Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı


ittifaqlardır (birliklərdir)



Yüklə 130,8 Kb.
səhifə15/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   9   10   11   12   13   14   15   16   17
Mühazirə 2

ittifaqlardır (birliklərdir). Onlar siyasi həyatın mürəkkəb forması olub, cəmiyyətdə obyektiv təşəkkül tapan sosial birliklərin mövcudluğu ilə şərtlənirlər. Sabit xarakter daşıyan bu birliklər öz üzvləri üçün vahid siyasi mənafelər formalaşdıran əsas kimi çıxış edirlər. Bu isə öz növbəsində, müvafiq siyasi ittifaqların yaranmasına gətirib çıxarır.
Siyasi ittifaqların keyfiyyət fərqini əsas kimi götürsək, onda onların iki əsas formasını ayırmaq olar: birincisi, müəyyən ərazidə yaşayan, eyni təsərrüfat və etnik həyatı olan insanların birliyi əsasında təşəkkül tapan siyasi ittifaqlar. Bu cür ərazi birliyinə misal olaraq dövləti göstərmək olar. İkincisi, artıq həmin ərazi daxilində təşəkkül tapmış sosial birliklər əsasında yaranan, bu və ya başqa ümumi əlamətləri olan siyasi ittifaqlar. Siyasi partiyalar məhz bu cür siyasi birliklərdir.
Hər iki birlik formasına daxil olan insanların fəaliyyəti və onların daxilindəki münasibətlərin müəyyən qaydada təşkil olunması onları siyasi təşkilat adlandırmağa əsas verir.
İnsanları siyasi mənafelərə görə ayıran müxtəlif siyasi birliklər məcmu halında cəmiyyətin siyasi strukturunu əmələ gətirir. Öz daxili təşkilati xüsusiyyətləri baxımından burada hər birliyin öz yeri vardır.
Nəhayət, insanlar arasındakı siyasi əlaqələrin ən mürəkkəb forması cəmiyyətin siyasi sistemidir. Cəmiyyətdə təşəkkül tapmış siyasi struktur siyasi sistemin formalaşmasının müqəddəm şərti kimi çıxış edir.
    1. Siyasət anlayışı


Göründüyü kimi, siyasət bir-biri ilə çox qarşılıqlı-səbəbiyyət əlaqəsində olan müxtəlif hadisələrdən və prooseslərdən ibarətdir. Bununla belə, siyasətin mahiyyətinin aydınlaşdırılması bununla başa çatmır. O, daha irəli getməyi və mürəkkəb, çoxcəhətli hadisə olan siyasəti hərtərəfli səciyyələndirməyi tələb edir.


Qeyd etdik ki, çox qədimdən siyasət fenomeni ayrı-ayrı
mütəfəkkirlərin diqqət mərkəzində olmuş, onların hər biri onu müxtəlif cür anlamış və təhlil etmişdir.
Platonun anlamında siyasət çar sənəti olub, insanları idarə etmək bacarığı və biliyi tələb edir. Bu cür keyfiyyətləri olan hökmdarın, onun fikrincə, qanun əsasında, yaxud onsuz idarə etməsinin artıq heç bir əhəmiyyəti yoxdur.
"Nikomaxın etikası" əsərində elmlərin təsnifatını verən Aristotel bu zaman siyasətə aparıcı yer ayırır. O yazır ki, siyasətin məqsədi və funksiyası insan birgəyaşayışını idarə etmək vasitəsi ilə ümumi rifahı ayrı-ayrı adamların rifahı ilə əlaqələndirməkdir. Onun fikrincə, bütün qalan elmlər yalnız bu harmoniyaya nail olmaq vasitələri ilə əlaqədardırlar.
Aristotel bir elm kimi siyasəti etika ilə əlaqələndirirdi. Onun fikrincə, siyasətin elmi yolla qavranılması mənəviyyat (fəzilətlər) haqqında təsəvvürləri və etikanı (adətləri) bilməyi nəzərdə tutur. O, etikanı siyasətin əsası, ona giriş adlandırırdı.
Siyasi fikir tarixində ilk dəfə Makiavelli siyasəti insan fəaliyyətinin müstəqil, muxtar sferası kimi nəzərdən keçirirdi. Onun fikrincə, burada "təbii səbəblər" və "faydalı qaydalar" mövcuddur; onlar hadisələrin gedişini "qabaqcadan görmək və lazımi qərarlar qəbul etmək üçün "öz imkanlarını nəzərə" almağa şərait yaradırlar.
Makiavelli belə hesab edirdi ki, siyasətin ali məqsədi və əsas problemi zamanın xarakterinə və qərar qəbul olunan məqamda spesifik şəraitə uyğun gələn hərəkət obrazını tapmaqdan ibarətdir. Buradan çıxış edərək, o yazırdı ki, "siyasət ümumi sərəncamların sadəcə olaraq mənimsənilməsi ilə başa çatmır. Burada mücərrəd danışıq olmaz, çünki şəraitdən asılı olaraq hər şey dəyişir".
Beləliklə, Makiavelli siyasəti empirik elm kimi əsaslandırmışdır. Onun təlimi öz dövrünü xeyli qabaqlamış və siyasət haqqında təsəvvürlərin dərinləşməsində əvəzsiz rol oynamışdır.
F.Nitsşe dövləti, hüququ, qanunvericiliyi və siyasəti mədəniyyətin xidmət alətləri və vasitələri hesab edir, mədəniyyətin özünü isə kosmik miqyasda güc və iradənin mübarizəsinin təzahürü kimi nəzərdən keçirirdi.
Müasir Qərb politologiyasında siyasət haqqındakı fikirləri bir neçə əsas qrupa bölmək olar. Fransız politoloqu M.Düverje yazır ki, siyasi elm siyasətin bir- birinə tam əks olan iki izahı arasında tərəddüd edir. Bunlardan birinə görə, siyasət münaqişədir, mübarizədir, Burada hakimiyyətdə olanlar cəmiyyət üzərində nəzarət etməyi və sərvətlərə sahib olmaq hüququnu təmin edirlər. Digər baxışa görə isə siyasət idarəçiliyi, qayda-qanunu və ədaləti həyata keçirmək cəhdi deməkdir. Birinci halda çoxluğun hesabına azlığın imtiyazlarının saxlanılması, ikinci halda isə bütün vətəndaşların cəmiyyətdə inteqrasiyası nəzərdə tutulur.
M.Düverje özü siyasəti fərdlər və qruplar arasında hakimiyyət uğrunda mübarizə kimi başa düşür. Onun fikrincə, siyasət "ölkənin ictimai işlərinin idarə olunmasına aid olan və hakimiyyətin yaradılmasını, onun fəaliyyəti üzərində nəzarəti, onu həyata keçirən şəxslərin dəyişdirilməsi imkanlarını müəyyən edən hərəkətlərin və təsisatların məcmusudur".
Onun həmyerlisi Filipp Bro siyasəti üç cəhətdən nəzərdən keçirir: 1) əsasında qərarların qəbul edildiyi xətt, vəzifələrin yerinə yetirilməsi və formalaşdırılması üzrə tədbirlər kimi; 2) ayrı-ayrı şəxslərin və siyasi qurumların siyasi hakimiyyəti ələ almaq uğrunda mübarizə apardıqları konkret sfera kimi; 3) cəmiyyətdə insanları idarə etmək sənəti kimi.
M.Veberin fikrincə, siyasət anlayışı müəyyən mənada "müstəqil rəhbərlik üzrə bütün fəaliyyət növlərini əhatə edir. Bankların valyuta siyasəti, imperiya bankının diskont siyasəti, tətillər zamanı həmkarlar ittifaqlarının siyasəti haqqında danışıqlar; şəhər, yaxud kənd icmasının məktəb siyasəti, şirkətə rəhbərlik edən idarə, nəhayət, öz ərini idarə etməyə çalışan qadının siyasəti haqqında danışmaq olar". Buradan çıxış edən bir sıra müəlliflər siyasəti sosial fəallığın bütün formaları ilə eyniləşdirirlər. Məs. Q.Ęubert yazır ki, “siyasi davranış mədəniyyətdən qədimdir. Onun fikrincə, siyasətin meydana gəlməsini müqayisəli psixologiya, təkamül, təlim, antropologiya və etologiya metodları ilə tədqiq etmək olar. Həmin mövqedə dayanan
B.Latur və S.Ętrum "sosial və siyasi deyilən şeylər arasında eyniliyin olmasından" bəhs edirlər.
Siyasətin izah edilməsində geniş yayılmış ənənələrdən biri onun dövlət hakimiyyəti ilə əlaqələndirilməsidir. Onun tərəfdarlarının fikrincə, siyasət dövlət-hakimiyyət adlandırılan xüsusi bir sfera əmələ gətirir və onda| reallaşır. Siyasətin iqtisadiyyata, mədəniyyətə və i. a. təsiri müxtəlif belə sferaların qarşılıqlı təsiri kimi nəzərdən keçirilir.
Lakin dövlətin siyasətin mərkəzi kateqoriyası elan edilməsi onun sosioloji anlamına uyğun gəlmir və müəyyən təshihlər etməyi tələb edir. Belə ki, sosiloji baxışa görə təkcə dövlət deyil, kollektiv ictimai subyektlər - xalqlar, siniflər, böyük kollektivlər və ictimai hərəkatlar da onun subyektləridir.
Bundan əlavə, siyasəti ancaq dövlət orqanları işləyib hazırlamırlar, öz növbəsində, dövlət orqanları da ancaq siyasətin işlənib hazırlanması ilə məşğul olmurlar. Nəhayət, bu halda qeyri- dövlət vəziyyətində, tutaq ki, siyasi ictimai əsasın birləşdiyi qədim yunan polisində "siyasi” haqqında məsələ aydınlaşdırılmamış qalır.
Daha bir qisim müəllif siyasəti sosial fəaliyyətin bir növü kimi nəzərdən keçirir. İngilis alimləri C.Panton və P.Gill yazırlar ki, siyasət "xüsusilə defisit ehtiyatların bölgüsünə... aid olan ictimai işlərin aydınlaşdırılması və qaydaya salınması üsuludur. Bu o deməkdir ki, siyasət hər şeydən əvvəl insanların müxtəlif sferalarda müxtəlif cür ifadə olunan və zaman keçdikcə daim dəyişən sosial və maddi qarşılıqlı münasibətlərini tənzim edən ictimai fəaliyyətdir.
Buradan aydın olur ki, siyasət ictimai həyatın xüsusi sahəsi deyildir (bu isə təbii ki, ayrıca dövlət-hakimiyyət sferasının olmasını inkar etmir). Ehtiyatların və sərvətlərin bölüşdürülməsi ilə bağlı konfliktlərin həlli və nizama salınması üzrə məqsədyönlü kollektiv fəaliyyətin olduğu hər yerdə siyasət mövcuddur. Sosial gerçəkliyin hansı sahəsində siyasət yoxdursa, deməli, orada ya konflikt yoxdur (bu isə az təsadüf olunur), ya da ora əsl şüurlu insan fəaliyyətinin predmetinə çevrilməmişdir. Bunlar elə sahələrdir ki, onlarda münasibətlər kortəbii yolla yaranır və buna görə də onlar "təbii" halda olurlar. Bununla əlaqədar olaraq müəyyən alimlər siyasəti məhz
siyasi fəaliyyətlə, daha dəqiq desək, rəhbər mərkəzlərin fəaliyyəti ilə əlaqələndirirlər. Bu, hakimiyyətdən istifadə etməklə, ictimai məqsədlərin və onların reallaşdırılması üsullarının seçilməsini nəzərdə tutur. Həmin prosesin praktik nəticəsi isə siyasi qərarların qəbul edilməsidir. Bu mənada, siyasi fəaliyyət siyasi mənası və siyasi funksiyaları olan rasional fəaliyyətdir.
Siyasətin mahiyyətinin müəyyən edilməsində daha geniş yayılmış üsullardan biri onun hakimiyyət vasitəsilə izah edilməsidir. Belə ki, politologiyada belə bir fikir yayılmışdır ki, siyasət sosial qrupların əsas etibarilə hakimiyyət vasitəsilə öz mənafeyini müdafiə etmək və onu "təmin etmək üzrə fəaliyyətinin üsulları və istiqamətlərinin məcmusudur." Müasir politologiyanın klassik- lərindən olan H.Lassuell və A.Kaplanın fikrincə, siyasət hakimiy- yətin formalaşdırılması və bölüşdürülməsi ilə bağlıdır. Veber siyasəti dövlət daxilindəki qruplar arasında hakimiyyətin bölüşdürülməsinə təsir göstərmək kimi başa düşürdü.
Təbii ki, hər bir siyasətin məqsədi hakimiyyəti əldə etmək, saxlamaq və onu möhkəmləndirməkdən ibarətdir. Bu mənada, hakimiyyət siyasətin həm məqsədi və həm də vasitəsidir. Belə ki, sosial subyektlər siyasətdə öz tələbatını və mənafeyini müxtəlif vasitələrlə təmin edə bilər. Burada isə ən mühüm rol, şübhəsiz, hakimiyyətə məxsusdur.
Bütün bunlara baxmayaraq, siyasətin hakimiyyət vasitəsilə müəyyən edilməsində müəyyən qeyri-dəqiqlik vardır. Belə ki, bu za- man proses və onun nəticəsi diqqət mərkəzində olsa da, həmin prosesin subyektləri göstərilmir, həm də bu halda bütün təşkilati qruplar - ailə, məscid və s. nəzərə alınmır. Elə hakimiyyət müna- sibətləri vardır ki (məs, ailədə), onları heç vəchlə siyasi adlandırmaq olmaz.
Siyasətin bir sıra tədqiqatçıları onu mənafe ilə əlaqələndirirlər. Onların fikrincə, siyasət əslində sosial mənafelərin sosial qruplar hesabına ödənilməsidir. Onlar belə hesab edirlər ki, insanların qrup tələbatı və bu əsasda meydana çıxan ictimai mənafeləri vardır. Bu mənada, siyasət tələbat və mənafelərlə müqayisədə funksional
əhəmiyyət kəsb edir, başqa sözlə desək, onları ödəməyə xidmət göstərir.
Siyasəti sənət hesab edənlər də vardır. Onların fikrincə, əgər siyasət doğrudan da fəaliyyətdirsə, deməli, o, makromiqyasda dövləti bacarıqla idarə etmək sənəti, siyasi fəaliyyət sənətidir. Bu halda siyasət müəyyən simvollarla, xüsusilə onu təmsil edən şəxslərlə eyniləşdirilir.
Buradan çıxış etsək, onda belə bir fikirlə razılaşmalıyıq ki, guya qarşıya çıxan siyasi problemləri elmi metodların köməyi ilə həll etmək olmaz. Belə ki, hər hansı bir dövlət başçısı da, hansısa bir dahinin, yaxud tədqiqatçının siyasət haqqındakı fikirlərini bilməyə bilər, eynilə də görkəmli bir politoloq təcrübədə tamamilə bacarıqsız bir siyasətçi ola bilər.
Lakin bununla belə siyasəti elmi əsaslardan məhrum etmək olmaz. Xüsusilə siyasi münasibətlərin mürəkkəbləşdiyi hazırkı şəraitdə rəhbər orqanların səviyyəsində mühüm əhəmiyyətli qərarların qəbul edilməsini ayrıca bir şəxsin işi hesab etmək tamamilə sadəlövhlük olardı. Bu cür qərarlar əksər hallarda böyük tədqiqatçı kollektivlərinin gərgin əməyinin nəticələrinə əsaslanaraq qəbul edilir. Deməli, siyasət haqqında elmin praktik siyasətin işlənib hazırlanması və həyata keçirilməsindəki rolu şübhə doğurmamalıdır.
Siyasət haqqında elmlər siyasi qərarların qəbul edilməsi və onların həyata keçirilməsinin mümkün variantlarını və nəticələrini təhlil etmək üçün müqəddəm şərtləri işləyib hazırlayır. Siyasi qərarların nəticələri (məs, iqtisadi nəticələr) və siyasi fəaliyyətin müəyyən əməli problemlərinin həll edilməsi həmin elmlərin tədqiqat sferasına aiddir.
Bəziləri siyasəti sosial, o cümlədən siyasi proseslərin qarşılıqlı təsir sferası hesab edirlər. Bu, siyasətin nisbətən ümumi tərifi olub, onu sosial birliklər arasındakı qarşılıqlı münasibətlərə müncər edir. Belə olduqda, siyasət bütün bəşəri münasibətləri əhatə edir. Elita nəzəriyyəsi nümayəndələrinin fikrincə, siyasət bir- birinə əks olan iki "sinfin": hakimiyyətdə olan azlıqla (elita ilə) idarə olunan çoxluq (xalq) arasındakı mübarizə sferasıdır.
Müasir Amerika politologiyasında siyasət hökuməti təşkil edən formal təsisatlara aid insan fəaliyyəti, yaxud onun fəallığı sferası kimi müəyyən edilir.
Xacə Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsərində siyasət haqqında deyilənlər maraqlıdır. Onun fikrincə, ictimai əməyi təşkil etmək, istehsal prosesində özbaşınalıq və hərc-mərcliyə yol vermə- mək üçün müəyyən tədbirlər görmək ehtiyacı yaranır ki, bütün bunlar "siyasət" adlanır. O yazırdı: "Hərəsini öz yerində oturtmaq, hərənin öz payını verib başqasının haqqına əl uzatmağa qoymamaq, ictimai əmək prosesində ona tapşırılan işi yerinə yetirməyə məcbur etmək üçün tədbirlər görmək zərurəti doğur. Bu tədbiri "siyasət" adlandırmışlar."
Öz fikrini davam etdirən Tusi, Aristotelin əsərlərinə əsaslanaraq, siyasətin dörd növünü qeyd edir: ölkə siyasəti; qələbə siyasəti; kəramət siyasəti; camaat siyasəti. Onun fikrincə, ölkə siyasəti bütün yerdə qalan siyasətləri əhali arasında yayar və hər təbəqəni özünə müvafiq siyasətlə idarə edər, beləliklə, onların daxili qabiliyyətinin zahiri işə çevrilməsinə nəzarət yetirər. O, bunu "siyasətlər siyasəti" adlandırır və göstərir ki, siyasət bəzən qərari işlərə (məsələn, müqavilələr, sazişlər kimi), bəzən isə əqli hökmlərə, məsələn, ölkə, şəhər idarəetməsi kimi məsələlərə aid olur.
Tusi siyasətin həyata keçirilməsini "dərrakə", fəzilət və məri- fətdə xüsusi istedadı olan, ülvi bir ilhama malik" şəxslərin adı ilə əla- qələndirir və göstərirdi ki, yalnız onlar şəraitin nə tələb etdiyini müəyyənləşdirə və bununla da "dava-dalaş və ixtilafın" qarşısını ala bilər.
Orta əsrlərin görkəmli dövlət xadimi Nizamülmülk siyasətə həsr etdiyi məşhur əsərini "Ęahların əxlaqı", yaxud ''Siyasətnamə" adlandırır, ona dövləti və ictimai işləri idarə etmək sənəti kimi baxırdı.
Göründüyü kimi, siyasətlə bağlı fikir ayrılıqları tarix boyu davam etsə də, onlar bu və ya başqa səviyyədə dövləti və hakimiyyəti əsas kimi götürmüş, siyasətin mahiyyətini izah edərkən onlara toxunmalı olmuşlar.
Ęübhəsiz, siyasət hadisəsinin mərkəzində dövlət durur. O, siyasət ideyasının mərkəzləşdirilmiş təcəssümü, 'hakimiyyət"lə birlikdə siyasi nəzəriyyənin əsaslı kateqoriyasıdır.
Siyasi hadisə və proseslər insanların qarşılıqlı siyasi hərəkətləri gedişində meydana çıxır, konkret siyasi strukturlarda onların yeri və rolu ilə şərtlənir. Bu isə öz növbəsində ayrı-ayrı adamların və qrupların siyasətə və hakimiyyətə müxtəlif münasibətlərində üzə çıxır.
Beləliklə, siyasət anlayışı dövlət, hüquq, partiya, seçki sferalarını, qərarların qəbul edilməsi mexanizmini, siyasi prosesi, siyasi münasibətləri, siyasi mədəniyyəti və i. a. birləşdirir. Siyasət anlayışına aşağıdakılar daxildir:

  • müəyyən strukturu və funksional yönümü olan dövlət hakimiyyəti;

  • ictimai münasibətlərin xüsusi növü olan siyasi münasibətlər; dövlət hakimiyyətini həyata keçirən, yaxud bu və ya başqa şəkildə onun fəaliyyəti ilə əlaqədar olan müəssisələr, xüsusi sosial təsisatlar sistemi;

  • kütlələrin həyat fəaliyyətinin, sosial davranışının müəyyən təzahürləri - hakimiyyət uğrunda mübarizə, ona nəzarət və s.

Siyasətin (siyasi prosesin) tədqiqi bir tərəfdən müəyyən qrupu bu və ya başqa siyasi prosesə təhrik edən mənafeni təhlil etməyi, digər tərəfdən isə siyasi prosesə konkret forma verən ictimai amilləri nəzərdən keçirməyi tələb edir. Bu baxımdan siyasətin komponentləri aşağıdakılardır:

  • konkret ictimai quruluşun arzuedilən obrazı (ideal);

  • siyasi reallıq;

  • siyasi məqsədə və ideala nail olmaq yolları və vasitələri.

Bu sxemə əsasən söyləmək olar ki, siyasi prosesə qədəm qoyan hər bir şəxs öz beynində gələcək ictimai quruluşun obrazını yaradır. Başqa sözlə desək, o məhz beynində hazırladığı obraza nail olmaq arzusu (ümidi) ilə siyasi prosesə qoşulur.
Lakin siyasi proses hər dəfə (yəni hər bir insanın ona qoşulması ilə) yenidən başlanmır. Siyasətə qoşulan insan bu obyektiv surətdə
mövcud olan siyasi reallıq ilə qarşılaşır. Həmin siyasi reallıq tarixən müəyyən dövr ərzində qərarlaşır və fəaliyyət göstərir. Siyasi prosesin iştirakçısı həmin reallıqla hesablaşmalı və ona əsasən öz beynində yaratdığı obrazı və eyni zamanda ona nail olmağın yollarını və vasitələrini dəqiqləşdirməli olur. Bu məqsədlə o, müəyyən partiyalara və hərəkatlara qoşulur, yaxud, fərdi qaydada fəaliyyət göstərir. Kollektiv, yaxud fərdi qaydada fəaliyyət göstərməsindən asılı olmayaraq, siyasi prosesin hər bir iştirakçısı bu zaman müəyyən münasibətlərə - siyasi münasibətlərə daxil olur. Siyasi hökmranlıq həmişə ictimai qrup xarakteri daşıyır, yəni siyasət bu və ya başqa sosial qrupa xasdır. Məhz bu qrup daxilində qərarlaşan münasibətlər mikrosəviyyədə onun davranışını müəyyən edir.
Digər ictimai münasibətlərdən fərqli olaraq, siyasi münasibətlər, iqtisadi münasibətlərlə birlikdə, müəyyənedici rol oynayır. Bu zaman siyasi münasibətlərin spesifikliyi onda üzə çıxır ki, onların təkrar istehsalı və inkişafı maddi və mənəvi münasibətlərin fəaliyyət göstərməsinin zəruri şərti kimi çıxış edir. Onların fövqəladə dərəcədə mürəkkəbliyi, dinamizmi və ziddiyyətliliyi, mövcudluq formalarının rəngarəngliyi bu münasibətlərin tədqiq və təhlil edilməsi zamanı fikir müxtəlifliyinin olmasını şərtləndirir.



    1. Yüklə 130,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin