6. İnteraktiv təlim metodlarının
təsnifatı və məzmunu
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verə bilər ki, şagirdlər üçün
müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın. Öyrədici mühit üç
komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.
Sosial-psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər
insanlarla və öz daxili aləmi ilə qarşılıqlı münasibətidir. Əməkdaşlıq, açıqlıq, bir-
birini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə
emosianallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün
kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar
dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə
məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə
edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino,
mətbuat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məhrum edir,
müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.
Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam
kompleksi daxildir. Bunlar aşağıdakılardır:
- məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər
və s.;
- təbii mühit: canlı və cansız təbiət;
-
yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.
Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında
uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici),
uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin
imkanlarından təlim prosesində çox az istifadə olunur. Açıq havada dərslər və eks-
kursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif
tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişafını (və ya
inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar:
1. Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək materialın konkret
faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifadə edə bilməsi daxildir.
2. Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadisələrin gələcək
inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.
3. Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu konkret şərait və
vəziyyətdə tətbiq edə bilməsi.
4. Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla
strukturunu müəyyən etməsi.
5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı alması.
6. Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə
bilməsi.
Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tətbiq edərkən tədris
ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim
texnologiyalarının məzmunu, tədrisdə tətbiq edilmə imkanlarını nəzərə aldıqdan
sonra mövzunun hansı interaktiv təlim metodundan istifadə edilərək tədris ediləcəyini
müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir və ya
iki təlim texnologiyasından istifadə edildikdə səmərə yüksək olur.
İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnteraktiv təlim metod və
texnikaları mahiyyətinə görə bir neçə yerə qruplaşdırıla bilər. Bu qrupları aşağıdakı
kimi təsnif etmək olar:
1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, suallar,
anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.
2. Müzakirə metodları: müzakirə, diskussiya, debatlar, müzakirə xəritələri,
Sokrat üsulu, akvarium.
3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnələşdirmə.
4. Prezentasiya metodları: təqdimatlar, esse.
5. Tədqiqatın aparılması metodları: problemin həlli, kublaşdırma, konkret
hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin hazırlanması, sorğu vərəqləri və
müsahibələr, qərarlar ağacı, ideyalar xalısı, refleksiya.
6. Təşkilati metodlar: ziqzaq, karusel.
İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir
neçə variantda keçirilə bilər.
“Akvarium”un keçirilməsinin I variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl
etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər iki qrupa bölünür.
Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi mü-
zakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın
müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən
sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini
qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini
davam etdirirlər.
“Akvarium”un keçirilməsinin II vaiantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və I
variantdan fərqli olaraq, iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri
söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya
alır, təhlil edir, öz əks-dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya
dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar
əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların vahid fikrə gəlməsi vacib deyil.
Qərarlar ağacı
Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu
asanlaşdırır. O həmçinin bu qərarların qəbul edilməsi zamanı rəhbər tutulmuş
motivlərin təhlili üçün də lazım ola bilər.
“Qərarlar ağacı” mübahisəli qərar və nöqteyi-nəzərlərin şagirdlərə daha yaxşı
aydınlaşdırılmasına kömək edir; şagirdlərin biliklərin cəlbedici formada
ümumiləşdirilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu üsuldan istifadə
etməklə şagirdlər mümkün olan qərarların bütün variantlarını, eləcə də bunların hər
biri ilə bağlı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər. Məşğələlər zamanı
şagirdlər aşağıdakı cədvəli doldururlar.
“Qərarlar ağacı” problem
Qərar
Tətbiq etmə qaydası.
- Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir,
qruplar üçün cədvəlləri hazırlayır.
-
Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi
şəraitlə bağlı biliklər əldə edirlər.
-
Müəllim şagirdləri 4-6 nəfərlik qruplara (4-5) bölür. Hər bir qrup doldurmaq
üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt
müəyyənləşdirir: 15 dəqiqədən 20 dəqiqəyədək.
-
Qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üstünlük və
çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər.
-
Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növbə ilə öz
işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir,
qrupları eyni qərarlara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir.
Əqli hücum
“Əqli hücum” – şagirdlərin fəallığının həvəsləndirilməsi və ideyaların sürətli
generasiyası üsuludur.
Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı
suala cavab axtarmaq üçün istifadə oluna bilər.
I variant
+ –
II variant
+ –
III variant
+ –
Tətbiq etmə qaydası.
-
“Əqli hücum”un hansı problem üzrə aparılacağını qərarlaşdırın. Onu müxtəlif
cavabları ola biləcək sual şəklində formalaşdırın.
-
Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin.
-
Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ayrı sözlərdən,
yaxud qısa ifadələrdən ibarət ola bilər.
-
Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq
səslənmiş ideyaları təkrarlaya bilməzlər.
-
Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bildirməyə məcbur
etməyin.
-
İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin.
-
Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda
bildirin.
-
Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah etməyi xahiş edin,
ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın.
- Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, gözlənilməzi və ağılsızı
ən faydalı və maraqlı olur.
-
İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün təklifləri nəzərdən keçirin
və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər.
Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iştirakı ilə bunları
mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud problemin həllinə kömək
edən ideyaları seçmək mümkün olsun.
Rollu oyunlar
Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.
Rollu oyun kiçik improvizasiya-pyesdir. Onun məqsədi təlim materialının
qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda
baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq
fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar
qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur.
Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətmək, bu vəziyyətdə
onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.
Tətbiq etmək qaydası.
-
Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.
-
Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır.
-
Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir.
-
Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.
-
Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa
oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər.
Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir.
Yekunlaşdırarkən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ayrı sözlərə deyil,
məşğələnin məqsədlərinə yönəldir.
Vəziyyət üzrə praktikum
Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin olmasını nəzərdə tutur.
Şagirdlərə mənəvi sahəyə aid problemlərin qoyulduğu və sinifdə ciddi müzakirə tələb
edən müxtəlif vəziyyətlər təklif olunur. Vəziyyət üzrə praktikum tənqidi təfəkkür
vərdişlərini, təhlil qabiliyyətini inkişaf etdirir, mənəvi dəyərləri, mövqeləri forma-
laşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə çalışmalar şagirdlərə öz
rəylərinə görə cavab verməyi və bunları müdafiə etməyi öyrədir.
Tətbiq etmək qaydası
-
Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən fikirləşib
tapır.
- Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir.
- Hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-dən 5-dək ola
bilər.
- Vəziyyət ayrı-ayrı kağız vərəqlərində, kartoçkalar şəklində yazılır.
-
Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür.
-
Şagirdlərə təlimat, tapşırıq və suallar verilir.
-
Qrupların işi sona çatan kimi müzakirə başlanır.
Diskussiya
Bu üsul həm müəllim, həm də şagirdlər üçün universaldır. Bu üsul onların
qoyulmuş problemlərə və suallara münasibətini öyrənməyə imkan verir. Şagirdlər
verilmiş mövzunu 10-20 dəqiqə ərzində müzakirə edirlər.
Diskussiya şagirdlərə tarix, vətəndaşşünaslıq, hüquqi xarakterli məsələlər və
digər fənlərə aid mühüm problemlərin müstəqil şəkildə müzakirə etmək imkanı verir,
informasiya toplamaq vərdişlərini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz
nöqteyi-nəzərini bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazanmaq
imkanlarını məhdudlaşdırır.
Bu üsul həmçinin, müəllimin tələbi olmadan fikir mübadiləsinə kömək edir,
dinləmək, növbə ilə danışmaq, tolerantlıq nümayiş etdirmək bacarıqlarını inkişaf
etdirir.
Tətbiq etmək qaydası.
Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əvvəlcədən tərtib edilən əsas
qaydalarını xatırlatmaq yaxşı olardı:
1. Danışanı dinləmək.
2. Eyni vaxtda yalnız bir adam danışa bilər.
3. Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır.
4. Danışanın sözünü kəsməmək.
Müəllim keçiriləcək diskussiyanın mövzusunu əvvəlcədən elan edir.
Diskussiyanın gedişində o, yazı taxtasından asılmış vatman kağızı vərəqində yazılmış
mövzu və plan haqqında məlumat verir. Sonra diskussiyanın başlanması üçün işarə
verir. Müəllim diskussiyanın gedişinə qarışmır, sonda isə yekun vurur.
Yazılı debatlar
Debatlar şagirdləri həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə
planlaşdırılmış xüsusi dialoqdur.
Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sübutlu şəkildə,
sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.
İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri
gətirməli və opponentlərini öz mövqeyinin düzgün olduğuna inandırmağa
çalışmalıdırlar.
Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı.
-
Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır.
-
Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər.
- Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi forma üzrə
keçirilir.
-
Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, həm də digər
tərəfin dəlillərinə cavab verirlər.
-
Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikirlərini dərinləşdirir,
onları diskussiya mədəniyyətinə alışdırır.
Tətbiq etmək qaydası
1. Müəllim şagirdlərə debatların necə keçirildiyini izah edir: bir qrup
mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, digəri isə həmin mövzunu
təkzib edir və öz sübutlarını təqdim edir.
2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar.
3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərəsində üç şagird
olmaqla 8, yaxud 10 qrupa bölünür.
4. Müəllim şagirdlərə sinif otağının hər iki tərəfi boyu düzülmüş stullara
əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri
müdafiə edəcəklərini müəyyənləşdirir.
5. Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa
başlayırlar. Birinci qrupdan olan şagirdlərə öz dəlilinin formalaşdırılması üçün 5
dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır.
6. Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf-müqabillərinin
dəlillərinə cavablarını formalaşdırmağa və yazmağa, eləcə də öz əks-dəlillərini şərh
etməyə 8 dəqiqə vaxt ayrılır.
7. Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır, özü də bu zaman hər şagird
mütləq tərəf-müqabilinin dəlilinə cavab verməli və öz dəlilini də buraya əlavə
etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq
imkanı verilir. Bundan sonra işlər yığılır (əgər A-4 formatlı kağızda yerinə
yetirilmişsə), yaxud bunların təqdimatı keçirilir (əgər iş A-1 formatlı kağızda icra
edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilirsə, dəlillər və əks-
dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin
yalnız öz cavablarını oxumasına, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini
“saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fi-
kirlərini yazılı formada bildirirlər.
Əgər işlər A4 formatında və cütlükdə yerinə yetirilibsə, onda həmin işlər
toplanır və müəllim tərəfindən qiymətləndirilir.
8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola
bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?”
Qar topası
Sxem üzrə hərəkət edilir
1-ci mərhələ. Müəllimin qoyduğu suala şagirdlər fərdi şəkildə cavab verir, öz
fikirlərini kağız vərəqində qeyd edirlər.
2-ci mərhələ. Qruplara bölünmə aparılır, uşaqlar elə həmin məsələ üzrə qrup
işinə başlayır və öz rəyini ümumiləşdirirlər. Qrup öz rəyini vatman kağızı vərəqi
üzərində qeyd edir, sonra öz işini təqdim edir.
3-cü mərhələ. Müəllim qrupların rəyini ümumiləşdirir, təqdim olunmuş
işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman kağızı vərəqinə yazır.
Konkret hadisənin tədqiqi (situativ praktikum)
Məqsəd:
Konkret hadisənin tədqiqi, hadisənin təhlili, qavranılması, səhvlərin
müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqidi təfəkkürü stimullaşdıran tədqiqata
əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak etmək ideyasını
vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-
tez baş verən maraqlı situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan
problemləri nəzərdən keçirməyi təklif edə bilər.
Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur:
1. Hadisənin səmərəli həlli yollarını araşdırmaq;
2. Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək: təhlil etmək, səhvləri
müəyyənləşdirmək;
3. Hadisənin səbəbinin aşkarlanması vasitəsilə tənqidi təfəkkürü inkişaf
etdirmək;
4. Tədqiqatçı bacarıqlarını aşılamaq;
5. Məlumatı sistemləşdirmək;
6. Nəticə çıxarmaq və əsaslandırmaq.
Alqoritm:
1. Müəllim tərəfindən hadisənin seçilməsi.
2. Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır.
O hər bir problemli vəziyyətə dair müzakirə üçün məqsədyönlü sualları öncədən
düşünməli və hazırlamalıdır.
3. Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
4. Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən
vəziyyətlərdən birini müzakirə etməlidir.
5. Şagirdlər hadisəni tədqiq edir və öz münasibətini bildirir. Şagirdlərə kömək
etmək üçün aşağıdakı sualları verin: Nə baş verdi? Mühüm elementlər hansılar idi?
Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür
hərəkət edirlər?
6. Bu mərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışlarına əsasən həll
yollarını ifadə edirlər. Şagirdlərdən ilk təəssüratlarını söyləməyi xahiş edin. Hər
şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri
daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər.
7. Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları
nəzərdən keçirir, onu konseptləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli
yolunda meydana çıxan lehinə/əleyhinə olan arqumentlərə münasibəti aydınlaşdırır.
Müəllim belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı
arqumentləri dəstəkləyəcəksiniz? Digərinin nəticəsi nə ola bilər? Alternativlər
hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir.
8. Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı
rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur.
9. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır.
Müzakirə mərhələsi aşağıdakı istiqamətlərə yönəldilməlidir:
Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı “arxaya baxmaq”;
Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya baxmaq”;
Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”;
Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz şəxsi
münasibətimizi dəyişmək üçün “irəli baxmaq”.
10. Sonda şagirdlər hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar
üçün də yararlı olan nəticələrə gəlirlər.
Şərtlər:
1. İş forması: böyük qruplarla iş, bütün siniflə;
2. Auditoriyanın bilik səviyyəsi (hadisə haqqında məlumat);
3. Vaxt: 35 dəqiqə;
4. Dərsin mərhələsi: tədqiqat, nəticənin çıxarılması (bütün mərhələlərdə);
Konkret hadisə meyarlara əsasən seçilir. Heç də bütün situasiyalar konkret
hadisə olmur. Konkret hadisə olması üçün situasiyanın aşağıdakı xüsusiyyətləri
olmalıdır:
Gerçək olmalıdır;
Dərhal müdaxilə tələb etməlidir: maraq doğura biləcək problemi
vurğulamalıdır;
Qrupların maraqları ilə əlaqəli olmalıdır ki, hadisəni həll etməyə çalışan
iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar;
Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan bütün detallar əks
olunmalıdır.
Vasitələr: Lövhə, iş vərəqləri, kağız, flomaster, video, televizor (motivasiya
mərhələsi üçün);
Yarana biləcək problemlər:
1. Hamının iştirak etməməsi;
2. Arqumentlərin inandırıcı olmaması;
3. Arqumentlərin qanunla əsaslanmaması;
4. Düzgün nəticə çıxarılmaması.
Dostları ilə paylaş: |