10 aprel
Səhərdən günortaya qədər sakitlik idi. Biz yola çıxmağa hazırlaşırdıq, Migelin kanyonu ilə Pirirenda və Qutyerresə tərəf irəliləmək üçün burdakı izlərimizi itirirdik. Elə bu vaxt həddən artıq həyəcanlı Neqro özünü yetirdi və çay boyunca bizə tərəf 15 adamın gəldiyini xəbər verdi. İnti Rolandonu xəbərdar etməyə yollandı. Bizə yalnız gözləmək qalırdı. Mən Tumanı işin nə ilə bitdiyini öyrənməyə yolladım. İlk gələn bəd xəbərlər oldu: Rubio (Xesus Suares Qayol) ölümcül yaralanıb. Başından güllə yarası alan Rubionu az sonra düşərgəyə gətirdilər.
Hadisə bu cür olub: pusquda aryerqarddan səkkiz və ön dəstədən onlara köməyə göndərilmiş üç döyüşçü durub. Çayın hər iki sahilində yerləşiblər. Yolüstü İnti Rubionu görüb və onun çayın içindən açıq hədəf olan çox pis mövqe tutduğunu özü üçün qeyd edib. Düşmən patrulu heç bir təhlükəsizlik tədbiri görmədən yaxınlaşmaqda olub; əsgərlər sahilboyu kolluqları ələk-vələk ediblər. Onlar pusquya çatmamış Pedro və Braulio ilə üz-üzə gəliblər. Bir neçə saniyə davam edən atışma zamanı əsgərlərdən biri öldürülüb, üçü yaralanıb, altısı əsir götürülüb. Bunun ardınca kiçik zabit güllələnib. Dörd nəfər aradan çıxa bilib. Yaralılardan birinin böyründə can verən Rubionu tapıblar. Onun “Qarand”ı ilişib açılmayıb, yanında fitili çıxarılan partlamamış qumbara olub. Düşmən əsgərini dindirə bilməyiblər: yarası ciddi olub və ələ keçəndən az sonra canını tapşırıb. Patrulun komandiri də ölüb.
Əsirləri dindirəndən sonra belə mənzərə yarandı: bu 15 nəfər çayla üzüyuxarıda dislokasiya olunmuş rotanın əsgərləridir. Rota kanyondan keçib, skeletləri basdırıb və bizim düşərgəni tutub. Əsgərlər dəyərli heç bir şey tapmadıqlarını iddia edirlər, halbuki radio aşkar edilən fotoşəkillərdən və sənədlərdən dəm vururdu. Rotanın heyətində 100 adam var. Pusquya düşən 15 döyüşçünü jurnalistlərin düşərgəsinə gətirdik, ətrafda kəşfiyyat apardıq və 17.00-da geri döndük. Düşmənin əsas qüvvəsi Pinkalada yerləşib, 30 nəfər isə Laqunilyasdadır. Tiraboy dərəsindəki qoşunlar, deyəsən, Qutyerresə geri çəkiliblər. Əsirlər dağlarda azmış dəstənin sərgüzəştlərindən – insanların neçə susuzluqdan əziyyət çəkdiyindən, onların necə xilas edildiyindən söz açdılar. Düşmənin yubanmadan əks-zərbə endirəcəyini ehtimal edərək, pusqunu olduğu yerdə saxlamağı tapşırdım və ön dəstəni tam tərkibdə köməyə göndərdim; amma Rolando pusqunu artıq 500 metr irəli çəkmişdi. Mən köhnə mövqelərə çəkilməyi əmr etmək istədim, amma sonra fikirləşdim ki, hər şeyi elə bu cür saxlamaq daha məntiqlidir. 17.00-da düşmənin böyük qüvvəsinin yaxınlaşdığı ilə bağlı xəbər gəldi. Təkcə gözləmək qalırdı. Mən Pombonu vəziyyəti öyrənməyə göndərdim. Az sonra tək-tək atəş səsləri eşidildi. Pombo geri döndü və məlumat verdi ki, düşmən yenə pusquya düşüb; bir neçə nəfər öldürülüb və bir mayor49 əsir götürülüb.
Bu dəfə hadisələr belə cərəyan edib: əsgərlər heç bir təhlükəsizlik tədbiri görmədən zəncirə düzülübmüşlər kimi çay boyunca irəliləyiblər. Bizimkilər onlara qəfil hücum edib. Onların itkiləri: yeddi ölü, beş yaralı; 22 nəfər bizə təslim olub. Günün yekunu: informasiya azlığı üzündən rəqəmlər yoxdur.
Dostları ilə paylaş: |