The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
  1   2   3   4   5   6   7   8   9   ...   36

- 3 - 
 
 
NAXÇIVAN  DÖVLƏT  UNİVERS İTETİ-1967 
İSSN 2224-5529 
öhjkhgk777775555558777666
5555940X 
ELMİ ƏSƏRLƏR 
 
HUMANİTAR ELMLƏR SERİYASI 
THE SERIES OF THE HUMANITARIAN
 
SCIENCES 
 
СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК 
№1(66) 
NAXÇIVAN,  NDU, “QEYRƏT”-2015 
НАУЧНЫЕ ТРУДЫ 
SCIENTIFIC  WORKS 

- 4 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
ÍÀÊÙÆÙÛÂÀÍ  ÑÒÀÒÅ  ÓÍÛÂÅÐÑÛÒÉ.  СЖЫЕНТЫФЫЖ  WО РКС,  2015,  № 1 (66) 
 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ƏDƏBİYYATŞÜNASLIQ 
                  
 
ADİL BAĞIROV      
                                                                                                                   AMEA Naxçıvan Bölməsi  
                                                                                              e-mail: bagirovadil@yahoo.com 
UOT:  82.0                                                                                                                  
BƏDİİ ƏSƏR ADLARI 
 
Məqalə onomastik leksikanın ideonimlər qrupuna daxil olan nəzm əsərlərinin adlarının tədqiqinə həsr 
olunmuşdur. Məqalədə dilimizin  leksik sistemində özünəməxsus yeri və mövqeyi olan nəzm əsərlərinin adları xalq 
şairi  M.Araz  və  Naxçıvanda  yaşayıb yaradan şairlərin şeir adlarından seçilmiş  nümunələr əsasında  
qruplaşdırılmış və təhlil edilmişdir.  
 
Açar sözlər:  poetik tapıntı, nəzm, nəsr, şeir adları, dağ adları. 
Key words:  poetical finding, poetry, prose, poem names, mountain names 
Ключевые  слова:  поетическая  находка,  поэзия,  проза,  названия  стихотворений,  
названия гор.  
 
Dünyanın  bütün  dillərində  olduğu  kimi  Azərbaycan    dilində  də  bədii  əsəri  səciyyələndirən  əsas 
əlamətlərdən  biri  onun  adı  məsələsidir.  İndiyə  qədər  çox az  tədqiq olunmuş bədii əsər adları çox zəngin, 
rəngarəng,  özünəməxsus  leksik-semantik  və  qrammatik  xüsusiyyətləri  ilə  xarakterizə  olunan  xüsusi 
adlardan  biridir.  Bu  adların  toplanması  və  elmi-linqvistik  şəkildə  tədqiqi  ktematonimlərin  öyrənilməsi 
və  mahiyyətinin  açılmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Ona  görə  bədii  əsər  adları  onomastik  
tədqiqatın  daim  diqqət mərkəzində  olmalıdır.   
Məlumdur  ki,  hər  bir  bədii  əsərə  janr  xüsusiyyətləri,  məzmunu  və  ümumi  ruhu  ilə  bağlı  ad 
verilir.  Bədii  əsərə  ad  vermə  sənətkarlıq  məsələsi,  yazıçı  və  şairin  fərdi  yaradıcılıq  üslubunun 
məhsuludur.  Belə  adlar  asanlıqla  başa  gəlmir,  qondarma,  göydən  düşmə  olmur.  “Ədəbiyyatşünaslıq  və 
ədəbi  tənqid  bu  məsələyə  nəzər yetirməsə də, heç kəs inkar etməz ki, bədii əsərin adı da özü kimi xüsusi 
yaradıcılıq  işidir”  (4,  s.  487).  Bədii  əsər  adları  yazıçı  və  şairin  yaradıcılıq  laboratoriyasında  yaranır, 
dəfələrlə  saf-çürük  edilir,  bədii  fikir  süzgəcindən  keçirilir,  müəllifin  qarşıya  qoyduğu  ideyaya  uyğun 
seçilir.  Odur  ki,  bədii əsərə ad vermədə  müəllif sərbəstdir. O yazdığı hər hansı şeirə, hekayəyə, povestə, 
romana,  poemaya  ad  verərkən  müəyyən  nəzəri  prinsipləri  gözləyir.  A.Qurbanov  yazır  ki,  bədii  əsərə  ad 
vermədə  aşağıdakı  prinsiplərin  gözlənilməsi  vacib  şərtlərdəndir:  a)    ad  əsərin    ideyasını  özündə  əks 
etdirməlidir;  b)  ad  qəliz  olmamalıdır;  c)  ad  dilimizin  öz  sözləri  əsasında  yaranmalıdır;  ç)  ad  əsərin 
mahiyyətindən  doğmalıdır,  qondarma  olmamalıdır;  d)  bədii  əsər  adı  milli  xarakter  daşımalıdır  və  s.  (3,  s. 
440). 
Təcrübə  göstərir  ki,  hər  bir  yazıçı  və  şair    yazdığı  əsərə  əvvəlcədən  ad  qoyur,  yaxud  yazıb 
qurtardıqdan sonra ona ad verir və ya  əvvəlcədən qoyduğu adı sonra dəyişə də bilir ki, bu da yaradıcılıq 
iztirablarından  doğan  ad  olur  və  ədəbiyyatşünaslıqda  ən  məqbul  sayılan  prinsiplərdəndir.  Bu  haqda 
danışan  Y.Seyidov  yazır  ki,  “Əsərlərin  əksəriyyətinin  adları  əvvəlcədən,  yəni  mövzu  seçilərkən,  əsərin 
əhatə  dairəsi,  planı  yazıçının  təxəyyülündə  canlanarkən  meydana  gəlir,  təxminən  əsərin  yaranmağa 
başlaması  ilə  eyni  ana  düşür  və  kağızda  ilk  söz  olur.  Belə  adlar,  fikrimizcə,  daha  uğurlu,  bədii  və mənalı 
görünür.  Onlar  yazıçının  həmin  mövzu  üzrə  yaradıcılıq    ehtiraslarının  coşduğu  dövrə  düşür,  bədii 
yaradıcılıq  məhsulu  olur.  Bu  vaxt  ad    nisbətən    asan  tapılır,  əslində  onu    axtarmaq  lazım  gəlmir,  o,  kəşf 
olunur”  (4,  s.487).  
 İnsanın    adı  onun    xarakterini  ifadə  etdiyi  kimi  əsərin  adı  da  müəllifin  ədəbi  kimliyini 
xarakterizə  edir,  onun  yaradıcılıq  potensialını,  sənət  dünyasının  nəyə  qadir  olduğunu  üzə  çıxarır,  əsərin 
ədəbi  taleyini  müəyyənləşdirir.  Ümumilikdə  bədii  əsərin  adı  əsərin  ən  dolğun,  mənalı  hissəsi  sayılır. 

- 5 - 
Bədii  əsər  nəşr  olunduqdan  sonra  adı  ilə  tanınır,  kataloqlarda  əksini  tapır.  İnsan  doğularkən  onun  adı 
sənədlərdə  rəsmiləşdiyi  kimi,  bədii  əsərin  də  adı  onun  nəşrindən  sonra  təsdiqlənir,  yazıçının  tərcümeyi-
halına  möhürlənir,  yaddaşlara  yazılır.  Yazıçı  yaxşı  bilir  ki,  “oxucunun  və  ya  tamaşaçının  nəzərini  birinci 
növbədə,  bədii  əsərin  adı  cəlb  edir.  Əsərin  adı  oxucunu,  tamaşaçını,  bir  növ  aşağıdakı  hadisələrə 
hazırlayır,  onda  maraq  oyadır.  Bu  cəhətdən  bədii  əsərin  adı  reklam  xarakteri  daşıyır.  O,  nə  qədər 
yığcam,  bitkin,  mənalı,  əsərin  məzmun  və  ideyasına  uyğun  olsa,  oxucunu  tamaşaçını  bir  o  qədər  də 
maraqlandırar”  (1,  s.  168).  Odur  ki,  hər  bir  müəllif  çalışır  ki,  əsərin  adı  dilimizin  qrammatik  qanunlarına 
uyğun,  uğurlu,  diləyatım,  bədii  dildə  simvola  çevrilə  bilən,  leksik-semantik  cəhətdən  məzmunlu,  mənalı, 
bitkin  və diqqətəlayiq  olsun.   
Azərbaycan  ədəbiyyatında  bədii  əsər  adlarının  fondu  çox  zəngindir.  Bu  adlar  kəmiyyətcə 
üstünlük  təşkil  edir,  müxtəlif  söz  və  söz  birləşmələrindən  ibarət  olur,  leksik  tərkibinə,  sintaktik 
quruluşuna,  xarakterik  linqvistik  əlamətlərinə,  forma  və  məzmununa  görə  diqqəti  cəlb  edir. 
Ədəbiyyatımızda  bədii  əsər  adlarına  nəzm  əsərlərinin  adları,  nəsr  əsərlərinin  adları  və  dram  əsərlərinin 
adları  daxildir.  Söz  yox  ki,  bir  məqalə  daxilində  bədii  əsər  adlarını  əhatə  etmək,  onların  verilmə  səbəbi, 
leksik-semantik  xüsusiyyətlərini  təhlil  etmək  imkan  xaricindədir.  Odur  ki,  yazının  həcmini  nəzərə  alaraq 
nəzm  əsər adlarının  bəzi xarakterik xüsusiyyətləri  haqda fikir  və mülahizələrimizi  bildirmək  istəyirik.    
Məlumdur  ki,  tarix  boyu  Azərbaycan  dili  və  ədəbiyyat  tarixində  müxtəlif  janrlarda  saysız-
hesabsız  poeziya  nümunələri  yaradılmış,  hər  bir  əsərə  bir-birindən  mənalı,  yadda  qalan  adlar  verilmişdir. 
Bu  adlar    müəllifin    adına  möhürlənmiş,  şeirdə  şairin  şəxsiyyəti  görünmüş,  kimliyi  bilinmiş,  imzası 
yaşamışdır.  Məsələn,  “Məni  candan  usandırdı...”,  “Söz”,  “Padişahi-mülk”  qəzəlləri  dilə  gəldikdə  şeir, 
sənət  aləminin    ustadı  Mövlanə  Məhəmməd  Füzuli,  “Hayıf  ki,  yoxdur”  dedikdə  gözəllik  aşiqi  Molla 
Pənah  Vaqif,  “Dağlar”  dedikdə  ustad  sənətkar  Aşıq  Ələsgər,  “Azərbaycan”  dedikdə    istedadlı  şair 
Səməd  Vurğun,  “Bakı,  sabahın  xeyir”  dedikdə  nəğməkar  şair  İslam  Səfərli,  “Vətən  mənə  oğul  desə...” 
dedikdə xalq şairi   Məmməd Arazın  adı yaddaşlarda əksini  tapır. 
Şeir  adları  şair  təxəyyülünün  məhsuludur.  Odur  ki,  şeirə  adqoyma  hər  bir  sənətkardan  işıqlı 
zəka,  obrazlı  düşüncə,  poetik  duyum,  az  sözlə  çox  fikir  ifadə  etmək  prinsipi  tələb  edir.  Bu  baxımdan 
xalq  şairi  Məmməd  Arazın  şeir  adları    ədəbiyyata  yüksək  bədiilik  gətirən  vasitələrdən  biri  kimi  qüvvətli 
üslubi  imkanlara  malikdir.  M.Araz  şeirlərinə  ad  verərkən  bu  məsələyə  yaradıcılıqla  yanaşmış,  hər  bir 
adın  milli  səciyyəsinə,  bitkin,  yığcam  olmasına,  konkret  və  dərin  məna  tutumuna  diqqət  etmişdir.  Onun 
şeirlərinin  adı  estetik  məziyyətinə,  məna  çalarına  görə  oxucunu  özünə  çəkir.  Oxucu  şairin  nə  demək 
istədiyini,  şeirin  nədən  bəhs  etdiyini  şeirin  adından  oxuyur.  Məsələn:  “Bu  millətin  dərdi-səri”,  “Ayağa 
dur,  Azərbaycan!”,  “Ata  millət,  ana  millət,  ağlama”,  “Azərbaycan-dünyam  mənim”,  “Vətən  mənə  oğul 
desə...”,  “Ya  rəbbim,  bu  dünya  sən  quran  deyil”,  “Bu  millətə  nə  verdik  ki?”,  “Şahım,  qılıncına 
söykənim”,  “Məndən  ötdü,  qardaşıma  dəydi”,  “Babək  qılıncı”,  “Bizi  Vətən  çağırır”    kimi  şeir  adları 
xalqın  tarixi  taleyi,  azadlıq  uğrunda  mübarizəsi  ilə  bağlı  olduğunu  diktə  edir.  “Ana  yurdum,  hər  daşına 
üz  qoyum”,  “Dağlar”,  “Dağlar  məni  tanımadı”,  “Dağlar  küsüb”,  “Qanadlı  qayalar”,  “Dağlara  çağırış”, 
“Həkim  çay”,  “Ağlayan  qayalar”,  “Daş  qartal”,  “Daş  harayı”,  “Murova  qar  yağdı”,  “Qızıl  qaya”, 
“Məmməd  Araz  qayası”,  “Çoban  çörəyi,  çoban  ürəyi”,  “Bu  yerlər,  o yerlər”, “Çinarla söhbət”  kimi şeir 
adlarında  ana  təbiətin  gözəllikləri  tərənnüm  olunur,  insana  saflıq,  təmizlik,  gözəllik,  əzəmət,  vüqar  verən 
dağ  adları  sərgilənir.  Şairin  “Söznən  zarafat  eləmə”,  “Artıran  söz  qədrini”,  “Yoxdu  sözüm,  yoxdu  daha”, 
“Yoxdu”  kimi  şeir  adlarında  sözə  yüksək  qiymət  verilir,  sözün  hikməti  və  qüdrəti  oxucuya  çatdırılır, 
“Təəssüfə-təəssüf”,  “Bu  tərifə  inansam”,  “Qurd  xasiyyəti”,  “Bir  natiqə  tövsiyə”  və  s.  şeir  adlarında 
cəmiyyətdə  özünü  gəstərən mənfiliklərə  qarşı etiraz  səsləri  ucalır  (2, s. 318).  
Məmməd  Araz  şeirlərinin  adı  poetik  tapıntıdır.  Onun  şeir  adlarında  yaradıcılıqla  bərabər,  elinə, 
obasına,  xalqına  olan  məhəbbəti,  obrazlılıq,  bədiilik  əksini  tapmış,  şeir  adları  yığcam,  düşünülmüş  söz 
və  söz  birləşmələri  əsasında  verilmişdir.  Məsələn:  “Yaşamağa  nə  var  ki?”,  “Mən  Araz  şairiyəm”,  “Ad 
günümə”,  “Ay  allah”,  “Ata  ocağı”,  “Şuşada  bir  gecə”,  “İnsan  qayalar”,  “Şöhrətə  atılan  güllə”, 
“Yurdumuzun  qızları”,  “Ağarma,  saçım,  ağarma!”,  “Nənəmin  kitabı”,  “Bulaq  başında”,  “Qonşu  gəlini”, 
“Səhər-səhər”,  “Dənizçi”,  “Kəklik”,  “Ayrılıq”,  “Şeirim”,  “Ötən  günlər”,  “Durnaları  dönməz  oldu”,  “Əl 
dəydi,  çaxmaq  daşıyam”,  “Gecə  nağılı”,  “Vəsiyyət”,  “Haqqın  yoxdu,  haqqın  var”,  “Nə  bilim”  və  s.  kimi 
şeir adlarında  şair qəlbinin  çırpıntıları  duyulur.   

- 6 - 
Bu  hal  şairin    “Araz  axır”,  “Mən  də  insan  oldum”,  “Paslı  qılınc”,  “Əsgər  qəbri”,  “Qayalara 
yazılan  səs”,  “Atamın  kitabı”  kimi  poema  adları  üçün  də  xarakterikdir.  M.  Araz    “Üç  oğul  anası” 
poemasının  adını  real  həyatdan  götürmüş    müharibədə  (1941-1945-ci  illərdə)  üç  oğlunu  itirən,  gözləri 
yol  ayrıcında  qalan  ağsaçlı  ananın  həyəcan  və  iztirablarını  poemanın  adında  oxucuya  çatdırmışdır. 
Müəllifin    “Atamın  kitabı”  poema  adı  da    zəhmətkeş  atanın  keçdiyi  həyat  yolu,  günü-güzəranı  haqda  
çox şey deyir  (2, s. 318). 
Araşdırmalar  sübut  edir  ki,  istər  xalq  şairi  M.Araz,  istərsə  də  digər  şairlər  vətən  torpağından, 
onun  şəhərindən,  kəndindən,  dağından,  daşından  ilham  alıb  əsərlərinə  uyğun  adlar  seçir,  adın    məna 
dəyərinə,  yığcam  və  aydın  olmasına  ciddi  fikir  verirlər.  Bu  baxımdan  hazırda  Naxçıvanda  yaşayıb 
yaradan  şairlərin  şer  adları  da  öz  xarakterik  əlamətlərinə  görə  diqqəti  cəlb  edir.  Tədqiqat  sübut  edir  ki, 
Naxçıvanlı  şairlərin  şeir  adları  məna  və  məzmunca  rəngarəngdir,  bu  adlar  həyatımızın  bütün  sahələrini 
əhatə  edir,  birbaşa  Vətən  torpağının  coğrafi  obyektlərinin  adlarını  əks  etdirir,  doğma  diyarın  onomastik 
xəritəsinə  çevrilir.  Bu  baxımdan  M.Qasımzadənin  “Bənövşə”,  “Tut  ağacı”,  “Daşar,  gözəllikdən  daşar  bu 
yerlər”,  A.Yadigarın  “Bahar  -  sevgi  fəslidir”,  “Batabat  dağları»,    V.Məmmədovun  “Bura  Naxçıvandır”, 
“Gəmiqaya  misralandı  gözümdə”,  “Duzdağ  mağarasında”,  “Ordubad  lövhəsi”,  ”Köç  çiçəyi”,  “Meşələr”, 
“Dağların”,  “Gecə  lövhəsi”,  “Sizin  dağlarda”,  gənc  şair  E.Yurdoğlunun  “Gecə  qaranlığı,  yasəmən  və 
mən”,  ”Payız  yağışının  səsi”,    “Axşamın  xeyir,  gecə”,    “Bura  can  evidir  Azərbaycanın”  və  s.  şeir  adları  
xarakterikdir.   
Şeir  adlarında  Naxçıvanın  təbiəti  ilə  bağlı  mövzulara  daha  çox  üstünlük  verilir.  Əyilməzlik 
simvolu,  qürür  mənbəyi  olan  bir-birindən  uca,  gözəl,  “qüdrətdən  səngərli”  dağ  adları  sərgilənir: 
“Haşadağ”,  “Dağlar”,  “Gəmiqaya”,  “Dağlar  da  Vətəndir”,  “Əlincə”,  (M.Qasımzadə),  “Telli  Tejgar”, 
“Gəmiqayada”  (V.Məmmədov), “Əlincə”  (A.Yadigar), “Salvartıda”  (Ə.Muxtaroğlu)  və s.  
Dağ  adları  zaman-zaman  tarixdə  baş  vermiş  ictimai-siyasi  hadisələri,  milli  yaddaşı,  xalqın 
yaşam  tərzini,  məşğuliyyət  sahələrini,  adət-ənənələrini,  coğrafi  obyektə  ad  vermə  mədəniyyətini  
qoruyub  saxlamış,  torpağın  köksünə  dilin  yaddaşını  yazmışdır.  Bu  dağların  hər  biri  şairlərimiz  üçün 
doğma  məkan,  daim  müraciət  olunan  təbiət  abidələridir.  Odur  ki,  söz  sahibləri  dağlara  ucalıq  rəmzi, 
paklıq, qürur mənbəyi  kimi  baxmış,  onları  xüsusi  məhəbbətlə  tərənnüm  obyektinə  çevirmişlər. 
Şeir  adlarında  dağ  adları  ilə  yanaşı  Naxçıvanın  dərin  dərə,  yaylaq,  qala,  türbə  adları  da  bədii 
vasitə  obyektinə  çevrilir,  bu  adlar  bədii  obraz  kimi  işlədilir.    Məsələn:  “Qarabağlar  türbəsi”,  “Babək 
qalası”,  “Əshabi-kəhf”,  “Fərhad  evi”,  “Duz  saray”,  “Çalxanqala”,  “Xaraba  Gilan”,  ”Xanəgah”, 
“Gülüstan”,  “İmamzadə”,  “Şərq  hamamı”,  “Buzxana”,  “Araz  boyu,  qatar  yolu”  (M.Qasımzadə), 
“Gəmiqaya  lövhələri”,  “Qız-gəlin  çuxuru”,  “Qaranquş  yaylağında”,  “Əyricədə”,  “Sədərək  qalası”, 
“Ordubad  lövhələri”,  “Yaylaq  etüdləri”  (V.Məmmədov),  “Sən  sevgilim,  sən  anamsan”,  “Mömünə-
xatun”   (E.Yurdoğlu)  və s.   
Nəzm  əsərlərinin  adlarında  Azərbaycanın  nur  mənbələri,  dəniz,  çay,  göl,  bulaq,  çeşmə  adları 
böyük  məhəbbətlə  poetik  duyuma  çevrilir,  doğma  respublikamızın,  o  cümlədən    Naxçıvanın  hidronimik 
sistemi  haqqında  təsəvvürü  genişləndirir.    Bu  baxımdan    “Göy  göl“  (Adil  Qasımlı),  “Xəzər”,  Araz 
gəlir”,  “Göygöl”  (Ə.Muxtaroğlu),    “A  Kür  bacım”  (X.  Kərimli),  “Qızlar  bulağı”,  “Qazan  gölüm,  Göy 
gölüm”,  “Dənizdə”  (M.Qasımzadə),  “Arpaçaya  sözüm  var”,  “Dəniz  və  sən”,  “Dənizə  qar  yağırdı”, 
“Hüseyn  bulağı”   (V.Məmmədov)  və s. kimi  şeir adları   üçün də xarakrerikdir. 
Şeir  adlarında  fəsillərin  təsviri,  bölgənin  flora  və  faunası  əksini  tapır,  bu  adlar  onomastik 
informasiya  mənbəyinə  çevrilir,  şairin  doğma  diyara  məhəbbət  hissini  üzə  çıxarır.  “Payız  lövhələri” 
(A.Qasımlı),  “Gözəl  bir  fəsildi  qış”,  “Bahar  gəldi”  (Ə.Muxtaroğlu),  “Payız  da  ömrünü  başa  vuracaq”, 
“Yenə  də  başladı  payız  yağışı”,  “Təbiət  lövhələri”,    “Qış  lövhələri”,  ”Payız”,  “Bahar”,  “Meşə”, 
“Meşələr”,  “Yağış”,  “Günəş”  (V.Məmmədov),  ”Qış  duyğuları”,  “Quşlar  uçar  ilk  bahara”,  “Külək  əsir”, 
“Meşədə  payız”,  “Payız”,  “Bulud”,  “Səməni”  (M.Qasımzadə),  “Yağış  yağır”,  ”Qağayılar”, 
“Yasəmənlər  açanda”,  ”Yağışlı  gecədə”,  “Bənövşəsənmi?”,  ”Bu  hava    üşütdü  məni”,  ”Oxu,  bülbülüm, 
oxu”  “Daha  qar  yağır,  qar  yağır”  (İ.Yusifoğlu),  “Səma  haqqında  ballada”,  “Həyatın  qışı”,  “Payız 
yağışının  səsi”  (E.Yurdoğlu)  və s. 
Şeir  adları  daha  çox  real  toponimik  vahidlərdən  seçilir,  hadisənin  cərəyan  etdiyi  məkanla  bağlı 
yaranır,  konkret  bir  ərazini  təsvir  edərkən  həmin  yerin  adı  olduğu  kimi  saxlanılır.  Məsələn: 
“Gəmiqayada”,  “Əlincədə  qızılgül”,  “Şahbuz  dağları”  (A.Qasımlı),  “Bura  Şuşadır”,  Ordubadın” 

- 7 - 
(M.Qasımzadə),  “Şahbuzum”,  “Batabat  yaylağında”,  “Batabat  meşəsində”,    “Plov  təpə”,  “Salvartıda” 
(Ə.Muxtaroğlu),  “Naxçıvan  lövhələri”,  “Ordubad  lövhələri”,  “Duzdağ  etüdləri”,  “Şərurum”,  “Sədərək” 
(V.Məmmədov)  kimi  şeir adları da bu qəbildəndir.   
Nəzm  əsərlərinin  adlarına  bədiilik  gətirən  vasitələrdən  biri  də  saf  məhəbbətin  tərənnümü,  saf 
duyğuların  aşılanmasıdır.  Belə  şeir  adları  bölgədə  yaşayan  bütün  şairlərin  yaradıcılıq  laborotoriyası  
üçün  xarakterikdir.  Naxçıvanda    elə  bir  şair  tapmaq  olmaz  ki,  onun şeir adlarında və şeirin məzmununda 
sevgi,  saf  məhəbbət,  gözəl  duyğu  tərənnüm  olunmasın.  Məsələn:  “Saçları  sarı  sonam”,  ”Sevgi  qatarı”, 
“Ləçəklərə  yazılan  sevgi”,  “Bir  oğlan  nağılı,  bir  qız  nağılı”,  “Sevgi  qatarı”  (M.Qasımzadə),  “Bəlkə 
unudam”,  “Sənsizliyə  öyrət  məni”,  “Yaxşı  ki,  sən  mənim  həyatımdasan”,  “Sən  mənim  ömrümün  payız 
nəğməsi”,  “Allahım,  qoru  sən  bu  məhəbbəti”,  “Vəfalım,  ay  vəfalım”,  “Sənin  gözlərin”,  “Qızlar  inciyib 
məndən”  (V.Məmmədov),  “Səni  unudacağam  deyirsən”,  “Məhəbbət  istəyirəm”,  “Gözəl”,  “Sevda  yolu”, 
“Unut  bu  sevdanı”  (A.Yadigar),  “Sənin  gözlərindən  məhəbbət  yağır”,  “İlahi  bu  qızı  bəd  gözdən  gözlə”  
(İ.Yusifoğlu),  “Bir  qız  dönüb  gül  oldu”  (H.Bağıroğlu),  “Vallah,  öldürəcək  bu  gözlər  məni”, 
“Məhəbbətin  bəsimdi”,  ”Sevirəm”,  “Dünya  böyük,  gözəl  çox”  (Z.Vüqar),  “Gecə  səni  düşünürəm”, 
“Söylə, sevirəm  səni”,  “Ömürün  sahilində”(E.Yurdoğlu),  “Həsrətimdən  saralan qız”  (Q.Qərib) və s. 
Naxçıvanın  şeir  mühitində  görkəmli  sənətkar,  alim,  şair,  yazıçı,  həkimlərə  ünvanlanmış  şeir 
adları,  xatirə  adçəkmə    nümunələri  də  mühüm  yer  tutur.  Məsələn:      “Məmməd  Araz”,  “Məmməd  Arazı 
gördüm”,  ”Füzulinin  qəbri  önündə”,  “Hafiz  işığına  yol  gedirik  biz”,  “Cavid  Sibirdən  gəlir”,  “Səməd 
Vurğunu  düşünərkən”,  “Nəbi  Xəzri”,  “Əli  Kərim”,  “Eldar  Baxışa  məktub”  (V.Məmmədov),  “Ulu 
Cavid”, “A Məmməd  Araz” (A.Yadigar)  və s.   
 Şeir  adlarında  son  20-25  ildə  torpaqlarımıza  göz  dikmiş  erməni  işğalçılarının  törətdikləri  qanlı 
faciələr,  xalqımızın  başına  gətirilən  fəlakətlər,  Qarabağda  və  Naxçıvanda  baş  verən  ağlasığmaz 
hadisələr  özünə  geniş  yer  tutur.  “Şəhidlər  xiyabanında”  (X.Kərimli),  “Xocalı”,  “Dəyanət  dəmiydi, 
qeyrət  dəmiydi”,  “Diz  çökürəm  bu  qeyrətin  önündə”,  “Şəhid  ruhu”,  “Taxıl  zəmisinə  düşmən  od 
atıb”,  “Bu  kənd  niyə  yetimdir”  (V.Məmmədov),  “Şəhid  gətirməsin  vətən  yolları”,  “Öp,  vətən  eşqini 
əsgərə  göndər”,  “Şuşada  ürəyim  qaldı”  (Z.Vüqar),  “Şəhidlər  xiyabanı”,  “Məlhəmimiz  Qarabağda”, 
“Vətən,  bizi  bağışla”,  “Xocalıya  qan  yağıb”  (Q.Qərib),  “Vətən”,  “Qara  Yanvara  gedir”,  “Xocalım, 
hey...”,  “Əsgər  inamı”,  “Şəhid  bacıları”,  “Ağlama,  qardaş,  ağlama”,  “Yara  sağalmaz  yüz  ilə”  
(İ.Yusifoğlu)  və s. 
Nəzm  əsərlərinin  mövzu  dairəsi  geniş  olduğu  kimi  onun    adlarının  coğrafiyası  da  dünyanın  bir 
sıra  ölkə  və  şəhər,  çay,  dəniz  və  göllərinin  adlarını  əks  etdirir.  “Xirosima”,  “Vyetnam  ağıları” 
“Vaşinqtonun  vicdanı”,  “Ukraynanın  qızılgülü”,  “Alman  körpüsü”,  “Qəhrəman  Minsk”,  “Belarus 
toyunda”,  “Daşkənd  böyük  eldi”,  “Səmərqənd”,  “Qars  qalası”,  “Himalay  da  bizim  dağlar  kimidir” 
(V.Məmmədov),  “Bu  yol  Təbriz  yoludur”,  “Üzü  Təbrizə-Təbrizə”  (A.Yadigar),  “Saxalin”,  “Gözəl 
gördüm  Saxalində”  (İ.Yusifoğlu)  və s. 
Bədii  əsərlərinin  adlarından  aydın  olur  ki,  şeir  adları  dilin  daxili  imkanlarını  üzə  çıxarır,  bədii 
üslubu  zənginləşdirir,  leksik,  morfoloji  və  sintaktik  cəhətdən  zəngin  dil  xüsusiyyətlərini  özündə  əks 
etdirir.  Məsələn: 
Poeziya  nümunələrində  bir  sözdən  ibarət  şeir  adlar  məhsuldar  şəkildə  işlənir.  Məsələn:  “Sevgi”, 
“Sual”,  “Ağrı”,  “Ümid”,  “Çarə”,  “Təzad”,  ”Yer”,  “Varis”,  “Heyf”,  “Qayçı”,  “Etiraf”  (X.Kərimli), 
“Daş”,  “Şair”,  “Təndir”,  “Bahar”,  “Qəza,  “Sifət”,  “Gözəl”  (V.Məmmədov),  “Duet”,  “Elegiya”, 
(M.Qasımzadə),  “Tarix”,  “Dünya”,  “Kölgə”,  “Bələk”,  “Gözəl”  (A.Yadigar),  “Lalə”,  “Bənövşə”,  
“Ayna”  (İ.Yusifoğlu),  “  Şair”,  “Yalan”,  “Qərib”,  “Sevgi”,  “Məktub”  (H.Bağıroğlu),  “Gözəl”,  “Qardaş”, 
“Yazıq”  (Z.Vüqar) və s. 
Şeir  adlarının  bir  qismi  iki  və  daha  artıq  sözdən  ibarət  olur:  “Ad  günümə”,  “Ay  yazıq”,  
“Dalımca  gəlmə”,  “Həkim  çay”,  “Salamat  qal”,  “Dağlar  küsüb”,  “Dünya  sənin,  dünya  mənim”, 
“Yazı  masama”,  “Nə  bilim?”  (M.Araz),  “Təbiət  oxuyur”,  “Bəlkə  qayıtdı”,  “Tanıt  məni”,  “Anamdan 
məktub”,  “Ahıl  sevgisi”,  “Günəş  dostluğu”,  “Xoşbəxt  adam”,  “Bahar  təbəssümü”,  (X.Kərimli), 
“Sözüm  yox”,  “Dodaqdəyməz  təcnis”,  “Haqdan  zəka  aldın”,  “Həkim  dostuma  məktub”,  “Kəndə 
gəlmişəm”  (V.Məmmədov),  “Bu  dünyanın  səbri  böyük”,  “Dağlar  da  Vətəndir”,  “Şəhərlərə  gedən 
yollar”  (M.Qasımzadə)  və  s. 
Şeir  adlarının  bir qismi  də təyini  söz birləşmələri  modelində  formalaşır.   

- 8 - 
a)  Birinci  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Duz  saray”  (M.Qasımzadə),  “Özgə 
millət”,  “Bayağı  şeir”,  “Qoşa  bulaq”  (X.Kərimli),  “Qara  əqrəb”,  “Yalan  dünya”  (V.Məmmədov), 
“Açıq  məktub”,    “Qara  kağız”  (A.Yadigar),  “Qar  havası”  (H.Bağıroğlu),  “Yazıq  Vətən”  (İ.Yusifoğlu), 
“Açıq  dərs” (Q.Qərib) və s. 
b)  İkinci  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Azərbaycan  bayrağı”,  “Payız 
duyğuları”,  “Qartal  ömrü”,  “Zirvə  ömrü”,  “Şair  ürəyi”,  “Şair  ömrü”,  “Ağrı  dağı”,  “Küçə  iti” 
(X.Kərimli),  “Vətən  sevgisi”,  “Babək  qalası”,  “Metro  fəhləsi”,  ”Novruz  gecəsi”,  “Payız  toyları”,  “Özgə 
ürəyi”,  ”Sevgi  qatarı”,  ”Nağıllar  adası”,  “Körpə  qəlbi”,  “Ümid  işığı”  (M.Qasımzadə),  “Azərbaycan 
bayrağı”,  “Azərbaycan  əsgəri”,  “Azərbaycan  sovqatı”,  “Vətən  sevgisi”,  “Sevda  yolu”,  “Zirvə  yolu”, 
“Bahar  yağışı”,  “Ərk  qalası”  (A.Yadigar),  ”Hüseyn  bulağı”,  “Ordubad  lövhələri”  “Həmrəylik  günü”, 
“Təbiət  lövhələri”,  “Ulduz  müharibələri”  (V.Məmmədov),  “Torpaq  bayatıları”,  ”Müəllim  ömrü”,  “Qəm 
nəğməsi”  (İ.Yusifoğlu),  “Şair dünyası”,  “İnsan  ömrü”,  “Günəş  səadəti”  (Q.Qərib)  və s. 
c)  Üçüncü  növ  təyini  söz  birləşməsi  modelində  olur:  “Naxçıvanım  mənim”,  “Mənim 
könlüm”  (X.Kərimli),  “Mənim  ürəyim”,  “Mahirin  tələsi”,  “Gülşadın  dəftəri”  (M.Qasımzadə), 
“Ömrümün  baharı”,  “Nənəmin  arzusu”    (A.Yadigar),    “Zamanın  hökmü”,  “Mənim  anam”,  “Mənim 
dünyam”,  “Ukraynanın  qızılgülü”,  “Qocanın  istəyi”,  “Şeirin  sürəti”  (V.Məmmədov),  “İlkanənin 
hədiyyəsi”,  “Arpaçayın  uşaqları”  (İ.Yusifoğlu),  “Sözün  yaraşığı”,  “Könlümün  nəğməsi”,  “Mənim 
ölümüm”   (Q.Qərib) və s. 
ç)    Şeir  adlarının  bir  qismi    bitkin  cümlə  şəklində  yaranır:  “Gəzirəm  Vətəndə  itən  vətəni”, 
“Bu  dünya  bir  dəyirmandı”,  “Mən  zamanın  sualıyam”,  “Bu  şöhrətin  indisindən  qorxuram”, 
“Toğluqayanın  Savalna  məktubu”,  ”Şair  haqqın  yolçusudur”  (X.  Kərimli),  “Mən  ayaq  üstə  gəzən 
torpağam”,  “Səhnədə  Məcnun  gəzir”,  “Bu  yaz  kəndimizə  qayıdacağam”,  “Bir  uşaq  bələkdə  öldü”, 
“Duel  Rusiyanın  dar  ağacıydı”  (M.Qasımzadə),  “Cavid  Sibirdən  gəlir”,  “Döndü  Naxçıvanın 
salnaməsinə”,  “Fani  dünya  kimə  qaldı”,  “Mənim  kişilərə  yazığım  gəlir”,  ”Ağacdələn,  nə  qapımı 
döyürsən”,  “Bir  gün  bu  nağıl  da  yetəcək  sona”,  “Payız  da  ömrünü  başa  vuracaq”,  “Hələ  səbrli  ol, 
hələ  döz  görək”,  “Həyat  kitablarda  gördüyün  deyil”  (V.Məmmədov),  “Kəsiləcək  bu  zənglərin 
arası”,  “Döyüş  havaları  çaldırmalıyıq”,  “Qoy  yormasın  yollar  səni”,  “Mən  səni  çox  sevdim”    
(A.Yadigar),  “O  mənim  gözümə  soyuq  dəyibdi”,  Deyəsən  sən  məni  ölümdən  aldın”,  “Bir  gün  başın 
daşa  dəyər”  (H.Bağıroğlu),  “Dərdlərin  belimi  əydi,  ay  Vətən”,  “Bir  qədər  tək  qalmaq  istəyirəm 
mən”,  “Mənə  bir  məhəbbət  şeiri  oxu”,  “Ana  kəndim,  qayıtmışam  qoynuna”,  “Sən  məni  bənzətmə 
yaz  yağışına”  (İ.Yusifoğlu),  “Yar,  məni  qəlbindən  çıxart”,  “Özümə  baxmağa  ürəyim  gəlmir”,  “Bu 
gün  sənin  ad günündür”  (Q.Qərib)  və s.  
Bir  faktı  da  qeyd  edək  ki,  son  illərin  poeziyasında    adsız  şeirlər  silsiləsinə  də  rast  gəlirik.    Bu 
isə  ənənədə  şeirin  adını  ifadə  edən dolğun  bənddir  və müəllifin  fikrini  konkretləşdirir. 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin