Türkiyə Cümhuriyyəti Anayasası



Yüklə 450,43 Kb.
səhifə5/7
tarix21.04.2017
ölçüsü450,43 Kb.
#15183
1   2   3   4   5   6   7

IV. İdarə

A. İdarənin əsasları

1. İdarənin bütünlüyü və dövlət hüquqi şəxs statusu

Maddə 123. — İdarə quruluş və vəzifələriylə bir bütündür və qanunla tənzimlənir.

İdarənin quruluş və vəzifələri, mərkəzi idarəetmə və yerli idarəetmə prinsiplərinə əsaslanır.

Dövlət hüquqi şəxs statusu, yalnız qanunla və ya qanunun açıqca verdiyi səlahiyyətə əsaslanaraq əldə olunur.

2. Təlimatlar

Maddə 124. — Baş Bakanlıq, bakanlıqlar və dövlət hüquqi şəxsləri, öz vəzifə və fəaliyyət dairəsini müəyyən edən qanunların və nizamnamələrin tətbiq olunmasını təmin etmək üçün bunlara zidd olmamaq şərtiylə təlimatlar verə bilər.

Hansı təlimatların Rəsmi Qəzetdə dərc olunması qanunla müəyyən edilir.



B. Məhkəmə nəzarəti

Maddə 125. — İdarənin hər cür hərəkət və fəaliyyəti ilə bağlı məhkəməyə müraciət oluna bilər.

Cümhur Başkanının tək başına edəcəyi hərəkətlər və Yüksək Əsgəri Şuranın qərarları məhkəmə nəzarətindən kənardır.

İnzibati əməllərə qarşı açılacaq davalarda müddət yazılı bildirim tarixindən başlayır.

Mühakimə səlahiyyəti, inzibati fəaliyyət və hərəkətlərin hüquqa uyğunluğuna nəzarətlə məhdudlaşdırılır. İcra funksiyasının qanunlarda göstərilən forma və əsaslara uyğun olaraq yerinə yetirilməsini məhdudlaşdıran, inzibati fəaliyyət və hərəkət xarakteri daşıyan və ya müstəqil hərəkət etmək səlahiyyətini əldən alan məhkəmə qərarı verilə bilməz.

İnzibati iş icra edilərkən bərpası çətin və ya qeyri-mümkün olan zərərlərin dəyməsi və inzibati işin açıqca hüquqa zidd olması gerçəkləşmiş olduqda həmin işin icrasının dayandırılmasına əsaslandırılmış qərar verilə bilər.

Qanun fövqəladə hallarda, hərbi vəziyyət, səfərbərlik və savaş halında ayrıca olaraq milli təhlükəsizlik, ictimai qayda, ümumi sağlamlığın qorunması ilə bağlı icraetmənin dayandırılması qərarı verilməsini məhdudlaşdıra bilər.

İdarə, onun fəaliyyət və hərəkətləri nəticəsində vurulan zərəri ödəməyə borcludur.

C. İdarənin quruluşu

1. Mərkəzi idarə

Maddə 126. — Türkiyə, mərkəzi idarə quruluşu baxımından öz coğrafi mövqeyinə, iqtisadi şəraitə və dövlət xidmətlərinin tələblərinə görə, illərə, illər (vilayətlər) isə digər kiçik bölümlərə ayrılır.

İllərin (vilayətlərin) idarə olunması səlahiyyət genişliyi prinsipinə əsaslanır.

Dövlət xidmətlərinin görülməsində keyfiyyət və qanuniliyi təmin etmək məqsədiylə, birdən çox ili (vilayəti) əhatə edən mərəzi idarə təşkilatı qurula bilər. Bu təşkilatın vəzifə və səlahiyyətləri qanunla tənzimlənir.

2. Məhəlli idarələr (Yerli özünü idarəetmə orqanları)

Maddə 127.Məhəlli idarələr il, bələdiyyə və ya kənd xalqının məhəlli müştərək ehtiyaclarını ödəmək üçün, təşkilati əsasları və qərar orqanları qanunla müəyyən edilən və seçicilər tərəfindən seçilərək yaradılan dövlət hüquqi şəxslərdir.

Məhəlli idarələrin quruluş və vəzifələri ilə səlahiyyətləri, yerli inzibati muxtariyyət prinsipinə uyğun olaraq qanunla tənzimlənir.

Məhəlli idarələrin seçimləri, Anayasanın 67-ci maddəsindəki əsaslar üzrə beş ildən bir keçirilir. Qanun, böyük yaşayış mərkəzləri üçün xüsusi idarəetmə biçimləri müəyyən edə bilər.

Məhəlli idarələrin seçilmiş orqanlarının orqan statusunu qazanmalarına dair etirazların baxılması və həll olunmasına nəzarət məhkəmə yolu ilə həyata keçirilir. Ancaq, öz vəzifələri ilə bağlı bir suç səbəbinə görə haqqında təhqiqat və cinayət işi açılan məhəlli idarə orqanlarını və ya bu orqanların üzvlərini, İç İşləri Bakanı, müvəqqəti bir tədbir kimi, qəti hökm çıxarılana qədər kənarlaşdıra bilər.

Mərkəzi idarə, məhəlli xidmətlərin idarənin bütünlüyü prinsipinə uyğun şəkildə görülməsi, dövləti vəzifələrin həyata keçirilməsində birliyin təmin olunması, ictimai mənafenin qorunması və məhəlli ehtiyacların lazımi səviyyədə ödənilməsi məqsədiylə qanunda göstərilən əsas və üsullar dairəsində məhəlli idarələr üzərində inzibati nəzarət səlahiyyətinə sahibdir.

Müəyyən dövlət xidmətlərinin görülməsi məqsədiylə məhəlli idarələrin öz aralarında Bakanlar Şurasının izni ilə birlik yaratmaları, vəzifələri, səlahiyyətləri, maliyyə və qulluq işləri və mərkəzi idarə ilə qarşılıqlı əlaqə və münasibətləri qanunla tənzimlənir. Bu idarələr üçün vəzifələrin müvafiq gəlir mənbələri saxlanılır.



D. Dövlət qulluqçuları ilə bağlı hökmlər

1. Ümumi müddəalar

Maddə 128. — Dövlətin, dövlət müəssisələrinin digər dövlət hüquqi şəxslərinin ümumi inzibati əsaslar üzrə yerinə yetirməli olduqları dövlət xidmətlərinin doğurduğu əsil və fasiləsiz vəzifələr, məmurların və digər dövlət qulluqçularının əliylə icra olunur.

Məmurların və digər dövlət qulluqçularının xüsusiyyətləri, təyin olunmaları, vəzifə və səlahiyyətləri, haqları və öhdəlikləri, aylıq maaşları və ödənişləri və digər fərdi işləri qanunla tənzimlənir.

Üst orqan rəhbərlərinin yetişdirilməsinin üsul və əsasları, qanunla xüsusi olaraq tənzimlənir.

2. Vəzifə və məsuliyyətləri, inzibati cəzalarda təminat

Maddə 129. — Məmurlar və digər dövlət qulluqçuları Anayasa və qanunlara sadiq qalaraq fəaliyyət göstərməyə borcludurlar.

Məmurlar və digər dövlət qulluqçuları ilə dövlət qurumu xarakteri daşıyan peşə təşkilatları və bunların üst orqanları nümayəndələrinin müdafiə olunma haqqı tanımayıncayadək inzibati cəza verilə bilməz.

Xəbərdarlıq və qınama cəzalarıyla bağlı olanlar istisna edilməklə, inzibati cəza tədbirləri məhkəmə nəzarətindən kənar qəbul edilə bilməz.

Silahlı Qüvvələrin nümayəndələri, hakimlər və prokurorlar haqqındakı hökmlər qüvvədə qalır.

Məmurlar və digər dövlət qulluqçuları öz səlahiyyətlərini həyata keçirərək onların yol verdikləri qüsurlardan doğan təzminat davaları, zərərin ödənilməsi özlərinə həvalə edilmək şərtiylə və qanunun göstərdiyi forma və şərtlərə uyğun olaraq, yalnız idarə əleyhinə açıla bilər.

Məmurlar və digər dövlət qulluqçuları haqqında, törətdikləri iddia edilən suçlara görə cinayət işi açılması, qanunla müəyyən edilən hallar istisna olmaqla, qanunun göstərdiyi inzibati instansiyanın izindən asılıdır.



E. Yüksək tədris ocaqları və onların üst orqanları

1. Yüksək tədris ocaqları

Maddə 130. — Çağdaş təhsil-tədris prinsiplərinə əsaslanan bir qayda içində millətin və ölkənin ehtiyaclarına uyğun kadr yetişdirmək məqsədi ilə; orta tədrisə əsaslanan müxtəlif səviyyələrdə təhsil-tədris elmi araşdırma, yayım və müşavirlik yapmaq ölkəyə və insanlığa xidmət etmək üzrə müxtəlif sahələrdən ibarət hüquqi şəxs statusu və elmi muxtariyyətə sahib universitetlər Dövlət tərəfindən verilən qanun əsasında yaradılır.

Qanunda göstərilən üsul və əsaslar üzrə mənfəət əldə etmək məqsədi güdməmək şərtilə, xeyriyyə fondları tərəfindən, Dövlətin diqqət və nəzarəti altında yüksək təhsil ocaqları qurula bilər.

Qanun, universitetlərin ölkə ərazisinə bərabər bir biçimdə yayılmasına nəzarət edir.

Universitetlər ilə tədris üzvləri və köməkçilər sərbəst surətdə hər cür elmi araşdırma apara və çap oluna bilərlər. Ancaq, bu səlahiyyət Dövlətin varlığı və müstəqilliyi və millətin və ölkənin bütünlüyü və bölünməzliyi əleyhinə fəaliyyət göstərmə sərbəstliyi vermir.

Universitetlər və onların bölmələri, Dövlətin diqqət və nəzarəti altında olur, təhlükəsizliklərini Dövlət təmin edir.

Qanunla müəyyən edilən üsul və əsaslara görə rektorlar Cümhur Başkanı tərəfindən, dekanlar isə Yüksək Təhsil Şurası tərəfindən seçilir və təyin olunur.

Universitetin rəhbər və nəzarət orqanlarının üzvləri və müəllim heyəti, Yüksək Təhsil orqanları istisna olmaqla, heç bir orqan tərəfindən hər nə surətdə olursa olsun vəzifələrindən uzaqlaşdırıla bilməzlər.

Universitetlərin hazırladığı büdcələr Yüksək Təhsil Şurası tərəfindən tədqiq və təsdiq olunduqdan sonra Milli Təhsil Nazirliyinə təqdim edilir və ümumi büdcələrin bağlı olduğu prinsiplərə uyğun prosedura əsasında qüvvəyə minir və nəzarət altında fəaliyyət göstərir.

Yüksək təhsil şuralarının quruluş və orqanları ilə fəaliyyətləri və bunların seçimləri, vəzifə, səlahiyyət və məsuliyyətləri; universitetlər üzərində Dövlətin müşahidə və nəzarət haqqını tətbiq etmə üsulları; müəllim heyətinin vəzifələri, dərəcələri, təyin olunmaları, yüksəlmələri və təqaüdə çıxmaları; müəllim kadrı yetişdirmə; universitetin və müəllim heyətinin dövlət təşkilatları və dikər qurumlar ilə münasibətləri; tədrisin səviyyə və müddətləri; yüksək tədrisə giriş, vəzifədə irəliləmə və alınacaq xəraclar; Dövlətin edəcəyi yardımlarla bağlı prinsiplər; intizam və cəza işləri; maliyyə işləri; şəxsin haqları; müəllim heyətinin cəlb ediləcəyi tədbirlər, təlim və tədrisin azadlıq və təminat şəraitində və çağdaş elm və texnologiya tələblərinə uyğun həyata keçirilməsi; Yüksək Təhsil Şurası və universitetlərə Dövlətin ayırdığı maliyyə qaynaqlarının istifadəsi qanunla tənzimlənir.

Xeyriyyə fondları tərəfindən qurulan yüksək təhsil ocaqları, maliyyə və inzibatçılıq məsələləri istisna olmaqla, akademik çalışmalar, müəllim heyətinin təmin edilməsi və təhlükəsizlik sahələrində Dövlət əliylə yaradılan yüksək təhsil qurumları üçün Anayasada müəyyən olunmuş hökmlərə tabedir.



2. Yüksək təhsil üzrə üst orqanları

Maddə 131. — Yüksək təhsil ocaqlarının tədrisini planlaşdırmaq, tənzimləmək, idarə və nəzarət etmək, yüksək təhsil qurumlarındakı təlim-tərbiyə və elmi araşdırma fəaliyyətlərini istiqamətləndirmək bu qurumların qanunda müəyyən edilən məram və prinsiplərə uyğun qurulmasını, inkişaf etdirilməsini və universitetlərə təxsis edilən qaynaqların təsirli bir biçimdə istifadə olunmasını təmin etmək və müəllim kadrlarının yetişdirilməsi üçün planlaşdırma aparmaq məqsədi ilə Yüksək Təhsil Şurası qurulur.

Yüksək Təhsil Şurası universitetlər, Nazirlər Şurası və Ümumi Qərargah Başkanlığı tərəfindən seçilən və sayı, xüsusiyyətləri və seçilmə üsulları qanunla müəyyən edilən namizədlər arasında rektorluq və müəllimlik vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmiş professorlara üstünlük vermək yolu ilə Cümhur Başkanı tərəfindən təyin olunan üzvlərdən və Cümhur Başkanı tərəfindən bilavasitə seçilən üzvlərdən ibarətdir.

Şuranın təşkili, vəzifəsi, səlahiyyəti, məsuliyyəti və çalışma əsasları qanunla tənzimlənir.

3. Yüksək təhsil qurumları arasında xüsusi hökmlərə tabe olanlar

Maddə 132. — Türk Silahlı Qüvvələri və təhlükəsizlik təşkilatına bağlı yüksək təhsil qurumları xüsusi qanunların hökmlərinə tabedir.

F. Radio və Televiziya İdarəsi və dövlətlə bağlı xəbər agentlikləri

Maddə 133. — Radio və televiziya stansiyaları, yalnız Dövlət əli ilə qurulur və onların statusu bitərəf bir ictimai hüquqi şəxs halında müəyyən edilir.

Qanun, yayımların Türk Dövlətinin varlıq və müstəqilliyini, ölkənin və millətin bölünməz bütünlüyünü, cəmiyyətin əmin-amanlığını, ümumi əxlaqı və Anayasanın 2-ci maddəsində müəyyən edilən Cümhuriyyətin əsas atributlarını qoruyacaq tərzdə getməsini tənzimləyir və quruma rəhbərlik və nəzarət edilməsində, onun rəhbər orqanlarının təşkilində və hər cür radio və televiziya yayımlarında tərəfsizlik prinsipinə riayət edir.

Xəbər və proqramların seçilməsi, işlənməsi, təqdim olunması və milli mədəniyyət və təhsilə yardımçılıq vəzifəsinin yerinə yetirilməsi, xəbərlərin doğruluğunun təmin olunması əsasları, orqanların seçimi, vəzifə, səlahiyyət və məsuliyyətləri qanunla tənzimlənir.

Yuxarıdakı ikinci abzasın hökmləri, dövlət iqtisadi müəssisəsi xarakteri daşıyan və ya Dövlət yaxud dikər ictimai hüquqi şəxslərdən maliyyə yardımı olan xəbər agentlikləri haqqında da tətbiq edilir.



G. Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu

Maddə 134. — Atatürkçü düşüncəsini, Atatürk prinsip və inqilablarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilini elmi yolla araşdırmaq, tanıtmaq, yaymaq və yayımlar etmək məqsədiylə; Atatürkün mənəvi himayələri, Cümhur Başkanının qayğı və yardımı ilə Baş Bakanlığa bağlı Atatürk Araşdırma Mərkəzi, Türk Dil Qurumu, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzindən ibarət, ictimai hüquqi şəxs statusuna sahib «Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu» yaradılır.

Türk Dil Qurumu ilə Türk Tarix Qurumu üçün Atatürkün vəsiyyətnaməsində göstərilən maliyyə mənfəətləri qüvvədə olub həmin qurumlara təxsis edilir.

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun quruluşu, orqanları, çalışma üsulları və fərdi işləri, habelə onun quruluşuna daxil olan qurumlar üzərindəki səlahiyyətləri qanunla tənzimlənir.

İ. Dövlət qurumu statuslu peşə təşkilatları

Maddə 135. — Dövlət qurumu statuslu peşə təşkilatları və onların üst strukturları - müəyyən bir peşəyə mənsub olanların müştərək ehtiyaclarını ödəmək, peşə fəaliyyətlərini asanlaşdırmaq, peşə nümayəndələrinin bir-birilə və xalq ilə olan münasibətlərində dürüstlüyün və etimadın rəhbər tutulması əsasında peşə intizamını və əxlaqını qorumaq məqsədi ilə qanunla qurulan və orqanları öz üzvləri tərəfindən qanunda göstərilən üsullar üzrə məhkəmə nəzarəti altında, gizli səslə seçilən ictimai hüquqi şəxslərdir.

Dövlət qurum və quruluşları ilə dövlət iqtisadi təsisatlarında əsas və daimi vəzifələrdə çalışanların peşə təşkilatlarına girmə məcburiyyəti yoxdur.

Peşə təşkilatları öz quruluş məqsədləri xaricində fəaliyyət göstərə bilməzlər; siyasətlə məşğul ola bilməzlər; siyasi partiyalar, həmkarlar ittifaqları və dərnəklərlə ortaq hərəkət edə bilməzlər.

Siyasi partiyalar, həmkarlar ittifaqları və həm karlar ittifaqı üst strukturları peşə təşkilatlarının və üst quruluş orqanlarının seçimlərində namizəd göstərə bilməzlər, müəyyən namizədlərin lehinə və əleyhinə fəaliyyətdə ola bilməzlər və təbliğat apara bilməzlər.

Dövlət qurumu xarakteri daşıyan peşə təşkilatları, qanunda göstərildiyi şəkildə Dövlətin inzibati və maliyyə nəzarətinə tabedir.

Məqsədləri xaricində fəaliyyət göstərən və siyasətlə məşğul olan peşə təşkilatlarının məsul orqanlarının vəzifəsinə qanunun müəyyən etdiyi instansiyanın tələbiylə məhkəmə qərarı ilə xitam verilir və yerlərinə yeniləri seçilir.

Türk Dövlətinin varlıq və müstəqilliyinin, ölkənin və millətin bölünməz bütünlüyünün, cəmiyyətin əmin-amanlığının qorunması və Dövlətin Anayasada müəyyən olunan Əsas xüsusiyyətlərini təhdid edici fəaliyyətlərin qarşısının alınması baxımından qəti tədbirlərin tələb etdiyi hallarda, mahalın ən böyük mülki amiri bu orqanların fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər.

Fəaliyyətin dayandırılması haqqında qərar üç gün ərzində məhkəməyə bildirilir. Məhkəmə bu qərarı düzgün olub olmadığına ən geci on gün içində qərar verir.



J. Dini İşlər Başkanlığı

Maddə 136. — Ümumi idarə içində yeri olan Dini İşlər Başkanlığı, dünyəvilik prinsipinə uyğun surətdə bütün siyasi baxış və düşüncələrin xaricində qalaraq, milli həmrəyliyi məqsəd götürərək, xüsusi qanunda göstərilən vəzifələri yerinə yetirir.

3. Qanunsuz əmr

Maddə 137. — Dövlət xidmətlərində hər hansı bir statusula çalışan kimsə, yuxarıdan aldığı əmri təlimat, nizamnamə, qanun və ya Anayasa hökmlərinə zidd görürsə yerinə yetirmir və bu zidliyi əmri verənə bildirir. Ancaq, əmr verən öz əmrinə israr edərsə və bu əmrin yazılı surətdə təkrarlayarsa, əmr yerinə yetirilir; bu halda, əmri yerinə yetirən məsuliyyət daşımır.

Məzmunu suç təşkil edən əmr, heç bir surətdə yerinə yetirilə bilməz; yerinə yetirən kimsə məsuliyyətdən qurtula bilməz.

Əsgəri xidmətlərin görülməsi və təcili hallarda ictimai qaydanın və dövlət təhlükəsizliyinin qorunması üçün qanunla göstərilən istisnalar öz qüvvəsini saxlayır.

ÜÇÜNCÜ BÖLÜM

MƏHKƏMƏ
I. Ümumi hökmlər

A. Məhkəmələrin müstəqilliyi

Maddə 138. — Hakimlər, öz vəzifələrinin icrasında müstəqildirlər; Anayasaya, qanuna və hüquqa uyğun olaraq vicdani əqidələrinə görə hökm verirlər.

Heç bir orqan, idarə, instansiya və ya şəxs, mühakimə səlahiyyətinin həyata keçirilməsinə görə məhkəmələrə və hakimlərə əmr və təlimat verə bilməz; sərəncam göndərə bilməz; tövsiyə və zəmanət verə bilməz.

Baxılmaqda olan bir dava haqqında Qanunvericilik Məclisində mühakimə səlahiyyətinin istifadə olunması ilə bağlı sorğu müzakirə keçirilə və ya hər hansı bir bəyanat verilə bilməz.

Qanunverici hakimiyyət və icra orqanları, idarə, məhkəmə qərarları ilə hesablaşmalıdırlar; bu orqanlar və idarələr məhkəmə qərarlarını heç bir surətdə dəyişdirə və bunların yerinə yetirilməsini gecikdirə bilməz.



B. Hakim və prokurorların təminatı

Maddə 139. — Hakimlər və prokurorlar vəzifədən götürülə, özləri istəmirlərsə Anayasada göstərilən yaşdan öncə təqaüdə çıxarıla bilməz; məhkəmənin və ya onun tərkibinin ləğv olunması səbəbiylə olsa belə aylıq maaş, mükafat və digər şəxsi haqlarından məhrum edilə bilməzlər.

İşdən çıxarılmanı zəruri edən suça görə məhkum olanlar, vəzifəsini sağlamlığı baxımından yerinə yetirə bilməyəcəyi qəti olaraq anlaşılanlar və ya peşəsində qalmalarının uyğun olmadığına qərar verilənlər haqqında qanundakı istisnalar öz qüvvəsini saxlayır.



C. Hakimlik və prokurorluq sənəti

Maddə 140. — Hakimlər və prokurorlar ədliyyə və inzibati məhkəmə hakim və prokurorları olaraq vəzifələrini yerinə yetirirlər. Bu vəzifələr peşəkar hakim və prokurorlar əliylə icra olunur.

Hakimlər məhkəmələrin müstəqilliyi və hakimlik təminatı əsaslarına uyğun olaraq vəzifələrini icra edirlər.

Hakim və prokurorların xüsusiyyətləri, təyin olunmaları, haqları və vəzifələri, aylıq maaş və təxsisatları, sənətdə irəliləmələri, vəzifələrinin və iş yerlərinin müvəqqəti və ya daimi olaraq dəyişdirilməsi, barələrində intizam məsuliyyəti açılması və cəza verilməsi, vəzifələriylə bağlı və ya vəzifədə olduğu müddətdə işlədikləri suçlara görə istintaq aparılması və mühakimə edilmələrinə qərar verilməsi, işdən çıxarmanı zəruri edən suçluluq və ya bacarıqsızlıq halları və peşə təkmilləşmələri, habelə digər fərdi işlər məhkəmələrin müstəqilliyi və hakimlik təminatı əsaslarına görə qanunla tənzimlənir.

Hakimlər və prokurorlar altmış beş yaşını bitirincəyə qədər xidmət edirlər; əsgəri hakimlərin yaş həddi, yüksəlmə və təqaüdə çıxmaları qanunda göstərilir.

Hakimlər və prokurorlar öz inzibati vəzifələri ilə bağlı Ədalət Nazirliyinə tabedirlər.

Hakim və prokuror olub həmçinin ədalət xidmətindəki inzibati vəzifələrdə çalışanlar hakimlər və prokurorlar haqqındakı hökmlərə tabedirlər. Bunlar, hakimlər və prokurorlara aid əsaslar dairəsində sinifləndirilir və dərəcələndirilir, hakimlər və prokurorlar onların bütün tanınan haqlarından faydalanırlar.



D. Məhkəmədə işlərə baxılmasının açıq və qərarların əsaslandırılmış olması

Maddə 141. — Məhkəmələrdə işlərə baxılması aşkarlıq şəraitində keçirilir. İşlərin bir qisminin qapalı baxılmasına yalnız ümumi əxlaqın və ya milli təhlükəsizliyin qəti olaraq gərəkli saydığı hallarda qərar verilə bilər.

Kiçiklərin mühakiməsi haqqında qanunda xüsusi hökmlər müəyyən edilir.

Bütün məhkəmələrin hər cür qərarları şərhləri ilə yazılır.

Davaların ən az xərclərlə və mümkün olan sürətlə başa çatdırılması məhkəmənin borcudur.



E. Məhkəmələrin quruluşu

Maddə 142. — Məhkəmələrin quruluşu, vəzifə və səlahiyyətləri, fəaliyyət və mühakimə üsulları qanunla tənzimlənir.



F. Dövlət Təhlükəsizliyi Məhkəmələri

Maddə 143. — Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyü, azad demokratik quruluş və xüsusiyyətləri Anayasada müəyyən olunan Cümhuriyyət əleyhinə işlənən və bilavasitə Dövlətin daxili və xarici təhlükəsizliyinə aidiyyəti olan cinayət işlərinə baxmaq üçün Dövlət Təhlükəsizlik Məhkəmələri qurulur. Dövlət Təhlükəsizlik Məhkəməsində bir Başkan, iki əsil və iki ehtiyat üzv ilə bir prokuror və kifayət qədər prokuror köməkçisi olur.

Başkan bir əsil və bir ehtiyat üzv və prokuror birinci dərəcəli hakim və Cümhuriyyət prokurorları arasından; bir əsil və bir ehtiyat üzv, birinci dərəcəli hərbi hakimlər arasından; prokuror köməkçiləri isə Cümhuriyyət Prokurorları və hərbi hakimlər arasından xüsusi qanunlarda göstərilən üsul üzrə təyin olunur.

Dövlət Təhlükəsizlik Məhkəməsi Başkanı, əsas və ehtiyat üzvləri, prokuror və prokuror köməkçiləri dörd il müddətinə təyin olunurlar, müddəti bitənlər yenidən təyin oluna bilərlər.

Dövlət Təhlükəsizlik Məhkəmələri qərarlarına nəzarət instansiya Ali Kassasiya Məhkəməsidir.

Dövlət Təhlükəsizlik Məhkəmələrinin fəaliyyəti, vəzifə və səlahiyyətləri və mühakiməetmə üsulları ilə bağlı digər hökmlər qanunda göstərilir.

Dövlət Təhlükəsizlik Məhkəməsinin mühakimə dairəsinə daxil olan bölgələrdə hərbi vəziyyət elan edilməsi halında, qanunla müəyyən olunmuş əsaslar üzrə Dövlət Təhlükəsizlik Məhkəməsi fəaliyyət dairəsi həmin bölgələrlə məhdudlaşdırılan Hərbi Vəziyyət Əsgəri Məhkəməsinə çevrilə bilər.



G. Hakim və prokurorlara nəzarət

Maddə 144. — Hakim və prokurorların öz vəzifələrini qanun, nizamnamə, təminat və sərəncamlara (hakimlər üçün inzibati xarakter daşıyan sərəncamlara) uyğun olaraq icra edib etmədiklərinə nəzarət etmə; vəzifələrinin icrası ilə bağlı və ya vəzifədə olduqları müddətdə suç işləyib işləmədiklərini, davranış və hərəkətlərinin öz tutduqları mövqe və vəzifələrin tələblərinə uyğun gəlib gəlmədiyini araşdırma və lüzum olduqda onların haqqında təhqiqat və istintaq aparma Ədalət Nazirliyinin izni ilə ədalət müfəttişləri tərəfindən həyata keçirilir. Ədalət Naziri təhqiqat və istintaq tədbirlərini, haqqında təhqiqat və istintaq aparılacaq şəxsdən daha çox stajı olan hakim və ya prokurora həvalə edə bilər.

İ. Əsgəri mühakimə

Maddə 145. — Əsgəri mühakimə əsgəri məhkəmələr və intizam məhkəmələri tərəfindən həyata keçirilir. Bu məhkəmələr, hərbi qulluqçuların hərbi suçlarına, habelə bunların hərbi qulluqçular əleyhinə və ya əsgəri zonalarda yaxud əsgərlik xidmət və vəzifələri ilə bağlı olaraq işlədikləri suçlara aid davalara baxmağa borcludurlar.

Əsgəri məhkəmələr, əsgər olmayan şəxslərin xüsusi qanunda müəyyən edilən əsgəri suçlarına, habelə qanunda göstərilən əsgəri zonalarda əsgərə qarşı işlədikləri suçlara baxmalıdırlar.

Əsgəri məhkəmələrin savaş və ya hərbi vəziyyət hallarında hansı suçlar və hansı şəxslər baxımından səlahiyyətli olduqları, onların quruluşları və lüzum olduqda bu məhkəmələrdə cinayət işləri üzrə hakim və prokurorların təyin edilməsi qanunla tənzimlənir.

Əsgəri mühakimə orqanlarının quruluşu, fəaliyyəti, əsgəri hakimlərin fərdi işləri, əsgəri prokurorluq vəzifələrini icra edən əsgəri hakimlərin tərkibində fəaliyyət göstərdiyi qarnizon komandanlığı ilə münasibətləri məhkəmələrin müstəqilliyi, hakimlik təminatı, əsgərlik xidmətinin tələbləri üzrə qanunla tənzimlənir. Qanun, ayrı-ayrı əsgəri hakimlərin məhkəmə xidmətindən əlavə əsgəri xidmətlər baxımından əsgəri xidmətlərin tələbləri üzrə, tərkibində fəaliyyət göstərdikləri qarnizon komandanlığı ilə olan qarşılıqlı münasibətlərini də göstərir.



II. Yüksək məhkəmələr

A. Anayasa Məhkəməsi

1. Quruluşu

Maddə 146. — Anayasa Məhkəməsi on bir əsil və dörd ehtiyat üzvdən ibarətdir.

Cümhur Başkanı iki əsil və iki ehtiyat üzvü Ali Kassasiya Məhkəməsinin, iki əsil və bir ehtiyat üzvü Dövlət Şurasının, bir əsil üzvü Əsgəri Kassasiya Məhkəməsinin, bir əsil üzvü Əsgəri Yüksək İnzibati Məhkəmənin və bir əsil üzvü hesablayıcı palatanın ümumi iclaslarında həmin qurumların öz Başkan və üzvləri arasından üzv tamsayının mütləq səs çoxluğu ilə hər boş yer üçün göstərdikləri üç namizəd içindən, bir əsil üzvü Yüksək Təhsil Şurasının öz üzvü olmayan Yüksək Təhsil qurumları üzrə müəllim heyətinin üzvləri içindən göstərəcəyi üç namizəd arasından və üç əsil və bir ehtiyat üzvü yuxarı instansiya inzibatçılarıyla vəkillər arasından seçir.

Yüksək təhsil qurumları müəllim heyətinin üzvləri ilə yuxarı instansiya inzibatçıları və vəkillərin Anayasa Məhkəməsinə əsil və ehtiyat üzv seçilə bilmələri üçün qırx yaşını doldurmuş, yüksək təhsil almış və ya təhsil qurumlarında ən azı on beş il müəllimlik stajı və ya dövlət xidmətlərində ən azı on beş il əməli çalışmış və ya ən azı on beş il vəkillik etmiş olması şərtdir.

Anayasa Məhkəməsi, öz əsil üzvləri arasından gizli səslə və üzv tamsayının mütləq səs çoxluğu ilə dörd il müddətinə bir Başkan və bir Başkan müavini seçir. Müddəti bitənlər yenidən seçilə bilər.

Anayasa Məhkəməsinin üzvləri, əsil vəzifələri xaricində rəsmi və ya xüsusi heç bir vəzifə daşıya bilməzlər.


Yüklə 450,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin