DÖVLƏT İMTAHAN SUALLARI: Xüsusi metodikalardan 1.Məktəbəqədər müəssisələrin müxtəlif yaş qruplarında riyaziyyat məşğələlərinin təşkili.
Uşaqların yaş və bilik səviyyələrindən asılı olaraq, bağçada riyaziyyat təliminin müxtəlif metodları və priyomları tətbiq olunur.
Belə ki, ikinci kiçik yaş qrupunda təlim əyani-hərəki xarakter daşıyım. Uşaq yeni biliyi bilavasitə görmə, hissetmə, müəllimin hərəkətlərini müşahidə etmə və onun göstərişi ilə, didaktik materialla işləmək prosesində mənimsəyir. Bu qrupda məşğələ əsasən oyun elementləri ilə, gözlənilməz momentlərlə işləmək prosesində mənimsənir. Bu da uşaqları maraqlandırır, fəallaşdırılır və hadisəni diqqətlə izləməyə sövq edir. Bu və ya digər riyazi xassəni və ya əlaməti aşkar etmək üçün çox vaxt oxşar və ya fərqli xassələri (əlamətləri) olan əşyaların müqayisəsindən başlamaq olar. Qavrayışın dəqiq olması üçün nümayiş etdirilən əşyalarda uşağı maraqlandıran əlamətlər əl ilə bir neçə dəfə aydın göstərilməlidir.
Uşaqları öyrətmək lazımdır ki, müşahidə etdikləri əşyanın gözə tez çarpan əlamətlərini (oxşar və fərqli olanları) göstərsinlər. Burada əşyaların üst-üstə qoymaq, tutuşdurmaq və ya sadəcə olaraq ayrı-ayrı əlamətlərinə görə müqayisə aparmaq priyomundan istifadə etmək daha məqsədəuyğundur. Pedaqogika elmində bu cür yanaşma oxşar və fərqli anlayışların birgə formalaşdırılması metodu adlanır. Əlbəttə, bu yaş qrupunda bilavasitə əyaniliyin tətbiqilə həmin metodun elementlərindən istifadə etmək olar.
Təlim prosesində uşaqların didaktik materialla işinə daha çox yer verilir. Bunu “didaktik materialla iş” priyomu adlandırmaq olar.Bütün uşaqların fəallığını təmin etmək məqsədilə, müəllim hər bir yeni üsulun nümunəsini qabaqcadan özü göstərir. Mümkün səhvlərin olmaması üçün işin bütün priyomlarını xırda hissələrinə qədər ardıcıl surətdə izah edir. Buna pedaqogika elmində “müəllimin şərhi metodu” deyilir. Müəllimin şərhi olduqca sadə, aydın və uşaqların başa düşəcəkləri şəkildə olmalıdır. Bir qədər çətin olan momentləri 2-3 dəfə nümayiş etmək lazımdır. Nümayiş müəllimin izahı ilə paralel getməlidir. Şagirdlərin hərəkətində, nitqində baş verən səhvləri vaxtında düzəltmək və onları törədən səbəbləri aşkar etmək lazımdır. Hərəkətlə bağlı səhvləri əvvəlcə təkrar hərəkətlə düzəltmək və onları törədən səbəbləri aşkar etmək lazımdır. Uşaqlar lazımi hərəkət vərdişi qazandıqdan sonra baş verən səhvləri düzəltdirmək üçün müəllim sözlə göstəriş verir. Bu yaş qrupları emosional qavranılan materialı tez mənimsəyirlər. Odur ki, məşğələlərdə oyun priyomu və didaktik oyunlar geniş tətbiq olunur. Elə etmək lazımdır ki, oyunada bütün uşaqlar iştirak etsinlər. Çox vaxt keçirilən oyunlar fəal hərəkətlə (yeriş, qaçış) bağlı olur. Lakin müəllim çalışmalıdır ki, oyun məşğələnin əsas didaktik məqsədinə - riyazi cəhətinə xidmət etsin.
Hər bir yeni riyazi anlayış, xassə, münasibət əyanilik mərhələsindən sonra müəllimin düzgün tələffüzü ilə, sözlə ifadə edilərək möhkəmləndirilir. Çox vaxt bunu uşaqlar birlikdə (xorla) təkrar edirlər. Uşaqlar mürəkkəb cümlələri (riyazi əlaqə və münasibətləri göstərən cümlələr) tələffüz etməkdə çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün “və” bağlayıcısı ilə bağlı olan mürəkkəb cümləni əvvəlcə iki hissəyə ayırmaq və uşaqlarda onların ayrılıqda tələffüzünü tələb etmək lazımdır. Bundan sonra həmin cümlələri birləşmiş halda soruşmaq lazımdır. Məsələn, “Neçə qırmızı dairəcik var?”, “Neçə ağ dairəcik var?”. Uşaq bu iki cümləni birləşdirir: “Neçə qırmızı və ağ dairəcik var?”.
Ümumiyyətlə, uşaqlar sual-cavab priyomu ilə bu və ya digər münasibətə yaxınlaşır və onu dərk edirlər.
Orta yaş qrupunda tətbiq olunan təlim metodları və priyomları əvvəlkilərdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.