BİR OCAĞIN İŞIĞINDA
(Əli Rza Xələfli – 60)
2008-ci ilin qış ayı idi. Bir gün həmkarım Fəridə Ləman mənə telefon
açdı və dedi ki, gəl gedək “Kredo” qəzetinə sənin çapdan çıxmış kitablarının
təqdimatını edək. Açığını deyim ki, yaradıcı aləmdən kənarda işlədiyim
üçün və bu qəzet satışda olmadığına görə adını birinci dəfə eşidirdim.
Bir çox yaxından tanıdığım adamlar “Kredo” qəzetinə gedib gəlsələr də,
mənə o haqda bir məlumat verməmişdilər. Bu mənada dəyərli ziyalı xanım
Fəridə Ləmanın bu xeyirxah addımını heç zaman unutmayacağam. Biz
226
“Kredo” qəzetinin redaksiyasına gəldik. Qəzetin baş redaktoru, cəfakeşi,
ədəbiyyat yolunda ömrünü, günü şam kimi əridən Əli Rza Xələfli ilə ədəbi
tanışlığım belə başladı. Açığını deyim ki, qəzeti əlimə alıb səhifələrilə tanış
olanda heyrətdə qaldım, sanki qəzet başdan-başa ədəbi aləmin söz tutumlu,
söz urvatlı alimlərinin, şairlərinin, yazıçılarının, ümumilikdə bütün ziyalı
təbəqənin ədəbi ocağı idi. Bu ocağın işığı gözlərimdə ulduz kimi parladı,
könlümü, ruhumu riqqətə gətirdi. Bütün redaksiyalardan qaçan, tənhalığı
özünə əbədi bir meyar seçən ürəyim elə bil illərlə bu qəzetin, bu ocağın
axtarışında olmuşdu. Elə bil Fəridə xanım həmin gün illər boyu həsrətini
çəkdiyim bir məbədin, bir ədəbi hücrənin qapısını tanıtdırdı mənə… Qapını
açıb içəri girəndən bu qəzetdə bir doğmalıq, bir istiqanlılıq gördüm. Mən
baş redaktorun timsalında ədəbiyyatın bütün ağrı-acıları ilə cilalanmış,
ürəyi söz kəhkəşanıyla dolu bir insanın narahat baxışlarıyla qarşılaşdım.
Bu bütün ədəbiyyat aləmimizin tanıdığı, bildiyi Əli Rza Xələfli idi. O
gün mən ona illər öncə çapdan çıxmış kitablarımı təqdim etdim. Bu kitab-
lar çox adamlara təqdim olunmuşdu, amma bəziləri susmuş, bəziləri isə
qısaca nə isə yazmaqla mənə vəfadarlıq etmişdilər…
Həmin günün axşamı Əli Rza müəllim evimizə telefon açdı və mə-
nim çapdan çıxmış kitablarım barədə bir çoxları kimi qısqanclıq hissi
keçirmədən ürəkdolusu xoş sözlər söylədi və haqqımda kitab yazmaq
qərarına gəldiyini bildirdi. Bu söz kəhkəşanı ilə aşıb-daşan insan o axşam
mənim ilham pərimə qol-qanad verdi. Düşündüm ki, İlahi, illərlə yazıb çap
etdirdiyim kitablarıma olan susqunluğa, sükuta, laqeydliyə son qoyuldu.
Deməli, çoxlarının gözünü qamaşdıran “Kredo”nun istisi ətrafın soyuqluq
buzlarıyla üşüyən kitablarımı öz ədəbi atəşilə isidəcəkdi, mənim bir şair
olaraq yazdıqlarımı ətrafa faş edəcəkdi! Bundan böyük xoşbəxtlik bir
yazar üçün nə ola bilərdi ki, yaradan mənə bu bəxtiyarlığı nəsib etmişdi.
Beləliklə, 2008-ci il boyu, Əli Rza Xələfli tam düz bir il “Kredo” qəzetinin
səhifələrində haqqımda və yaradıcılığım barədə yazdığı “Adı Şadiman
olanın…” kitabını hissə-hissə çap etdi. 2009-cu ildə isə onu kitab halında
çap etdik. Kitab çap olunanda çox sevinirdim, necə deyərlər, sevincimin
həddi-hüdudu yox idi. Bu sevinc ona görə idi ki, illərin sükut buzları
ərimişdi, bu kitab mənim yazdıqlarım haqqında ilk qaranquş, ilk kimlik, ilk
diləkçə idi. Bu diləkçəni yazıb kitab halında araya-ərsəyə çatdıran isə heç
kəsin yaradıcılıq aləminə həsəd aparmayan və həsədi paxıllıq səviyyəsinə
qaldırmayan, böyük söz xiridarı Əli Rza Xələfli ətə-qana gətirdi.
227
Bir il içində “Kredo”da gen-bol publisist yazılarım, şeirlərim, poe-
malarım çap olundu. “Kredo” qəzetində çap olunan poemalarımdan biri
“Burdan bir atlı keçdi” Əli Rza müəllimin diqqətini çəkdi. O mənə zəng edib
dedi ki, bu poema məni çox həyəcanlandırıb, mütləq ondan bir kitab yazacam,
ürəyim doludur. Açığını deyim ki, mən etiraz da etdim, dedim ki, məndən təzə
yazmısınız, sonra deyərlər ki, ancaq Şadimandan yazır.
Dedi: Yox e, məni bu poema həyəcanlandırıb, mən mütləq ondan
yazmalıyam.
Mən də dedim ki, bu poema olmuş hadisədən götürülüb və heç nə orda
uydurulmayıb, yəni yazar təxəyyülünün məhsulu yox, həyatda baş vermiş
Qərbi Azərbaycandan olan bir qəhrəman insanımızın hekayəsidir. Əli Rza
Xələfli həmin poema əsasında yazdığı publisist kitaba “Axtala Əfsanəsi”
adı verdi. Bu kitab da 2010-cu ildə həyata vəsiqə aldı. Təkcə bir poemam
haqqında yazılan bu kitab, yaradıcılığım barədə yazılmış onun ikinci kitabı
oldu. Mən artıq “Kredo”ya və orda işləyən işçilərə elə bağlanmışdım ki,
onları bir həftə görməyən kimi darıxırdım, elə bil nə isə itirirdim.
Yenə də həmin ili redaksiyaya gəlib-gedən jurnalist Nəzirməmməd
Zöhrablı bu ocaqda mənim kitablarımı gördü, diqqətini cəlb etdi və
“Üçrəngli bayrağa bürünmüş şairə” kitabını yazdı və kitab 2010-cu ildə
çap olundu. İstəkli oxucular, görün bu redaksiyanın işığı, nuru nə qədər
mənim yaradıcılıq yoluma şəfəq saçdı… Üç ilin içində artıq mənim və
yaradıcılığım haqqında 3 kitab hasil olmuşdu. Bütün bunların səbəbkarı isə
“Kredo” və onun başında duran Əli Rza Xələfli idi.
2011-ci ildə Ağdam bölgəsinin Orta Qərvənd kənd sakini doqquz yaşlı
Fariz Bədəlovu düşmən snayperi öz evlərinin həyətində vurmuşdu. Biz
də bir qrup yazar qadınlar Azadə Talehin səbəbkarlığı ilə həmin hadisə baş
verən kəndə, şəhid balamızın qırxına getmişdik. Doğrusu, o yerlər bizi həm
çox həyəcanlandırmışdı, həm də qeyzləndirmişdi. Öz torpağımızda düşmən
səngərlərinin 300 metrliyində idik. Kənd evləri yağı güllərindən dəlik-deşik
idi, körpəcə balasını itirmiş ananın hönkürtüləri indi də qulaqlarımdan get-
mir… Bu nə vəhşilikdir, İlahi, axı davanı böyüklər edir, həyata təzəcə göz
açmış balaların nə günahı?! Qafqaza bu qanı salanların Tanrı cəzasını versin!
Müharibə bölgəsindən, Qarabağdan qayıdandan sonra mənim Qarabağ
haqqında silsilə şeirlərim yarandı, onlardan biri də hələ həyatın, ağrı-
acısını dadmamış körpəcə şəhidimiz Fariz Bədəlova həsr etdiyim poema
oldu. Bu nəzm dili ilə yazılan hekayə idi. Həmin nəzm-hekayəni bütün
ruhumla bağlandığım “Kredo” qəzeti redaksiyasına gətirdim. Əli Rza
228
Xələfli məmnuniyyətlə həmin poemanı qəzetin çapa gedəcək səhifəsində
dərc etdi. Bu poema da Əli Rza Xələflinin sərrast diqqətindən yayınmadı
və həmin poemanın motivləri əsasında onun “Qırmızı Həqiqətlər” adlı
publisistik kitabı hasil oldu.
Beləliklə, bu böyük insan, böyük ziyalı, dəyərli Vətən oğlu, dəyərli söz
xiridarı, bugünkü ədəbiyyatımızın usanmaz cəfakeşi illərlə ağ vərəqlər
üstünə yazıb tökdüyüm şeriyyətimi yaradıcılığıma həsr etdiyi üç kitabla
qiymətləndirdi. Ümumilikdə artıq haqqımda dörd kitab yazılmışdı. Bütün
bunların səbəbkarı “Kredo” qəzeti idi. Bir yazara bundan böyük barat nə
ola bilərdi?!
Haqqa, həqiqətə qiymət verən, əsl sözün səcdəsində olan Əli Rza
Xələfli… Siz “Kredo” adlı bir ocaq çatdız, bu ocağın istisinə, işığına, atə-
şinə əli qələm tutan, qəlbində tükənməz söz-sov bulağı olan qələmdarlar,
sözkeşlər, ürəyində ilahinin verdiyi ilham çeşməsini qaynadanlar üz tutur.
Bura kim üz tutursa, heç kəsin yazdığı məqalənin, şerin, hekayənin ko-
bud dillə desək burnu, qulağı kəsilmir. Hər müəllifin ürəyinin və əqlinin
məhsulu olan yazı olduğu kimi də “Kredo” qəzetinin səhifələrində çap
olunur. “Kredo” adına ziyalı dediyimiz ədəbiyyat aləminin danılmaz bir
hücrəsidir. Bu hücrə dünən də, bu gün də maddi baxımdan çətinlik burul-
ğanında əzilməkdədir. Əli Rza Xələfli bu qəzeti satışa da qoymur, çünki
o istəyir ki, qəzet əsl ziyalı insanların, ədəbiyyatın can-dildən səcdəsində
olanların, söz-sova qiymət verənlərin əlinə düşsün. Satışda olub hər
yetənin əlində bazara gedib çıxmasın və nəyəsə bükülüb atılmasın. Mən
bunu heç zaman Əli Rza müəllimdən soruşmamışam, amma özlüyümdə
belə nəticə çıxarmışam. Yəqin ki, gəldiyim qənaət doğrudur. O istəmir ki,
qəzet səhifələrində gedən məzmunlu, bir-birindən dəyərli ədəbi, elmi tu-
tumlu məhsulları qədirbilməzlər cırıb atsın.
Bu gün bu sanballı, bu urvatlı qəzet hər şeyi həll edən və çox şeyin
yerini verməyən maddiyyat acıları yaşayır.
Bəlkə Əli Rza Xələfli “Kredo”ya görə pul-para acısı çəkməsəydi,
vaxtını, ancaq yaradıcılığa sərf etsəydi, bundan da çox kitabların müəllifi
olardı, amma “Kredo” olmazdı, bu ocağın işığına toplaşanlar olmazdı və
mənim kimi yolu bağlı söz adamlarının da yolunda yaşıl işıq yanmazdı.
Bu insan tək özü üçün çalışmır, bütünlükdə ədəbiyyatımız üçün ömrünü,
gününü xərcləyir. Bu yolun enişinə, yoxuşuna baxmadan, yorulmadan,
usanmadan “Kredo”nun ocağının sönməməsinə çalışır. Onun ətrafında
toplaşan insanların ruhunu cilalayan, ilhamını şölələndirən “Kredo”nun…
229
Milyonları uf demədən xərcləyənlər, görəsən, bu ədəbiyyat cəfakeşinin
qaladığı ocağa az da olsa əliaçıqlıq edərlərmi? Axı bu ocaq Azərbaycan
dediyimiz bir ölkənin mənəviyyatının carçısıdır. Ədəbi aləmin söz
xəzinədarıdır! Tarixi oğurlanan, torpaqları paramparça, yağılar əlində qa-
lan Azərbaycanın!!!
Bizim mühitdə yaradıcı insan nə qədər sağdır, ətrafdakılar ona layiq
olduğu dəyəri vermir, dünyasını dəyişib yüz il keçəndən sonra düşürlər
əl-ayağa, deyirlər ki, bu bizimdir, bizə məxsusdur, bizim millət, bi-
zim xalq bunu yetirib. Əli Rza Xələflinin və “Kredo”nun hali-vəziyyəti
mənə keçən əsrin əvvəllərində Cəlil Məmmədquluzadəni və onun araya-
ərsəyə gətirdiyi “Molla Nəsrəddin”i xatırladır. Mən bu haqda başqa bir
məqaləmdə də yazmışdım. O da çətinlik burulğanında boğulurdu, bu da. O
da maddiyyat əzabı çəkirdi, bu da… O da laqeydlərin ona etdiyi sitəmlərlə
qol-boyun idi, bu da…
Nədənsə çox vaxt mənəviyyat adamının qəlbi dolu, cibi boş, maddiyyat
adamının cibi dolu, qəlbi boş olur.
Bütün bu natamamlıq cəmiyyətdə baş alıb gedən sayğısızlıqları artırır.
Bu gün cəmiyyətimizdə sayğısızlıq artmamaqçün mənəviyyatımıza xidmət
edən söz adamlarına yardımçı olmalıyıq. Bu gün imkanlı adamlarımız
səsi olmayan bir çox şou əhlinin yolunda pul-paralarını xərcləyir. Onlara
hər cür tərəfkeşlik edir. Nə olardı üzlərini dünənimizin, bugünümüzün,
sabahımızın tarixinin qurucusu olan söz adamlarına tərəf çevirəydilər. Axı
ədəbiyyatı olmayan xalqın varlığı da başqa xalqların içində itib batır, çün-
ki doğru-düzgün tarix ədəbi əsərlərdən törənir, ədəbi qəhrəmanların dili
ilə zamanın səhifələrində yaşam qazanır. Düzgün tarixi ədəbiyyat adamı
yaradır. Ömrünü çıraq kimi yandıran ədəbiyyat adamı…
Bu gün biz çoxumuzun gözünün qabağında ehtiyac içində çapalay-
an “Kredo”nun varlığına barmaqarası baxırıq. Mənim filan yazımı çap
etmədi deyib küsüb-inciyirik, amma bu qəzetin hansı əzablar hesabına
çap olunduğunun fərqində olmuruq. Heç bir dövlət dəstəyi almayan, heç
bir qurum tərəfindən maliyyələşməyən bu qəzet yalnız və yalnız əzabı
çiyinlərində inləyən, cibi boş, qeyrəti çox yazı adamlarının ümidinə qalıb.
Onların kiçicik maliyyə yardımlarıyla işıq üzü görən qəzet anbaan ocağı,
sönmək, işığı keçmək təhlükəsi ilə üz-üzədir.
Qoy qəzet çıxardanlar, jurnal çap etdirənlər məndən inciməsin, han-
sı qəzeti, hansı jurnalı əlimə alıb səhifələrini vərəqləmişəmsə mənə
“Kredo”dan aldığım ədəbi zövqü bəxş etməyib.
230
Bu qəzetdə bir təbiilik, bir doğmalıq, ədəbiyyat dediyimiz söz bağçasının
rayihəsi var. Bu rayihənin təması səni ağuşuna alır, söz kəhkəşanına aparır.
Bu qəzetdə söz tutumlu, söz yükümlü alimlərimizin ədəbi, bədii fikir
boğçasından qaynaqlanırsan. Müxtəlif dövrlərdə, zamanlarda yaşamış
təfəkkür sahiblərinin yaradıcılığından bəhrələnirsən. Onların döyünən
ürəyini, zəkasını misralarda, sətirlərdə, qələm adamlarının ədəbi məhsulu
olan yazılarda hiss edirsən.
Əli Rza Xələflinin yaratdığı “Kredo” XX əsrin sonu və XXI əsrin əvvəli
fikir, ədəbiyyat tariximizdə özünə layiqli yerlərdən birini tutmuş dəyərli
mənəviyyat ocağıdır! Bu ocağın şöləsinə yığışanlar, istisinə qızınanlar
onu sönməyə qoymamalıdırlar. Bu qəzet gecəli-gündüzlü sözlə çalxanan,
sözlə alışıb-yanan, fikir bağçası daim söz çiçəklərilə gözəlləşən dəyərli
qələm əhlinin ocağıdır! Bu ocaqdan gələn şölə hələ çox-çox əsrlər nəinki
Azərbaycan məkanının, hətta böyük və əzəmətli Türk dünyasının fikir,
zəka tarixində layiqli bir çıraq olacaq. Necə ki biz dünəni arayıb, axtarıb
tədqiq edirik, bugünü də gələcək nəsillər tədqiq edəcək. Çətinliklər içində
vurnuxan, ehtiyac içində çapalayan bu ocağın çəkdiklərini sabahımızın
işıqlı söz xiridarları qələmə alacaq.
60 ilin işığına saysız publisist və şeir kitabları cərgələnmiş Əli Rza
Xələfli bugünümüzdən boylanan dəyərli qələm adamı, qeyri-adi istedadı
olan söz xiridarıdır. Onun hamıya öz doğması kimi baxan yumşaq ürəyini
uca Tanrı qorusun!
Biz də gəlin, ey qələm əhli arasında ayrı-seçkilik edənlər, bu gün hələ
canı üstündə olan, nəfəsi gedib-gələn minlərin, milyonların içindən çıxan
şəxsiyyətlərimizi qoruyaq. Onları Yaradan adda-budda qismət edir millətə,
xalqa, Vətənə… bizlərə…
Bu gün çoxlarımız paralarımızı saymaqla, müxtəlif kef ocaqlarında,
yeyib-içmə məkanlarında pul xərcləməklə, diyarbədiyar düşüb dünyanı
gəzməklə məşğuluq. Biz də gedərgiyik, paralarımız da, yığdığımız hər nə
varsa, varlığına tapındığımız övladlarımız da…
Yalnız və yalnız doğma Vətənimizə ərməğan mənəviyyatımızın, düşün-
cəmizin bizlərə əxz etdiyi ədəbi-elmi bilik xəzinəmizdən öc alan kitablar
qalacaq. Bu kitabları araya-ərsəyə gətirən ocaqlardan birincisi “Kredo”dur.
Neçə-neçə alimlərin, yazıçıların, şairlərin dəsti-xətti bu qəzetdən boylanır,
sanki bu qəzet də canlıdır, öz sahibi kimi, o da ətrafın ona bəxş etdiyi soyuq-
luqdan, laqeydlikdən, unutqanlıqdan sızlayır. Gəlin sizli-bizli “Kredo”muzun,
amalımızın sabahına çıraq tutaq, bu ocağın unutqanlıq sayə mizdə sönməyə
231
məhkum edilmiş közlərini kül olmağa qoymayaq! Çünki bu közlər əlinə qələm
tutub özünü yazıçı qismində görən və bu hücrənin qapısını açan hər birimizin
mənəviyyat yuvasıdır! Bu yuvadan gələn işıq hamımızın gözlərinə çıraq tutur.
Gəlin çırağımızı sönməyə qoymayaq.
Müqəddəs ədəbi amalı uğrunda uzun yola çıxan “Kredo”muzun baş re-
daktoru Əli Rza Xələfliyə 60 ilin ucalığında cansağlığı, bol-bol yaradıcılıq
sevincləri və uğurlar diləyirik. Öz adımdan yaradıcılığımla bağlı qazandığım
uğurlarda danılmaz payı, xidməti olan bu böyük insana İlahidən səbir və
dözüm arzulayıram. Qoy səbirlə dözüm onunla yol yoldaşı olsun, bundan
sonra da başçılıq etdiyi qəzetin işıq üzü görməsində ona yardımçı olsun!
Sonda isə, ey Vətən əhli, ey bizi dinləmək istəyənlər və istəməyənlər, bi-
zim harayımıza qulaq kəsilənlər və kəsilməyənlər, Uca Yaradan hər birimizin
varlığına pasiban olsun. Bu yazını qəlbimin hönkürtüsü ilə, əqlimin diktəsilə
sizlər üçün yazdım, rica edirəm oxuyub nə demək istədiyimin fərqində olasız.
Hələlik deyirəm sizlərə, sağ və salamat qalın.
Dostları ilə paylaş: |