212
xəstələrinə təsəlli verərdilər. Bir il içində olan umu-küsülər baharın na-
zə nin gəlişinə qurban verilərdi. Dünən bir-birinə acıqlı-acıqlı baxan, gör-
mək istəməyənlər bayram günü barış-görüş olardılar. Adamlar evlərdən
acıqlı söz-söhbətləri yığışdırardılar, “gəlib eşitsələr bizə nə deyərlər”
düşünərdilər. Qışın soyuqluğu, acıqlığı, küləklərin – xəzri-gilavarın ərkö-
yünlüyü, hirsi-hikkəsi baharın gəlişilə elə bil təntiyərdi.
Biz evimizin qənşərindən boylanan bağçamıza qaçardıq. Bir sırada
əkilmiş heyva ağaclarına baxardıq, çünki onlar daha tez tumurcuqlayardı.
Təbiətin canlanması elə bil bizim ürəyimizdə sevinc duyğularını artı-
rardı. Saçlarımıza vurulmuş qırmızı lentlərdən kəsib heyva ağaclarına
bağlayardıq, çünki el arasında deyərdilər ki, heyva ağacları nəzəri qaytarır.
Sonra rəhmətlik anam heyva ağaclarının budaqlarından kəsdiyi kiçik
çubuqları cibimizə qoyardı ki, bədnəzəri qaytarsın və buna çox inanardı
bizim kəndin qadınları…
Çərşənbələrdə, bayram axşamı və sonrakı günlər uşaqlara bərk-bərk
tapşırardılar ki, bir-birimizlə dava-dalaş etməyək, evdən çölə xoşagəlməz
sözlər çıxmasın, bu günahdır və bu günlər həmişə belə gəlir, və adamların
hərəkətlərinə kənardan göz qoyur, kim özünü düz aparmasa, ona dey-
ir həmişə belə olasan və o adam da bütün il boyu xoşagəlməz hallarla
qarşılaşır. Rəhmətlik anam xüsusən qızlara deyərdi ki, dilinizin altına bir
parça qənd qoyun, diliniz şirinliyə öyrəşsin, sonra ər evində dil şirinliyi
sizə lazım olacaq. Bayramda şirin danışsanız, il boyu həyatınız şipşirin
olacaq. Rəhmətlik “Dil acılığı ev yıxar, dil şirinliyi evə baxar” deyərdi.
Bayram günləri həyətlərin iti, pişiyi də sevinərdi, yemək-içmək çoxalardı,
onlar da qarnıdolusu yeyərdilər, bir-iki gün yeməyə yaxın düşməzdilər…
Evə gəlib-gedən adamlara itlər də mehribanlıqla quyruq bulayardılar, sanki
heyvanlar da bu günlərin qeyri-adi gün olduğunu anlayardılar.
Novruzun gəlişi xüsusən uşaqları çox sevindirərdi. Təzə paltarlar,
cürbəcür yeməklər,
şirniyyat,
qonaq getmək, qonaq gəlmək…
Biz Novruzu bizə əziz olan yaşamımızın çırağı olan atamız, anamız
qədər sevirdik. Atamız, anamızla necə qürur duyurduqsa, Novruzla da
eynən qürurlanırdıq. Bu bayram içimizə elə möhtəşəmlik gətirirdi ki, hətta
həyatımıza da sirayət edirdi və il boyu bizi izləyirdi…
Şükürlər olsun ki, müstəqillik qazandıq, bu gün Novruz ölkəmizdə
yüksək səviyyədə keçirilir. Deməli, min illərin qan yaddaşına hopmuş
Novruzu, Yenigünü heç bir qadağalar, imperiyalar, haqsızlıqlar yuyub apa-
ra bilmədi.
213
Bu gün yeniləşmə-sivilləşmə havasıyla öz kökünə, soyuna ruhunun ona
diktə etdiyi inamlara xor baxanlara yazıqlar olsun!!!
İnsan öz kökünün, soyunun üstündən boylananda daha əzəmətli, daha
təmtəraqlı, başqa xalqların gözündə də daha maraqlı olur. Necə ki, ağaclar
öz kökünün üstündən boylananda daha valehedicidir.
Ey kökündən-soyundan boylanan ellərimiz, obalarımız, Novruz adına
süfrə açan yurdlarımız, ocaqlarımız, Novruzun ayağı sayalı olsun! Ev lə-
rinizə sevinclər, fərəhlər gətirsin… Hər il məni uşaqlıq günlərimin xati-
rələrilə yaşadan, Novruzum, ocaqlarımız gur yansın!
İŞĞAL ALTINDA QALAN TORPAQLARIMIZA
GEDƏN YOLLARIMIZI OT BASMASIN…
Yaddaşımıza köklənən vüqarımız yenməsin, yenənlərdən yox, yendi-
rənlərdən olaq…
Ey Novruzum, mənim ruhum sənin ruhundan keçir, ruhumu ruhuna
bağlayan min illərə salamlar olsun! Yaşa bəşəriyyətin ən qədim bayramı!..
Dostları ilə paylaş: