1.Gənclər şəxsiyyətlərarası münasibətləri normal saxlayır və demokratik qaydalara uyğun hərəkət edir, fəaliyyət göstərirlər.
2.Gənclər hədsiz dərəcədə sərbəstliyi ilə səciyyələnir, onların fəaliyyətində liberallıq hökm sürür.
3.Gənclər münasibətdə sərtlik, mühafizəkarlıq nümayiş etdirir, hadisələrə çox ciddi reaksiya verirlər.
Gənclərin təlim fəaliyyətində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün təşkilati metodiki işlərdən və özünütəkmilləşdirmə, özünütərbiyə tədbirlərindən istifadəni ön plana çəkmək lazımdır.
Gənclik dövründə idrak prosesləri yeni əhəmiyyət kəsb edir. Bu dövrdə gənclərin diqqəti təlim prosesindən asılı olaraq inkişaf edir və əsasən ixtiyari xarakterə malik olur. Gənclər öz diqqətini ixtiyari olaraq bilavasitə maraq doğurmayan, lakin zəruri məsələlərin üzərinə yönəltməyə qadir olurlar. Onların tədris məşğələləri, ev tapşırıqları ixtiyari diqqətin həcmini genişləndirir, davamlılığını, mərkəzləşməsini inkişaf etdirir, gənc diqqətini bir obyektdən müvəffəqiyyətlə digərinə keçirir və bölüşdürür. İlk gənclik illərində müəllim şagirdlərdə diqqətin tərbiyəsi məsələlərinə həmişə fikir verməlidir.
Gənclik dövründə qavrayışın inkişafı mühüm rol oynayır. Bu dövrdə qavrayışın xüsusiyyətləri, xüsusilə də qavrayışın seçiciliyi, mənalılığı özünü daha qabarıq şəkildə büruzə verir. Məkan, zaman və hərəkət qavrayışı özünün dəqiqliyi ilə fərqlənir. Onlarda müşahidəçilik daha da inkişaf edir, qarşıya məqsəd qoymaq, qavrayış prosesini məqsədə tabe etmək, planlaşdırma və s. geniş, hərtərəfli xarakter alır. Böyük məktəblilər müəllimin rəhbərliyi altında faktlara nüfuz etməyi, nəticələr çıxarmağı öyrənirlər.
Gənclik yaşında hafizə məhsuldar olur, xüsusilə də mənalı ixtiyari hafizə bütün tədris fəaliyyətində mühüm rol oynayır. Bu dövrdə anlama üstünlük təşkil edir, mexaniki öyrənmə, əzbərləməyə az hallarda təsadüf olunur. Gənclər yaddasaxlamanın səmərəli üsullarından istifadə edərək yaddasaxlama prosesini şüurlu, qarşıya qoyduqları məqsəd əsasında idarə edirlər, Ümumiyyətlə, gənclik dövrü hafizənin məhsuldar, elmlərə sistemli yiyələnmə mərhələsi kimi səciyyələnir.
Gənclərin təfəkkürü özünün ardıcıllığı, genişliyi, daha çox nəzəri, mücərrəd, tənqidi xarakteri ilə səciyyələnir. Onlar hadisələri, faktları öz keçmiş bilikləri ilə əlaqələndirir, düşüncə və mühakimələrdəki düz və nöqsanları tez sezir, başqa şəxslərin davranış və rəftarında baş verən qüsurları asanlıqla müəyyən edirlər. Gənclər dərsliklərdən kənar, əlavə materiallardan istifadə edir, onlarda nəzəri, mücərrəd, məntiqi və bədii təfəkkür üstünlük qazanır. Təlim prosesində şagirdlərin müstəqilliyini artırmaq, onlarda fikri əməliyyatların və əqli keyfiyyətlərin inkişafına xüsusi diqqət yetirmək, hərtərəfli şərait yaratmaq lazımdır.
Gənclik yaşında təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Gənclərin müxtəlif yaradıcılıq sahəsinə-ədəbiyyata, incəsənətə, musiqiyə, teatra, texnikaya marağı artır. Bu da onlarda yaradıcı təxəyyülü inkişaf etdirir, arzu və xəyallarını həqiqətə çevirməyə imkan verir. Gənclərin yaradıcı təxəyyülündə daxili və xarici motivasiyadan başqa, onun qabiliyyət və fərdi xüsusiyyətlərinin də böyük rolu vardır. Elə gənclərə də təsadüf edilir ki, imkan və qabiliyyəti zəif olduğu halda özünü yaradıcı şəxs kimi göstərməyə çalışır, öz qabiliyyətsizliyini pərdələməyə cəhd edir, psixoloji müdafiənin mənfi üsullarından məharətlə istifadə edir. Dərsdə gənclərin müstəqilliyi və yaradıcı fəallığı üçün hərtərəfli şərait yaradılmalıdır.
Dostları ilə paylaş: |