Ekskursiya işi turizm fəaliyyəti təşkilinin ən mühüm bölmələrindən olub,turistlərin ətraf aləmi əyani olaraq dərk etməsinin ən geniş formalarından biridir.Ekskursiya latınca “excursion”-səfər mənası verir.Ekskursiya əvvəlcədən seçilmiş obyektə bu və ya digər mövzu ətrafında insanların dünyagörüşünün artırılması məqsədi daşıyan məqsədəuyğun bir proses kimi başa düşülür. Başqa sözlə, ekskursiya zamanı turistlər turizm destinasiyası haqqında müxtəlif informasiya vasitələri ilə,aldıqları məlumatlardan fərqli olaraq obyekti canlı görmək,təmasda olaraq hiss etmək, bir sözlə hər şeyin əyani şahidi olmaq imkanı əldə edirlər. Buna görə də ekskursiya işinin təşkili zamanı onun prinsiplərini, yerinə yetirdiyi funksiyaları, və ekskursiyaların mərhələlərini elmi olaraq müəyyənləşdirmək zərurəti yaranır.Müstəqil fəaliyyət növü kimi ekskursiyalar məzmununa, iştirakçıların sayı və tərkibinə, keçirilmə yerinə, hərəkətetmə vasitələrinə, müddətinə və keçirilmə formasına görə təsnif olunurlar. Göstərilən hər bir təsnifat qrupunun özünün xüsusiyyəti və quruluş tərkibi vardır.
Məzmununa görə ekskursiyaların təsnifatı
Məzmununa görə ekskursiyalar çoxplanlı və tematik ekskursiyalardır. Çoxplanlı və ya obzor ekskursiyalar ərazi haqqında-şəhər,vilayət,bölgə barəsində ümumi təsəvvür formalaşdırır. Onların tərkibində tanış edilən ərazinin tarixi inkişaf yolu, sənayesi, elmi, mədəniyyəti, təhsili, digər turizm imkanları, hərb tarixi, döyüş yerləri, həmçinin muzeyləri, bank və maliyyə institutları, bir sözlə insanların bugünkü və keçmiş həyatı ilə bağlı hər şey qısa xülasə şəklində tanıdılır.
Çoxplanlı ekskursiyalar bir qayda olaraq çoxmövzuludurlar.Çoxplanlı ekskursiyaların özünəməxsus xüsusiyyətləri vardır. Tematik ekskursiyalardan fərqli olaraq onların işlənilməsinin müəyyən çətinlikləri vardır.Belə ki, hazırlanması və keçirilməsi yerlərindən fərqli olmayaraq onların oxşar cəhətləri vardır.Bununla yanaşı,çoxplanlı ekskursiyaların özünəməxsus xarakterik xüsusiyyətləri də vardır.Onlar müəyyən şəhər və vilayətə xas olan tarixi şərait və inkişaf səviyyəsinin diqtəsi ilə keçirilir.
Bundan fərqli olaraq tematik ekskursiyalar hər hansı bir mövzunun tamamilə açılması, burada gizlənən hadisənin tarixi mahiyyəti, onun əks etdirdiyi dövrün reallıqları, konkret maraq doğuran detallar təqdim olunur.Tematik ekskursiyalar öz növbəsində tarixi, istehsal, ekoloji, sənətşünaslıq, muzey-teatr,bədii və arxitektura-şəhərsalma yönümlü təşkil olunur.