Əsas hissə Qobustan qayaüstü təsvirləri isə SSRİ dövründən öz elmi əhəmiyyətinə görə dünya alimlərinin və
tarix sevənlərin maraq dairəsinə daxil olmuşdur. Bakıdan 60 km. cənubda yerləşən Qobustan qayaüstü
təsvirlərinə baxmaq üçün il ərzində 400 mindən çox insan bu məkana səyahət edir, hələ mezolit
dövründən (Оrta daş dövrü) başlayaraq, qayalar üzərinə həkk olunmuş müxtəlif heyvan təsvirlərinə
tamaşa edir, daş dövrünün həyat tərzi və heyvanat aləmi ilə tanış olurlar.
1947-ci ildə Azərbaycanın məşhur arxeoloqu İshaq Cəfərzadə tərəfindən aşkar edilən Qobustan
qayaüstü təsvirləri şagirdlər, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri, bəşəriyyətin qədim tarixi
ilə maraqlanan alimlər üçün də maraq mənbəyidir. Öz quruluşuna görə də Qobustan ərazisi turistlər
üçün çox cəlbedicidir. Sanki göydən yerə səpələnmiş möhtəşəm qayalar, həmin qayaları yararaq çıxan
əncir ağacları, «Qaval daş» kimi tanınan qədim zərb aləti, bütün zamanlarda turistlərin diqqətini
çəkmişdir. Bakının İçəri şəhərinin memarlıq komplekslərini, Abşeron qalalarını, Atəşgahı və digər
qədim memarlıq nümunələrini ziyarət edən turistlər, Qobustan qaya təsvirlərini də görmək istəyirlər.
Qobustan ərazisi hələ 1967-ci ildən qoruq-muzey elan edilmiş, turizm marşrutuna daxil edilmişdir.
Azərbaycanın bütün rayonları turistləri cəlb edə biləcək memarlığa və tarixə malikdirlər.
Ermənilər tərəfindən zəbt edilmiş Xocalı rayonu da Azərbaycana aid olan abidələrlə zəngindir. Bir
zamanlar Şuşada yerləşən istirahət və turizm mərkəzlərinə istirahətə gələn turistlərə Xocalı
mədəniyyəti ilə də tanış olmaq şansı yaranırdı. Azərbaycan arxeoloqlarının apardığı arxeoloji
qazıntılar zamanı burada e.ə. I minilliyin ortalarına aid olan çoxlu əmək alətləri, məişət avadanlıqları,
müxtəlif mədəniyyət nümunələri aşkar edilmişdir. Alimlər qeyd edirlər ki, “Xocalı Kurqan çölünü bir
növ özünəməxsus yeraltı muzey adlandırmaq olar”. Burada tunc dövrünə aid edilən çoxlu Azərbaycan
abidələri düşmən işğalı altında qalmışdır.