Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi


XI fəsil KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT



Yüklə 109,56 Kb.
səhifə13/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

XI fəsil
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 90. Kassasiya şikayəti vermək hüququ
90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. [41]
90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri
Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar
92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:
92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda;
92.0.2. qanuna əsasən vəzifəsindən kənarlaşdırılmış və ya qərəzsizliyinə şübhə olduğuna görə etiraz olunmuş hakim qərarın qəbul edilməsində iştirak etdikdə;
92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda;
92.0.4. proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda;
92.0.5. qərar aşkarlıq prinsipinin pozulduğu şifahi məhkəmə baxışı əsasında qəbul edildikdə;
92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda.
Maddə 93. Kassasiya şikayəti üzrə məhkəmə icraatının iştirakçıları və onların nümayəndələri [42]
Kassasiya şikayəti verən şəxs və apellyasiya instansiyası məhkəməsində inzibati məhkəmə icraatının iştirakçıları olmuş digər şəxslər həmin şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər
94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. [43]
94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri
95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır:
95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini;
95.1.2. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini;
95.1.3. dövlət rüsumunun ödənilməsini;
95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;
95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.
95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir.
95.3. Apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir.
95.4. Ali Məhkəməyə göndərilənədək şikayətin geri götürüldüyü hallarda, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir.
Maddə 96. Ali Məhkəmədə icraat
96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır.
96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. [44]
96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:
96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
96.6. Bu Məcəllənin 96.5-ci maddəsində nəzərdə tutulmuş qayda məhkəmə qərardadlarına (məhkəmənin qərardad formasında olan yekun qərarı istisna olmaqla) qarşı verilmiş şikayətlərə şamil olunmur.
96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.
96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi
97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.
97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir.
Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı
98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
98.2. Müəyyən hüquqi mübahisəyə baxılarkən, Ali Məhkəmənin İnzibati kollegiyasının müvafiq məhkəmə tərkibinin həmin kollegiyanın digər məhkəmə tərkibinin qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, birgə Palata yaradılır. [45]
98.3. İşə baxan müvafiq məhkəmə tərkibi mübahisəli hüquqi məsələni baxılması və həll olunması üçün Palataya göndərir. Bu barədə təqdimat yazılı formada olmalıdır.
98.4. Palatanın qərarı qərardad formasında qəbul edilir və Ali Məhkəmənin İnzibati kollegiyasının bütün məhkəmə tərkibləri üçün məcburidir.
98.5. Ali Məhkəmənin İnzibati kollegiyasının məhkəmə tərkibi, Palatanın qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, hüquqi mübahisə ilə bağlı iş həll olunması üçün təkrar Palataya göndərilməlidir.
98.6. Palata Ali Məhkəmənin sədrindən, Ali Məhkəmənin İnzibati kollegiyasının sədrindən, həmin kollegiyanın hakimlərindən ibarət tərkibdə təşkil olunur. Ali Məhkəmənin sədri Palataya sədrlik edir. Ali Məhkəmənin sədrinin Palatanın iclasında şəxsən iştirak edə bilmədiyi hallarda Palataya sədrliyi onun müavini həyata keçirir. Səslərin bərabər olduğu hallarda, sədrlik edənin səsi həlledici sayılır.
Maddə 98-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi [46]
98-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
98-1.2. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır.
98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.
98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.
Maddə 99. Kassasiya şikayətinə yol verilməməsi
99.1. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
99.2. Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz:
99.2.1. məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);
99.2.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;
99.2.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;
99.2.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;
99.2.5. məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;
99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin