1cinin davamı Astronomiya elminin qarşısında duran məsələlər Astronomiya elminin qarşısında ardıcıl həlli tələb olunan üç məsələ durur:
Göy cisimlərinin fəzada əvvəlcə zahiri (görünən) , sonra isə həqiqi vəziyyətinin və hərəkətlərinin öyrənilməsi, onların ölçülərinin, formalarının və onlara qədər olan məsafənin təyini.
Göy cisimlərinin fiziki quruluşunun öyrənilməsi, yəni göy cisimlərinin səthində və dərinliklərində fiziki şəraiti ( sıxlıq, temperatur və s. ) və kimyəvi tərkibin öyrənilməsi.
Göy cisimlərinin və onların sistemlərinin əmələ gəlməsi və inkişafı problemlərinin həlli.
Bu məsələlərinin həlli tədqiqatın həm nəzəri, həm praktiki effektiv metodlarının yaradılmasını (tapılmasını) tələb edir.
Birinci məsələ çox qədim zamanlardan başlayan müşahidələr yolu ilə və son 300 ildə müəyyən edilmiş mexanika qanunlarına əsasən həll edilir. Ona görə də astronomiyanın bu sahəsində daha dolğun məlumat mövcuddur (xüsusi ilə Yerə ən yaxın olan Ay, Günəş, planetlər, asteroitlər və s . haqqında).
İkinci məsələ - göy cisimlərinin fiziki quruluşu və kimyəvi tərkibi haqqında biz çox az məlumata malikik . Bu haqda məlumatlar fotoqrafiyanın və spektral analiz metodunun kəşfindən sonra toplanmağa başlandı. Göy cisimlərinin fiziki xasələrinin öyrənilməsinə XIX əsrin II yarısından başlandı. İkinci məsələnin əsas problemləri isə yalnız son illər öyrənilməyə başlanmışdır.
Üçüncü məsələ birinci və ikinci məsələyə nisbətən xeyli mürəkkəbdir. Bu məsələnin həlli üçün toplanmış müşahidə materialları hələ kifayət deyildir. Astronomiyanın bu sahəsində bizim biliklərimiz ümumi fərziyyələr və az-çox həqiqətə uyğun olan hipotezlərlə məhdudlaşır.