Yəqin ki, bunu rəngarənglik xatirinə eləmişdilər:
bir yerdə güllələnmə, o biri yerdə ölüm cəzası. “Tod”, ya da “Erschie Ben”. Bəlkə də ölüm
cəzası deyəndə güllələnmək yox, adam öldürməyin başqa üsulu – dar ağacından asmaq və ya
boynunu vurdurmaq – nəzərdə tutulurmuş. Özü də gör nəyə görə?! Fikir- ləşəndə adam az qalır
dəli olsun; kommunisti və ya döyüşçünü gizlətməyə görə. Partizanlarla əlaqə saxlamağa görə.
Almaniyaya getməkdən boyun qaçırmağa görə. Deməli, biri evində öz yaralı yoldaşını
gizlədirmişsə, onu güllələyirlərmiş. Bəs o gizlətməyib, neynəməliymiş? Gərək sataymış, hə?
Doğrudanmı, bu kitabçanı tərtib eləyənlər başa düşmürlərmiş ki, belə şeydən ötrü adam
öldürmək olmaz? Axı bu kitabçanın hər səhifəsində insanın eləyə biləcəyi bütün yaxşılıqlar
ölümlə hədələnirdi. Deməli, yaxşılığa ölüm, hə?!..
Heç təsəvvür eləyə bilmirəm ki, ölüm nə olan şeydi. Bilməyinə bilirəm ki, hamı axır bir gün
ölür, ancaq heç cür inana bilmirəm ki, bir gün mən də öləcəm. Hər şey olduğu kimi qalacaq, bir
mən olmayacağam. Bunu gözümün qabağına gətirməyə çalışıram – hər şey yaxşı alınır, bircə
ölümü təsəvvür eləyə bilmirəm. İnana bilmirəm, vəssalam. Bir də bu həyatda olmayacağım günü
təsəvvürümə gətirə bilmirəm. Çox qəribə işdi.
Kəmalə mənə sarı süründü, uşaq kimi başımı qucaqladı və soruşdu:
– Bərk ağrıyır?
Başımı buladım. Hələ də danışmağa çətinlik çəkirəm, ağzımı açanda çənəm sancır.
– Hamımız öləcəyik burda, – Kəmalə dedi. – Və heç kəs heç vaxt bizi tapmayacaq. – Bu zaman
onun sifəti tamam sərtləşdi, sanki qəti inanmışdı ki, bizi daha heç nə qurtara bilməz.
...Yuxudan ayılanda bilmədik ki, səhərdi, yoxsa gecə, lap elə günorta da ola bilərdi. Çünki
Kəmalə saatını qurmamışdı. Yadından çıxmışdı. Onsuz da indi bunun əhəmiyyəti yox idi.
Yerimizdən durmağa da ərinirdik. Yaxşı ki, aclığımız tamam keçmişdi, heç yadımıza da
düşmürdü. Amma yaman zəifləmişdik.
Kəmalə lap heydən düşmüşdü, gözləri açıq olsa da, başa düşmürdün ki, yatıb, yoxsa lal-dinməz
uzanıb. Yaman yazığım gəldi.
360
Bax, indi bildim ki, onu sevirəm. Əvvəl də ağlıma gəlmişdi, ancaq indi buna qəti inandım.
Kəmaləyə qədər çoxuna vurulmuşam. Elə ki, kinoya və ya teatra gedirdim, mütləq birinə
vurulmalı idim. Amma bu sevgimin ömrü çox qısa olurdu: ancaq iki-üç gün davam edirdi.
Bir dəfə hətta bircə gün çəkib. Kitabdakılara da tez-tez vurulurdum.
Hamıdan çox kraliça Marqoynan madam Bonasye xoşuma gəlirdi. Xəyalən onların yanında
olmaq mənə ləzzət eləyirdi. Özü də xəyala dalanda özümü üçüncü şəxs kimi fikirləşirəm.
Xəyalən də olsa, heç vaxt: “Mən gedib o gözəli xilas eləyirəm” – demirəm, nədənsə! “O gedir o
gözəli xilas eləyir” – deyirəm. Ayrı cür, nə qədər eləyirəm, bacarmıram. Xəyala dalanda özüm
barədə həmişə üçüncü şəxs kimi fikirləşirəm. Yəqin buna bişmiş toyuğun da gülməyi tutar,
ancaq nə gizlədim, bir dəfə hətta İfritəyə də vurulmuşdum.
Canım haqqı, düz deyirəm. Vurulmuşdum, vəssalam.
Yalnız bu gün başa düşdüm ki, bunların hamısı boş şey imiş.
Kəmaləni sevdiyim qədər heç kəsi sevməmişəm. Hələ istədim özünə də deyəm. Deyəcəkdim də,
nədənsə indi nə Əlidən utanırdım, nə də Sabirdən. Birdən ən çox sevdiyim bir şeir yadıma düşdü
və onu Kəmaləyə söylədim. O da axıracan qulaq asdı, amma bir söz demədi. Soruşdum ki,
xoşuna gəlmədi, o dedi ki, “niyə, pis deyil, şeirdi də”. Bu da mənim yaman xətrimə dəydi,
“xoşuma gəlmir” desəydi bundan yaxşıydı. Bir də ki, nə dəxli var, bu şeir, hökmən hamının
xoşuna gəlməməlidir ki! Ancaq nə isə, mən elə bildim Kəmalənin xoşuna gələcək.
Afərin Sabirə, vallah! Bizdən az zəifləməmişdi, amma yenə o, əlayaq eləyirdi. Xahiş elədi ki,
durub bir yerdə daldalanaq, çünki bir də o andıra qalmış dəmir darvazanı partlatmaq istəyir. Bu
dəfə qumbaranı çox eləyəcək. Yenə də komendantın kabinetinə yolladıq, bu dəfə yol bizə yaman
uzun gəldi. Ora çatanda nəfəsimiz kəsilmişdi.
Elə bil sıldırım qayaya dırmaşmışdıq. Əli yenə də Sabirnən getmək istədi, elə durmaq istəyirdi
ki, birdən günahkar adam kimi gülümsündü və yerə çökdü. Başa düşdük ki, tay gücü qalmayıb.
Bu partlayışın da səsi elə əvvəlki kimi çıxdı. Sonra bildik ki, altı qumbaradan biri partlayıb.
Yəqin o biriləri xarab imiş. Yenə də xeyri olmadı. Xeyir nədi, əksinə, həm də zərər çəkdik.
Siftə heç nə başa düşmədik. Kabinetdə oturub Sabiri gözləyirdik.
Nə qədər vaxt keçdi, bilmirəm, o hələ də gəlib çıxmamışdı. Deyən, hamımız mürgüləmişdik. Bir
də ayıldım ki, Sabir hələ də yoxdu, tez otaqdan bayıra çıxdım. Kəmaləynən Əli də dalımca. Sabir
gözə dəymirdi. Ancaq onda başa düşdük ki, nə isə bədbəxt hadisə olub.
O, zirehli avtomobilin dalında uzanmışdı, qan içindəydi. Siftə elə bildim ölüb, ancaq əlimizi
vuranda bərk zarıdı. Qumbara qəlpəsi dirsəyindən azca yuxarıda ətini qoparmışdı. Əli qanı görən
kimi səndirlədi, yerə çökdü. Kəmaləni əsməcə tutdu, dişi-dişinə dəydi.
Əyilib yaraya baxdım, mənə elə gəldi ki, çox dərindi, bəlkə də lap sümüyə çatıb. Köynəyimi
çıxardım, ondan bir şırım cırıb Sabirin qolunu yaradan bir az yuxarı bərk-bərk bağladım.
Hardasa oxumuşdum ki, bu yolla qanı dayandırmaq olar. Bağlamağına bağlamışdım, amma
gördüm ki, heç kəsənə oxşamır. Birdən ağlıma gəldi ki, yəqin gücüm çatmayıb, bərk sıxa
bilməmişəm. Yaxşı ki, Kəmalə kömək elədi. Hələ də əlləri əsir, dişləri şaqqıldayırdı, ancaq
afərin ona, yaman dadıma çatdı. Qan dayandı və biz yaranı sarıdıq. Amma özümüz də yaxşı
361
bilirdik ki, kirli köynək cırığıynan bağladığımız bu sarğının elə bir faydası olmayacaq. Bəlkə də
əksinə, ziyan elədi.
Özümüzə də zirehli avtomobilin yanında yer saldıq. Pul bağlılarını ora daşımağa azı bir saat vaxt
sərf elədik. Daşıyıb qurtarandan sonra tamam əldən düşdük. Sabir siftə sakit idi, birdən
sayıqlamağa başladı. Bir-bir adlarımızı çəkirdi, hamıdan da çox mənim. Bir də tez-tez anasını
çağırırdı. Özünə gələndən sonra isə elə hey su istədi. Növbə ilə ona su daşıdıq. Daha skeletlərdən
qorxmurdum, su gətirməyə gedəndə əvvəlki kimi, dolayı yolla yox, düz onların böyründən keçib
gedirdim. Özüm bilirəm ki, o vaxt mənə elə gəlirmiş, amma hər dəfə onların yanından keçəndə
üzümə baxıb gülürdülər.
O gecə yuxuma da girdilər, elə yerə uzanan kimi. Bir də o danışıq kitabçası, içindəki müdhiş
hədə-qorxularnan bir yerdə. Gördüm elə hey oxuyuram, heç cür ondan əl çəkə bilmirəm. Yuxuda
da təəccüb eləyirdim ki, niyə bu kitabçada hər şeyə görə, adama ölüm düşürmüş...
Özü də yaxşı şeylərə görə.
Sonra ölməyə başladıq. İndi öz ölümümü də təsəvvürümə gətirə bilirəm. Hər şey necə var elə
qalacaq, bircə mən olmayacağam.
Birdən-birə bu necə alındı, birdən-birə necə dəyişdim, özüm də baş açmıram, ancaq bir onu
dəqiq bilirəm ki, mən də ölə bilərəm.
Uzanılı fikir məni götürmüşdü. Elə şeylər fikrimdən çıxmırdı ki, əvvəllər heç eynimə də
gəlməzdi. Axı əvvəllər ölüm barədə heç düşünməmişdim. Niyə də düşünəydim? Tanıdığım
adamlardan tək bircəciyi, Nailə adlı bir qız ölüb. Bizim küçədə yaşayırdı. Maşın vurmuşdu.
Dəfninə bütün küçə yığılmışdı. Uşaqların hamısına əklil payladılar. Biz onları addım-addım
tabutun dalınca aparmalıydıq.
Ancaq bizi qəbiristanlığa buraxmadılar. Nərimanov prospektinə çatanda evə qaytardılar. Yəqin
hamı ağlaşırdı, ona görə də böyüklər istəmirdilər ki, uşaqlar bunu görsünlər. Nailənin anası
özünü öldürürdü, amma atası ağlamırdı. Tabutun dalınca birinci o gedirdi.
Qonşularından ikisi qoluna girmişdi. Atası arabir soruşurdu: “Necə olub axı bu? Bu nəydi
başımıza gəldi?” Ancaq heç kim ona cavab vermirdi. Mən də öz-özümə fikirləşirdim:
“Doğrudanmı bir də Nailəni görməyəcəyik?” Belə şey olar görən? Hələ onda, dəfn günü, bir gün
öləcəyimi təsəvvürümdə canlandırmağa çalışmışdım, amma heç nə alınmamışdı. Elə bil başım
xarab olurdu, daha doğrusu, öləcəyimi və bir də bu dünyada mən adda adam olmayacağını
təsəvvürümə gətirməyə başlayan kimi, işləmirdi, dayanırdı. Hətta bu qədər sadə bir şeyi
bacarmadığıma görə, özümə acığım da tuturdu. Əvvəlcə, hər şey yaxşı alınırdı, lap dəfnimi də,
ağlaya-ağlaya qəbiristanlığa yollanan adamları da gözümün qabağına gətirə bilirdim, amma elə
ki, tamam yox olacağımı, nə eşidə, nə də görə biləcəyimi təsəvvürümə gətirmək istəyəndə hər
şey pozulurdu. Nə qədər eləyirdim bir şey çıxmırdı. Amma indi hiss eləyirəm ki, belə şey ola
bilər. Heç bu barədə düşünmək fikrində də deyildim, amma hiss elədim.
Hamımız dinməzcə uzanmışdıq, bircə Sabir zarıyırdı. Ayıq olanda o da dinmirdi, ancaq gözünə
yuxu gedən kimi başlayırdı zarımağa. Qolu yaman şişmişdi, elə bil üfürüb doldurmuşdular.
Qızdırmadan od tutub yanır, qıpqırmızı qızarmışdı. Yarasını sarımışdıq.
Amma bunun xeyri az idi, get-gedə qaralırdı. Başa düşdük ki, dava-dərmansız hökmən
hovlayacaq.
362
Uzanıb fikirləşirdim ki, bu andıra qalmış yarığa girməsəydik, heç bu bəlaya da düşməzdik. İndi
hamımız Bakıdaydıq, bəlkə də məktəbə gedirdik. Məktəbi, evimizi bu qədər şirin-şirin
xatırladığıma özüm də təəccüb qaldım. Əvvəllər heç oralarda elə bir şirinlik duymamışdım. Hər
şeydən çox anamla atam yadıma düşürdü, cürbəcür hadisələri, özü də əlamətdar yox, ən adi
hadisələri xatırlayırdım, məsələn, bir dəfə məktəbdən gələndə anam pilləkəndə dayanıb
gülümsünə-gülümsünə məni gözləyir və ya axşam oturub televizora baxıram, anam atama nə isə
deyir, heç nə dediyini də bilmirəm, amma heç demə, hamının bir yerdə olmağı çox yaxşı şeymiş,
hətta toy-bayram olmasa da. Bütün bunları xatırlayanda qəhər məni boğdu və yenə kitabçanı
götürüb vərəqləməyə başladım.
Bu kitabçada bir şey məni yaman narahat edirdi, amma nə? Heç cür anlaya bilmirdim.
Soruşsalar, sətirbəsətir əzbər deyərdim. Nəyə görə adama ölüm cəzası, lap istəsən nəyə görə dar
ağacından asılma, nəyə görə güllələnmə düşdüyünü dəqiq deyə bilərdim. Özüm də duymuşdum
ki, o vaxtlar əgər insan ancaq özünə yaxşılıq eləyirmişsə, deyək ki, biri kommunist və ya qızıl
əsgər olduğu üçün almanlardan gizlənirmişsə, onu güllələyirlərmiş, yox əgər başqasına yaxşılıq
eləyirmişsə, yəni yaralını öz evində gizlədirmişsə və ya partizanlara kömək edirmişsə, asırlarmış.
Bunları oxuyanda belə adamın canına üşütmə düşür. Neçə dəfə oxusam da heç cür öyrəşə
bilmirdim. Hər dəfə bu hədə-qorxudan yaman vahiməyə düşürdüm.
Və bir də hiss eləyirdim ki, bu kitabçayla bağlı nə isə mühüm bir şey olmalıdı, ancaq onun nə
olduğunu heç cür dərk edə bilmirdim.
Yalnız hiss eləyirdim.
Əli durub su gətirməyə getdi. Addımlarını çox ləng atır, sərxoş adam kimi ayaqları bir-birinə
dolaşırdı. Hamımıza flyaqada su gətirdi. Əvvəlcə verdik Sabir doyunca içdi, sonra Kəmalə bir-
iki qurtum aldı. Mən də içdim, o saat da qarnım sancdı, amma artıq buna öyrəşmişəm, bir qurtum
içən kimi, adamın qarnı ağrımağa başlayırdı.
Ona görə də çalışırdıq mümkün qədər gec-gec, lap dözə bilməyəndə içək. Əli yanımda
oturmuşdu, sifəti ağappaq ağarmışdı.
Birdən məndən soruşdu:
– Biz də bu skeletlər kimi, burda qalacayıqmı? – O başı ilə skeletləri göstərdi.
Kəmalə bunu eşidən kimi hönkürdü. Başını çiynimə qoyub ağladı, guya mənim ona bir
köməyim-zadım dəyə bilərdi.
Mənə isə hər şey ovcumun içi kimi aydın idi. Bu skeletlər kimi, biz də həmişəlik burda qalıb
çürüyəcəyik. Heç kim bir vaxt bizim burda olduğumuzdan xəbər tutmayacaq. Lap min il keçsə
də heç kim bilməyəcək ki, biz burda tamam havayı yerə ölmüşük. Və bunlar kimi, biz də skeletə
dönəcəyik. Ancaq bir şey var ki, biz bura təsadüfən düşmüşük, amma onlar özləri girib, özü də
sağ-salamat çıxıb gedə bildikləri halda, özləri bir-birini qırıblar. Bir də ki, bu cür kitabça
çıxardan adamlardan bundan artıq nə gözləyəsən?! Bəlkə də hər şeyə görə, adam öldürməyi elə
bunlardan biri uydurub. Siftə başqalarını öldürüblər, sonra da növbə özlərinə çatıb.
Bu fikirlər məni rahat buraxmırdı. Bu fikirlər, bir də nə isə başqa şey. Məndə bəzən belə hallar
olur ki, bir də görürsən fikir məni aparıb, amma nə fikirdi, başa düşə bilmirəm. Amma onda
bəlkə də ona görə, dərhal başa düşə bilmədim ki, Kəmalə ağlayaağlaya məni qucağından
buraxmırdı. Qorxudan gözləri hədəqəsindən çıxmışdı və mən birdən dedim:
363
– Sən qorxub-eləmə, Kəmalə, onsuz da burdan çıxacağıq, – bir yandan bunu dediyimə görə,
özümdən xoşum gəldi, çünki o yaman sevindi buna, vallah, düz sözümdü, elə indicə qorxudan
gözləri bərələ qalmışdı, elə bil onu vuracaqdılar, amma mən bu sözləri deyəndən sonra gördüm
ki, rəngi açıldı, gözləri güldü.
O saat mənə inandı və dedi:
– Doğrudan? Sən heç siftə belə demirdin? Demirdin ki, çıxa bilərik! – Elə baxırdı ki, elə bil hər
şey məndən asılıymış, o biri yandan da Kəmaləni bu cür havayı yerə aldatdığıma bərk peşman
oldum.
Ən təəccüblüsü də buydu ki, Əli də mənə inanmışdı. O da sevincək məndən soruşdu:
– Deyəsən, bir şey fikirləşib tapmısan? – Və onun da gözləri güldü. Kəmaləninki kimi. Artıq iş-
işdən keçmişdi. Heç nə eləyə bilməzdim, ona görə dedim ki, hə, tapmağına tapmamışam, amma
gərək ətraflı götür-qoy eləyəm.
Sonra bizi yuxu apardı. Sabir yaralanan gündən bəri son üç günü elə hey yatmışıq, ayılanda da
bir-iki saatlığa ayılır, sonra bir də yatırdıq.
Bu andıra qalmış kitabça yuxuda da məndən əl çəkmirdi. Elə bil beynimə həkk olub! Yatanda da,
duranda da, elə hey onu fikirləşirəm, nə isə var onda, yaxamı rahat buraxmır, amma nədi? – heç
cür anlaya bilmirəm. Sətirbəsətir gözümün qabağından çəkilmir. Ən qəribəsi də budu ki, tək
rusca yazılanları yox, almanca yazılanları da. Almanca bir kəlmə də bilmirəm, amma sözlər,
xüsusən də “Tod” və “Erschie Ben” gözümün qabağından getmir. Yəqin ona görə ki, o kitabçada
bu sözlərə tez-tez rast gəlirdim. Artıq mətnə görə müəyyən eləmişdim ki, onlar “asmaq”,
“güllələmək”, “öldürmək” deməkdi.
Hələ yuxudan ayılmamışdım, birdən qışqırıq səsi eşitdim. Ayılanda gördüm qışqıran Sabirdi. O
yerindən dik atılıb, nə isə qışqırırdı, amma anışdıra bilmirdim. Gözlərini bərəldə-bərəldə adama
baxsa da xeyri yox idi, heç birimizi tanıya bilmirdi. Ayaq üstə dayanıb xırıldaya-xırıldaya nə isə
qışqırırdı. Bir sözünü də anlamaq olmurdu. Bu da bir cür sayıqlamaydı. Üçlükdə onu birtəhər
yerə uzatdıq. Bütün bədəni od tutub yanırdı, hətta dodaqları da qaralmış, çat-çat olmuşdu. Ona su
verdim, sonra bir qədər də mızıldandı və nəhayət, yuxuya getdi.
Burdan beləsini pis xatırlayıram. Nə qədər vaxt keçdiyi də yadımda qalmayıb. Ayıldım, baxdım
ki, hamı uzanıb, ən uzaqdakı şamdan savayı hamısı sönüb, o da qurtarhaqurtardadır, görünür,
çoxdan bəri heç birimiz oyanmamışıq və ona görə də şamları təzələyən olmayıb.
Durub şam dalınca getdim. Mən uzandığım yerdən çox da uzaq deyildi, ancaq gördüm ki, onlara
çatanacan mənimki mənə dəyəcək.
Yolda üç dəfə dayanıb nəfəsimi dərdim, oturmağa qorxurdum, qorxurdum ki, otursam qalxa
bilməyəm.
Şamı alışdırdım, ancaq onu yerə qoyub o birilərini yandırmaq əvəzinə durduğum yerdə fikrə
getdim. Əlimdə yanar şam oradaca xeyli dayanmalı oldum, çünki fikrimi güclə bir yerə yığa
bilirdim.
Güclə, yavaş-yavaş və birdən hər şey dağılırdı, təzədən başlayırdım.
364
Bir də ona görə çətin idi ki, “Tod” sözü yaman mane olurdu mənə. Gözümün qabağından
getmirdi ki, getmirdi. Bir xeyli beləcə durandan sonra yerimdən tərpəndim.
Amma uşaqlar yatan yerə sarı yox, tamam əks tərəfə. Beynimə səs düşmüşdü: “Tod” sözü hələ
də yaxamdan əl çəkmirdi, amma yenə də fikrimi bir yerə cəmləşdirməyə çalışırdım.
Yəqin ki, çox ləng gəlmişdim, çünki komendantın otağına keçmək üçün dəhlizə girəndə gördüm
əlimdəki şamın yarısı gedib və ağlıma gəldi ki, bəlkə geri qayıtmağa çatmadı, ancaq bu fikir
bircə anlığa yadıma gəldi və o andaca yadımdan çıxdı, çünki həmin vaxt var gücümü toplayıb
ancaq və ancaq bircə şey barədə fikirləşirdim.
Komendantın otağında hər şey əvvəlki kimiydi. Axırıncı dəfə çıxanda necə idisə, elə də
qalmışdı. Əlbəttə, heç nə dəyişməmişdi və dəyişə də bilməzdi, amma hər halda mən bura
gəlmişdim.
Bütün kabineti bir də diqqətlə gözdən keçirdim, təzə heç nə tapmadım. Keçən dəfəki kimi Hitler
portretdən mənə baxırdı. Çox mehriban gözləri vardı, bığları da bizim qonşu Məmməd dayının
bığına oxşayırdı. Onun da burnu bu cür uzun idi. Əgər qabaqcadan bilməsəydim ki, bu portret
Hitlerindi, heç ağlıma da gəlməzdi ki, bu adam bütün bu müdhiş skeletlərə – adamları kiçicik bir
yaxşılıq eləməyin üstündə güllələyən və asan bu sabiq insanlara komandanlıq eləyib. Müharibə
haqqında çox kitab oxumuşam, çox da kinoya baxmışam, ancaq mənə həmişə elə gəlib ki, bu
müharibə çoxdan olub, əlbəttə, nə Şah İsmayılın, nə də Kventin Dorvardın vaxtında, məni o
qədər küt bilməyin. O mənada çoxdan olub ki, mən bu müharibədən danışan kitablara da,
kinolara da çox maraqlı bir şey kimi yanaşmışam. Ağlıma da gəlməyib ki, bu qədər qorxunc şey
imiş. Və istər kitabda oxuyum və istər kinoda görüm, həmişə faşistlərə olan nifrətim nə Teaton
cəngavərlərinə, nə kardinalın qvardiyaçılarına, nə də Şah Qacarın sərbazlarına olan nifrətimdən
çox olmayıb. Axı bunların heç biriynən mən heç bir təmasda olmamışam. Burda isə lap yaxından
hiss elədim ki, necə dəhşətli adamlarmış və necə qorxunc bir dövr olub. İndi Hitlerin sifətinə də
baxanda məni vahimə basırdı. Daha mənim üçün o sifətnən bu skelet kəllələrinin heç bir fərqi
yox idi. Gözlərimi Hitlerin portretinə zilləyib durmuşdum, heç cür aralana bilmirdim. Ona görə
ki, çətinliynən fikirləşirdim. Sonra yadıma düşdü ki, mən bura başqa şey üçün gəlmişəm və
portretlə üzbəüz divara sarı yollandım.
Burda da hər şey əvvəl necə vardı, elə də qalmışdı. Şüşə qutunun üst tərəfində yenə həmin o
anlaşılmaz yazıydı durmuşdu, ancaq indi bu yazıda bir şey mənə aydın idi – “Tod”. Gör ha,
burda da adamı ölümlə hədələyirmiş!
Yazı stoluna yaxınlaşıb, ağır mərmər külqabını əlimə götürdüm.
Bu dəfə o mənə lap ağır gəldi. Əslində yəqin xeyli yüngül olardı, ancaq onda mənə elə gəldi ki,
qantel kimi, azı səkkiz kilo olar.
O külqabını götürüb qapayıcını örtən şüşə qutuya çırpdım, o cingiltiylə sınıb yerə töküldü. Sonra
stulu ayağımın altına qoyub, əlimi qırmızı dəstəyə uzatdım. Ölümdən xəbər verən anlaşılmaz
yazı da elə bu dəstəyin üstündəydi.
İndi bildim ki, bu, qapayıcı deyilmiş, çünki nə altından, nə yuxarısından heç bir elektrik xətti
çıxmırdı. Dəstəyi də dəmirdəndi və özü də, deyəsən, yaman ağır idi. Onu özümə sarı
çəkməmişdən qabaq fikirləşdim ki, nahaq uşaqlara demədim, gərək onlar da burda olaydılar.
Hətta istədim gedib onları çağırım, amma nə fikirləşdimsə, getmədim. Sonra hər şey yadımdan
çıxdı, çünki dəstək heç cür sözümə qulaq asmırdı, çünki nə qədər güc eləsəm də, yerindən
tərpənmirdi. Ayrı əlac yox idi, stulu ayağımla itələyib, dəstəkdən asılı qaldım. O saat da
365
barmaqlarım boşalmağa başladı, deyəsən məni saxlamağa gücü çatmırdı. Nə qədər sıxsam da,
xeyri yox idi, bu dəqiqə əllərim dəstəkdən buraxılacaqdı. Bax, elə onda dəstək yerindən tərpəndi,
üzüaşağı gəldi. Yerə dəyhadəydə boğuq partlayış səsi eşitdim, elə bil qayanın lap özəyində
ildırım çaxdı.
Bir müddət oturduğum yerdən dura bilmədim, sonra əlimdə şam birtəhər ayağa qalxıb dəhlizə
çıxdım. İndi heç yeriyə bilmirdim, tez-tez ayaq saxlayıb nəfəsimi dərmək üçün divara
söykənirdim.
Dəhlizdən çıxanda əvvəlcə gözlərimə inanmadım – mağara təmiz işıqlanmışdı. İşıq bura dəmir
darvazanın durduğu yerdən, nəhəng bir dördbucaqlı deşikdən düşürdü.
Onları gücnən durğuzdum. Kəmaləynən Əlini deyirəm. Heç oyanmaq istəmirdilər. Hətta
oyanandan sonra da, nə dediyimi başa düşmürdülər, birtəhər başa saldım.
Sabiri də durğuzduq. Qoluna girib apardıq. Ayaqları işləsə də, heç nə dərk eləmirdi, çünki
huşunu itirmişdi.
Darvaza yerə aşmışdı, bayır tərəfə. Mağaradan çıxıb ağac-uğac, kol-kos basmış bir dərəyə
düşdük. Amma ən siftə gördüyüm şey mavi səma oldu, bir də havanın, yarpaqların ətrini
ciyərlərimə çəkdim və bundan sonra başım elə pis gicəlləndi ki, az qaldı yıxılam.
Kol-kosların arasıyla yavaş-yavaş irəli getdik. Bir-iki dəfə yıxıldıq. Hər dəfə də yıxılanda heç
durmağımız gəlmirdi. Xüsusən də Əli axırıncı dəfə yıxılanda dedi ki, yerindən duran deyil.
Deyən kimi də yuxuladı. Onda fikirləşdim ki, bizim bircə çıxış yolumuz var. Kəmaləynən mən
gücümüz çatanacan irəli gedək, adam tapaq, Əliynən Sabirə köməyə göndərək. Ancaq Kəmalə
də getməkdən boyun qaçırdı, dedi ki, qüvvəm, gücüm qalmayıb. Dili də heç söz tutmurdu,
gücnən danışırdı. Özüm tək getməli oldum. Ona dedim ki, qorxmasın, gedib adam göndərəcəm,
amma o, mən deyəni artıq eşitmirdi. Yola düşdüm, özüm də bilmirdim hara gedirəm, necə
gedirəm. Ağac gövdələrindən, ağac budaqlarından savayı heç nə görmürdüm. Sonra açıqlığa
çıxdım. Heç demə, bu dərə geniş şose yoluna çıxırmış. Gəlib yolun qırağında oturdum, maşın
gözləməyə başladım. Gözlədim, gözlədim, amma şose hələ də boş idi. Bir də gördüm ki,
yanımda beş-altı maşın dayanıb, adamlar başıma yığışıb, hamısı da qorxa-qorxa mənə baxırdı. O
yadımdadır ki, biri soruşdu: “Ay oğlan, sənə nə olub? Necə gəlib çıxmısan buralara?” Mən də
dərəni göstərib dedim ki, uşaqlar orda ölür. Bundan sonra nə bir şey gördüm, nə də bir şey
eşitdim.
Gözümü açanda özümü işıqlı bir otaqda gördüm və gözümə dəyən birinci adam anam oldu.
Atam da ordaydı. Ancaq anamı siftə gördüm. Çarpayımın böyründə oturub, gözünü mənə
Dostları ilə paylaş: |