“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
163
gəldiyini heç cür xatırlaya bilmirdi. Amma dünən Nifrət Ikidəqiqəliyi zamanı da həmin qız
xüsusi ehtiyac olmadan gəlib düz onun arxasında oturmuşdu. Yəqin səsinə qulaq asmaq, nə
qədər ucadan və ürəklə qışqırdığını dəqiqləşdirmək tapşırığı almışdı.
Yenə keçən dəfəki fikrinin üstünə gəldi. Yəqin ki, qız Fikir Polisinin əməkdaşı deyil, sadəcə,
könüllü casusluq edir. Amma könüllülər bəzən peşəkarlardan da təhlükəli olurlar. Qızın onu nə
vaxtdan güddüyünü də bilmirdi. Bəlkə beş dəqiqədir gözünü zilləyib baxır və bu müddət ərzində
sifətinin ifadəsini nəzarətdə saxlayıb? Ictimai yerdə, yaxud teleekranın əhatə dairəsində səni
fikirli görürlərsə, bu çox təhlükəlidir. Əhəmiyyətsiz bir mimika adamı ələ verə bilər. Üzün əsəbi
dartılması, özündən xəbərsiz həyəcan əlaməti, burnun altında nə isə mızıldanmaq-bunların
hamısı nədənsə narazılıq, yaxud nəyi isə gizlətmək cəhdi kimi mənalandırıla bilər. İstənilən
halda, üzün qeyri-adekvat ifadəsinin özü (məsələn, qələbə haqqında məlumat veriləndə sifətində
inamsızlıq sezilməsi kimi) artıq cinayət sayılır. Yenidildə hətta bunu ifadə edən üzcinayəti
istilahı da mövcuddur.
İndi qızın arxası Uinstona tərəf idi. Bəlkə heç əvvəldən ona göz qoymurmuş, bəlkə dünən
yaxınlığında oturması da adi təsadüf imiş? Siqareti sönmüşdü. Onu ehmalca masanın kənarına
qoydu. Tütünü dağılmasa işdən sonra çəkə bilərdi. Çox ola bilsin ki, qonşu masadakı qız Fikir
Polisinin casusudur, çox ola bilsin ki, üç gün sonra Həqiqət Nazirliyinin zirzəmisinə düşəcək,
amma istənilən halda siqaret zay olmamalıdır. Saym kağızlarını büküb cibinə qoydu. Parsons
təzədən danışmağa başlamışdı.
- Bilmirəm, bazardakı alverçi qadın kolbasanı Böyük Qardaşın şəkli olan plakata büküb satdığına
görə bizim balacaların onun tumanını yandırdıqlarını sizə demişəm, yoxsa yox? - o, qəlyanından
havaya dairəvi tüstülər buraxaraq həvəslə danışırdı. - Arxadan yavaşca yaxınlaşıb od vurublar.
Deyəsən, yaxşıca yanıb, çünki qışqırığı göyə çıxıbmış. Görürsünüz yaramazları! Tula kimi iy
bilirlər. Kəşfiyyatçılar dərnəyində onları bizim vaxtdakından qat-qat yaxşı yetişdirirlər.
Bilirsiniz, axırıncı dəfə onlara nə veriblər? Danışıqları açar dəliyindən dinləmək üçün qulaq
borusu! Qızım dünən gətirmişdi, bizim otağın qapısında sınaqdan keçirirdi. Deyir, borunun
köməyi ilə səsi sadəcə qulaq dayamaqdan iki dəfə yaxşı eşitmək olur. Əlbəttə, bu adi oyuncaqdır.
Amma uşaqlara düzgün istiqamət vermək baxımından yaxşı tapıntıdır.
Teleekrandan qulaqbatırıcı fit səsi eşidildi. Işə qayıtmaq vaxtı idi. Üçü də liftə minmək uğrunda
mübarizəyə qoşulmaq üçün dərhal yerlərindən sıçradılar. Aradakı qarışıqda Uinstonun
siqaretinin tütünü dağılıb döşəməyə səpələndi.
VI fəsil
Uinston yenə gündəliyini yazırdı:
Bu, üç il əvvəl olmuşdu. Axşamın qaranlıq vaxtı, böyük vağzal binasının yan tərəfindəki dar
küçədə. Qadın ətrafa güclə işıq salan küçə fanarının altında, binanın girişində dayanmışdı.
Sifətdən gənc görünürdü, amma üzünə xeyli boya çəkmişdi. Sifətinin maskaya bənzəyən ağlığı,
bu fondakı al-qırmızı dodaqları diqqətimi cəlb etdi. Partiya üzvü olan qadınlar heç vaxt üzlərinə
boya sürtmürlər. Küçədə kimsə gözə dəymirdi. Teleekran yox idi. Yaxınlaşdım. O, asta səslə "Iki
dollar"-dedi. Mən...
Bir an hadisənin davamını yazmaq Uinstona çox çətin gəldi. Indi də təsəvvüründə aydın
canlandırdığı səhnəni özündən kənar etmək üçün gözlərini yumdu, barmaqlarını göz qapaqlarının
üstünə qoydu. Ürəyindən var səsi ilə uzun və yağlı bir söyüş söymək istəyi keçdi. O da mümkün
olmasa, başını divara vupmaq, stulu təpikləyib aşırmaq, mürəkkəb qabını pəncərəyə çırpmaq
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
164
istəyirdi. Səs-küyün, dəliliyin, ağrının köməyi ilə ürəyini parçalayan xatirələri qovub
uzaqlaşdırmağa çalışırdı.
"-Sənin ən qəddar düşmənin öz əsəb sistemindir!"-deyə düşünməyə başladı. Istənilən an daxili
gərginliyin zahiri görkəmində üzə çıxa bilər. Bir neçə həftə əvvəl küçədə yanından ötüb keçdiyi
sadə görünüşlü adamı xatırladı. Partiya üzvü idi. Otuz beş-qırx yaşlarında olardı. Arıq, uzun,
portfelli adamdı. Bir-birlərinin üç-dörd addımlığına çatanda qəflətən kişinin sifətinin sol tərəfdən
səyridiyini gördü. Bərabərləşəndə eyni hərəkət bir də təkrarlandı. Fotoaparat düyməsinin
şaqqıltısını xatırladan çox qısa, ani səyrimə idi. Bəlkə də anadangəlmə vərdişdi. Uinston o zaman
fikirləşmişdi ki, bu yazığın kitabı hər an bağlana bilər. Adam özü bəlkə də sifətində gəzdirdiyi
təhlükədən xəbərsiz idi. Insanı ələ verə bilən ən böyük təhlükə isə yuxuda danışmaq idi. Nə
qədər fikirləşsə də bundan qorunmağın yolunu görmürdü.
Uinston nəfəsini dərib yazını davam etdirdi.
...küçə qapısından keçib dalınca getdim. Həyətin arxa tərəfindəki yarımzirzəmi mətbəxə girdik.
Divarın dibində çarpayı qoyulmuşdu. Masanın üstündə fitili aşağı salınmış lampa vardı. Qadın...
Dişləri əsəbiliklə bir-birinə dəyirdi. Tüpürmək istəyirdi. Yarımzirzəmi mətbəxdəki qadınla eyni
anda arvadı Ketrin də gözləri önünə gəldi. Uinston bir vaxtlar evli idi. Daha doğrusu, evli
olmuşdu. Yəqin indi də evli sayılır. Bildiyi qədər, arvadı hələ sağdır. Sanki təzədən yarımzirzəmi
mətbəxin çirkli paltar, taxtabiti və ucuz ətir iyinin bir-birinə qarışdığı qoxusunu sinəsinə çəkdi.
Bu qoxu həm ürəkbulandırıcı, həm də şirnikləndirici idi. Çünki Partiya üzvü olan qadınlar
bəzənib-ətirlənə bilməzdilər. Ətirdən yalnız prollar istifadə edirdilər. Ətir iyi Uinstonun
təxəyyülündə həmişə zina işlərlə bağlı idi.
Ardınca getdiyi qadınla əlaqəsi son iki ildə işləyəcəyi ilk günah olacaqdı. Təbii ki, fahişələrlə
əlaqə qadağan idi. Lakin o, ara-sıra pozulması mümkün sayılan qadağalar sırasına daxildi.
Təhlükəli addım olsa da, olum-ölüm məsələsi deyildi. Fahişə ilə birlikdə tutulsaydın, səni ən
çoxu beş illik icbari əmək cəzası gözləyirdi. Bir şərtlə ki, başqa günahların olmayaydı. Amma
qaçmaq bəhanəsi ilə cinayətinin üstünə həmişə ağırlaşdırıcı maddə qoya bilərdilər. Yoxsul
məhəllələri bədənlərini satmaq istəyən qadınlarla dolu idi. Özünü hətta bir şüşə cinə təslim
edənlər də tapılırdı. Prollara möhkəm içkilər satılmırdı. Partiya insanların içindəki buxarı
buraxmaq üçün fahişəliyi müəyyən həddə qədər dəstəkləyirdi. Öz-özlüyündə pozğun davranışın
elə bir önəmi yox idi. Amma bir şərtlə ki, əlaqə gizlində həyata keçirilməli və heç bir sevinc
gətirməməli idi. Bədənini satan qadın isə, cəmiyyətin ən miskin, aşağı təbəqəsindən olmalı idi.
Partiya üzvləri arasındakı əlaqə bağışlanmaz cinayət sayılırdı. Böyük təmizləmələr zamanı
müttəhimlərin çoxu bu cinayətə qurşandıqlarını mütləq etiraf etsələr də, real həyatda onun
mümkünlüyü ağlasığmaz görünürdü.
Partiyanın məqsədi yalnız kişi ilə qadın arasında bəzən özlərinin də nəzarətindən çıxan əlaqələrin
yaranmasına maneçilik törətmək deyildi. Partiyanın elan olunmayan gizli məqsədi ümumiyyətlə
cinsi əlaqəni həzzdən məhrum etmək idi. İstər nikahda, istərsə də nikahdankənar münasibətlərdə
əsas hədəf məhəbbət hissi yox, erotik duyğular sayılırdı. Partiya üzvləri arasındakı bütün
nikahlara bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən icazə verilirdi. Açıq şəkildə etiraf
olunmasa da, gələcək ər-arvadın bir-birləri üçün fiziki baxımdan cəlbedici göründüklərini hiss
edən kimi nikahlarına qadağa qoyurdular. Ailənin yeganə məqbul hədəfi Partiyaya xidmət üçün
uşaqların dünyaya gətirilməsi idi. Cinsi əlaqə əhəmiyyətsiz və xoşagəlməz müdaxilə (məsələn,
imalə) kimi nəzərdən keçirilirdi. Düzdür, bu barədə açıq danışmırdılar, amma lap kiçik
yaşlarından uşaqların beyninə hər şeyi məhz belə yeridirdilər. Hətta hər iki cinsdən olan
cavanların bakirə həyat tərzini təbliğ edən Gənclərin Antiseks Liqası kimi könüllü təşkilatlar da
fəaliyyət göstərirdi. Hamiləlik ictimai məntəqələrdə süni mayalandırma (Yenidildə sünmay) yolu
ilə həyata keçirilməli idi. Uinston bu tələbin hələlik tam ciddi şəkildə irəli sürülmədiyini bilirdi,
lakin bütünlükdə Partiyanın ideologiyasına uyğun addım sayıldığından da xəbərdar idi. Partiya
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
165
cinsi həvəsi yerli-dibli öldürmək istəyirdi. Mümkün olmadığı təqdirdə isə cinsi əlaqəni yaramaz
və çirkin iş kimi qələmə verməyə çalışırdı. Uinston bunun hansı zərurətdən yarandığını
anlamırdı, amma təəccüblənməyə də əsas görmürdü. Qadınların tərbiyəsinə gəldikdə, Partiyanın
bu sahədəki uğurları həqiqətən böyük idi.
O yenə Ketrin haqqında düşünməyə başladı. Ayrıldıqları vaxtdan doqquz, on, bəlkə on bir il
keçirdi. Ketrini nadir hallarda xatırlamasının özü də maraqlı idi. Bəzən nə vaxtsa evli olduğu
günlərlə yerli-dibli yadına düşmürdü. Birgə yaşayışları təxminən on beş ay çəkmişdi. Partiya
boşanmağa icazə vermirdi. Uşağı olmayanların ayrı yaşamalarına isə etiraz edilmirdi. Əksinə..
Ketrin uca boylu, sarı saçlı, düz qamətli, incə deyiləcək qədər arıq bir qız idi. Düzgün, qartal
profilli sifətini ilk baxışdan gözəl və nəcib saymaq olardı. Lakin bu təsəvvürün ömrü qadının
nəcib görünüşü arxasında necə boşluq dayandığını dərk edənə qədər çəkirdi. Evlilik həyatının ilk
vaxtlarında Uinston bəlkə də başqaları ilə müqayisədə bu qadını daha yaxşı tanıya bilmiş, onun
düşündüyündən də qat-qat səfeh, mənasız, bayağı məxluq olduğunun fərqinə varmışdı. Ketrinin
başında şüarlardan başqa heç bir şey yox idi. Təpədən dırnağa qədər Partiyaya sadiq idi,
Partiyanın ortaya qoyduğu bütün cəfəngiyyatı əzbərləmişdi. Həyatını Partiya direktivlərindən
kənarda təsəvvürə gətirmirdi. Uinston öz aləmində arvadının adını "yeriyən qramofon"
qoymuşdu. Amma yenə bircə şey-yataq məsələsi olmasaydı, bəlkə də birlikdə yaşamaları
mümkün idi.
Ketrinə barmağının ucu ilə toxunan kimi titrəyir, dərhal da daşa dönürdü. Onu qucaqlamaqla
taxta manekeni bağrına basmağın heç bir fərqi yox idi. Hətta Ketrini özünə sıxanda Uinstonda
elə təsəvvür yaranırdı ki, qadın eyni anda var gücü ilə onu həm də kənara itələyir. Dartılıb
bərkiyən əzələləri də bundan xəbər verirdi. Yataqda gözüyumulu uzanırdı. Nə müqavimət
göstərir, nə kömək edirdi. Sadəcə tabe olurdu. Bu çox utandırıcı, bəlkə də dəhşətli vəziyyət idi.
Əgər bir də ikilikdə yatağa girməmək barədə razılığa gələ bilsəydilər, Uinston ailə həyatına yenə
dözə bilərdi. Amma nə qədər təəccüblü görünsə də, Ketrin buna razılaşmırdı. Deyirdi ki, baş
tutsa, mütləq Partiya üçün dünyaya övlad gətirmək lazımdır. Beləliklə, təbii maneələr olmayanda
yataq məşğələləri dəyişməz ardıcıllıqla həftədə bir dəfə təkrarlanırdı. Hətta həmin günlərdə səhər
Ketrin axşam nə iş görəcəklərini Uinstonun yadına salırdı. Ketrinin leksikonunda bu "işin" iki
adı vardı. Biri "uşaq düzəltmək", o biri isə "bizim Partiya qarşısında borcumuz" (elə belə də
deyirdi) idi. Tezliklə yataq məsələsinin yaxınlaşdığı günlər Uinstonda həqiqi qorxu yaratmağa
başladı. Xoşbəxtlikdən, uşaq məsələsi alınmadı. Ketrin cəhdlərinə son qoymağa razı oldu. Bir
müddət sonra tamam ayrıldılar.
Uinston səssizcə ah çəkdi. Sonra qələmi götürüb yazmağa davam etdi.
...özünü çarpayıya atdı, heç bir müqəddiməsiz-filansız, təsvirəgəlməz bayağılıq və ədəbsizliklə
donunu yuxarı çəkdi. Mən...
Uinston özünü yenidən o yarımzirzəmidə, tutqun lampa işığında gördü. Ucuz ətirin və bit-birənin
kəsif qoxusu burnuna vurdu. Ürəyi həmin dəqiqələrdə, Ketrinin ağappaq bədəninin Partiyanın
hipnozu ilə donub buza döndüyünü ilk dəfə gördüyü anlarda olduğu kimi, qəzəb və
gücsüzlükdən sıxıldı. Niyə həmişə ehtirasını belə söndürməlidir? Niyə onun öz qadını yoxdur,
niyə onun nəsibi illərlə ara verəndən sonra belə tələsik, çirkli, ürəkbulandıran cütləşmə
olmalıdır? Gerçək məhəbbət romanı təsəvvürə gətirilməyəcək macəra sayılırdı. Partiya üzvü olan
qadınlar hamısı bir-birlərinə oxşayırlar. Bakirəlik də Partiyaya sədaqət kimi beyinlərinin ən dərin
qatına işləyib. Lap kiçik yaşlarından başlayaraq Partiya oyunlarla, yürüşlərlə, soyuq suda
çimməklə, məktəbdə, Kəşfiyyatçılar dərnəyində, Gənclərin Antiseks Liqasında başlarına
doldurulan cəfəngiyyatla, paradlarla, mahnılarla, şüarlarla, hərbi musiqi ilə qızların və gənc
qadınların bütün təbii hisslərini öldürmüşdü. Ürəyi Uinstona deyirdi ki, bu vəziyyətdə də mütləq
istisna olmalıdır. Beyni isə inanmaq istəmirdi. Qadınlar Partiyanın tələb etdiyi kimi-yəni
əlçatmaz nemətə çevrilmişdilər. Uinston sevilməkdən daha çox, həyatında heç olmasa bircə dəfə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
166
bu fəzilət divarını vurub dağıtmaq istəyirdi. Onun nəzərində uğurlu cinsi əlaqə özü də üsyan idi.
Ehtiras-fikir cinayətidir. Əgər Ketrinin buzunu ehtirası ilə əridə bilsəydi, əgər bunu bacarsaydı,
arvadı olsa da, bir nəfəri şirnikləndirib Partiyanın yolundan azdırdığını düşünə bilərdi.
Hər şeyi mütləq sona qədər yazmaq lazım idi. Uinston yenə qələmi götürdü.
...lampanın işığını artırdım. Ona işıqda baxanda
Qaranlıqdan sonra lampanın zəif işığı elə bil hər tərəfi gur nura qərq etdi. Uinston qadına ilk dəfə
yalnız indi diqqətlə baxa bildi. Ona tərəf bir addım atıb dayandı. Ürəyində şəhvətlə qorxu biri-
birinə qarışmışdı. Bura gəlməklə necə böyük risk etdiyini başa düşürdü. Çox güman ki, içəridən
çıxan kimi patrullar tərəfindən saxlanacaq. Hətta bu dəqiqənin özündə qapının arxasında dayanıb
onu gözləmələri də mümkündür. Əgər heç bir iş görmədən küçəyə çıxsa, yenə də tutulacaq.
Hər şey olduğu kimi yazılmalıydı, hər şey olduğu kimi etiraf edilməliydi. Uinstonun lampa
işığında gördüyü qadın qoca idi. Sifətindəki boya o qədər qalın çəkilmişdi ki, sanki əl vursan,
köhnə divar suvağı kimi qopub töküləcəkdi. Saçında ağ şəridlər vardı. Ən böyük dəhşət isə ağzı
bir balaca açılanda ortaya çıxdı. Ağız yerinə sifətində balaca, qaranlıq kaha vardı. Qadının bircə
salamat dişi də qalmamışdı.
Uinston tələsik, yanı üstə yıxılan hərflərlə yazırdı:
...çox yaşlı olduğunu gördüm. Ən azı əlli yaşı vardı. Amma dayanmadım. Işimi görüb qurtardım.
Uinston yenə göz qapaqlarını əli ilə sıxdı. Budur, hər şeyi necə vardısa, elə də yazdı. Amma fərqi
yoxdur, heç nə dəyişmədi. Etiraf terapiyasının faydası olmadı. Indi gücü gəldikcə söyüş söymək
istəyi əvvəlkindən də qüvvətli idi.
VII fəsil
Əgər tək ümid varsa (Uinston yenə yazırdı), o da prollara olan ümiddir.
Əgər nicat yolu varsa, onu yalnız prollardan - dövlətin arxa qapısında küllənən, Okeaniya
əhalisinin səksən beş faizini təşkil edən qara kütlədən gözləmək lazımdır. Yalnız onların
içərisindən Partiyanı məhv etməyə qadir qüvvə yetişə bilər. Partiyanı daxildən devirmək qeyri-
mümkündür. Partiyanın düşmənlərinin (əgər həqiqətən də belələri varsa) bir araya gəlmək, hətta
bir-birlərini tanımaq imkanı yoxdur. Hətta əfsanəvi Qardaşlıq mövuddursa (bu da istisna deyil!),
onun üzvlərinin iki və ya üç adamdan artıq qruplar halında toplaşmaları imkansızdır. Onların
üsyanı-gözlərinin ifadəsi, səslərinin intonasiyasıdır. Ən yaxşı halda, təsadüfi pıçıldanmış bir
sözdür. Lakin prollar hansısa bir yolla öz güclərinə inansalar, daha gizli fəaliyyətə ehtiyac
qalmayacaq. Bədəninin bir titrəyişi ilə bütün milçəkləri qovan at kimi, onların da ayağa qalxıb
silkələnmələri kifayətdir. Əgər prollar istəsələr, günü sabah Partiyanın daşını daş üstündə
qoymazlar. Tez, ya gec, bunu mütləq başa düçəcəklər. Amma...
Uinston bir dəfə izdihamlı küçə ilə gedərkən yüzlərlə qadın səsinin bir-birinə qarışdığı
qulaqbatırıcı qışqırıqlar eşitdiytini yadına saldı. Qışqırıq qarşı tərəfdəki döngədən gəlirdi. Ətrafa
kilsə zəngi kimi həyəcan yayan hündür və şiddətli "Oh-o-o-o-ohh" fəryadında hiddət, ümidsizlik
və dəhşətli qəzəb birləşmişdi. Həmin an Uinston həyəcandan özünə yer tapmadı. "Başlandı!"-
deyə fikirləşdi. Qiyam! Nəhayət, prollar ayağa qalxdılar! Uinston sürətli addımlarla özünü
döngəyə çatdırdı. İki, bəlkə də üç yüz qadın bazar meydanındakı balaca dükanlardan birinin
qarşısına toplaşmışdı. Sifətləri batan gəminin sərnişinləri kimi yas və ələmlə dolu idi. Uinstonun
gözləri qarşısında ümidsizliyin birləşdirdiyi bu kütlə birdən-birə parçalanıb dəstələrə bölündü.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
167
Bazardakı kiçik dükanlardan hansındasa qalay qazançalar satılırdı. Miskin görkəmli, əyri-üyrü,
çürük tənəkə parçaları. Amma adamlar növbəyə dayanmışdılar. Çünki qab-qazan tapmaq həmişə
müşkül məsələ olmuşdu. Gözlənilmədən mal qurtardı. Hər tərəfdən sıxışdırılan, itələnən sonuncu
xoşbəxt alıcılar qazançalarını sinələrinə sıxıb kütlənin arasından çıxmaq istəyirdilər. Bəxti
gətirməyənlər isə, dükanın ətrafına toplaşıb qışqıra-qışqıra dükançını malı tanışlıqla satmaqda,
piştaxta altında gizlətməkdə ittiham edirdilər. Qəflətən dəhşətli çığırtı qopdu. Birinin saçı
çiyinlərinə dağılmış iki gombul qadın eyni qazançanın qulplarından yapışıb hərəsi öz tərəfinə
çəkirdi. Bir müddət dartışandan sonra qulp saçı dağınıq qadının əlində qaldı. Uinston onlara
nifrətlə baxırdı. Amma az öncə bir neçə yüz boğazdan gələn qışqırtılarda necə qorxuducu
qüvvənin gizləndiyini də unutmurdu. Nədən onlar daha böyük istək naminə toplaşıb səslərini
belə yüksəltməsinlər?
Uinston fikirlərini kağıza köçürdü:
Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə, heç vaxt şüurlu
olmayacaqlar.
Sözlərinin lap partiya dərsliklərindən götürülmüş ifdələrə oxşadığını düşündü. Partiya, təbii ki,
həmişə prolları əsarət zəncirindən qurtardığını bəyan edirdi. Inqilaba qədər kapitalistlərin
dəhşətli zülmü altında imişlər. Kapitalistlər onları söyüb-döyür, ac-susuz saxlayır, qadınları daş
kömür şaxtalarında işləməyə məcbur edir (yeri gəlmişkən, qadınlar yenə də şaxtalarda
işləyirdilər), uşaqları altı yaşından fabriklərə satırmışlar. Eyni zamanda ikifikirlilik təlimindən
çıxış edən Partiya həm də prolları öz təbiətləri etibarı ilə aşağı təbəqə sayır, bir neçə sadə
prinsipə əsaslanaraq, onları həmişə heyvan kimi itaətdə saxlamağın zəruriliyini bildirirdi.
Əslində, prollarla bağlı məlumatlar çox məhdud idi. Onları yaxından tanımağa xüsusi ehtiyac da
duyulmurdu. Işlədikləri və doğub törədikləri bütün müddət ərzində bu adamların hər hansı digər
fəaliyyətlərinə lüzum qalmırdı. Argentina düzənliklərindəki başlı-başına buraxılmış qaramal
sürüləri kimi, prollar da həmişə öz təbii həyat tərzlərinə qayıdır, ata-babalarının yolu ilə
gedirdilər. Onlar doğub-törəyir, çirkab içərisində boy atıb böyüyürdülər. On-on iki yaşında
işləməyə gedirdilər. Fiziki çiçəklənmə və seksual fəallıq dövrləri çox qısa çəkirdi. İyirmi yaşları
olanda evlənirdilər. Otuza çatanda artıq orta yaşlı adam təsiri bağışlayırdılar. Altmışa yetişəndə
isə milçək kimi qırılmağa başlayırdılar. Ağır fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla
fasiləsiz boğuşmalar, kino, futbol, pivə, ən başlıcası isə, qumar – məhdud dünyalarının sərhədləri
bunlarla məhdudlaşırdı. Prolları nəzarət altında saxlamaq çətin deyildi. Aralarında həmişə Fikir
Polisinin adamları dolaşırdı. Onlar saxta şayiələr yayır, təhlükəli görünən adamları göz altına alır
və aradan götürürdülər. Prolların Partiyanın ideologiyasına cəlb edilmələri ilə bağlı heç bir
təşəbbüs göstərilmirdi. Siyasətlə maraqlanmaları ümumən arzuedilməz sayılırdı. Onlardan tələb
olunan yeganə şey iş gününün uzadılması, yaxud ərzaq normasının azaldılması zamanı bəsit
vətənpərvərlik nümunəsi göstərmək idi. Hətta bəzən aralarında narazılıq yarananda da bunun heç
bir nəticəsi olmurdu. Çünki vahid ideya ətrafında birləşə bilmədiklərindən meydana çıxan
narazılıq xırda, ikinci dərəcəli məsələlərə yönəldilirdi. Böyük problemlər həmişə onların
diqqətindən kənarda qalırdı. Əksəriyyətinin mənzilində heç teleekran da yox idi. Adi polis
prollara çox az diqqət yetirirdi. Londonda cinayətkarlıq baş alıb gedirdi. Cinayətkarlar dövlət
içərisində dövlət qurmuşdular. Oğrular, quldurlar, fahişələr, narkotika alverçiləri, fırıldaq və
reketlə məşğul olanlar açıq-aşkar meydan sulayırdılar. Lakin bütün bu hallar yalnız prolların öz
arasında baş verdiyindən, Partiyanı o qədər də narahat etmirdi. Əxlaq məsələlərində onlara ata-
baba qaydaları ilə yaşamağa izin verilirdi. Partiya üzvlərinə tətbiq olunan seksual
məhdudiyyətlərin prollara heç bir dəxli yox idi. Əxlaqsız həyat tərzinə görə onları
cəzalandırmırdılar. Boşanmalarına icazə verilirdi. Dinə ciddi meyl və maraq göstərsəydilər,
yəqin, ibadət niyyətləri də etirazla qarşılanmazdı. Bir sözlə, onlar hər cür şübhənin fövqündə
dayanırdılar. Partiya şüarlarından birində deyildiyi kimi, "Prollar və heyvanlar azad idilər".
|