RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm – İN ƏLİ - Radıyallahu Anhu – YA VERDİYİ XÜSUSİYYƏT HAQQINDA
145 - Naciyə b. Kab, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, o Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına gəlib dedi ki: «Zəlalətdə olan yaşlı əmin öldü. Onu kim basdıracaq?». Peyğəmbər: «Get, atanı basdır. Mənim yanıma gələnə qədər də heç bir iş görmə!» Bundan sonra getdim. Onu basdırıb yenidən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına gəldim. Mənə yuyunmağımı əmr etdi, sonra mənim üçün elə dualar etdi ki, yer üzündə o dualara sevindiyim qədər heç bir şeyə sevinmədim»152.
146 - Şabi, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına qayıtdığımda mənə dünyalara dəyər, hətta ondan daha sevimli bir kəlmə söylədi»153.
ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm – İN İSTİ VƏ SOYUQDAN TƏSİRLƏNMƏMƏSİ ÜÇÜN ƏLİ - Radıyallahu Anhu – YA ETDİYİ DUASI HAQQINDA
147 - AbdurRahman b. Əbi Leyla - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – çox isti bir havada, əynində qış paltarı olduğu halda yanımıza gəldi. Qışda isə çox soyuq bir havada əynində çox nazik bir paltarda çıxıb bizim yanımıza gəldi. Sonra su istədi və içdi. Alnındakı təri sildi. Evinə qayıtdığında AbdurRahman b. Əbi Leyla dedi ki: «Ata can! Möminlərin Əmirinin nə etdiyini gördünmü? Qışda yanımıza yay paltarı ilə, yayda isə əynində qış paltarı ilə gəldi». Əbu Leyla dedi ki: «Fikir vermədim!». Sonra oğlu AbdurRahman əlindən tutub Əli - radıyallahu anhu – nun yanına apardı. Vəziyyəti başa saldıqdan sonra, Əli - radıyallahu anhu – dedi: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına getməim üçün mənə xəbər göndərdi. Gözlərim çox ağrayırdı. Gözlərimə mübarək tüpürcəyini sürtdü, sonra: «Gözlərini aç» dedi, açdım. O andan bu ana qədər onlarda heç bir narahatlıq hiss etmədim. Sonra mənə belə dua etdi: «Ondan isti və soyuğu apar». Bu günə qədər nə istini, nə də soyuğu hiss etmədim. (Onlardan heç vaxt təsirlənmədim)»154.
NƏCVƏ (YAVAŞCA SÖZ DEMƏ) VƏ BU ÜMMƏTİN AĞIR YÜKÜNÜN RAHATLANMASINA ƏLİ - Radıyallahu Anhu – NUN SƏBƏBİLƏ OLMASI HAQQINDA
148 - Əli b. Əlqamə, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, «Ey İman gətirənlər! Peyğəmbərlə məxfi danışacağınız zaman bu danışıqdan əvvəl fəqirlərə sədəqə verin…». (əl-Mücadələ 12) ayəsi nazil olduğu zaman, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Onlara sədəqə vermələrini əmr et». Mən: «Nə qədər, ey Allahın Rəsulu?» deyə soruşdu. Peyğəmbər: «Bir dinar!» deyə buyurdu. Mən: «Buna gücləri çatmaz» dedim. O: «Yarım dinar» deyə buyurdu. Mən: «Buna da gücləri çatmaz» dedim. O: «Yaxşı, nə qədər olsun?» deyə buyurdu. Mən: «Bir arpa» dedim. O: «Sən çox az istəyirsən!» deyə buyurdu. Bundan sonra Allah, növbəti ayəni nazil etdi: «Məgər siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu…?». Ondan sonra Əli - radıyallahu anhu – həmişə belə deyərdi: «Mənim sayəmdə bu ümmətin yükü yüngülləşdirildi»155.
ƏN BƏDBƏXT İNSAN HAQQINDA
149 - Muhamməd b. Huseym, o da Ammar b. Yəsir - radıyallahu anhu – dan rəvayət edir ki, Əli - radıyallahu anhu – ilə mən, (Bətni Yənbu) Aşirat döyüşündə iki yoldaş idik. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – orada bir ay qonaq qaldı. Orada Mudlic oğulları və onların Damradən olan müttəffiqləri ilə sülh müqaviləsi imzalandı, sonra onlarla vidalaşdı. Bu arada Əli - radıyallahu anhu – mənə dedi: «Ey Əbul-Yəqazan! Gəlsənə bu Mudlicoğullarından bir qisminin bostanlarına gedib, necə işlədiklərinə bir baxaq!». Mən: «Necə istəyirsən» dedim və yanlarına gedib necə işlədiklərini bir saat müşahidə etdik. Sonra yuxumuz gəldi. Mən və Əli - radıyallahu anhum – gedib xurma ağacının kölgəsində yatdıq. O, qədər dərin yuxuya getmişdik ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in mübarək ayağının bizi tərpədməsilə oyandıq. Yatdığımız yer torpaqlıq idi və üstümüz tamam torpaq olmuşdu. Məhz o gün Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Əliyə: (Üstündə torpaq gördüyü üçün) «Nə olub sənə ey Əbu Turab (Torpaq atası)?» deyə səsləndi. Sonra bizə buyurdu: «Sizə insanların ən bədbəxt iki adamını bildirimmi?». Biz: «Bəli! Ey Allahın Rəsulu» dedik. O: «Biri dəvəni kəsən Səmud (qövmündən olan) Uheymir, digəri də (başının sol tərəfinə əlini qoyaraq) ora zərbə endirib, (saqqalını tutub) bunu da qana bulayacaq kimsədir»156.
İNSANLAR İÇƏRİSİNDƏ ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm – İ ƏN SON GÖRƏN KİMSƏ BARƏSİNDƏ)
150 - Ummu Musa, da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, insanlar içərisində (yəni onu ən son görən) Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ə ən yaxın olan adam Əli - radıyallahu anhu – dur157.
151 - Muğirə, o da Ummu Musadan, Ummu Sələmə - radıyallahu anhə – nin and içdiyi Allaha and olsun ki, insanlar içərisində Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ə ən yaxın olan adam Əli - radıyallahu anhu – dur. Bunu belə izah etdi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in vəfat etdiyi günün səhəri, Əli - radıyallahu anhu – ya xəbər göndərdi. Deyəsən onu bir iş üçün bir yerə göndərmişdi. Düz üç dəfə «Əli gəldi mi?» deyə soruşdu. Axırda günəş çıxmamışdan qabaq gəldi. O, gəldikdə onunla gizli bir işi olduğunu başa düşdük və çölə çıxdıq. O, gün hamımız Aişə - radıyallahu anhə – nin evində idik. Evdən ən son çıxan adam mən idim. Qapınıın arxasında oturdum. Məsafə baxımından onlara ən yaxın olan mən idim. Əli - radıyallahu anhu – ona tərəf əyildi. Pıçıldayaraq gizlicə qulağına nəsə deyirdi. Beləcə insanlar içində onu ən son görən Əli - radıyallahu anhu – olmuşdur»158.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm – İN: «QURANIN NAZİL OLMA XÜSUSUNDA İNSANLARA QARŞI MÜBARİZƏ APARDIĞIN KİMİ, TƏVİLİ (TƏFSİRİ) HAQQINDA DA ONLARA QARŞI DÖYÜŞƏCƏKSƏN!» SÖZÜ HAQQINDA
152 - İsmayıl b. Rəca, o da atasından, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayə edir ki, oturub Allah Rəsulu - sallallahu aleyhi və səlləm – i gözləyirdik. Çarığının altı qopmuş halda yanımıza gəldi. Təmir etməsi üçün onu Əli - radıyallahu anhu – ya verdi və: «İçinizdə bir nəfər var ki, Quranın nazil olma xüsusunda insanlara qarşı mübarizə apardığı kimi, təvili (təfsiri) xüsusunda da onlarla döyüşəcəkdir» deyə buyurdu. Əbu Bəkr - radıyallahu anhu – ortaya atılıb: «Mən mi?» dedi. Peyğəmbər: «Xeyir!» deyə cavab verdi. Ömər - radıyallahu anhu – qalxıb: «Mən mi?» dedi. Ona da: «Xeyir! Çarığımı təmir edəndir o!» deyə buyurdu159.
ƏLİ - Radıyallahu Anhu – YA KÖMƏK ETMƏK ÜÇÜN EDİLƏN TƏŞVİQ HAQQINDA
153 - Səid b. Vəhb, (ər-Rahbə) də Əli - radıyallahu anhu – belə dedi:
«QƏDİR XUM günü Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu kim eşidib, Allah xatirinə desin: «Allah mənim vəlimdir, mən də möminlərin vəlisiyəm. Mən kimin vəlisiyəmsə Əli - radıyallahu anhu – da onun vəlisidir. Allahım! Onu sevəni sev, ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et!». Səid dedi ki: «Yanımda düz altı nəfər var idi». Harisə b. Nasr dedi ki: «Altı nəfər qalxdı (şahidlik etdi)». Zeyd b. Yusey də belə dedi: «Yanımdan altı nəfər qalxıb (şahidlik etdi)». Amr Zu Murrinin sözü: «Onu sevəni sevərəm, ona nifrət edənə nifrət edərəm!»160.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm – İN AMMAR - Radiyallahu Anhu – YA: «SƏNİ AZĞIN BİR TAYFA ÖLDÜRƏCƏKDİR» SÖZÜ HAQQINDA
154 - Səid b. Əbil-Həsən, o da anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara buyurdu: «Səni azğın bir tayfa öldürəcəkdir»161.
155 - Əbu Davud ona müxalif olub belə rəvayət etdi: Bizə Şöbə rəvayət etdi, o da Əyyub və Xaliddən, o da əl-Həsəndən, o da anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara belə dedi: «Səni azğın bir tayfa öldürəcəkdir». Bunu İbn Avn, əl-Həsəndən rəvayət etdi162.
156 - Həsən, anasından, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Xəndək günü o, onlara süd verirdi; (Peyğəmbərin) sinəsinin tükləri tozlanmışdı. Vallahi onun belə dediyini unutmadım: «Allahım! Şübhəsiz xeyir, axirətin xeyridir. Həm Ənsarı, həm də Mühacirləri bağışla!». Bu əsnada Ammar gəldi. Bundan sonra o belə buyurdu: «Sumeyyənin oğlunu azğın və quldur olan bir tayfa öldürəcəkdir»163.
157 - Ummul-Həsən, o da Ummu Sələmə - radıyallahu anhə – dən rəvayət edir ki, Xəndək günü o, onlara süd verirdi. Tükləri tozlanmışdı. Bir tərəfdən də belə deyirdi: «Allahım! Xeyir, şübhəsiz axirətin xeyiridir. Həm Ənsarı, həm də Mühacirləri bağışla!». Bu əsnada Sumeyyənin oğlu Ammar gəldi. Ona belə buyurdu: «Səni azğın, quldur bir tayfa öldürəcəkdir»164.
158 - Əbu Nadrə, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayə edir ki, bizə məndən daha xeyirli olan Əbu Qatadə - radıyallahu anhu – bildirdi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Ammara, başındakı tozu silərkən belə dedi: «Ey Sumeyyənin oğlu! Səni azğın bir tayfa öldürəcək!»165.
159 - əl-Avvam, o da Əsəd b. Məsuddan, o da Hənzələ b. Huveyli - radıyallahu anhu – dan rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – nun yanında idim. Ammarın başı haqqında mübahisə edən iki nəfər onun yanına gəldi. Hər biri: «Onu mən öldürdüm» deyirdi. Bundan sonra Abdullah b. Amr - radıyallahu anhu – belə dedi: «Necə siz bu barədə mübahisə apara bilərsiniz ki, halbuki Allah Rəsulunun - sallallahu aleyhi və səlləm – onun haqqında belə buyurduğunu eşitmişəm: «Səni azğın bir tayfa öldürəcək». Şöbə bunu Avvamdan, o da bir nəfərdən, o da Hənzələ b. Suveyddən rəvayət etdi166.
160 - Hənzələ b. Suveyd - radıyallahu anhu – rəvayət edir ki, Ammar - radıyallahu anhu – nun başı gətirildi. Abdullah b. Amr - radıyallahu anhu – dedi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Səni bir qrup quldur öldürəcək»167.
161 - Cərir, o da əl-Aməşdən, o da AbdurRahman b. Əbi Ziyaddan, o da Abdullah b. Amr - radıyallahu anhu – dan rəvayət edir ki, o Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişdir: «Səni bir qrup quldur öldürəcək». Əbu Muaviyə, ona (Cərirə) müxalif olub Aməşdən, o da Abdullah b. Muhamməddən rəvayət etmişdir. Əbu Muaviyə dedi ki: Bizə Aməş, AbdurRahman b. Əbi Ziyaddan nəql etdi168.
162 - (AbdurRahman b. Əbi Ziyad) Abdullah b. əl-Hərisdən rəvayət edir ki, mən Abdullah b. Amr b. əl-As və Muaviyə - radıyallahu anhum – ilə birlikdə gedirdim. Abdullah b. Amr - radıyallahu anhu – dedi: «Ey Muaviyə! Onların, «Onu azğın bir tayfa öldürəcək» dediklərini eşidmisənmi?». Muaviyə - radıyallahu anhu – bu cavabı verdi: «Hələ də boş danışırsan. Onu bizmi öldürdük? Onu yalnız onu bizə gətirən adam öldürdü»169.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm – İN: «İNSANLARDAN DÜZ YOLDAN ÇIXANLAR OLACAQ, ONLARI HAQQA DAHA YAXIN OLAN TAYFA ÖLDÜRƏCƏKDİR» SÖZÜ HAQQINDA
163 - Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, «İnsanlardan bir qrup yoldan çıxacaq (azacaq). Onların öldürülməsini tayfadan haqqa daha yaxın olanlar öz üzərlərinə götürəcəklər»170.
164 - Əbu Nadr, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Alla Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «İnsanlardan düz yoldan çıxacaq kəslər olacaq, onların öldürülməsini iki tayfadan daha üstün olanı öz üzərinə götürəcək»171.
165 - Qatadə, o da Əbu Nadradən, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Ümmətim iki firqəyə bölünəcək, aralarında yoldan çıxanlar olacaq. Onların öldürülməsini haqqa daha yaxın olanlar öz üzərlərinə götürəcəklər»172.
166 - Yəhyə, o da Əbu Nadradan, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətim iki firqəyə bölünəcək. Onlardan yoldan çıxanı, iki tayfadan haqqa daha yaxın olanlar öldürəcəkdir»173.
167 - əl-Qasım b. əl-Fadl, o da Əbu Nadradən, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «İnsanlardan düz yoldan çıxan kəslər olacaq. Onların öldürülməsini iki tayfanın haqqa ən yaxın olanları öz üzərinə götürəcəklər»174.
168 - Mutəmir b. Suleyman, o da atasından, Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – insanların içindən çıxacaq bir firqənin adamları haqqında danışdı: «Görünüş baxımından onların başları qırxılıdır. Dindən, oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onlar yaradılmışların ən pisləridir. Onları iki tayfadan haqqa daha yaxın olanlar öldürəcəklər». Başqa bir kəlmə də buyurdu. Dedim ki: «Dinim onların dinidir». Dedi ki: «Ey İraqlılar! Siz, onları öldürdünüz!»175.
169 - əl-Həsən əl-Urəni, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – bir dəstə haqqında danışdı: «Bu ümmətdən elələri çıxacaq ki, namaz qılacaqlar, zəkat verəcəklər və oruc tutacaqlar. Buna baxmayaraq oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar. Quran boğazlarından aşağıya enməyəcək. Onlarla insanlardan haqqa ən yaxın olan kəslər döyüşəcəkdir»176.
DİNDƏN ÇIXANLARLA YALNIZ MÖMİNLƏRİN ƏMİRİ ƏLİ B. ƏBU TALİB - Radıyallahu Anhu – NUN DÖYÜŞƏCƏYİ HAQQINDA
170 - Əbu Sələmə b. AbdurRahman, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, biz Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanında ikən, (Təmim qəbiləsindən) Zul-Huveysra gəldi. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – qəniməti bölüşdürürdü. O adam belə dedi: «Ey Allahın Rəsulu, adil ol!». Peyğəmbər: «Mən adil olmasam, kim adil olacaq? Adil olmasam xüsrana uğrayar, peşman olardın!». Ömər: «İcazə ver onun boynunu vurum!» dedi. Peyğəmbər: «Burax onu ey Ömər! Onun elə yoldaşları var ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Quran oxuyacaqlar, amma boğazlarından aşağı keçməyəcək. İslamdan oxun yaydan çıxdığı kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada qandan bir əlamət görməz, oxun sapına baxar yenə də orada bir əlamət tapmaz. Onların əlaməti qolu qadın sinəsi və ya yellənən ət parçası kimi olan qara kimsədir. İnsanların ən gözəl firqələrinə qarşı çıxacaqlar» deyə buyurdu. Əbu Səid - radıyallahu anhu – dedi ki: «Şəhadət edirəm ki, bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşitmişəm. Yenə şahidlik edirəm ki, Əli b. Əbu Talib - radıyallahu anhu – onlarla döyüşdü. Mən də onunla birlikdə idim. O adamı çağırdı. Axtarılıb tapıldı, gətirildi, baxdım ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in dediyi xüsusiyyətlər onda vardı»177.
171 - Əbu Sələmə və Dahhaq, onlar da Əbu Səid əl-Xudri - radıyallahu anhu – dan rəvayət edir ki, bir gün Allah Rəsulu - sallallahu aleyhi və səlləm – qənimət paylayarkən, Zul-Huveysra ət-Təmimi dedi ki: «Ey Allahın Rəsulu, adil ol!». Peyğəmbər: «Vay sənin halına! Mən adil olmasam kim olacaq?». Ömər: «Ey Allahın elçisi, izn ver boynunu vurum!» dedi. Peyğəmbər: «Diqqət edin və xəbəriniz olsun ki, Onun elə yoldaşları var ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Hətta onlardan biri, (ovun) içalatı və qan içinə girib çıxmış oxun sapına baxacaq, üzərində (iz kimi) bir şey tapa bilməyəcək. İnsanların ən gözəl firqəsinə qarşı çıxacaqlar. Əlamətləri: Əllərinin biri qadın sinəsi və ya ət parçası kimi böyük olan, qara gözlü bir adamın aralarında olmasıdır». Əbu Səid - radıyallahu anhu – dedi ki: «Şəhadət edirəm ki, mən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşidmişəm, yenə şahidlik edirəm ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Əli b. Əbi Talib - radıyallahu anhu – onlarla döyüşdüyündə onunla birlikdə idim. Ona xəbər gətirildi. Adam eyni ilə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in vəsf etdiyi kimi idi»178.
172 - Ubeydullah b. Əbi Rafi - radıyallahu anhu – rəvayət edir ki, Xəvariclər Əli b. Əbu Talib - radıyallahu anhu – ya qarşı çıxdıqlarında, belə dedilər: «LƏ HÜKMƏ İLLA LİLLAH! HÖKM YALNIZ ALLAHINDIR». Əli: «Bu haqq kəlmədir, lakin onunla batil nəzərdə tutulur. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – bir sıra insanlar haqqında bizə danışmışdı, o xüsusiyyətləri bunlarda görürəm. Dilləri ilə həqiqəti deyirlər, ancaq (boğazını göstərərək) burdan aşağı keçmir. İnsanlar içində Allahın ən çox kin bəslədiyi kəslər onlardır. Onladan biri də qara olduğu ilə yanaşı qollarının biri sanki qoyun məməsi ya da qadın sinəsinin başı kimidir. Əli - radıyallahu anhu – onlarla döyüşdüyündə, «Baxın» dedi. Baxdılar - bir şey tapa bilmədilər. Əli: «Qayıdın! Vallahi yalan deməmişəm, mənə də yalan deyilməyib» dedi (İki və ya Üç dəfə bunu dedi) Sonra onu bir xarabalıqda tapdılar və onun hüzuruna gətirdilər. Abdullah dedi: «Mən şəxsən orada iştirak etmişəm. Əli - radıyallahu anhu – nun sözünü də eşidmişəm, onların o vəziyyətlərini də görmüşəm»179.
173 - Süveyd b. Gafalə - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Sizə özüm haqqında danışdığım zaman, bunu gözəl bilin ki, döyüş kələk və hilədir. Amma sizə Allah Rəsulu - sallallahu aleyhi və səlləm – haqqında danışdığım zaman, göydən enəcək bir fəlakət mənim üçün Allah Rəsulu - sallallahu aleyhi və səlləm – iftira atmaqdan daha üstüdür. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Axır zamanda törəmələr çıxacaq, beyinləri işləməyəcək. Danışarkən çox gözəl danışacaqlar. Quran oxuyacaqlar, amma imanları boğazlarından aşağı keçməyəcək. Dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onları harada görsəniz öldürün. Çünkü onları öldürənlər, Qiyamət günü Allah qatında böyük əcirə sahib olacaqlar»180.
ƏBU İSHAQIN FƏRQLİ RƏVAYƏTİ
174 - İsrail, o da Əbu İshaqdan, o da Süveyd b. Gafələ - radıyallahu anhu – dan, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Axır zamanda bir qövm çıxacaq. Quran oxuyacaqlar, amma boğazlarından aşağı keçməyəcək. İslamdan oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onlarla döyüşmək hər müsəlman üçün bir haktır…». Bunu Yusuf b. Əbi İshaq müxalif olub, Əbu İshaq ilə Süveyd b. Gafələnin arasına AbdurRahman b. Sərvanı qoyudu181.
175 - Əbu Qeys əl-Əvdi, o da Süveyd b. Gafələ - radıyallahu anhu – dan, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, axır zamanda elə bir qövm meydana gələcək ki, Quran oxuyacaqlar, amma boğazlarından aşağı keçməyəcək. Dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onlarla döyüşmək hər bir müsəlman üçün haqdır. Zahirən başları qırxılıdır»182.
176 - Tarık b. Ziyad - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – ilə birlikdə Xəvariclərə qarşı döyüşə çıxdıq. Onları öldürdü və sonra belə dedi: «Bunlara yaxşı baxın, (axtarın!) Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Bir qövm çıxacaq, bir söz deyəcəklər, amma haqq boğazlarından aşağı keçməyəcək. Onlar haqdan, oxun yaydan çıxması kimi çıxacaqlar. Onların simaları belədir: İçlərində əli kəsik qara bir adam olacaq, əlində qara tüklər olacaq. Yaxşı baxın əgər odursa, insanların ən pisini öldürmüsünüz. Əgər o deyilsə, insanların ən yaxşısını öldürmüsünüz». Bundan sonra ağladı və: «Yaxşı axtarın!» dedi. Axtardıq, əli kəsik (əlil) adamı tapdıq. Sevindiyimizdən səcdəyə qapandıq. Əli - radıyallahu anhu – da bizimlə birlikdə səcdəyə qapandı. Ancaq belə dedi: «Bir söz deyəcəkdilər»183.
177 - Əbu Suleyman əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Nəhrəvan günü Əli - radıyallahu anhu – ilə birlikdə idim. Əli: «Mən bir adamla güləşirdim» dedi. Dedim ki: «Ona nə oldu?». O: «Onu yeddi (dəfə yıxdım)» deyə cavab verdi. Nəhrəvan günü gəlib çatdı və Əli - radıyallahu anhu – Xəvaricləri öldürdü. O sinəsi (qadın sinəsi) kimi olan adamı tapana kimi ölülərin arasında gəzişdi və axırda onu Sakiyədə tapdı və belə dedi: «Allah həqiqəti dedi və Allah Rəsulu - sallallahu aleyhi və səlləm – də təbliğ etdi. Mənə demişdi ki: «Onun bir yerində, məməsinin başının önündə üç tük vardır»184.
178 - Asim b. Kuleyb əl-Cəmri, o da atasından dedi ki, Əli - radıyallahu anhu – nun yanında oturmuşdum. İçəri əynində səfər paltarı olan bir adam girdi. Əli - radıyallahu anhu – o əsnada cəmaatla söhbət edirdi: O adam: «Ey möminlərin əmiri, danışmağa izn ver?» dedi. Onun bu sualına cavab vermədi, öz işilə məşğul olmağa davam etdi. Sonra o adam bir nəfərin yanında oturdu. Ona dedi ki: «Üstündə nə var? (Nə deyəcəkdin)» Cavab verdi: «Ümrədəydim. Aişə - radıyallahu anhə – ilə görüşdüm, belə dedi: «Sizin ölkənizdən çıxan o qövmə Həruriyyəmi deyilir?». Mən dedim ki: «Onlar, Hərura deyilən yerdən çıxıblar». (Aişə) dedi ki: «Sizdən şəhid olanların xoş halına! Əbu Talibin oğlu istəsəydi onları sizə bildirərdi. Mən onların xəbərini ondan soruşmaq üçün gəlmişdim». Əli - radıyallahu anhu – nitqini bitirdikdə: «İzn istəyən o adam haradadır?» deyə soruşdu. Adam: «Burada!» deyib Aişə - radıyallahu anhə – yə danışdığını ona da danışdı. Əli: «Mən Allah Elçisi - sallallahu aleyhi və səlləm – in yanına girdim. Aişə - radıyallahu anhə – dən başqa orada heç kim yox idi. Mənə dedi ki: «Ey Əli! Belə-belə bir qövm ilə qarşılaşdığında halın necə olacaq?». «Allah və Rəsulu daha gözəl bilər!» dedim. Əlilə işarə edib belə dedi: «Onlar şərqdən çıxacaq bir qövmdür, Quran oxuyacaqlar amma boğazlarından aşağı keçməyəcək. Dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. İçərilərində (qolu) olmayan bir adam olacaq. Əli (qolu) sanki Həbəşli bir qadının sinəsi kimi olacaq». «Allah xatirinə, mən bunu sizə bildirdimmi?». «Bəli» dedilər. «Allah xatirinə, o adamın onların içində olduğunu da sizə xəbər verdimmi?» dediyində onlar, «Bəli» dedilər. Mənim yanıma gəldiniz, o adamın onların içində olmadığını dediniz. Onun onların içində olduğuna dair sizə Allah and içdim. Sonra onu tapıb mənim yanıma gətirdiniz. Onu sizə danışdığım şəkildə tapdınız. Elə mi?» «Bəli, Allah və Rəsulu düz deyiblər!» dedilər185.
Dostları ilə paylaş: |