BİLDİYİNİ YAZARDI
Mən xatirələrimin birində Caviddən yaradıcılıq vaxtlarında
keçirdiyi hallardan çox qısa da olsa söhbət açmışdım. İndi bu
məsələnin üstündə ötəri durmaq istəmirəm.
Cavid yaradıçılıq vaxtları çox dalğın, bəzən əsəbi, həyəçanlı,
kənardakı hadisələrə qarşı diqqətsiz, biganə, soyuqqanlı görünür,
yaliız öz aləmi ilə məşğul olardı.
Úàâèäè õàòûðëàðêÿí
395
Bəzən otaqda var-gəl edərək dialoq, monoloqları ucadan
söylər, yenidən masa arxasına keçərək yazısına davam edərdi.
Belə hallarda biz onun ətrafında az dolanar, lazım olanda da
gözlərdik ki, özü bizi danışdırsın.
Cavid əsərlərini yazarkən obrazların üzərində çox düşünər,
onların üzərində təkrar–təkrar işlərdi. İstər tarixi, istərsə də müasir
həyata həsr etdiyi əsərlərdə müxtəlif biçimli, müxtəlif xarakterli,
müxtəlif dünyalı obrazların daxili aləmini, psixologiyasını,
düşünmə tərzini mümkün qədər öyrənməyə çalışardı və bu
münasibətlə mənə dəfələrlə deyərdi:
– Mişkinaz, insan nə qədər mürəkkəb məxluqdur. Doğrudan
da hərənin öz dünyası, öz aləmi var. Yazıçılığın ən çətin cəhəti də
odur ki, hər bir insanın özünəməxsus aləmini doğru-düzgün öyrə-
nsin, əks təqdirdə obraz kamil olmaz, saxta, cansız çıxar, oxucunu
inandırmaz. Teatr sənətinin böyük hikmətinə o dramaturq yiyələ-
nə bilər ki, o, insanı, onun daxili aləmini yaxşı bilir və üstəlik də
bu və ya başqa obrazı yaradarkən ona uyğun keyfiyyətlər, xasiy-
yətlər, daxili aləm verir. Bir sözlə, axı deyəsən yazıçı insan yara-
dır. Bəli, lap ağıllı-başlı insan! Yazıçı yaratdığı insanın keçmişini,
indisini, hətta gələcəyini də bilməlidir. Misal üçün əsərdə
xəyalpərvər, nəcib bir adam yaradırsan, obrazın daxili aləmini,
xasiyyətlərini, fərdi xüsusiyyətlərini yaxşı bilmədiyindən, onun
təbiətinə, həmin obraza az-çox yaxın olan başqa birisinin hərəkəti
qarışır. Onda da obraz şikəst olur, tam çıxmır. Mənə elə gəlir ki,
dünyanın böyük sənətkarları həmişə obrazı doğru və düzgün
yaratmaq kimi çətin bir yaradıçılıq prosesi haqqında düşünüb-
daşınmış və bu çətin məsələni həyatları boyu öyrənmişlər.
Nə isə, Mişkinaz, əgər mən öz obrazlarımı yaxşı öyrənirəmsə,
onda gərək əsər də babat çıxsın. Dramaturqun bir çətin işi də var.
Onun əsərini, yaratdığı obrazlarını aktyor və rejissor duymalıdır.
Vay o əsərin halına ki, onu teatr kollektivi duymasın.
O, tarixi əsərlər üzərində işlərkən çalışardı ki, tarixi şəxsiy-
yətlərə uydurma rənglər vurmasın. Az qala onları tədqiqatçı kimi
öyrənərdi.
Úàâèäè õàòûðëàðêÿí
396
Cavid bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i
yazarkən elə bil onlarla üzbəüz oturub, söhbət etmişəm. Onlar
mənə sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən onların bu
və başqa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün
belə etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrult-
maq üçün mənə cavablar verirdilər. Bəziləri məni qane edir.
Bəziləri isə yox.
...1928-ci ilin qış ayları idi. Yuxarıda dediyim kimi, Cavid
ciddi yaradıcılıq halları keçirirdi. Nə isə yazır, pozurdu.
Soyuq qış günlərindən birində evə gələrkən, deyəsən, bərk
üşümüşdü. Soyundu, əllərini qızdırmaq üçün bir-birinə sürtdü və
üzünü mənə tutub dedi:
– Mən Gürçüstana getməliyəm, xüsusən Tiflisdə olmalıyam.
Yaradacağım surətləri bir daha müşahidə etmək istəyirəm. O, bu
sözləri deyərkən elə bil mənimlə yox, öz-özü ilə danışırdı.
İnşallah, yay girər-girməz Gürcüstana gedərik.
Həmin ilin yayında o, bizim hamımızı Borjoma apardı. Biz
Borjomda istirahət edərkən, Cavid tez-tez oradakı gürcülərlə
görüşər, yaxınlıqdakı axaltsixililərin köməyi ilə gürcü kəndlərinə
gedər, onlarla söhbət edərdi.
Cavidin burada da dil öyrənmək qabiliyyəti özünü büruzə
verdi. Qısa müddət ərzində o, sadə cümlələrlə fikrini gürcücə
deyə bilirdi.
Axaltsixililər zarafata salıb deyərdilər ki, Cavid əfəndi,
deyəsən, bizim çörəyimizi əlimizdən alacaqsınız.
Cavid o ətrafda gürcülərin həyatı ilə tanış olduqdan sonra,
bizi Tiflisə gətirdi.
Biz Tiflisdə qaldığımız müddətdə Cavid daha çox gürcülər
arasında olur, Tiflis arxivlərində işləyir, xeyli qeydlər edirdi.
Hətta bir neçə gürcü alimi ilə də tanış olmuşdu və yavaş–yavaş
əsərin ayrı-ayrı hissələri haqqında mənə söhbətlər edirdi. Bakıya
qayıdanda isə bilirdi ki, əsərin adı “Knyaz” olacaq.
Bəli, Tiflisdə olarkən “Knyaz” üçün material topladı,
yaradıcılıq axtarışları apardı. Əsərdəki obrazların prototiplərini bir
Úàâèäè õàòûðëàðêÿí
397
daha yaxından öyrəndi, müşahidələrini daha da dərinləşdirdi. Axı,
Cavid yaxşı bilmədiyi şeyi yazmırdı. Yazmaq istədiyini isə
dərindən-dərinə öyrənər, sonra qələmə alardı.
İNSAN DEYİL, ŞƏKİLDİR
1929-cu ilin yay ayında biz hamımız yenə də Borjomda
istirahət edirdik. Şəhərin bağlı-bağatlı bir yerində otaq tutmuşduq.
Adətən, səhər, günorta, axşam yeməklərini evdə yeyərdik.
Mən xoşlardım ki, uşaqlara və Cavidə özüm bişirdiyim yemək-
lərdən yedirdim. Cavid restoranda nahar etməyi o qədər də
xoşlamazdı.
Lakin hərdənbir mən istirahət edim deyə, yay restoranlarında,
açıq havada nahar edərdik.
O zaman Borjom şəhər parkının yanında çayın üzərində yay
restoranı var idi. Çayı taxtalarla elə örtmüşdülər ki, bəzi yerlə-
rindən çayın axarı görünürdü.
Cavid bir stol tutmuşdu. Hamımız orada xörək yeyirdik.
Xörəyi yenicə qurtarmışdıq ki, qızım Turan çox həyəcanla çığırdı:
– Baba! Baba! Əmini su aparır...
Biz hamımız onun barmağı ilə göstərdiyi yerə baxdıq. İri bir
insan portretini çay aparırdı. Uşaq həmin portreti insana oxşat-
mışdı.
Cavid suyun apardığı portreti görən kimi sakitləşdi və əlini
Turanın başına qoyaraq mehribanlıqla dedi:
– Qızım, o şəkildir, insan deyil, qorxma, bax!
Sonra öz-özünə danışırmış kimi əlavə etdi, eh... zavallı qız,
hər insana oxşayan insan deyil axı...
ÜRƏYİN BÖYÜK OLSUN
1931-ci ilin yay aylarında biz Yesentukidə dincəlirdik.
Yesentuki Cavidin xoşuna bir o qədər gəlməsə də mədən sularını
içmək məqsədilə bir neçə dəfə yay ayları orada istirahət edərdik.
Úàâèäè õàòûðëàðêÿí
398
Biz axşamçağları həmişə parka gedərdik. Hər şeyi müşahidə
edən Cavid, bir gün 17-18 yaşlı göyçək bir qızı mənə göstərib
dedi:
– Mən üç-dörd gündür ki, bu qıza burada rast gəlirəm.
Görünür onun böyük dərdi var.
Doğrudan da, o mənim də diqqətimi cəlb etmişdi. Cavid düz
deyirdi. Qız çox dalğın və qüssəli idi.
Cavid mənə dedi ki, mümkünsə bir öyrənərsən, onun dərdi
nədir, bəlkə kömək etdik, yardıma ehtiyacı var.
Bu söhbətdən bir gün sonra mən uşaqlarla parka ketdim.
Cavid sonra gələcəkdi. Təsadüfən həmin qızla anasına rast
gəldim. Mən gəlib onların yanında oturdum və üzümü üzündən-
gözündən nur tökülən anasına tutub dedim:
– Lütfən deməzsinizmi, bu qəşəng qız niyə belə dalğındır?
Anası elə bil bu sözlərə bənd imiş. Onun dərdi açıldı. Yazıq
ana kədərli səslə danışmağa başladı:
– Ay xanım! Nə deyim... Dərdimiz böyükdür. Bu qızın da
belə olması dərdimizi artırır. Axı, mən sizə necə deyim. Qızımı
atası varlı-karlı bir adama verir. Özü də qızımdan xeyli yaşlı.
Qız zərif bir səslə anasının sözlərinə əlavə etdi:
– Ay xala! Kişinin arvadı ölüb, iki də uşağı qalıb. Mən onu
sevmirəm...
Anası qızın üzünə baxıb, mülayim səslə dedi:
– Atan deyir get, get də. Sonra sözünə davam edərək dedi. –
Bu yazıq qız ağıllı-kamallı bir müəllimi istəyir. Müəllim də onu.
Atası deyir ki, kasıbdır. Amma o kişinin yaxşı var–dövləti var.
Söhbətin şirin yerində gördüm ki, Cavid özünəməxsus ağır
addımlarla bizə yaxınlaşır. O hamımıza salam verib, mənim
yanımda oturdu.
Üzümü mənə çox maraqla baxan Cavidə tutub dedim:
– Cavid, qızın dərdi var. Onu zorla, istəmədiyi adama ərə
verirlər. Verilən adam dövlətli, qoca, dul; verilməyən adam isə
cavan, müəllim, özü də kasıb. Bu yazıqlar da bir–birini sevir. Lap
elə bil bir hekayə mövzusudur.
Úàâèäè õàòûðëàðêÿí
399
Cavid yarıəsəbi, yarızarafat tərzlə dedi:
– Elə bilirsən, hekayə yazmaqla hər şeyi düzəltmək olur. Əgər
iş hekayə ilə, şeir ilə aşsa indi onda Şərqdə, xüsusilə Azərbay-
canda gərək çox insan və onun şəxsiyyəti azad ola idi. Həyat öz
bildiyini heç kəsə vermir. Ondan istədiyini zorla, bəli, zorla,
vuruşa-vuruşa almalısan. Kədər, qüssə heç zaman insana kömək
etməmişdir. Bu hisslər insanın daxilində gizlənmiş, həmişə
insanın arxasını yerə qoymağa hazır olan amansız düşməndir.
Bəzən kədər şirin olur. Lakin o şirinliyə inanmaq olmaz. Məncə,
kədərdənsə həyatda məqsəd, amal uğrunda vuruşmaq lazımdır.
Lakin vuruşun forması yerinə görə müxtəlif olmalıdır. Bəzən
silahla, bəzən isə qılıqla, sözlə iş görmək lazımdır.
O burada səsinə yarızarafat tonu verərək fikrini belə tamam-
ladı: indi baxaq görək hansı silahdan istifadə edək.
Bu söhbət əsnasında qızın kiçik qardaşı atasını uzaqdan görüb
onun qabağına qaçdı. Ata-oğul bizə yaxınlaşarkən kişi birdən
Cavidə baxıb ehtiramla dedi:
– A, bu sizsiniz, Cavid əfəndi! Mən sizi çox yaxşı tanıyıram,
salam, Dərbənddə yaşayan kumıklardanam, əsərlərinizi oxumu-
şam.
Cavid: “Mən də sizi tanıyıram, özü də lap yaxşı!” – deyə
cavab verdi:
Kişi çox təəccübləndi. Həm də sevindi ki, Cavid onu tanıyır.
O dedi:
– Məni haradan tanıyırsınız, Cavid əfəndi?
– Bəli, bəli tanıyıram. Hətta bilirəm ki, bu gözəl-köyçək
qızımı dövlətli – dul, qoca kişiyə ərə verirsən. Onu istəyən müəl-
limə ərə vermək istəmirsən. Çünki müəllim kasıbdır. Məgər sən
müəllimin daxili aləminin zənginliyini görmürsən. Bəli, ərə
vermək istədiyin kişinin qoyun-quzusu çöldə mələyəcək, sənin
ismətli qızın isə evdə.
Dostum, belə çıxır ki, mən təsirsiz yazıçıyam ki, əsərlərim
sizdə belə bir hərəkətə qarşı nifrət yaratmamışdır. Mən onda
Úàâèäè õàòûðëàðêÿí
400
xoşbəxt yazıçı olardım ki, oxucumda yüksək hisslər, böyük
fikirlər oyada idim. Nə isə...
Cavid susdu. Araya dərin bir sükut çökdü. Heç kəs bu sükutu
pozmaq istəmirdi. Hərə öz daxili aləmi ilə danışırdı, götür-qoy
edirdi. Deyə bilmərəm bu sükut nə qədər davam etdi. Cavid bu
sükutu sakit və kədərli bir səslə pozaraq dedi:
– Ay qardaşım, o bədbəxt müəllim indi görəsən haradadır?
Nə qayırır?
Qızın atası:
– Elə mən sizin yanınıza gələrkən ona yolda rast gəldim,
salamlaşıb keçdi.
Cavid sevindi, üzündə bir təbəssüm əmələ gəldi.
– Yazıq müəllim. Görünür, o sizi və sizin qızınızı kölgə kimi
izləyir. Ax... insanları bir-birindən ayıran bu var-dövlət... İnan, o
bir canlı varlıq olsaydı, mən onunla bütün qüvvətimlə vuruşardım.
O nə yaman qəvi düşməndir. Hər yerdə insanları bir-birinə çırpış-
dırır, qarşı-qarşıya qoyur. Əgər biz əl-ələ versək, onun arxasını
yerə qoyub, lənətə gəlmiş anasını mələdərik.
Cavid bu son sözləri yarızarafat tərziylə dedi. Cavid də, kişi
də, hətta ana və qız da gülümsədi.
Sonra Cavid yenə sözə başladı:
– Ay qardaşım, dəli şeytanın sözünə baxıb, müəllimi tapıb
gətirib, ona desək ki, burada sizi nişanlayırıq, görəsən dəli-zad
olmaz ki...
Kişi ciddi tərzdə dedi:
– Cavid əfəndi, siz necə istəsəniz, elə də eləmək olar. – Bu
söz hamımızı sevindirdi. Şübhəsiz ki, hamıdan çox sevinən mə-
sum qız oldu. Sevincdən qız keyləşmiş, elə bil bir az da kədər-
lənmişdi. Kişi dağlılara məxsus qıvraqlıqla ayağa durub dedi:
– Cavid əfəndi! Uşaqları sizə tapşırıram, mən indi gəlirəm. –
O, sürətli addımlarla bizdən uzaqlaşdı.
O qədər də keçməmişdi ki, bir də baxdıq, kişi cavan, gözəl bir
oğlanla gəlir.
Úàâèäè õàòûðëàðêÿí
401
Onlar bizə yaxınlaşarkən mənim böyrümə qısılmış qız
ixtiyarsız ayağa durub baş əydi. Oğlan ümumi salam verdi.
Cavid üzünü müəllimə tutub:
– Buyur, otur, müəllim, – dedi. Lakin oğlan oturmadı.
Cavid kişiyə müraciət edərək sözə başladı:
– Elə deyirəm, biz oğlan adamı olaq, siz də elə qız adamı-
sınız. Məsləhət görürsünüzsə, elə burada – parkda nişan ayini
keçirək.
Kişi inamla dedi:
– Cavid əfəndi, necə istəyirsiniz, elə də edək, siz həm qız,
həm də oğlan adamısınız.
Cavid üzünü müəllimə tutaraq: “Qayın-qardaşını da apar, get,
üzük al”, – dedi.
Oğlan üzük almağa tələsdi. Bir qədər keçməmiş müəllim
qayıtdı. O, bir nişan, bir də qaşlı üzük və bir qutu şokoladlı konfet
almışdı. Oğlan aldığı üzükləri Cavidə verdi və dedi:
– Cavid əfəndi, böyük qaşlı üzük olmadı, bağışlayın, qaşı bir
az kiçik oldu.
Cavid cavabında:
– Oğlum, üzüyün qaşının böyüklüyü vacib deyil, qoy sənin
ürəyin böyük olsun.
Sonra Cavid üzükləri qızın anasına, mənə, sonra da atasına
göstərdi. Cavid:
– Heç bir zaman belə nişan ayini heç yerdə olmayıb. – Sonra
üzünü oğlana tutaraq:
– Bala, buyur öz əlinlə sevgilini nişanla!
Oğlan utana-utana üzüyü qızın barmağına keçirdi.
Kişi: “Cavid əfəndi, indi kabab yeməyə gedirik”, – dedi.
Cavid: “Xeyr, şirni yemək lazımdır”, – deyə cavab verdi və
oğlanın aldığı şokoladdan hərə bir dənə götürdü.
– Hə, gördünmü ay qardaş, el bir olsa, düşmən nə qədər qəvi
olsa da anasını mələtməyə nə var ki?!..
Úàâèäè õàòûðëàðêÿí
402
ULDUZLAR YERDƏ DƏ OLUR
Cavid səhnə sənətimizin bütün xadimlərini, kiçiyindən tutmuş
böyüyünə qədər hamısını sevərdi. O deyərdi ki, böyük sənətkar
elə onsuz da ümumi məhəbbət, ümumi qayğı görür. Onu şöhrəti
qoynuna alıb gəzdirir. Adi sənətkarlar isə özünəməxsus fədakar-
dırlar. Onlardan şöhrət uzaqdır. Lakin buna baxmayaraq böyük
səhnədən uzaqlaşmırlar, əksinə, ona daha möhkəm tellərlə bağ-
lanırlar. Məncə, bunlar da böyük sənətkarlar kimi böyük hörmətə
və məhəbbətə layiqdirlər.
O həmişə deyərdi ki, teatr mədəniyyətinin inkişafında xidmət
edən hər bir kəsin öz yeri var. Heç bir zaman səhnəyə çıxmayan,
səhnə arxasında öz faydalı əməyi ilə ömrünü keçirən teatr işçiləri
də səhnədə şöhrət çələngini başına qoymuş aktyorlar qədər
olmasa da, böyük hünər göstərirlər. O həmişə teatr işçiləri ilə
dostluq edərdi. Əlbəttə, onların içərisində Abbas Mirzə Şərif-
zadəni xüsusi sevərdi. Cavid deyərdi ki, Abbas Mirzə yaradıcılığı
teatr tariximizdə böyük bir epoxadır. Onun yaradıcılığı xalqın,
teatr sənətinin inkişaf yoludur. Abbas Mirzənin yaratdığı obrazlar,
onun xalqının keçdiyi tarixi yolu təcəssüm etdirir. Abbas Mirzə
səhnədə azman bir aktyordur. Onun səsi, hərəkətləri yaratdığı
obrazın daxilini tam açıb tamaşaçıya göstərir. O, böyük psixoloq
–aktyordur. Adama bəzən elə gəlir ki, bu aktyor illərlə, bəlkə də
on illərlə bu və ya başqa psixoloji hadisəni alim kimi öyrənmiş,
tədqiq etmiş, sonra onu sənətkar gözü ilə cilalamış və səhnəyə
çıxarmışdır. Eh... Belə aktyorları təbiət nadir hallarda yaradır.
Təbiət böyük sənətkarlar yetirməkdə nə qədər xəsislik edir.
Cavid teatr sənətkarlarını çox sevdiyindən onlarla tez-tez gö-
rüşərdi. Onlardan bəziləri, xüsusilə Abbas Mirzə bizə tez-tez gə-
lərdi.
Yeri gəlmişkən deyim ki, Abbas Mirzə Cavidə “Cavidcan”, –
deyə müraciət edərdi, Cavid isə ona sadəcə “Abbas” deyərdi.
Yadıma gəlmir ki, onların söhbəti çox qısa, ayaqüstü olaydı.
Cavid bu böyük sənətkarla saatlarla söhbət edərdi. Adətən, yayda
Úàâèäè õàòûðëàðêÿí
403
Abbas Mirzə bizə gələrkən damın üstünə (mənzilimizin pəncə-
rələri ikinci mərtəbənin damına açılardı. Yemək otağının içəri-
sindən balaca pilləkənlə dama çıxar, yay axşamlarında orada çay
içər, dincələrdik) çıxarkən xırdaça samovarı qaynadıb onların
yanına qoyar, hamımız bir yerə toplaşıb söhbət edərdik. Dediyim
kimi, söhbət gecəyarıdan keçənə qədər davam edərdi.
Yenə bir dəfə Cavidlə Abbas Mirzənin söhbəti çox uzun
çəkdi. Söhbət sənətdən gedirdi (çox təəssüf ki, təfərrüatı yadımda
deyil).
Mərziyə xanım bizim narahat olacağımızdan ehtiyat edərək
üzünü Abbas Mirzəyə tutub pıçıltı ilə dedi:
– Abbas, axı, lap gecdir. Bir göyə bax, az qala ulduzlar da
batıb. Axı, biz uşaqları da narahat edirik.
Cavid Mərziyə xanımın sözlərini eşitcək üzünü ona tutub
dedi:
– Əvvəla siz, Mərziyə xanım, səhv edirsiniz. Ulduzlar batmır,
əksinə, ulduzlar getdikcə daha da parıldayır. Bir də, əzizim, heç
belə havada, iki belə böyük ulduzun bizə qonaq gəldiyi zaman
adam narahat ola bilərmi?
O iki ulduz deyərkən Abbas Mirzə və Mərziyə xanıma işarə
elədi. Bundan hər iki sənətkar güldü.
Abbas Mirzə özünəməxsus təvazökarlıqla başını aşağı əyib
dedi:
– Cavidcan, bizə yaman sataşırsan, biz hara, ulduz hara?..
Cavid bir az bundan qabaqkı zarafatyana ahəngini dəyişərək
tam ciddi bir tərzdə dedi: “Xeyr, Abbas, sən də, Mərziyə xanım
da, hər ikiniz böyük sənətin əngin səmalarında sönməz ulduzlar-
sınız ki, bu gün bizə qonaq gəlibsiniz, göydə göy ulduzları, yerdə
elm ulduzları, mənəvi aləmin ulduzları, sənət ulduzları olur”.
DOST YARASI SAĞALMAZ
Cavidlə böyük artist və rejissor, Azərbaycan səhnəsinin gör-
kəmli ustalarından biri olan İsmayıl Hidayətzadə arasında dost-
luğun maraqlı tarixçəsi var.
Úàâèäè õàòûðëàðêÿí
404
İsmayıl Hidayətzadənin baməzə söhbətləri, çox vaxt ciddi bir
işi zarafatla həll etməsi, bəzən çox prinsipiallığı Cavidin xoşuna
gəlirdi.
İsmayıl Hidayətzadə istər Cavidin tamaşaya qoyulan əsərlə-
rilə, istərsə də bu və ya başqa sənət məsələlərilə əlaqədar olaraq
bizə tez-tez gələr, söhbətləri də adətən uzun çəkərdi. İsmayıl
Hidayətzadə Cavidin əsərlərində Qorxmaz (“Afət”), Arif
(“İblis”), Əşrəf (“Şeyda”), Cücə (“Topal Teymur”), Şeyx Mərvan
(“Şeyx Sənan”), Şakro (“Knyaz”) kimi surətlər yaratmışdır.
Bu rolların hazırlanmasında, eləcə də özünün rejissorluğu ilə
hazırladığı əsərlərdə Cavidlə tez-tez məsləhətləşərdi.
Hidayətzadənin yaxşı oynadığı rollardan biri Arif surəti idi.
O, Şakronu da həvəslə oynayırdı. Lakin istər Arif, istərsə də
Şakronun təbiətindəki naqislik Hidayətzadəni açmırdı. İctimai-
siyasi hadisələr, nəcib hissləri qovmuş, onu, nəhayət, qardaş
qatilinə çevirmişdi. Böyük psixoloji dəyişiklikləri Hidayətzadə
ustalıqla oynayırdı.
O çalışırdı ki, tamaşaçıda bir tərəfdən Arifin nəcibliyinə,
xeyirxahlığına məhəbbət hissi alovlandırsın, bir tərəfdən də qar-
daş qatilinə nifrəti gücləndirsin. Bu çətin işin öhdəsindən aktyor
bacarıqla gəlirdi. Lakin bu, Hidayətzadənin ürəyindən deyildi. O
istəyirdi ki, Arif tam müsbət obraz olsun. Ona görə də bir dəfə
bizə gələrkən dedi:
– Cavid əfəndi! Axı, Arifin qardaş qatili olması məni heç aç-
mır. Arif yaxşı bir adamdır. Sonra zəif təbiətli Arifin daxili
aləminə pis əməllər min bir hiylə ilə yol tapır. Mənim zəhmətim
hədər gedir. Mən tamaşaçıda Arifə qarşı məhəbbət hissi oyadı-
ram. Sonra bütün qüvvəmi qoyub ona nifrət hissi alovlandırmağa
çalışıram. Görürsünüzmü, əvvəl mən böyük təbiətli adam olur,
sonra lap kiçilirəm. Demək tamaşaçı da məni sevmir.
Cavid bu böyük aktyorun kədərini hiss edirdi. Ona görə də
əlini çiyninə qoyub, bir az nəvazişlə dedi:
– İsmayıl, özün bilirsən, ayın yarısında ay böyük olur,
yarısında isə kiçik Ayın bizə kiçik və ya böyük görünməsindən ay
Úàâèäè õàòûðëàðêÿí
405
heç zərər çəkmir. O elə aydır ki, aydır! Milyon illər o göydə üzür
və üzəcək də. Sən də eləsən. Hansı obrazda kiçilirsən kiçil, böyü-
yürsən böyü, elə sənət səmasında böyük sənətkar kimi üzəcəksən
ki, üzəcəksən...
Eşitdiyimə görə Şakrodan da narazısan. Deyirsən ki, o da
mənfi obrazdır. O mənfiləri görməsələr, vallah, müsbətlərin qəd-
rini bilməzlər. Sən o hiyləgər, qurnaz Şakronu elə yarat ki, bütün
qurnazlara, hiyləgərlərə, alçaqlara nifrət hissi birə on artsın. Bu
sənin sənətindəki böyüklükdür. Elə bu sənə bəsdir. O gün teatrda
demişdin ki, Şakroya bir nəğmə yazım. Sən çox gözəl bilirsən ki,
mən heç kimin arzusu ilə əsərimə əlavə etmirəm. Bu bir az ağlıma
batır, deyəsən, yerinə düşür. Neyləyim, sənsən, sənin arzunu yeri-
nə yetirərəm. Cızma-qarasını da etmişəm. İstəyirsən oxuyum, gör
könlünə yatırmı? – deyə yazı masasının üstündən bir kağız götü-
rüb “Knyaz”dakı Şakronun mahnısının mətinini ona oxumağa
başladı.
İsmayıl Hilayətzadə mahnı oxunub qurtarandan sonra sevinə–
sevinə dedi:
– Elə bu mənim istədiyimdir. Görərsən bu qarabala səhnədə
bunu necə oxuyaçaqdır.
Bəzən İsmayıl böyük aktyorlara öz fikrini inandıra bilmədik-
də Cavidi köməyə çağırardı, yarızarafatla deyərdi:
– Cavid əfəndi, sən allah, bizim şərikli malımızı böl, sənin də
vaxtını almayıb gedək. – Vaxtını almayaq deməsinə baxmayaraq,
o, həmişə bizdə 4-5 saat oturardı.
İsmayıl Hidayətzadəni, Abbas Mirzəni, Cavidi tanıyan adam-
lar gözəl bilirdilər ki, onlar gözəl pürrəng çay içməyi xoşlayır-
dılar. Lakin mənim dəmlədiyim pürrəng çaylar içilməmiş qalırdı.
Bu 4-5 saatda mən dəfələrlə soyumuş, içilməmiş çayları aparıb
dəyişərdim. Yalnız ara soyuyandan sonra çayları içərdilər.
Bəzən onlar böyük vuruşdan çıxanlara oxşayırdılar. Belə hal-
larda çay onların dadına çatırdı. Mübahisədən sonra, ya Abbas
Mirzə, ya elə Cavidin özü deyərdi:
– Hə, ver bir çayımızı içək, qüvvəyə gələk.
Úàâèäè õàòûðëàðêÿí
406
Əlbəttə, bu söhbətlər və mübahisələrdə heç birisi ədəb və
ərkan dairəsindən kənara çıxmazdılar. Və bir-birinə çox hörmət
və ehtiramla müraciət edərdilər.
Yadımdadır... “Səyavuş”un ilk quruluşunun rejissorluğunu
İsmayıl Hidayətzadəyə tapşırmışdılar.
O, tamaşa üzərində işlərkən xeyli əziyyət çəkir, dəfələrlə
Cavidin yanına gəlir, onunla söhbət edir, bir sıra tarixi kitabları
aparıb oxuyur, geri qaytarır, o dövrün mədəniyyəti haqqında rus
müəlliflərinin əsərləri ilə tanış olurdu. Orta əsr miniatür rəssam-
larının əsərlərini birlikdə götür-qoy edirdilər. Evimiz əsl yara-
dıcılıq laboratoriyasına çevrilmişdi.
Hidayətzadə “Səyavuş” üzərində işləyərkən bir gün Abbas
Mirzə ilə pilləkəni mübahisə eləyə-eləyə çıxırdılar. Cavidin
yanına çatar-çatmaz hər ikisi bir ağızdan:
– Salam, ustad! İşimiz yaman çətinə düşüb. Gərək adətin üzrə
bizi ədalətli mühakimə edəsən. Yoxsa iş xarabdır, – dedilər.
Cavid adəti üzrə sakitcə qulaq asdı. Hətta bir az dodaqaltı
gülümsündü. Üzünü Abbas Mirzə ilə Hidayətzadəyə tutub:
– Bir məni başa salın görüm nə olub? Əgər söhbət
“Səyavuş”dan gedirsə, elə qardaşlarım, siz nə qədər ağıllı müha-
kimə etsəniz bu bir o qədər də “Səyavuş”la mənim xeyrimə olar,
– deyib güldü. Onlar da gülüşdülər.
Bu müqəddimədən sonra hər üçü ciddi şəkil alıb, masanın
ətrafında oturdular. Mən də bir tərəfdə oturub qulaq asırdım. Bi-
lirdim ki, Səyavuş rolunu Abbas Mirzə hazırlayır. Görünür, rolun
şərhində rejissor Hidayətzadə ilə aktyor A.M.Şərifzadə arasında
müəyyən ziddiyyət vardı. Ona görə də Cavidə müraciət etmiş-
dilər.
İsmayıl Hidayətzadə oturandan sonra üzünü Cavidə tutub
dedi:
– Cavid əfəndi, vallah bir gün eşidəcəksiniz ki, mən Səyavuşu
– barmağı ilə Abbas Mirzəni göstərdi – Gərşivəzdən əvvəl öldür-
müşəm, – Abbas Mirzə əhvalını pozmayaraq üzünü Hidayət-
zadəyə tutub çox təmkinlə dedi:
Úàâèäè õàòûðëàðêÿí
407
– Qoy məni dost öldürsün, qəm etməz.
Birdən-birə Cavidin üzü tutuldu, nə isə yadına düşdü. Üzünü
hər ikisinə tutub aramla dedi:
– Yox, yox, dost yarası yaman olar, dost yarası sağalmaz, –
demişlər.
Araya sükut çökdü. Mən hiss etdim ki, elə buradaca çayı gə-
tirmək lazımdır. Mən çayla geri qayıdanda sükutlik hökm
sürürdü.
Dostları ilə paylaş: |