Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə33/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

qalarıq. 

 

Gəlib oturduq Kamil əminin eyvanında, Rəşid söhbət eləyir, mən qulaq asıram. Axır ki, 



dözməyib soruşdu: 

 

– Bəs xanım hardadı? 



 

– Yoxdu. 

 

Rəşid görəndə ki, Kamil əmi bir siqaretin oduna o birini yandırdı, dayana bilmədi, məsləhətə 



başladı, dedi papirosu atsın. Söz yox, birdən-birə olmaz, amma yavaş-yavaş mümkündür – ilk 

vaxtlarda yarım qutu, sonra onun dörddə biri, bir az keçəndən sonra da gündə bir siqaret. Bir də 

görəcəksən ki, tərgitmisən. Asan şeydir! Elə onun özü də bir vaxt çəkirmiş. Papirosu atanda 

birinci günlər çox çətin keçib, elə hey gözü siqaret axtarırmış, ancaq iradəsini toplayıb dözüb, iki 

ildir ki, çəkmir. Özünü də çox yaxşı hiss eləyir. Uşaqlara da xeyri var. Daha otağı tüstü ilə 

doldurmur. Ancaq bir şey pisdir ki, papirosu atandan sonra ayaqları bərk tərləməyə başlayıb, 

əvvəllər belə şey olmazmış. 

 

Kamil əmi bunu eşidəndə gülməyə başladı. Mən də ona baxıb güldüm. 



 

– Bağışlayın, – deyə Kamil əmi üzr istədi. Səsi o saat ciddiləşdi. 

 

Elə bil bayaq gülən o deyildi. – Heç özüm də bilmədim niyə məni gülmək tutdu. Onda bəlkə 



təzədən çəkəsiniz... Bəlkə çəksəz ayaqlarınız daha tərləməz?.. 

 

– Yox, yox – Rəşid etiraz elədi. – Ürəyim xarab olmaqdansa, qoy elə ayaqlarım tərləsin. 



 

– O da doğrudur, – Kamil əmi otağa girib makinasını gətirdi. 

 

– Siz oturun, mən də bir az işləyim. 



 

– İşləyin, işləyin, – Rəşid ayağa qalxdı. – Elə mən bir dəqiqəliyə gəlmişdim, gedim. 

 

Mən də dedim ki, gedirəm. Kamil əmi başı ilə razılıq verdi: 



 

242


 

– Axşam tez gəl, televizora baxarıq. 

 

Adilə bizdə idi, öz rəfiqəsi ilə. Mən içəri girəndə səslərini kəsdilər. Sonra Adilə məndən soruşdu: 



 

– Sən bilirdin ki, Nailə Kamildən ayrılıb? 

 

– Necə ayrılıb? 



 

– Ayrılıb da! Atıb, çıxıb gedib. Bəs sən bilmirdin? 

 

Mən dinməz-söyləməz dönüb otaqdan çıxdım. 



 

– Hara? – deyə nənəm dalımca səslədi. 

 

– İşim var, – dedim. – Heç bilmirdim ki, hara gedirəm? Lap özümü itirmişdim. Hara gəldi 



gedirdim. Bir də gördüm ki, stansiyadayam. 

 

Heç bura gəlmək fikrində deyildim. Nailənin getdiyini eşidəndə lap kefim pozuldu. 



 

Qəribə də bu idi ki, Nailənin getməyində hamı Kamil əmini təqsirləndirirdi. Adilə elə belə dedi: 

 

– Onun yerinə mən olsaydım, çoxdan baş götürüb qaçmışdım. 



 

Misal üçün, mən ziyalı adamam, həkiməm, əsəbim də yaxşıdır. 

 

Ancaq di gəl ki, öz evimdə onun makinasının səsini eşidəndə bədənimi əsməcə tutur. Gör indi o 



yazıq nə çəkirmiş! Elə onu görən kimi dedim, yadındadır, Rəşid, dedim ki, bu qız onun tayı 

deyil, bu qız onun üçün yaranmayıb. 

 

– Elə demə, Adilə, elə demə. – Rəşid onu məzəmmət elədi. 



 

– Olan olub, keçən keçib. İndi məni Kamilin dərdi götürüb. Deyirəm, bu bədbəxtin işi necə 

olacaq. Nə işi var, nə peşəsi. İşləmək də istəmir, tənbəlin biridir. Bəla da burdan başlayır. Bir 

adam gərək onu başa salsın ki, səhərdən axşamacan makina taqqıldatmaq kişiyə yaraşan iş deyil, 

əməlli-başlı bir işdən yapışmaq lazımdır. 

 

Hamısı yer-yerdən üstümə tökülüb soruşurdular ki, Nailə niyə çıxıb gedib? İkisi də səs-səsə 



verib məni dilə tuturdu: sən Allah, danış görək niyə gedib? Axı hər axşam onlarda olurdun. 

 

Özləri soruşur, guya can yandırırdılar, amma hiss eləyirdim ki, Nailənin getməyi ikisinin də 



ürəyindəndir. Özü də hiss olunurdu ki, onlar bunun intizarında imişlər, gözləyirmişlər ki, Nailə 

Kamil əmidən nə vaxt ayrılacaq. Elə bil əhd eləyiblərmiş ki, Nailə çıxıb getsin, bunlar da dinclik 

tapsınlar. Bəlkə Nailə ilə Kamil əmi eləbelə küsüblər? Bir neçə günlük... O gedəndən sonra üç-

dörd gün belə fikirləşdim... 

 

Ay sizə danışdım ha! Gözləyin! Ay danışdım ha! 



 

Axı əslində mən bir şey bilmirəm. O niyə çıxıb gedib? Bilmirəm. 

 

Mənim yanımda bir dəfə də olsun dalaşmayıblar. Elə mənsiz də. 



 

 

243


Zənnimcə, belə şey olsaydı bizim evdə eşidilərdi. Odur ey, Seymur arvadı ilə dalaşanda xəzri 

əsməsə səsləri dənizin qırağında da eşidilir. 

 

Düzünə qalsa, axırıncı günlər onlar nə isə çox qəmgin gəzirdilər. 



 

Amma daha bir şeydən ötrü əri atıb getmək olmaz ki! Vasifin fikrincə, Nailə başqa kişinin 

yanına gedib. Mən deyirdim belə şey olmaz! Nailə Kamil əmini sevir, o, belə şey eləməz! 

 

– Sənə deyirəm ki, eləyər. Mən birini çimərlikdə öz gözlərimlə görmüşəm. İyul ayını başdan-



başa qırmızı “Moskviç”li bir oğlanla gəlirdi. Avqustda görürəm ki, boz “Jiquli”də gəlib. Elə ki, 

hava qaraldı, maşını çəkdilər qayaların dalına. Üsulluca yaxınlaşıb baxdım, gördüm ki, elə həmin 

məsələdir! Onlara etibar eləmək olar? 

 

Hər nə isə, razılaşmırdım, deyirdim, Nailə başqaları ilə çimərliyə gedən qızlardan deyil. Amma 



ürəyimdə yaman qorxuya düşdüm, deyirdim bəlkə Vasif haqlıdır? Ürəyim elə sıxıldı ki, daha heç 

deyiləsi deyil. 

 

Ola bilməz! Ola bilməz ki, bu məsələ belə qurtarsın. Onlar birbirini sevirdilər. Bunu ki mən lap 



yəqin bilirəm. Belə də şey olar? 

 

Əgər adamlar bir-birini sevirlərsə, onlar da belə asanlıqla ayrılırlarsa, deməli, onda mənim 



məhəbbət haqqında oxuduqlarımın hamısı yalanmış. Belə çıxır ki, onda heç sevməyə də dəyməz. 

Adamlar məhəbbətin ucbatından ölümə gedirlər... Kamil əmi ilə Nailə isə bir-birini sevirdilər. O 

vaxtacan mənə elə gəlirdi ki, hər şeyi başa düşürəm. Amma indi anlamıram ki, niyə belə oldu. 

Vasif mənə dedi: 

 

sir-sifətin niyə belə dəyişdi? Dedim, yadıma düşdü ki, evə qayıtmalıyam – getdim. Ancaq evə 



getmədim. Elə ağlıma hara gəldi, ora getdim. Dedim, bir az gəzim ki, fikrim dağılsın. Ancaq çox 

gəzmədim. Nənəm evdə tək idi. Onunla da söhbət eləmək lazımdı, darıxır, axı!.. 

 

Geri qayıdanda, yel dəyirmanının yanında dayandım. Bir az dayanıb tamaşa eləyəndən sonra 



yenə yola düzəldim, dəyirmanda nə var axı, pərlərini fırladıb quyudan su çəkir... 

 

O qədər köhnəlib ki, cır-cır cırıldayır. Vaxtı çatıb, gərək dəyişdirib elektrik nasosu qoysunlar. 



Çoxu belə eləyib. Keçən il buna tamaşa eləmək heç ağlıma gəlməzdi. Axı burda tamaşa eləməli 

nə var ki! Belə yel dəyirmanlarından hələ on-on beş dənəsi qalıb. 

 

 

Bir gün Nailə ilə axşamüstü kənddən qayıdırdıq. Nailə bu dəyirmanı görən kimi yerindəcə donub 



qaldı. Nə qəşəngdi, dedi. Gəl, içəri girək. Girdik, içərisində elə bir şey yox idi, cırıldamasın! 

 

Dəyirman yır-yır yırğalanırdı. Deyirdin ki, indi yıxılar, bu saat yıxılar. İçəri girən kimi bir neçə 



yarasa yerlərindən qopub vurnuxmağa başladı. Nailə bunları da görəndə çox sevindi. Hətta nə 

qəşəngdir, dedi. Ona dedim ki, axı, deyirlər bunlar adamın saçına yapışır, özü də elə bərk yapışır 

ki, daha qopartmaq olmur, saçı kəsmək lazım gəlir. Bu, hamıya məlumdur. Mənə nə var, mənim 

saçım qısadır, amma onunku sıx və uzundur. Yarasaya da elə belə şey lazımdır. Birtəhər dilə 

tutub dəyirmandan çıxartdım. Amma nə olsun, hər dəfə yolu düşəndə Nailə bu dəyirmanın 

qabağında dayanıb tamaşa eləyirdi. Heç bilmirəm nə görmüşdü?! Nailənin saçlarından çox gözəl 

ətir qoxusu gəlirdi. Bu ətir hər dəfə burnuma dəyəndə nədənsə ürəyim sıxılırdı. Hətta bir az da 

qəmgin olurdum. 

 


 

244


Nənəm Kamil əmiylə mülayim dolanmağa başlamışdı. Bu, mənim ürəyimdən idi. Özü mənə bir 

söz demirdi, amma hiss edirdim ki, Kamil əmiyə ürəyi yanır. 

 

– Yeri, – deyə o, deyinə-deyinə məni yola salırdı, – yeri get, dostunu çağır, niyə tək-tənha oturub 



orda? 

 

– Mənə qulaq asmaz. – Özüm qəsdən belə deyirdim. Belə deyəndən sonra arvadın səsi dəyişirdi. 



 

– Get mənim adımdan çağır, deynən ki, nənəm səni şama çağırır. 

 

O, tərbiyəli adamdır, boyun qaçırmaz, bilər ki, xatirimə dəyər. 



 

Nənəm onu dəfələrlə çağırdı, amma Kamil əmi bizə ikicə kərə gəldi. 

 

Kamil əmi yeyirdi, nənəm də ona baxıb xəlvətcə köksünü ötürürdü. O gedəndən sonra mənə 



dedi: 

 

– Şər deməsən, xeyir gəlməz. Bəlkə də elə-belə lazımmış. Bir az xiffət eləyib sakit olar. O qız 



bunun tayı deyil. Belə xasiyyətli adam üçün başqa arvad lazımdı – əlli-ayaqlı, təmkinli. 

 

– Adilə kimi? 



 

– Adilə pisdi? 

 

– Nə deyirəm? Bilirəm ki, ondan xoşun gəlir. 



 

– Adilə... Heç bilirsən Zərifə kimə ərə gedib? 

 

– Mən hardan bilim? 



 

– Səhər əri ilə gəlmişdi. Gördüm ki, əvvəlcə Rəşidgilə girdilər, dedim Allahın işinə bax, gör necə 

tez yaddan çıxardıb. Sonra öyrəndim ki, əri Rəşidin uzaq qohumudur. Elə Rəşidgilin 

kəndindəndi. 

 

Bakıya bu yaxınlarda köçüb. İndi Zərifəgildə olur. Axı Şahlarbəydən çox böyük mənzil qalıb. 



Zərifə söyündüyündən daha yerəgöyə sığmır. Bircə dərdi odur ki, uşağı olsun. Çox arıqlayıb. 

 

– Bəs onlar bir-birini necə tapıblar? 



 

– Allah bilir. – Nənəm çiyinlərini çəkdi, – soruşmadım. Görünür, bir Allah bəndəsi tanış eləyib. 

Kim bilir, bəlkə də Adilənin, ya Rəşidin işidi. Daha küçədə tapışmayıblar ki... – İlahi, – deyə 

nənəm birdən-birə nəyi isə xatırlayıbmış kimi köksünü ötürdü, – bircə sənin toyunu görsəydim, 

heç dərdim olmazdı. Yox, o vaxtacan ömür aman verməz. Bir görəydim ki, sən kimi alacaqsan? 

 

Nənəm bu sözü deyəndən sonra elə özüm də fikrə getdim. Dedim, görəsən, mən kimi alacağam? 



Düzünü desəm, çox arvaddan xoşum gəlir. Bəlkə də həddindən artıq. Kinoda, teatrda gördüyüm 

arvadların hamısından xoşum gəlirdi. Xüsusilə aktrisalardan... Ancaq bu köhnə məsələdir. İndi 

evlənmək barədə fikirləşən kimi Nailə gəlib durdu gözümün qabağında. İstədim ki, mənim 

arvadım da Nailə kimi olsun. Onun kimi boylu-buxunlu, gözəl, o da Nailə kimi yaxşı rəqs 

eləməyi bacarsın. Onun saçlarından da o ətir qoxusu gəlsin. Bu barədə nə qədər çox 

fikirləşirdimsə, bir o qədər inanırdım ki, böyüyəndə Kamil əmiyə oxşayacağam. Bilmirəm, bu 

necə ola bilərdi. 


 

245


 

Soruşmağa da bir adam yoxdu. Yəqin Kamil əmidən də soruşmaq olmaz. Axır günlər hər axşam 

gəzməyə çıxsaq da, ondan belə şeylər soruşa bilmirəm. 

 

Özümüz üçün gəzirik, cürbəcür söhbətlər eləyirik, ya da ki, heç danışmırıq – elə bunun özü də 



mənə xoşdur. Bir gün mənə dedi ki, Rəşid ona bağı satmağı təklif eləyir. Yaman dilxor oldum. 

Dedim elə bircə bu çatmırdı, bircə o qalmışdı ki, Kamil əmi də çıxıb getsin. 

 

– Heç bilirsən, nə qədər pul təklif elədi? – Kamil əmi gülümsünərək sözünə davam etdi. – Başını 



sındırma, onsuz da tapa bilməyəcəksən. 

 

Pulun qədərini deyəndə, təəccübümdən az qaldım yıxılam. 



 

– Bu qədər pulu hardan alır? 

 

– Görünür, səksən-doxsan ildir ki, yığır. – Kamil əmi gülümsündü: 



 

– Axı o, heç pul xərcləmir. Xərci bircə ailəsinə, maşınına, bağına çıxır. Maaşının qalan hissəsini 

aybaay yığır. Deməli, kişi yığıb da! Bilirsən maaşı da nə qədərdir? Yüz altmış manat... Belə 

fürsəti əldən vermək olmazdı. Amma rədd elədim. Deyirəm, bir az da bərkə çəksəydim qiyməti 

qaldırardı. Sən necə bilirsən? 

 

– Məgər bir adam iki bağ saxlaya bilər? 



 

– Bacaran adam saxlayar. Mənə dedi ki, ikinci bağı bacısının adına saldıracaq. Əzizim, sən heç 

narahat olma: nigaran-zad qalma, onlar qanunları hüquqşünaslardan da yaxşı bilirlər. Düzünü 

desəm, ürəyimdə Rəşidə çox sağ ol, deyirəm, axı, mən Bakıdan çıxıb getmək istəyirdim. Lap 

yerli-dibli. Belə bir fikrim var idi. Elə gedəcəkdim də! Rəşid olmasaydı da gedəcəkdim! Mənə əl 

tutmaq üçün bağı satmağı təklif elədi. 

 

Birdən ürəyimdən keçdi ki, nəinki mənim bağımı, hətta bağların hamısını parça-parça alacaq... 



Fikrimi ona bildirdim. 

 

Qətiyyən incimədi. Dedi ki, əsəbiləşmə, xahiş edirəm heç hirslənmə. Bağ nədi, zad nədi. Adamın 



canı sağ olsun. Başa düşdün? Polad kimi adamdı, bizim tayımız deyil! 

 

O, son zamanlar az-az xiffət eləyirdi. 



 

Nailə gedəndən sonra Kamil əmi yaman dəyişmişdi. Qaşqabaqlı, qaradinməz olmuşdu, yaman da 

arıqlamışdı. Elə əvvəllər də işləməkdən rahatlıq bilmirdi, indi heç makinadan ayrılmırdı. 

Şəhərdən gələn kimi, görürdün onca dəqiqədən sonra makinanı taqqıldadır. 

 

Yanına da gələndə başınıca tərpədib deyirdi: “Salam, otur, bu saat qurtarıram” – qurtarmaq nədi, 



elə hey işləyirdi. Kamil əmi makinada yazanda nə isə pıçıldayırdı, nə qədər qulaq asırdımsa heç 

nə eşitmirdim. Bircə onu görürdüm ki, dodaqları tərpənir. Görünür, özü deyir, özü də yazır. Üzü 

rəngdən-rəngə düşür. Gah qayğıkeş, gah hiyləgər olur. 

 

Bir dəfə hətta gözlənilmədən qəhqəhə çəkib güldü. Kənardan baxan olsaydı deyərdi ki, kişinin 



başına hava gəlir. Amma indi gülmürdü. Qaşlarını düyünləyib yazırdı. Həyatımda rast gəldiyim 

qadınların hamısından çox Nailəni xoşlayırdım. Ancaq Kamil əmiyə baxanda hiss eləyirdim ki, 

Nailəyə olan münasibətim yavaşyavaş dəyişir, pisləşir. Məgər o, Kamil əminin necə dərd 

çəkdiyini, əzab çəkdiyini başa düşmür?! 



 

246


 

– Kamil əmi, bəlkə onun dalınca gedəsiniz? 

 

Bunu deyəndə mənə elə gəldi ki, o da bu barədə fikirləşirmiş. 



 

Çünki bir saniyədə, ləngimədən cavab verdi: 

 

– Mən niyə onun dalınca gedim? Məgər təqsirim-zadım var?! 



 

Heç yana getməyəcəyəm! – Özü də bu sözləri çox acıqla dedi. Mənə də təəccüblə baxdı. 

Görünür, belə şeyi məndən gözləmirdi. Yenə də işinə davam elədi. 

 

Oturub televizora baxırdım. Bir də gördüm ki, makinanın səsi kəsildi. Otağa sakitlik çökdü. Ona 



tərəf döndüm. Kamil əmi dedi: 

 

– Xahiş eləyirəm, bir də mənim yanımda onun adını çəkməyəsən, yaxşı? 



 

269 * * * ...Birdən suda nə isə çırpındı. Ləpə şappıltı ilə qayanın üstünə sıçradı. 

 

Birini də çıxartdı ki?! Ay balam, bu nədi? Əvvəlkindən də böyükdü? 



 

Bu dəfə Vasif heç yerindən də tərpənmədi. Oğlanın çıxartdığı ikinci nərəyə mat-mat baxırdı. 

Ayağa qalxıb ona kömək elədim. 

 

Balığı birtəhər vedrəyə yerləşdirdik. İndi vedrədən iki quyruq görünürdü. Özü də “görünür” 



demək az idi. Quyruqlar elə yellənirdi ki, deyirdin vedrə indi qanad açıb uçacaq. Üstündən basıb 

güclə saxlayırdıq, yoxsa nərələr çırpınıb vedrədən çıxardı. Sonra bu matros paltarı geymiş 

balıqçı yenə də məndən xahiş elədi ki, (doğrudan da “xahiş eləyirəm” dedi) balıqları beləcə 

saxlayım. Özü də vedrəni kətanla örtdü, üstündən də daş qoydu. Ancaq bundan sonra nərələr 

sakitləşdilər. Vasifin səsi çıxmırdı. Düzünü desəm, elə mən də danışmırdım, yəqin özümü 

itirmişdim. Mənim yerimdə kim olsaydı, özünü itirərdi. Yarım saatın içində tilovla iki nərə balığı 

tutmaq olar? Bunu Qayalıda kimə desən gülər. Qarmağı atdım. 

 

Dedim bəlkə mənim də bəxtim gətirdi, balacası da olsa, bir nərə balığı mənim də qarmağıma 



düşdü. Oldu, oldu də! Oğlan yenə mənə tərəf döndü: “İcazə olar, soxulcan götürüm?” Vasifin 

soxulcan bankası ona daha yaxın idi. Amma ordan götürmürdü, məndən istəyirdi. Görəsən o da 

uydurmalara inanır? Yaxınlaşıb soxulcan götürdü. Əvvəlcə “sağ ol” dedi, sonra da qarmağa 

keçirib üstünə tüpürdü. Bəlkə bunun tüpürcəyində elə sirr var ki, dadı nərələrin xoşuna gəlir? 

 

Vasifə dedim: 



 

– Hə, indi bizim növbəmizdi, birinci sən başla. Mənim sözlərimə heç əhəmiyyət vermədi. Tilovu 

kənara qoyub o oğlana yaxınlaşdı. 

 

Dedi: 



 

– Dur ayağa görüm! – Oğlan əvvəlcə Vasifə, sonra da mənə baxdı. Öz-özümə deyirdim, axı bu 

Vasif nə istəyir ondan? 

 

– Niyə durum? 



 

– Dur deyirəm. 



 

247


 

– O, Vasifin səsindən başa düşdü ki, mübahisə yeri deyil. Tilovu yerə qoyub qalxdı. 

 

– Hə, durdum. 



 

– Bilirsən nə var, tilovunu da yığışdır, daha balıq tutma, hələlik bir qıraqda otur, sonra baxarıq. 

Başa düşdün? 

 

– Boş oturmaq istəmirəm. Balıq tutmaq istəyirəm. 



 

– Kişisən tut! Tut də! 

 

– Bura bax, – o mızıldandı. – Axı bu, düzgün iş deyil. Başa düşürəm nə istəyirsən. Mən iki nərə 



tutmuşam. Mane olma, qoy birini də tutum. Hərəyə biri düşər. Düz demirəm? 

 

Nədənsə əməlli-başlı inandım ki, o, üçüncünü də tutacaq. 



 

Dönüb mənə sarı baxdı. Yəni düz deyirəm, ya yox? Əlbəttə, düz deyirsən. Daha buna şəkk-şübhə 

ola bilməz ki! 

 

– Eşitmirsən, – Vasif qışqırdı və o da mənə baxdı, – Görmürsən ki, qayaların dibindən nərə 



sürüsü keçir? Bu tip olmasaydı, özümüz tutardıq! Başa düşmürəm bizi dolayıb, yoxsa özünü? – 

Birdən dəli kimi qışqırdı: – Çəkil deyirəm! 

 

– Çəkilib-eləməyəcəyəm! Tutacağam! 



 

Tutaşdılar. Əvvəlcə Vasif onun üstünə cumdu. Dedim, Vasif indi onu əzişdirəcək. Amma tərsinə 

oldu. Sən demə, bu oğlan vuruşmağı da yaxşı bacarırmış. Lap qayanın qaşında vuruşurdular. 

Dedim, bu saat ayaqları sürüşüb dənizə yıxılacaqlar. Burdan lap bilə-bilə tullansan, yenə 

qorxuludur, o ki qalmışdı gözlənilmədən yıxılasan. 

 

Özü də başı üstə! Qalxıb onlara sarı yüyürdüm. Özünü itirdi, qorxduğunu gözlərindən oxudum. 



Yəqin elə fikirləşirdi ki, birləşib onu döyəcəyik. Daban alıb qaçdı. Özü də yaman qaçırdı. Yetişib 

Vasifi yaxaladım. Oğlanın dalınca qaçmağa qoymadım. 

 

– Neynirsən? Dəli olmusan? Nə istəyirsən ondan? Nə günahı var onun – Deməyinə deyirdim, 



ancaq hiss eləyirdim ki, bu sözlərin mənası yoxdur. Vasif lap özündən çıxmışdı. 

 

– Əclafın biridi. Bizim nərələri tutdu. Nə qədər zəhmət çəkmişik. 



 

Amma bu hazırına gəlib çıxdı. 

 

Bir andaca Vasifdən zəhləm getdi. 



 

– Mənim dalımca gəlmə, gedib onu çağıracağam. Bir də onunla işin olmasın, səndən çox xahiş 

eləyirəm! 

 

Qayaların arasıyla yüyürüb açıqlığa çıxdım. Amma onu görmədim. 



 

Dumandan heç nə seçilmirdi. Elə bil adam süd qabındaydı. 

 


 

248


Görəsən hansı tərəfə qaçdı? Bəlkə mən ayrı tərəfə qaçıram? Yüyürə- yüyürə qışqırırdım: “Oğlan, 

ay oğlan!” Adını da bilmirdim. O qədər yüyürdüm, o qədər qışqırdım ki, boğazım qurudu! 

Cürbəcür adla çağırdım – “oğlan” da deyirdim”, “matros” da deyirdim, amma hay verən olmadı. 

Qayıdanbaş ayağım sürüşdü, dizimi də yaraladım. 

 

Ağrıdan az qala ulayacaqdım. Özümü birtəhər sahilə çatdırdım. Elə yorulmuşdum ki, böyrüm 



sancırdı. Gördüm Vasif vedrələrin yanında dayanıb, kətanı açıb nərələrə tamaşa eləyir. 

 

– Tapa bilmədim, – deyə hayıfsılandım. – Heç yaxşı iş tutmadın. 



 

– Əşi, qoy cəhənnəm olsun, gör nəyin fikrini eləyir. Nərələr ki, bizə qaldı! 

 

Bunu eşidəndə vedrəyə elə bir təpik vurdum ki, nərələr qarışıq dənizə yumalandı. Heç özüm də 



bilmədim niyə elədim. Vasif vedrənin dalınca baxıb, birdən üstümə cumdu... Bu da bizim balıq 

tutmağımız. Vasifin burnu partladı, mənim də dodağım qanadı, köynəyim də göbəyiməcən 

cırıldı. Hələ üstəlik dizim də göynəyirdi. 

 

Əl-üzümüzü yuyub şeylərimizi yığmağa başladıq. 



 

Vasif yerdəki iki balaca balığı götürdü. – Biri külmə idi, biri də xul balığı. O, nərələrə tamaşa 

eləyəndə bu balıqları götürüb yerə qoymuşdu. Vasif onları sapa keçirtdi, köksünü ötürüb dedi: 

 

– Sən saydığını say, gör fələk nə sayır... 



 

Hirsim soyumuşdu. Bu sözlərindən sonra Vasifə lap yazığım gəldi. Demək olar ki, qapıyacan 

danışmadıq. 

 

– Onların hərəsinə on beş manat verdilər, ən azı... – deyə Vasif dilləndi. – Elə bu gün qayığı ala 



bilərdik. 

 

– Gələn il alarıq. – Mən qapıdan içəri girdim. – Alarıq, nigaran qalma, hələlik... 



 

Adilə bizdə idi. Nənəmlə oturub yarpaq dolması bükürdü. Məni görən kimi ikisi də sevindi. 

Əlimə bir qab verib düyü dalınca göndərdilər. 

 

Tapşırdılar Rəşidə deyim ki, xörəyi bizdə yeyəcək, gecikməsin. 



 

Onların eyvanına qalxdım. Gördüm Rəşid dostu ilə oturub söhbət eləyir. Nə üçün gəldiyimi 

biləndə dedi, – get mətbəxdə düyünü özün axtar, gör şkafdadır? – özü də söhbətinə davam elədi. 

Söhbət də, deyəsən çox şirindi. Dostlarından birini yağlı bir yerə qoymuşdular. 

 

Belə ləyaqətli adamın bu cür yaxşı yerə qoyulması ürəklərindən idi. Üzlərindən, gözlərindən də 



görünürdü. Hər ikisinin kefi kök, damağı çağ idi! Çoxdan fikir vermişdim: Rəşidlə dostları 

demək olar ki, həmişə eyni şeydən danışırdılar – kimi hansı qulluğa qoyublar, ya qoyacaqlar, ya 

da əksinə, kimi hardan çıxardıblar... 

 

Onları tanımayan adama belə söhbətlər mətləbsiz görünə bilərdi. 



 

Deyə bilərdilər ki, boş-bekar adamlardır, veriblər özlərini kölgəyə, gəvəzələyirlər. Nabələd 

adama belə gələrdi. Amma əslində belə deyildi. Onların söhbətinə qulaq asanda mənə elə gəlirdi 

ki, çətin bir tapmaca, mürəkkəb bir məsələ həll eləyirsən. Əvvəllər nə qədər cavabını tapmağa 



 

249


çalışırdımsa bir şey çıxmırdı. Ancaq bir azdan yavaş-yavaş bu söhbətin sirrini açdım və 

tapmacanın cavabını da tapmağa başladım, həmişə yox, bəzən. 

 

Elə bunu götürək: dostlarından birini tramvay-trolleybus parkına işlər müdiri təyin eləmişdilər. 



Bunlar da çox sevinirdilər. Təkcə ona görə yox ki, o adam, bunların dediklərinə görə, ləyaqətli 

adam idi, bir də ona görə sevinirdilər ki, məsələnin bunlara da xeyri var. 

 

Öz-özümə fikirləşirdim, görəsən bunun bunlara nə xeyri? Axı həmin işlər müdiri onlara tramvay, 



trolleybus bağışlamayacaq ki! 

 

Tramvay parkına ekskursiyaya da getməyin bir mənası yoxdur... Özü də park lap şəhərin 



kənarındadır, ora getməyin marağı-filanı yoxdu. 

 

Düz deyirəm, ya yox? Amma əslində belə çıxırdı ki, xeyri var. 



 

Əvvəla, ona görə ki, Rəşidin dostlarından birinin qardaşı oğlunu həmin parka işə düzəldəcəklər. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin