22.07.1985
GÖZLƏRİMİN YUXULARI ÇƏKİLƏR
Gözlərimin yuxuları çəkilər.
Sənsiz yaman üstümə od tökülər.
Xiffətindən bağrım-başı sökülər,
Həsrətindən qəmə batdı Ay, oğlan,
Ayrılığı qıyma mənə, ay oğlan.
Hicranından sübhə qədər yatmıram,
Yuxularım ərşə qaçıb, çatmıram,
Mən heç cürə dərdlərimə batmıram,
Gözlərimdə yaşlar olub çay, oğlan,
Ayrılığı qıyma mənə, ay oğlan.
Yollar təki intizarın uzanar,
Aydan, ildən özünə gün qazanar,
Ürək ki var, hey alışar, hey yanar,
Yoxdur sənə heç dünyada tay, oğlan,
Ayrılığı qıyma mənə, ay oğlan.
Qismət olsa qədər yazar yazını,
«Kərəmi»tək bəxt kökləyər sazını,
Toy-büsata döndərərsə yazını,
Səsləyəndə səsimə ver hay, oğlan,
Ayrılığı qıyma mənə, ay oğlan.
25.07.1985
|