Qiymətləndirmə meyarlarının müəyyən olunması
Qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur.
Müəllimin fəaliyyətindəki xüsusi yerini nəzərə alaraq kiçik və böyük
summativ qiymətləndirmənin daha geniş şəkildə şərhinə, müyyən qədər təkrara yol
vermiş olsaq da belə, bir daha diqqət yönəldək:
- Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə
bəhs və ya bölmələrin sonunda dörd həftədən tez və altı həftədən gec olmayaraq
müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında
nəzərə alınır.
- Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən
müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük
summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumtəhsil müəssisəsi
rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
- Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni
tədris edən müəllim tərəfindən hazırlanır.
- Kiçik summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla
hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı
bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar
idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini
anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını
qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez etmək, qarşılaşdırmaq,
dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.
-Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir
hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən
müəyyənləşdirilir.
- Kiçik summativ qiymətləndirmənin keçirdiyi gün dərsdə iştirak etməyən
şagirdin sinif jurnalında adının qarşısında xana diaqonalla 2 yerə ayrılır və onun
surətində “q” (qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə
növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə
qeyd edir.
- Böyük summativ qiymətləndirmə.
- Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı
ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur;
- Böyük summativ qiymətləndirmə vasitələri (test tapşırıqları) ümumi təhsil
müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır;
- Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas
zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət
edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir
ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.
- Böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla
hazırlanır. Asan tapşırıqlar” idrakın bilmə mərhələsinə” aid olub şagirdin
hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli
tapşırıqlar” idrakın anlama, tətbiq və təhlil mərhələsinə” aid olub şagirdin
səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və
fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar
“idrakın sintez və dəyərləndirmə mərhələsinə” aid olub şagirdin sintez
etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını
ölçür.
- Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə bir
ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin
edilir.
- Şagird II yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə
iştirak etmədikdə II yarımillik qiyməti çıxarılarkən, I böyük summativ
qiymətləndirmədə aldığı qiymət ,həm də II böyük summativ qiymət hesab
olunur. Şagirdin üzürsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük
summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “o”
qəbul edilir.
- Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzürlü səbəbdən
iştirak etməmiş və bir ay müddətində onun böyük summativ
qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin
şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm
də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ
qiymətləndirmədə üzürlü və ya üzürsüz səbəbdən iştirak etməyən şagird
haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.
- Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif
üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri
hazırlanır.
- Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir
və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və
qiymətlər sinif jurnalına yazılır.
Ümumiləşmə.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin və şagirdin
fəaliyyəti, müəllimin fəaliyyətinin şagirdlrin tələbatına nə dərəcədə cavab verməsi,
habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin
aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi (müvafiq konsepsiya barədə əvvəlki fəsillərdə bəhs etmişik)
şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları
haqqında məlumatların toplanması kimi qəbul edilir. Təlimin bu komponenti şagird
irəliləyişinin (geriləməsinin) izlənilməsi (monitorinqi), təlim prosesində qərarların
qəbulu və şagirdin təlim nəticələrini və kurukulumun qiymətləndirilməsi
məqsədlərinə xidmət edir .
Söyləmək yerinə düşər ki, qiymətləndirmədən kənarda heç bir şüurlu fəaliyyət
yoxdur. Qiymətləndirmə (istər formativ, istər summativ, istərsə də diaqnostik)
üsullarının təlim sisteminin digər üsulları sırasında xüsusi yeri vardır. Doğurdan da,
onun müəllim-şagird arasında əks-əlaqə vasitəsi kimi əvəzsiz rolu danılmazdır.
Şagirdlərin nailiyyətləri və təlimə münasibətləri, müəllmin hazırlıq səviyyəsi,
fənn kurikulumlarının xarakterik cəhətləri, təlim resurslarının bölgüsünü əks etdirən
məlumatlar və fəaliyyətlərin icra mexanizmləri qiymətləndirmə məlumatlarıdır.
Məlumatların toplanması, testlərin keçirilməsi, şagird tapşırıqlarının toplanması,
sinifdə müşahidələrin aparılması, fənn kurikulumlarının icra keyfiyyətinin, şagird və
müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb
sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir. Qiymətləndirmə
nəticələrindən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət
ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların
verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedoqoji nəzəriyyənin
formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin
aparılaması, təlim resurslarının bölgüsü, kurikulumun və tədrisin keyfiyyətinin
dəyərləndirilməsi zamanı istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti
məlumatlandırmaq məqsədi daşıyır. Qiymətləndirmə üçün əsas standartlardır və bunlar
təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird
nailiyyətlətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə
olunan qiymətləndirmə üsullarının və vasitələrinin keyfiyyətini təsvir edir,
qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir. Mütəxəssislər belə hesab edir ki,
qiymətləndirilmənin aparılmasında məqsədəuyğunluq, nailiyyətlərin və təhsil imkan-
larının qarşılıqlı dəyərləndirilməsi, toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin
və etibarlılığının təmin olunması, qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı
razılaşma və əməkdaşlıq, təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişaf-
etdirici rolunun təmin olunması kimi prinsiplər diqqət mərkəzində saxlanılmalıdır.
Ümumtəhsil
məktəblərində
şagird nailiyyətlərinin qiymətləndirilməsi
praktikasının təhlili göstərir ki, eyni zamanda bir sinifdə təhsil alan şagirdlərin
fəaliyyətinin müxtəlif müəllimlər tərəfindən ölçülməsi və nailiyyətlərə verilən
qiymətlər bir-birindən xeyli fərqlənir, yəni subyektivlik qaçılmaz bir problem olaraq
qalır.
Qiymətləndirmə müəllimlərin və şagirdlərin əsas diqqətini öyrətmə prosesinin
müşahidə olunmasına və yaxşılaşdırılmasına yönəldir. Öyrənməni yaxşılaşdırmaq
üçün əksər hallarda şagirdlərə öz öyrənmə adətlərini dəyişdirməkdə və ya özünüdərk
vərdişlərini ( öz düşünmə və öyrənmələri haqda düşünmək vərdişlərini) inkişaf etdir-
məkdə kömək etmək müəllimin öyrətmə davranışını dəyişməkdən daha səmərəli ola
bilər. Təbii ki, şagirdlər müstəqil sürətdə və ömrü boyu öyrənməlidirlərsə, onda onlar
öz öyrənmələrinə görə tam məsuliyyət daşımağı öyrənməlidirlər.
Əsas diqqəti öyrənməyə yönəltdiklərindən qiymətləndirmə şagirdlərin fəal
iştirakını tələb edir. Şagirdlər qiymətləndirmə prosesinin fəal tərkib hissəsi olmaqla
özlərinin kursun (fənnin) məzmununu mənimsəmək bacarığını gücləndirir və özünü-
qiymətləndirmə sahəsində vərdişlərini möhkəmləndirilər. Müəllimlərin şagirdlərin
özləri kimi onların müvəffəqiyyətində maraqlı olduqlarını və buna əmək sərf
etdiklərini dərk edəndə, şagirdlərin həvəsi daha da artır. Şagirdlər öyrənmə prosesini
daha çox diqqətli olduqda, daha fəal iştirak edəndə və uğur qazanacaqlarına daha çox
inam bəsləyəndə kursu daha yaxşı mənimsəyə bilirlər. Təcrübə göstərir ki, müəl-
limlər şagirdlərlə təsvir olunan qaydalarla işlədikdə, öz öyrətmə vərdişlərini
yaxşılaşdırır və yeni bacarıqlar əldə edirlər. Sinifin qiymətləndirilməsi qiymətlən-
dirməyə münasibətdə yekunlaşdırıcı olmaqdan daha çox formativ bir yanaşmadır.
Onun məqsədi şagirdlərin dəyərləndirilməsi və ya onlara qiymət verilməsi üçün
faktları təmin etmək deyil, şagirdin öyrənmə keyfiyyətini yaxşılaşdrmaqdır. Nəticədə
testi gərginləşdirən narahatlıqların bir çoxu burada olmur.
Qiymətləndirmədə aşağıdakılar praktik dəyərə malik olduğundan diqqət
mərkəzində saxlanılmalıdır:
- qiymətləndirmə təlim prosesində komponent funksiyası daşımalıdır;
- qiymətin
funskiyası şagirdin öyrənmə səviyyəsini üzə çıxarmaqla
məhdudlaşmamalı, o, həm də öyrənməni, müsbət motivasiyanı stimullaşdırmalıdır;
- qiymətləndirmə yalnız tədrisetmənin tərkib elementi yox, həm də şagirdin
fəaliyyətində özünə yer almalıdır, bu təcrübəyə şagird yiyələnməlidir;
- şagirdlərin öyrənmə səviyyəsini yoxlamaq üçün düzgün tətbiq olunan testlər
sistematik tətbiq olunmalıdır. Bu məqsədli testlərin tətbiqində gözlənilməlidir: 1)
onun yerinə yetirilməsinə az vaxt sərf olunmalıdır; 2) verilməli cavablar birmənalı
olmalıdır; 3) sual elə qoyulmalıdır ki, ona müxtəlif cavablar vermək imkanı olmasın;
4) nəticələri riyazi cəhətdən tez müəyyənləşdirmək mümkün olsun; 5) biliyin
yaradıcılıqla tətbiqinə yönəlməlidir; 6) şəxsiyyətin inkişafının formalaşmasının
müxtəlif tərəflərini diaqnostlaşdırmaq üçün yararlı olmalıdır.
- ilkin, cari, təkrar, dövrü, yekun (summativ) və kompleks yoxlama
formalarından məntiqi ardıcıllıqla istifadə olunmalıdır;
- nəzarəti, yoxlamanı, qiymətləndirməni, statistik məlumat-ların toplanmasını,
onların təhlilini, hadisələrin sonrakı inkişafının proqnozlaşdırılmasını vahidin
tərəfləri kimi qəbul etmək lazımdır;
- müəllim, idarə etdiyi prosesi şagirdlərin mövcud olan bilikləri ilə yeni
təcrübələri arasındakı qarşılıqlı münasibətlərin gücləndirilməsinə yönəltməlidir;
- təlim prosesində şagirdin təhlil, ümumiləşdirmə və qiymətləndirməyə
əsaslanan öyrənmə formalarının subyektinə çevrilməsinə diqqət verilməlidir.
Sadalananların gözlənilməsi müəllimin verdiyi qiymətin ədalətsizliyini və reallığını
şərtləndirir. Təcrübəmiz bizi belə qənaətə gətirir.
8. Dərsdə şagirdlərin qiymətləndirilməsinin metodik
aspektləri
Yuxarıda vurğuladığımız kimi, məktəblərimizdə mövcud olan ənənəvi
qiymətləndirmə üsulu ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin
bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə
yeni qiymətləndirmə sistemini(bundan öncə şərhi verilmiş) nəzərə almaq lazımdır.
Qiymətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. Qiy-
mətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiyyəti ilə müəyyən edilir.
Qiymətləndirmənin obyektləri isə şagirdlərin yerinə yetirdiyi ev tapşırığı, qrupların
işində və diskussiyalarda iştirak, suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı
ola bilər. Ev tapşırığı müsahibə, sosioloji sorğu aparılmasından, esse (kiçik inşa)
yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz biliklərini
və əqli vərdişlərini şifahi, yazılı, vizual, rollu, ya da digər formada təqdimatlar yolu
ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edilmiş təqdimetmə şagirdlərin biliklərinin və
əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir.
Dərslərdə nə qiymətləndirilir?
1. Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əlaqələrinin, nəticə və
ümumiləşdirmənin mənimsənilməsi.
2. Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrupların baxışlarının,
yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a.
3. Dəyərlərin formalaşdırılması.
Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı?
Şagirdlərin qiymətləndirilməsi üçün dəqiq meyarlar işlənib hazırlanmalıdır.
Meyarlar bilik və bacarıq, o cümlədən, informasiyanı aydın təqdim etmək bacarığı və
məntiqi təfəkkür qabiliyyəti kimi göstəricilərinin inkişafını əks etdirməlidir.
Qiymətləndirmə meyarları nə qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər
şagirdin işini eyni qaydada qiymətləndirəcəyinə bir o qədər çox yəqinlik yaranar.
Şagirdlərin özləri də qiymətləndirmə meyarlarını bilməlidirlər ki, onlardan nə
gözlənildiyini təsəvvür etsinlər. Yerinə yetirilmiş ev tapşırığının “əla”, “yaxşı”,
“kafi” qiymətləndirilməsi meyarlarını şagirdlərin özlərinin müəyyənləşdirməsi
prinsipial məsələdir. Qiymətləndirmə “əks-əlaqə”nin yaradılmasına kömək etməli,
yəni şagirdlərə və müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yardım
göstərməlidir. Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qruplarda işləyib hazırlaya,
sonra isə bütün siniflə birlikdə müzakirə edə bilərlər. Yekun qiymət şagirdin
özünüqiymətləndirməsindən, onun qruplardakı işinin qiymətindən və müəllimin
verdiyi qiymətdən toplanaraq yarana bilər.
Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tapşırıqları. Dərslərdə
qiymətləndirmə üçün müəllim tərəfindən hazırlanmış işçi vərəqindən istifadə etmək
olar. İşçi vərəqindəki tapşırıqlar iki növə ayrıla bilər:
a) müəyyən konkret cavabı olanlar (testlər). Məsələn: (1və2 test)
b)
problemlərə
münasibətlərin, onların məqbul, ağlabatan şəkildə
qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşırıqlar). Bu axırıncı tapşırıqlar
müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu
oynaya və onlar tərəfindən özünü dərk etmək üçün istifadə oluna bilər.
İş vərəqi fəal(interaktiv) təlimin həyata keçirilməsi zamanı şagirdlərin tədqiqat
işini təşkil edən,yönədən vasitədir. Kiçik qruplara verilən problem və onun həllinin
nəticələri iş vərəqində əks olunur.
İş vərəqinin hazırlanması üçün aşağıdakı məsləhət və tövsiyyələrə əməl
etmək faydalı olar:
1. Dərsin məqsədini dəqiqləşdirmək:
Məqsəd dərsin mövzusuna, məzmununa aid olmalıdır;
“Hansı bilik, bacarıq və vərdişlər formalaşdırlmalıdır?”-sualının cavabına
adekvat olmalıdır.
2. Müxtəlif növlü tapşırıqlar seçmək:
Dərsin məqsədinə uyğun seçilməli və qoyulan tədqiqat probleminin həllinə
yönəlmiş olmalıdır (təfəkkürün növünə görə, məlumat mənbələrinə görə,
nəticələri təqdimetmə formasına görə və s.).
Şagirdlərin yaşına, bilik və intellektual səviyyəsinə, qabiliyyətlərinə və
maraqlarına uyğun gəlməli və diferensial xarakter daşımalıdır;
Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır;
Aktuallıq kəsb etməli, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalıdır.
3. Müxtəlif məlumat mənbələrindən istifadə etmək.
4. N
əticələrin təqdim edilməsi formaları müxtəlif olmalıdır (sxemlər,
şəkillər, tədqiqatlar, layihələr, referatlar, krassvordlar və s.).
5. Tapşırıqlar dəqiq ifadə edilməlidir. İş vərəqinin tərtibatı səliqəli,
yığcam, əyani olmalıdır.
İş vərəqlərinin hazırlanması zamanı tapşırığın həcmi, sualların miqdarı,
sualların növləri, təqdimetmə qaydaları diqqət mərkəzində saxlanılmalıdır.
İş vərəqinə aşağıdakı tələblər verilir:
1. Cəlbedici məzmunu və tərtibatı olmalıdır;
2. Qarşıya qoyulan tələb,verilən tapşırıq aydın və konkret olmalıdır;
3. Uşaqların səviyyəsinə uyğun olmalıdır;
4. Dərsin məqsədinə uyğun olmalıdır.
Şagirdin özünüqiymətləndirməsi.
Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi
nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. Lakin onlar məktəblilərin
refleksiya, yəni suallara cavablar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə
yol açır. Şagirdlərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir,
çünki bu iş məktəbliləri öz davranışına daha məsuliyyətlə yanaşmağa sövq edir,
onlarda obyektivliyin tərbiyə edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və
qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir.
Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucbatından təhrif edilə
bilər. Ancaq insanın öz-özünü necə gördüyünü müəyyən etmək daha vacibdir, çünki
özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və
fərd üçün zəngin informasiya mənbəyi ola bilər. Dərsə aşağıdakı suallar yazılmış
kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür:
1. Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu?
2. Daha çox xoşlamadığınız nə idi?
3. Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz?
Şagirdin qrupdakı işini necə qiymətləndirməli?
Şagirdin qrupdakı işinin qiymətləndirməsini hər bir şagirdin qrupun işinin
ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsasən müəyyənləşdirmək olar.
Müəllim bütövlükdə qrupun aldığı balların miqdarını müəyyən edir. Məsələn, dörd
nəfərdən ibarət qrupa 20, üç nəfərlik qrupa 15 bal verilir. Şagirdlər bu balları hər
kəsin ümumi naliyyətdəki roluna, verdiyi töhfəyə əsasən müstəqil olaraq bö-
lüşdürürlər. Qrupdakı işə görə alınmış ballara sinifdə aparılmış diskussiyada iştirak
üçün müəllim tərəfindən verilmiş mükafat balını da əlavə etmək zəruridir. Balların
yekunu xüsusi jurnala yazılır. Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün
və ilin sonunda balların yekunu reytinq qiymətini təşkil edir ki, bu da şagirdlərin
düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada təşəbbüsü öz üzərinə
götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, qrupun işinə
faiz hesabı ilə nə kimi töhfə verdiklərini elan edirlər; onlar təsadüfi qaydada
cütlüklərlə bir-birinin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töh-
fəsi ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şagirdlər bir-birinin
biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhvlərini aradan qaldırmaqda kömək
edə bilərlər. Qrupun özünüqiymətləndirməsi üçün müəyyən formalı vərəqələrdən
istifadə etməklə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə ye-
tirdiyinə qiymət vermək olar.
Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri.
Dərslərin qiymətləndirilməsi zamanı əsas diqqət təkcə informasiyasının
mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak
etmək üçün zəruri olan bacarıqların mənimsənilməsinə yönəlir. Müasir vətəndaş
cəmiyyətində bu bacarıqlar fəaliyyətin dörd növündə cəmlənir: tədqiqat (tənqidi
təhlil); kommunikasiya (ünsiyyət, informasiyanın verilməsi və başa düşülməsi,
əqidə); qərar qəbulu; fərdi və kollektiv fəaliyyətin təşkili. “Yanlış cavablar ola
bilməz, onlar müxtəlif ola bilər” müddəası əsas prinsiplərdən biri olmalıdır. Bu
prinsiplərin ardıcıl həyata keçirilməsi bir-birilə rəqabət aparmamağa, əksinə,
əməkdaşlıq etməyə, ümumi mövqe işləyib hazırlamağa imkan verir. Ümumiyyətlə,
fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə müəllim etibara, hörmətə əsaslanan
əməkdaşlığa hazır olmalıdır.
Aşağıda qruplarda iş və təqdimatla iştirakın qiymətləndirilməsinin bəzi
meyarları və şagirdlərin özünü qiymətləndirməsi üçün vərəqlər verilmişdir ki,
müəllimlər bunlardan fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə istifadə edə
bilərlər. Göstərilən meyarlara müəllimin lazım bildiyi başqa qiymətləndirmə para-
metrləri də əlavə edilə bilər.
Dostları ilə paylaş: |