The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   2   3   4   5   6   7   8   9   ...   36

 
 
 
 
 
 
 
 
 
 
 

- 37 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
                             
 
 
                                          SƏBUHİ İBRAHİMOV                                                                                
AMEA Naxçıvan Bölməsi       
E-mail: s.ibrahimov71 @mail.ru 
UOT:82 
MƏHƏMMƏDTAĞI SİDQİNİN ŞƏXSİ KOLLEKSİYASI  HAQQINDA 
 
Məqalədə  XIX  əsrin görkəmli maarifpərvər yazıçısı və şairi Məhəmmədtağı Sidqinin həyat və 
yaradıcılığı, pedaqoji fəaliyyəti, ədəbi düşüncələri və şəxsi kolleksiyası barədə məlumat verilmişdir. 
Şəxsi  kolleksiyada  olan  qiymətli  əlyazma  nümunələrinin  bir  hissəsi  onun  öz  əsərləri  və  digər 
əlyazmalar  isə  tanınmış  şair  və  yazıçıların  ədəbi  yaradıcılığı  ilə  sıx  bağlıdır.  Kolleksiyada 
saxlanılan  mətnlər  Naxçıvana  dair  əlyazmaların  filoloji-tekstoloji  tədqiqi  istiqamətində  aparılan 
elmi araşdırmalar üçün mühüm əhəmiyyət kəsb edir. 
 
 
 
Açar  sözlər: Naxçıvan, Sidqi, əlyazma, kolleksiya, nüsxə.   
 
Key words:  Nakhchivan, Sidgi, manuscript, collection, specimen. 
 
Ключевые слова: Нахчыван, Сидги, рукопись, коллекция, экземпляр.   
 
 
XIX  əsrin  axırı  –  XX  əsrin  əvvəlləri  Azərbaycanın  görkəmli  pedaqoqu,  yazıçı  və  şairi  Sidqi 
təxəllüsü  ilə  məşhurlaşan  Məhəmmədtağı  Kərbəlayi  Səfər  oğlu  Səfərov  1854-cü  ildə  Naxçıvanın 
dilbər  guşəsi  olan  Ordubad  şəhərində  anadan  olmuşdur.  Sidqinin  atası  əslən  Ordubadlı  Kərbəlayi 
Səfər,  anası  isə  Nəbati  xanım  olmaqla  əslən  vətəni  İran  Azərbaycanının  Üstibini  kəndindəndir  və 
Nəbatinin  yaxın  qohumlarından  olan  tanınmış  Tuti  xanımdır.  O,  ilk  təhsilini  doğma  vətəni 
Ordubadda  almış,  bir  neçə  il  İran  səfərinə  çıxmış  və  bu  müddətdə  fars  dilini  mənimsəmiş,  müqəddəs 
Məşhəd  şəhərində  olmuş,  görkəmli  yerləri  ziyarət  etmiş,  sonra  isə  İranın  Səbzvar  və  Nişapur 
şəhərlərində  yaşamış,  klassik  İran  ədəbiyyatını  dərindən  öyrənmişdir.    M.Sidqi  1831-ci  ildə 
Ordubadda  təşkil  olunmuş  “Əncüməni-şüəra”  (Şairlər  məclisi)  ədəbi  məclisinin  ən  fəal 
iştirakçılarından  Əhədağa  Şamil,  Usta  Zeynal,  Nəqqaş,  Hacı  Molla  Hüseyn  Bikəs,  Məşhədi  Həsən 
Dəbbağ,  Əttar  və  başqaları  ilə  birgə  olmuşdur.  Məclisin  ən  qaynar  dövrü  Hacı  ağa  Fəqir  Ordubadi 
dövrü  idi  ki,  bu  vaxt  Məhəmmədtağı  Sidqi  də  xüsusilə  öz  poetik  hədiyyələri  ilə  burada  iştirak 
edirdi.  XIX  əsrin  70-80-ci  illərində  məclisə  Fəqir  Ordubadi  (3,  s.  4),  daha  sonra  isə  Məhəmmədtağı 
Sidqi  (4,  s.  208)  başçılıq  edirdi.  Təşkil  olunmuş  bu  ədəbi  məclisdə  Azərbaycan  və  fars  dillərində 
olan  poetik  əsərləri  ilə  çıxış  edir,  bəzən  isə  ictimai-siyasi  məsələlərdən  söhbətlər  edirdilər.  O  dövrdə 
Naxçıvanda  ilk  müasir  kitabxanalar  yaranırdı  ki,  bunun  da  təşəbbüskarları  məhz  M.Sidqi, 
C.Məmmədquluzadə  və  bir  neçə  başqa  bu  kimi  şəxslərin  vasitəsi  ilə  həyata  keçirilirdi.  Naxçıvanda 
elmə,  təhsilə  marağın  olması  gənclərin  kitabxanalara  toplanması,  yeni  əsərlərin  oxunması,  jurnal  və 
qəzetlərin  geniş  oxucu  kütləsi  arasında  yayılmasına,  səhnəciklərin  verilməsinə  və  ümumiyyətlə 
ümummilli  əhəmiyyətli  işlərin  aparılmasına  gətirib  çıxarmışdır.  Görkəmli  maarifçi-pedaqoq 
M.Sidqi  Türkiyənin  İstanbul  və  digər  şəhərlərində  olduğu  zaman  çoxlu  lazımı  dərs  vəsaiti  və  başqa 
kitablar  əldə  etmişdir  ki, bu da məktəbdə  lazımı  qədər istifadə  olunurdu.     
 
 
M.Sidqi  mənalı  ömrünün  axırına  qədər  Naxçıvanda  işləmiş,  1903-cü  ildə  indiki  Naxçıvan 
MR  Kəngərli  rayonunun  Qarabağlar  kəndində  dünyasın  dəyişmişdir.  Mərhumun  cənazəsi  Naxçıvan 
şəhərinə  gətirilərək,  bütün  şəhər  camaatının  və  ictimaiyyət  nümayyəndələrinin  iştirakı  ilə  Naxçıvan 
qəbristanlığının  İmamzadə  deyilən  müqəddəs  bir  məkanın  astanasında  torpağa  verilərək  dəfn 
edilmişdir.  M.T.Sidqinin  əlyazma  əsərlərinin  külliyyatı,  böyük  həcmli  elmi  fəaliyyətində  onun 
ədəbi  görüşlərini  bütövlükdə  öyrənmək,  üzə  çıxarmaq  hələlik  çətindir.  Ancaq  əldə  olan  bir  sıra  əsər 
və  məqalələrinə,  başlıca  olaraq  “Nümuneyi-əxlaq”,  “Töhfeyi-benat”,  “Nəsihətnamə”,  “Əzbər 
ediləcək  hikmətli  sözlər”,  “Dilimiz  və  məktəbimiz  –  Hacı  Molla  Məhəmməd  Naxçıvaniyə  məktub” 
(5)  adlı  kitablarına  arxalanaraq,  ədibin  ədəbi-ictimai  görüşlərinin  başlıca  cəhətləri  barəsində 

- 38 - 
qiymətli  fikir  söyləmək  olar.  Görkəmli  pedaqoq  Məhəmmədtağı  Sidqinin  şəxsi  kolleksiyasını 
araşdırarkən  yalnız  onun  əlyazma  əsərləri  deyil,  həmçinin  dəyərli  arxiv  materialları  və  müxtəlif 
tarixlərə  aid  olan  çap  kitabları  da  mövcud  olmuşdur.  Bu  da  Naxçıvana  dair  əlyazma  mətnlərinin 
dərin  mənalı  təsvirini  verməkdədir.  Bu  müəyyən  olunmuş  əlyazma  mətnlər  ümumən  Yaxın  və  Orta 
Şərq  xalqlarının  ədəbi,  bədii  irsini,  onların  mədəniyyət  tarixini,  orta  əsr  rəssamlıq  məktəblərini 
öyrənmək  üçün  tutarlı  mənbə  olduğu  kimi,  Azərbaycan  və  o  cümlədən  Naxçıvan  ictimaiyyətinin  də 
dünya  mədəniyyətinə,  Şərq  xalqlarının  ədəbiyyatına  olan  münasibətini,  bədii  və  estetik  zövqünün 
yüksəkliyini,  elmə  gətirdiyi  zənginlikləri  göstərmək  üçün  tutarlı  qaynaqlardır.  Bu  da  bir  həqiqətdir 
ki,  müəyyən  hissələri  Yaxın  və  Orta  Şərqin  başqa  ölkələrində  hazırlanmış  bu  əlyazmaların  çoxu 
Azərbaycan  kolleksiyaçılarının  şəxsi  fondundan  gəlmişdir.   Naxçıvanda  yazılı  abidələr  kolleksiyası 
yaratmaq  başqa  dövrlərə  nisbətən  XIX  əsrdə  daha  da  inkişaf  mərhələsinə  qədəm  qoymuşdur.  Həmin 
dövrdə  yaşayıb-yaratmış  şəxslərin,  xüsusilə  şair  və  yazıçıların,  elm  adamlarının  gərgin  fəaliyyəti 
nəticəsində  meydana  çıxmış  bu  iş  zəngin  əlyazma  xəzinələrin  yaranmasına  səbəb  olmuşdur. 
Təsədüfü  deyil  ki,  bu  əlyazma  kolleksiyaları  yalnız  Naxçıvanda  mövcud  olmamış,  Azərbaycan, 
Türkiyə,  İran  və  başqa  Şərq  ölkələrində  hazırlanan  bu  nadir  nüsxələr  müxtəlif  şəxslərin  şəxsi 
kitabxanasında,  kolleksiyasında  saxlanıb,  qorunmuş  və  dövrümüzə  qədər  gəlib  çatmışdır. 
Əlyazmaların  vaxtı  ilə  əsasən  şahların  və  sultanların  kolleksiyasında  yerləşdiyini,  bunların  bədii 
cəhətdən  ən  qiymətliləri  şah  və  şahzadələrin  ixtiyarında  olduğunu,  əksəriyyəti  onların  sifarişi  ilə 
hazırlandığı  artıq  məlumdur.  Bununla  yanaşı  mətn  cəhətdən  ən  mükəmməlləri  Naxçıvanın  məşhur 
şair  və  elm  adamlarının  ixtiyarında  olması  da  inkaredilməzdir.  Məlum  olduğu  kimi  XIX  əsrdə 
Naxçıvanda  elmin  müxtəlif  sahələrinə  -  tarix,  hüquq,  dinşünaslıq,  dilçilik,  fəlsəfə,  ədəbiyyat, 
astaranomiya  və  başqalarına  aid  tanınmış  alimlər  yetişmişdir.  Məhəmmədtağı  Sidqinin  elmi-
pedaqoji  fəaliyyəti,  Cəlil  Məmmədquluzadənin  əsas  yaradıcılığı,  Hüseyn  Cavidin  filosof  və 
romantik  ədəbiyyatçı  kimi  formalaşması  o  dövrdən  başlayır.  Bu  dövrdə  incəsənət  sahəsində  də 
irəliləyiş  nəzərə  çarpır.  İncəsənət  realist  istiqamətdə  yüksəlməyə  başlayır.  Bəhruz  Kəngərli  (?-?)  o 
dövrün  realist  rəssamlarından  biri  idi.  B.Kəngərlinin  sulu  boya  ilə  çəkdiyi  çiçəklər,  quşlar,  dağlar, 
Huh  peyğəmbərin  məzarüstü  abidəsi  və  digər  ornamentlər  köhnə  rəssamların  işlərindən  fərqli  olaraq 
real  aləmi  –  təbiəti,  insanı  və  s.  əks  etdirən  rəsmlərdir.  Bunlar  hazırda  B.Kəngərli  adına  ev 
müzeyində  saxlanılır.  B.Kəngərlinin  rəsmləri  əlyazma  kitablara  çəkilmiş  miniatür  şəkillərdə  də 
mövcuddur.  Bunlar  realist  sənət  əsəri  olmasa  da  XIX  əsrdə  Naxçıvanda  miniatür  sənətinin,  əlyazma 
kitabının  yeni  şəraitdə  yaranması  və  bədii  tərtibi  cəhətdən  davamı  və  inkişafını  öyrənmək 
baxımından  əhəmiyyətlidir.  “Həsən  bəy  Zərdabi,  Seyid  Əzim  Şirvani,  Məhəmmədtağı  Sidqi  səxsi 
fondları  nisbətən  genişdir.  Amma  bu  fondlar,  əsasən,  onların  ictimai  fəaliyyətləri  ilə  əlaqədar  çox 
material  verir.  Bunlardan  Həsən  bəy  Zərdabi  şəxsi  fondu  ən  çox  «Əkinçi»  qəzeti  ilə, 
Məhəmmədtağı  Sidqi  fondu  onun  pedaqoji  fəaliyyəti  ilə,  Seyid  Əzim  Şirvani  fondu  isə  az  miqdarda 
öz  əsərləri  olsa  da,  yenə  dərs  dediyi  mədrəsə  ilə  əlaqədar  materialları  əhatə  edir”(1,  s.  10).  Naxçıvan 
şair  və  yazıçıları,  alimləri,  elm  adamları,  xüsusilə  ziyalılarının  əksəriyyətinin  şəxsi  kolleksiyaları 
olduğunu  göstərən  faktlar  Naxçıvan  elmi-ictimaiyyətinin  dünya  mədəni  xalqlarının  inkişaf 
bərabərliyinə  əsaslı  dəlildir.  AMEA  M.  Füzuli  adına  Əlyazmalar  İnstitutunda  saxlanılan  XIX  əsr 
Naxçıvan  ədəbi  mühitinin  nümayəndəsi,  görkəmli  pedaqoq  Məhəmmədtağı  Sidqi  şəxsi  kolleksiyası 
mühüm  yer  tutur.  Burada  onun  əlyazmaları  təsvir  edilərkən  ilk  növbədə  əsərin  adı,  müəllifi,  katibi, 
əsərin  dili,  köçürüldüyü  tarix  və  yeri,  xətti,  ölçüsü,  cildi,  həcmi,  şəxsi  möhürü,  eləcə  də  əlyazmanın 
başqa  paleoqrafik  xüsusiyyətləri,  həmçinin  hər  hansı  bir  əsərin  məzmunu  haqqında  məlumat 
verilmişdir.  Təsviri  veriləcək  Əlişir  Nəvainin  əlyazma  “Divan”ın  mətni  ağ,  saya  vərəqlərlə  nəstəliq 
xəttilə  qara  mürəkkəblə  yazılmışdır  (ölçüsü:  16x25sm.  həcmi:  90  vərəq).  Cildi  qara  medalyonlu 
zərli  meşindəndir.  İç tərəfi  müxtəlif  rənglər  və şəbəkələrlə  tərtib  edilmişdir. 
 
 
 
Əlyazma  Məhəmmədtağı  Sidqi  kolleksiyasında  yerləşir  və  onun  köçürülmə  tarixi  haqqında 
heç  bir  qeyd  olmasa  da,  bədii  tərtibatı  və  paleoqrafik  xüsusiyyətləri  baxımından  XVI  əsrdə 
köçürüldüyü  ehtimal  olunur.  Divan  orta  əsrə  xas  olan  incə  naxışlı  başlıqdan  əlavə,  müxtəlif 
üsullarda  yazılmış,  hər  bir  şer  arasında  bəzək  vurulmuşdur.  Titul  və  50a  vərəqinə  isə  möhür 
basılmışdır.  Həmin  möhür  mürəkkəb  formaya  malik  olduğu  üçün  hələlik  oxunması  mümkün 
deyildir.  Titul  vərəqində  həmçinin  Məhəmmədtağı  Sidqi  kolleksiyasından  və  həm  də  Şahbazağa 

- 39 - 
İsmayıl  Ağazadə  tərəfindən  hədiyyə  olunduğu  haqqında  M.Sidqinin  qeydi  vardır.  Əlişir  Nəvai  əsər-
lərinin  Naxçıvan  müəlliflərinin  kitabxanasında  mövcud  olması  bir  daha  onu  deməyə  əsas  verir  ki, 
özbək və Azərbaycan  ədəbi əlaqələrinin  qədimliyi  daim  olmuş  və  gələcəkdə  də olacaqdır.   
 
 “Ənisül-üşşaq”  əsərinin  müəllifi  XIV  əsrin  istedadlı  alimi,  yazıçısı  və  şairi  Rami  Təbrizi 
təxəllüsü  ilə  tanınan  Həsən  Məhəmməd  oğlu  olmuşdur.  Ədib  Şah  Mənsur  dövründə  “Məliküş-
şüəra”  ləqəbi  adını  almış  şəxsiyyətdir.  O, hicri  795 (=1392)-ci  ildə  vəfat  etmişdir.   
 
 
Əsərin  əlyazması  M.  Sidqi  tərəfindən  h.q.  1296  (=1878)-ci  ildə  köçürülmüşdür.  Cildi, 
üzərinə  bənövşəyi  mərməri  kağız  çəkilmiş  kartondandır  (ölçüsü:  11x7,5  sm.,  həcmi:  57  vərəq).  1a 
vərəqində  əlyazmanın  M.  Sidqi  kitabxanasından  olduğu  göstərilmişdir.  Qiymətli  əlyazma  abidəsi  
M.  Sidqinin  xətti  ilə  olan  əsərləri,  onun  yaradıcılıq  laboratoriyasını,  eləcə  də  XIV  yüzillik 
Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  olan  Rami  Təbrizi  əsərlərini,  bu  əsərlərin 
əlyazma  şəklində  yazılma  coğrafiyasını  öyrənmək  üçün  tutarlı  qaynaqlardandır.  Yek  kəlmə” 
əlyazmasının  müəllifi  Mirzə  Yusif  xan  Hacı  Mirzə  Kazım  Mərhəmət  Pənah  Təbrizi  Nəsirəddin 
şahın  dövründə  yaşamış  siyasət  adamlarından  olmuşdur.  O,  M.F.Axundov  ilə  dostluq  etmiş  və 
yaradıcılıq  əlaqəsi  saxlamışdır.  Təbrizi  dünyanın  bir  çox  ölkələrində  olmuş,  Moskva,  Peterburq, 
Fransa,  Tiflis,  Almaniya,  İstanbul  kimi  ölkələrdə  də  siyasi  səlahiyyətli  səfir  kimi  fəaliyyət 
göstərmişdir.  Əlyazma  ağ,  saya  vərəqlərə  incə  nəstəliq  xəttilə,  qara  mürəkkəblə  yazılmışdır.  Cildin 
üzərinə  mərməri  kağız  çəkilmiş  kartondandır  (ölçüsü:  12,5x21,5 sm., həcmi:  64 vərəq).     
 
Əsərin  əlyazma  mətni  M.  Sidqi  tərəfindən  h.q.1322  (=1903)-cü  ildə  köçürülmüşdür.  Sonda 
onun  Məşhədi  Tağı  Kərbəlayi  Səfərzadə,  Xeyriyyə  məktəbinin  müəllimi  olduğu  və  “Ziyalı  dostları 
üçün,  yazmışam  yadigar  qalmaq  üçün”  sözləri  yazılmışdır.  Əlyazmanın  əvvəlində  də,  farsca 
“Məhəmmədtağı  Sidqi  kitabxanasından,  №29”  qeydi  verilmişdir.  forma  və  məzmunu  ilə  seçilən 
qiymətli  bu  əsər  Mirzə  Yusif  xanın  həyat  və  fəaliyyətini,  onun  bədii  yaradıcılığı  ilə  bərabər 
Məhəmmədtağı  Sidqinin  də  əlyazmalarını,  onun  bəhrələndiyi  qaynaqları  öyrənmək  istiqamətində 
əhəmiyyətlidir.  Mirzə  Mülkün  xanın  “Külliyyat”  əsərinə  aşağıdakı  əlyazma  əsərlər  daxil 
edilmişdir:  “Üsuli-tərəqqi”,    “Şeyx  və  vəzir”,  “Politikayi-dövlət”  (Dövlət  siyasəti),  “Tənzili-ləşkər” 
(Dövlət  aparatının  və  ordusunun  tənzimlənməsi),  “Kitabçeyi-qeybi”  (Müqəddəs  kitabça),  “Rəfiq  və 
vəzir”,  “Noumü  yəqzə”  (Yuxu  və  ayıqlıq),  “Sual  və  cavab  dər  bəyani  mətalibi-çənd”  (Bir  neçə 
mətləbin  bəyanında  sual  və  cavab),  “Dər  bareyi-mətalibi  həftkanə”  (Həftəlik  mətləblər  barəsində), 
“Dəstgahi-divan”  (Dövlət  şurası  aparatı),  “Dəftəri  qanun”  (Qanun  dəftəri)  əsərləri  daxil  edilmişdir.
 
Əsər  ağ,  cizgili,  ümumi  dəftər  vərəqlərinə  qara  mürəkkəblə  nəstəliq  xəttilə  Naxçıvanın 
görkəmli  müdərrisi,  şair  və  yazıçısı  M.  Sidqinin  xəttilə  yazılmışdır.  Sonluqda  birinci,  ikinci  və 
üçüncü  əsərlərin  h.q.  1315  (=1897)-ci  ildə,  dördüncü,  beşinci,  altıncı,  yeddinci,  səkkizinci  isə 
yaşadığı  Naxçıvan  şəhərində  M.  Sidqi  qələmi  ilə  köçürüldüyü  göstərilmişdir.  Cildi  şirazədən 
cırılmışdır  (ölçüsü:  12,5x20  sm.,  həcmi:  164  vərəq).  Qiymətli  əlyazma  abidəsi  olan  bu  əsər  Mirzə 
Mülküm  xanın  ədəbi  və  siyasi  yaradıcılığı  ilə  yanaşı  M.  Sidqinin  də  ədəbi-bədii  fəaliyyətini,  onun 
istinad  etdiyi  qaynaqları  öyrənmək  üçün  qiymətli  mənbədir.  Dahi  Azərbaycan  şairi  M.Füzuli  hələ 
mədrəsədə  oxuyarkən  şer  yazmağa  başlamış  və  lirik  şair  kimi  şöhrətlənmişdir.  Ərəb,  fars  və  türk 
dillərini  mükəmməl  bilən  Füzuli  üç  dildə  yazıb  yaratmışdır.  Onun  farsca  və  azərbaycanca  lirik  şer 
divanı  “Leyli  və  Məcnun”  və  başqa  əsərləri,  eləcə  də  tərcümələri  öz  dövründə  əlyazması  şəklində 
geniş  yayılmışdır.  Əlyazma  XX  əsrin  əvvəllərinin  qiymətli  məhsuludur  (ölçüsü:  13,5x20  sm., 
həcmi:  35 vərəq). Əlyazmanın  35a vərəqində  onun  M. Sidqiyə  məxsus  olduğu  qeyd edilmişdir.   
 
 “Məcmuə”yə  ibn  Hacib  Əbu  Ömərin  “Şafiyə  li-t-təsrif”  əsəri,  əruz  vəzni  və  onun 
bəhrələrinə  aid  mənzum  bir  əsər,  Məhəmməd  Kirmaninin  “Əfali-ibad  və  iradətül-cəziyyəsi”, 
Taşkörpülüzadənin  elmi-ədəb  və  münazirəyə  aid  bir  risaləsi,  eləcə  də  “Şərhül-risalətül-Əzudiyyə 
filvəz”  və  nəhayət  yenə  əruza  aid  həm  mənsur,  həm  də  mənzum  yazılar  daxil  edilmişdir. 
Məcmuədəki  əsərlərin  əksəriyyəti  ərəbcə,  yalnız  biri  –  “Əfali  ibad  və  iradətül-cəziyyə”  Azərbaycan 
dilindədir.  müxtəlif  məzhəblərdən  bəhs  edən  bu  əsər  əlyazmada  əfsus  ki,  sondan  naqisdir. 
Əlyazması  xırda  yazılmış,  məcmuənin  otuz  iki  səhifəsini  əhatə  etdiyindən  və  onun  sondan  naqis 
olması  nəzərə  alınsa,  onun  iri  həcmli  əsərlərdən  olduğu  aydınlaşır.  Əsər  ağ,  saya  vərəqlərə  nəsx  və 
nəstəliq  xətlərilə  mətni  qara,  başlıqlar  və  yarımbaşlıqlar  isə  qırmızı  mürəkkəblə  yazılmışdır.  Cildi 
kartondandır  (ölçüsü:  13x20  sm.,  həcmi:  174  vərəq).  Məcmuənin  39a  vərəqində  onun  Sidqi 

- 40 - 
kitablarından  olduğu,  sonda  isə  sonuncu  -  ərizə  aid  mənsur  və  mənzum  hissələrin  axırında  Sidqinin 
əli  ilə  köçürüldüyü  göstərilmişdir.  Görkəmli  pedaqoq-maarifçi  M.  Sidqinin  topladığı  “Nəsihət  və 
hikmətli  sözlər”  onun  öz  xəttilə  -  nəstəliq  xəttilə  köçürülmüşdür.  Xalq  ədəbiyyatından  Sədi  və 
Hafiz  şerlərindən  başlayaraq  öz  əsərlərindəki  nəsihət  və  hikmətli  sözlər  ayrı-ayrı  vərəq  parçalarına 
yazılıb,  kantor  kitabı  vərəqlərinə  yapışdırılmışdır.  Kitabın  30  vərəqini  əhatə  edən  həmin  ifadələr 
105  parçadan  ibarətdir.  Kitabçanın  cildi  kartondandır  (ölçüsü:  15x21,5  sm.,  həcmi:  30  vərəq).  Qeyd 
olunan  qiymətli  əlyazma  əsəri  nəsihətli  və  hikmətli  sözlərin  əksəriyyətində  maarif,  mədəniyyət, 
təhsil,  tərbiyə  təriflənir,  səbr,  hövsələ,  dözümlülük  və  s.  təlqin  edilir.  İnsanın  bədbəxtliyinə  əsas 
səbəblərdən  olan  kimsəsizlik,  xudpəsəndlik,  başqalarında  eyb  axtarmaq,  insanlara  kin-küdrət 
saxlamaq,  tələsmək  və  s.  pislənir,  insanların  zəifliyinə  səbəb  düşmənin,  borcun  və  qadının  olduğu 
göstərilir  və  başqa  fikirlər  verilir.  “Təzkirətüş-şüəra”  əsəri        İran-tacik  təzkirəçisi,  yazıçı 
Dövlətşah  ibn  Əlaüddövlə  Bəxtişah  əl-Qazi  Səmərqəndinin  h.q.986  (=1579)-cı  il  əlyazma  nüsxəsi 
ağ,  saya  vərəqlərə  incə  nəstəliq  xəttilə  qara  və  qırmızı  mürəkkəblə  yazılmışdır  (ölçüsü:  14x24  sm., 
həcmi:  201  vərəq).  Qeydlərin  birindən  görünür  ki,  həqiqətən  Məhəmmədtağı  Sidqinin  zəngin 
kitabxanası  olmuş  və  əlyazma  səliqə  ilə  nömrələnmişdir.  Bu  da  onun,  məsələn,  “Məhəmmədtağı 
Sidqi  kitabxanasından,  №80”  qeydi  ilə  təsdiq  olunur.  Başqa  bir  qeyddə  isə  deyilir:  “H.  1305-ci  ilin 
rəbiüs-sani  ayının  22-də Tağı  ibn  Kərbəlayi  Səfər tərəfindən  yadigar  kimi  yazıldı”.   
XIX 
əsr 
Naxçıvan  ədəbi  mühitinin  görkəmli  nümayəndəsi,  şair  və  yazıçı,  M.  Sidqi  tərəfindən  tərtib  edilmiş 
Təmsilat”  əsəri  ağ,  saya  birmil  şagird  dəftərinə  qara  mürəkkəb  nəstəliq  xəttilə  yazılmışdır  (ölçüsü: 
17x21  sm.,  həcmi:  14  vərəq).  Əlyazmaya  bir  neçə  kiçik  hekayətlər,  Təsrifi-əsmai,  felin  zamanları  və 
onlar  haqqında  misallar  verilmişdir.  Sonradan  həmin  yazıların  üstündən  xətlər  çəkilib  pozulmuşdur. 
4a  vərəqindən  sonadək  “Heykəli-insana  bir  nəzər”  əsəri  yazılmışdır.  “Cüng”  adlanan  əlyazmanın 
mətni  dörd  sütünda  incə  nəstəliq-şikəstə  xətti  ilə  qara  mürəkkəblə  yazılmışdır  (ölçüsü:  11x21  sm., 
həcmi:  254  vərəq).  Cüngdə  80-ə  yaxın  müxtəlif  şairlərin  şerləri,  o  cümlədən  Nizami,  Sədi,  Hafiz, 
Füzuli,  Fəqir  Ordubadi  və  başqa  görkəmli  sənətkarların  əsərlərindən  nümunələr  verilmişdir.          Bu 
qiymətli  əlyazmanın  əhəmiyyəti  onun  müxtəlif  şəxslərin  kitabxanasında  olması  və  ondan  istifadə 
edilməsidir.  M.  Sidqi  tərəfindən  tərtib  edilmiş  bu  cüng  çox  maraqlıdır  və  öyrənilməsi  elmi 
əhəmiyyət  kəsb  edir.  Təsviri  aşağıda  verilən  “Şerlər”  əlyazması  Sidqinin  avtoqrafıdır.  Rusiyada 
Sergeyev  kağız  fabrikinin  istehsalı  olan  ağ,  saya  vərəqlərə  qara  mürəkkəblə,  nəstəliq  xəttilə 
yazılmışdır.  Cildsizdir  (ölçüsü:  18x23  sm.,  həcmi:  77  vərəq).  Əlyazma  XIX  yüzilliyin  istehsalıdır  və 
o,  çox  ehtimal  ki,  Ordubadda  köçürülmüşdür.  Titul  vərəqində  gül,  quş,  kəpənək  şəkilləri 
çəkilmişdir. 
Müəyyən  olunmuş  əsərə  Sidqinin  farsca  və  azərbaycanca  qəzəlləri,  “Saqinamə”si, 
müxəmməsləri,  Sədi  qəzəllərinə  yazdığı  təxmisləri  və  başqa  şerləri  daxil  edilmişdir.  Şerlərə 
müqəddimə  verilmişdir.  Ümid  edirik  ki,  bu  əlyazma  kolleksiya  nümunələr  Məhəmmədtağı  Sidqi 
irsinin  öyrənilməsində  müəyyən  qədər  əhəmiyyətli  olacaq  və  onun  maarifçilik  istiqamətində 
yaradıcılığını  sevənləri  maraqlandıracaqdır.    
 
ƏDƏBİYYAT 
 
1. Nurəliyeva  T. Əlyazma  kolleksiyaları  kataloqu.  Bakı:  Nurlan,  2006, 376 səh.   
2.  Nurəliyeva  T.  Azərbaycan  ədəbiyyatının  tədqiqində  əlyazma  kolleksiyalarının  əhəmiyyəti. 
Bakı:  Şərq-Qərb, 1998.  
3.  Ordubadi  Fəqir.  Ağlar  qələm  əlimdə.  Seçilmiş  əsərləri.  (tərtib,  müqəddimə,  şərh  və  lüğət 
filologiya  elmləri  namizədi,  dosent  Ə.Qədimovundur).  Bakı:  Yazıçı,  1989, 232 səh. 
4.  İbrahimov  S.  Naxçıvana  dair  XIX  əsr  əlyazma  nüsxələrinə  filoloji  baxış  //    AMEA  NB-nin 
Xəbərləri,  №3, Naxçıvan:  “Tusi”,  2014, s. 204-215. 
5.  Sidqi  M.T.  “Dilimiz  və  məktəbimiz  –  Hacı  Molla  Məhəmməd  Naxçıvaniyə  məktub”. 
Əlyazması,  AMEA  NB Əlyazmalar  Fondu.  1316 h.q. (1898), 19 s. 
  
 
 
 

- 41 - 
ABSTRACT 
 
ABOUT  PERSONAL  COLLECTION  OF MOHAMMED TAGI SIDGI 
Information  about  Muhammad  Tagi  Sidgi,  a  prominent  educator,  writer  and  poet  of  the  XIX 
century,  about  his  life  and  works,  educational  activities,  literary  thoughts  and  personal  collection  is 
given  in  the  paper.  Some  specimens  of  manuscripts  in  his  personal  collection  are  closely  related  to 
his  own  works  and  other  manuscripts  are  connected  with  literary  works  of  famous  poets  and 
writers.Texts  stored  in  the  collection  are  of  great  importance  for  researches  carried  out  in  the  field 
of philological-textual  analysis  of  the manuscripts  about Nakhchivan.   
         
РЕЗЮМЕ 
 
О ЛИЧНОЙ  КОЛЛЕКЦИИ МУХАММЕДА ТАГИ  СИДГИ 
В  статье  даны  сведения  о  видном  просветителе,  писателе  и  поэте  XIX  века 
Мухаммеде  Таги  Сидги,  его  жизни  и  творчестве,  педагогической  деятельности, 
литературных  размышлениях  и  личной  коллекции.  Часть  образцов  ценных  рукописей, 
находящихся  в  его  личной  коллекции  тесно  связана  с его собственными произведениями, а 
другие  рукописи  с  литературным  творчеством  известных  поэтов  и  писателей.  Тексты, 
хранящиеся  в  коллекции,  представляют  большую  ценность  для  научных  исследований, 
проводящихся  в области филолого-текстологического  анализа рукописей о Нахчыване. 
 
                                                 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin