NTFS fayl sistemi. Bu fayl sistemi Microsoft Windows NT ailəsindən olan əməliyyat sistemləri üçün nəzərdə tutulmuş standart fayl sistemidir. Burada NTFS yazılışı New Technology File System (Файловая Система Новой Технологии/Yeni Texnologiya Fayl sistemi) sözlərinin baş hərflərindən yaranmışdır. NTFS fayl sistemi indiyə qədər Windows NT, Windows 2000, Windows Vista sistemlərində istifadə edilmiş və hazırda Windows XP və Windows 7 əməliyyat sistemləri ilə işləyən bütün müasir kompüterlərdə əsas fayl sistemi kimi tətbiq edilir.
Bu fayl sistemi FAT–la müqayisədə yüksək sürətli xarakteristikası, etibarlılığı və uyuşanlığı ilə fərqlənir. NTFS – də verilənlərin strukturu Active Directory xidmətinin reallaşmasına imkan verir. NTFS – ə həmçinin korporotiv fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün mühafizə funksiyaları daxil edilib.
NTFS fayl sistemi fayllar haqqında məlumatları “MFT” Master File Table (Главная файловая таблица/Əsas fayl cədvəli) cədvəlində saxlayır. Bu cədvəldə adətən diskdə saxlanılan faylların sayı qədər sətir olur və hər sətrdə konkret fayl haqqında məlumatlar (ünvan, ad, ölçü və s.) yerləşir.
Digər fayl sistemləri kimi NTFS fayl sistemi də bütün disk oblastını kiçik hissələrə - klasterlərə bölür və fayllar isə parçalanaraq həmin hissələrdə yerləşdirilir. Bu fayl sistemi 512 baytla 64Kb arasında istənilən ölçülü klasterdən istifadə edə bilir. Bununla yanaşı standart hal üçün (susmaya görə) 4Kb ölçülü klasterdən istifadə edilir. Faylların klasterlərdən istifadə etməklə diskdə yazılıb saxlanması qaydasını aşağıdakı misalla izah etmək olar.
Tutaq ki, klasterin ölçüsü 4Kb-dır. Biz isə 5Kb ölçüdə faylı saxlamaq istəyirik. Bu halda həmin fayl bir klasterə yerləşmir və ona görə də iki klaster, yəni 8Kb yaddaş hissəsi ayrılır. Belə ki, faylın ölçüsündən asılı olmayaraq ona həmişə tam klasterlər ayrılır. Hətta faylın həcmi cəmisi bir bayt olsa belə, yenə onun üçün bir klaster ayrılır.
NTFS-in FAT–la müqayisədə əsas üstünlükləri aşağıdakılardır:
verilənlərin mühafizəsinin müasir texnologiyasından istifadə imkanı;
fayl və qovluqların şifrələnməsi, sıxılması və bərpası imkanı;
tranzaksiya texnologiyasının tətbiqi ilə fayl sisteminin yüksək etibarlılığı. Bu texnologiyaya əsasən jurnalda disklərlə iş avtomatik olaraq fayl və qovluqların tərkibindəki bütün dəyişikliklər qeyd olunur ki, bu da sistemin nasazlığı və ya qida mənbəyindən açılmasından sonra başa çatmayan əməliyyatların təkrarına və ya imtinasına imkan verir;
nasaz sektorların meydana çıxmasında klasterlərin əvəz olunmasının (cluster remapping) təmin edilməsi. Klasterdən təkrar istifadə etməmək üçün onun ünvanı yadda saxlanılır;
böyük ölçülü fayl və bölmələr dəstəklənir. Nəzəri olaraq fayl və ya bölmənin ölçüsü 16 Eksabayta kimi ola bilər. NTFS bölməsinin ölçüsü 50 Mbaytdan az olmamalıdır;
fayl, qovluq və disklərin avtomatik sıxılmasını və açılmasını dəstəkləyir;
hər bir istifadəçi ayrıca “Səbət” (Recycle Bin) ilə təmin olunur.
NTFS fayl sistemi verilənlərin sıxlaşdırılmasına imkan verir. Bu əməliyyat bir qayda olaraq diskdən (yaddaş sahəsindən) daha optimal istifadə etmək məqsədi daşıyır. Windows 7 əməliyyat sistemində faylların sıxlaşdırılması üçün iki standartdan – NTFS fayl sistemi və ZIP proqramından istifadə edilir. Bununla belə, Windows 7 əməliyyat sistemi NTFS fayl sistemində formatlaşdırılmış disklərdə saxlanılan faylları avtomatik olaraq sıxlaşdırır. Sıxlaşmış faylı bələdçi proqramı və ya tətbiqi sistem vasitəsilə açarkən avtomatik olaraq onun sıxlaşmadan əvvəlki vəziyyəti bərpa olunur, yəni, fayl ilkin vəziyyətdə olduğu kimi ekrana çıxır. Eyni zamanda, yenidən yaddaşda saxlanma əmri icra olunduqda fayl avtomatik olaraq təkrarən sıxlaşdırılır. Adətən, istifadəçilər Windows sisteminin quraşdırılması prosesində və eyni zamanda, mövcud diski bölərkən və ya yeni disklər əlavə edərkən konkret fayl sistemini seçməli olurlar. Belə hallarda qəbul edilən seçim variantı isə, təbiidir ki, yeni yaradılan disk tomlarının ölçüsündən asılı olur. Əksər hallarda FAT32 və NTFS fayl sistemlərinə üstünlük verilir. Kiçik həcmli disklər üçün isə FAT16 fayl sistemindən istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, bu və ya digər fayl sistemi, məsələn, FAT32 quraşdırılıbsa, sonralar onu çox asanlıqla NTFS fayl sistemi ilə əvəz etmək olur. Bu əməliyyatı Windows 7 əməliyyat sisteminin convert utilitinin köməyi ilə yerinə yetirmək mümkündür. Lakin diskdə NTFS fayl sistemi quraşdırılıbsa və FAT32-yə keçmək lazımdırsa, bu halda, ümumiyyətlə, Windows sistemini yenidən quraşdırmaq və diski yenidən formatlaşdırmaq lazım gəlir. Bunun nəticəsində isə diskdəki bütün informasiya silinir. Amma hal-hazırda diskdəki, informasiya silinmədən bu çevirməni yerinə yetirən Aomei və Macrorit proqramları yaradılıb.