Bu formata görə faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır.
MS DOS əməliyyat sistemində faylın adındakı simvolların sayı 1-dən 8-ə kimi, genişlənməsi isə, adətən üç simvoldan ibarət olurdu. Bu zaman faylın ad və genişlənməsində latın hərflərindən istifadə oluna bilərdi. Məsələn, command.com, autoexec.bat, prog_1.doc və s.
Windows əməliyyat sisteminin yaranması ilə «uzun» adlı fayl anlayışından istifadə olundu. MS DOS əməliyyat sistemindən fərqli olaraq, Windows əməliyyat sistemində fayl və qovluqların (kataloqların) adlandırılmasında uzunluğu 255 simvoldan ibarət sətirdən istifadə etmək olar. Bu adlara «uzun» adlar deyilir. «Uzun» adlarda idarəedici (kodu 31-ə kimi olan) və \ / : * ? '' < > | simvollarından başqa, bütün simvollardan istifadə etmək olar. «Uzun» adlarda boşluq və bir neçə nöqtədən istifadəyə icazə verilir. Sonuncu nöqtədən sonrakı bütün simvollar adın genişlənməsi hesab olunur.
Adın genişlənməsi faylın tipi ilə bağlı olduğundan onu dəyişmək olmaz. Əsasən, adın genişlənməsi üç hərfdən ibarət olur. Bəzən isə, Windows 7 əməliyyat sistemi altında işləyən proqramların fayl adının genişlənməsi dörd və ya beş simvola qədər olur. Məsələn:
infor.txt
ali.doc
said.docx
hasan.wav
said.bmp
format.com
config.sys
tb.exe
autoexec.bat
hesabat.xlsx
market.accdb
Faylın adının genişlənməsi onun məzmunu barədə informasiya verir və aşağıdakı standart işarələrdən istifadə olunur.
“.com”, “.exe” – maşın kodlarında ifadə olunmuş, yüklənməyə və icraya hazır olan proqram fayllarıdır.
“.bat ” – əmrlər faylı və ya paket faylının genişlənməsini ifadə edir. Bir neçə ardıcıl proqramların və ya əmrlərin icrası üçündür. Əslində bu əmrlərin adları yazılan mətn faylıdır və yazılış ardıcıllığı ilə də icra olunur. Məsələn, autoexec.bat faylı kompüter yüklənərkən icra olunur.
“.txt”, “.doc” və “.docx” – mətn və sənəd tipli fayldır.
“.wav” – səs tipli faylı göstərir.
“.bmp” – rəsm tipli faylı göstərir.
“.jpg” – statik təsvir tipli faylı göstərir.
“.gif” – animasiya tipli faylı göstərir.
“.xls” və “.xlsx” – elektron cədvəl faylını göstərir.
“.mdb”, “.accdb” və “.dat” – verilənlər bazası faylını göstərir.
“.ppt”, “.pptx” – təqdimat faylını göstərir.
“.bas” – Basic dilində ilkin proqram faylıdır.
“.pas” – Paskal dilində ilkin proqram faylıdır.
“.bak” – faylın surətini göstərir.
“.sys” – sistem faylını göstərir.
“.c” – c dilində ilkin proqram faylıdır.
“.asm” –assembler dilinin proqram faylıdır.
“.tmp” – əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayldır.
“.dll ”, “.lib”, “.obj” - kitabxana fayllarını göstərir.
“.hlp” – məlumat, kömək faylını göstərir.
“.html”, “.htm” – internet sənədinın formatını ifadə edir.
“.pst”, “.pab” – elektron poçtu ifadə edir.
“.wav”, “.mp3”, “.mid” – rəqəm formatında olan səs fayllarını göstərir.
“.avi”, “.mpg”, “.vob” – rəqəm formatında olan video fayllarını göstərir.
“.zip”, “.rar”, “.arj”, “.tar”, “.jar”, “.cab”, “.lrh” – arxiv fayllarının genişlənməsini göstərir.