İbtidai sinif şagirdləri vokal texnikasına malik olmadıqları üçün vaxtaşırı onlara xorda oxumağın qaydalarını yada salmaq lazımdır:
1.Xorda oxuyan zaman bədəni düz saxlamalı, ağızı düz açmalı;
2.Oxu zamanı alınan nəfəsi musiqi cümləsinin axırına qədər çatdırmalı, başqasının oxumasına qulaq asmalı, oxuyanda onlardan geri qalmamalı və eləcə də tələsməməli;
3.Oxuyarkən diqqətlə müəllimə baxmaq, onun əl hərəkətinə (dirijorluğuna) fikir vermək və göstərişlərinə əməl etmək zəruridir.
4.Şagird mahnıda nədən bəhs olunduğunu unutmamalı və onu bədii şəkildə ifa etməyə çalışmalıdır.
Xorda oxuyarkən uşaqlar zəruri vokal vərdişlərinə yiyələnməlidirlər. Zəruri vokal vərdişləri tənəffüz, diksiya, səsyaranma, intonasiya və ansambldır.
Xorda oxu zamanı düzgün nəfəsalma əsas şərtlərdəndir. Düzgün və vaxtında nəfəsalma mahnını düzgün və bədii şəkildə ifasına kömək edir. Nəfəsalma səssiz və bir yerdə alınmalıdır.Yazıda V işarəsi ilə, dirijorluq vaxtı əl hərəkəti ilə (auftakt) göstərilir.
Səsyaranma prosesini müəllim sadə və aydın şəkildə uşaqlara izah etməlidir. Mahnı oxuyarkən şagirdlər frazanı (musiqi cümləsini) düzgün ayırmadıqlarından onlar oxu zamanı lazım olmayan mimikalar yaradırlar. Bu da düzgün və təmiz səsin yaranmsına mane olur. Məllim vokal vərdişlərini aşılatmaqla səsin rəngarəngliyi və xarakteri üzərində işləyir.
Vokal vərdişlərindən biri də diksiyadır. Vokal diksiyası danışıq diksiyasından fərqlənir. Oxu zamanı sözlər notların uzunluğuna uyğun olaraq hecalara bölünür. Sait və samit səsləri oxuyarkəndiksiyada yaranan deffektlərə (qüsurlara) xüsusi fikir verilməlidir. Samit səsin pis artikulyasiyası, yəni tələffüzü ümumi diksiyanın pisləşməsinə gətirib çıxarır. Samit səsin akustik gücü sait səsə nisbətən azdır. Ona görə yaxşı diksiya əldə etmək üçün samit səslərin dəqiq və düzgün ifadə olunmasına nail olmaq lazımdır.
Düzgün və təmiz intonasiya ilə oxumaq, yəni səs yüksəkliyinə görə düzgün səsləndirmə vokal oxu prosesinin əsasıdır. Təmiz intonasiya ilə oxumaq qavrama qabiliyyəti ilə bağlıdır. Eyni zamanda təmiz intonasiyaya oxuyanın fiziki sağlamlığı, yorulması, oxu aparatının, səs tellərinin, boğazın sağlam olması da təsir edir.
Zəruri vokal vərdişlərinin biri də ansambldır. Ansambl birlik, ifada ahənglik, xorla oxuma prosesinə aid bütün göstərişlərin eyni zamanda yerinə yetirilməsi deməkdir. Yəni oxu zamanı şagirdlər eyni vaxtda nəfəs almalı, səslərini formalaşdırmalı, səs yüksəkliyinin təmizliyinə nail olmalı, mahnının ritminə, dinamikasına və metrinə birgə riayət etməlidirlər.
Bütün bu vərdişləri dərs prosesində müəyyən vaxt ayırmaqla və kompleks şəkildə yaratmaq olar.