74
VİCDANDAN MÜKAfAT ALAN ŞAİR
Ömür elə çağlar çeşmədir ki, onun sızıltıları zaman dolayları içində itib
batır. Bu sızıltıların ağrı-acısını ağılla dərk edib qəlblə anlayanlar isə birbaşa
sənətlə bağlı insanlardır. Onlar sənətin hansı sahəsində olurlarsa olsun,
bir an belə həyatları boyu rahatlıq tapmırlar. Ömürləri uzunu çalışırlar,
çarpışırlar, bu həyatla vidalaşana qədər, Haqqın onlara göndərdiyi ömür
rübabının simlərinin son şərqisi susana qədər… Söz adamları isə zaman
çeşməsindən doğan şırıltıların ürəklərində şırımlar açmış qullarıdır. Onlar
mənsub olduğu xalqın, millətin kağız üzərindən Rəbbinə ismarlanmış
danışan dilidir! Bu dil susanda millət ölür, başqa millətlərin içərisində
əriyib itir, yoxluğa düçar olur, çünki millətin, xalqın dili onun yazarından,
şairindən öc alır və kitablar içində vərəq-vərəq səhifələnir, gələcək
nəsillərin tarix yaddaşına ötürülmək üçün… Əgər yazarın ilhamı, düşüncəsi
millilikdən öc alarsa, daha mükəmməl, daha kamil olur və millətin varlığını
bir dəvə karvanı kimi min illərə çəkib aparır. Bu dəvə karvanının sarvanı
isə şairlər, yazıçılar, elm adamlarıdır. Tarix boyu çox şahlar, çox sultanlar
hökmranlıq etdi, varidat yığdı, qalalar, saraylar yapdı, fəqət nə yığdıqları
varidat, nə də tikdikləri qalalar, saraylar söz qədər əbədi ömür qazana
bilmədi, çünki millətin kimliyi onun söz ilə, fırçayla, musiqisilə yaratdığı
ədəbi, bədii dəyərlərdən keçir. Hərçənd ki, sənət adamının dəyəri çox
vaxt zamanında verilmir, o öz qələmindən və vicdanından mükafat ala-ala
yazır, yaradır. Ətrafındakılar isə bu mənəviyyat ölçüsünün dəyərini nəinki
qiymətləndirir, hətta ona çox vaxt qəhqəhə çəkib gülür… Bu gülüşlər nə
qədər acı, nə qədər rəzalət doğurucu olsa da səslənir, göyün-yerin bağrında
yaralar açan qəfil qopan tufanlar təki…
Elə yaxın keçmişimizdə, keçən əsrin əvvəllərində dahi Sabirin başına
gətirilmiş müsibətlər bu qəbildəndir. Böyük neft şəhəri – milyonerlər
yetirmiş Bakıda bir nəfər sözə qiymət verən tapılmadı ki, dahi şair sağlığında
öz kitabının çapını görsün… Ona görə tapılmadı ki, Mirzə Ələkbər Sabir
sözün düzünü yazırdı, nə qədər acı olsa da qəflət və cəhalət yuxusunda
yatmış millətinə şəfa diləmək istəyirdi. Tiyanda sabun bişirib övladlarına
çörək pulu qazanan şairin ciyəri bu müsibətlərə dözmədi, özü demişkən
“şişdi üzü qarə ciyəri”, hətta doğma Şamaxısından didərgin düşüb Bakının
Balaxanı kəndinə sığındı… Səhv etmirəmsə, təbib və şair Abbas Səhhət
dahi Sabiri “öz vicdanından mükafat alan şair” adlandırırdı…
75
Əli Rza müəllim, qoy mübaliğə kimi səslənməsin, mən sizi də “öz
vicdanından mükafat alan” tədqiqatçı alim, şair adlandırıram. Əgər mənim
imkanım çatsaydı “Kredo”ya maddi dəstək olardım. Heyif ki, bu imkanım
xaricindədir, amma vaxtaşırı mənəvi dəstək olmağı özümə borc bilirəm.
Açığı etiraf edim ki, heç “Kredo”dan başqa açmağa qapım da yoxdu,
çünki “Kredo” kimi dəyərli ədəbi mənbə istər-istəməz söz adamını bir
maqnit kimi özünə çəkir. Bu maqnitin cazibəsindən isə həqiqi dəyərə,
ilhama bağlılar çıxa bilmir. Sizin mənim sənətimlə bağlı yazdığınız
“Adı Şadiman olan…” (2009-cu il) kitabınız tam mənasıyla ömrünü
yaradıcılığa həsr eləmiş bir yazarın həyat dastanıdır. Siz bu araşdırmanızla
mənim aşıb daşan könlümə daha da qol qanad verdiniz. Mən bu kitabı bu
vaxta qədər çap üzü görmüş kitablarımın pasportu adlandırardım. Siz bu
pasportla mənim kimliyimi təsdiq etdiniz. Bu kitabda siz uşaqlıq illərindən
xəyalımda unudulmaz izlər qoymuş doğulduğum kəndim Tağayla bağlı
“Tağayım” poemasına xüsusi önəm vermisiniz. Siz bir bənna dəqiqliyilə
əsərdə bəhs edən mövzu rəngarəngliyini tutmuş, təbii hisslərlə bədii və
tənqidi təhlilin süzgəcindən keçirmisiniz. Əsərdə adıçəkilən tarixi qala olan
Çıraqqala ilə bağlı düşüncələriniz təqdirəlayiqdir, çünki əsrlərdən xəbər
verən bu qədim tarixi abidə hazırda yox olmaq təhlükəsilə üzbəüzdür.
Tarixi abidələrimizin bir çoxu erməni talan və vəhşiliklərinin, bir çoxu
isə öz biganəliyimizin, laqeydliyimizin qurbanı olub və olur. Yenilərini
tikib qurmaq lazımdır, amma keçmişini göz bəbəyi kimi qorumaq şərti ilə!
Yavaş-yavaş İçərişəhər də öz qədimliyini itirmək təhlükəsilə üz-üzə qalıb.
İndi Bakıda tarixi keçmişimizdən soraq verən divarları qaralmış binaları
ağartmaqla məşğuldurlar. Mən Azərbaycandan çıxıb heç bir xarici ölkədə
olmamışam, amma xarici ölkələrin həyatıyla bağlı verilişləri izləməyi
xoşlayıram. Rusiya telekanallarında tez-tez belə verilişlər verirlər. Adətən
şəhərlərdə qədim binaları göstərəndə bu binaların divarları ağ yox, qara
olur. Bizdə əksinə, ağardırlar ki, keçmişimizdən əsər-əlamət qalmasın. Bir
vaxtlar tramvaylar, trolleybuslar öz görkəmləri ilə paytaxta xüsusi yaraşıq
verirdi. Həm də ekologiya baxımından da sağlamlığımıza köməkdarlıq
edirdi. İndi onların kökünü Bakıdan elə kəsdilər ki, izi-tozu da qalmadı.
Sonra da düşdülər Bakıətrafı elektrik qatarlarının üstünə, onları da, demək
olar ki, ləğv ediblər. Bacardı-bacarmadı, hərə bir şəxsi minik avtomobili
alıb düşüb şəhərin canına! Əksəriyyəti də köhnə! İndi yazıq Bakımızda
əməlli-başlı oksigen azlığı yaranıb. Bir tərəfdən planlı-plansız bir-birinə
76
yapışan yüksək mərtəbəli binalar, o biri tərəfdən də havaya tonlarla karbon
buraxan çirkli maşınlar… Digər tərəfdən sürücülük vəsiqəsini cibinə qoyub
sürücülük haqqında təsəvvürü olmayan başıpozuq sürücülər. Axır vaxtlar
Bakı küləkləri də bu ərazini tərk etməyə başlayıb. Küləksiz buludlu havalar
paytaxtı cənginə alıb. Küləksiz Bakı oksigensiz səyyarə olar, həyat burda
dayanar. İyirmi iki il geofizikada mühəndis işlədiyimə yerin təki haqqında
məlumata malikəm. İstismarını başa vurmuş Bakı mədənlərində salınan
qəsəbələri görəndə məni dəhşət bürüyür. Neft mütəxəssisləri yaxşı bilirlər
ki, mədənlərdə qazılmış hər bir neft quyusu bugün istismar olunmasa da,
hər an o quyularda qaz yığılması ilə əlaqədar partlayış və ya neft fontanı
ola bilər. Dənizdən fərqli olaraq quruda qazılmış neft quyuları dayaz idi.
Adətən aşağı qatlarda qatı neft layları yerləşdiyi üçün dərinlikləri istismar
etmək mümkün olmurdu. Mən öz gözlərimlə şahidi olmuşam ki, dənizdə
iyirmi-otuz il qabaq istismarı bitmiş bir quyu yenidən özbaşına işə düşüb
on-on beş metr hündürlüyə fontan vurub. Və yaxud yüksək tutumlu elektrik
xətlərinin altında tikilən evlər, adam baxanda vahimələnir. Yüksək tutumlu
elektrik xətlərindən gələn dalğalar o evlərin sakinlərini hansı xəstəliklərə
düçar etməz? Belə ərazilərdə qəsəbələr yox, meşə zolaqları salmaq lazım
idi. Görəsən, o torpaqları insanlara satan can alverçiləri o yerlərdə tikilən
tikililərin gələcəkdə hansı fəsadlar törədə biləcəyinin fərqindədirlərmi?!
İndi görün bizim yaşam haqqımız hansı keçilməz qalalara sipərdir? Bu
baxımdan insanlarımızın məlumatsızlığı, savadsızlığı da adamın ürəyini
ağrıdır. Deyəsən bizim insanlarımızın ən qatı düşməni kitabdır, mətbuatdır.
Belə olmasaydı bu barədə az da olsa məlumatları olardı, təhlükəli yerlərdə
yaşayış evləri salmazdılar. Özü də salınan evlər hərəsi bir istiqamətə
baxır. Mən bir dəfə bir xarici vətəndaşın dilindən eşitmişəm ki, sizə təkcə
ermənilər yox, siz öz-özünüzə də düşmənsiz, belə olmasaydı salınan
qəsəbələrdə evləriniz hamısı bir istiqamətə baxardı, bir-birinin əksinə yox!
Mənə elə gəlir ki, Avropa insanı heç vaxt belə addım atmazdı, çünki onlar
bizdən çox-çox məlumatlıdırlar. Yeri gəlmişkən bu dərdləri sizə söyləməklə
mətləbdən uzaq düşmək istəmirəm. Qayıdaq tarixi abidələrə…
Tarixi abidələr millətin qədimliyini təsdiq edən əsas amillərdən biridir.
“Tağayım” poemasında bir misrada adını çəkdiyim Çıraqqalanın məsud,
məlul görkəmindən yana-yana yazmağınız bir söz adamının keçmişinə
olan sonsuz sevgi və məhəbbət hissinin mücəssəməsidir. Vətən sevgi-
si övlad, ata, ana, yar, insan gözünü qamaşdıran var-dövlət sevgisindən
77
üstün olanda o millət, o millətin tarixi, mədəni, ədəbi dəyərləri, bütünlüklə
mənəviyyatı yaşam haqqı qazanır, əlbəttə ki, doğulduğu yurdu ilə bir yerdə!
Sizin “Adı Şadiman olan…” əsərinizdə Vətənə olan sevginizi bariz şəkildə
duydum və dərk elədim Allah bu sevgini söz adamının əlindən almasın, o
cümlədən sizin… Siz mənim başı bəlalı, sinəsi yaralı Qarabağla bağlı şeir
və poemalarım barədə önəmli təhlillər verirsiz.
Bir çoxları mənə sual verir ki, sən nə Qarabağda, nə də Qərbi Azərbay-
canda doğuldun, o yerləri tanımadın, bəs necə olub ki, o torpaqlara bu
qədər poemalar, şeirlər həsr etdin? Bəs bu yanğı səndə necə yarandı ki,
sən belə çalxalanıb “Xocalı Soyqırımı” poemasını, “Kahada ölüm hökmü”
dramını yazdın? Axı sən nə müharibənin dəhşətlərini gördün, nə o yerlərin
sakini oldun, bəs necə yarandı bu yazdıqların?! Təəssüflə qeyd etməliyəm
ki, bu sualları mənə sənətdə olan şair və yazıçılar ünvanlayıb. Mənə elə
gəlir ki, şairə, yazıçıya, müharibədə olmaq, o torpaqlarda doğulmaq yox,
Allahın verdiyi coşqun ilham və vətəndaşlıq yanğısı lazımdır. Bu iki duyğu
birləşəndə xariqələr yaratmaq olar. Necə ki, bu səpkidə yazanlarımızın
atəşi onların yazdıqlarından duyulmaqdadır. Əli Rza müəllim, siz “Adı
Şadiman olan…” kitabınızda “Canım Qarabağ” şerimə elə təhlil verdiz
ki, elə fikir və əql süzgəcindən keçirtdiniz ki, adam heyrətlənməyə
bilmir. Şerimizin mürəkkəb janrı sayılan qəzəllərimə verdiyiniz təhlil,
tənqidi düşüncələriniz təqdirəlayiqdir. Ustad sənətkarımız Ənvər Nəzərli
ilə bağlı yazdığım məqaləm barədə fikir meyarınız sənətə və sənətkara
verdiyiniz insani qiymətinizlə uzlaşır. “Adı Şadiman olan...” kitabınız
“Kredo”nun səhifələrində bir ilə yaxın çap olundu, bu bir çoxlarını,
xüsusilə özlərini dahi sayıb mənim yazdıqlarımı cəfəngiyyat adlandıranları
çox qıcıqlandırdı, hətta mənim üzümə tərs şillə kimi söz ilə vurdular bu
qınaqları… Allahın verdiyi ilhamı vərəqlər üstünə tökməyə nə var ki,
ağ zıgöyçəklərin dillərindən qopub ürək yaralayan xətaları olmaya… Bu
xətalar zaman-zaman söz adamının yolunda qayalardan qopan nəhəng
daşlar kimi dığırlanıb, onu keçilməzləri aşıb keçməyə məcbur edib, bəlkə
elə nə yaxşı ki, ağzıgöyçəklər var, yoxsa nə yanğı olardı, nə də yanğı ilə
aşıb-daşan ilham…
Hörmətli, Əli Rza müəllim, sizə minnətdarlıq hissilə bildirmək istə-
yirəm ki, siz yenidən heç bir təmənna ummadan mənim yaradıcılığıma
müraciət etmisiniz. Qərbi azəri türklərinin həyatından bəhs edən “Burdan
bir atlı keçdi “poemamı təhlil etmək qərarına gəldiniz. Mən poemanı necə
78
heyrətlər içində duyğulanıb qələmə almışdımsa, siz də Vətənə olan sevgi və
məhəbbət hissilə onu təhlil və tənqid etdiniz. Bu poema sizi vəcdə gətirdi
və siz ondan “Axtala əfsanəsi” adlı kitab hasil etdiniz. Hörmətli həmkarım,
şair, yazıçı olmaq üçün nə bizə xarici adlar, nə də xarici məkanlar lazımdır,
çünki bizim özümüzdə o qədər yazılası və tarixin yaddaşına köçürüləsi
mövzular var ki, nəinki bizim özümüzü, hətta yazılıb tərcümə olunsa dünya
xalqlarını vəcdəyə gətirər. Siz poemayla tanış olandan sonra heyrətləndiniz
və poemanı təhlil etmək barədə öz istəyinizi mənə bildirdiniz. Açığını dey-
im ki, heç vaxt öz yazdıqlarıma aludə olmamışam və onlardan gəlir mənbəyi
kimi istifadə etməmişəm, bu sənətə də peşə kimi baxmamışam, amma
yazmaq eşqi bir an məni tərk etməyib, nə orta məktəbdə, nə ali məktəbdə,
nə də sənətimə yad olan geofizikada mühəndis işlədiyim zamanlarda. Mən
tamamilə yaradıcılıqda azad olmuşam və heç zaman onun ətəyindən asılıb
qalmamışam. Sizin ikinci dəfə mənim yaradıcılığıma müraciət etmək
istəyiniz məni sonsuz dərəcədə duyğulandırdı. Allahıma şükürlər etdim ki,
nə yaxşı siz varsız, “Kredo” var. Mənim kimi sayılmayanların, diqqətdən
kənarda qalanların ümid yerinə, dayaq qalasına çevrildiniz. Allah sizi kimi
qeyrətli kişilərimizi nəzər-diqqətində saxlasın, həmişə ilhamla olasız.
İlhamınız sizi bir an belə tərk etməsin.
İndi sizə və istəkli oxucularıma Sizin könlünüzü ehtizaza gətirən “Burdan
bir atlı keçdi” poemasının yaranması səbəblərini açıqlamaq istəyirəm. Mən
1985-ci ildən “Neft Daşları”nda Geofizika idarəsində mühəndis peşəsində
çalışırdım (Baxmayaraq Bakı Universitetinin humanitar fakültəsini
bitirmişdim, bu peşəni təcrübəylə əxz etmişdim). Bir gün bizim idarəyə
Məmməd adlı bir mühəndis gəldi. O, əslən qərbi Azərbaycandan idi. Yəni
indiki Ermənistan dediyimiz dövlətin vətəndaşlarından biri idi. 1988-ci il
hadisələrindən sonra onun da əhli-əyalı ordan köç edib, yəni əzəli vətən
torpaqlarını tərk etmək məcburiyyətində qalıb. O, Axtala adlı yurdunda
qoyub gəldiyi təzəcə tikdiyi evindən, atasının iki qatlı imarətindən, buz bu-
laqlardan, yaylaqlardan, meşələrdən yana-yana mənə nəql edirdi, həmişə
deyirdi ki, biz yiyəsiz olduq, əzəli vətənimizi yağıya ərməğan etdik. O dey-
irdi ki, Mən Neft Akademiyasını bitirib öz kəndimə qayıtmışdım. Oradakı
filiz yataqlarında işləmək fikrində idim, evi yıxılmışlar təzə tikdiyim
evimdə qoymadılar bir gün də yaşayım, heç evin divarlarının suvaqları
qurumamışdı, əfsus ki, erməni xainlərinə qismət oldu. O mənim 1991-ci
ildə işıq üzü görmüş “Ürək, niyə ağrıyırsan?” kitabımla tanış idi. Mən
79
həmişə iş bitdikdən sonra öz yaradıcılığımla məşğul olurdum, könlümü
titrədən, məni riqqətə gətirən duyğuları kağızlar üstünə tökürdüm. Bir gün
o, ata-babası Vəliyev Qasım Hüseyn oğlu barədə məni hədsiz dərəcədə
həyəcanlandırıb heyrətə salmış və əlimə qələm alıb poema yazmağa məcbur
etmiş bir hadisəni nəql etdi. O özü də gözləmirdi ki, bu sonradan hansısa
bir poemanın mövzusuna çevrilə bilər. O dedi ki, siz bizi qorxaq saymayın,
biz hamımız ordan çıxıb qaçdıq, biz qorxaq deyilik, biz Ermənistanın
vətəndaşı idik, əlimizdə nə top var idi, nə tüfəng. Əslinə baxsan ermənilər
özləri də rusun və xarici havadarlarının çaldığı ilə oynayan, iki yüz ildi
beyinləri zəhərlənmiş bədbəxtlərdir. Heç vaxt onların nə tarixi vətəni, nə
tarixi torpağı olub. Sadəcə olaraq, ruslar türk millətinə qarşı onları sipər
kimi işlədib və bu gün də onlar bu tələnin içindədir. Vallah hesab aparılsa
indi orda heç bir milyon erməni yoxdur, çünki hadisələr başlayanda bu
oyundan qaçan ermənilər də evlərini dəyər-dəyməzinə satıb oranı tərk
edirdilər. Bu torpaq heç zaman onların tarixi vətəni olmayıb. Dünyanın
harasına baxsan orda erməni taparsan, əslən onlar qaraçı qövmüdür. Bu gün
alban əlifbasını, alban dinini mənimsəmiş ermənilərin kimliyini özlərindən
başqa bilən yoxdu. Onlar daima bizim qapı-bacamızda işləyərdi. Hadisələr
başlayanda bizim kəndimizə də haradansa saqqallılar axışmağa başladılar.
Yerli ermənilər özləri də onları tanımırdılar. Biz oradan köç edib çıxanda
yetmiş beş yaşlı babam da güclə, zorla yığışdı, heç çıxmaq istəmirdi yur-
dundan… Evindən heç nə götürməmiş kəndi tərk etdi. Altı ay idi bizi Xızıya
yerləşdirmişdilər. O vaxt bizimkilər Qarabağda məskunlaşmaq istəyirdi,
amma o zamankı hakimiyyət, kürsü düşkünləri buna icazə vermədi. Çox
təəssüf, biz həmişə etdiyimiz səhvlərə görə sonradan başımıza döyürük,
onda da gec olur. O zaman da belə oldu. Amma köç gələndən altı ay sonra
babam Novruzqabağı qarısı Tükəzban nənəmi götürüb Axtalaya, düşmən
içinə qayıtdı. Düz altı ay düşmən içində qaldı, hətta məktəb yaşlı əmim
oğlunu da özüylə bərabər aparmışdı. Orda qaldığı müddətdə bostan əkdi,
mer-meyvə yığdı. Saqqallılar azğınlaşanda babamın tanışlarından biri yerli
erməni onu köçü ilə birlikdə sərhəddən Gürcüstan tərəfə yola salmışdı. O,
Xızıya qayıtdıqdan sonra xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu ağır
xəstəliyə tutulmağının səbəbi onun yurd həsrəti idi. İş yoldaşımın babası
haqqında söylədiyi həm ürək parçalayan, həm insan mənliyini, ləyaqətini
riqqətə gətirən acı hekayət mənim könlümdə fırtınalar yaratdı. Mən
qərbi azərbaycanlı Məmməd qardaşımdan yaşadıqları yer-yurd adlarını
80
birər-birər soruşub kağıza yazdım, sonra bir günün içində o ər oğlu, el
arasında Köndüoğlu ayaması ilə tanınmış Axtalalı Qasım kişinin şərəfinə
“Burdan bir atlı keçdi” poemasını yazdım. Poema hasil olanda Məmməd
heyrətdə qalmışdı, dedi ki, o qədər təsirli çıxıb ki, elə bil sən də o tor-
paqlarda doğulmusan. Bəlkə sənin də əslin oralara gedib çıxır, bu qədər
yanğı ilə yazdın bu əsəri. Dedim yox, qardaş, mənim əsil-köküm Bakının
yüz on kilometrliyində şimal hissədə yerləşən Siyəzəndəndir. Vətən eşqi
olan yerdə nə tayfa, nə bölgə?! Bizim bir Vətənimiz var, o da başıbəlalı
Azərbaycandır, onun nə şimalı, nə şərqi, nə qərbi, nə cənubu?! Təki içində
Vətən eşqi, millət təəssübkeşliyi olsun, bir də yeri-göyü titrədən ilham
olsun, amma çox təəssüflər olsun ki, mən bu poemanı onun ölümündən
sonra qələmə almışam, çünki Məmməd bizim idarəyə gələndə artıq
babası Köndüoğlü Qasım kişi dünyasını dəyişmişdi. Mən Köndüoğlunun
mərdliyindən, cəsurluğundan qürurlandım, bu gün də o ər kişinin ruhu
qarşısında baş əyirəm! Altı ay düşmən dövlətin içinə gedəsən və bu günlər
ərzində yağı əhatəsində yaşayasan, bəs bu kişinin qurd ürəyinə necə vurul-
mayasan?! İnanıram ki, əldən çıxmış Vətən torpaqları gec-tez öz doğma
sakinlərinin ixtiyarına veriləcək. Atalar demişkən “haqq nazilər, üzülməz”.
Mən də bu bağlılıqların üzülməyəcəyinə əminəm, bu gün biz yaşlı insanlar
bunu görməsək də, gələcək nəsillər bunun şahidi olacaq.
Əli Rza müəllim, özünüzün dilə gətirdiyi kimi mən “Burdan bir atlı
keçdi” sizin “Axtala əfsanəsi” adlandırdığınız poemamı yanğı ilə qələ-
mə aldım. Siz də elə həmən yanğı və ilhamla, bir zərgər dəqiqliyi ilə,
yüksək sənətkarlıqla onu təhlil etdiniz. Bu sənətkarlıq önündə adam hə-
yə canlanmaya bilmir. Allahıma şükürlər edirəm ki, yaradıcılığım sizin
diqqətinizi cəlb etdi, çünki siz təhlil etdiyiniz hər bir əsərə, mübaliğəsiz
deyərdim ki, ikili ömür bəxş edirsiniz, sanki oxucuları biganəlikdən ayıl-
mağa səsləyirsiz. Bu gün bizim torpağımızın yaralarından qan sızır, amma
biz efirimizdə səhərdən axşamadək bayağı, boğazdan yuxarı kəlmələrin,
adamda ikrah hissi doğuran şit-şit verilişlərin şahidi oluruq. Elə bil ki,
bu ölkənin torpaqları işğal altında deyil, ekranda dəyərli, insanı hünərə,
vətənpərvərliyə səsləyən proqramlar yox dərəcəsindədir. Biz bunu nə
şəhər küçələrində asılan reklamlarda, nə də adamlarımızın çöhrəsində hiss
etmirik. Ölkəmizə təşrif buyuran xarici qonaqlar da yəqin ki, bu milləti
iyirmi faiz torpağı işğal altında olan xalqa bənzətməz. Ekranımızı, efirimizi
81
müğənnilər işğal edib, çoxunun da səsinə yox, ancaq geyiminə tamaşa
etməli olursan, çünki səs əvəzinə paltar nümayiş etdirirlər.
Müharibə mövzusundan söz düşmüşkən, onu da sizin nəzər-diqqətinizə
çatdırmaq istəyirəm ki, kifayət qədər tanınmış, ad almış şair və yazıçılardan
həm efir vasitəsilə, həm də təqdimat yığıncaqlarında təmasda olarkən
eşitmişəm ki, bu mövzuda qan-qırğın gedən zamanı yazmaq olmaz. İyirmi
il, otuz il keçər sonra bu hadisələr qələmə alınar, yoxsa bir çox yanlışlıqlar
ola bilər. Xalqımızın bir atalar məsəlində deyilir: “Dəmiri isti-isti döyərlər”.
Fikrimizcə, yaradıcı adamlar hadisələri isti-isti qələmə almalıdırlar, çünki
biz işğala məruz qalmış xalqıq, işğal etmiş yox! On ildən, iyirmi ildən son-
ra isə qoy alimlər, tənqidçilər təhlil etsinlər. İstəkli oxucular, bir məsələni
də sizin diqqətinizə yönəltmək istəyirəm ki, yaratdığım surətlər bizimlə
eyni zaman kəsiyində yaşayan insanlar olub, bir çoxu dünyasını dəyişib
haqq dünyasına qovuşub, bir çoxu isə Allah verən ömrü yaşayır.
Siz isə, Əli Rza müəllim, yenidən mənim yaradıcılığıma müraciət
etməklə, əsir torpaqlarımızdan bəhs edən “Burdan bir atlı keçdi” poe-
masına qayıtmaqla, bu əsərdən “Axtala əfsanəsi” adlı ədəbi, tənqidi kitab
yazmaqla bir daha o ər kişinin ruhunu şad etmiş oldunuz. Əhsən, sizin
alim təxəyyülünüzə, vətəndaşlıq qeyrətinizə!.. Nə yaxşı ki, Köndüoğlu
kimi ər kişilərimiz, sizin təki istedadlı söz fədailərimiz var. Deməli,
Vətən yaşayacaq, millət yaşayacaq. Bu yaşam içindən boylanan fidan
körpələrimizin canı sağ olsun, onlar sabah qüdrətli Azərbaycanımızın
qeyrətli igidləri olacaqlar. İgidləri olan Vətənsə basılmaz, övladları özgə
künclərinə qısılmaz.
Sizə isə deyirəm, ey qələm əhli, ey özünü şair, yazıçı timsalında görən
soydaşlar, yazıb-yaratmaq üçün millətdən qaçıb gizlənib kabinetlərə yar
olmaq yox, xalqın içinə getmək, onun hal-əhvalını sormaq, onunla təmasda
olmaq vacibdir. Nə avropasayağı yazmaq, nə də əcnəbi adlar işlətmək
lazımdır, dünyəvi şair və yazıçı olmaq istəyirsizsə, elə bu Vətəndən, bu
millətdən onun şirin, həzin diliylə ilhamını cilalaya-cilalaya dərdlərini
vərəq-vərəq kitablara köçürt, onda həm öz məmləkətinin, həm də dünyanın
yaddaşında qalarsan…
Dostları ilə paylaş: |