39. “ Çətin “ uşaqlar və onlarla aparılan tərbiyəvi işlərin xüsusiyyətləri Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez “çətin uşaqlar” sözünə rast gəlmək olur. Əksər halda “çətin” uşaqların sırasına sözə baxmayan, şıltaq, tərs, intizamsız, kobud, tənbəl, yalançı və s. uşaqları daxil edirlər. Bu cür uşaqların pedaqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər. Adətən “çətin” uşaqların xüsusiyyətləri ən çox yeniyetməlik dövründə özünü göstərir. Psixoloji tədqiqatlar “çətin” yeniyetmələrin dörd qrupunu müəyyənləşdirmək imkanı vermişdir.
1.Emosional-iradi inkişaf səviyyəsində qüsurları olan yeniyetmə.
2.Pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi təsəvvürlərə yiyələnməyən yeniyetmə.
3.Əlverişli olmayan inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara biməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə.
4.Uyğun gəlməyən münasibətlərlə şərtlənən, xüsusi çətin tərbiyə olunanlar.
Psixoloqlar emosional sahədə problemlərin olması ilə bağlı kiçik məktəb yaşı dövründə “çətin” uşaqların meydana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq “çətin” kiçik məktəbli uşaqları üç qrupa ayırırlar.
1.Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz ki, həyatında heç olmasa bir dəfə təcavüzkar hərəkət etməsin. Lakin onların hamısını təcavüzkar adlandırmaq olmaz. Bu qrupa təcavüzkar hərəkətləri, reaksiyaları özünün affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənən uşaqları aid etmək olar. 2.Yüksək, idarə olunmayan səviyyəyə çatan emosional uşaqlar. Bu cür uşaqlar hər şeyə reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc hissi keçirirlərsə, öz davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər. Əgər onlar əzab, iztirab hissləri keçirirlərsə, onların iniltisi, ah-vayı, ağlamağı həddindən artıq uca olur.
3.Hədsiz küsəyən, utancaq, hər şeydən tez təsirlənən, qorxaq, həyəcanlı uşaqlar. Bu cür uşaqlar başqalarının diqqətini cəlb etməkdən utandıqlarına, qorxduqlarına görə öz hisslərini, problemlərini çox sakit keçirirlər.
Çox vaxt “çətin” uşaqların meydana gəlməsi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi üçün müvafiq şəraitin yaradılmaması, valideynlər arasında ciddi konfliktin olması, valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu və s. “çətin” uşaqların yaranmasının başlıca səbəbləridir. Kiçik məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə aşağıdakıları aid etmək olar.