36. Tərbiyəvi təsirlərin psixoloji cəhətdən əsaslandırlması
Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçirməsi üçün psixoloji cəhətdən zəruri olan cəhətlərdən biri tərbiyəvi təsirlərin düzgün seçilməsindən ibarətdir. Tərbiyəvi təsirlərin düzgün seçilməməsi şagirdin davranışındakı qüsurların daha dərin köklər salmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq lazımdır ki, tərbiyəvi üsul və formalarından həmişə şablon halında istifadə etmək mümkün deyildir. Psixoloqlar hesab edirlər ki, tərbiyəvi üsulları tətbiq edərkən aşağıdakı cəhətlər hökmən nəzərə alınmalıdır. 1.Tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri.
2.Şagirdin daxil olduğu kollektivin xüsusiyyətləri.
3.Tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait.
Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb təcrübəsi göstərir ki, tərbiyəçilər, müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən müvafiq şəkildə istifadə edə bilmirlər. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti şagirdin onu necə başa düşməsindən də asılıdır. Psixoloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı müəllim və tərbiyəçilər bir məna, şagird isə tamamilə başqa bir məna görür. Yaşlılarla uşaqlar arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür məna maneəsinin yaranması tərbiyəvi tədbirin təsir gücünü zəiflədir. Müəllim və valideynlər məna maneəsi ilə məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. Yeniyetməlik dövründə məna maneəsi daha tez yaranır və çətinliklə aradan qaldırılır. Məna maneələri onunla xarakterizə olunur ki, sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir, lakin həmin sözün mənasını qavramır. Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi iki münasibətdə özünü göstərə bilir.
.Konkret adama münasibətdə məna maneəsi. Bu cür maneənin yaranması ən çox tərbiyəçi tərəfindən uşaqda olmayan motivi bir növ ona bağlamaq nəticəsində baş verir. Məsələn, uşaq xəstələndiyinə görə dərsdən gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə cəzalandırır. Yaxud onu təhqir edən yoldaşına cavab qaytaran uşağı da o birisi kimi intizamsız, xuliqan adlandırır. Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə qarşı məna maneəsi yaranır. Nəticədə həmin müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz tələb kimi qarşılanır.
Lakin konkret adama qarşı məna maneəsi müəllim tamamilə düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yarana bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi haqlı olaraq cəzalandırdığı halda, şagird kitabı olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn etməsi sayəsində məna maneəsi yaranır.
Bu cür maneələrin yaranması isə tamamilə başqa səbəblərdən irəli gəlir. Məsələn, tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi dəfələrlə təkrar edir. Nəticədə bu cür tələblərə uşaq o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması şagirdlərlə aparılan tərbiyəvi işin çətinləşməsinə, bir növ nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim şagirdin rəftar və davranışının motivlərini, onun baxışlarını, münasibətlərini bilməlidir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır.