III. Siyasi partiyalarla bağlı hökmlər
A. Partiya qurma, partiyalara girmə və partiyalardan çıxma.
Maddə 68. — Vətəndaşlar, siyasi partiya qurma və qayda üzrə partiyalara girmə və partiyalardan çıxma haqqına sahibdir. Partiya üzvü ola bilmək üçün iyirmi bir yaşını tamam etmək şərtdir.
Siyasi partiyalar demokratik siyasi həyatın vazkeçilməz ünsürləridir.
Siyasi partiyalar öncədən izn almadan qurulur və Anayasa və qanun hökmləri əsasında fəaliyyət göstərir.
Siyasi partiyaların nizamnamə və proqramları Dövlət ölkəsi və millətiylə bölünməz bütünlüyünə, insan haqlarına, milli suverenliyə, demokratik və dünyəvi Cümhuriyyət prinsiplərinə zidd ola bilməz.
Sinif və ya zümrə hegemonluğunu, və ya hər hansı bir formada diktatorluğu müdafiə etmək və yaratmaq məqsədi güdən siyasi partiyalar qurula bilməz.
Siyasi partiyalar, yurd xaricində təşkilatlanıb fəaliyyət göstərə bilməz, qadın qolu, gənclik qolu və digər bu kimi ayrıca qollar yaradan yan quruluşlar meydana gətirə bilməz, xeyriyyə fondları yarada bilməzlər.
Hakimlər və prokurorlar, yüksək məhkəmə orqanları nümayəndələri, yüksək tədris qurumlarındakı müəllim heyəti, Yüksək Tədris Şurası üzvləri, dövlət qurum və quruluşlarının məmur statusundakı vəzifəli şəxsləri, öz xidmətləri baxımından işçi xarakteri daşımayan digər dövlət qulluqçuları, tələbələr və Silahlı Qüvvələr nümayəndələri siyasi partiyalara girə bilməzlər.
B. Siyasi partiyaların əsaslanacağı prinsiplər
Maddə 69. — Siyasi partiyalar, nizamnamə və proqramları xaricində fəaliyyət göstərə bilməzlər; Anayasanın 14-cü maddəsindəki məhdudiyyətlər çərçivəsindən kənara çıxa bilməzlər; bu qaydanı pozan partiyalar qapadılır.
Siyasi partiyalar, öz siyasətlərini yürütmək və gücləndirmək məqsədiylə dərnəklər, həmkarlar ittifaqları, xeyriyyə fondları, kooperativlər və dövlət qurumu xarakteri daşıyan peşə quruluşları və bunların üst quruluşları ilə siyasi əlaqə və işbirliyi yarada bilməzlər. Bunlardan maddi yardım ala bilməzlər.
Siyasi partiyaların partiyaiçi çalışmaları və qərarları, demokratik əsaslara zidd ola bilməz.
Siyasi partiyaların maliyyə nəzarəti Anayasa Məhkəməsi tərəfindən həyata keçirilir.
Cümhuriyyət Baş Prokurorluğu qurulan partiyaların nizamnamə və proqramlarının və quruluşlarının hüquqi durumlarının Anayasa və qanun hökmlərinə uyğunluğunu, onlar qurulduqdan sonra öncəliklə yoxlayır, fəaliyyətlərini də izləyir.
Siyasi partiyaların qapadılması bərabər qərar, Cümhuriyyət Baş Prokurorluğunun açacağı dava əsasında Anayasa Məhkəməsi tərəfindən verilir,
Təməlli qapadılan siyasi partiyaların qurucuları və hər səviyyədə olan rəhbəri və nəzarətçisi ola bilməzlər, həmçinin, üzvləri sırasında qapadılmış bir siyasi partiyanın nümayəndələrinin çoxluq təşkil etdiyi yeni bir siyasi partiya da qurula bilməz.
Siyasi partiyalar xarici dövlətlərdən, uluslararası quruluşlardan, xarici ölkələrdəki dərnək və qruplardan, heç bir halda əyani və nağd yardım ala bilməz və bunların Türkiyənin müstəqilliyi və ölkə bütünlüyü əleyhinə olan qərar və fəaliyyətlərinə qoşula bilməzlər. Bu abzas hökmlərinə zidd hərəkət edən siyasi partiyalar da təməlli qapadılır.
Siyasi partiyaların quruluş və fəaliyyətləri, yoxlanması və qapadılması yuxarıdakı əsaslar dairəsində qanunla müəyyən edilir.
IV. Dövlət xidmətlərinə girmə haqqı
A. Xidmətə girmə
Maddə 70. — Hər Türk, dövlət xidmətlərinə girmə haqqına sahibdir.
Xidmətə götürülərkən, vəzifənin tələb etdiyi xüsusiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz.
B. Əmlak haqqında məlumat verilməsi
Maddə 71. — Dövlət xidmətinə girənlərin əmlakı haqqında məlumat verilməsi və bu məlumatların təkrarlanma müddətləri qanunla tənzimlənir. Qanunvericilik və icra orqanlarında vəzifə alanlar bu qaydadan istisna təşkil edə bilməzlər.
C. Vətən xidməti
Maddə 72. — Vətən xidməti, hər Türkün haqqı və borcudur. Bu xidmətin Silahlı Qüvvələrdə və ya dövlət sektorunda nə şəkildə yerinə yetiriləcəyi və ya yetirilmiş sayılacağı qanunla tənzimlənir.
VI. Vergi öhdəliyi
Maddə 73. — Hər kəs, dövlət xərclərini örtmək üçün maliyyə imkanı daxilində vergi ödəməyə borcludur.
Vergi yükünün ədalətli və bərabər ölçüdə bölgüsü maliyyə siyasətinin sosial məqsədidir.
Vergi, rüsum, xərc və bu kimi maliyyə öhdəlikləri qanunla qoyulur, dəyişdirilir və ya ləğv olunur.
Vergi, rüsum, xərc və bu kimi maliyyə öhdəliklərindən azad edilmə, güzəşt verilmə və onların faizləri haqqında hökmlərdə qanunun müəyyən etdiyi yuxarı və aşağı məhdudiyyətlər çərçivəsində dəyişiklik etmək səlahiyyəti Bakanlar Şurasına verilə bilər.
VII. Diləkçə haqqı
Maddə 74. — Vətəndaşlar, özləriylə və ya cəmiyyətlə bağlı dilək və ya şikayətləri haqqında, səlahiyyətli instansiyalara və Türkiyə Böyük Millət Məclisinə yazı ilə müraciət etmək haqqına sahibdir.
Özləriylə bağlı müraciətlərin nəticəsi, diləkçə sahiblərinə yazılı olaraq bildirilir.
Bu haqqın istifadə edilmə çərçivəsi qanunla müəyyən olunur.
ÜÇÜNCÜ HİSSƏ
CÜMHURİYYƏTİN ƏSAS ORQANLARI
BİRİNCİ BÖLÜM
QANUNVERİCİLİK
I. Türkiyə Böyük Millət Məclisi
A. Quruluşu
Maddə 75. — /17. 05. 1987/3361/ Türkiyə Böyük Millət Məclisi, millətin ümumi səslə seçdiyi dörd yüz əlli millət vəkilindən ibarətdir.
B. Millət vəkili seçilmə şərtləri
Maddə 76. — Otuz yaşına çatan hər Türk Millət vəkili seçilə bilər. Ən azı ilk məktəb məzunu olmayanlar, qəyyumluq altında olanlar, keçməli olduğu əsgərlik xidmətini keçməmiş olanlar; dövlət xidmətində olması yasaq edilənlər, ehtiyatsızlıq üzündən baş vermiş suçlar istisna olmaqla, cəmi bir il və ya daha artıq həbs cəzasına, habelə ağır həbs cəzasına məhkum olanlar; əmlakı dağıtma, soyğunçuluq, korrupsiya, rüşvət, oğurluq, fırıldaqçılıq, saxtaçılıq, inancdan sui-istifadə etmə, qəsdən iflasa uğratma kimi üz qızardıcı suçları, habelə qaçaqçılıq.
Dövlət sirlərini yayma, ideoloji və ya anarxist hərəkətlərə qoşulma və bu kimi əməlləri təhrik və təşviq edici suçlardan biriylə məhkum edilənlər, əfv olunsalar belə millət vəkili seçilə bilməzlər. Hakimlər və prokurorlar, yüksək mühakimə orqanları nümayəndələri, yüksək tədris qurumlarındakı müəllim heyəti, Yüksək Təhsil Şurası üzvləri, dövlət qurum və quruluşlarının məmur statusundakı vəzifəli şəxslər xidmətləri baxımından (işçi xarakteri daşımayan digər dövlət qulluqçuları və Silahlı Qüvvələrin nümayəndələri öz vəzifələrindən çıxmayıncaya qədər, namizəd ola bilməz və millət vəkili seçilə bilməzlər.
C. Türkiyə Böyük Millət Məclisinin seçim dövrü
Maddə 77. — Türkiyə Böyük Millət Məclisinin seçimləri beş ildən bir keçirilir.
Məclis, bu müddət başa çatmadan seçimin yenilənməsinə qərar verə bilər, bundan başqa Anayasada müəyyən edilən şərtlər altında Cümhur Başkanı tərəfindən veriləcək qərar əsasında da seçimlər yenilənir. Müddəti bitən millət vəkili yenidən seçilə bilər.
Yenilənməsinə qərar verilən Məclisin səlahiyyətləri yeni Məclisin seçilməsinə qədər davam edir.
D. Türkiyə Böyük Millət Məclisi seçimlərinin təxirə salınması və ara seçimləri
Maddə 78. — Savaş səbəbiylə yeni seçimlərin keçirilməsinə imkan olmazsa, Türkiyə Böyük Millət Məclisi, seçimlərin bir il təxirə salınmasına qərar verə bilər.
Təxirə salma səbəbi ortadan qalxmamışsa, təxirə salma qərarındakı üsula əsasən bu vəziyyət təkrarlana bilər.
Türkiyə Böyük Millət Məclisi üzvlərində boşalma yarandıqda, ara seçimə gedilir. Ara seçim, hər seçim dövründə bir dəfə keçirilir və ümumi seçimdən otuz ay keçməyincəyə qədər ara seçimə gedilə bilməz. Ancaq, boşalan üzvlüklərin sayı, üzv tamsayının yüzdə beşini təşkil etdiyi hallarda, ara seçimlərin üç ay içində keçirilməsinə qərar verilir.
Ümumi seçimlərə bir ildən az qaldıqda ara seçimi keçirilə bilməz.
E. Seçimlərə ümumi rəhbərlik və nəzarət
Maddə 79. — Seçimlər, mühakimə orqanlarının ümumi rəhbərliyi və nəzarəti altında keçirilir.
Seçimlərin başlanmasından bitməsinə qədər, seçimin qayda üzrə idarə olunması və dürüstlüyü ilə bağlı bütün işləri görmə və gördürmə, seçim müddətində və seçimdən sonra seçimlə əlaqədar bütün uyğunsuzluqları, şikayət və etirazları öyrənib qəti qərar çıxarma və Türkiyə Böyük Millət Məclisi üzvlərinin seçim protokollarını qəbul etmə vəzifəsi Yüksək Seçim Komissiyasının üzərinə düşür. Yüksək Seçim Komissiyasının qərarları əleyhinə başqa bir instansiyaya müraciət edə bilməz.
Yüksək Seçim Komissiyasının və digər seçim komissiyalarının vəzifə və səlahiyyətləri qanunla tənzimlənir.
Yüksək seçim Komissiyası yeddi əsl və dörd ehtiyat üzvdən ibarət olur. Üzvlərin altısı Ali Kassasiya Məhkəməsi, beşi Danıştay /Dövlət Şurası/ Ümumi Şuralar tərəfindən öz üzvləri arasından üzv tamsaylarının mütləq çoxluğunun gizli səsi ilə seçilir. Bu üzvlər, mütləq çoxluq və gizli səslə öz aralarından bir başkan və bir başkan müavini seçirlər.
Yüksək Seçim Komissiyasına Ali Kassasiya Məhkəməsi və Danıştaydan seçilmiş üzvlər arasında ad çəkmə ilə hər tərəfdən iki ehtiyat üzv daxil olur. Yüksək Seçim Komissiyası Başkanı və Başkan müavini bu qaydadan istisna təşkil edirlər.
Anayasa dəyişikliklərinə aid qanunların referenduma təqdim edilməsində ümumi rəhbərlik və nəzarət də millət vəkili seçimlərində tətbiq olunan hökmlər üzrə həyata keçirilir.
F. Üzvlüklə bağlı hökmlər
1. Millətin təmsili
Maddə 80. — Türkiyə Böyük Millət Məclisi üzvləri, seçildikləri bölgəni və ya özlərini seçənləri deyil, bütün Milləti təmsil edirlər.
2. And içmə
Maddə 81. — Türkiyə Böyük Millət Məclisi üzvləri, vəzifəyə başlarkən aşağıdakı şəkildə and içirlər:
“Dövlətin varlığı və müstəqilliyini, vətənin və millətin bölünməz bütünlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağıma; hüququn üstünlüyünə, demokratik və dünyəvi Cümhuriyyətə və Atatürk prinsip və inqilablarına sadiq qalacağıma; cəmiyyətin əmin-amanlıq və rifahı, milli həmrəylik və ədalət anlayışı içində hər kəsin insan haqlarından və Əsas hürriyyətlərindən faydalanması prinsipindən və Anayasaya sədaqətdən ayrılmayacağıma böyük Türk milləti önündə namusuma və şərəfimə and içirəm”.
3. Üzvlüklə bağlaşmayan işlər
Maddə 82. — Türkiyə Böyük Millət Məclisi üzvləri Dövlət və digər dövlət hüquqi şəxslərdə və bunlara bağlı quruluşlarda; Dövlətin və ya digər dövlət hüquqi şəxslərinin bilavasitə ya da dolayı olaraq iştirak etdiyi müəssisə və ortaqlıqlarda; xüsusi gəlir qaynaqları və xüsusi imkanları qanunla təmin edilmiş ictimai mənafe üçün çalışan dərnəklərin və Dövlətdən yardım alan və vergi güzəştləri alan Xeyriyyə fondlarının dövlət qurumu xarakteri daşıyan peşə təşkilatları, həmkarlar ittifaqları və bunların üst quruluşlarının, habelə iştirak etdikləri və ya ortalıqların rəhbər və nəzarət orqanlarında vəzifə ala, müavin ola bilməzlər, birbaşa və ya dolayı olaraq hər hansı bir təəhhüdü öz üzərlərinə götürə bilməz, təmsilçilik və münsiflik edə bilməzlər.
Türkiyə Böyük Millət Məclisi üzvləri, icra orqanlarının təklif, bildiriş, təyin və ya təsdiq etmə ilə bağlı olan hər hansı rəsmi və xüsusi işlə vəzifələndirilə bilməzlər. Bir üzvün müəyyən sahə üzrə və altı ayı aşmamaqla Bakanlar Şurası tərəfindən veriləcək müvəqqəti bir vəzifəni qəbul etməsi, Məclisin qərarından asılıdır.
Türkiyə Böyük Millət Məclisi üzvlüyü ilə bağlaşmayan digər vəzifə və işlər qanunla tənzimlənir.
4. Qanunvericilik toxunulmazlığı
Maddə 83. — Türkiyə Böyük Millət Məclisi üzvləri, söylədikləri düşüncələrə, həmin iclasdakı Başkanlıq Divanının təklifi üzrə Məclis tərəfindən başqa bir qərar verilməyincəyə qədər bunları Məclis xaricində təkrarlamağa və açıqlamağa görə məsuliyyət daşıya bilməz.
Seçimdə öncə və ya sonra bir suç işlədiyi bəyan edilən millət vəkili, Məclisin qərarı olmadan tutula, sorğuya çəkilə, həbs oluna və mühakimə edilə bilməz. Ağır cəza tələb edən suçluluq halları və seçimdən öncə təhqiqatına başlanmış olmaq şərtiylə Anayasanın 14-cü maddəsindəki durumlar bu hökmə daxil deyil. Ancaq, bu halda səlahiyyətli instansiya, vəziyyət barədə dərhal və bilavasitə Türkiyə Böyük Millət Məclisinə xəbər verməlidir.
Türkiyə Böyük Millət Məclisi üzvü haqqında seçimdən öncə və ya sonra verilmiş bir cəza hökmünün yerinə yetirilməsi üzvlük statusunun sona yetməsinə qədər təxirə salınır; üzvlük müddətində zamanaşımı (1) işləmir. Təkrar seçilən Millət vəkili haqqında istintaq və məsuliyyətə cəlb etmə, Məclisin yenidən onun toxunulmazlığını ləğv etməsindən asılıdır.
Türkiyə Böyük Millət Məclisindəki siyasi partiya qrupları tərəfindən, qanunvericilik toxunulmazlığı ilə bağlı müzakirə keçirilə və qərar qəbul edilə bilməz.
5. Üzvlüyünə xitam verilməsi
Maddə 84. — İstefa verən, Türkiyə Böyük Millət Məclisinə, seçilməyə əngəl olan bir suça görə məhkum edilən, hüquq fəaliyyəti məhdudlaşdırılan, partiyasından istefa verərək başqa bir partiyaya girən və ya seçim hökumətləri istisna olmaqla Bakanlar Şurasında vəzifə alan, üzvlüklə bağlaşmayan bir xidmət qəbul edən, Məclis çalışmalarında üzrsüz olaraq bir ay müddətində beş plenar iclasda iştirak etməyən Millət vəkillərinin üzvlüyünə, üzv tamsayının mütləq səs çoxluğu ilə xitam verilir.
Partiyasından istefa verən millət vəkili sonrakı seçimdə, istefa tarixində mövcud olan hər hansı bir partiyanın ümumi mərkəz orqanları tərəfindən namizəd göstərilə bilməz.
Anayasa Məhkəməsinin qərarında partiyanın qapadılmasına öz hərəkət və sözləri ilə səbəb olduğu göstərilən millət vəkilinin üzvlüyü tamam qapadılan siyasi partiyanın qapadılması haqqında davanın açıldığı tarixdə partiya üzvü olan digər millət vəkillərinin üzvlüyü, qapatma qərarı barədə Türkiyə Böyük Millət Məclisi Başkanlığının xəbərdar edildiyi tarixdə xitam olunur.
6. Ləğv tələbi
Maddə 85. — Qanunvericilik toxunulmazlığının ləğv olunmasına və ya üzvlüyə xitam verilməsinə Məclis tərəfindən qərar çıxarılması hallarında, qərar tarixindən başlayaraq bir həftə içində, müvafiq üzv və ya Türkiyə Böyük Millət Məclisi üzvlərindən hər hansı biri, bu qərarın Anayasa və ya İç Nizamnamə hökmlərinə zidliyini iddia edib onu ləğv etmək üçün Anayasa Məhkəməsinə müraciət edə bilər. Anayasa məhkəməsi, ləğv tələbi ilə bağlı beş gün içində qərar qəbul edir.
7. Pul mükafatı və ezamiyyət ödəmələri
Maddə 86. — Türkiyə Böyük Millət Məclisi üzvlərini pul mükafatı və ezamiyyə ödəmələri qanunla müəyyən edilir. Mükafatın aylıq tutarı ən yüksək Dövlət məmurunun almaqda olduğu miqdarı, ezamiyyə ödəməsi isə mükafatın yarısını aşa bilməz.
Türkiyə Böyük Millət Məclisi üzvlərinə veriləcək pul mükafatı və ezamiyyə ödəmələri, onlara sosial təminat təşkilatları tərəfindən verilən pensiyaların və buna bənzər ödəmələrin kəsilməsini tələb etmir.
Mükafat və ezamiyyə ödəmələrinin ən çoxu üç aylığı öncədən verilə bilər.
II. Türkiyə Böyük Millət Məclisinin vəzifə və səlahiyyətləri
A. Ümumi müddəalar
Maddə 87. — Türkiyə Böyük Millət Məclisinin vəzifə və səlahiyyətləri, qanun vermək, dəyişdirmək və ləğv etmək; Bakanlar Şurasına və bakanlara nəzarət etmək; Bakanlar Şurasına müəyyən məsələlər üzrə qanun hökmündə qərarnamə çıxarma səlahiyyəti vermək; büdcə və qəti hesab haqqında qanun layihələrini müzakirə və qəbul etmək; para emissiyasına və savaş elanına qərar vermək; millətlərarası andlaşmaların təsdiq olunmasını məqbul bilmək, Anayasanın 14-cü maddəsində sadalanan əməllərə görə məhkum olunanlar, istisna edilməklə ümumi və xüsusi əfv elanına, məhkəmələr tərəfindən verilib qətiləşən ölüm cəzalarının yerinə yetirilməsinə qərar vermək və Anayasanın digər maddələrində nəzərdə tutulan səlahiyyətlərdən istifadə etmək və vəzifələri yerinə yetirməkdir.
B. Qanunların təklif və müzakirə edilməsi
Maddə 88. — Qanun təklif etmək Bakanlar Şurasının və Millət vəkillərinin səlahiyyətidir.
Qanun layihəsi və təkliflərinin Türkiyə Böyük Millət Məclisində müzakirə olunma üsul və əsasları İç Nizamnamə ilə tənzimlənir.
C. Qanunların Cümhur Başkanı tərəfindən dərc olunması
Maddə 89. — Cümhur Başkanı, Türkiyə Böyük Millət Məclisində qəbul olunan qanunları on beş gün içində dərc edir.
Dərc olunmasını uyğun bilmədiyi qanunları, bir daha müzakirə olunmaq üçün bu xüsusda göstərdiyi şərh ilə birlikdə eyni müddət içində Türkiyə Böyük Millət Məclisinə geri göndərir. Büdcə qanunları bu hökmə tabe deyildir.
Türkiyə Böyük Millət Məclisi geri göndərilən qanunu eynən qəbul edərsə, qanun Cümhur Başkanı tərəfindən dərc olunur; Məclis geri göndərilən qanunda yeni bir dəyişiklik edərsə, Cümhur Başkanı dəyişdirilən qanunu təkrar Məclisə geri göndərə bilər.
Anayasa dəyişikliklərinə dair hökmlər qüvvədə qalır.
D. Millətlərarası andlaşmaları məqbul bilmə
Maddə 90. — Türkiyə Böyük Millət Məclisi adından Xarici dövlətlərlə və millətlərarası təşkilatlarda bağlanacaq andlaşmaların təsdiqlənməsi, Türkiyə Böyük Millət Məclisinin bu təsdiqlənməni, qanunla məqbul bilməsindən asılıdır.
İqtisadi, ticarət ya texniki münasibətləri tənzimləyən və müddəti bir ili aşmayan andlaşmalar, Dövlət Maliyyəsi baxımından bir gərginlik gətirməmək, şəxsin vəziyyətinə və Türklərin xarici məmləkətlərdəki mülkiyyət haqlarına toxunmamaq şərtiylə dərc olunub qüvvəyə minə bilər. Bu təqdirdə həmin andlaşmalar, dərc olunduqları gündən başlayaraq iki ay içində Türkiyə Böyük Millət Məclisinin diqqətinə çatdırılır.
Millətlərarası bir andlaşmaya əsaslanan icra andlaşmaları və qanunun verdiyi səlahiyyətə əsaslanaraq bağlanılan iqtisadi, ticarət, texniki və ya inzibati andlaşmaların Türkiyə Böyük Millət Məclisi tərəfindən məqbul bilinməsi zəruri deyildir; ancaq bu abzasa əsasən bağlanılan iqtisadi, ticarət və ya xüsusi şəxslərin haqlarını əlaqələndirən andlaşmalar, dərc olunmamış qüvvəyə minə bilməz.
Türk qanunlarına dəyişiklik gətirən hər cür razılaşmaların əldə olunmasında birinci abzasın hökmü tətbiq edilir.
Qayda üzrə qüvvəyə minmiş millətlərarası andlaşmalar qanun hökmündədir. Bunların Anayasaya zidliyi iddiasıyla Anayasa Məhkəməsinə müraciət edilə bilməz.
E. Qanun hökmündə qərarnamə çıxarma səlahiyyəti vermə
Maddə 91. — Türkiyə Böyük Millət Məclisi, Bakanlar Şurasına qanun hökmündə qərarnamə çıxarma səlahiyyəti verə bilər. Ancaq hərbi vəziyyət və fövqəladə hallar istisna olunmaqla, Anayasanın ikinci hissəsinin birinci və ikinci bölümlərində yer alan əsas haqlar, şəxs haqları və vəzifələri, habelə dördüncü bölümündə yer alan siyasi haqlar və vəzifələr qanun hökmündə qərarnamələrlə tənzimlənə bilməz.
Səlahiyyət qanunu, çıxarılacaq qanun hökmündə qərarnamənin məqsədini, əhatə dairəsini, prinsiplərini, icra müddətini və müddəti ərzində birdən artıq qərarnamə çıxarılıb çıxarılmayacağını müəyyən edir.
Bakanlar Şurasının istefası, buraxılması və ya qanunvericilik dövrünün bitməsi, müəyyən müddət üçün verilmiş olan səlahiyyətin sona yetməsinə səbəb ola bilməz.
Qanun hökmündə qərarnamə, Türkiyə Böyük Millət Məclisi tərəfindən müddət bitimindən öncə təsdiqlənərkən onun səlahiyyətinin sona çatdığı və ya müddət bitiminə qədər davam etdiyi də müəyyən edilir.
Hərbi vəziyyət və fövqəladə hallarda, Cümhur Başkanının sədrliyi ilə toplanan Bakanlar Şurasının qanun hökmündə qərarnamə çıxarılmasına dair hökmləri qüvvədə qalır.
Qanun hökmündə qərarnamələr, Rəsmi Qəzetdə dərc olunduqları gün qüvvəyə minirlər. Ancaq qərarnamədə qüvvəyə minmə tarixi olaraq daha sonrakı bir tarix də göstərilə bilər.
Qərarnamələr Rəsmi Qəzetdə dərc olunduqları gün Türkiyə Böyük Millət Məclisinə təqdim edilir.
Səlahiyyət qanunları və bunlara əsaslanan qanun komissiyaları və Ümumi İclasında öncəliklə və təcili müzakirə edilir.
Dərc olunduqları gün Türkiyə Böyük Millət Məclisinə təqdim olunmayan qərarnamələr bu tarixdə, Türkiyə Böyük Millət Məclisi tərəfindən rədd edilən qərarnamələr isə bu qərarın rəsmi Qəzetdə dərc olunduğu tarixdə qüvvədən düşür. Dəyişilərək qəbul edilən qərarnamələrin dəyişdirilmiş hökmləri, bu dəyişikliklərin Rəsmi Qəzetdə dərc olunduğu gün qüvvəyə minir.
F. Savaş halı elanı və silahlı qüvvə tətbiq edilməsinə izn vermə
Maddə 92. — Millətlərarası hüququn qanuni saydığı hallarda savaş halı elanına və Türkiyənin tərəf olduğu millətlərarası andlaşmaların və ya millətlərarası nəzakət qaydalarının tələb etdiyi hallar istisna olmaqla, Türk Silahlı Qüvvələrinin Xarici ölkələrə göndərilməsinə və ya xarici silahlı qüvvələrin Türkiyədə olmasına izn vermə səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə məxsusdur.
Türkiyə Böyük Millət Məclisi tətildə və ya fasilədə olarkən ölkənin qəfil bir təcavüzə uğraması və bu səbəblə silahlı qüvvə tətbiq olunmasına dərhal qərar verilməsinin qaçılmaz olması halında Cümhur Başkanı da Türk Silahlı Qüvvələrinin istifadə edilməsinə qərar verə bilər.
III. Türkiyə Böyük Millət Məclisinin fəaliyyətləri ilə bağlı hökmlər
A. Toplanma və tətil
Maddə 93. — Türkiyə Böyük Millət Məclisi hər il sentyabr ayının ilk günü müstəqil surətdə toplanır.
Məclis bir qanunvericilik ilində ən çoxu üç ay tətil edə bilər: ara vermə və ya tətil zamanı məclis, bilavasitə və ya Bakanlar Şurasının tələbi üzrə Cümhur Başkanı tərəfindən toplantıya çağırılır.
Məclis Başkanı da bilavasitə və ya üzvlərin beşdə birinin yazılı tələbi üzrə, Məclisi toplantıya çağırır.
Ara vermə və ya tətil zamanı toplanan Türkiyə Böyük Millət Məclisində, bu toplantını zəruri edən məsələni öncəliklə müzakirə etmədən ara vermə və ya tətilə davam edilə bilməz.
B. Başkanlıq Divanı.
Maddə 94. — Türkiyə Böyük Millət Məclisinin Başkanlıq Divanı, Məclis üzvləri arasından seçilən Məclis Başkanı, Başkan müavinləri, katib üzvləri və İdarə Amirlərindən ibarətdir.
Başkançılıq Divanı, Məclisdəki siyasi partiya qruplarının üzv sayı nisbətində Divanda iştirak etmələrini təmin edəcək şəkildə qurulur. Siyasi partiya qrupları sədr olmağa namizəd göstərə bilməzlər.
Türkiyə Böyük Millət Məclisi Başkanlıq Divanı üçün, bir qanunvericilik dövründə iki seçki keçirilir. İlk seçilənlərin vəzifə müddəti üç ildir.
Türkiyə Böyük Millət Məclisi Başkan namizədləri, Məclis üzvləri içindən, Məclisin toplandığı gündən etibarən on gün ərzində Başkanlıq Divanına bildirilir. Başkan seçkisi gizli səslə keçirilir. İlk iki səsvermədə üzv tamsayının üçdə iki çoxluğu, üçüncü səsvermədə üzv tamsayının mütləq çoxluğu tələb olu nur. Üçüncü səsvermədə mütləq çoxluq təmin olunmazsa, bu səsvermədə ən çox səs olan iki namizəd üçün dördüncü səsvermə keçirilir; dördüncü səsvermədə ən çox səs alan üzv Başkan seçilmiş olur, Başkan seçimi, namizəd göstərmə müddətinin bitimindən etibarən, on gün ərzində tamamlanır.
Türkiyə Böyük Millət Məclisi Başkan müavinlərinin, Katib üzvlərinin və İdarə Amirlərinin miqdarı, seçim yetərsayı səsvermə sayı və üsulları Məclisin İç Nizamnaməsiylə tənzimlənir.
Türkiyə Böyük Millət Məclisi Başkanı, Başkan müavinləri, üzvü olduqları siyasi partiyanın və ya partiya qrupunun Məclis içində və ya məclisdən kənar fəaliyyətlərinə, vəzifələrinin icrası ilə bağlı istisna olmaqla Məclis diskussiyalarına qarışa bilməzlər. Başkan və iclası idarə edən Başkan müavini səs verə bilməzlər.
C. İç Nizamnamə, siyasi partiya qrupları və ya qayda yaratma işləri
Maddə 95. — Türkiyə Böyük Millət Məclisi, öz qəbul etdikləri İç Nizamnamə hökmləri əsasında fəaliyyət göstərilir. İç Nizamnamə hökmləri, siyasi partiya qruplarının Məclisin bütün fəaliyyətlərində üzv sayı nisbətində iştiraklarını təmin edəcək qaydada tərtib edilir. Siyasi partiya qrupları, ən azı iyirmi üzvdən yaradılır.
Türkiyə Böyük Millət Məclisinin bütün binalarında, tikililərində və ərazisindəki təşkilatçılıq və idarəçilik xidmətləri Məclis Başkanlığı əliylə hazırlanır və həyata keçirilir. Təhlükəsizlik və dikər polis xidmətləri üçün kifayət qədər qüvvə, müvafiq instansiyalar tərəfindən Məclis Başkanlığının sərəncamına verilir.
Dostları ilə paylaş: |