Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə27/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   23   24   25   26   27   28   29   30   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

136 


dolduğu üçün qəflətən batır o dənizin təkində görünməz olanda tamaşaçılar gülməkdən özlərini 

saxlaya bilmirdilər. sonra içi uşaqlarla dolu xilasedici qayıq və onun başı üzərində fırlanan 

helikopter qayığın burun tərəfində orta yaşlı qadın oturmuşdu yəhudiyə bənzəyirdi qucağında isə 

təxminən üç yaşlı oğlan uşağı vardı. uşaq qorxudan çığırıb ağlayır başını qadının döşləri arasında 

gizlətməyə çalışırdı. elə bil təzədən anasının bətninə qayıtmaq istəyirdi qadın isə onu sakitləşdirir 

özü qorxudan gömgöy göyərsə də daim əllərini sipər edib uşağı qoruyurdu. əllərini uşağının 

üstündə elə tuturdu ki sanki bu yolla onu güllələrdən qoruya biləcək. sonra helikopterdən onların 

üstünə iyirmi kiloqramlıq bomba atdılar. dəhşətli partlayış, qayıq param-parça oldu sonra əla bir 

kadr qopmuş uşaq əlləri düz yuxarı, göyə tərəf uçur helikopterin burun tərəfində quraşdırılmış 

kamera əlin uçuşunu izləyir partiya üzvlərinin oturduqları sıralardan gurultulu alqış səsləri 

eşidildi zalın prollar oturan tərəfindən isə bir qadın ayaqlarını yerə çırparaq səs-küy saldı. dedi ki 

belə səhnələri uşaqların yanında göstərmək olmaz dedi ki bu heç yerə yazılası şey deyil uşaqlara 

göstərməyə haqları yoxdur polislər gəlib onu zaldan çıxarana qədər səs-küy saldı düşünmürəm ki 

ona bir şey eləsinlər prolların danışığına heç kim fikir vermir bu da tipik prol reaksiyası idi onlar 

heç vaxt... 

Əlləri ağrıdığından yazmağı dayandırdı. Bütün bu cəfəngiyyatı qeyd kitabçasına nə üçün 

köçürdüyünü özü də bilmirdi. Amma maraqlı idi: qələm kağızın üstündə hərəkət etdikcə, onun 

yaddağında tamam başqa hadisə canlanırdı. Həm də elə dəqiq, görümlü lövhələrlə canlanırdı ki, 

lap bu dəqiqə götür yaz... Birdən başa düşdü ki, məhz həmin hadisəyə görə tələsik evə qayıdıb və 

gündəlik tutmaq qərarına gəlib. 

Hadisə bu gün səhər nazirlikdə baş vermişdi. Əgər belə müəmmalı hadisəyə "baş vermişdi" 

demək mümkünsə... 

Saat 11-ə yaxın idi. Uinstonun işlədiyi Sənədləşdirmə Departamentinin işçiləri kreslolarını 

kabinələrindən çıxarıb zalın ortasına, böyük teleekranın qarşısına düzürdülər. Bir az sonra Nifrət 

İkidəqiqəliyi başlayacaqdı. Uinston orta sıralardakı yerini tutmaq istəyirdi ki, sifətdən tanıdığı, 

amma heç vaxt təmasda olmadığı iki nəfərin də gözlənilmədən zala gəldiklərini gördü. Biri 

dəhlizdə tez-tez rastlaşdığı qız idi. Adını bilmirdi, ancaq Ədəbiyyat Departamentində 

işlədiyindən xəbəri vardı. Onu bəzən əlləri yağa bulaşmış halda, qayka açarları ilə gördüyündən, 

roman yazan maşınlara texniki xidmət bölməsində çalışdığını düşünürdü. Öz qüvvəsinə inanan 

adam təsiri bağışlayırdı. 26-27 yaşlarında olardı. Çil basmış sifəti, sıx və qara saçları vardı. 

İdmançı kimi cəld, sərrast addımlarla yeriyirdi. Belinə bir neçə dəfə doladığı, üzərində Gənclərin 

Antiseks Liqasının emblemi olan qırmızı qurşaq onsuz da qabarıq olan budlarını daha dolğun 

nəzərə çarpdırırdı. Uinston qızı gördüyü ilk andan ondan xoşu gəlməmişdi. Səbəbini özü yaxşı 

bilirdi. Qızın davranış və hərəkətlərindən daim xokkey meydançasının, soyuq suda çimməyin, 

turist yürüşlərinin, bir sözlə, başdan-başa nizamlı həyat tərzinin ab-havası duyulurdu. Uinston, 

ümumiyyətlə, qadınları sevmirdi. Cavan, gözəl qızlardan isə heç xoşlanmırdı. Çünki qadınlar, 

xüsusən də cavan qızlar Partiyanın ən atəşin tərəfdarları idilər. Şüarları hava, su kimi udurdular, 

könüllü casusluq edir, hər yerə baş vurub mütləq bir nöqsan tapmağa çalışırdılar. Bu qız isə ona 

başqalarından da təhlükəli görünürdü. Bir dəfə təsadüfən dəhlizdə rastlaşarkən, sanki daxilinə 

nüfuz etmək istəyirmiş kimi, yanakı nəzərlərlə Uinstona elə diqqətlə baxmışdı ki, bir anlıq 

canına qorxu düşmüşdü. Beynindən qızın Fikir Polisinin agenti olması fikri keçmişdi. Əslində, 

ehtimalının həqiqətə qətiyyən uyğun gəlmədiyini özü də bilirdi. Lakin yenə də hər dəfə qızı 

yaxınlığında görəndə qorxu və düşmənçilik qarışıq qəribə hisslər keçirirdi.  

İkinci adam isə Daxili Partiyanın üzvü O`Brayen idi. O`Brayenin çox mühüm, əlçatmaz vəzifəsi 

ilə bağlı Uinstonun yalnız dumanlı təsəvvürləri vardı. Qara uniformalı Daxili Partiya üzvünün 

yaxınlaşdığını görəndə teleekran qarşısında toplanaşanlar bir anlıq səslərini kəsdilər. O`Brayen 

yoğun boynu, kobud, məzəli və qəddar sifəti ilə diqqəti çəkən hündürboylu, cantaraq kişi idi. Ilk 

baxışdan zəhmli görünsə də, ürəyəyatımlı ədaları ilə seçilirdi. Tez-tez eynəyini qaldırıb təzədən 

burnunun üstündəki yerini rahatlaması xüsusən xoş təsir bağışlayırdı. Bu səciyyəvi hərəkətdə nə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

137 


isə bir centlmenlik sezilirdi. Zərif bir əda ilə ətrafındakılara əlindəki qutudan tütün götürməyi 

təklif edən XVIII əsr zadəganı – bu cür müqayisələrlə düşünməyi bacaranların O`Brayenlə bağlı 

ağıllarına gələn ilk fikir belə ola bilərdi. Uzun illər ərzində Uinston onu cəmi-cümlətanı bir neçə 

dəfə görmüşdü. Amma həmişə naməlum bir hiss onu O`Brayenə tərəf çəkmişdi. Məsələ təkcə 

Daxili Partiya üzvünün ağır çəkili boksçu görkəmi ilə zərif ədaları arasındakı ziddiyyətdə 

deyildi. Uinston buna tam əminl olmasa da, O`Brayenin siyasi baxışlarının liberallığından 

şübhələnirdi. Daha doğrusu, özünü buna inandırmağa çalışırdı. O` Brayenin sifəti adamı belə 

fikrə düşməyə vadar edirdi. Amma bəlkə də sifətində ehkamlara şübhə yox, sadəcə, ağıl ifadə 

olunmurdu. Istənilən halda, təklikdə qalmaq və teleekranın hər şeyi görən nəzərlərindən 

gizlənmək imkanı yaransaydı, o, hər şey barəsində danışmağın mümkün olduğu adam təsiri 

bağışlayırdı. Uinston heç vaxt ehtimalını həqiqətə uyğunluğunu dəqiqləşdirməyə cəhd 

göstərməmişdi. Əslində, bunun bir yolu da yox idi. Zaldan keçən O` Brayen saata baxıb vaxtın 

çatdığını görmüş və deyəsən, Nifrət Ikidəqiqəliyi başa çatana qədər Sənədləşdirmə 

Departamentində qalmağa qərara vermişdi. Uinstonla eyni sırada, bir kreslo o tərəfdə oturmuşdu. 

Aradakı boş yeri qonşu kabinədə işləyən balaca boylu, kül rəngli saçları olan qadın tutmuşdu. 

Qarasaçlı qız onun arxasında oturmuşdu.  

Bir an sonra divardakı böyük teleekrandan dəhşətli uğultu və cırıltı səsləri eşidildi. Elə bil 

nəhəng, çarxları heç zaman yağlanmamış bir maşın ekrandan düz zalın içərisinə, tamaşaçıların 

üstünə gəlirdi. Ətrafı bürümüş səsdən adamın saçları biz-biz olur, dişləri bir-birinə dəyib 

şaqqıldayırdı. Nifrət başlanmışdı.  

Həmişə olduğu kimi, ekranda Emmanuel Qoldsteynin-Xalq Düşməninin sifəti göründü. Zalın 

müxtəlif səmtlərində tamaşaçılar arasından uğultu keçdi. Kül saçlı balacaboy qadın qorxu və 

nifrətdən əcayib səslə ciyildədi. Xain və satqın Qoldsteyn nə vaxtsa (o qədər uzaq keçmişdə ki, 

daha heç kəs xatırlamırdı) Partiyanın az qala Böyük Qardaş səviyyəli liderlərindən biri olmuşdu. 

Sonra əksinqilabi fəaliyyət yolunu tutmuş, nəticədə ölüm cəzasına məhkum edilmişdi. Lakin sirli 

şəkildə qaçıb aradan çıxa bilmişdi. Nifrət Ikidəqiqəliyinin proqramı günbəgün dəyişilirdi. Əsas 

hədəf isə həmişə Qoldsteyn olurdu. O, ilk xain, Partiyanın təmizliyinə ləkə vuran ilk yaramaz idi. 

Partiya əleyhinə yönəlmiş bütün cinayətlər, ziyankarlıq və satqınlıq halları, təxribatlar, yanlış 

təmayüllər və qorxulu fikirlər birbaşa onun nəzəriyyəsindən qidalanırdı. Indiyə qədər sağ-

salamat yaşayırdı, haradasa öz çirkin fəaliyyətini davam etdirirdi. Bəzilərinin fikrincə, okeanın o 

tayına qaçmış, xarici ağalarının himayəsinə sığınmışdı. Burada, Okeaniyanın özündə gizləndiyi 

haqda da şaiyələr dolaşırdı.  

Uinston çətinliklə nəfəs alırdı. Ağrılı hisslərin qəribə qarmaqarışıqlığı ilə üzləşmədən 

Qoldsteynin sifətinə heç zaman baxa bilmirdi. Boz saçların haləsindəki əti sümüklərinə yapışmış 

yəhudi sifəti, keçi saqqalına bənzəyən kiçik saqqal-ilk baxdığında ağıllı sifəti vardı. Amma bu 

sifətdən həm də insanı özündən kənara itələyən bir ifadə oxunurdu. Uzun, gəmirçəkli burnunun 

düz ucuna düşən gözlüyü üzünün səfeh qocavari ifadəsini daha da gücləndirirdi. Görünüşündən 

qoyuna oxşayırdı, səsi də elə qoyun mələrtisini xatırladırdı. Həmişəki kimi, Qoldsteyn yenə ağzı 

köpüklənə-köpüklənə Partiya ehkamlarına qarşı hücuma keçmişdi. Iddiaları o qədər cəfəng və 

gülünc idi ki, balaca uşaq da onları asanlıqla rədd edə bilərdi. Lakin bununla bərabər, sözləri 

müəyyən inandırıcılıqdan məhrum olmadığından, tez hissə qapılan, təcrübəsiz adamları təsiri 

altına sala bilərdi. Qoldsteyn yenə Böyük Qardaşı yamanlayır, Partiyanın aparıcı rolunu inkar 

edirdi. Avrasiya ilə dərhal sülh sazişi imzalanması tələbini irəli sürürdü. Söz, mətbuat, sərbəst 

toplaşma və fikir azadlıqlarının təmin olunmasına çağırırdı. Isterik bir səslə inqilaba xəyanət 

edilməsi haqqda qışqırıb-bağırırdı. Partiya natiqlərinin ənənəvi üslubuna parodiya kimi səslənən 

tələsik, sözçülüklə dolu nitqlərində Yenidil ünsürlərindən yararlanmağı da unutmurdu. Bəzən 

hətta adi Partiya üzvünün gündəlik həyatda istifadə etdiyindən də çox Yenidil sözləri işlədirdi. 

Qoldsteynin cəfəng, hətərən-pətərən iddialarının arxasında hansı qüvvələrin dayandığına şübhə 

yeri qoymamaq üçün bütün çıxışı boyu ekrandan, başının üstündən ifadəsiz sifətli Avrasiya 

əsgərləri sonu görünməyən sıx sıralarla addımlayıb keçirdilər. Onlar dəstə-dəstə ekranın 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

138 


dərinliklərindən üzə çıxır, bir anlığa iri planda görünür, sonra yerlərini eynən özləri kimi digər 

balacaboy, yerə yapışıq soydaşlarına verərək yox olurdular. Asfalta dəyən əsgər çəkmələrinin 

boğuq tappıltısı Qoldsteynin mələməsini müşaiyət edirdi.  

Nifrət İkidəqiqəliyi təxminən otuz saniyə əvvəl başlamışdı. Lakin artıq zaldakı tamaşaçıların 

yarıdan çoxu qəzəb dolu intiqam nidalarını saxlaya bilmirdilər. Bu qoyun sifətli özündənrazı 

adamı, onun arxasındakı Avrasiya əsgərlərinin qorxunc qüvvəsini görmək hiddət və qisasın 

ortaya çıxması üçün yetərli idi. Digər tərəfdən, Qoldsteyn öz görünüşü və fikirləri ilə də dərhal 

qorxu, qəzəb doğururdu. Ona bəslənən nifrət Avrasiya, yaxud Istasiyaya olan nifrətlə 

müqayisədə daha dəyişməz, hətta əbədi sayıla bilərdi. Çünki adətən Okeaniya bu dövlətlərdən 

biri ilə müharibə vəziyyətində olanda o biri ilə sülh sazişi bağlayırdı. Amma qəribə görünən 

başqa şey idi. Hamı Qoldsteyni aşağılasa da, hamı ona nifrət bəsləsə də, hər gün, bəlkə də gündə 

min dəfə təlimi rədd olunsa da, nəzəriyyəsinin daşı daş üstündə qoyulmasa da, mitinqlərdə, 

teleekranda, qəzetlərdə, kitablarda fikirləri cəfəngiyyat kimi gülüş və istehza hədəfinə çevrilsə 

də, daim ələ salınsa da, nüfuzu əsla azalmırdı. Həmişə onun tələsinə düşən, onun sözlərinə 

şirniklənən sadəlövh adamlar tapılırdı. Elə gün olmurdu ki, Fikir Polisi Qoldsteynin təsirinə 

qapılan, əmri ilə hərəkət edən casus və ziyankarları tapıb aşkara çıxarmasın. Qoldsteyn güclü 

gizli orduya, Dövləti devirməyə çalışan geniş sui-qəsdçilər şəbəkəsinə rəhbərlik edirdi. 

Şəbəkənin Qardaşlıq adını daşıdığı ehtimal olunurdu. Qoldsteynin bütün yaramaz fikirlərin 

məcmusu kimi şöhrət qazanan və gizli şəkildə yayılan kitabı haqqında pıçıltı ilə danışırdılar. 

Əsərin adını bilən yox idi. Adamlar onu, sadəcə, kitab adlandırırdılar. Amma ortalıqda gəzən 

söhbətlərin boş şaiyələr olduğunu da yaxşı başa düşürdülər. Mövzudan yayınmaq imkanı 

yarananda hər bir Partiya üzvü Qardaşlıq və kitab məsələsinə toxunmamağı daha üstün tuturdu.  

İkinci dəqiqənin başlanğıcında nifrət son həddə çatmışdı. Adamlar teleekrandan gələn qoyun 

mələrtisinə bənzər səsi batırmaq üçün yerlərindən sıçrayıb gücləri gəldikcə qışqırırdılar. Kül 

saçlı, balacaboy qadın hiddətindən qıpqırmızı qızarmışdı, ağzı sudan bayıra atılmış balıq 

qəlsəmələri kimi açılıb-yumulurdu. Hətta O`Brayenin ağır sifəti də pörtmüşdü. O, kreslosunda 

şax oturmuşdu, geniş sinəsi dəniz qabarma və çəkilmələrində olduğu kimi qalxıb-enirdi. 

O`Brayendən arxa sırada oturan qara saçlı qız isə birdən var səsi ilə "Donuz! Donuz! Donuz!"-

deyə qışqırmağa başladı və əlindəki ağır Yenidil lüğətini var gücü ilə teleekrana tolamazladı. 

Lüğət Qoldsteynin burnuna dəyib döşəməyə düşdü. Qoyun mələrtisini xatırladan səs kəsilmək 

bilmirdi. Bu ara Uinston adamlara qoşulub qışqırdığının, qarşıdakı kreslonu qəzəblə 

təpiklədiyinin fərqinə vardı. Nifrət Ikidəqiqəliklərində dəhşətli şey hamının eyni cür hərəkət 

etməsi deyildi. Əksinə, ən qorxulusu, hətta istəsən belə, bu ümumi prosesdən kənarda qala 

bilməmək idi. Otuz saniyə keşəndən sonra artıq ətrafındakıları yamsılamağa ehtiyac 

duyulmurdu. Elə bil hamının bədənindən güclü elektrik cərəyanı keçirdi. Hamıya qorxu və 

intiqam hissi hakim kəsilirdi. Hamı öldürmək, işgəncə vermək, kiminsə sifətini ağır çəkiclə 

vurub dağıtmaq istəyirdi. Adamlar üz-gözlərini əyir, qışqırıb nifrin yağdırır, göz görə-görə 

dəlilik həddinə çatırdılar. Həm də bu qəzəb mücərrəd və hədəfsiz idi. Fanar işığı kimi, onun da 

istiqamətini istənilən səmtə yönəltmək olurdu. Bəzən Uinston nifrətinin qətiyyən Qoldsteynə 

deyil, əksinə, Böyük Qardaşa, Partiyaya, Fikir Polisinə qarşı çevrildiyinin fərqinə varırdı. Belə 

məqamlarda küfr və qəzəb hədəfinə çevrilmiş bu tənha yadfikirlinin, yalan dünyasında sağlam 

ağıl və həqiqətin bu yeganə mühafizinin tərəfində dayandığını hiss edirdi. Bir saniyə sonra isə o, 

yenidən kütləyə qoşulur, Qoldsteyn haqqında deyilənlərin hamısını həqiqət kimi qəbul edirdi. 

Belə anlarda Böyük Qardaşa bəslədiyi gizli nifrət sitayişə çevrlirdi. Böyük Qardaş əlçatmaz büt 

kimi hamının və hər kəsin başı üzərində yüksılirdi, Asiya ordularının qarşısında qorxu bilməz, 

qüdrətli sərkərdə kimi dayanır, əsl alınmaz qala təsiri bağışlayırdı. Qoldsteyn isə cəmiyyətdən 

qovulmasına, tənhalığına, hətta mövcudluğunun sual altında olmasına baxmayaraq, elə təkcə 

səsinin gücü ilə adamların gözünə sivilizasiya binasını dağıtmağa qadir qorxunc sehrbaz cildində 

görünürdü. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

139 


Bəzən belə anlarda nifrəti şüurlu şəkildə tamam başqa şəxsə də yönəltmək olurdu. Uinston gecə 

yarısı dəhşətli qarabasmadan ayılıb özündə başını yastıqdan qaldırmağa güc tapan adam kimi 

bütün iradi qüvvəsini toplayaraq, ekrandakı sifətə bəslədiyi nifrəti arxa sıradakı qara saçlı qıza 

tuşladı. Xəyalından biri-birindən gözəl, cəlbedici səhnələr keçdi. Onu rezin dəyənəklə ölüncəyə 

qədər budayardı. Onu lüt soyundurub dirəyə sarıyar, Müqəddəs Sebastian kimi bədənini oxlarla 

dəlmə-deşik edərdi. Onu ləzzətlə zorlayar və orqazm anında bıçağı boğazına saplardı. Indi ona 

nə üçün nifrət etdiyinin səbəbini əvvəlkindən daha aydın başa düşürdü. Gənc, gözəl və antiseks 

əhvali-ruhiyyəli olduğuna görə, bu qızla bir yatağa girmək istədiyinə, amma niyyətinin heç vaxt 

baş tutmayacağını bildiyinə görə, qucaqlanmaqdan, oxşanmaqdan ötrü yaradılmış nazik, titrək 

belində Uinstonun əlini deyil, əlçatmazlığın hamıya meydan oxuyan rəmzini-qırmızı qurşağı 

gəzdirdiyinə görə! 

Nifrət son həddə çatmışdı. Qoldsteynin səsi həqiqi qoyun mələrtisinə çevrilmişdi. Sifəti də eyni 

ilə küt qoyun sifətini xatırladırdı. Sonra bu qoyun sifəti teleekrandan düz üstlərinə gələn iri, 

qorxunc Avrasiya əsgərinin simasında əriyib itərək görünməz oldu. Əsgər isə sanki ekrandan 

birbaşa zalı nişan alaraq avtomatdan aramsız atəş aça-aça irəliləyirdi. Qabaq sıralarda oturanların 

bəziləri özlərini qeyri-iradi kreslonun söykənəcəyinə sıxırdılar. Bir an sonra hamı rahatlıqla 

nəfəs aldı. Böyük Qardaşın qarasaçlı, qarabığlı, həyat gücü və ilahi sakitliklə dolu üzü ekranı 

tutaraq düşməni görünməz etdi. Böyük Qardaşın nə dediyini heç kim eşitmirdi. Lakin döyüşün 

qızğın çağında sərkərdənin əsgərləri ruhlandırmaq üçün qışqırdığı bir neçə anlaşılmayan söz 

kimi, onun dedikləri də mənasından asılı olmayaraq, yalnız səsi eşidildiyinə görə ürəklərdə inam 

doğururdu. Sonra Böyük Qardaşın sifəti tədricən ekrandan çəkildi, yerində isə iri hərflərlə 

yazılmış üç Partiya şüarı göründü: 

 

MÜHARİBƏ - SÜLHDÜR 



AZADLIQ - KÖLƏLİKDİR 

CƏHALƏT - QÜVVƏDİR 

 

Özü görünməz olsa da, Böyük Qardaş hələ bir neçə saniyə də teleekrandan adamlara baxırdı. 



Buraxdığı təəssürat elə güclü idi ki, Partiya şüarlarının arxasından hamının gözünə yenə onun 

siması görünürdü. Kül saçlı balacaboy qadın özünü az qala qabaqdakı kreslonun üstünə 

yıxmışdı. Hönkürtü içərisindən çətinliklə anlaşılan səsi ilə "Xilaskarım!-deyə əllərini teleekrana 

tərəf uzatmışdı. Sonra barmaqlarını gözlərinin qabağına tutdu. Adama elə gəlirdi ki, o, 

yavaşcadan dua sözlərini pıçıldayır.  

Elə bu anda zala toplaşanların bir dəstəsi ayağa qalxıb nisbətən yavaş, lakin ahəngdar səslə 

"BEE-QE!, BEE-QE!"-deyə qışqırmağa başladı. Onlar B səsini uzadaraq arada fasilə verir, sonra 

kəskin vurğu ilə Q-ni əlavə edirdilər. Ağır dalğalarla zala yayılan bu çığırtılarda ibtidai icma 

dövrünü xatırladan nə isə vardı. Sanki onların arxasınca çılpaq ayaqların tappıltısı və iri tam-

tamların gurultusu eşidiləcəkdi. Qışqırıq səsləri təxminən yarım dəqiqəyə qədər çəkdi. 

Hisslərinin cuşa gəldiyi məqamlarda belə nəqarətlər tez-tez eşidilirdi. Bu, müəyyən dərəcədə 

Böyük Qardaşın müdrikliyinə və böyüklüyünə oxunan himn idi. Lakin ondan da daha çox 

özünühipnoz, olan-qalan ağıl və şüuru da ritmik səs-küydə batırmaq, yox etmək cəhdi idi. 

Uinston içində bir buz soyuqluğu hiss etdi. Nifrət Ikidəqiqəliklərində ümumi dəlilikdən kənarda 

qalmağa gücü çatmasa da, bu vəhşi, ibtidai "BEE-QE! BEE-QE!"-qışqırtıları onu həmişə dəhşətə 

gətirirdi. Təbii ki, hamıya qoşulub qışqırırdı. Başqa cür mümkün deyildi. Hisslərini gizlətmək, 

sifətinin ifadəsini nəzarətdə saxlamaq, başqalarının hərəkətlərini təkrarlamaq - artıq bunlar 

hamısı adi hala çevrilmişdi. Lakin arada bir-iki saniyə elə vəziyyət yaranmışdı ki, gözlərinin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

140 


ifadəsi onu asanlıqla ələ verə bilərdi. Və həmin heyrətamiz hadisə də elə bir-iki saniyədə baş 

vermişdi. Əlbətə, əgər həqiqtən də belə şey olmuşdusa... 

Bir anlığa nəzərləri O`Brayenin baxışları ilə qarşılaşdı. O`Brayen ayaq üstə dayanmışdı. 

Deyəsən, az öncə eynəyini çıxarmışdı. İndi onu taxır və adətkar hərəkətlə burnunun üstündə 

yerini rahatlayırdı. Saniyənin hansısa hissəsində baxışları toqquşdu və Uinston bayaqkı 

mənzərənin qətiyyən gözünə görünmədiyinə bir daha əmin oldu. Bu həqiqət idi! O`Brayen də 

eynən onun kimi düşünür. Hansısa yanlışlıqdan söhbət gedə bilməz! Sanki beyinləri arasında 

gizli rabitə yaranmış, fikirlər sürətlə bir gözdən o birisinə axmışdı. "Mən də sizinləyəm, - 

O`Brayen sanki belə deyirdi.-Sizin hisslərinizi yaxşı başa düşürəm. Bezdiyinizi, iyrəndiyinizi, 

nifrət elədiyinizi anlayıram. Narahat olmayın. Mən sizin tərəfinizdəyəm". Lakin zəkanın bu ani 

parıltısı çox tez də söndü və O`Brayenin sifəti hamınınkı kimi ifadəsiz görkəm aldı.  

Günün hadisəsi bu idi. Uinston indi gözü ilə gördüyünün həqiqiliyinə o qədər də əmin deyildi. 

Heç vaxt belə təsadüflərin davamı olmurdu. Onlar yalnız insanda inamı ölməyə qoymayan bir 

təsəlli yaradırdı: fikirləşirdin ki, səndən başqa da Partiyanın düşmənləri var! Kim bilir, bəlkə də 

geniş şaxəli gizli fəaliyyət şəbəkəsi haqqında şayiələr doğrudur! Bəlkə Qardaşlıq həqiqətən də 

mövcuddur! Saysız-hesabsız həbslərə, etiraflara, edamlara baxmayaraq, Qardaşlığın 

mövcudluğuna əminlik quru nağıl deyildi! Uinston bir gün bütün deyilənlərin həqiqətə 

çevriləcəyinə inanırdı. Ertəsi gün isə əminliyi yoxa çıxırdı. Əlində dəlil-sübut yox idi. Hər cür 

yozula bilən, yaxud heç bir mənası olmayan ani baxışlar, kənar söhbətlərdən qulağa çatan kəsik-

küsük sözlər, tualet divarlarındakı yarısıilinmiş yazılar, çətin ki, nəyinsə sübutu sayıla bilərdi. 

Hətta biri-birini tanımayan iki adamın qarşılaşarkən əllərini yüngülcə tərpətmələri də nəzərindən 

yayınmamış və bunu gizli salamlaşma zənn etmişdi. Bir sözlə, yalnız gümanlar, ehtimallar... Hər 

şey sadəcə təxəyyülünün məhsulu da ola bilərdi. O`Brayenə tərəf baxmadan kabinəsinə qayıtdı. 

Bu ani təması davam etdirməyi ağlına da gətirmirdi. Hətta O` Brayenə yaxınlaşmaq imkanı 

yaransa da, hərəkəti heç bir məntiqə sığmayan dəhşətli təşəbbüs olardı. Bir, yaxud iki saniyə 

ərzində fərqli yozula biləcək nəzərlərlə bir-birlərinə baxmışdılar. Vəssalam! Həyatı başdan-başa 

tənhalıqda keçən insan üçün hətta bu ani illüziya da yaddaqalan hadisə idi.  

Uinston yerindən qalxıb stulda şax oturdu. Bir də gəyirdi. Deyəsən, mədəsindəki cin üzü yuxarı 

qalxmağa başlamışdı.  

Gözləri yenə səhifəyə zilləndi. Sən demə bayaqdan bəri dərin fikrə dalsa da, əli özündən asılı 

olmayaraq işləyirmiş. Lakin bunlar bir az əvvəl yazdıqları kimi başı-ayağı bilinməyən, biri-birinə 

qarışmış dəhşətli cızmaqaralar deyildi. Qələmin ucu kağızın yumşaq səthində sürətlə hərəkət 

edir, eyni ifadəni iri çap hərfləri ilə biri-birinin altında ləzzətlə sıraya düzürdü: 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

Bu sözləri yaza-yaza səhifənin ortasına gəlib çıxmışdı. 

Lakin yazdıqları da vahimə hissinin aradan qalxmasına kömək etdi. Əslində, cəfəng hərəkət 

etdiyini özü də anlayırdı. Belə şüarları kağıza köçürmək gündəlik tutmaqdan çox da təhlükəli 

deyildi. Amma yenə də korladığı səhifələri dərhal cırıb atmaq və ümumiyyətlə, bu işdən 

birdəfəlik əl çəkmək haqqında fikirləşdi.  


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin