Nəticə
“Cocuq dünyası” jurnalını şəkil baxımdan təhlil etsək, jurnalın başlığında hər
hansı bir rəsm və ya şəkil görmürük. Burada öz müəlliflərin fikir dünyaları, baxışları
başlığın altında qeyd olunan bir yazı ilə bildirilir. Jurnal ölçü və yazı şirifti baxımından
uşaqların rahat oxumasına uyğun xüsusiyyətlərə malikdir. “Cocuq dünyası” jurnalında
səhifə sayı daim eyni şəkildə qalmamışdır, jurnalda getdikcə artan bir hacim vardır.
“Cocuq dünyası” daha çox milli duyğulara, vətən sevgisinə, millətçiliyə yer verdiyi
halda, hər hansı quru bir ideya ilə kifayətlənməmiş, uşaqları əyləndirməklə onları
müəyyən bir düşüncəyə sövq etməyə çalışmışdır. Jurnalda istifadə edilən janrlar
uşaqların xoşlarına gələcək hekayə, nağıl, əfsanə, şeir kimi nümunələrdən seçilmişdir.
Uşaqların əylənməsi və fərdi inkişafı üçün bioqrafiyalara, maarifləndirici məlumatların
olduğu elmi yazılara, sağlamlıqla bağlı yazılara, heyvan sevgisini inkişaf etdirəcək
təmsillərə, tapmacalara, riyaziyyatla bağlı tapmacalara da xeyli yer verilmişdir. Burada
dövrün imkanlarından istifadə edilərək müxtəlif şəkillərin təqdim edilməsinə
çalışılmışdır. “Cocuq dünyası” jurnalı dil baxımından da uşaqların səviyyəsinə uyğun
olan sözlərdən, lüğət bazasından istifadə etmişdir. Xarici mənşəli mənası məlum
olmayan sözlərə o qədər də gəniş yer verilməmişdir. Cümlələr yadda qalan, aydın,
səlisdir. Burada uzun, bər-bəzəkli cümlələrə, demək olar ki, yer verilməmişdir.
ƏDƏBİYYAT
1.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 1, 1913, 8 s.
2.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 17, 1913, 8 s.
3.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 21, 1913, 8 s.
4.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 22, 1913, 8 s.
Filologiya məsələləri – №02, 2016
384
5.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 28, 1913, 8 s.
6.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 29, 1913, 8 s.
7.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 68, 1913, 385 s.
8.Çocuk Dünyası. İstanbul: Kader Matbaası, № 80-1, 1919, 239 s.
9.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 94-15, 1919, 239 s.
10.Kasap A. Evvel Zaman İçinde Çocuk Dergileri: 1869-1928 yılları arasında
yayınlanan osmanlıca çocuk dergileri. İstanbul: sultanbeyli Belediyesi, 2011, 22 s.
11.Okay C. Eski Harfli Çocuk Dergileri. İstanbul: Kitabevi, 1999, 240 s. 114
12.Osmanlı Ansiklopedisi: 12 cilddə, II c., Ankara: Yeni Türkiye Yayınları,1999, 9244
s.
UMIT PEKTASH
THE ROLE OF “COCUQ DUNYASI” (“CHILDREN’S WORLD”) JOURNAL IN
THE FORMATION OF TURKISH CHILDREN PRESS IN THE BEGINNING
OF XX CENTURY
ABSTRACT
The journal of “Cocuq dunyası” was very important in Turkey in the beginning
of XX century because of the fact that it had a long history and published the works of
eminent writers of the period. The journal was improved from view of different aspects
including images and content and it held very important place in Tirkish children’s
literature. The author investigates tales of the animals printed in this magazine. But they
were never printed under one heading. Stories on other subject were published in the
magazine sometimes under heading of "the tale of animals". In fairy tales and stories it
is possible to meet also illustrations. The magazine from time to time held competitions.
These and other questions were widely studied in article on extensive material.
УМИТ ПЕКТАШ
В НАЧАЛЕ XX ВЕКА РОЛЬ ЖУРНАЛА “COCUQ DÜNYASI”,
В СОЗДАНИИ ДЕТСКОЙ ПРЕССЫ ТУРЦИИ
РЕЗЮМЕ
В начале ХХ века в Турции долгосрочный выпуск журнала “Cocuq
dünyası”, а также печатание в этом журнале произведений продвинутых писателей
того времени занимают особое положение. С того дня, как журнал начал
выпускаться, он занял бесспорную важность как с точки зрения картин, так и
содержания в развитой и детской литературе Турции. Автор исследует сказки о
животных, напечатанных в этом журнале. Но они никогда не печатались под
одним заголовком. В журнале иногда под заголовком «сказки о животных»
печатались рассказы по другой тематике. В сказках и рассказах можно
повстречать и иллюстрации. Журнал временами проводил конкурсы. Эти и другие
вопросы были широко изученные в статье на обширном материале.
Rəyçi: Afaq Ramazanova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №02, 2015
385
AYTAC ABBASOVA
AMEA Folklor İnstitutu
folklorgirl@mail.ru
KƏLBƏCƏR REGİONUNA MƏXSUS NAĞIL VARİANTLARI
Açar sözlər: folklor, nağıl, variant, süjet, Kəlbəcər, Şah Abbas, Şıx Səyyad
Key words: folclore, tale, version, tale line, Kelbedjar, Shah Abbas, Shikh Sayyad
Ключевые слова: фольклор, сказки, вариант, участок, Кельбаджар, Шах Аббас,
Шых Саят
Dünyanın bütün xalqlarında folklorun ən populyar janrı kimi özünü göstərən
nağıllara Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı variantlarda rast gəlmək çətin
deyil. Nağıllar xalqın milli-mənəvi varlığını, mifoloji dünyagörüşünü, etik baxışlarını
son dərəcə mükəmməl şəkildə əks etdirən bir janrdır. Hələ uzun illər bundan qabaq
Y.V.Çəmənzəminli yazmışdır: “Nağıl xalq ədəbiyyatına məxsusdur. Xalqın ruhunun,
etiqadlarının məhsuludur. Bütün şüarlarımız xalqa doğru olduğu üçün nağılın
əhəmiyyəti bir qat daha artır. Belə olan surətdə nağıllarımızı toplamaq və nəşr etmək ən
birinci mədəni məsələlərimizdən olmalıdır” (5, 280).
Kəlbəcər regionuna məxsus folklor nümunələri içərisində nağılların da
özünəməxsus yeri vardır. Mövzu baxımından nağılların hər növünə aid nümunələrə
burada rast gəlmək çətin deyil, amma məişət nağılları daha çox üstünlük qazanmışdır.
Regiondan toplanmış “Zərgərin nağılı” (14, 109), “Məhbubə xanım” (14, 182), “Padşah
və ağıllı qızı” (1, 102), “Qaşıqçının nağılı” (1, 100), “Yeddi qardaş ilan” (14, 8) adlı
nağıllar isə fərqli mövzulardadır. Folklor antologiyalarında “Haqq var, divan yoxdur”,
“Xain ata” (1, 105) nağılının variantlarına rast gəldik. Bu nağıllar çox az dəyişikliklərlə
eyni süjet xəttinə malikdir. “Qaşıqçının nağılı” adlı nağılda isə “qismətdən qaçmaq
olmaz” (830
*
, 15, 209) süjet xətti aparıcıdır ki, burada varlı bir kişi özünə qismət
olmayacaq qızılı qaşıqçıya qismət etməmək üçün əlindən gələni edir. Buna baxmayaraq,
qızıl dönüb-dolaşıb yenə də qaşıqçıya qismət olur.
“Qarabağ: Folklor da bir tarixdir” adlı toplunun Kəlbəcərə aid cildində bölgədən
toplanmış nağıllar içərisində “Şıx Səyad” (14, 133) adlı yeni nağıl obrazı və yeni süjet
xəttinə malik nağılla rastlaşdıq. İ.Rüstəmzadə yazır ki, “Şıx Səyad, Şıx Sədi, Şıx Sədin
kimi müxtəlif şəkillərdə işlənən bu personajla bağlı üç süjet qeydə alınmışdır. Həmin
süjetlərdən biri və ən geniş yayılanı Şıx Səyadın qadınların əməlindən kitab yazmasıdır”
(14, 5). Nağılın məzmununda Şıx Səyad qadınların əməlindən bəhs edən “qırx qəlfə-
qatır yükü” kitabı yazır, lakin o axırıncı getdiyi qadının oyununa tuş gəlir və kitabları
orada yandırır (14, 133). Şıx Səyad digər bir süjetdə isə elə bir qızla evlənmək istəyir ki,
“o qız bu dünyanın işini bilməsin. Onun üçün qızı anasının bətnində behliyir” (14, 133).
Şıx Səyad qızı bu dünyadan və dünyanın işlərindən gizli saxlamasına baxmayaraq, qız
bir qarı vasitəsilə Şıx Səyada xəyanət edir. Bir sözlə, Şıx Səyad qadınların əməlindən
baş aça bilmir. Nağıl personaji və nağılın süjet xətti Kəlbəcər bölgəsinə məxsus olub
ayrı-ayrı bölgə folklorunda mövcud olmamışdır.
Kəlbəcər sakinlərindən toplanmış digər bir nağıl isə “Zərgərin nağılı”dır (14,
109). Nağıl iki variantda (söyləyici və söyləyicinin qızından) toplanmışdır. Eyni
məzmun və süjet xəttinə malik olmasına baxmayaraq, birinci mətni orjinal hesab etmək
olar. İkinci mətn isə ixtisarlar və hadisələrin yerinin dəyişilməsi ilə bir az təhrif
olunmuşdur. Nağılın əsas məzmunu istedadlı, eyni zamanda ağıllı bir zərgərin padşahın
və vəzirin sifarişi ilə qızıldan qoç fiquru düzəltməsi və verilən qızıldan bir azını özünə
Filologiya məsələləri – №02, 2016
386
götürüb gizlətməsi ilə başlayır. Zərgərin vəzirin qoç fiqurunu padşahın qoç fiqurundan
fərqli düzəltməsi nağılda ziddiyyətlərin başlamasına səbəb olur. Belə ki, vəzir bir qarı
vasitəsilə zərgərin arvadından öyrənir ki, zərgər ona verilən qızıldan gizlədibdir. Vəzir
bunun üstünü açıb, zərgəri cəzalandırır. Zərgər bu cəzadan xilas olub oradan uzaqlaşır.
Vəzir maraqlı bir üsulla yenidən zərgəri tapıb saraya gətirir. Zərgər olub-bitəni padşaha
danışır və əfv edilib vəzirin yerinə keçir (14, 109-129).
Nağılda zərgərin “qızıl dəqiqliyi” iki yerdə-birinci zərgərin hündür bir damın
başında arvadından kömək istəməsində və padşahın əhaliyə verdiyi “quzunu eyni çəkidə
saxlamaq” tapşırığında özünü göstərmişdir. Nağılda zərgər qədər vəzir də ağıllıdır.
Lakin vəzir bu ağlından yaxşı işlər görmək üçün deyil, qısqanclıq və şöhrətpərəstlik
uğrunda şər işlər üçün istifadə edir. O, zərgərin qızıl gizlətdiyini anlayıb, qarı və
zərgərin arvadı vasitəsilə öyrənir və onun tutdurur. Sonra zərgəri tapmaq üçün ağıllı bir
tədbir görür. Buna baxmayaraq, nağılın sonunda haqq yerini tapır, zərgər layiq olduğu
yerə gəlir.
Kəlbəcərdən toplanmış nağılların süjet göstəricilərinə gəldikdə isə bir neçə nağılı
çıxmaq şərti ilə digər nağıllar süjet katoloqunda yer almışdır. “Adam Şeytan” (14, 136)
821
**
=AT 1353 (15, 207), “Comərd Qəssab” (14, 148) 750K
*
(124, 188), 834C
**
(15,
211), “Qəşəmşəm” (14, 151) 300 (15, 110), “Səxavət yaxşıdı, yoxsa ibadət” (14, 154)
750B
*
(15, 185), “Musa Allahı qonaq çağırır” (14, 157) 751A=AT 751A
*
(15, 189),
“Suynan yanan çıraq” (14, 172) 753
*
B (15, 189), “Allaha pənah” (14, 171) 776
**
A (15,
198), “Yazıya pozu yoxdur” (14, 176; 14, 244) 930 (15, 263), “Dad əlindən” (1, 95)
1863
*
(15, 336), “Xain ata” (1, 105) 706C (15, 179), “Haqq var, divan yoxdu” 960A
*
(15, 274) və s. nağıllar Azərbaycan nağıllarının süjet katoloqunda (15) oxşar süjet
xəttinə malik olmuşdur.
Bölgəyə məxsus nağıllar içərisində Şah Abbas və vəzir Allahverdi xanla bağlı
nağıllar isə silsilə təşkil edir. Ümumiyyətlə, nağıllarda şah, bəy, xan, hökmdar
obrazlarına tez-tez rast gəlirik. Bu tip nağıllar adları çəkilən obrazların həyat və
fəaliyyəti haqqında məlumat verməklə yanaşı, xalqın onlara qarşı münasibətini də əks
etdirir. Folklorşünas P.Əfəndiyev yazırdı ki, “tarixi hadisələrlə bağlı yaranan nağıllarda
Dara, İsgəndər, Ənuşirəvan, ən çox isə Şah Abbasın adları çəkilir” (6, 183).
Onu da qeyd edək ki, Şah Abbas və onun vəzir Allahverdi xan tarixi şəxsiyyətlər
olmuşlar. I Şah Abbas Səfəvilər dövlətinin Şah İsmayıl Xətaidən sonra ən nüfuzlu
başçısı olmuşdur. Onun dövründə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ərazi
bütövlüyünün bərpası, mədəniyyətin və xalqın yaşayış səviyyəsinin yaxşılaşdırması
işləri sürətlə həyata keçirilmişdir. XIX əsrin görkəmli tarixçisi, şairi və ictimai xadimi
Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi “Gülüstani-İrəm” əsərində
Şah Abbasın hakimiyyəti dövrünü belə qiymətləndirmişdir: “Müdrik dövlət idarəçiliyi
və quruculuq işləri ilə şöhrət qazanan Şah Abbas elə mülki və hərbi qayda-qanunlar
qoyub gedib ki, fars şahları indi də ondan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə
ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi olaraq, Şah Abbası “Böyük”
sözü ilə xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayılan Asiya
xalqlarında isə o, az qala bütləşdirilir” (4). Şah Abbasın xalq arasında populyarlığının
yüksək olması nəticəsində o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına
çevrilmişdir.
Şah Abbasla adı yanaşı çəkilən vəziri Allahverdi xan da tarixi şəxsiyyətdir və
Şah Abbasın əvvəlcə zərgərbaşı, sonradan isə vəziri olmuşdur. Şah Abbas nə qədər
ədalətli idisə, onun vəziri də bir o qədər ağıllı və mərhəmətli idi. Şah Abbas kimi
Allahverdi xan da Azərbaycan nağıllarının əsas qəhrəmanlarından biri olmuşdur.
F.Bayat yazır ki, “Hər bir xalqın nağılı onun çoxəsirlik tarixi, məişət tərzi, dünyagörüşü,
Filologiya məsələləri – №02, 2015
387
adət-ənənələri, yaşamları, mübarizə və mücadilələri, istək və arzularını yanıtması
baxımından millidir” (9, 115). Şah Abbas və vəzir Allahverdi xanla bağlı nağıllarda da
F.Bayatın qeyd etdiyi xüsusiyyətlər öz əksini tapmışdır.
Ayrı-ayrı bölgələrə məxsus folklor antologiyalarında və beş cildlik nağıllar
kitabında Şah Abbasla bağlı nağıllara kifayət qədər rast gəlmək mümükündür. Ağdaş
folklorunda “Şah Abbasın sınağı”, “Şah Abbas və bənna”, “Şah Abbas və üç dilənçi”,
“Şah oğlu və naxırçı qızı” , Gəncəbasar folklorunda “Şah Abbasla oğlan”, “Şah Abbasla
qız”, “Padşahla vəzirin səyahəti”, “Yazıya pozu yoxdu” , İrəvan Cuxuru folklorunda
“Şah Abbasla qoca” , Qazax folklorunda “Şah oğlu Şah Abbas haqqında” , Şirvan
folklorunda “Allah yazanı pozmaq olmaz” , “Qarabağ: folklor da bir tarixdir”
toplularında “Şah Abbas və oğrular”, “Şah Abbasla üç bacı”, “Şah Abbasla pinəçi”,
“Şah Abbasla bostançı”, “Şah Abbasla soyğunçular”, “Şah Abbasla dərvişlər”, “Şah
Abbasnan məleykə”, “Bostançı və Şah Abbas”, “Şah Abbasın sənəti” və s. adlı
nağıllardan da göründüyü kimi, Şah Abbasla bağlı nağıllar olduqca çoxdur. Eyni
zamanda, bu nağılların hər birinin özünəməxsus variantları da mövcuddur. Bu da bütün
folklor nümunələrində olduğu kimi təbii bir prosesdir ki, nağıl bəzən bir neçə süjet xətti
üzrə inkişaf edib hər hansı bir yeni əlavələrlə zənginləşərək yeni bir nağıl əmələ gətirir.
Yuxarıda qeyd etdiyimiz nağılların bir çoxu bu qayda ilə yaranan nağıllardır.
Kəlbəcər sakinlərindən topladığımız nağılların içərisində Şah Abbas haqqında nağıllar
daha çox idi. Demək olar ki, bütün söyləyicilər bu barədə nağıl söyləmişlər. Bunlardan
“Şah Abbas və vəzir Allahverdi xan haqqında”, “Şah Abbas və üç bacı”, “Şah Abbas və
çoban”, “Şah Abbas və Əzrayıl”, “Şah Abbas və qarı”, “Şah Abbasın vəzir Allahverdi
xana tapşırığı” və s. adlı nağılları toplamışıq.
Nağılın baş qəhrəmanı olan Şah Abbas bütün nağıllarda müsbət obraz kimi
verilmişdir. O, çox ağıllı, tədbirli, xalqının qeydinə qalan, qayğısını çəkən, lazım
gəldikdə xalqa kömək edən, onları arzularına çatdıran bir hökmdar kimi göstərilmişdir.
M.Kazımoğlunun qeyd etdiyi kimi, “hökmdar obrazının xüsusi yer tutması təəccüb
doğurmamalıdır. Nəzərə alınmalıdır ki, qədim dünyagörüşə görə, hökmdar cəmiyyətdə
məhsuldarlıq, ümumiyyətlə həyat rəmzidir. Həyat rəmzi sayılan hökmdarın
müqəddəsləşdirilməsi, onun şərdən-yamandan qorunması və ona güc-qüvvət
arzulanması isə tamamilə təbii bir haldır” (11, 91). Yuxarıda adlarını çəkdiyimiz
nağıllara diqqət yetirsək bunu aydın şəkildə görə bilərik. Xalqın ən sadə nümayəndələri
ilə ünsiyyətdə olmasından bəhs edən bu nağıllarda şahla yanaşı bostançı, naxırçı, çoban,
qarı, pinəçi, dilənçi, dərviş və s. obrazlar da vardır. Hər bir nağılda Şah Abbasın müsbət,
xeyirxah, ədalətli olması göstərilmişdir. Ş.Əliyeva qeyd edir ki, “mifik görüşlərdə
hökmdara xüsusi bir qüvvə, özü də Allah tərəfindən göndərilən qüvvə, xüsusi səlahiyyət
sahibi kimi qiymət verilməyinin nəticəsi idi ki, hökmdar hətta folklorda da fövqəltəbii
şəxsiyyət kimi təsvir edilirdi və insanlar arasında yüksək hörmət və ehtirama malik idi”
(8, 89). Maraqlı bir məqam da ondan ibarətdir ki, Şah Abbas çox az nağılda tək olur,
həmişə onun yanında çox sevdiyi, ağıllı vəziri Allahverdi xan da görünür. Nağıllarda
Allahverdi xan da Şah Abbas qədər ağıllı, ədalətli bir obrazdır ki, hətta yeri gəldikcə o,
Şah Abbasa məsləhətlər də verir.
Bəzən nağıl sistemində padşah və şahların ictimai həyatda və cəmiyyətdə
oynadığı tarixi funksiyalar təhrif edilmiş, doğru-dürüst verilməmişdir. E.Hüseynbəyli
“Şah Abbas” adlı roman-xronikasında müxtəlif rəvayət və əfsanə, nağıl və konkret
sənədli materiallara söykənib Şah Abbasın olduqca müsbət hökmdar olmasını bədii
şəkildə səciyyələndirilmişdir (10). Folklorşünas M.H.Təhmasibin bir mülahizəsində Şah
Abbas haqqında fikri əsasən nağıllarda mənfi obraz kimi göstərilməsi şəklində qeyd
olunur: “İran şahı Şah Abbas (1585-1628) Şərq aləmində ərəblərdəki Harunəl-Rəşid
Filologiya məsələləri – №02, 2016
388
kimi “ədalətli”, “vicdanlı”, dərviş libası geyərək məmləkəti gəzən, hər yerdə təsadüf
etdiyi haqsızlıq və ədalətsizliyin kökünü qazıyan bir sima olaraq şöhrət qazanmışdır.
Azərbaycan nağıllarında isə haman bu “Şah Abbas cənnətməkan” tamamilə bunun
əksinə, yəni doğru olaraq təsvir edilir” (16, 122). Müəllif bunu məşhur “Üç bacı” (3,
164) nağılında Şah Abbas obrazının ifşa edilməsində göstərmişdir.
“Qarabağ: folklor da bir tarixdir” adlı folklor toplusunda Füzulidən olan bir
sakinin dilindən toplanmış “Şah Abbasla üç bacı” adlı nağıl bizim Kəlbəcər sakinindən
topladığımız “Şah Abbas və üç bacı” adlı mətn ilə eynilik təşkil etməsinə baxmayaraq,
fərqliliklər də olduqca çoxdur. Nağıl hər iki variantda eyni cür başlayır, lakin üç bacının
söylədikləri arzu-istəklər və onların başına gələn əhvalatlar fərqli olur. “Şah Abbasla üç
bacı” nağılının Füzuli variantında bacıları dinləyən Şah Abbas üçüncü bacını öldürmək
istəyir, lakin ağsaqqalların məsləhəti ilə onu aparıb meşədə azdırırlar. “Şah Abbasla üç
bacı” nağılının Kəlbəcər variantında isə Şah Abbas üçüncü bacı ilə evlənir. Lakin qızın
paxıllığını çəkən digər arvadlar onu şahın gözündən salıb saraydan qovdururlar və
dünyaya yenicə gətirdiyi körpəni çaya atırlar. Nağılın sonunda hər iki qız öz arzusuna
çatır və Şah Abbas etdiyi hərəkətdən peşman olur, həqiqəti öyrənib günahkarları
cəzalandırır. Hər iki nağıl bir-biri ilə variant təşkil edir. Bu variantı yaradan isə nağıl
söyləyən söyləyicidir ki, o nağılın süjet xəttinə əlavələr edərək dəyişiklik yaradır. Nağıl
variantlarında regional xüsusiyyət də özünü göstərir. Belə ki, birinci nağılda şah qəddar,
ədalətsiz kimi göstərilirsə, sonda iştirakçısı olan qız var-dövlətlə şaha sahib olur. İkinci
nağılda isə şah hiyləgər, paxıl insanlara inanması nəticəsində qızı saraydan qovur və
qızın dünyaya gətirdiyi oğlanın igidliyi, cəsarəti, qoçaqlığı sayəsində bütün həqiqətlər
aşkar edilir və onlar yenidən şahın yanına qayıdırlar. Buna əsaslanaraq qeyd edə bilərik
ki, söyləyici nağıl qəhrəmanını var-dövlətlə deyil, igidlik, mərdliklə qalib gəlməsi
arzusunu ifadə etməyə çalışmışdır. Eyni zamanda, Şah Abbasa olan münasibət
qəddarlıq, ədalətsizlik çərçivəsindən çıxaraq daha çox sadəlövhlük, tələsik qərar
verməklə peşmançılıq hissi kimi göstərilmişdir. Hətta nağıl danışan söyləyicilərin bəzisi
Şah Abbası Xıdır İlyasa bərabər tuturlar, “Xıdır kimi dadına çatır, Xıdır peyğəmbər
kimi adam idi” ifadələrini yeri gəldikcə işlədirdi.
Ş.Albalıyev yazır ki, “Məişət nağıllarında hökmdar və şah obrazlarının bütün bu
kimi təzadlı və ziddiyyətli cəhətlərinə baxmayaraq, peşəkar nağılçılıqda xalqın ədalətli
hökmdar axtarışları geniş və intəhasızdır. Nağıllara ciddi müşahidəçi gözü il diqqət
yetirdikdə məlum olur ki, rəiyyət həmişə öz hökmdarını sevib, onun ədalətinə inanıb, bu
etimad doğrulmayanda məyus olub, onu ədalətə dəvət edib, tərbiyələndirməyə çalışıb,
hətta bir çox hallarda buna nail ola bilmişdir ” (2, 83).
Şah Abbasla bağlı topladığımız nağıllardan “Şah Abbas və çoban”, “Şah Abbas
və Əzrayıl” adlı mətnlər folklor antologiyalarında qeydə alınmış nağıllar içərisində bir
neçə variantda rast gəlinən nağıllardandır.
Onu da qeyd edək ki, Şah Abbas xalqın yanına həmişə şah libasında yox, sadə
adam-dilənçi, kəndçi, daha çox da dərviş libasında gedirdi. Ünsiyyət qurduğu insanlar
da onu şah kimi yox, elə sadə adam kimi qarşılayırdı.
“Şah Abbas və qarı” nağılı da olduqca maraqlıdır. Yenə dərviş libası geyinib
səyahətə çıxan şah bir qarının evində qonaq olur. “Bir gün Şah Abbas vəzir Allahverdi
xanla səyahətə çıxır. Onlar gəlib bir dağın başından kəndə baxırlar. Şah görür ki, bir
evdən çox zəyif bir işıx gəlir. Vəzirə deyir ki, gəl o evə gedəh. Vəzir Allahverdi xan
deyir ki, şah sağ olsun, bu qədər yaxşı evlər dururkən niyə o evə gedəh? Şah da qayıdıf
deyir, yox gərəh mən o evə gedəm görəm ki, kasıflar nətər yaşıyır, gün-güzaranı nətər
keçir”.
Filologiya məsələləri – №02, 2015
389
Bu
nağılda da Şah Abbasın mərhəmətli, qayğıkeş olması, eyni zamanda ehtiyacı
olanlara kömək etməsi özünün göstərmişdir. Qarı ilə söhbəti, qarının dediklərini bir-bir
yerinə yetirməsi və qarı vasitəsilə xalqının necə yaşamasını öyrənib bir tədbir görməsi
nağılda öz əksini tapmışdır.
Şah Abbas və vəzir Allahverdi xanla bağlı danşılan digər nağıllarda da bəzən şah
vəziri sınağa çəkir, bəzən də vəzir öz ağıllı məsləhətləri ilə şahı tənbeh edir.
Bəxt, tale axtarılması motivi də Şah Abbasla bağlı nağıllarda özünə yer
tapmışdır. Sakinlərdən topladığımız “Yazıya pozu yoxdu”, “Allah yazanı pozmaq
olmaz” adlı nağıllar digər eyni adlı nağıllarla, demək olar ki, mövzu və süjet xətti
baxımından eynidir.
M.H.Təhmasib yazır ki, “Nağıl yalnız ilk baxışda insanı real həyatdan ayıraraq
fantastikaya aparır kimi görünür. Əslində isə hər bir nağılda, bütün başqa ədəbi
əsərlərdə olduğu kimi, bu adət və təbiətdən kənar fantastika arxasında həqiqi real həyat
qaynayır” (16, 118). Nağılın xalq tərəfindən sevilməsi və geniş yayılması onda
haqsızlıqların, ədalətsizliklərin dolayı yolla da olsa, deyilməsinə keçmişdə də, indidə də
böyük imkanlar yaratmasıdır. “Nağıl keçmişin və hazırdakı ictimai toqquşmaların
kəskin ifadəsidir” (16, 119).
Azərbaycan şifahi xalq ədəbiyyatında da “Göyçək Fatma” nağılının
özünəməxsus yeri vardır. “Fatmanın inəyi”, “Yetim Fatma”, “Göyçək Fatma” adları ilə
geniş yayılan bu nağılın əsas süjet xətti dəyişilməz olaraq qalır, lakin onların müxtəlif
variantlarının oxşar və fərqli cəhətləri də ortaya çıxarır. Kəlbəcər rayonunun Comərd
kənd sakini Həşimova Səmayə Ədil qızının söylədiyi “Göyçək Fatma” nağılı şifahi xalq
ədəbiyyatında bir neçə variantda verilmişdir. Azərbaycan folkloru antologiyasının XII
cildində (Zəngəzur folkloru) qeyd edilmiş “Göyçək Fatma”, “Fatmanın nağılı” adlı
nümunələr ayrı-ayrı bölgələrdən toplanmışdır. “Göyçək Fatma” Cəbrayıl rayon
sakinlərindən, “Fatmanın nağılı” isə Qubadlı rayon sakinlərindən toplanmışdır. Digər
bir rayon- Kəlbəcər rayon sakinlərindən topladığımız “Göyçək Fatma” adlı nağılı da
buraya əlavə edə bilərik. Hər üç nağılı F.Köçərlinin “Balalara hədiyyə” kitabındakı
“Göyçək Fatma” nağılı ilə müqayisə etsək, onlar arasında oxşar və fərqli cəhətləri aydın
şəkildə görmək olar. Adlarını qeyd etdiyimiz nağılların hər birində ögey ana obrazı,
onun iki qızının olması, qızların birinin gözəl, digərinin çirkin olması, ögey qızına-
Fatmaya əzab-əziyyət verməsi, ona sehrli heyvanların-inək, xoruz kömək etməsi və
sonda xoşbəxt olması bütün variantlarda oxşarlıq təşkil edir.
Qubadlı rayon sakinlərindən toplanmış “Fatmanın nağılı” adlı nümunədə isə
hadisələr F.Köçərlinin nəşr etdirdiyi “Göyçək Fatma” nağılında olduğu kimi davam
edir, lakin sonluğu digər nağıllardan tamamilə fərqlənir. Yuxarıda qeyd etdiyimiz
nağılların hamısında nağılın qəhrəmanı olan yetim qız sonda padşahın oğlu ilə evlənir.
Bu nağılda isə Fatma çobanla evlənir. Fatmanı görüb vurulan, ögey anasının əlindən
qurtaran çoban olur.
Kəlbəcər rayon sakinlərindən toplanmış “Göyçək Fatma” nağılı isə demək olar
ki, F.Köçərlinin “Balalara hədiyyə” kitabındakı “Göyçək Fatma” nağılı ilə eynilik təşkil
edir. Digər variantlara nisbətən bu variant arasında oxşarlıq daha çoxdur. Demək olar ki,
bütün hadisələr eynidir. Yalnız başqa bir söyləyicinin nəql etdiyi variantda qara inək
əvəzinə qızıl inək söylənmişdir. Bunun səbəb isə nağılda inəyin rolunun əhəmiyyətli
olmasıdır.
R.Əliyev qeyd edir ki, “Nağıl strukturunun əsasında mifoloji mətnlər durur.
Mifoloji mətnlər özləri də miflərdən təşkil olunur. Bu miflər də növbənöv olduğundan,
müxtəlif növləri əhatə etdiyindən nağıllarda da müəyyən təsnifata malik olur. Nağıl
süjetlərinin əsasında duran mifoloji mətnlər irihəcmli də ola bilir, kiçik məzmun da
Filologiya məsələləri – №02, 2016
390
daşıya bilir. Bu cəhətdən nağıllardakı mifoloji mətnləri strukturca iki yerə ayırmaq
mümkündür: sadə quruluşlu mətnlər, mürəkkəb quruluşlu mətnlər” (7, 46). “Göyçək
Fatma” nağılı da miflərin işlənməsinə görə mürəkkəb quruluşlu mətnlərə daxil edilir.
Burada qara inək, xoruz, qarı, sehrli bulaqlar və s. mürəkkəb miflər silsiləsini yaradır.
Ümumilikdə, nağılın Azərbaycan variantlarında rast gəldiyimiz “yel baba”
ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Dünyanın yaranmasında iştirak edən
dörd ünsürün sonuncusu havadır. Azərbaycan xalqının Novruz mərasimlərindən biri də
Yel çərşənbəsi adı ilə qeyd olunur. Ramazan Qafarlı göstərmişdir ki, “yel Azərbaycan
mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda
əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini
tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və
yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və
azmışları mənzil başına çatdırır”.
Azərbaycan nağıllarının əsasını təşkil edən süjetlər, nağıl üçün işlədilən ənənəvi
obrazlar sisteminə Kəlbəcər regionuna məxsus folklor nümunələrində də rast gəlmək
mümkündür. Xalq yaradıcılığı məhsulu olan nağılların dili ümumxalq dili olub, xəlqiliyi
ilə seçilir. M.Kazımoğlu yazır ki, “Müasir insanın nağıla inanıb-inanmaması heç də
janrın poetikasına əsaslı təsir göstərə, məsələnin əsl mahiyyətini dəyişə bilməyib.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, nağıllarda uydurma və həqiqəti nağıl yaradıcısı
(xalq) özü müəyyənləşdirir”. Bu xüsusiyyət Kəlbəcər folklorunun digər epik janrlarının,
xüsusilə nağılların da əsasını təşkil edir. Nağıllarda həddən artıq uzunçuluq, sözçülük,
artıq ifadələr və sözlər yoxdur. Poetiklik, bədiilik, canlılıq, səlistlik, aydınlıq və şuxluq
nağılların dilinin əsas xüsusiyyətlərindəndir. Xalq dilinin bütün incəlikləri və
gözəllikləri nağıllarda öz əksini tapmışdır.
Dostları ilə paylaş: |