237
SOVET DÖVRÜ AZƏRBAYCAN YAZARLARININ
EPİSTOLYAR ƏSƏRLƏRİNDƏ TÜRKİYƏ
Aygün Bağırlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan MEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu
(Ozarbayjon)
Şəxsiyyətlərin, ayrı-ayrı ziyalıların epistolyar irsləri–xatirələri, gündəlikləri,
məktubları, yol qeydləri bəzən həmin dövrün ictimai-siyasi durumunu, həyat və
yaşam tərzini, tarixini və sosial-mədəni həyatını anlatmaq baxımından cild-cild
elmi əsərlərdən, tarix kitablarından da dəyərli mənbə ola bilər. Sovyetlər
dönəmində kommunist diktaturasının iki qardaş dövlətin – Azərbaycan və
Türkiyənin arasına çəkdiyi siyasi və coğrafi sərhədlər gediş-gəlişə, sıx ünsiyyətə,
ədəbi-mədəni, sosial-iqtisadi ilişkilərə əngəl olsa da ruhi-mənəvi körpüləri tam qıra
bilməmişdir. Bu ruhi-mənəvi bağlar ayrı-ayrı aydınların, yazarların, şairlərin,
ozanların içlərində yaşatdığı həsrət qarışıq sevginin sayəsində qorunmuşdur.
İki qardaş milləti bağlayan bütün bağları qoparmağa çalışan Sovet
İmperiyasının bizi milli dəyərlərimizdən, mənəvi-tarixi köklərimizdən ayırmaq
cəhdi və istəyi nəinki bu ilişkiləri, hətta türk sözünün özünü belə ifadə etməyi
qadağan etmişdir. Yüzlərlə söz və düşüncə adamı “pantürkist”, “panislamist”
damğası ilə ittiham edilərək repressiya qurbanı olmuş, “vətən xaini” damğası ilə
vətəndən sürgün edilmişdir. Türkiyə-Azərbaycan arasındakı ədəbi-mədəni, siyasi
ilişkilərdə 30 ildən çox, 40 ilə yaxın soyuqluq olmuşdur.
Uzun zaman ideoloji yasaq və qadağalara, kommunist diktatorluğuna qarşı
bəzən birbaşa, bəzən də dolayısı ilə mücadilə edən Sovet dövrü Azərbaycan şair
və yazarlarının Türkiyə ilə ilgili xatirələri, səfər və görüşləri haqqındakı qeydləri
bu gün üçün qiymətli sənədlərdir. Bu əsərlərdə olan məlumatlar bizə o dövrdə
Türkiyə Cumhuriyyətinin ictimai-siyasi və sosial-mədəni durumu haqqında
məlumatlar verir, həmçinin zorla sərhədlərə ayrılan Türkiyə və Azərbaycanın bir-
birinə olan mənəvi bağlılığını, sevgisini özündə əks etdirir.
Azərbaycanın yazar və şairlərindən olan Nigar Rəfibəylinin, İsmayıl
Şıxlının, Xəlil Rza Ulutürkün, Anarın, Elçinin və başqalarının epistolyar irsindəki
nümunələr Sovetlər dönəmi Türkiyə – Azərbaycan mədəni əlaqələrinin ən
qiymətli qaynağı hesab oluna bilər.
Sovyetlər dönəmində Türkiyə – Azərbaycan mədəni əlaqələrini, Türkiyə
Cumhuriyyətinin sosial-mədəni həyatı haqqındakı təsəvvürləri, hər iki millət
arasında qardaşlıq bağlarını özündə əks etdirən Azərbaycan yazarlarının epistolyar
238
əsərləri araşdırılarkən, bu əsərlərdə sovet ideologiyasının və kommunist
diktaturasının xalqımıza qarşı həyata keçirdiyi mənəvi və mədəni represiyalar da
görünmüş olur.
Türk ədəbiyyatşünası Seyfeddin Altaylı Xəlil Rza haqqında olan bir yazısında
yazır: 1988 – ci ildə hələ Sovetlər Birliyi dagılmamış Bakıda yazar və şair dostum
Sabir Rüstəmxanlının məkanında Xəlil Rza ilə söhbət edərkən elə sözlər
danışmışdı ki, heyrətlənmişdim. Rəhmətliyin ürəyi elə dolu idi ki, duyğularını
anlatmağa çalışarkən kəlimələr aciz qalırdı. Və söylədikləri bir insanı ipə
götürəcək qədər aşırıydı. O illərdə Türkiyədən bir insanın Bakıda olması bir
möcüzə sayılırdı. Müsafiri olduğunuz insanlar üçün dünyada bundan daha böyük
bəxtiyarlıq olmazdı. O vaxtlar Azərbaycanda olarkən, insanların yaşadıqları
duyğuları təsvir etmek çox çətindir. Türk vətəndaşı olan bir kimsəni evində qonaq
etmək hər Azərbaycan türkünün platonik eşqiydi. Xəlil Rza ilə qarşılıqlı oturub
söhbət edərkən, Türkiyəli bir qardaşıyla dərtləşməyin ona verdiyi həzzi
baxışlarındakı sevinc şölələrindən hiss edib ona bu duyğuları yaşatmaqda vəsilə
olduğumdan sonsuz dərəcədə mutlu olmuşdum. Bu duyğuları bizə qarşılıqlı olaraq
yaşatdığı üçün də Ulu Tanrıya ən dərin səmimiyyətimlə dua edib şükür etmişdim.
Ürəyimdə duyduğum mutluluğu ve sevinci çox istəməmə baxmayaraq divarların da
qulağı var deyə rəhmətliyə açıqlamamışdım. Belə şəxsiyyətlərə sahib Azərbaycan
dünən dövlət qurmağı öyrətdiyi kimsələrə əsir ola bilməzdi, olmadı da... İnşallah
bir gün gələr üzünün digər qismi də gülər ve böyük bir niskil tarixə qarırşar. O
günün yolçuları nə müqəddəs insanlardır. ya Rabb!
Müəllif “Türk vətəndaşı olan bir kimsəni evində qonaq etmək hər
Azərbaycan türkünün platonik eşqiydi” fikrində heç bir ifrata varmamışdı.
Həqiqətən, o illərdə Türk vətəndaşı olan kimsəni nəinki qonaq etmək, onunla
yaxından görüşmək, söhbət etmək bir xoşbəxtlik, bir sevinc demək idi. Dini bir,
dili bir, ancaq illərdir ayrı yaşamağa məhkum edilmiş qardaşların görüşünü, o anın
duyğularını təsəvvür etmək çətin deyil.
Azərbaycanın görkəmli yazarı mərhum İsmayıl Şıxlı bir məqaləsində Xəlil
Rzanın hələ 1960-cı illərdəki mübarizəsi haqqında yazır:
“1960-cı illərdə gənclər arasında qərib davranışlar gözə çarpırdı. Bir şeylər
axtarır, gözləyir və bir şeylər üçün hazırlanır, bir şeylər söyləmək istəyirdilər.
Bəzən dənizə gedib həftələrlə üzmək, kürək çəkmək öyrənirdilər. Səbəbini
soruşanda isə bir gün lazım olar, – deyirdilər. Qarlı, fırtınalı havalarda dənizə girər,
buzlar üzərində yalın ayaqla qaçardılar. Bir-birlərini qara basdırardılar. Səbəbini
soruşanda isə gülümsəyərək “bəlkə, bir gün gərək olar” – deyə cavab verərdilər.
Özlərinə əziyyət verər, günlərcə ac-susuz qalardılar. Belə çətinliklərlə üzləşə
bilərik deyərdilər. Bir şey üçün hazırlandıqları bəlli idi. Xəlil Rza da bunlardan biri
idi. O da bu yolun yolçusuydu”.
239
İsmayıl Şıxlı 60-cı illərin gəncləri hazırlanırdı – deyəndə, onların bir gün öz
məqsədləri, əqidələri, türklük sevdası, Turan uğrunda qarşılaşacaqları çətinliklər
üçün hazırlaşdıqlarını nəzərdə tuturdu. Necə ki, Xəlil Rza 90-cı ildə arzuları
uğrunda Lefortovo zindanını “ziyarət” etməli oldu, ömrünün 9 ayını zindanda
yaşadı.
Xalq yazıçısı Anar uşaqlıq xatirələrinin birində yazır: atam radioda Türkiyə
dalğasını tutub alçaq səslə verilişləri dinləyər, qurtaran kimi dalğanı dəyişər, əqrəbi
ya Bakının, ya da Moskvanın üzərinə qoyardı. Bir dəfə atam verilişi dinləyəndən
sonra dalğanı dəyişməyi unutdu, mən tez yaxınlaşıb əqrəbin yerini dəyişdim. Bunu
görən atam kövrələrək başımı sığalladı, sən nə tez böyüdün? – dedi. Onda Anarın
on yaşı var idi. Bu ehtiyatlılıq ona görə idi ki, hər an evə “gözlənilməz” qonaq gələ
bilər, şairin Türkiyəyə nə məqsədlə “qulaq asdığı” sorğulara və cəzalara səbəb ola
bilərdi.
1964-cü ildən Sovetlər Birliyi ilə Türkiyə arasında elmi-mədəni
razılaşmalardan sonra Azərbaycan şairlərinin Türkiyəyə, türk yazıçılarının
Azərbaycana səfərləri baş tuturdu. 1964-cü ildə Azərbaycan yazıçısı Mehdi
Hüseyn Türkiyədə səfərdə olmuş, elə həmin il “Bir ay və bir gün” adlı kitab çap
etdirmiş, bütün yol qeydlərini, keçirdiyi görüşləri, hər görüşün onda yaratdığı
təəssüratı ətraflı şəkildə yazmış və oxucularla bölüşmüşdü. Düzdür, Mehdi
Hüseynin bu kitabı bir Sovet nümayəndəsinin Türkiyəyə münasibətini və baxışını,
dövrün qatı ideoloji izlərini göstərsə də burada bizim üçün gərəkli olan nüanslar da
öz əksini tapır. Yazıçı orada olan zaman “Yeni İstanbul” qəzetinin 43 il keçməsinə
baxmayaraq Azərbaycanda “Müsavat”ın, “Cümhuriyyət”in süqutundan hələ də
ürək ağrısı ilə yazdığını göstərir.
1967-ci ilin iyun ayında isə Əziz Nesin, Yaşar Kamal və Məlih Cövdət Antay
Azərbaycanda səfərdə olurlar. Bu heyəti müşayiət edən Qılman İlkin sonralar
“Türk yazıçıları Bakıda” adlı kitabça çap etdirmişdir. Keçirdikləri görüşləri,
onların Azərbaycan haqqında təəssüratlarını bu kitabdan öyrənmiş oluruq.
1968-ci ildə Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, Süleyman Rüstəm,
Məsud Vəliyev, Xəlil Rza, Qasım Qasımzadədən ibarət yazıçı heyəti Türkiyədə
olur. Bu iki qardaş ölkənin uzun illərin ayrılığından sonra təsirli və yaddaqalan
görüşü idi.
Nigar Rəfibəyli üçün Türkiyə digər yurddaşlarından fərqli olaraq həm də ona
görə əziz və doğma idi ki, onun 39 il üzünü görmədiyi qardaşı bu ölkədə yaşayırdı.
Bu görüşdən nə qədər təsirlənib duyğulansa da onun ağlamağa ixtiyarı və icazəsi
yox idi. Həmin görüşün digər şahidləri yazırlar ki, Nigar xanım biz İstambula
enərkən duyğulandı, kövrəldi, amma hissini içində boğdu, ağlamadı. Yoldaşı Rəsul
Rza, ona – möhkəm ol – dedi. Onlar bilirdilər ki, kənardan onlara nəzarət edirlər.
240
Nigar Rəfibəyli bir il sonra ikinci dəfə Türkiyəyə səfər edib qayıdandan
sonra “Sağlıqla qal, yaxın qonşu” adlı geniş həcmli yazısında gördüyü tarixi
abidələr, muzeylər, cameələr, onlar haqqındakı rəvayətlər, İstambuldakı teatr
səhnələri, “Gənclik və idman bayramın”dakı coşqu, tələbə nümayişləri, adalara
səyahəti zamanı rastlaşdığı macəralar, müsafiri olduğu evlərdəki hörmət və
ehtiramdan geniş söz açır. Görüşdüyü şair və yazarların yaradıcılığı haqqında
mütləq, qısa da olsa Azərbaycan oxucusuna məlumat verir, sanki özü görüb
tanıdığı Türkiyəni həmvətənlərinə də tanıtmaq, göstərmək istəyirdi. Çoxlarının
yuxularda, xəyallarda qonaq olduğu İstanbulu Nigar xanım belə təsvir edir:
İstanbul dünyanın gözəl şəhərlərindən biridir. Beş yüzdən artıq cameəsi və
saysız-hesabsız minarələri ilə bu şəhər minarələr meşəsinə bənzəyir. Möhtəşəm
tarixi memarlıq əsərləri olan bu cameələr və minarələr İstanbulu dünyanın başqa
şəhərlərindən ayırır, ona xüsusi bir gözəllik verir. Kino-filmlərdə gördüyüm
Amerika şəhərləri, Nyu-York, Vaşinqton və başqa şəhərlər, mənə elə gəlir ki, çox
hündür göydələn binaları ilə şəhəri səmadan mərhum eləmişlər. Bu göydələn
binaların arasındakı quyu kimi küçələr daş bir torbaya bənzəyir. Bu səmasız
şəhərlərdə yaşayanlar yəqin ki, bu daş torbaların içində sıxılır və darıxırlar.
İctanbulun isə üstündəki səma təmiz, mavi və genişdir. Gecələr bu göy üzü parlaq
ulduzlarla dolur. Bosforun mavi sularında parıl-parıl yanırlar.
İstanbul axşamüstü və səhər tezdən gözəl olur. Yasəmən rəngli duman
icərisindən görünən cameə və minarələr getdikcə dumandan sıyrılıb çıxır, üfüqdən
qalxan günəşin şüaları altında parlayır, qədim və əsrarlı bir aləmdən xəbər verirlər.
Nigar Rəfibəyli Türkiyənin təkcə zahiri gözəlliyini deyil, insanlarda gördüyü
xoş münasibəti də yüksək dəyərləndirmişdir. Hər xalqı başqa xalqdan ayıran
ümumi bir cəhət olur. Məndən soruşsalar ki, türklərin bu xüsusiyyəti nədir?
Nəzakətdir – deyərəm. Şirindilli, mehriban təbiətli, xoşrəftarlı, qonaqpərəst xalq.
Türkiyəyə keçən ilki səfərimizi İstanbuldan başladıq. Birinci diqqətimi cəlb edən
bu nəzakət oldu. Kobud bir söz, köntöy bir hərəkət,bədrəftar görmək mümkün
deyildi. Otellərdə, yeməkxanalarda qadın xidmətçiyə rast gəlmək olmaz. Burada
cəld və iti işləyən cavan oğlanların rəftarı xoş, üzü gülərdir. Əvvəlcə mənə elə
gəldi ki, Avropa ilə təması olan, daha doğrusu, bir qolu Asiyada, bir qolu
Avropada olan bu şəhərin mədəni və xoş davranışı, xoş rəftarı Avropa
mədəniyyətindən gələn bir cəhətdir. Lakin sonralar ölkənin içərisinə, dırinlərinə
getdikcə başa düşdüm ki, bu xasiyyət mənbəyini xalq arasından alır, kəndlərdən,
qəzalardan böyük şəhərlərə gələn bir keyfiyyətdir. Oteldə işləyən cavan oğlandan
xəbər aldım: Əhməd, nerəlisin? – Erzincandanım, hanımefendi. – Yusif, sən
nerəlisin? – Erzurumdanım, hanımefendi.
Yuxarıda qeyd etdiyimiz kimi Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı,
Süleyman Rüstəm, Məsud Vəliyev 1968-ci ildə 14 apreldən 21 aprelədək
241
Türkiyədə olurlar. İsmayıl Şıxlının – İstanbulu öyrənməyə hardan başlayaq? –
sualına qonaqları qarşılamağa gələn Əziz Nesin – “Tofiq Fikrətin “Aşiyan”ından
başlayaq” – deyə cavab verir. Xəlil Rza yazır ki, təkcə Tofiq Fikətin deyil, həm də
Əbdülhəq Hamidin, Rza Tofiqin, Namiq Kamalın, Hüseyn Cavidin, Mahmud
Əkrəmin, Nigar xanım və başqa sənətkarların da həyat və yaradıcılıqlarına aid
sərvətləri qoruyub saxlayan “Aşiyan” dağlı-dərəli, çinarlı, minarəli İstanbulun ən
gözəl parçasıdır. Xəlil Rza vurğulayır ki, Tofiq Fikrətin vicdanı onu malikanəsinin
yerləşdiyi bu füsunkar gözəlliyin içindən xalqının dərdlərini görməyə, onların
tablosunu yaratmağa məcbur etmişdir. Müharibələrə, dartışmalara, haqsızlıqlara
yox deyən şair bütün insanlığı narahat edən mövzulara toxunmuşdur.
Xəlil Rza öz gündəliyində Türkiyədə olarkən gördükləri tarixi abidələr,
İstanbulun, Ankaranın əsrarəngiz təbiəti haqqında doya-doya bəhs edir. Şairin
gündəliyində diqqət çəkən ilginc bir epizodu nəzərinizə çatdırmaq istəyirəm:
Məsud Əlioğlu və Qasım Qasımzadə küçədə ayaqqabı silən bir uşağa yaxınlaşıb
çəkmələrini sildirmək istəyirlər.
– Yavrum, mənim ayaqqabımı silərsənmi?
12-13
yaşlı cocuq bir an duruxdu, avtobusa nəzər saldı və cəld cavab verdi.
–
Hayır, əfəndim. Türk çocuğu yabançıların çəkmələrini silməz.
Çocuq silgi əşyalarını götürüb onlardan uzaqlaşır. Xəlil Rza uşağı çağırıb
onunla söhbət edir, üçüncü sinifdə oxuduğunu bilib ondan bir şeir deməsini istəyir.
Məktəbli Mehmet Akifin “İstiqlal” şeirini əzbər deyir. Xəlil Rza isə cavabında
Nazim Hikmətdən deyir və maraqlı bir deyişmə alınır. Bi kiçik epizod bizə türk
insanının, türk kişisinin bir şəxsiyyət kimi, qürurlu biri kimi yetişməsində
tərbiyənin böyük rolunu isbatlayır.
Uşaq yazarı Əli Səmədli Türkiyə təəssüratlarını “Mən bir ceviz ağacıyam
Gülxanə parkında” adlı yazısında oxucularıyla bölüşür. Əli Səmədli Seyid Battal
Qazinin türbəsi, “Yazılı qaya” abidəsi, Çuxurca kəndindəki Frid Roma, Bizans
abidələri haqqında, Bakıya çox bənzəyən İzmirdən söz açır, səfər boyu keçirdiyi
görüşlərdən, isti və doğma münasibətlərdən könül dolusu danışır.
Yazı belə başlayır:
Çocukluqdan içimdə bir Türkiyə vardı. Nağıla bənzər, yuxuya bənzər,
əfsanəyə bənzər Türkiyə. Bu nağılı mənim duyğulu, həssas dünyamda yaradan
Türk Hüseyn olmuşdu. Türk Hüseyn o vaxt Cahan müharibəsi illərindən, türk
qoşunundan qopub Göyçay mahalında qalmış, artıq yaşa dolmuş, uca boylu, qırğı
gözlü bir kişi idi. Həmişə başında qaragül dərisindən papaq olardı. Dalında bir
carçı torbası, dolanırdı kənd-kəsəkləri yay-qış, payi-piyada. Onun hər gəlişi toy-
bayrama dönərdi biz kənd uşaqları üçün. Saqqızının, sancağının, iynəsinin,
düyməsinin üstündə dava düşərdi. Hər gecə də bir evdə qonaq qalardı. Nə qədər
qıtlıq olsa da, kimsə ondan bir parça çörəyini əsirgəməzdi – hər bir ocaqda ən əziz
242
qonaq kimi qarşılardılar onu. Çox az danışardı, dərdli adama oxşayırdı. Elə hey
gözləri yol çəkərdi: gözü yolda qalanım var, – deyərdi həmişə. Gözəl avazla
Quran oxumağı da vardı rəhmətliyin. Həm də illər qanlı-qadalı, qadağalı
olduğundan Quranı hər yetən evdə oxumazdı. Oxuyanda da qapı-pəncərəni bərk-
bərk bağlatdırıb ehtiyatını əldən verməzdi.
İçimdəki Türkiyəni bir də atamın uşaqkən, yarı pıçıltı ilə türk ləhcəsində
Tofiq Fikrətdən oxuduğu misralar yaratmışdı. Nağılları, bayatıları çox sevdim
çocuqluqdan. Onları mənə sevdirən bir nənəm oldu, bir də on səkkizinci il millət
savaşından bizim elimizi, obamızı özünə yurd etmiş, yuva seçmiş istanbullu Türk
Hüseyn. Allah ona min rəhmət eləsin. Doymaq bilməzdik Hüseyn babanın
nağıllarından, tapmacalarından, söz-söhbətindən.
Çocuqkən Çavuş Hüseyn babadan çox eşitmişdim Ağrı dağının başı qarlı
uca zirvəsi haqqında. Bəlkə də, elə ona görə tez-tez görürdüm röyalarda onu? Bu
xoş gəlişimlə fəth etdim Ağrı dağının zirvəsini. Türkiyəyə varandan və onun sənət
dahiləri ilə tanış olandan sonra Ağrı dağından da uca zirvələrlə qarşılaşdım bu
diyarda. Anladım ki, bu torpaqda daha uca və fəthedilməz zirvələr varmış, ya
rəbbi! Bu Mövlanə zirvəsiymiş, bu Yunus İmrə zirvəsiymiş, sən demə. Bu Atatürk
zirvəsiymiş, sən demə. Sizlərdən ayrılmaq bir röya, bir nağıl gəlir mənə. Nağıllarda
halallaşmaq var, röyalarda yox. Qoy bu görüşümüz bitməyən şirin röya olsun.
Ayrılmaq istəməm bu şirin röyadan. Bu röyamın şirinliyindən, şəkərliliyindən bir
qoşqu söylərəm sizlərə.
Sizlərdən ayrılanda baxışlarınızı,
gülüşlərinizi,
Nağıllarınızı, qoşqularınızı,
Özümlə aparacağam.
Torpağınızdan bir ovuc,
suyunuzdan bir ovuc
özümlə aparacağam.
Sizi qəlbimdə əkəcəyəm,
Qəlbimdə sizə bir ev tikəcəyəm,
Dincliyinizin, uşaqlarınızın
Keşiyini çəkəcəyəm,
Nəfəsinizə nəfəs,
Yaşamağa həvəs,
Yaşayacağam nağıllı dünyamda
Sizinlə qoşa,
Ömrümü sizinlə, nağıllarda
vuracağam başa.
243
Memar və sənətşünas alim Cəfər Qiyasiyə də Sovet dövründə Türkiyədə
olmaq nəsib olub. O, Türkiyədə olarkən bu ölkədə orta əsrlərdə azərbaycanlı
memarların inşa etdikləri saraylar, abidələr, məscidlər, türbələr haqqında əldə
etdiyi bilgilərə dair ətraflı məlumatlar verir. Niksarda Qırx qızlar türbəsini,
Kemahda Menqucuq Məlik Qazi, el arasında böyüklüyünə görə “Divlər sərnici”
adlandırılan Konya-Bəyşəhər yolunun üstündəki sərnic-sututarı, məşhur Mövlana
türbəsi, Sivasda və Malatyadakı Ulu Cami, Amasyada Turumtay türbəsi, Konyada
Sahib Ata məscidi, Van məscidi, XV əsrin II yarısında Hisn Kayfada tikilmiş gözəl
biçimli türbə, başqa bir Ağqoyunlu abidəsi – Əhlətdəki Əmir Bayındır türbəsinin
azərbaycanlı ustalar tərəfindən inşa edildiyini deyir. Alim bu abidələrin azəri
ustalara məxsusluğunu həm türk alimlərinin əsərlərinə, həm də öz araşdırmalarına
əsasən söyləmişdir.
Cəfər Qiyasi Bursadakı əski bir memarlıq kompleksinin – Yaşıl kompleksin
də müəlliflərinin təbrizli ustalar olduğunu söyləyir. İfadəli biçimi, maraqlı dekoru,
rəng koloriti, orijinal naxış, oyma bəzəkləri ilə diqqəti çəkən bu saray və türbələr
göstərir ki, ölkələrimiz arasındakı ilişkilərin tarixi min illərlədir. Və bu əlaqələrə
heç bir rejim, heç bir idarəetmə kölgə sala bilməmişdir.
Tanınmış ədəbiyyatşünas alim Yaşar Qarayev türk xalqlarının ədəbiyyatı,
kültürü haqqında danışanda bundan bir “ilişki”, “əlaqə” səviyyəsində danışmağı
məqbul hesab etmir, türk xalqlarının eyni tarixi-coğrafi ərazi ilə yanaşı, həm də
ortaq bir “mənəvi, bədii, estetik” məkanda yaşadıqlarını, böyük bir mədəni irsin
yaranmasında birgə iştirak etdiklərini vurğulayırdı. “Kültür ilişkiləri burada daha
çox genetik ilişkilərin törəməsi və davamı kimi baş vermişdir. Onların hamısının
təməlində vahid türk əsası, türk ruhu və amili, qohum etnik-estetik proqram, qan və
gen yaddaşı, müştərək mənəvi məcra və tarixi kontekst durur”.
Dünyada hələ indi-indi vahid bir Avropa evi (federasiyası, ştatları) barədə
danışırlar. “Asiya”, “Şərq evi” isə bir ideya kimi şeirdə hələ 10 əsr bundan əvvəl
mövcud olub. Özü də Şərqdə hərbi blok və millitarist ittifaqlar yaratmaq üçün
birləşməyiblər, vahid mədəniyyət və mənəviyyat məkanı yaratmaq üçün
birləşiblər.
Sovetlər dönəmində yaradıcılığı Azərbaycanla daha çox bağlı olan türk şairi
Nazim Hikmətdir. Nazim Hikmət mənbələrin verdiyi məlumata görə, müxtəlif
illərdə 9 dəfə Azərbaycanda olmuşdur. Onun hər gəlişi Azərbaycanda böyük coşqu
və sevgi ilə qarşılanmışdır. İnsanlarla dolu olan salonlar onun şeirlərini, özlədikləri
türkcəsini alqışlarla qarşılamışdır. Nazim Hikmət haqqında “Kərəm kimi”
romanını yazan Anar Nazimə olan sevginin nədəni haqqında belə yazır: “…O
illərdə Nazim, Türkiyədə bir çoxları üçün “Moskvanın adamı”, “Türk düşməni”
idisə, Azərbaycanlılar üçün Türkiyənin, türklüğün, türk dilinin simvoluydu.
Nazimi bitib tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər, onun
244
timsalında bir kommunizm propaqandaçısını deyil, uzun illər həsrətini çəkdiyimiz
Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər yaxın olan türk diliylə
danışan, ölümsüz şeirlərini türkcə oxuyan bir TÜRK şairini alqışlayırdı. O illərdə
Sovetlər Birliyinin Türk bölgələrində özəlliklə, Azərbaycanda heç kim Türklük
ruhunu, Türklük şüurunu Nazim Hikmət qədər yüksəltməmişdir. TÜRK sözü,
Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaqlandığı, Türkiyə ile tarix,
ədəbiyyat, folklor, soy, adet ve ənənə birliyimiz haqqında hər hansı bir fikrin
cinayət səbəbi sayıldığı, bizi bağlayan bütün iplərin qoparıldığı, Türkiyə
sevgisinden dolayı, ya da Türkiyədə qohumlarının olduğunu söyləyənlərin qətl
edildiyi illərdə Nazim Hikmət geniş qatılımlı toplantılarda, üstəlik ən yüksək
kürsülərdən deyirdi: mən Türkəm, siz də Türksünüz, ruhumuz, adətlərimiz bir,
xalqlarımız, dillərimiz qardaşdır…”
Düşünürəm ki, Nazim Hikmətə olan sayğı və sevginin səbəbini bunun qədər
anladacaq söz tapmaq çətindir. Nazim Hikmət o illərdə Azərbaycan üçün
Türkiyənin tam özüydü. Elə bir azərbaycanlı yazar və şair tapmaq çətindir ki, o
Türkiyədə olanda Gülxanə parkına getməsin, ceviz ağacı axtarmasın. O ağacdan
bir yarpaq qoparıb Nazimdən xatirə kimi kitabının arasında saxlayanlar da var.
Abbas Abdulla ilk dəfə 1984-cü ildə, sonra 1988-ci ildə Türkiyədə səfərdə
olan görüş təəsüratlarını oxucularla belə bölüşür: Mən Türkiyənin təbii
sərvətlərindən, yaraşıqlı şəhər və kəndlərindən daha çox insanlarıyla, dünyanın
əşrəfi olan övladlarıyla görüşməyə can atırdım. Görüşdüyüm insanlar arasında isə
türkiyəli məşhur şairlərlə, sənət adamlarıyla yanaşı, vaxtilə Qafqazdan Şərqi
Anadoluya köç etmiş həmyerlilərimizin övladları, törəmələri də çox olurdu.
Məsləkləri, siyasi görüşləri ilə başqa-başqa olan bu insanların hamısını bir sevgi –
Azərbaycana sonsuz sevgi birləşdirir.
Elçin 1979-cu ildə Türkiyədə səfərdə olmuş, qayıdandan sonra “Yaxın, uzaq
Türkiyə” adlı böyük bir məqalə yazmışdır. Yazının adı da maraqlıdır. Yaxın,
amma yaxın olduğu qədər uzaq olan Türkiyə. Elçin bu yazısında bizə yaxın olan
Türkiyənin həm də uzaqda qalan, qaranlıq olan tərəflərinə işıq salır.
Müəllif özü əvvəldən qeyd edir ki, o Türkiyənin zəngin muzeyləri, dünya
şöhrətli tarixi abidələri, İstanbulun, İzmirin dillər əzbəri olan məkanları haqqında
danışmayacaq. O daha çox səfəri zamanı şahidi olduğu ictimai-siyasi
problemlərdən, türklərin həyat tərzindən, ədəbi proses barədə müşahidə və
düşüncələrindən, həmçinin Türkiyədə qəzet və qəzetçilik, nəşriyyat işinin
durumundan geniş bəhs edir. Yazıçı o dövrkü türk ədəbiyyatını özünü ifadə və
təsdiq edə bilən, müxtəlif bədii-estetik rəng və çalarlara malik çoxşaxəli bir
ədəbiyyat adlandırırdı və qeyd edirdi ki, ictimai-siyasi cəhətdən fəal türk yazıçıları
həmişə xalqın qeyrətini çəkmişlər. Bu ədəbiyyatı yaradanlar nəinki xalqın taleyini
düşünür, onun həyat tərzini yüksək bədiiliklə əks etdirir, həm də vətəndaş kimi
245
əlindən gələni edirdi. Elçin müəllim türk ədəbiyyatını bir sözlə ifadə etmək lazım
gələrsə “vicdanlı ədəbiyyat” kimi xarakterizə etmək olar – deyirdi. O, Atatürkün
də həmişə ədəbiyyatın ona mənəvi dəstəyini, dayağını hiss etdiyini deyirdi. Elçin
bu memuar yazısında maraqlı bir məsələyə də toxunur. Nağılların, dastanların,
əfsanələrin uşaqların tərbiyəsindəki rolu məsələsinə. Nağıl zamanı keçmişdir,
əfsanələr qəhrəmanlar yetişdirə bilməz – deyən bilim adamlarına etiraz edən Elçin
İzmirdən İstambula gedərkən yolda rastlaşdıqları bir olayla cavab verir:
Müzəffər Arabulla söhbət edirdik. Bu vaxt çox emosional bir qadın – Muza
Pavlova:
–
Ora baxın! – dedi. – Bu ki, Rafaelin Madonnasıdır!
Avtobus talvarının altındakı kölgəlikdə bir kəndli qadın, iyirmi beş-iyirmi
altı yaşlarında, iri, göygözlü, sarışın, girdəsifətli cavan bir türk anası qəzet
sərib yerdəcə oturmuşdu və qucağında yatızdırmaq istədiyi yaşyarımlıq
balasına nağıl deyirdi:
–
Biri var idi, biri yox idi...
Balaca, gözlərini qırpıb diqqətlə anasının iri, göy gözlərinə baxır və qulaq
asırdı. “Biri var idi, biri yox idi...” – bu sözlər o balaca türk balasına yalnız sirli
aləmlərdən xəbər vermirdi, əslində, bu sözləri ona şanlı ataları, qəhrəman babaları
söyləyirdi və bu atalar, babalar elə bil ki, yenidən özlərini böyüdürdü.
“Biri vari idi, biri yox idi...” – bu sözlər o balaca türk balasına yalnız öz gözəl
və təmiz anasını sevdirmirdi, əslində, bu sözlərlə nə o körpənin, nə də o anasının
bundan xəbəri var idi – bütün Türkiyəni ona sevdirirdi.
Əslində, Türkiyə öz övladını böyüdürdü.
Düşünürəm ki, Azərbaycanlı yazarların bu səfər təəssüratlarını bir kitab, bir
toplu halında çap etmək ötən əsrin 60-70-80-ci illər Türkiyəsinin mədəni-sosial
durumunu kənar gözlə nəzərdən keçirtmək, eyni zamanda yasaq və qadağalara
baxmayaraq, mənəvi ünsiyyətin, ruhi yaxınlığın həmişə var olduğunu göstərmək
baxımından dəyərli və maraqlı olardı.
Dostları ilə paylaş: |