03.02.2013
QARAKƏND GÖYLƏRİNDƏ
Azərbaycanın Milli Qəhrəmanı
Fəxrəddin İbrahim oğlu Şahbazov
(1950 – 1992)
Həyat-fəxarət oldu,
Ölüm-şərafət oldu,
Vətən, şəhidin olmaq
Mənə də qismət oldu.
Fəxrəddin 22 yanvar 1950-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1967-ci ildə 20 saylı orta məktəbi bitirdikdən sonra, Bakı Energetika Texnikumuna daxil olub. 1969-cu ildə hərbi xidmətə çağırılan Fəxrəddin, ordudan tərxis olunduqdan sonra, yarımçıq qalmış təhsilini başa vuraraq, Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb. Uzun müddət operator kimi nöqsansız fəaliyyət göstərib. Tez-tez jurnalistlərlə birlikdə sərhəd bölgələrinə gedən Fəxrəddin qaynar xəbərləri lentin yaddaşına köçürüb tamaşaçıya çatdırırdı.
O, 1990-cı ildə ziyalıların da daxil olduğu qrupla cəbhə bölgəsinə - Xocavənd və Ağdama yollandı. O gün noyabrın 20-si idi. Sən demə, erməni quldurları Mİ-8 vertoloyotunu çoxdan gözləyirmiş. Qarakənd səmasında atəşə tutulan vertolyot alovlar içərisində yerə çırpıldı. O gün xalqımızın neçə-neçə dəyərli, ziyalı oğlu namərd gülləsinin qurbanı oldu. F.Şahbazov da onların içərisində idi.
Ailəli idi. İki qızı var.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna, ölümündən sonra, Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Əcəl quşu can aldı,
Qarakənd göylərində.
Hava birdən qaraldı,
Qarakənd göylərində.
Ağdamdan uçmuş olduq,
Qara günə tuş olduq,
Xainliklə vurulduq
Qarakənd göylərində.
Çox bəladan ötüşdüm,
Dildən dillərə düşdüm.
Şahbazdım, yerə düşdüm
Qarakənd göylərində.
22.01.2012
QAFQAZ İSLAM ORDUSUNUN
90 İLLİYİ MÜNASİBƏTİLƏ...
Nuru Paşanın qardaşı,
Ənvər Paşanın nəvəsi,
Arzu xanımın TRT – 1
Televiziya kanalındakı
çıxışından sonra qələmə aldım
bu qəhrəmanlıq dastanını...
“Qafqaz İslam Ordusuyuq” biz,
Qardaş, Azərbaycanda qalıb izimiz.
Qələmim yazır...
Xəyalın qanadında
Yola çıxdım,
Sevinci itirdim uca dağlarda.
Elə orada daş olub qalasıydım.
Od olub göylərdən yağasıydım.
söyləyin,
axmaya bilərmi
gözlərimin yaşı?
QardaşAzərbaycanda qalıb izi
dalğın xəyalımın,
dövr edir aləmi.
Xəstə könlüm ahu-fəğan eyləyir,
Dil açıb dərdimi bəyan eyləyir.
Ürək gülüşünü boğur əlləriylə,
Türk oğlu Nuru Paşaları
İtirdik o təlatümlü illərdə.
Ax, nələri itirmədik dəli sellərdə,
Çaşbaş düşən xəyallarım nədən desin,
Nədən yazsın axı
Açılır qəlbimin qəm vərəqləri.
Ey Rəbbim,
sənə yalvarıram,
Çəkilsin qələmimdən
Ayazlı-buzlu şaxtalar...
Çağır gəlsin,
Bu meydana
Aşıq Cünunu.
Bir “Cəngi” havası çalsın,
Hürküdüb,
igid dəliləri oyatsın.
Şəhid qəhrəmanların
Ruhunu oxşayıb oxusun.
Nəğmələrdən şeir çələngi toxusun.
Neynim, kimi sürünür,
Kimi yaşayır, kimi bezir.
Dünyanın yükünü çəkməyə
Kimi dözür, kimi azır...
Bakı torpaqları uğrunda
Can verən, qəhrəman,
Türk qardaşlarım,
29 yaşlı Nuru Paşadan
Soraq gözləyən,
Ey türk qardaş-bacılarım,
Məlul-müşgül xiyaban gəzirəm.
Qərib-qərib bu dağlardan ötdülər deyirəm.
Burda sərin bulaqlardan
əyilib su da içdilər...
Qılınc da oynadıb,
Zəfər də çaldılar.
Sən, ey əziz, mehriban şəhərim,
Sənə qardaş olub
Qarsım, İstanbulum.
İntiqam duyuram keçmişinizdən.
Keçmişinizi düşünüb xatırladıqca,
Zülmət dünyasını yada saldıqca,
Kin, qəzəb yaranır ötən günlərə.
Kök-köməcli yurdumun igid övladları,
Babalarımız kimi
kökümüzü qoruyaq!
Bir deyək, bir yerdə
qılınc çalaq,
Tanıtmaq üçün
Dünyaya kökümüzü.
Türk qardaşım
Xəyalım hey türk ellərin
dolanar, gəzər
Hər yanım göz oxşayan
mənzərələr.
Zəfər kitabında adın.
Özüm türk, qibləm Quran.
Sən ulusan, oğuz babam.
Əlini ver, dərələr keçim,
bələnlər aşım.
Aç qollarını, dola boynuma
torpağınızı birgə dolaşaq.
İki canda bir ürək
Türk qardaşım...
Birgə coşaq.
Türk qardaşlarıma məktubum
“Türk qardaşım” şeirim olsun.
GÜLTƏKİN ZİRVƏSİ
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI
Gültəkin Əsgərovaya həsr edilib
(poema)
Özü dağlar zirvəsində,
Gəmisi dəryada qaldı,
Bədəni Şəhidlər Xiyabanında
Başı Aranzəmin dağ zirvəsində...
1992-ci il Naxçıvanlı
istiqamətində
ağır döyüşlərdə...
İgid əsgərlərimizin bir hissəsi
düşmənin atdığı
qranatamyot mərmisinə
tuş gəldilər... Allah, Allah...
Göydən od-alov yağa-yağa
yaralı əsgərlərin
arxasınca qaçan
Banuçiçək kimi
mətin, qürurlu, qeyrətli
Gültəkin
vətən oğullarını
alıb çiyninə
bir, iki, üç...
Gətirir yardım maşınına,
Hospitala yetirmək üçün,
Yaralı qəhrəmanları yaşatmaq üçün...
Bu qəhrəman həkim-
Tibb xidməti zabiti Gültəkin
Dünya boyda döyünən bir ürək.
Görün-
Ürəyin nə boyda tutumu varmış?
Hər əzaba dözən ürək deyilmi?
Bədən tutumunda ürək olarmış?
Dözüm də, tutum da, o, tək deyilmi?
Rəfiqə ananın bala dərdi
dil açıb deyir:-
Bu, nə oxdu, ürəyimə atıldı?
Şuşa, Laçın təki
düyünlənib satıldı.
Diləklər, arzular
Qayalara çırpınıb asıldı...
Ah... həsrət də mənə döz deyir,
Ürəyimdə gəzən bu dərdi,
Kimə, kimə deyim, Allah?
Körpəcə Əminənin anası
Gültəkin şəhid oldu.
Axı onu kim, kim ovuda bilər?
Şəhidlərin ağrısını çiyninə götürüb,
Əyninə geydi vətən, köynəyini,
Ovcuna götürdü ana torpagı,
Vətən bayrağını ucaltmaq üçün,
Dan yerini gecəninn qaranlığından alıb
sabahı açmaq üçün... ax...of...
Necə kəsim
Şah damarımı mən?
axan qan Vətənimdir,
Vətənimdir, Vətənim.
Şəhidlik zirvəsi-
Vətən sevgisinin zirvəsi-
Gültəkin zirvəsi oldu.
Bir ümid var, solan deyil,
Düşmən zəfər çalan deyil,
And içirik qəbrinizə,
Şəhid unudulan deyil.
Ah...
Vətən oğullarımız, qızlarımız
qana dönüb
yaddaşlara yazılır,
sapa, sözə, misralara düzülüb
tarixə, yaddaşlara yazılır.
Ürəklərdən od-alov süzülür,
Qəm-dərddən, onların
Ürəyi vərəm bağlayıb, üzülür.
Rəfiqə ana yenə
sinə dolusu ah çəkir...
Elə bil ki, buxarlanıb qalxır göyə,
Sonra buluda çökür,
Gilələnib-gilələnib
buludun gözündən tökülür...
And içib deyir:
-balamın səsini bir də eşitsəm,
Əzrayıla can vermərəm, inan.
Çox əfsuslar
Ayrılıq qara xətt çəkdi,
Sevgi bağına...
Saraldı yarpaqlar,
töküldü bir-bir,
indi şəhiddir-dindi meşələr...
Göydən qrad-dəmir
Yağışlar yağdı...
Təbiət dəyişdi
gözümdə, keçdi.
Çöl-çəmənə matəm sükutu düşdü.
Onun çələng hördüyü
gül-çiçəklər də
solar, açılmaz bir də.
Hey ağlaram gözümdə sən,
dərd, kədər, ələm...
Gültəkin zirvəsində
göz yaşlarım bir Vətən,
bir şəhid bağı yaradaq
deyirəm bəlkə?!
Həsrəti dil açıb...
Qəlbim yanır,
olur bala möhtacı.
Sızıltıdan gözlərim
yaş axıdır acı-acı.
Yaramın yox əlacı.
İnildəyir könlümün simli telləri
Bağımın solur açan gülləri,
Məni özüylə aparır qəm yelləri.
Divanə kimi özümdən qaçar oluram.
Cismim yanır, ruhuma dərd ələnir,
Qara saçım qara ilməyə bələnir,
Qaynar qanım misralara çilənir.
Ana deyir: -Dərd əlindən əyildim,
Ya Rəbbim, mən ki, belə deyildim.
Xəzan kimi küləklərə döyüldüm.
Bəlkə balamı mələklər göyə çəkmiş?..
Gecələr şahı, ay inildəmiş...
Saçını yolub hönkürüb, ağlamış...
buludlar... ağlamış...
yağışlar sellənib bağıma dolmuş...
Əzrayıl qapıma gəlmiş,
Xəbərdən xəbərim yox mənim,
hey dilə tuturam dərdimi.
Amandır, Allahım,
halım yamandır.
Mənim qəlbim,
Ananın isə könlü yara...
Qoymayın, qoymayın,
Novruzla Rahilin
şəhidləşmiş səsləri
dağlarda...
əks-səda, səsi gəlir....
“Gültəkin”, “Gültəkin” deyir.
Sənsiz xarı bülbülün səsi
tutub aləmi.
Çatdın şəhidlik zirvəsinə
Qarabağda sən.
Qartaltək qıy vurdun
uca zirvədə,
qovuşdun əbədiyyətə sən.
Dağ zirvəsində bitdin gül təkin!
Qarabağın Xarı bülbülü - Gültəkin.
Bu şairin əlində qələm
hönkürüb, ağlar.
Gözlərində şəhidləri,
yanağında qanlı yaş...
Ağzında –
hey dili titrəyər, ağlar.
Vətənin öyünməyə haqqı-
Burla Xatunu var,
Həcəri, Nigarı var,
Salatını, Qarateli, Gültəkini var...
Ey tez açıb, tez solanlar, sizə
dastanlar qoşarlar,
ürəklərdə daim yaşarlar...
Ey vətənin qəhrəmanları,
Gənclər sizdən alacaq vətən dərsini,
Sizin qanınız alınmasa,
Güləmailin gözləri daim olar nəm.
Çəkər gecə-gündüz ah.
Ey Şəhidlərim ... Şəhidlərim...
Allah rəhmət eləsin sizlərə!
Qanınız yerdə qalmaz
İnşallah!
Dostları ilə paylaş: |