Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi



Yüklə 109,56 Kb.
səhifə11/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

IX fəsil
MƏHKƏMƏ QƏRARLARI
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Maddə 69. Məhkəmə qərarının forması və məzmunu
69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir:
69.1.1. giriş hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma hissəsindən;
69.1.4. nəticəvi hissədən.
69.2. Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, qərarın qəbul edilməsində iştirak edən hakimlərin (hakimin) soyadı, adı, atasının adı, proses iştirakçılarının, onların qanuni və (və ya) prosessual nümayəndələrinin adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə icraatında onların statusu göstərilməlidir. [32]
69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.
69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
69.6. Məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.
69.7. Məhkəmə qərarı elan olunduğu vaxtdan ən geci 15 gün müddətində tam hazır formada məhkəmənin dəftərxanasına verilməlidir.
69.8. Məhkəmə dəftərxanasının müvafiq dövlət qulluqçusu məhkəmə qərarında həmin qərarın proses iştirakçılarına təqdim olunduğu tarix, qərar şifahi məhkəmə baxışı ilə bağlı iclasda elan olunduğu hallarda isə onun elan edildiyi tarix barədə qeyd aparmalı və həmin qeydləri öz imzası ilə təsdiq etməlidir.
Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı
70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər.
70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı
71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər.
71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır.
71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər.
Maddə 72. Ləğv olunmuş inzibati aktın etibarsız sayılması barədə məhkəmə qərarı
İnzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.
Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı
73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:
73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;
73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi
75.1. Məhkəmə qərarının nəticəvi hissəsi, bir qayda olaraq, şifahi məhkəmə baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər. Qərarın elan edilən nəticəvi hissəsi yazılı formada tərtib olunur və işə baxan hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri tərəfindən imzalanır.
75.2. Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməlidir.
75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.
75.4. Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 76. Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi
76.1. Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur.
76.2. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.
Maddə 77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi
77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.
77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz.
77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır.
77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri
Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
Maddə 79. Məhkəmə qərarının icra olunması
79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.
79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. [33]
Maddə 80. Məhkəmə qərardadları
80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin