ürəyi yumşalır və ətrafdakılara da xoş bir söz demək keçir könlündən. Amma əynində son dəblə
tikilmiş gözəl kostyum olan 27-28 yaşlı bu yaraşıqlı cavan prokuror nəinki Raufun ümidlərini
doğrultmadı, əksinə, hətta öz çıxışı ilə ona çox iyrənc təsir bağışladı.
O, əvvəlcə çox nəzakətlə, ədəb-ərkanla başladı: gülümsəyərək dedi ki, hələ məktəbi təzə bitirib,
hüquq fakültəsinin ilk kurslarında oxuduğu vaxtdan Arif Göyçaylı kimi təcrübəli və istedadlı
vəkilin məharətinə, biliyinə heyrandır və onun bugünkü çıxışını eşitməsəydi, uzun müddət də
heyran olacaqdı, lakin hörmətli vəkil bir az bundan əvvəl müttəhimin hərəkətlərini az qala adi,
qərəzsiz bir nadinclik kimi qələmə verməyə çalışanda, illərlə yaranmış o gözəl təəssüratı öz əli
ilə vurub dağıtdı.
Prokuror dedi ki, onun fikrincə, müttəhim öz şəxsi xeyri üçün əxlaq normalarını tapdalamaqdan
çəkinməyən cinayətkarlardandır.
Bu gənc karyeristin düşüncə tərzinə dərhal nüfuz edən Rauf başa düşdü ki, onu heyvanxanaya
vurulmuş ziyan hər şeydən az narahat eləyir. Onun atılıb düşməyi, belə bəlağətlə mənəviyyatdan,
əxlaqdan dəm vurmağı öz savadını, paklığını gözə soxmaqdan ötrüdür; Raufun hesabına xal
yığmaq istəyir. Rauf bunu dərhal hiss elədi, amma hiss eləməyinin nə faydası? – bu ona heç nə
vermirdi. Arvadının və kənar adamların yanında oturub özü haqqında belə təhqiramiz sözlər
eşitmək çox ağır idi. Prokuror çıxışının ortasında 367 məhkəmənin katibindən quşun fotoşəklini
200
oturanlara göstərməyi xahiş elədi və dedi ki, belə bir nadir quşun oğurlanması neçə-neçə alimin
işini yarımçıq qoyub, elmə çox böyük ziyan vurub.
Prokuror Rauf haqqında yarım saat da bu cür danışandan sonra üzünü hakimə tutub, Cinayət
Məcəlləsinin iki müvafiq maddəsinə əsasən onu beş il həbs cəzasına məhkum etməyi tələb elədi.
Raufun əvvəlcə danışmaq fikri yox idi, amma prokurorun nitqi onu elə qəzəbləndirmişdi ki,
hakim ondan sözü olub-olmadığını soruşanda, dərhal başını tərpədib danışmaq istədiyini bildirdi.
O, ayağa durdu, amma o saat danışmadı; prokurorun qapıya tərəf getdiyini görüb özünü
itirmişdi, sanki birdən-birə deyəcəyi bütün sözlər yadından çıxmışdı. Yavaş-yavaş iradəsinin
zoruna özünü ələ aldı, nəhayət, sıxıntı tamam çəkilib getdi və Rauf danışmağa başladı:
– Baxın! Siz bir ona baxın! – Öz səsi özünə yaman gur gəldi, sonra öyrəndi ki, demə, doğrudan
da çox bərk danışırmış, hətta Xalidəyə elə gəlirmiş ki, o, mikrofona danışır. – Görürsüz çıxıb
gedir! Məhkəmə necə qurtaracaq, nə hökm çıxaracaq, onunçün heç bir əhəmiyyəti yoxdur, beş il
qazamata saldırmaq istədiyi insanın taleyi də onu qəti maraqlandırmır! – Hamı prokurora tərəf
döndü.
Prokuror qıpqırmızı qızardı və durduğu yerdəcə donub qaldı.
O, hakimə baxdı – yəni bu nə deməkdir, hakimsə müttəhimin nə deyəcəyini gözləyirdi, çünki
Rauf hələ bir şey deməmişdi.
Prokuror keçib yerinə qayıtmağa xeyli vaxt sərf elədi; bu dəqiqələrin hər biri elə bil Raufun
ürəyindən bir tikan çıxarırdı.
İndi o, məmnuniyyətlə vaxtın uzanmağını istəyirdi.
– Möhtərəm prokuror yoldaş, görünür, beş ilin nə demək olduğunu bilmir. Beş ilə adamlar
institut qurtarıb ali təhsil alırlar. Beş ilə böyük-böyük şəhərlərə su kəməri çəkilir, hətta
müharibənin özü cəmi dörd il davam eləyib, bu möhtərəm prokuror yoldaş isə arvadı, uşağı,
ailəsi olan bir insanı, nə az, nə azacıq, düz beş il müddətinə qazamata salmaq istəyir. Nəyə görə?
– Rauf zala göz gəzdirdi, gördü ki, ona diqqətlə qulaq asırlar. – Soruşuram sizdən, nəyə görə?
Hətta şəkildə də görünür ki, bu nə qartaldır, nə də tovuz quşu, çox murdar, iyrənc bir quşdur,
amma ona bir ətək pul verib alıblar; özü də valyuta veriblər. Bəs bu cinayət deyil, dövlətin
pulunu götürüb atasan çölə, nə var, nə var qotur bir quş alıram, sonra da ona xaricdən yem 368
gətirtdirəsən: onu da valyutaya?! Bizim möhtərəm prokuror yoldaş deyir ki, mən onu yemişəm!
Böhtandır! Məgər bizdə aclıqdır ki, mənim kimi bir adam əlinə nə keçdi yesin? Tutaq ki, elə mən
yemişəm onu. Buna görə məni beş il qazamata salmaq lazımdır?..
Düzü, məəttəl qalmışam ki, belə bir cavan adamı prokuror qoyublar.
Axı o, nə görüb hələ? Heç nə, həyat nədir, xəbəri yoxdur. Onun yaşıdları dünyanın o başında
BAM tikir, elektrik stansiyaları tikir, dənizdən neft çıxarır, o isə institutu qurtaran kimi şəhərin
lap mərkəzində işə düzəlib, prokuror olub ki, adamları nahaqdan qazamata bassın. Hələ
yoxlamaq lazımdır görək, o bu işə necə düzəlib və kim düzəldib! – Axırıncı cümləni Rauf qısa
fasilələrlə, yavaş-yavaş tələffüz elədi və ona görə də onlar ayrı cür səsləndi.
– Sonra da ki, yoldaşlar, siyasi cəhətdən savadlı olmaq lazımdır, qəzet oxumaq lazımdır. Gəlin
fikirləşək görək bütün bu iş kimin xeyrinədir, kimlərçün göydəndüşmədir? Məni oğurluqda
ittiham eləyəndən sonra, o quş barədə mən hər şeyi öyrəndim. Onun adı kividir, özü də Yeni
Zelandiyada yaşayır. O quşlardan orda o qədərdir ki, nə deyim, bəzi pinti evlərdəki tarakan
201
qədər... Ordakıların günü qaradır onların əlindən, gecələr evlərə soxulub, yeməli nə gördülər,
oğurlayırlar. – Rauf məhkəmənin üzvlərinə baxdı. – Ordakılar eşitsələr ki, o quşun üstündə
günahsız bir insana beş il iş verilib, bizim barəmizdə nə fikirləşərlər?! Soruşuram, nə
fikirləşərlər?!
Sözlər özləri hardansa axıb gəlir, yağ kimi Raufun dilinə yatırdı.
O, danışır və danışdıqca da hiss eləyirdi ki, onun hər sözü dərhal ürəklərə yol tapır, şüurlara həkk
olunur, o görürdü ki, bütün zal diqqətlə ona qulaq asır və nə qədər danışsa qulaq asacaq. Bu, nə
isə yeni, ona qətiyyən tanış olmayan bir hiss idi. Yalnız uşaqlıq çağlarında yuxuda uçduğu
zaman buna bənzər bir hiss keçirirdi; qorxu qarışıq sevinc hissi.
Rauf çıxışını qurtarıb oturdu. O, gözləyirdi ki, indi kimsə – ya hakim, ya prokuror, kəskin
danışdığı üçün onu məzəmmət eləyəcək, amma eləmədilər. Aralığa sükut çökmüşdü. Hakim
iclasçılardan pıçıltı ilə nə isə soruşdu və sonra Raufa müraciət elədi:
– Siz özünüzü günahkar sayırsızmı?
Sual o qədər gözlənilməz idi ki, yeganə düzgün cavab onun ağlına o saat gəlmədi. Nəhayət, o,
özünü ələ alıb ucadan, qətiyyətlə:
– Bir tərəfdən baxanda, hə, o biri tərəfdən isə, yaxşı-yaxşı fikirləşəndə, əlbəttə ki, yox, – dedi və
hakim gözlərini yumub başını ağır-ağır tərpətdi; yəni o, hər şeyi məhz Raufun istədiyi kimi başa
düşdü.
Məhkəmədə həyəcanlanmış Raufu salondakıların öhdəsinə buraxıb məşvərətə getdi. Raufa elə
gəlirdi ki, indi salonda əsasən onun təəssüfünü çəkən, ürəyiyanan adamlar oturublar. Elə bu
məqamda onun fikrini təsdiq edirmiş kimi hardansa ofisiant Sabir peyda oldu, müttəhimlər
kürsüsünə yaxınlaşıb mühafizəçi əsgərin etirazına baxmayaraq Raufun əlini bərk-bərk sıxdı və
dedi ki, bu çıxışdan sonra onun necə igid, kişi adam olduğunu bir daha öz gözü ilə gördü.
Bununla belə, əlbəttə, Raufun heç bir ümidi yox idi ki, qəfil üzə çıxmış bu natiqlik istedadı
məhkəməyə təsir edə bilər və ona bəraət qazandırar. Lakin o, hələ də eyforiya vəziyyətində idi və
arvadının ona necə mərhəmət qarışıq bir heyranlıqla baxdığını görəndə, bu halı daha da gücləndi.
Rauf özünü saxlaya bilməyib Arifdən soruşdu ki, onun çıxışı hakimə təsir edə bilərmi? Ona
təskinlik verməyə isə Arifin ürəyində zərrə qədər işıq tapılmadı. Rauf qəti qərara gəldi ki, dostu
ya son dərəcə paxıl, ya da qanacaqsız adamdır; vəkillik də ki, onun heç yanından da keçməyib.
Rauf bir də fikirləşdi ki, vaxtilə hüquq fakültəsindən getməkdə, görünür, səhv eləyib.
Məhkəmə salona qayıdanda hamı ayağa durdu. Bu vaxt prokuror da hardansa, böyürdən çıxdı və
sifətindəki pərtlikdən Rauf başa düşdü ki, onun sözü keçməyib. Hakim məhkəmənin hökmünü
oxudu:
hökmə əsasən Rauf əmək koloniyasında saxlanmaq şərti ilə iki il həbs cəzasına məhkum edilir və
iki yüz manat məbləğində cərimə olunurdu.
İlk günlər Raufa xüsusən ağır gəlirdi, amma yeni həyat tərzinə bir qədər alışandan sonra, oradakı
münasibətlərə, qayda-qanuna başqa cür baxmağa öyrəşdi, hətta bir para şeyləri tədricən bəxtinin
gətirməyi kimi qiymətləndirməyə başladı. Məsələn, bəxti elə onda gətirmişdi ki, onu
qohumlarının yaşadığı şəhərin yaxınlığındakı islah əmək koloniyasına işə göndərmişdilər və hələ
üstəlik bəxti ikiqat gətirmişdi ki, həbsxananın bağına qulluq eləməkçün baş bağbanın köməkçisi
vəzifəsinə təzə dustaqların içində yaşına, 370 zahirinə və aqronomik təhsilinə görə müdiriyyətin
202
tələblərinə uyğun gələn cəmi bircə adam tapıldı – bu da Rauf oldu. İş ağır deyildi, yaxşı
havalarda hətta ləzzət eləyirdi adama və belə bir cəhəti də var idi ki, işləyə – işləyə bir də
görürdün, özündən asılı olmayaraq dünya barədə, həyat barədə, hərdənbir də lap öz barəndə
dərin düşüncələrə dalmısan.
* * * O, Ariflə iki aydan sonra görüşdü: vəkili çox acıqlı idi və bunu gizlətməyə çalışmırdı da.
Arifin qaş-qabağı əvvəlcə Raufun xoşuna gəlmədi, amma oturub ona qulaq asandan sonra, gördü
ki, əsəbiləşməyə haqqı var.
Arifin gətirdiyi xəbər, həqiqətən də, yaxşı xəbər deyildi; Raufa qarşı yeni cinayət işi
qaldırılmışdı – “xalxın qəbrini təhqir eləməyi” üstə. İttihamçılar – Şeyda Qəzənfər oğlu
Məmmədzadənin qohumları, dəlillərlə sübut eləyirlər ki, Rauf dostu Sabirlə pul qoyub adam
tutublar və həmin adam da onların alçaq niyyətini həyata keçirib, götürüb rənglə və həkkak
qələmi ilə qəbrin üstündəki yazını elə dəyişib ki, sağlığında özünün kişilik ləyaqəti ilə yalnız
Şüvəlanda deyil, Bakının başqa kəndlərində də tanınan Şeyda Qəzənfər oğlu Məmmədzadə guya
qadın olub, özü də o məşhur balıqçı Qəzənfər kişinin yox, hansısa bir Bəylərin övladı imiş. Bu,
həm də Şeyda Qəzənfər oğlunun dinə, Allaha inanan, son dərəcə namuslu bir qadın olan
rəhmətlik arvadı Almaz xanımın ləyaqətinə və nəhayət, sağ Məmmədzadələrin hamısına
təhqirdir.
Arif təəccüblə:
– Bilmirəm, nə olub sənə, dalbadal bu nə hoqqadır çıxarırsan?
– dedi. – Axı niyə belə eləmisən?
– Bir dayan görüm, heç Şeydadan da kişi olar? – Rauf çaşıb qalmışdı.
– Qabaqlar bu adla mən iki-üç nəfər tanıyırdım, hamısı da arvad idi. Yox, əzizim, bu arvad
adıdır!
– Sənin, heç demə, ən adi şeylərdən xəbərin yoxmuş. Hansı kənd adamından soruşsan sənə deyər
ki, İzzət, Şövkət, Şeyda həm kişi adı ola bilər, həm də qadın adı. – Birdən Arif gözünü dostunun
371 düz gözünə zillədi. – Olar, olmaz – bunlar bir yana, sənin axı, nəyinə lazımdır gedib özgənin
qəbrini düzəltdirirsən?
– Lazım idi mənə, – deyə Rauf könülsüz cavab verdi. – Sonra başa salaram səni.
– “Sonra” – yəni nə vaxt?
– Bir il doqquz aydan sonra. Burdan çıxanda, hər şeyi başa sallam sənə, onda özün görərsən ki,
lazımım idi.
– İndi daha məlum deyil, sən bir də nə vaxt çıxacaqsan burdan.
– Arif burnunun altında donquldandı. – Bir iş almısan, ikinci məhkəmənin nəticəsi ona görə çox
ağır ola bilər. Ondan xəbərin var?
– Yaxşı, nə kömək eləyə bilərsən mənə? – Rauf lap ruhdan düşmüşdü və Arif bunu hiss elədi.
203
– Deyəsən, bir şey düzəlir yavaş-yavaş. Çalışıram şüvəlanlı tanışlarımın vasitəsilə Şeydanın
qohumlarını yola gətirim, gedib şikayətlərini geri götürsünlər. Əvvəl-əvvəl eşitmək istəmirdilər,
heç yaxın buraxmırdılar, az qalmışdı üstümə yumruq qaldırsınlar, amma indi yumşalıblar bir
balaca. Deyəsən, inandıra bilmişəm onları ki, burda heç bir qərəz, düşmənçilik ola bilməz...
Sənin indiki vəziyyətini də danışdım onlara: onun da təsiri oldu. Odur ki, sən çox fikir eləmə,
Allah kərimdir, axırı yaxşı olar.
Qalan vaxtı onlar iş barədə danışmadılar, oturub cavanlıqlarını xatırladılar və birdən Raufun
bugünkü söhbətin təsirindən kövrəlmiş qəlbinə qəribə, anlaşılmaz bir narahatlıq, həzin bir kədər
çökdü.
Arif lap axırda, çıxıb gedəndə, qapıda ayaq saxlayıb:
– Sən mənə bir sual verəydin gərək, – dedi, – amma vermədin.
Sabir haqqında sən heç nə soruşmadın. Yazığı möhkəm sıxmışdılar.
O özünü kişi kimi aparırdı. Bütün günahı öz üstünə götürürdü, amma gec idi, iş işdən keçmişdi,
hamı bilirdi ki, Sabir dostu Raufun arzusunu yerinə yetirməkçün qəbri bərpa elətdirib.
Rauf qıpqırmızı qızardı:
– Mənim heç ağlıma da gəlmədi ki, onun vəziyyəti pis ola bilər.
Sən axı Sabirin adını elə belə, ötəri çəkdin...
Günlər yaman ləng keçib gedirdi. Bunun da əsas səbəbi, görünür, qayğıların yeknəsəqliyi idi:
ağacların, kolların dibini yumşalt, su ver, alaq vur və sairə, nə bilim, bu cürə xırda-para işlər.
Rauf bağbanlığın bir neçə əsas şərtini tezliklə öyrəndi və artıq üç ayı 372 tamam olanda ona
ayrıca sahə verdilər, o da qazandığı təcrübəni bu sahədə vicdanla tətbiq eləməyə başladı; səriştəsi
o qədər artmışdı ki, hətta təkbaşına əncir ağaclarının bəhrəsiz budaqlarını kəsirdi.
Niyəsə o, birdən-birə zirəyə düşmən kəsildi, səlahiyyətdən istifadə eləyib onu da zərərli alaq
otlarının cərgəsinə saldı və bağı zəhləsi gedən bu bitkinin kollarından təmizləməyə girişdi.
Kökündən dartıb çıxartdığı kolları əvvəlcə sərib qurudar, sonra bir yerə toplayıb axşamüstü işin
axırında yandırardı. Gur ocağın göyə qalxan dil-dil alovu və tüstüsünün iyi onda xoş xatirələr
oyadır.
Raufun fikrini dağıdırdı...
Rauf özünün düzəltdiyi balaca skamyada oturub qıvrıla-qıvrıla alışıb yanan quru kollara baxıb
özü üçün həzz alanda nəzarətçi Həsən ona yaxınlaşdı. Həsən sağlam kəndli balası idi, milis
məktəbini əla qiymətlə bitirib Raufdan il yarım əvvəl bura gəlmişdi.
Cavanlığına baxmayaraq, Həsən öz işinə çox ciddi yanaşırdı; heç nədə, heç kimə – hətta özünə
də güzəştə getmirdi və elə ona görə də köhnə, təcrübəli işçilərdən olan, daxili xidmət
nizamnaməsini əzbər bilər böyük nəzarətçi Cəfər Məmmədzadənin az bir vaxtda etimadını
qazanmışdı. Belə deyirlər ki, südlə gələn sümüklə çıxar, odur ki, yetkin kamil adamlar belə öz
xasiyyətinin zəif cəhətlərindən heç də həmişə yaxa qurtara bilmirlər və bu məlum həqiqət Həsən
kimi perspektivli mütəxəssisin Raufla rəsmi tanışlığından sonra bir daha aydın oldu. Onun zəif
damarı, ilk baxışdan sezilməsə də, o saat gözə çarpırdı. Cəfər Məmmədzadə növbətçi iclasların
204
birindən sonra Həsəni kabinetində saxlayıb, nizamnamənin mühüm maddələrindən birini
əzbərdən dedi və bununla da ona xatırlatdı ki, vəzifə başında olan adam şəxsi rəğbətindən və ya
nifrətindən asılı olmayaraq, ayrıseçkilik etməməli, hamıya bir gözlə baxmalıdır.
Həsən öz taqsırını atmadı boynundan, amma kabinetdən çıxandan sonra Raufa da münasibətini
qətiyyən dəyişmədi. Yenə də əvvəlki kimi, onu görəndə yerindən dik qalxıb ədəb-ərkanla salam
verir, söhbət əsnasında ona müraciət eləyəndə adının yanında “dayı” sözünü işlətməyi heç vaxt
yadından çıxartmırdı. Raufun özü də Həsənin onunla belə rəftarına şübhə ilə baxır, bunu
dolamaq kimi başa düşür və imkanı daxilində onunla az-az görüşməyə çalışırdı. Amma xeyli
sonra o, inandı ki, bu, yalnız və yalnız Həsənin ona ehtiramından irəli gəlir və bunu da Rauf öz
aləmində gənc nəzarətçinin sanballı, ləyaqətli 373 adamları tanımaq bacarığı ilə izah elədi. Rauf
özü də yavaş-yavaş Həsənə mehr salırdı; imkan düşəndə görüşürdü, bir böyük kimi haləhval
tuturdu. Rauf, ümumiyyətlə, söhbətcil adam deyildi, amma onun da öz üstünlükləri var idi,
danışanda həmsöhbətinin rəğbətini qazana bilirdi. O, əvvəlcə söhbətin mövzusunu
müəyyənləşdirir və heç vaxt da bu mövzudan kənara çıxmırdı, yeri düşəndə isə ehtiyatda olan
hazır zarafatları ilə onu bəzəyirdi. Bir cəhətə Rauf xüsusi fikir verirdi; bəzən yerlərdə, məsələn,
qayınatasıgildə acıdil, bədxah adamlar olurdu, çalışırdı ki, belələri ilə söhbətdə mücərrəd
mühakimələrə, fəlsəfi mübahisələrə keçməsin, necə deyərlər: “Arığın qoruqda nə işi var, vurub
qıçın sındırsınlar”.
O, həftədə iki-üç dəfə Həsənlə söhbət eləyirdi, onda da öz danışıq tərzini əsasən gözləyirdi,
amma hərdən görürdün olmurdu, çünki gənc nəzarətçi ağıllı sözə, müdrik kəlama qiymət verən
dinləyicilərdən idi və Rauf da yavaş-yavaş onun bu ehtiyacının təsiri altına düşüb yüksək bəşəri
məsələlərdən dəm vururdu.
Adətən o, Həsənin suallarına o saat düzgün cavab tapırdı, bu cavablarını da hər dəfə öz şəxsi
həyatından gətirdiyi misallarla əsaslandırırdı, amma hərdən də elə olurdu ki, bir məsləhətə neçə
gün vaxt sərf eləyirdi, çünki başdansovdu olmazdı, onun verdiyi məsləhət gərək cavan oğlanı
büdrəməyə qoymayaydı, işində, ailə həyatında ona yol göstərəydi. Rauf danışdıqca hiss eləyirdi
ki, onun hər sözü, hər kəlməsi Həsənin beyninə həkk olunur və o, bundan həzz alırdı. Belə bir
hissi o, ilk dəfə məhkəmədə keçirmişdi, amma heç o zaman qəzəbin, incikliyin və ilahidən gələn
gücün təsiri ilə elədiyi o dahiyanə çıxışından Rauf bu qədər məmnun qalmamışdı.
– Axşamınız xeyir, Rauf dayı. Sizinlə xudahafizləşməyə gəlmişəm.
– Həsən niyəsə kədərli idi. – Lənkərana ezamiyyətə gedirəm.
– Mən heç vaxt Lənkəranda olmamışam, amma hamı deyir ki, gözəl yerdir. Sitrus meyvələrinin
məskənidir: limon, mandarin, feyxoa...
Sənə yaxşı yol. İnsan gərək çox gəzsin, xüsusən cavanlığında.
Neçə günlüyə gedirsən?
– İki həftəyə qayıdıram.
– Yaxşı eləyirsən, get. Deyirlər aləmdir oralar.
– Bəli, gözəl yerlərdir. Azərbaycanda tayı-bərabəri yoxdur. – Hiss olunurdu ki, o sevinir səfərinə
və bu, niyəsə Raufa pis təsir elədi. O gülümsəyib:
205
– O baxır kimin gözündə, – dedi. – Birinə Lənkəran xoş gəlir, o birinə Bakı, ya da Astara.
Hərənin öz zövqü var.
–Əlbəttə, düz deyirsiz, – Həsən razılaşdı onunla, – doğma yerlər adama hər yerdən əzizdir,
amma Lənkəran, mən bilirəm, sizin də xoşunuza gələr. Mən xahiş eləyirəm sizdən... Allah
qoysa, nə vaxt xətriniz istədi, ailənizi də götürün yay aylarında gəlin bir biz tərəfə. Mənim burda
xidmətimə cəmi bir il qalıb, sonra çıxıb gedəcəyəm ora. Əməlli-başlı böyük, qəşəng evimiz var,
özü də bu saat evdə bir anamdır, bir də kiçik qardaşım. Hərə bir tərəfə uçub gedib – bacılarım
ərdədirlər: biri Bakıdadı, o biri hələlik Lənkəranda, amma o da əriylə Bakıya köçməyə hazırlaşır,
böyük qardaşım Kalininqradda qulluq eləyir, həkimdir, ildə bir dəfə uçub gəlir, görüşürük. Yəni
deyirəm ki, yerimiz gen-boldur, hamıya çatar!
– Çox sağ ol! – Rauf təklifdən imtina eləmədi. – Sən də hərdən gəl, get, telefonumu da, ünvanımı
da yazıb verərəm sənə. Oğlanlarımla tanış olarsan. Bilmək olmaz, bir də gördün hardasa bir
köməyim dəydi sənə.
Raufun ürəyindən yaman keçirdi ki, bu kəndli balasına nə isə yaxşı bir şey vəd eləsin, amma
kooperativ evə düzəltməkdən başqa ağlına heç nə gəlmədi.
– Uzun sözün qısası, o barədə yüz faiz arxayın ola bilərsən, bir şey düzəldərəm səninçün...
Rəhmətlik kişi – atanı deyirəm – nə işə baxırdı? Mən üzr istəyirəm, əgər sualım sənə yersiz
göründüsə...
Həsən bir an fikirləşib:
– Mən atamı yada salmağı xoşlayıram, – dedi. – Onu yuxuda görəndə sevinirəm, həmişə elə
mehriban danışır mənimlə; sağlığındakı kimi. Çoxlu sual verir, hər şeylə maraqlanır, ya da
görürsən, o danışır, mən qulaq asıram. Amma hayıf ki, axır vaxtlar, demək olar, yuxuma girmir.
Balıqçı idi o, seynerdə işləyirdi. Bütün ili balıq tuturdu: qızıl balıqdan tutmuş kilkəyə qədər, hər
cürün – fəslinə baxırdı. Mən də balıqçı olmaq istəyirdim, amma atam dənizdə itəndən sonra
anam qoymadı. Anam hələ də inanmır onun ölməyinə, elə danışır onun haqqında, elə bil ki, o
sağdır, çünki seynerin batmağını heç kim görməyib. Heç kimi də dəniz sahilə atmayıb...
O vaxtdan anam danışığını da bir az itirib, hələ də gözləyir ki, kişi qayıdacaq! Hətta biz də –
bacılarım da, balaca qardaşımla mən də 375 – ona inanırdıq ki, bir gün atamız qayıdacaq, onu
yenə görəcəyik.
Ağlınıza başqa şey gəlməsin, anamın ağlı üstündədir, konserv zavodunda işləyir, özü də yaxşı
işçidir.
– Sənin heç yadına gəlir atan?
– Əlbəttə, indiki kimi gözümün qabağındadır. Onda mənim on iki yaşım var idi. Hava elə bil
dayanıb durmuşdu, aydın, sakit bir axşam idi, nə duman, nə külək vardı. Biz sahilə onu yola
salmağa gəlmişdik, o da seynerdən bizə əl eləyirdi... Gecə fırtına başladı.
Ayıldıq yuxudan, gördük evimiz silkələnir. Qonşunun damını külək qoparıb apardı: onlar sonra
bir ay bizim evdə yaşadılar. O evin kişisi də qayıtmadı... Mən atamı tez-tez xatırlayıram.
– Bəs necə... – Rauf köks ötürdü: – Ata insançün dünyada ən əziz adamdır. Ana kimi. Fikir
eləmə, gələcək barədə düşünmək lazımdır... Tez qayıt, sənsiz mən darıxacam burda. Yaxşı yol.
206
Həsən onun əlini bərk-bərk sıxdı.
– Rauf dayı, sizin haqqınızda mən evdə hamıya danışacağam.
Mən bələdəm özümə, sizsiz mənə də çətin olacaq.
* * * Həsən gedəndən sonra, daha Raufu işindən və düşüncələrindən heç nə, heç kim ayırmırdı.
Fikrində, xəyalında isə elə hey gələcək həyatla bağlı planlar yer tuturdu. Raufun bu günlə
gələcəyin arasında bir sədd kimi duran dumanlardan, buludlardan keçə bilmiş xəyalı, baxışı
qarşısında bəzən hələ yaşanmamış sevinclərin sirli bir cazibəsi dururdu. Özü də belə məlum
olurdu ki, real aləmdən uzaq olan xəyallara dalmaq yalnız əyləncə deyil, həm də insançün
faydalı bir məşğuliyyətdir; ona görə faydalıdır ki, bu məşğuliyyət, işə-gücə maneəçilik
törətmədən, hədərə gedən vaxtın, heç olmasa, bir hissəsini azaldır. Dostları ilə paylaş: |