Kiçik qruplarda sosial-psixoloji istiqamət: qrup dinamikası
Sosial psixologiyada kiçik qrupların tədqiqi sahəsində müxtəlif istiqamətlər əmələ gəlmişdir. Bunlara sosioloji , psixoloji , sosiometrik, və stratometrik istiqamətləri aid etmək olar.
ABŞ-da kiçik qrupların psixoloji istiqamətdə tədqiqi Kurt Levinin adı ilə bağlıdır. K.Levin alman geştalpsixologiya məktəbinin görkəmli nümayəndəsidir.1933-cü ildə faşistlər hakimiyyətə gələndə K.Levin ABŞ-a köçür və sosial psixologiyada “qrup dinamikası” adlanan istiqamətin əsasını qoyur. K.Levin şəxsiyyət psixologiyasında tədqiqat aparan yeganə geştaltpsixoloqdur. K.Levin qrup dinamikasının xüsusiyyətlərini açıqlamaq üçün geştaltpsixologiyanın iki əsas qanunundan istifadə etmişdir.
I qanun: Tam hissələrin üzərində üstündür.
II qanun: Ayrı-ayrı elementlər tamda birləşirlər.
I qanuna əsasən, K.Levin belə hesab edirdiki, qrup sadəcə olaraq fərdlərin cəmi kimi başa düşülə bilməz , çünki qrup onların fərdi davranışını dəyişməyə qabildir. Qrupun hər bir üzvü onun digər üzvlərindən asılı olduğunu bilir.
II qanuna görə qrupun əsası qrup üzvlərinin oxşarlığında deyil, qarşılıqlı asılılığındadır.
İnsan əgər özünü hansı qrupla eyniləşdirirsə, elə onun üzvü olmasına meyl göstərir. O , qrupdan zahirən asılı olanda ,onun üzvü olmağa meyl etmir.
Kiçik qrupların tərkibi, onların formalaşması şərtləri, ayrı-ayrı fərdlərin və müxtəlif qrupların qarşılıqlı əlaqəsi və qrupda liderlik problemləri qrup dinamikası məktəbinin problemləri içərisində xüsusi yer tutur. K.Levin qısa müddət ərzində qrup dinamikası məktəbi sosial psixologiyada kiçik qrupların öyrənilməsi sahəsində əsas istiqamətlərdən birinə çevrildi.
Psixologiya tarixçiləri qrup dinamikası məktəbinin Xotorn eksperimentləri ilə əlaqəsi məsələsinə kifayət qədər əhəmiyyət vermirlər. Halbuki K.Levinin bir çox ideyaları "insan münasibətləri" doktrinasını əks etdirir. K.Levin nəinki mahiyyət etibarilə formal və qeyri-formal münasibətləri fərqləndirir, həm də qrupdaxili qeyri-formal münasibətlərin həlledici rol oynadığını göstərirdi.
Qrup dinamikasının əsasını “sahə nəzəriyyəsi”təşkil edir. Onun mərkəzi ideyası bundan ibarət idi ki, fərdin qrupda davranışının qanunlarını özünəməxsus ( cəlbedici və rəddedici ) qanunların təsir göstərdiyi müəyyən psixoloji sahədə axtarmaq lazımdır.
“Qrupun mahiyyəti – onun üzvlərinin bir-birinə oxşaması və bir-birindən fərqlənməsində deyil, onların bir-birindən qarşılıqlı asılılığındadır. Qrup “ dinamik tam” kimi xarakterizə oluna bilər. Bu o deməkdir ki , bir hissənin vəziyyətinin dəyişilməsi hər hansı bir başqa hissəsinin vəziyyətini dəyişdirir”.