni  Barsukovun  da  qəlbində  unudulmaz  izlər 

qoymuşdu: “1905-ci ildən 1914-cü ilə kimi mən həmişə topçu – 

general-müfəttiş tərəfindən taktika dərsləri vermək və qrupların 

təcrübə atışlarına rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə 

göndərildim.  İşi  ilə  yaxından  tanış  olduğuma  görə,  təsdiq  edə 

bilərəm ki, Əli ağa Şıxlinski məktəbi ali akademik topçuluq təh-

sili görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən 

istedadlısı idi…

Əli ağa Şıxlinski arvadını sonsuz bir məhəbbətlə sevirdi, övla-

dı  yox  idi.  Qumara  nifrət  edirdi,  heç  bir  zaman  spirtli  içki 

içməzdi. Pulla kart və başqa bir oyun oynamazdı, çox mehriban 

və  qonaqpərvər  idi.  Yoldaşlarını  tez-tez  ləzzətli  plova  qonaq 

edərdi…”. 

Mən bütün bunları Nina Aleksandrovnaya və siyasi işlər üzrə 

müavinə danışdım. Onlar məni heyranlıqla dinlədilər. Hiss edir-


General Əli ağa Şıxlinski və silahdaşları

244


dim ki, bəzi faktlara şübhə ilə yanaşırlar. Bəlkə ona görə də Nina 

Aleksandrovna dözə bilməyib soruşdu:

– Məgər general Şıxlinskinin həyat yoldaşı rus olmayıb?

– Xeyr, – dedim, – öz əmisi qızını – Nigar xanım Mirzə Hü-

seyn  qızı  Qayıbovanı  alıb.  Buyurun,  baxın,  bu  da  fotoşəkli. 

Tiflisdəki Nücabə Qızlar İnstitutunda oxuyarkən çəkilib, 1889-cu 

ildə çəkdirib, həmin institutu qızıl medalla bitirməsi münasibətilə, 

yaxasındakı banta fikir verin. İnstitutu əla qurtaranların hamısı 

belə bir bantla təltif olunurdu.

Danışdıqca  hiss  edirdim  ki,  kursantları  da,  Nina Aleksand-

rovnanı da, siyasi işlər üzrə müavinin özünü də Nigar xanımın 

sonrakı taleyi, daha doğrusu, inqilabdan sonrakı fəaliyyəti daha 

çox  maraqlandırır.  Ona  görə  də  Əli  ağa  Şıxlinski  haqqında 

söhbətimə yekun vurub, Nigar xanım haqqında bildiklərimi on-

lara nəql etdim.

Hələ inqilabdan əvvəl Tiflisdə təşkil olunmuş “Qafqaz Qadın-

larının Xeyriyyə Cəmiyyəti”nə ömürlük üzv seçilən Nigar xanım 

Azərbaycan qadınlarının azadlığı və təhsili ilə xüsusi məşğul ol-

muşdur.

1921-ci ildə Nigar xanım “Yeni fikir” qəzetində Azərbaycan 



ədəbiyyatına dair sanballı bir məqalə ilə çıxış etmiş, dilin saflığı-

nı korlayan cığırdaş qələm sahiblərini tənqid atəşinə tutmuşdu. 

“Axır vaxtlarda çox yazır və söyləyirlər ki, molla dili, kitab dili ilə 

yazmaq lazım deyil, yazı el, camaat diliycə yazılmalıdır ki, “hamı 

onu qansın”. Belə sözləri oxuyanda, eşidəndə adam fikir edir ki, 

kişi doğru deyir, camaat dili ilə yazılsa, hamı başa düşər. Amma 

bu doğru deyən kişinin dediyini yerinə yetirmək çox çətin işdir. 

Camaat dili ilə demək asandır. Amma camaat dili – “Azərbaycan 

oxumamış dili” hansıdır? Hamıya məlumdur ki, Azərbaycan ca-

maatı  növbənöv  şivədə  danışır:  Şəki,  Şirvan,  Gəncə…  hər  biri 

başqa şivədə. El dili ilə yazmaq istəyən hansı camaatın şivəsi ilə 

yazılmışdır? Məsələn: “bayır” desin, yoxsa “eşik”, “külək” desin, 

yoxsa “yel”, “necə” desin, yoxsa “hancarı”, “nöşün” desin, yoxsa 

niyə”,  “ana”  desin,  yoxsa  “ciji”,  “cici”,  “dəgil”  desin,  yoxsa 



Şəmistan Nəzirli

245


dögü”, “deyil” və i.a. Bu camaatın hansının şivəsində yazılsa, o 

birinin xoşuna gəlməyəcəkdir. Demək ki, həmişə və hər yerdə 

camaat söylədiyi dildə yazmaq olmaz. Hər millətin və camaatın 

növbənöv şivəsi vardır, amma ədəbi dili birdir. Yazan özü hər nə 

şivədə danışsa da, yazdığını ədəbi dildə yazır”. 

Nigar xanım Şıxlinskaya zəngin klassik ədəbiyyatımızı, mə-

dəni  irsimizi  qoruyub  saxlamağı  gənc  nəslə  tövsiyə  edir, 

ədəbiyyatımızı,  dilimizi  yad  ləhcələrdən  təmizləməyin  doğru-

dürüst yolunu göstərirdi.

* * *


Çölə  baxdım,  qaranlıq  düşmüşdü.  Dərhal  xəyalından  keçdi 

ki, görəsən, Əli ağa Şıxlinskinin 1913-cü ildə nəşr olunmuş kita-

bını  arxiv  işçiləri  tapdımı?  Sifarişlərimin  cavabı  indi  necədir? 

Şəhərə çatana kimi kitabxana bağlanacaqmı? Özümə təsəlli üçün 

bir el məsəlini xatırladım: axşamın xeyrindən gündüzün şəri yax-

şıdır. Ona görə də birbaşa mehmanxanaya qayıtmağı qət elədim.

Ayrılanda Nina Aleksandrovnanı fikirli gördüm. Düzü, əvvəl 

ürək eləmədim soruşmağa. Nəhayət, dözə bilməyib:

– Niyə belə fikirlisiniz, Nina Aleksandrovna? – soruşdum, – 

nəsə sözlü adama oxşayırsınız? Bəlkə mənim çıxışımda xətrinizə 

dəyən söz…

O, gülümsəyə-gülümsəyə başını buladı və soruşdu:

– Hər adın bir mənası var. Nigar nə deməkdir? Mənası nədir?

– Nigar, – dedim, – sevgili, şəkil kimi gözəl deməkdir.

– Onda mümkünsə, Nigar xanımın şəklinin birini yazıb mənə 

bağışlayın. Bircə qızım var, – dedi, – tale mənə onu qoca yaşla-

rımda qismət edib. Bir neçə ay olar ki, ərə vermişəm. Nəvəm qız 

olsa, adını Nigar qoyacağam…

Nədənsə  məni  qəribə,  kövrək  bir  hiss  bürüdü.  Özümü 

cəmləşdirib dedim:

– Çarskoye-Seloda yetmiş il əvvəl kişi qeyrətli bir Nigar yaşa-

yıb. Özünün zərif əllərilə yaralı əsgərlərə şəfa verib. Qoy gözəl 

Puşkin şəhəri heç vaxt Nigarsız olmasın. Sizin Nigar bizim Nigar 


General Əli ağa Şıxlinski və silahdaşları

246


xanımın adına layiq böyüsün, elinə-obasına gərəkli övlad olsun, 

– deyib xudahafizləşdim.

Həmin ili – 1914-cü ildə Nigar xanım başqa bir mətbuat orqa-

nında çıxış etmişdir. O, “Russkiy invalid”

1

 qəzetinin dörd avqust 



nömrəsində “Əzizlərini müharibəyə yola salan qadınlara” adlı 

məqaləsini dərc etdirmişdir. Hərbi şəfqət bacısı kimi yaralılara 

tibbi  yardım  göstərən  xeyirxah  Nigar  xanım  təkcə  bununla 

kifayətlənməmişdir. O, bir ziyalı kimi çıxış edərək demişdir ki, 

döyüşçünün  qadını  ağlayıb  sızlamaqdansa,  sağlamlığını  qoru-

malı, uşaqlarına qayğı göstərməlidir. Qoy Vətən və torpaq uğ-

runda  döyüşən  ərin  qulağına  ailəsi,  uşaqları  haqqında  xoş 

sədalar yetişsin. 

Yetmiş səkkiz il əvvəl xalqımızın fədakar və nəcib ziyalısı Ni-

gar  xanım  Şıxlinskayanın  yazdığı  müraciət-məqaləsi  bu  günü-

müzlə necə də eyni ruhda səsləşir. Ona görə də həmin məqaləni 

möhtərəm oxuculara təqdim edirəm:

“Əksər hallarda, zabitin döyüşən orduya təyin olunması haq-

da  çağırış  gələrkən,  onun  ailəsindəki  qadınlar  ağlaşmağa, 

ümidsizliyə  qapılmağa  başlayırlar,  qorxurlar  ki,  onların  əzizi 

müharibədə  həlak  ola  bilər.  Zənnimcə,  bu  məsələnin  düzgün 

açıqlanmamasından irəli gəlir. Hər bir mömin qadın əmin olma-

lıdır ki, yeri-göyü yaradan ulu Tanrı nə vaxt lazım bilsə, istəkli 

kişisi  də  məhz  o  vaxt  ölməlidir.  Əgər  bəndəsinin  məhz  bu  il 

ölməsi  Tanrının  meylindən  keçərsə,  həmin  bəndə  müharibədə 

iştirak etmədən də o dünyalıq olar, yəni ömrünü sizlərə bağışla-

yar. Belə olduqda evdə ölməkdənsə, hər bir igid hərbçinin arzula-



dığı kimi, döyüş meydanında şəhid olmaq daha yaxşı deyilmi? 

O,  Vətən  qarşısında  öz  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə 

dünyasını  xoş  duyğularla  dəyişəcək,  onun  xatirəsi  bizim 

aləmimizdə  cəfakeşlik,  müqəddəslik  haləsi  ilə  nurlanacaq:  o 

şəhidin adını tanış-bilişləri də, ucsuz-bucaqsız diyarımızın onu 

əsla tanımayan zümrələri də ehtiramla, pərəstişlə çəkəcəklər”.

1   Çar Rusiyasında Hərbi Nazirliyin rəsmi orqanı idi. Qəzet 1814-cü 

ildən 1917-ci ilə qədər Petroqradda dərc olunmuşdur – Ş.N.


Şəmistan Nəzirli

247


Döyüşən  əzizlərimizin  təhlükəsindən  səksəkəyə  düşmək-

dənsə,  biz  onun  səhhətinin,  sağlamlığının  qeydinə  qalmalıyıq. 

Sülh, əmin-amanlıq çağlarına biz ailəmizin kişi xeylağının qullu-

ğunda dayanırıq: çalışırıq hər şeyi elə sahmanlayaq ki, ömrümü-

zün-günümüzün  fərəhi  xidmətdən  qayıdıb  gələndə  evdə  həm 

mənəvi, həm də ruhən dincələ bilsin. Əməlli-başlı yeyib-içməyə, 

istirahət  etməyə  onun  kifayət  qədər  vaxtı  olmadığı  üzündən, 

doğrusu,  çoxlarımızın  ürəyindən  ağrılar  keçib.  Müharibədə 

onun vəziyyəti müqayisəolunmaz dərəcədə çətindir. Elə də olur 

ki, o, mərmi gurultusu, güllə vıyıltısı altında ac-susuz, yuxusuz 

günlər  keçirir.  Təsəvvürə  gətirəsən  gərək  –  tapşırılan  vəzifəni 

yerinə yetirməkdən ötrü, varlığı titrədən, əsəbləri tarıma çəkən 

xoşagəlməz  şəraitdə  öz  dəyanətini,  zəka  aydınlığını  qoruyub 

saxlamaq  üçün  bizim  əzizimizə,  görün,  nə  qədər  böyük  iradə 

əzmkarlığı, əsəb gərginliyi lazım gəlir? Bu hələ harasıdır? Təkcə 

öz fəaliyyətini deyil, idarə olunması ona tapşırılmış qeyrilərinin 

hərəkətlərinə başçılıq etmək işində də şəxsi təşəbbüs göstərmək 

tez-tez onun üzərinə düşür.

 Mən qəlbimin dərinliyində əminəm ki, hər bir sevən qadın 

müharibədə könül həmdinimin görəcəyi işin müəyyən hissəsini 

öz  üzərinə  götürməyi  cani-dildən  arzulayır.  Təəssüf  ki,  indiki 

halda  bu  baxımdan  əlimizdən heç  nə  gəlmir.  İmkan  daxilində 

gücümüz buna çatar – özümüzü elə tutmalıyıq ki, əzizimizin biz 

sarıdan beli bərk olsun, evin güzəranı, qayğıları onun müharibədə 

keçirəcəyi hər cür həyəcanlara əlavə olunmasın.

Biz yaxın kimsələrimizi “Hara gedirsən, hara?, Sənsiz vay gü-

nüm  qara…”  deyə-deyə  uğurlamamalıyıq:  biz  təmkinlə  xeyir-

dua verməli, ona təlqin etməliyik ki, o özünün əvəzinə ailədə, 

ocaqda zəif, aciz məxluq deyil, ruhən güclü, təhlükənin gözünə 

düz baxmağı bacaran sadiq, sevən dost qoyub gedir və həmin bu 

sadiq dost lazım olarsa uçunub gələr onun yanına. Öz nəvazişilə 

ovundurar, qadasını alar onun…

Ruhdan  düşməmək,  özümüzü  möhkəm  ələ  almaq  üçün, 

əvəzsiz  əzizimizə  lazım  gələn  məqamda  şəfqət  göstərməyə 



General Əli ağa Şıxlinski və silahdaşları

248


imkanınız  olsun,  deyə  sağlamlığımızı  həmişəkindən  daha  çox 

qorumaq üçün, yola düşənimizə bəslədiyimiz atəşin bizə həyan 

olsun. 

“Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyəti”ndəki xidmətlərinə 



görə müfti Mirzə Hüseyn əfəndi Qayıbovun həyat yoldaşı Səadət 

xanım cəmiyyətin fəxri üzvü, qızı Nigar xanım isə ömürlük üzvü 

seçilmişlər.

yanvar, 1993-cü il 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin