E. Təkzib etmə və cavab haqqı
Maddə 32. — Təkzib etmə və cavab haqqı yalnız şəxslərin heysiyyət və şərəflərinə toxunulması və ya özləriylə bağlı gerçəyə zidd məlumatlar verilməsi hallarında tanınır və qanunla tənzimlənir.
Təkzib və cavab yayımlanmazsa, yayımlanmasına lüzum olub olmadığına hakim tərəfindən şikayətçinin müraciət tarixindən etibarən ən geci yeddi gün içərisində qərar verilir.
XI. Toplantı haqq və hürriyyətləri
A. Dərnək qurma hürriyyəti
Maddə 33. — Hər kəs izn almadan dərnək qurma haqqına sahibdir.
Dərnək qura bilmək üçün qanunun göstərdiyi məlumat və sənədlərin, qanunda müəyyən edilən səlahiyyətli instansiyaya verilməsi kifayətdir. Bu məlumat və sənədlərin qanuna zidliyinin təsbiti halında səlahiyyətli instansiya, dərnəyin fəaliyyətinin dondurulması və ya qapadılması üçün məhkəməyə müraciət edir.
Dərnəklər, 13-cü maddədəki ümumi məhdudiyyətlərə zidd hərəkət edə bilməzlər; siyasi məqsəd güdə bilməzlər, siyasi fəaliyyətdə ola bilməzlər, siyasi partiyalardan dəstək görə və onlara dəstək ola bilməzlər, həmkarlar ittifaqları, dövlət qurumu xarakteri daşıyan peşə təşkilatları və xeyriyyə fondları ilə bu məqsədlə ortaq hərəkət edə bilməzlər.
Quruluş məqsəd və şərtlərindən uzaqlaşan yaxud qanunun öncədən nəzərdə tutduğu öhdəlikləri yerinə yetirməyən dərnəklər öz-özünə buraxılmış sayılır.
Dərnəklər, qanunun öncədən nəzərdə tutduğu hallarda hakim qərarıyla qapadıla bilər. Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünün, milli təhlükəsizliyin, milli suverenliyin, ictimai quruluşun, başqalarının haqq və hürriyyətlərinin qorunması və suçların qarşısının alınması baxımından ləngidilməsi təhlükəli olan hallarda, hakim qərarına qədər qanunən səlahiyyətli sayılan instansiya əmriylə dərnəyin fəaliyyəti dayandırıla bilər.
Birinci abzasın hökmü, Silahlı Qüvvələr və polis qüvvələri nümayəndələri ilə digər dövlət qulluqçularının dərnək qurma haqlarına başqa məhdudiyyətlər qoyulmasına və ya bu hürriyyətin istifadə olunmasının yasaqlanmasına əngəl deyildir.
Bu maddənin hökmü xeyriyyə fondlarına və bu kimi təşkilatlara da şamil edilir.
B. Toplantı və nümayiş keçirmə haqqı
Maddə 34. — Hər kəs, öncədən izn almadan, silahsız və hücumsuz toplantı və nümayiş keçirmə haqqına sahibdir.
Şəhərdə asayişin pozulmasının qarşısını almaq məqsədiylə səlahiyyətli inzibati instansiya, nümayişin keçiriləcəyi yer və keçdiyi yolu təsbit edə bilər.
Toplantı və nümayiş keçirmə haqqının istifadə edilməsinin forma, şərt və üsulları qanunda göstərilir.
Qanunun göstərdiyi səlahiyyətli instansiya, ictimai qaydanı ciddi şəkildə pozacaq olayların yaranması və ya milli təhlükəsizlik tələblərinin pozulması və ya Cümhuriyyətin ana xüsusiyyətlərini yox etmə məqsədini güdən əməllərin işlənməsinin mümkünlüyü real olduqda müəyyən bir toplantı və nümayiş keçirilməsini yasaqlaya və ya iki ayı aşmamaqla təxirə sala bilər. Qanunun, eyni səbəblərə istinad edərək bir il (1) ərazisindəki ilçələrdə (2) bütün toplantı və nümayişlərin yasaqlanmasını öncədən nəzərdə tutduğu hallarda bu müddət üç ayı keçə bilməz.
Dərnəklər, xeyriyyə fondları, həmkarlar ittifaqları və dövlət qurumu xarakterli peşə təşkilatları öz predmet və məqsədləri xaricində toplantı və nümayiş təşkil edə bilməzlər.
XII. Mülkiyyət haqqı
Maddə 35. — Hər kəs, mülkiyyət və miras haqqına sahibdir.
Bu haqlar, yalnız ictimai mənafeyi qorumaq məqsədiylə, qanunla məhdudlaşdırıla bilər.
Mülkiyyət haqqının istifadə olunması cəmiyyətin mənafeyinə zidd ola bilməz.
XIII. Haqların qorunması ilə bağlı hökmlər
A. Haqq arama hürriyyəti
Maddə 36. — Hər kəs, qanuni vasitə və yollardan faydalanmaqla mühakimə instansiyaları önündə davaçı və ya davalı olaraq iddia və müdafiə haqqına sahibdir. Heç bir məhkəmə vəzifə və səlahiyyəti daxilində davaya baxmaqdan yayına bilməz.
B. Qanuni məhkəmə təminatı
Maddə 37. — Heç kimsə qanunən tabe olduğu məhkəmədən başqa bir instansiya önünə çıxarıla bilməz.
Bir kimsəni qanunən tabe olduğu məhkəmədən başqa bir instansiya önünə çıxarma sonucunu doğuran mühakimə səlahiyyətinə sahib fövqəladə instansiyalar qurula bilməz.
C. - Suç və cəzalara dair əsaslar
Maddə 38. — Kimsə, işləndiyi zaman qüvvədə olan qanunun suç saymadığı bir əmələ görə cəzalandırıla bilməz; kimsəyə suçu işlədiyi zaman qanunda o suç üçün qoyulmuş olan cəzadan daha ağır bir cəza verilə bilməz.
Suç və cəza zaman aşımı ilə cəza məhkumiyyəti müəyyən edilərkən yenə yuxarıdakı abzas tətbiq olunur.
Cəza və cəza yerində təhlükəsizlik tədbirləri yalnız qanunla müəyyən edilir.
Suçluğu məhkəmə hakimi ilə müəyyən oluncaya qədər, kimsə suçlu sayıla bilməz.
Heç kimsə özünü və qanunda göstərilən yaxınlarını təqsirləndirən bir ifadə verməyə və ya dəlil göstərməyə məcbur oluna bilməz.
Cəza məsuliyyəti fərdidir.
Ümumi müsadirə cəzası verilə bilməz.
Hakimiyyət orqanları, şəxs hakimiyyətinin məhdudlaşdırılması nəticəsini doğuran bir sanksiya tətbiq edilə bilməz. Silahlı qüvvələrin iç nizamnaməsi baxımından bu hökmə, qanunla istisnalar edilə bilər.
Vətəndaş, suç səbəbiylə xarici bir ölkəyə geri verilə bilməz.
XIV. İsbat haqqı
Maddə 39. — Dövlət vəzifəsi və xidmətində olanlara qarşı, bu vəzifə və xidmətin yerinə yetirilməsiylə bağlı olaraq irəli sürülən ittihamlara görə açılan həqarət davalarında, təqsirləndirilən şəxs ittihamın doğruluğunu isbat haqqına sahibdir. Bunun xaricindəki hallarda isbat tələbinin qəbulu, yalnız, təqsirli sayılan əməlin doğru olub olmadığının müəyyən edilməsinin ictimai mənafeyə uyğun gəlməsindən və ya şikayətçinin isbata razılıq verməsindən asılıdır.
XV. Əsas haqq və hürriyyətlərin qorunması
Maddə 40. — Anayasa ilə tanınmış haqq və hürriyyətləri tapdalanan hər kəs, səlahiyyətli orqana gecikdirilmədən müraciət etmə imkanının təmin olunmasını istəmə haqqına sahibdir.
Rəsmi vəzifə sahiblərinin haqsız hərəkətləri nəticəsində şəxsin uğradığı zərər qanuna görə Dövlət tərəfindən ödənilir. Vəzifəli şəxslərin uğradığı zərərin də Dövlət tərəfindən ödənilməsi haqqı saxlanılır.
------------------------------------------
1. İl - Türkiyədə inzibati ərazi vahidi, təxm. vilayət.
2. İlçə - Türkiyədə inzibati ərazi vahidi, təxm. rayon.
--------------------------------------------------------
ÜÇÜNCÜ BÖLÜM
SOSİAL VƏ İQTİSADİ HAQLAR VƏ VƏZİFƏLƏR
I. Ailənin qorunması
Maddə 41. — Ailə, Türk cəmiyyətinin təməlidir.
Dövlət, ailənin rahatlığı və rifahı ilə, xüsusən, ananın və cocuqların qorunması və ailə planlaşdırılması yollarının öyrədilməsi və tətbiq olunmasını təmin etmək üçün gərəkli tədbirləri görür, təşkilatlar yaradır.
II. Təhsil və öyrənmə haqqı və vəzifəsi
Maddə 42. — Kimsə təhsil və öyrənmə haqqından məhrum oluna bilməz.
Öyrənmə haqqının miqyası qanunla təsbit edilir və tənzimlənir.
Təhsil və tədris, Atatürk prinsipləri və inqilablarına uyğun surətdə, çağdaş elm və təhsil əsasları üzrə, Dövlətin diqqət və nəzarəti altında həyata keçirilir. Bu əsaslara zidd olan təhsil və tədris yerləri açıla bilməz.
Təhsil və tədris hürriyyəti, Anayasaya sədaqət borcunu ortadan qaldırmır.
İlk təhsil, qadın və kişi cinsli bütün vətəndaşlar üçün məcburidir və Dövlət məktəblərində pulsuzdur.
Xüsusi ilk və orta dərəcəli məktəblərin rəhbər tutduğu prinsiplər, Dövlət məktəbləri ilə bir səviyyədə durmaq istəyinə uyğun olaraq, qanunla tənzimlənir.
Dövlət, maddi imkanları olmayan bacarıqlı şagirdlərin öz təhsillərini davam edə bilməsi üçün təqaüdlər və başqa yollarla gərəkli yardımlar edir. Dövlət, durumları səbəbiylə xüsusi təhsilə ehtiyacı olanları cəmiyyət üçün faydalı edəcək tədbirləri görür.
Təhsil və tədris qurumlarında sadəcə təhsil, tədris, araşdırma və tədqiq etmə bağlı fəaliyyətlər göstərilir. Bu fəaliyyətlər hər nə surətlə olursa olsun əngəllənə bilməz.
Təhsil və tədris qurumlarında türkcədən başqa heç bir dil, Türk vətəndaşlarının ana dili kimi onlara oxudula və öyrədilə bilməz. Təhsil və tədris qurumlarında oxudulacaq xarici dillər və xarici dildə təhsil və tədris yapan məktəblərin tabe olacağı əsaslar qanunla müəyyən edilir. Millətlərarası müqavilələrin hökmləri saxlanılır.
III. İctimai mənafe
A. Sahillərdən faydalanma
Maddə 43. — Sahillər Dövlətin hökmü altındadır və təsərrüfatına daxildir.
Dəniz, göl və axar su sahillərindən habelə dəniz və göllərin sahillərini çevrələyən sahil zolaqlarından faydalanarkən öncə ictimai mənafe nəzərə alınır.
İstifadə edilmə məqsədlərinə görə sahillərin və sahil zolaqlarının dərinliyi və şəxslərin bu yerlərdən faydalanma imkan və şərtləri qanunla tənzimlənir.
B. Torpaq mülkiyyəti
Maddə 44. — Dövlət, torpağın məhsuldar olaraq istifadə edilməsini qorumaq və inkişaf etdirmək, eroziyasının qarşısını almaq və torpaqsız olan və ya kifayət qədər torpağı olmayan kəndlini torpaqla təmin etmək məqsədiylə gərəkli tədbirləri görür. Qanun bu məqsədlə, dəyişik kənd təsərrüfatı bölgələri və çeşidlərinə görə torpağın genişliyini təsbit edə bilər. Torpaqsız olan və ya kifayət qədər torpağı olmayan əkinçiyə torpaq verilməsi istehsalın aşağı düşməsi, or-manların kiçilməsi və digər torpaq və yeraltı sərvətlərin azalması nəticəsini doğura bilməz.
Bu məqsədlə paylanan torpaqlar bölünə, miras hökmləri istisna olmaqla başqalarına verilə bilməz və yalnız torpağın paylandığı əkinçilərlə onların vərəsələri tərəfindən istifadə oluna bilər. Bu şərtlər olunmadıqda, paylanan torpağın Dövlət tərəfindən geri alınması üçün əsaslar qanunla tənzimlənir.
C. Kənd təsərrüfatı, heyvançılıq və bu istehsal sahələrində çalışanların qorunması.
Maddə 45. — Dövlət, kənd təsərrüfatı ərizələri ilə çəmən və otlaqların kənar məqsədlə istifadə olunmasının və məhvinin qarşısını almaq, kənd təsərrüfatında istehsalın planlaşdırılması prinsiplərinə uyğun olaraq bitkiçilik və heyvançılıq istehsalını artırmaq məqsədiylə kənd təsərrüfatı və heyvançılıqla məşğul olanların istehsal vasitə və materiallarıyla, habelə digər zəruri şeylərlə təchiz olunmasına kömək edir.
Dövlət, bitkiçilik və heyvançılıq məhsullarının dəyərləndirilməsi və gerçək dəyərlərin istehsalının əlinə keçməsi üçün lazımi tədbirləri görür.
D. Ümumiləşdirmə
Maddə 46. — Dövlət və dövlət hüquqi şəxslər ictimai mənafeyin tələbindən doğan hallarda, kompensasiyalarını öncədən ödəmək şərtilə, xüsusi mülkiyyətdə olan daşınmaz malların hamısını və ya bir qismini qanunla göstərilən prinsip və üsullar əsasında ümumiləşdirməyə və bunlar üzərində inzibati təsərrüfat subyektləri qurmağa səlahiyyətlidir.
Ümumiləşdirmə dəyərinin hesablanma tərz və üsulları qanunla müəyyən edilir. Qanun, ümumiləşdirmə dəyərinin təsbitində verginin ödənilməsi haqqında ümumiləşdirmə tarixindəki rəsmi orqanlar tərəfindən qoyulmuş qiymətləri, daşınmaz malların birqat dəyərlərini və tikinti xərcləri hesablarını və digər obyektiv ölçüləri nəzərə alır. Bu dəyər ilə vergi bəyanındakı qiymət arasında olan fərqdən necə vergi tutulacağı qanunla göstərilir.
Ümumiləşdirmə dəyəri, nəğd və öncədən ödənir. Ancaq kənd təsərrüfatı islahatının həyata keçirilməsi, iri energetika və sulama proyektləri ilə məskunlaşma proyektlərinin gerçəkləşdirilməsi, yeni ormanların yetişdirilməsi, sahillərin qorunması və turizm məqsədiylə ümumiləşdirilən, torpaqların dəyərlərinin ödənmə forması qanunla müəyyən olunur. Qanunun kreditlə ödəməni öncədən görə biləcəyi həmin hallarda, kreditləndirmə müddəti beş ili aşa bilməz; bu təqdirdə kreditlər bərabər olaraq ödənir və əvvəlcədən ödənməyən hissə Dövlət borcları üçün nəzərdə tutulan ən yüksək faiz həddində qaytarılır.
Ümumiləşdirilən torpaqdan, o torpağı bilavasitə işlədən xırda fermerə aid olan hissəsinin dəyəri, bütün hallarda qabaqcadan ödənir.
E. Dövlətləşdirmə
Maddə 47. — Dövlət xidməti xarakteri daşıyan xüsusi müəssisələr ictimai mənafeyin tələb etdiyi hallarda dövlətləşdirilə bilər.
Dövlətləşdirmə gerçək dəyərə əsasən aparılır. Gerçək dəyərin hesablanma tərzi və üsulları qanunla tənzimlənir.
IV. Çalışma və sözləşmə /əmək müqaviləsi/ hürriyyəti
Maddə 48. — Hər kəs, dilədiyi sahədə çalışma və sözləşmə hürriyyətlərinə sahibdir. Xüsusi sahibkarlıq sərbəstdir.
Dövlət, xüsusi sahibkarlığın milli iqtisadiyyatın tələblərinə və sosial məqsədlərə uyğun fəaliyyət göstərməsini, təhlükəsizlik və asayiş içində çalışmasını təmin edəcək tədbirləri görür.
V. Çalışma ilə bağlı hökmlər
A. Çalışma haqqı və vəzifəsi
Maddə 49. — Çalışma, hər kəsin haqqı və vəzifəsidir.
Dövlət çalışanların həyat səviyyəsini yüksəltmək, qorumaq, çalışmanı dəstəkləmək və işsizliyin qarşısını almağa əlverişli iqtisadi bir ortam yaratmaq üçün gərəkli tədbirləri görür.
Dövlət, işçi-işverən münasibətlərində çalışma razılığının təmin olunmasını asanlaşdırıcı və qoruyucu tədbirləri görür.
B. Çalışma şərtləri və istirahət haqqı
Maddə 50. — Kimsə yaşına, cinsiyyətinə və gücünə uymayan işlərdə çalışmağa məcbur edə bilməz.
Kiçiklər və qadınlar, fiziki və ruhi yetərsizliyi olanlar çalışma şərtləri baxımından xüsusi olaraq qorunurlar.
İstirahət etmək, çalışanların haqqıdır.
Ödənilən həftə və bayram tətili, habelə ödənilən illik məzuniyyət haqları və şərtləri qanunla tənzimlənir.
C. Həmkarlar İttifaqı orqanları qurma haqqı
Maddə 51. — İşçilər və işverənlər, üzvlərinin çalışma münasibətlərində iqtisadi və sosial haqq və mənfəətlərini qorumaq və inkişaf etdirmək üçün öncədən izn alınmadan həmkarlar ittifaqları və onların üst qurumlarını qurma haqqına sahibdirlər.
Həmkarlar ittifaqları və ya onların üst qurumlarını qura bilmək üçün qanunun göstərdiyi məlumat və sənədlərin, qanunda müəyyən edilən səlahiyyətli instansiyaya verilməsi kifayətdir. Bu məlumat və sənədlərin qanuna zidliyinin təsbiti halında səlahiyyətli instansiya, həmkarlar ittifaqı və ya onun üst quruluşunun fəaliyyətinin dondurulması və ya qapadılması üçün məhkəməyə müraciət edir.
Həmkarlar ittifaqı orqanlarına üzv olmaq və üzvlükdən çıxmaq sərbəstdir.
Heç kimsə həmkarlar ittifaqına üzv olmağa, üzv qalmağa, üzvlükdən çıxmağa məcbur edilə bilməz.
İşçilər və işverənlər eyni zamanda birdən artıq həmkarlar ittifaqına üzv ola bilməzlər.
İşçilərin hər hansı bir iş yerində çalışa bilməsi, onun həmkarlar ittifaqına üzv olmaq və ya olmamaq şərtindən asılı ola bilməz.
İşçinin həmkarlar ittifaqı və onun üst quruluşlarında rəhbər ola bilməsi üçün, ən azı on il bilavasitə işçi olaraq çalışmış olması tələb edilir.
Həmkarlar ittifaqı və onun üst quruluşlarının nizamnamələri, idarə olunması və fəaliyyətləri Anayasada müəyyən edilən Cümhuriyyətin xüsusiyyətlərinə və demokratik əsaslara zidd ola bilməz.
D. Həmkarlar ittifaqının fəaliyyəti
Maddə 52. — Həmkarlar ittifaqı orqanları, 13-cü maddədə sadalanan ümumi məhdudiyyətlərə zidd hərəkət edə, habelə siyasi məqsəd güdə, siyasi fəaliyyət göstərə, siyasi partiyalardan dəstək görə, və onlara dəstək ola bilməzlər; dərnəklərlə, ictimai qurum xarakterli peşə təşkilatları və xeyriyyə fondlarına bu məqsədlə ortaq hərəkət edə bilməzlər.
İş yerində həmkarlar ittifaqı orqanlarında fəaliyyət göstərmə həmin iş yerində çalışmamağa haqq qazandıra bilməz.
Dövlətin həmkarlar orqanları üzərindəki inzibati və maliyyə nəzarəti, habelə gəlir və xərcləri, üzvlük haqqının həmkarlar ittifaqına ödənmə forması qanunla tənzimlənir.
Həmkarlar orqanları öz gəlirlərini kənar məqsədlərlə istifadə edə bilməzlər; onlar bütün gəlirlərini Dövlət banklarında saxlayırlar.
VI. Toplu /kollektiv/ iş müqaviləsi, tətil haqqı və lokaut (1)
A. Toplu iş müqaviləsi haqqı
Maddə 53. — İşçilər və işverənlər, qarşılıqlı olaraq iqtisadi və sosial vəziyyətlərini və çalışma şərtlərini tənzimləmək məqsədiylə toplu iş müqaviləsi bağlama haqqına sahibdirlər.
Toplu iş müqaviləsinin necə bağlanması qanunla tənzimlənir.
Eyni iş yerində, eyni dövr üçün birdən artıq toplu iş müqaviləsi bağlana və tətbiq edilə bilməz.
B. Tətil haqqı və lokaut
Maddə 54. — Toplu iş müqaviləsinin bağlanması qaydasında, uyuşmazlıq yarandıqda, işçilər tətil haqqına sahibdirlər. Bu haqqın istifadə edilməsinin və iş verənin lokauta əl atmasının üsul və şərtləri, həcmi və istisnaları qanunla tənzimlənir.
Tətil haqqı və lokaut, xoş niyyətlə həyata keçirilməyəcəyi tərzdə, toplum zərərinə və milli sərvəti məhv edəcək şəkildə istifadə oluna bilməz.
Tətil əsasında tətilə qoşulan işçilərin və həmkarlar ittifaqının qəsdli və ya ehtiyatsız hərəkətləri nəticəsində, tətil keçirilən iş yerində səbəb olduqları maddi zərərə görə həmkarlar ittifaqı məsuliyyət daşıyır.
Tətil və lokautun yasaqlanma və təxirə salına biləcəyi hallar və iş yerləri qanunla tənzimlənir.
Tətil və lokautun yasaqlandığı hallarda və ya təxirə salmanın nəticəsində yaranan mübahisə Yüksək Arbitraj Şurası tərəfindən baxılıb yoluna qoyulur. Mübahisənin hər mərhələsində tərəflər də razılığa gələrək Yüksək Arbitraj Şurasına müraciət edə bilərlər. Yüksək Arbitraj Şurasının qərarları qətidir və toplu iş müqaviləsi hökmündədir.
Yüksək Arbitraj Şurasının quruluş və funksiyaları qanunla tənzimlənir.
Siyasi məqsədli tətil və lokaut, həmrəylik tətil və lokautu, ümumi tətil və lokaut, iş yerinin işğalı, işi yavaşlatma, məhsuldarlığı azaltma və digər maneələr yapıla bilməz.
Tətilə qoşulmayanların iş yerində çalışmaları, tətilə qoşulanlar tərəfindən heç bir şəkildə əngəllənə bilməz.
VII. Maaşda ədalətin təmin olunması
Maddə 55. — Maaş əməyin qarşılığıdır.
Dövlət çalışanların gördükləri işə uyğun ədalətli bir maaş əldə etmələri və digər sosial yardımlardan faydalanmaları üçün gərəkli tədbirləri görür.
Minimal maaşın təsbitində ölkənin iqtisadi və sosial durumu nəzərə alınır.
VIII. Səhiyyə, ətraf mühit və mənzil
A. Səhiyyə xidmətləri və ətraf mühitin qorunması
Maddə 56. — Hər kəs, sağlam bir ətraf mühitdə yaşama haqqına sahibdir.
Ətraf mühiti dəyişdirmək, ətraf mühitin təmizliyini qorumaq və ətraf mühitin kirlənməsinin qarşısını almaq Dövlətin və vətəndaşların borcudur.
Dövlət hər kəsin bədən və ruh sağlamlığı içində ömür sürməsini təmin etmək, insan və maddi ehtiyatlar imkanı daxilində istehsal və məhsuldarlığı artıraraq, iş birliyini gerçəkləşdirmək məqsədiylə səhiyyə təşkilatlarının mərkəzləşdirilmiş qaydada planlaşdırıb xidmət göstərməsini təşkil edir.
Dövlət, bu vəzifəsini dövlət sektorları və xüsusi sektorlardakı səhiyyə təşkilatlarından və sosial qurumlardan faydalanaraq onlara nəzarət etməklə yerinə yetirir.
Səhiyyə xidmətlərinin hərtərəfli bir şəkildə yerinə yetirilməsi üçün qanunla ümumi sağlamlıq sığortası qurula bilər.
B. Mənzil haqqı
Maddə 57. — Dövlət, şəhərlərin xüsusiyyətlərini və ətraf mühit şəraitini nəzərə alan bir plan çərçivəsində, mənzil ehtiyacını ödəyəcək tədbirləri görür, ayrıca toplu mənzil fondlarını dəstəkləyir.
IX. Gənclik və idman
A. Gəncliyin qorunması
Maddə 58. — Dövlət, istiqlal və Cümhuriyyətimizin əmanət edildiyi gənclərin müsbət elm işığında, Atatürk prinsip və inqilablarına uyğun surətdə, Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünü ortadan qaldırmağa yönələn baxışlara qarşı yetişmə və inkişaflarını təmin edən tədbirləri görür.
Dövlət, gəncləri alkoqol düşkünlüyündən, narkotik maddələrdən, suçluluq, qumar və bu kimi pis vərdişlərdən və cəhalətdən qorumaq üçün gərəkli tədbirlər görür.
B. İdmanın inkişaf etdirilməsi
Maddə 59. — Dövlət, hər yaşdakı Türk vətəndaşlarının bədən və ruh sağlamlığını inkişaf etdirəcək tədbirləri görür, idmanın kütlələrə yayılmasını təbliğ edir.
Dövlət bacarıqlı idmançıları qoruyur.
X. Sosial təminat haqları
A. Sosial təminat haqqı
Maddə 60. — Hər kəs sosial təminat haqqına sahibdir.
Dövlət bu təminatı həyata keçirəcək gərəkli tədbirləri görür və təşkilatı yaradır.
B. Sosial təminat baxımından xüsusi olaraq qorunması tələb olunanlar.
Maddə 61. — Dövlət, hərb və vəzifə şəhidlərinin dul və yetimlərini, habelə əlil və şikəstləri qoruyur və cəmiyyətdə özlərinə layiq bir həyat səviyyəsi təmin edir.
Dövlət, şikəstlərin qorunmalarını və cəmiyyət həyatına uyğunlaşa bilmələrini təmin edən tədbirləri görür.
Yaşlılar, Dövlət tərəfindən qorunur. Yaşlılara Dövlət yardımı və təmin ediləcək digər haqlar və güzəştlər qanunla tənzimlənir.
Dövlət qorunmağa möhtac cocuqları cəmiyyətdə saxlamaq üçün hər cür tədbirləri görür.
Bu məqsədlərlə gərəkli təşkilat və təsisatları qurur və ya qurdurur.
C. Xarici ölkələrdə çalışan Türk vətəndaşları
Maddə 62. — Dövlət, xarici ölkələrdə çalışan Türk vətəndaşlarının ailə birliyinin, cocuqlarının təhsilinin, mədəni ehtiyaclarının və sosial təminatlarının təmin edilməsi, ana vətənlə əlaqələrinin qorunması və yurda dönüşlərində onlara yardım göstərilməsi üçün tələb olunan tədbirləri görür.
Maddə 63. XI. Tarix, mədəniyyət və təbiət varlıqlarının və dəyərlərinin qorunmasını təmin edir, bu məqsədlə dəstəkləyici və təşviq edici tədbirləri görür.
Bu varlıqlar və dəyərlərdən xüsusi mülkiyyətdə olanlara qoyulacaq məhdudiyyətlər və bununla bağlı haqq sahiblərinə ediləcək yardımlar və tanınacaq imtiyazlar qanunla tənzimlənir.
XII. Sənətin və sənətçinin qorunması
Maddə 64. — Dövlət, sənət fəaliyyətlərini və sənətçini qoruyur. Sənət əsərlərinin və sənətçinin qorunması, dəyərləndirilməsi, dəstəklənməsi və sənət sevgisinin yayılması üçün tələb olunan tədbirləri görür.
Maddə 65. XIII. Sosial və iqtisadi sahələrdə Anayasa ilə müəyyən edilən vəzifələrini, iqtisadi sabitliyin qorunmasını nəzərdə saxlamaqla, maliyyə qaynaqlarının imkan verdiyi ölçüdə yerinə yetirir.
-------------------------------------------------------------------
1. Lokaut - fəhlələri öz tələblərindən və tətildən əl çəkməyə məcbur etmək üçün sahibkarların müəssisəni bağlayıb fəhlələri kütləvi surətdə işdən çıxarması.
DÖRDÜNCÜ BÖLÜM
SİYASİ HAQLAR VƏ VƏZİFƏLƏR
I. Türk vətəndaşlığı
Maddə 66. — Türk Dövlətinə vətəndaşlıq bağı ilə barlı olan hər kəs Türkdür.
Türk atanın və ya Türk ananın cocuğu Türkdür. Əcnəbi atadan və Türk anadan olan cocuğun vətəndaşlığı qanunla müəyyən edilir.
Vətəndaşlıq, qanunun göstərdiyi şərtlərlə qazanılır və yalnız qanunda müəyyən edilən hallarda xətm oluna bilər.
Heç bir Türk, vətənə bağlılıqla uzlaşmayan bir hərəkət etməyincə, vətəndaşlıqdan çıxarıla bilməz.
Vətəndaşlıqdan çıxarma ilə bağlı qərar və hərəkətlərdən məhkəməyə müraciət yolu qapadıla bilməz.
II. Seçmə, seçilmə və siyasi fəaliyyətdə olma haqları
Maddə 67. — /17. 05. 1987/3361/ Vətəndaşlar, qanunda göstərilən şərtlərə uyğun olaraq seçmə, seçilmə və müstəqil olaraq və ya bir siyasi partiya içində siyasi fəaliyyətdə olma və referendumda iştirak etmə haqqına sahibdir.
Seçimlər və referendum sərbəst, bərabər, gizli, tək dərəcəli, ümumi səs, açıq sayım və uçot əsasında məhkəmənin rəhbərliyi və nəzarəti altında həyata keçirilir.
Seçimlərin və referendumun keçirildiyi ildə, ay və gün hesaba alınmadan, 20 yaşına girən hər Türk vətəndaşı seçmə və referendumda iştirak etmə haqqına sahibdir.
Bu haqların istifadə olunması qanunla tənzimlənir.
Silah altında olan əsgər və unter-zabitlərlə hərbi kursantlar, cəza və həbs evlərində olan dustaqlar və məhkumlar səs verə bilməzlər.
Dostları ilə paylaş: |