dəyərlərindən yan keçən, nə obyektiv, nə də hətta subyektiv həqiqətlərə
sığmayan dil-ifadə şəkilləri, perifraz romantizmi nəinki Türkmənistan kimi
ortabab bir dövlətin prezidenti, hətta real və həqiqətən böyük dövlət başçısı
modelindən çox-çox kənara çıxır, virtual reallığın sərhədlərini də aşır.
Zaman Hitlerin, Stalinin, Brejnyevin timsalında bu dil hökmlərini
qətiyyətlə rədd etdiyi kimi, sonradan bic analogiya kimi formalaşdırılmış
“əbədi lider”, “bütün türkmənlərin atası”, “Türkmənistanın həmişəlik və
468
yeganə prezidenti”, “Allah adı daşıyan rəhbər”, “iki əsrin prezidenti” kimi
dil yanılmalarında müvəqqəti, saxta dil-gerçəklik konvensiyasını pozulmuş,
buraxılmış elan etdi. Yalan sözü öz gerçəyinə - Saparmurad Niyazov
reallığına qaytardı. Türkmənbaşı nəinki türkmənlərin əbədi, dəyişməz
prezidenti ola bilmədi, taleyin, bəlkə də dilin qarğışı ilə heç adi, normal bir
şərqli diktator ömrü və taleyi də yaşaya bilmədi. Danılan adlar, yıxılan
heykəllər təkcə saxta, üfürülmüş tarixi gerçəklərin deyil, həm də müvafiq
söz reallıqlarının təkzib faktlarıdır.
Yalan dalğalarında efirə çıxan yaltaq və böhtançını ifşa etmək, iç
üzünü açmaq üçün onların istifadə etdikləri dil materiyasından obyektiv
münsif, etibarlı dəlil-sübut ola bilməz. Biz nitqin dil toxumasından yapışa-
yapışa, səs materiyasından tuta-tuta yalançı və fırıldaqçının xarakterinə,
psixikasına qismən daxil ola bilər, onlar haqqında heç olmasa minimum
informasiya əldə edə bilərik. Türkmənbaşıya və hər hansı başqa bir müasir
dövlətin prezidentinə, ərəb kralı və ya şahzadəsinə orta əsr düşüncəsi və
itaətkarlığı ilə fəqiranə münasibəti, lakey heyranlığını “Sənin ayağının
altında dünyanın xəritəsi var”, “Yerin altı qitəsi gəlişinə müntəzirdir” kimi
dil aldanışları, virtual, saxta mübaliğələrlə bəyan etmək olar.
“Türkmənbaşının ölümündən sonra dünya sanki kiçildi”, “Onu heç kəs
əvəz edə bilməz”, “Rus xalqı artıq prezidentini seçib” kimi fatal
mübaliğələr, əsil dil saxtakarlığı “nümunələri” kimi bu gün dünya
tərəfindən onsuz da ciddi bir fikir kimi deyil, yalnız sadəlövh-subyektiv
mühakimələr məntiqi kimi qəbul olunur. Demokratik cəmiyyətlərdə
sənədləri saxtalaşdırmaq kimi sözü saxtalaşdırmaq da cinayət kimi
qavranılır və cinayət sayılır. Və burada saxtalaşdırma maddəsi üzrə iş
açılmasa da, əsl sorğu-sual aparılar, ictimai qınaq mexanizmi işə düşər,
istefalar verilər. Sözlərin, ifadələrin həqiqət dəyərləri ilə heç olmasa nisbi
adekvatlığı, uyğunluq meyarlarının nəzərə alınması tələb olunar. Heç kim
şübhə etməz ki, ifrat-aşırı təriflərdə, sürüşkən və qeyri-mütənasib dil
formalarında, birbaşa insanın ləyaqətini, ölünün ruhunu təhqir edən
məqamlar var. XX əsr yüksəkliyindən baxdıqda ümumiyyətlə şəxsiyyətə
pərəstişdə hər üç tərəfi – həm təriflənəni, həm də təriflədəni və tərifləyəni
alçaldan, aşağılayan cəhətlər görmək mümkündür. Tərif, söz-qavrayış,
469
idrak baxımından adlandırılana – referensiyaya və situasiyaya az-çox
adekvat olmalıdır. Yoxsa “Ey şah, sənin atının nalından çıxan qığılcamların
işığında korlar iynə saplaya bilər”; “Ey şah, XII İmamın özü sənin atının
üzəngisindən aşağıdadır” tipli anarxonizm-mübaliğəlr yaranar. Müasir
düşüncə və idrak ifrat, əndazəsiz söz olçüsülüyünə sığışmır. Artıq
bütpərəstlik dövrünü, şəxsiyyətə pərəstiş rəzalətlərini yaşamış dünya
yenidən kimlərinsə özünə söz bütləri yapmasını qəbul etmir. F. Engelsin
Göteyə münasibətdə (der größte Deutsche) (“ən böyük alman”)
səciyyələndirməsindən, fövqəlxarakteristikasından fərqli olaraq miyana,
gəldi-gedər diktatorlara münasibətdə gerçəkliyə heç olmasa bir qədər
yaxınlaşmaq əvəzinə zaman keçdikcə ondan daha çox uzaqlaşan ifrat-aşırı
mübaliğlərin işlənməsi az-çox real faktlarla, tarixi həqiqətlərlə təsdiq oluna
bilmir. Və yaşamaq imkanını da sonadək saxlaya bilmir. Diktatorun öldüyü
andaca və ya ondan müəyyən bir müddət keçdikdən sonra gerçək təəssürat,
konvensional yalanlarla, zir-zibillə doldurulmuş yaddaşlara qayıdır və öz
həqiqi yerini tutur. “İki əsrin prezidenti”, “dünyanın prezidenti”, “ən böyük
türkmən”, “baş türkmən”, “əsrin siyasətçisi” kimi uzun müddət vəsf
olunan, xalqı və dövləti üçün həqiqətən xeyli işlər görmüş Türkmənbaşının
yas mərasimində səslənən bəzi fikirlərə, dəyərləndirmələrə nəzər salaq.
“Artıq bir neçə gündür ki, şəhərin baş meydanı bütün türkmən xalqının,
bütün dünya xalqlarının müqəddəs ünvanı olub...” “Xalqımız
Türkmənbaşını həmişə Peyğəmbər sayıb. Peyğəmbərimizin vəfatından ötən
günlərdə yetim qalan xalqımız onun qədr-qiymətini daha yaxından dərk
etməyə başlayıb...” “O, xalqımızın Günəşi idi. Bu Günəş heç vaxt
batmayacaqdır”. “Türkmənbaşı tarixin siyasi möcüzəsi idi”. Cəvahirləl
Nehrunun Stalinin ölümü münasibətilə Kremlə ünvanladığı telegramın
mətni belə idi: “Yetim qalan sovet xalqına başsağlığı verirəm”. Sözdə real,
substansional bir praqmatika ilə yanaşı, mistik, metaforik bir aldanış motivi
də yaşayır. Və uzun müddət özünü göstərir.
Müsəlman Afrika dövlətlərindən birinin prezidentinin
“seçilməsindən” sonra məhşur din xadimlərindən biri demişdi: “Onun
hakimiyyətə gəlməsi Allahın buyruğu ilə olub. Ona qarşı çıxanlar Allaha
qarşı çıxmış olurlar”. Bu gün ağıllı diktatorlar hakimiyyətə gəlişi və ya
qayıdışı daha sadə şəkildə - xalqın, millətin iradəsi və təkidli tələbi ilə izah
470
edirlər. Dil işarələri gerçəkliyə uyğun gəlməsə, onunla əlaqəni tamamilə
itirmiş olsa belə kütlə psixologiyasına təsirini, təlqin gücünü itirmir. “Xalq
deputatları” isə “yüz minlərlə seçiciləri” təmsil etdiklərini, onların adından
danışdıqlarını təkrar etməyi xoşlayırlar. Kəmiyyət yayılanlığı, mübaliğə,
şiddət qavrayışı kollektiv iradənin təkzibedilməz təsdiqinə və təmsilçisinə
çevrilir.
Totalitar rejimlərdə şəxsiyyətə pərəstişin geniş təbliği və hər vasitə
ilə stimullaşdırılmasının əsas məqsədi diktatoru və ya avtoritar rəhbəri
cəmiyyətin, qanunun fövqünə qaldırmaq, onun bütün hərəkətlərinə haqq
qazandırmaqdan, lideri başqa, fərqli, nəsə qeyri-adi zaman və məkan
müstəvisinə daxil etməklıə ilahiləşdirmək və bütləşdirməkdən ibarətdir.
Həyatı, hadisələri olduğu kimi deyil, istədiyi, arzu, təsəvvür etdiyi
kimi görmək, yalnız tünd, ya kəsif rəngdə qavramaq, çoxsaylı
qiymətləndirmə və alternativlərin, aralıq və ara hədlərin üstündən adlayıb
keçmək bir çoxfokuslu, çoxgözlü eynək effekti ilə gerçəkləri, ən müxtəlif
rəng və rəng çalarlarını aydın və təbii ölçüdə görməyə mane olur, insanı
yeknəsəklik, yekrənglik zülmətinə salır. İfadə forması adlandırdığı
obyektdən, predmetdən, proses və hadisədən, işarələdiyi situasiyada önə
keçdikdə gerçəklik dil formasını deyil, əksinə, dil gerçəkliyi təyin edir, bir
varlıq, həqiqət statusu kəsb edir. Daha doğrusu, qeyri-dialektik, qeyri-
rasional dil-ifadə qavrayışının nəticəsi olaraq ən müxtəlif parametrlərlə,
görüş bucaqları ilə özünü təqdim edən real gerçəklik deyil, deformasiyaya
uğramış şüurun, dilin təqdim etdiyi gerçəklik gündəmə gəlir. Təsadüfi deyil
ki, arzuolunmaz situasiyaların, reallıqların yarandığı vəziyyətlərdə, nüfuz
və mənafe, mövcudluq uğrunda mübarizələrin amansız, barışmaz şəkil
aldığı dövrlərdə insanlar üçün ana dili dünyanın ən anlaşılmaz dilinə
çevrilir. Dil real gerçəkliyi sıxışdıraraq özü reallığa, real fakta çevrilir.
Obraz predmetdən önə keçir. İnsanlar daha gerçək-rasional təfəkkürlə
deyil, linqvistik təfəkkürlə qavrayır və hərəkət edir. Qorxu, qəzəb, nifrət,
qisas kimi instinktlər, cavab reaksiyaları tormozlanma effekti ilə deyil, fəal
sürətlənmə, tələsmə effekti ilə cərəyan edir, dərketmə avtomatik, mexaniki,
sürəkli xarakter alır. İkinci siqnal sisteminə malik olmayan canlılardan
fərqli olaraq biz insanlarda dil obrazları sanki maddiləşir, müstəqil
471
substansiyaya, həm dərketmə obyektinə, həm də dərketmə vasitəsinə
çevrilir. Şüurun xarici mənbəyini təşkil edən real gerçəklik sanki dil
reallıqları qaşısında tutqun rənglər alır, şüurdan ayrılmış, abstraklaşmış dil
obrazları əslində olmayan, tamamilə yeni və fərqli gerçəklər, hadisələr
üzərinə proyeksiya olunur. Şərti işarələr sistemi olan dil yalnız real və şüur
gerçəklərinin, dərketmənin yox, öz-özünün də fövqünə yüksəlir. Dil şüuru
və dil vasitələri maqik, ramedilməz xarakter alır.
Gerçəklik və dil gerçəkliyi nisbilikləri siyasi diskursla yanaşı,
sosial və publisistik diskursda da geniş yayılanlıq, transformasiya
illuziyaları formalaşdırır. Konkret situasiyalara uyğun gəlməyən, dillə
konstruksiya edilən reallıqlar nəinki daha inandırıcı, hətta praqmatik
cəhətdən daha təsirli və faydalı görünür (Bax: V. Klemperer, 29). Böhtan,
diffamasiya, şər-yalan və aldanışlar həqiqətlərin yerinə keçir, onları daha
müvəffəqiyyətlə əvəz edir, həqiqətlərdən daha artıq həqiqət, gerçəklərdən
daha artıq gerçəklik statusu kəsb edir. Təsadüfi deyildir ki, hər hansı bir
mübahisəni həll etmək cəhdləri münaqişələrin daha artıq dərinləşməsinə
gətirib çıxarır. Dil, dialoq təkcə barışıq yaratmır, həm də insanları
mətləbdən uzaqlaşdırır, vəzifələrin həllini çətinləşdirir. Daha doğrusu, real
zəmindən, konkret fakt və hadisələrdən, referensiyadan uzaqlaşmış dil –
yalnız subyektiv maraqlara, fərdi həqiqətlərə tuşlanmış dil işarələri normal
ünsiyyət və dərketmə vasitəsi olmaqdan çıxır, fərdi iradənin, konkret
praqmatik məqsədlərin lokomotivinə çevrilir. Belə hallarda predmetləri,
hadisələri, faktları, mənafe və motivləri həquiqətdə olduğundan yüksək və
aşağı, maksimal və minimal hədlərdə, yayğın və dumanlı göstərməyə
imkan verən perifraz şəkilləri, mübaliğə formaları xüsusi əhəmiyyət və
maraq kəsb edir. Deyilənləri yaxın keçmişimizə - mübarizələrlə,
çəkişmələrlə dolu Azərbaycan gerçəkliklərinə aid çoxlu faktlarala izah
etmək mümkündür. Yeni və ən yeni dövr tarixinin şişirdilmiş, quraşdırılmış
reallıqlarının əvəzsiz yaradıcıları, fantastik yalan-aldanış ixtiraçıları olan
bəzi üzdəniraq Azərbaycan siyasətçilərinin, iblisanə bir ehtirasla
stimullaşdırılmış, azdırılmış bir çox elm və sənət adamlarının, mediya
mənsublarının dilində belə fraqmentlər kifayət qədərdir. 2000-ci ilin
əvvəllərində guya “iqtidaryönlü” qəzetlərdən birinin ümumiyyətlə
472
müxalifət və müxalifətçilik fəaliyyəti haqqında reallıqla əlaqəsini itirmiş
aşağıdakı düşüncələrinə nəzər salaq. “Müxalifət mitinqlərlə ölkədə sabitliyi
pozmaq, mövcud ictimai-siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışır.
Onların arasında xarici kəşfiyyat orqanlarına, birbaşa ermənilərə işləyən,
düşmən dəyirmanına su tökən qüvvələr var. Əgər üzdəniraq müxalifət
zəhmətkeşlərin istirahət hüququnu kobudcasına pozan bu səs-küylü
mitinqləri keçirməsə, yəqin ki, aldığı qrantlardan məhrum olar, öz
ağalarının yanında üzüqara qalarlar”. Hamıya gün kimi aydındır ki,
hakimiyyətin qoşa qanadlarından biri olan əsl müxalifətçiliyin mahiyyəti
deyilənlərlə
məhdudlaşmır. Azərbaycanda “erməniyə” deyil,
Azərbaycanlıya işləyən çoxlu vətənpərvər qüvvələr var və onlar, yumşaq
desək, heç də həmişə bədxah niyyətlər güdmür. Bu parçada söhbət normal
olaraq seçkiqabağı mitinq keçirən müxalifət partiyasının sərbəst toplaşma
hüququnun təmin olunmasından gedirdi. Bunun üçün erməniyə qulluq
etmək, qrant almaq, heç hakimiyyətə gəlmək istəməmək də olar. Normal
mitinqlər keçirmək, qanuni yolla hakimiyyətə gəlməyə çalışmaq heç də
erməniyə qulluq etmək va ya qeyri-vətənpərvərlik hərəkəti sayılmaz. Və
heç bilavasitə iqtidara qarşı da çevrilməyə bilər, əksinə, dövləti qorumağa,
möhkəmləndirməyə yönələr. Yalnız ifrat hədlərlə fikirləşən radikallar belə
birtərəfli, məhdud mühakimələr yürüdər, dünyanı, qanunları və öz
vəzifələrini belə dar çərçivələrdə “düşməncəsinə” qavrayar. Heç bir
demokratik dövlət, o cümlədən də demokratiya yolu ilə irəliləyən
Azərbaycan dövləti, qanun pozuntuları ilə müşayiət edilməyən mitinqləri,
normal siyasi mübarizəni, siysi partiyaların sərbəst, azad fəaliyyətini başqa
cür qiymətləndirə bilməz. Nəzərə almaq lazımdır ki, radikal
“təəssübkeşlik” radikal müxalifət qədər, hətta ondan da qorxulu və
zərərlidir. Radikallaşma, dözümsüzlük nəticə etibarilə radikal, birölçülü
düşüncə tərzinin uğursuz bəhrələridir. Və əsl təhlükə mənbəyidir.
Vəziyyəti gerçək, analitik təhlillərlə izah etmək, aydınlaşdırmaq
mümkün və ya lazım olmayanda mübaliğə, yayğınlşadırma düşüncəsi ön
plana keçir.
2007-ci ilin əvvəllərində Azərbaycanda enerji daşıyıcılarının
qiymətləri doğrudan da əsaslı surətdə artırıldıqda iqtidar bu tədbiri
473
“zəhmətkeşlərin sosial rifahinin daha da yaxşılaşdırılmasına yönələn
tədbir”, “qiymət islahatının davamı”, müxalifət isə “zəhmətkeşlərin
mənafeyinə total hücum” kimi təqdim etdi. Hər iki cəbhədə mübaliğə, aşırı
düşüncə tərzi, “ağır silahlar” işə düşdü. Təhlil, reallıqla onun
qiymətləndirilməsi bir tərəfə atıldı. Şəksiz ki, bütün dünyada birmənalı
şəkildə qeyri-populyar addım kimi qiymətləndirilən, insanların xüsusilə
kasıb hissəsinin haqlı narazılığına səbəb olan qiymət artımı “dağıdıcı”
müxalifət tərəfindən eyni qisas fürsəti, eyni kəskin, ziddiyyətli və sərt
mövqi ilə qarşılandı. Və bu tamamilə təbiidir, hadisələrin, şeylərin
məntiqinə uyğundur. Həmin tanış ifrat-mübaliğəli görüş və düşünüş tərzini
“radikal” müxalifətin eyni əsəbi, qeyri-adekvat dil-ifadə reaksiyalarından,
biryönlü, birqütblü mülahizələrindən aydın görmək olar:
•
“Bu il nəinki 2 rəqəmli, hətta 3 rəqəmli inflyasıya da
qaçılmazdır;
•
Hökumət ermənilərə qarşı yox, öz vətəndaşlarına, dolanışığını
güc-bəla ilə təmin edən, əksər hallarda isə buna nail olmayan
dinc sakinlərə qarşı müharibə elan etdi;
•
İndi büdcə təşkilatlarında işləyən zavallılar ya acından, ya da
kommunal xidmətlərindən imtina edib soyuqdan,
xəstəliklərdən ölməlidirlər;
•
Nazirlər naziri Heydər Babayevlə pensiyaçı Fatmanisə arvad
eyni tariflə işıq pulu ödəyəcək;
•
ABŞ-da ən bahalı benzinin litri 0,64 dollar olduğu halda,
Azərbaycanda benzinin yuxarı satış həddi 0,68 dollardır;
•
Bu ilə qədər kommunal ödənişlər yoxsul ailələrin gəlirlərinin
yarıdan çoxunu “yeyirdisə”, bundan sonra gəlirlər son
qəpiyinəcən kommunal ödənişlərə yönəldiləcək” və s.
Göstərilən mülahizələr, təkliflər bir daha sübut edir ki, mübaliğə,
şiddət qavrayışı yalnız dil-üslub fiquru kimi deyil, həm də fikir, ideya
fiqurları kimi öyrənilməlidir. Qlobal, birmənalı, birqiymətli dərketmədə bu
və ya digər dərəcədə mübaliğə, şişirtmə və yayğınlaşdırma elementi də
olur. “Səlis” çoxluqlar qlobal qiymətləndirmələrlə düşünən insanları
çaşdıran, dərketmə prosesini lüzumsuz olaraq sürətləndirən ilkin-emosional
474
qavrayış və semantik-koqnitiv assosiasiyalar oyadır. Belələri binar
qarşılaşdırmalar instinktinə uyğun olaraq adətən “ağ” deyən kimi “qara”nı,
“düz” deyən kimi “əyri”ni, “həqiqət” deyən kimi “yala”nı xatırlayır. Onlar
arasındakı keçidlərə, pillələrə, müştərək nöqtələrə diqqət yetirməyə vaxt,
psixi və intellektual enerji çatmır. Daha doğrusu, dialektik, geniş
konseptuallaşdırma qabiliyyəti, düşüncə tərzi çatmır. İfrat qütblər bizim
axtardığımız yeganə şeylər, aktual semantik cütlər, sərhədləndirilmiş,
sanksiyalaşdırılmış linqvistik şoxluqlar olduqda obyektiv qiymətləndirilmə
məntiqini, dialektik perspektivi itiririk. Və bununla da həyat motivasiyası,
koqnitiv reallıq axtarışları gələcək hadisələrə, təkrar dərketmə və
qiymətləndirmələrə qədər bitmiş, neytrallaşmış olur.
Yalnız mütləq doğrunun və yalanın axtarıldığı yerdə sonsuz
yanılmalr, manipulyasiyalar, yanlış yanaşmalar, hətta şər hərəkətləri,
aldanış-aldanma təhlükələri başlayır. Böhtan və ya sadəcə olaraq yanlış
reallıq saplantısı tam fərqli, arzuolunan həqiqətləri, xəyali, virtual reallıqları
gündəmə gətirir və qarşı tərəfi - rəqibi hələ cavab reaksiyasına qədər
tərksilah edir. Düşüncəni iflic edir. Hər kəs öz həqiqətini, yalnız bircə
həqiqəti, son yeganə variantı, bununla da saysız-hesabsız alternativləri,
yalanları dövriyyəyə buraxmış olur. Çoxlu pozitiv variantları, imkanları
əldən vermiş olur. Yalanın ən irginc və ifrat forması, fərdi həqiqətlərin
yaxın dostu, reallığın çoxluğu düşüncəsinin əks-sədası olan böhtan (və şər!)
gerçək zəmindən məhrum olan, çox vaxt qeyri-real, quraşdırılmış,
saxtalaşdırılmış, dəyişdirilmiş situasiyaya biçilmiş dil əsəri, praqmatik kəşf,
ixtira kimi meydana gəlir. Rəqibə açıq döyüşdə gücü çatmayan və ya
sadəcə olaraq onun müqavimət imkanlarını zəiflətməyə çalışan siyasətçi,
dövlət adamı min-bir kələk, dil-əməl oyunları fikirləşər, məqsədinə çatmaq
üçün heç nədən çəkinməz. Bu dünyada xüsusi olaraq “intriqaçı”,
“demoqoq”, “fırıldaqçı”, “qaragüruhçu”, “qarayaxa”, “ştatları” mövcuddur
ki, bunlar da daim böhtan deyilən çirkli arxdan su içər. Böhtan daim canlı
həyat, xəyali mövcudluq, mümkün pluralizm, çoxluq çeşməsindən
qidalanar, nəyin bahasına olursa-olsun məqsədə çatmaq, qalib gəlmək
enerjisi ilə bəslənər. Böhtançı qadın bir qayda olaraq sözlərinin təsir
qüvvəsini artırmaq, ətrafdakıları inandırmaq və özünə cəlb etmək üçün real
gerçəklikdə baş verməmiş, öz yerini almamış qurama, saxta bir situasiya
475
təsvir edər, şişkin, qabardılmış dil şəkilləri ilə həqiqətdə olduğundan
seçilən, lakin inandırıcı bir gerçəkliyin əksini, surətini yaradar. Çətin,
çıxılmaz vəziyyətə düşən oğru ən ağıllı adamların, məşhur ixtiraçıların belə
düşünüb tapa bilmədiyi ən inannılmaz, fantastik situasiyalar quraşdırar,
çeşidli, ağlagəlməz bəhanələr uydurar, eyni zamanda bütün bunlara uyğun
tam adekvat, inandırıcı, çox hallarda, təbii, sanki tam əslinə uyğun
gerçəklik şəkilləri yaradar və bu yolla özünü xilas etməyə çalışar. Və çox
hallarda da xilas edər, bağırtıları ilə doğrunun bağrını çatladar. İnsana
qorxu anında, dar ayaqda güc gəldiyi kimi, o özünüxilas məqamında dil
səddini də asanlıqla aşar, sözlər, ifadələr bir refleks, təbii özünümüdafiə və
özünütəsdiq aktı kimi doğular. Çox hallarda heç bir şübhəyə yer qoymaz.
Görünür, dönüş anlarında, xüsusilə ömrün çətin məqamlarında, sərhəd
situasiyalarında dilin fikir və düşüncələrin ifadə vasitəsi kimi
doğulmasından çox avtomatlaşmış realizasiyadan, instinktlərin, reflekslərin
müqavimətindən danışmaq daha doğru olar. Qeyri-standart, qəfil situasiya
qeyri-standart, gözlənilməz dil hərəkətləri doğurar, onların istiqamətini,
məzmunu təyin edər. Böhtan insanı məhz belə gözlənilməz situasiyalarla
üz-üzə qoyar. Böhtan elə bil sıxıntı, psixoloji diskomfort yaradar ki, onun
əlindən və bəlasından yaxa qurtarmaq günahsiz, məsum və məzlum adam
üçün daha çətin olar, şübhə doğurmadan onu dəf etmək, özündən
uzaqlaşdırmaq, günahsızlığını sübut etmək həqiqi vəziyyətdə ola
biləcəyindən də çətin və mümkünsüz görünər. Böhtanda mütləq əslində
olmayan, təbii bir təkid, bir koqnisiya, fikir, enerji və ehtiras qaynağı var.
Günahkarlardan, öyrəncəlilərdən fərqli olaraq günahsızın dərhal dili
dolaşar, cavab reflekslərinin işə düşməsi üçün daha çox vaxt və daha çox
psixi gərginlik tələb olunar. Təşəbbüs, psixoloji üstünlük sadəlövh, binar
qarşılaşmalarla deyil, geniş sahə məntiqi və alternativ çoxluqlarla düşünən
böhtançının əlində olduğundan o öz şərtlərini diktə edər. Bəzən elə
ittihamlar oxuyar, elə şeylər fikirləşib tapar ki, varından yox olarsan, təkcə
ağlını, səbrini yox, dilini də itirərsən, bütün psixi mexanizmlər tormozlanıb
sıradan çıxar, mənəvi müvazinətini itirər, tamamilə tərkisilah olarsan.
Siyasətçi keçmiş oğru, böhtançı, dolandırıcı, alverçi, işbaz, fahişə qadın və
bunların hamısı bir yerdə olduqda vəziyyət daha da qəlizləşir, mübarizə,
qalib gəlmə şansları minimuma enir. Azərbaycanlılar bu məəttəl situasiyanı
476
təkrarsız, dahiyanə bir müşahidə ilə “adımı sənə qoyaram, səni də yana-
yana” kimi ifadə edirlər. Şəxsi həyatda böhtanın öz çətinlikləri olduğu kimi
ictimai-siyasi həyatda da öz xüsusi üsul və vasitələri, ağrılı cəhətləri,
fəsadları var. Müasir mübarizə, savaş arsenalında siyasi opponentlərin
sıradan çıxarılmasında provokasiyalar, təxribat və şantaj mühüm yer tutur.
Təxribat hərəkətləri reallaşdırılarkən fikir tərtibçilərinin hamısı, hər bir
kiçik dil elementi, reallıqdan, referensiyadan uzaqlaşdırılar, hər bir söz bir
mübaliğə və şiddət sözü dərəcəsinə qalxar. Təəssüflə qeyd etmək lazım
gəlir ki, bu gün rəqibi qaralama, piar texnologiyası daim genişlənib
təkmilləşir, yeni, ağlasığmaz üfüqlər, linqvistik qiymətlər kəsb edir.
Çoxdan mövcud olan bu “sınanmış” təcrübə müstəqillik, həm də yalan
müstəqilliyi qazanmış bir sıra postsovet respublikalarında qısa bir
müddətdə çeşidli eksperimentlərlə öz imkanlarını böyüdüb genişləndirdi,
hakimiyyətə gəlməyin asanlığı və mümkünlüyü xülyaları, hakimiyyətdən
sui-istifadənin hüdudsuz cazibələri maraqlıların, hər cür mübarizəyə hazır
olanların, o cümlədən bunların önündə gedən siyasətçilərin sayını artırdı.
Siyasi mübarizədə ən sınanmış üsul, ən keçərli, samballı ittiham, “daşdan
keçən” sübut isə “hakimiyyətə gəlməyə çalışmaq”, “rus kəşfiyyatına
işləmək”, “ermənilərlə əlbir olmaq” idi. Qəribədir ki, bunu həqiqətən
edənlərdən başqa hamı bu ittihama məruz qalır. Dövlətin özü hələ yox idi,
amma “dövlət çevrilişlərinə cəhd“ aramsızlıqla davam edirdi. Rusiyada, Dostları ilə paylaş: |