daha bu da əsas məsələ deyil.
Birdən məndən soruşdu:
– Heç bilirsən ki, insanın həyatında ən vacib məsələ nədir?
257
– Bilmirəm. Nədir?
– Yəni heç ağlına da gəlmir?
– Nə deyim... Gəlmir...
O, məyus halda başını buladı:
– Yaxşı yerdə axşamladıq... İki ağıllı adam baş-başa verib bir sadə sualın cavabını tapa bilmirik.
– Mənə göz vurdu, onda başa düşdüm ki, zarafat eləyir.
Bugünkü balıq əhvalatını ona yerli-yataqlı danışdım. Bir dənə də sual vermədi, oturub qulaq
asdı, çox diqqətlə qulaq asırdı.
– Onunla rastlaşarsan, – deyə məni arxayın elədi. – O matros paltarı geyən oğlan kimi adamlar
asanlıqla yoxa çıxmırlar. Hələ görüşəcəksiniz. Məsələni ona başa salarsan, o da başa düşər.
Bunun üçün fikir eləmək lazım deyil. Söz yox, yaxşı olmayıb, ancaq sənin təqsirin nədir?
Bir müddət danışmadıq. Bircə bizim pəncərəmizdən işıq gəlirdi.
Ətraf qapqara qaranlıq idi, heç nə görünmürdü. Yağışın səsindən, dənizin gurultusundan başqa
heç nə eşidilmirdi. Səhərəcən beləcə oturardım – ya dinməz-söyləməz, ya da söhbət eləyə-eləyə
– mənim üçün heç fərqi yoxdu.
Kamil əmi də fikrə gedib susurdu. Sifəti yenə də əvvəlki kimi yorğun görünürdü. Birdən yadıma
düşdü, axı, deyəcəkdim ki, bayquşu vursun.
Qəflətən ildırımın işığında gözümə nə isə bir şey dəydi.
– Deyəsən gələn var!..
– Yox, sənə elə görünür. – O, ayağa qalxıb əlləri ilə məhəccərə söykənərək qaranlığa baxdı. –
Heç kim görünmür...
– Yox, düz deyirəm. Kimsə gəlir.
Gördük ki, gələn Nailədir. Eyvana bir neçə addım qalmış dayandı. Başdan-başa islanmışdı.
Amma nədənsə talvarın altına gəlmirdi. Mən dönüb Kamil əmiyə baxdım. Niyə susduğunu başa
düşmürdüm. Elə bil heç onu görmürdü. O qalxıb pillələrə tərəf bir addım atdı. Mən də onun
dalınca tərpəndim. Elə birlikdə də aşağı endik. Yaxınlaşdıq. Kamil əmi bir kəlmə də danışmırdı.
Nailə soruşdu:
– İstəyirsən qayıdım?
Başları xarab olub deyəsən. Evə girməkdənsə yağışın altında qucaqlaşıb öpüşürlər. Üç
addımlıqda bomboş ev, adamın gülməyi gəlir.
Çıxıb getdim evimizə. Nənəm oturub corab toxuyurdu. Dedim ki, Nailə qayıtdı.
– Sənə nə deyirdim? – O, yaman sevindi. – İndi gördün? Daha əlamətlərə şübhə eləmirsən ki?
258
Nənəmin bu sözlərinə lap məəttəl qaldım. Cavab verməyə söz tapa bilmədim.
– Nənə, mən nəyə inanmalıyam ki? Deyirdin hökmən bir bədbəxtlik olacaq, kişinin arvadı
qayıdıb, daha bunun nəyi bədbəxtçilikdir?
– Bəs bədbəxtlik deyil, nədir? Qayıdıb. Daha onun başına bundan da böyük bədbəxtlik gələ
bilməz ki? Ölüsünə də bəsdi, dirisinə də!
Özlüyümdə fikirləşirdim, görəsən bu ciddi danışır, ya zarafat eləyir. Daha onunla mübahisə
eləmədim. Səhərdən belə qərara gəlmişdim ki, bir də onunla höcət eləməyim: axı ola bilməz ki,
dünyada baş verən hadisələr haqqında hamı eyni cür fikirləşsin.
Evdə sakitlik idi. Nənəm də yerinə uzanmışdı. Həyətdən əvvəlki kimi, yağışın xışıltısı eşidilirdi.
Çalışırdım ki, yadıma bir şey salım, mümkün eləyə bilmirdim. Səbəbi də yağış idi – onun
səsindən gözlərim öz-özünə yumulurdu. Axır birtəhər özümü yığışdırıb soruşdum:
– Nənə can, insan üçün həyatda ən vacib şey nədir?
– Vacib şey? – deyə nənəm təkrar eləyib xeyli fikrə getdi. Mənə elə gəldi ki, arvad yatıb. – Mənə
qalsa, – deyə o, nəhayət dilləndi.
– Qayalıda bunu ancaq Rəşid bilər. Səhər gedib ondan soruşarsan.
İndi yat. Boş-boş suallar vermə. Gecən xeyrə qalsın. – Onu görməsəm də, mənə gün kimi aydın
idi ki, nənəm gülümsünür. Ona yaxşı bələdəm.
Bu gecə bayquş gəlmədi...
YAZILMAYAN MƏKTUBLAR
Birinci fəsil Hamı susurdu. Bəs nə eləsinlər? Əməlli-başlı dincəlmək üçün insana ancaq sakitlik
lazımdır. Ara qapısının o üzündən gələn uğultu – kondisionerin hərdən xışıltıya, mışıltıya, bəzən
də az qala marçıltıya dönən səsi olmasaydı, mən deyərdim ki, bizim dincəldiyimiz bu otaqda
“qu” deyəndə qulaq batırdı.
Mən də susurdum, amma anlaşılmaz bir duyğu ilə hiss eləyirdim ki, damarlarımdan axan qanım
da yavaş-yavaş uyumağa başlayır:
kondisionerin az qala marçıltıya dönən uğultusu arabir fitqarışıq zəhlətökən xorultuya
çevrildikcə, mən bunu açıq-aşkar hiss eləyirdim.
Uşaqlar bir-birinə sarı boylandılar, amma heç kəs yerindən tərpənmək fikrində deyildi. Axı niyə
də tərpənməli idilər – hərə istədiyi yerdə yatıb dincələ bilərdi. Yatıb dincələn orkestrin rəhbəri
idisə, özü də, “Yekəpər” ləqəbini royalda çalmağı bacarmadığına görə “qazanmışdısa”, demək,
onun heç bir haqqını, burda yatıb dincəlmək haqqını əlindən almaq olmazdı.
Qəribədir, harada olursa olsun, bircə anda gözünə yuxu gedir.
Bir dəfə Seymurun eskalatorda yatdığını öz gözümlə görmüşəm.
Özü də, axıra çatmağa ikicə pillə qalmış yuxudan oyandı...
259
Mən kiminsə ayaqlarının üstündən adlayıb Seymura yaxınlaşdım.
Başını kreslonun söykənəcəyinə dayayıb, daha doğrusu, az qala söykənəcəkdən aşırıb yatmışdı.
Qalstuku üzüaşağı sallanmışdı, taybatay açılmış ağzı və nəhəng xirtdəyi uzaqdan gözə dəyirdi.
Xorultu idimi, mələrti, zingilti idimi – baş açmaq olmur; hər nə idisə, mən ona yaxınlaşıb əlimi
çiyninə qoyan kimi əcaib səslər birdənbirə kəsildi.
– Bu gün uşaqlara nə olmuşdu belə? – deyə mehriban-mehriban soruşuram. – Bıy, bağışla,
deyəsən yatırdın.
O, qızarmış gözlərini mənə zillədi.
– Deyəsən, xoruldayırdım, eləmi? – səsində bir nigaranlıq, narahatlıq vardı.
– Sən? Şişirtmə görək! – Adil kresloya söykənəcəkli halda cavab verdi. – Şişirtmə, qadası! Bir
balerina tanıyırdım, ona elə gəlirdi yatanda xoruldayır, həkimə yalvarıb-yaxarırdı ki, qlandasını
kəssinlər. O qədər utancaq idi, demək olar, heç yatmırdı...
– Necə yatmırdı?
Hə, yaman yerdə axşamladıq, demək, Seymurun yuxusu tamamkamal dağıldı. Məqam düşən
kimi məzələnməsə, atmaca atmasa, bağrı çatlayar. Ax, nə yaman yumor dağarcığıdı! Deyirəm,
imkanım olaydı, onun yumorunu xüsusi sisternlərə doldurub aparaydım şəhərdən uzaqlara –
bağların, bostanların məhsuldarlığını artırmağa.
– Sən nə istəyirdin? – bunu məndən soruşur.
– Deyirəm, bu gün uşaqlara nə olmuşdu belə? Elə sən də bir o qədər yaxşı çalmırdın.
Düz deyirdim, çalğımız alınmırdı. Heç cür yadıma sala bilmirəm ki, biz sonuncu dəfə harda, nə
zaman bu kökə düşmüşdük.
Səhnədə doqquz adam yan-yana əyləşmişdi, bütün qüvvələrini işə salmışdılar, amma... nə olsun,
heç nə alınmırdı.
– Hə... düz deyirsən, səviyyəmiz – o məsələ... – Seymur deyəsən mənimlə razılaşdı. – O biri
tərəfdən, axı bizə nə verirlər ki, nə alsınlar? Yenə də birinci hissədə korladıq... Elə deyilmi?
Qapı aram-aram döyüldü, astanada drujinaçı göründü. Üzünü Seymura tutub:
– Sizi görmək istəyən var, – dedi.
– O kimdir elə? – Seymur heyrətlə dilləndi. – Hardan gəlib çıxdı bura? – O, bizim üzümüzə
baxdı, biz də ona təbəssümlə “cavab” verdik, təkcə Adildən başqa – dünya onun vecinə deyil. –
Bəlkə bizim dinləyicimizdi, cavan, gözəl-göyçək?..
Deyəsən, axırıncı söz heç yerinə düşmədi; axı bu könüllü drujinaçılar qapıların ağzında məhz
ona görə dayanırlar ki, incəsənət həvəskarları bizə mane olmasınlar. Hər dəqiqə kimsə otağa
başını soxmağa can atır, drujinaçılar da öz işlərini yaxşı bilirlər, kimini dilə tutur, qılıqlayıb geri
qaytarırlar, başa düşməyənləri də o söz – necə lazımdı, eləcə “yola salırlar”...
260
Drujinaçı:
– Yox, yox... Yaşlı adamdı. Özü də, deyəsən, vəzifəli yoldaşlardandı, – dedi.
– Burax gəlsin! – deyə Seymur yerindən qalxdı, güzgüyə yaxınlaşdı, arxası qapıya dayanıb
ehmal-ehmal qalstukunu bağlamağa başladı.
Yox, deyəsən, heç “vəzifəli yoldaşlara” oxşamır. O, şlyapasını çıxarmadı, amma adama elə
gəlirdi ki, başının dazlığının işıltısı boz, həsir şlyapanı da deşib keçir. Doğrudan da, elə adamlar
var ki, başında papağı, şlyapası ola-ola, dazlığını yüz addımlıqdan görürsən.
Tünd-boz pencək geyinib, ilk baxışdan bomboz görünür, amma fikir verəndə görürsən ki,
şalvarı, bir də pencəyinin ətəyi qaramtıl rəngə çalır. Elə bil bu kostyum hər səhər xaş yemək
üçün tikdirilib.
Nə isə, görkəmi, hətta gözü, bığı və tuflisi də öz yerində, amma açığını deyim ki, onun portfeli
mənim daha çox xoşuma gəldi.
Yupyumru, qəhvəyi itə oxşayır – sahibi hara gedir, o da onun dalınca yellənir. İndi sahibinin
böyrünə, daha doğrusu, ayaqlarına qısılıb, nə üzü görünür, nə də quyruğu...
– Salam. Sizin yanınıza vacib bir iş üçün gəlmişəm. Mənim sizə bir təklifim var, – o, portfeli
açdı, bir kağız çıxartdı, sonra da ikincisinə əlini uzatdı.
Seymur hamımızın əvəzindən dilləndi:
– Gəlin əvvəlcədən şərt kəsək: biz matəm yerində, bayram təntənələrində çalmırıq.
Biz də razılıqla başımızı tərpətdik.
– Bax, varam belə zarafata. Bir yanda həssas, zərif musiqi dünyası, bir yanda da işgüzar şərtlər...
Başını qaldırıb Seymura baxdı. Əvvəlcə çox ciddi görkəm almışdı, sözünü də elə ciddi görkəmlə
demişdi: sonra, Seymura baxa-baxa, özünün də xəbəri olmadan gülümsündü. Özü də necə
gülümsündü...
İrişdikcə dodaqları aralandı, uzanıb getdi düz qulağının dibinə, dodaqlarının arasından da qızılca
dişləri, metal və plastik dişləri göründü. Beləcə dayanıb gülümsündü, gülümsündü,
qaradinməzqaradinməz bizə baxdı.
Seymur soruşdu:
– Buyurun görək, mənə nə sözünüz var?
– Filarmoniyanın tapşırığını sizə çatdırmağa gəlmişəm. Özü də, sizin ürəyinizdən olacaq, lap
ürəyinizdən, – qonağın səsində arxayınlıq vardı.
Elə Seymur da arxayınlıqla dilləndi:
– Eh... filarmoniyalar da ancaq zərərlə işləyirlər.
261
Qonağın səsi bomba kimi partladı:
– Sizin nəyinizə gərəkdir, canım?! Filarmoniya zərərlə işləyir, xeyir verir, ya vermir – sizə bir
isti-soyuğu varmı? Filarmoniya canlı insan deyil ki, ondan da... Siz öz dərdinizi çəkin. Amma
dediyim, doğrudan, sizin ürəyinizdən olacaq. Mənə elə gəlir ki, bəxtiniz gətirib, vəssalam...
Birdən... onun hiyləgər gözlərini gördüm. Gör necə oyur-oyur oynayır!
– Sizin kollektiv, daha doğrusu, bədii özfəaliyyət kollektivi, yayda Krımda, Qara dəniz sahilləri
kurortlarında qastrolda olacaq.
Hər gün iki-üç konsert verəcəksiniz. Yalta, Simeiz, Qaqra, Sevastopol...
Ən yaxşı mehmanxanalarda qalacaqsınız...
Qonaq bu sözləri birnəfəsə deyib susdu; amma yox, susana oxşamırdı – sən demə, o, bir-iki
saniyə sonra üçüncü zəngin çalınacağını gözəlcə bilirmiş.
– Yaxşı, sonra danışarıq...
Necə yəni sonra danışarıq? Heç bu yerdə fikirləşərlər? Belə şirin sözləri heç yuxuda da
eşitməzsən. Bütün yayı Krımda olmaq!..
Eh... Seymur da minnət qoymağa vaxt tapdı. Əlbəttə, “bədii özfəaliyyət deyəndə o da korladı.
Axtarsan, Bakıda ikinci belə orkestr tapmazsan. Uşaqlara da söz yoxdur, istəyirsən notla
çalsınlar, istəyirsən notsuz. Götürək Seymuru – kişi əsl pianoçudu.
– Eyibi yox, mən tələsmirəm, – portfelin sahibi yenə də gülümsündü, hamımıza bir yerdə
gülümsündü, tək-tək üzümüzə baxıb gülümsündü, yenə də hərəmizin payına neçə karatlıq
qiymətli-qiymətli metal düşdü. – İcazə verin, mən də sizin konsertə qulaq asım. Elə belə, pərdə
arxasından...
Hamımız otaqdan çıxdıq. Adil astanada mənim qolumdan tutdu:
– Tanımadın? Ay sənin!.. Bizim keçmiş qonşumuzdu! Üzbəüz binada yaşayırdılar.
Nədənsə, uşaqlığım az-az yadıma düşür. Bəlkə yada salmaq istəmirəm, bəlkə yada salınası
günlərim olmayıb? Fikirləşdim, səhnəyə çathaçatda qonşumuz yadıma düşdü.
– Ola bilməz?!
Adil başını tərpətdi.
– Özüdü ki var...
İlahi, adam bu qədər də dəyişə bilər? Bu, tamam başqa adamdı.
Yəqin biz özümüz də elə “başqa-başqa adamlara” dönmüşük. Gərək ki, o bizdən on beş yaş
böyük olar. Violonçelçalan qonşu... Evdə royalda çalırdı, orkestrdə – violonçeldə.
Otaqdan çıxıb səhnənin arxasına çatana kimi hər şeyi bütün aydınlığı ilə xatırladım...
262
Onun çalğısı küçəni başına götürürdü, xüsusən yay aylarında.
Amma... tez-tez çaldığı təkcə bir melodiya səslənəndə, mən əlüstü uşaqlardan aralanıb bir dalda
yerə çəkilərdim, çünki heç özümün də xəbərim olmadan həmişə gözlərim yaşarardı. Melodiya
çalınana kimi mən uşaqlarla şirin-şirin söhbət eləyərdim, o çalmağa başlayanda isə, səkkizinci
sinifəcən çarpayıda qapılıb qalan dəlicinli Məmməd Həsənovsayaq, durduğum yerdəcə
gözümdən yaş axırdı.
Sonralar bildim ki, Şopenin “İnqilabi etüd”ü imiş...
Onun evinə tez-tez qonaqlar yığışardı, gecə yarıya kimi səs-küy kəsilməzdi. Evində heç bir dəfə
də olmamışdım, amma o axşamların biri ömürlük mənim yaddaşımda həkk olunub qaldı. Elə
indinin özündə də o axşamı xatırladım, elə bil o əhvalat dünən olmuşdu, elə bil üstündən on beş
il keçməmişdi...
Mən evimizin küçəyə baxan eyvanına çıxdım, qarşıdakı binanın bütün pəncərələrinə zülmət
çökmüşdü, təkcə eyvanların birində siqaretlər közərirdi, elə bil işıldaquşlar ara-sıra uçub havada
dövrə vurur, sonra harasa qonurdu. Bir qadın o zülmət gecədə şeir oxuyurdu. O qadından gələn
ətri indi də xatırlayıram; tək bircə anda burnuma dəydi, amma aradan neçə illər keçsə də, onu
heç bir ətirlə qarışıq salmıram. Şeirləri necə gözəl oxuyurdu, ilahi! Yəqin ki, mən o gecə əməlli-
başlı yuxulu idim, çünki onun dilindən çıxan sözləri qaranlıqda açıq-aşkar görürdüm. Niyə
desəniz and içim – mən o sözləri görürdüm! Mən hələ də qorxuram ki, nə zamansa, o sözləri
necə gördüyümü unudacağam, qorxuram ki, özüm də özümə inanmayacağam, “Yox, sənə elə
gəlib” – deyə düşünəcəyəm...
Əvvəllər o gecəni tez-tez xatırlayırdım, amma axır illər heç bir dəfə də olsun, yadıma düşmür.
Mənə elə gəlirdi ki, qadının dilindən çıxan o sözlər qanadlanıb uçmazdan qabaq, itiuclu
piramidasayaq, pillə-pillə düzülürdü, özü də o sözlərdən yolka qozalarının, bir də sərin suyun ətri
vururdu...
O gecə şeir oxuyan qadının üzünü görmürdüm, təkcə səsini eşidirdim, amma fəhmlə hiss
eləyirdim ki, o, son dərəcə gözəldi, mən sonra, həmin gecə o gözəl qadını yuxuda da gördüm...
Qonaq, daha doğrusu, bizim qonşu o gecəni bəlkə də tamam unudub. Evi həmişə qonaq-qaralı
olardı, elə qonaqlı-qaralı gecələrin hamısını necə yadda saxlayasan?..
Zalda iynə atsan, yerə düşməz; hələ ayaq üstə dayananlar...
hələ bir rəqs eləmək fikrinə də düşmüşdülər. Bizim uşaqlar səhnəyə çıxan kimi hamı əl çaldı,
üstəlik bir fit də çaldılar – amma bu fit o fitdən deyildi. Hə, başladıq, nə başladıq. Aha, deyəsən,
yaxşı alındı, hər halda, birinci hissəyə baxanda buna söz ola bilməzdi. Cəmi doqquzca adam...
amma elə bir nəhəng bir orkestr çalır. Bax, buna görə Adilə sağ ol demək lazımdır. Böyük
orkestrlərdə olduğu kimi, akkordları ayrıca qeyd eləyib, odur ki, hamısı yerli-yerində səslənir.
Elə bil bircə musiqi aləti səslənir. Bəs necə, “bədii özfəaliyyətdi” də!.. Amma mənim aləmimdə
bizim orkestrə ən yaxşı çalğıçılar toplaşıb, nota gözucu baxan kimi öz işlərini bilirlər; hələ mən
Adili, Seymuru demirəm, bəlkə də bütün ölkədə belələrini barmaqla saymaq olar. Doğrusu, mən
hələ onlar kimi improvizə eləyən görməmişəm, özü də hər dəfə təzə donda, təzə biçimdə,
istənilən harmoniyanı ver – eşidəndə heyran qalarsan. Eh, hələ Adilin kefi yaxşı olanda
görəydiniz, musiqinin ritmik quruluşunu bir kənara qoyub nə aləm yaradır; inandırıram sizi, onu
duyan, başa düşən adam konsertdən sonra iki saat da gözləməyə razı olar – təki, Adilə yaxınlaşıb
əlini sıxa bilsin. Özü də səssiz-səmirsiz, gurultulu sözlər demədən... Gözləyənlər də tapılır.
263
Orasını da deyim ki, əslində biz hamımız həvəskarıq, təkcə onillik musiqi məktəbini bitirmişik,
vəssalam...
...Beş-altı dəqiqədən sonra səhnəyə çıxmalıyam. Özümə min dəfə söz vermişəm ki, konsert günü
gərək evdə əməlli-başlı hazırlaşam, gərək səhnəyə oxumağa çıxmazdan əvvəl bir saat uzanıb
dincələm.
Hiss eləyirəm ki, dişlərimdən, səs tellərimdən tutmuş ağzımda nə varsa, hamısı buz bağlayıb,
şişirtmək olmasın, “sürüşməyə” bircə xizək çatışmır. Heç olmasa indi boğazı yaxşı-yaxşı
“arıtlamaq” lazım idi. Aha, bayaq dediyim köhnə qonşum da burdadı. Çəkildi qırağa.
Yaxşı, mən niyə belə həyəcanlanmalıyam, bəyəm müsabiqə keçirilir?
Necə bacarıram elə də oxuyacağam! O məndən nə istəyir axı?.. Gör nə yaxşı termosu var,
görəsən hardan alıb? Bayaq qapağını burub ağzını açdı, çayı süzüb... mənə verdi. Sən Allah,
telepatiyaya bir bax!
Ah... nə gözəldi, adicə isticə çay adamın bütün sinirlərini dincəldir.
Stəkanı axıra kimi boşaltmağa macal tapmadım.
Bu nədir belə başı batmış işıq texniki projektoru düz gözümə tuşlayıb, heç bir dəfə də
yayındırmır; birtəhər, ehmal-ehmal addımlayıb mikrofonun boğazından yapışıram. Hə,
mikrofonun qabağında deyəsən özümə gəldim. Şükür yaxşı qurtardım.
Orkestrin, üstəlik, həm də solistin adını “aləmə yaymaq”, necə deyim, nüfuzunu qaldırmaq üçün
Boris zərb alətlərinin başına bir oyun açır ki, gəl görəsən; zərbləri üstünə şabaş kimi tökür. Zalı
da özündən çıxarıb, elə hey, aramsız əl çalırlar, mənə aman vermirlər ki, başlayım. Neft
institutunun ənənəvi gecəsinə heç iki həftə əvvəl də bilet tapılmırdı. Bu gün tibb institutunun
tələbələri onların qonağıdı, amma burda bütün institutların tələbələrinə rast gələrsən. Baxmağa
məndə halmı var? Öz başımın hayına qalmışam...
Mən Seymura sarı dönüb işarə verdim ki, başlamaq olar; o, ayı pəncəsinə oxşayan iri əllərini
fortepianonun dillərinin üstünə qoydu, elə ehmal qoydu ki, səsi güclə eşitdim, əlüstü zala sakitlik
çökdü. Sevindim, bax, tamaşaçı, dinləyici buna deyərəm!
Biz heç vaxt əvvəldən razılığa gəlmirik ki, nə oxuyacağam, Seymur bu məsələni elə birbaşa
səhnədəcə həll eləyir. Qəribə burasıdır ki, o, həmişə də həmin məqamda mənim ürəyimdən olanı
seçir, heç bir dəfə də olsun “səhvə” yol vermir.
Axı bu gün Seymura heç kəs deməmişdi ki, mən yaxşı hazır deyiləm, amma o, fəhmlə hiss
elədiyindən sakit bir mahnı – “Xeyirxahlıq çiçəkləri”ni seçdi. Beləcə, sakitcə başlayaq...
Mahnının ilk sözləri lap yavaşdan, pıçıltı ilə səslənir, sonra axıra kimi reçitativ gəlir. Aha, Adil
sevimli çalğısını yaman dindirdi, gör necə aydın, dumduru səslər çıxarır... Çay qırağı, aylı gecə...
Sözlər də adicə isti sözlərdi, hətta bir az sentimentallıq qoxusu da var onlarda; yazda əkilən,
bircə baxışdan göyərən, yayda boya-başa çatan məhəbbət çiçəklərindən deyir. Sözlər də
ürəyəyatandı, melodiya da, amma deyəsən, heç bu mahnını eşidən yoxdu; elə bil orkestr “özü
üçün” çalır, mən də “özüm üçün” oxuyuram; zalda musiqiyə uyar astaca-astaca rəqs eləyirlər,
ancaq mənim oxuduğum mahnıya yox, öz maqnitofonlarına qulaq asırlar. Nə isə, mənə belə
gəlirdi...
264
Elə nəqərat də sən deyən yaxşı alınmır. Bu mahnının hər sözünün altına qol qoymaq olar, özüm
də pis oxumuram, hətta, musiqiçilər demişkən, əsas tona rəng verən yarımtonları belə çatdırıram,
ancaq hiss eləyirəm ki, yox, alınmır, səsimdəki – nəfəsimdəki saxtakarlıq baş alıb gedir, dayana
da bilmirəm. Yəqin zalda hər şeyi gözəlcə başa düşürlər, məndən də yaxşı, yəqin bir-birinə göz
vurub pıqqıldaşanlar da var. “Son hissə – koda çatdı? Şükür Allaha, nə yaxşı oldu! Əl çalırlar,
alqışlayırlar? Necə, necə? Ağıllarını itiriblər ki...” Düzdür, nə fıştırıq çalan, nə ayağını yerə
döyüb qışqıran var, amma laqeydlikdən də əsər-əlamət yoxdu.
Mən royala tərəf çəkildim, aha, yenə Seymurun ağzı qulağının dibinə uzanıb, sevincindən gözləri
də qıyılıb.
– Görürsən də, zəhmətkeşləri sevindirə bilirik, balam!
Konsert vaxtı biz bir-birimizi sözsüz də başa düşürük...
– Neyləyim, özüm də bilirəm ki, alınmır. Sən, durma, uzunuzadı bir giriş ver, nə qədər
bacarırsan uzat, mən də qaçım bir qurtum çay içim...
– Yerindən tərpənmə! Çaysız da keçinərsən! – Heç mənə sarı baxmadan üzünü zala tutub
gülümsünür, kiminləsə salamlaşır. – Bir ora bax, – deyir, – gör solda, ikinci pəncərənin yanında
kim dayanıb.
Gördün? “Sarı geyimli qız” bizə təşrif gətirib...
Alanı deyir, Adil başa düşməsin deyə Seymur qəliz dillə danışır. Qız universitetdə, üçüncü
kursda oxuyur. Görəsən nə olub, Seymur yenə zəhərli ilan kimi fışqırır; amma yox, onun köhnə
xasiyyətidi, bir də görürsən, xəstə nənəsindən danışır, gözündən də əcinnələr boylanır...
– Onun qulaqlarına bax, – deyir.
– Kimin? – bilmədim kimdən danışır.
– Bizim saksafonçunun. Birinci dəfə görürəm ki, adam sevdiyi qadına baxanda qulaqları
şeşələnir. Ay, ay, bu dünyanın nə qədər sirri var?!
– Bəsdir, Seymur, xahiş eləyirəm! Sən ona tərəf baxma... İndi burda adam kimi oxu görüm, necə
oxuyursan. Xoşuna gələrmi – deyirəm – o yaxınlaşsın sənə, saksafonu qaldırıb çırpsın royala?!
Dostları ilə paylaş: |