Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
  1   2   3   4   5   6   7   8   9   ...   19


 
Azər Turan 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli bəy Hüseynzadə 
 
 
 
 
 
 
 
 
 
 
Moskva 
«SALAM press» 
2008 
 


 
ББК 63.3 (2A)  
A 35 
 
 
 
Layihənin rəhbəri: Tariyel Süleyman 
 
 
 
Azər Turan. 
A 35 Əli bəy Hüseynzadə. 
Moskva: «SALAM press», 2008. - 280 s.  
ISBN 978-5-7164-0582-0 
 
 
 
 
Elmi redaktor: Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  
akademik, Millət vəkili Nizami Cəfərov 
Rəyçilər: prof. dr. İmamverdi Əbilov və Ədil Əliyev 
Məsləhətçi: Cəmilə Hüseynzadə 
 
 
 
 
Azər  Turan  "Əli  bəy  Hüseynzadə"  kitabında  dahi  mütəfəkkirin  həyat  və 
yaradıcılıq  yoluna  ətraflı  nəzər  salıb.  Əsərdə  Ə.  Hüseynzadənin  bənzərsiz 
şəxsiyyəti və elmi-ədəbi irsi tədqiqata cəlb olunur. 
 
ББК 63.3 (2A) 


 
 
 
 
 
ISBN 978-5-7164-0582-0 
 
 
© A.Turan, 2008 
© «SALAM press», 2008 
 
 


 
Müəllifdən 
 
Əfsanəvi  Əli  bəy  dünyanın  bütün  dillərini,  elm  və  fənlərin  hər  növünü, 
ədəbiyyat  və  incəsənətin  hər  şöbəsini  təmamən  əhatə  etmiş  və  tətbiqə  müvəffəq 
olmuş bir fövqəlbəşərdir. 
Yusuf Akçura 
 
Səməd  Ağaoğlu  "Babamın  arkadaşları"  əsərində  Əli  bəy  Hüseynzadəni 
"pərdə  arxasındakı  adam"  adlandırır.  Əli  bəy  Hüseynzadə  haqqında  bundan  da 
dəqiq  və  mükəmməl  bir  təqdimat  təsəvvürə  gətirmək  mümkün  deyil.  Ağaoğlu 
yazırdı:  "İttihadçılar  zamanında,  onlara  yol  göstərən  fikir  cərəyanları  sonrakı 
dövrlərə  nisbətən  daha  çox,  daha  ahəngli  idi.  Bu  adamlar  nə  etmək  istədiklərini, 
nələr  edəcəklərini  yaxşı  bilirdilər.  Bu  baxımdan  birinci  səfin  arxasında  fikir  və 
düşüncə aşılayan elə insanlar vardı, günün birində bunların tarixi hizmətləri bəlkə 
meydana  çıxa  bilər;  fəqət  üzləri  insan  olaraq,  dost  və  arkadaş  olaraq  həmən  həp 
məchul qalacaqdır! İştə bu insanlardan biri də babamın, bu bəyaz saqqallı, pəmbə 
üzlü, gözəl gözlü, şair, rəssam, musiqişünas, filosof, qəzetəçi, münəccim (həm də 
mütərcim-A.T.),  professor,  doktor,  qafqazlı  arkadaşıydı...  Xeyr,  xeyr,  mübaliğə 
etmirəm;  babamın  bu  arkadaşı  bütün  bir  dövrün  həqiqətən  gizli  həyat 
qaynaqlarından biri olmuşdur". 
Ağaoğlu  haqlıdır.  Bütün  hallarda  Əli  bəy  pərdə  arxasındadır.  Pərdənin 
önündə baş verənlər və həm də türk dünyasının XX yüzili Əli bəyin əsəridir... 
 
Əli bəy Hüseynzadənin təvəllüdü 
 
Hüseynzadələr  nəslinin  ilk  bilinən  nümayəndəsi  Şeyxülislam  Axund 
Əhməddən  qabaq  39  il  Qafqaz  şeyxülislamı  olmuş  Məhəmmədəli  Səlyanidir 
(1791-1852).  Məhəmmədəlinin  qardaşı  Əlinin  ocağında  Axund  Əhməd  Səlyani 
(1812-1884) dünyaya gəlib. 
Əli  bəyin  nənəsi  Hüsniyyə  şeyxülislam  Axund  Məhəmmədəlinin  iki 
qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı 
ailəsi" tablosunda təsvir olunan yaşlı qadın həmin bu Nisədir. Şeyxülislam Axund 
Əhməd isə Hüsniyyənin həyat yoldaşıydı. 
Axund Əhmədlə Hüsniyyənin iki qızı vardı: Xədicə və 1844-cü il aprelin 1-
də  dünyaya  gəlmiş  Fatmabikə.  Xədicə  xanım  Qruzma  bəylərindən  Kazım  bəy 
Hüseynzadənin  dörd  oğlundan  ən  kiçiyi  olan  Molla  Hüseyn  Hüseynzadə  ilə  ailə 
qurmuşdu.  Kazım  Hüseynzadənin  Axund  Əhmədlə  ya  qardaş,  ya  da  əmioğlu 
olduqları ehtimal edilir. 
 
* * * 
 


 
Əli  bəy  Hüseynzadə,  özünün  yazdığına  görə,  "24  fevral  1864-cü  ildə 
Qafqaz  Azərbaycanında  Kür  nəhri  sahilində"  yerləşən  Salyan  şəhərində  anadan 
olub.  Atası  "Tiflis  Müsəlman  Məktəbinin  müəllimlərindən  Molla  Hüseyn 
Hüseynzadə", anası "Xədicə
*
  Qafqaz  şeyxülislamı  Axund  Əhməd  Hüseynzadənin 
qızıdır". 
Salyandan  Tiflisə  köçüb  buradakı  ruhani  məktəbində  riyaziyyat  müəllimi 
işləyən Molla Hüseyn vəfat edəndə — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı. Qısa 
müddətdən sonra Xədicə xanım da dünyasını dəyişir. 
1912-ci  ildə İstanbulda  süvari  zabiti  Şəmsəddin  bəyin  və  Validə  xanımın
**
 
qızı  Ədhiyə  (1890-1944)  xanımla  evlənən  Əli  bəyin  üç  övladı  var:  1914-ci  il
***
 
aprelin 6-da, bazar ertəsi, axşam saat 8-də Saida bəyim, 1915-ci il haziran — iyun 
ayının  9-da,  çərşənbə  günü  səhər  saat  11  -də  Səlim  Turan,  1920-ci  ilin  31 
dekabrında  Feyzavər  dünyaya  gəlib.  Səlim  Turan  Şahiqə  xanımla  (təvəllüdü  — 
1917), Feyzavər uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla, Saida atom 
fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü Mustafa Santurla ailə 
qurub.  "Feyzavər  Üsküdardakı  Qız  İnstitutunu  bitirdikdən  sonra  Gözəl  Sənətlər 
Akademisinə  davama  başladı"  (Ə.Hüseynzadə).  İstanbulda  məşhur  olan  Feyza 
Sənət  Qalereyasını  açdı.  Fransada  ali  təhsil  almış  Saida  riyaziyyat  müəllimi  idi. 
"Qızım  Saida  Lyondan
****
  qayıtdığı  doqquz  ay  qədər  olar.  İndiki  halda  "Kabataş 
qız  lisesində  matematik  müəllimidir"  (Ə.Hüseynzadə).  Saida  xanım  2002-ci  ildə 
İstanbulda dünyasını dəyişdi. 
Səlim  Turan  Parisdə  yaşayırdı.  Abstraksionizmin  dünyada  tanınan 
təmsilçilərindən biriydi. Atası Əli bəy Hüseynzadə kimi o da "yaradılış etibarı ilə 
filosof  təbiətli,  dərvişməşrəb"  bir  insan  idi.  Həyat  öygüsünü  danışsa  da, 
iztirablarını  söyləməkdən  vaz  keçərdi.  Doğulduğu  İstanbula  33  il  gələ  bilmədi. 
Gəlməsinə izn verilmədi. Amma o, bunu başqalarının və Türkiyənin başına qaxınc 
etmədi.  Susdu.  Bu  barədə  danışmadı.  Hətta  haqqında  yazılmış  bir  kitabda  Səlim 
Turan:  "Öz  sərgisinin  açılışına  belə  gec  gəlib  bir  kənardan  izləyəcək  qədər 
alçaqkönüllü - təvazökar və dəbdəbədən uzaq bir adam" — deyə tanıtdırılır. Səlim 
bəy  türk  rəssamlığında  abstraksionizmin  ən  böyük  təmsilçilərindən,  türk 
rəngkarlığında  Yeni  adlandırılan  təmayülün  qurucularından  biridir.  Çağdaş  türk 
şerində Orxan Vəli Kanık kimdirsə, rəssamlıqda da Səlim Turan odur. 
Səlim Turan Türkiyədə nonfiqurativ rəsmin banisidir. 
                                                           
*
  Türkiyəli  araşdırmaçı  Əliheydər  Bayat  "Ali  bey  Hüseynzade  və  Türkiyədə  yayınladığı  eserleri" 
kitabında Əli bəyin anasını səhvən Hədiyyə adı ilə təqdim edir (səh.17). 
**
  Əli  bəy  Hüseynzadə  İstanbulda  böyük  bir  ailənin  qayğısını  çəkmişdi.  Qayınanası  da,  baldızı  da 
onunla bir yerdə yaşamışdılar — müəllif. 
***
 Ə.Bayat Saidanın doğum tarixini yanlış olaraq 1912-ci ildən hesablayır -  müəllif. 
****
  Ə.  Səmədli  Sadıq  bəy  Ağabəyzadəyə  həsr  etdiyi  "İki  ömür  yaşayan  adam"  kitabında  (Bakı-1999) 
Əli bəyin bu məktubunu təqdim edərkən, Lyon əvəzinə, səhvən London yazmışdır (səh.101) - müəllif. 
 


 
Təəssüf  ki,  Hüseynzadələrə  münasibətdə  ailənin  hətta  yaxın  keçmişi 
məsələn,  bəzən  belə  dolaşıq  salınır:  "Səlim  Turan...  ömrünün  son  illərini  Parisdə 
keçirmişdir".
1
 Bu "son illər" isə nə az, nə çox 80 il yaşamış Səlim Turanın 1947-ci 
ildən 1994-cü ilə qədər olan həyatını ehtiva edir. 
1994-cü ilin oktyabrında dünyasını dəyişdi...
*
 
 
* * * 
 
Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. 
Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur...
**
 
 
Qafqazın birinci adamı 
 
Yusuf Akçura yazırdı: 
"1875-ci ilin son baharında ağ saqqalı,  möhtərəm bir ixtiyar və 11 yaşında 
arıq  vücudlu  bir  çocuq  Qafqazın  valisi  böyük  knyaz  Mixail  Nikolayeviçin 
möhtəşəm  yazı  masası  önündə  bulunuyorlardı.  Kreslosuna  yaslanmış  rus 
şahzadəsinin  arxasında  nüfuz  və  şiddəti  dərhal  gözə  çarpan  çərkəs  əlbisəli  bir 
miralay  ayaqda  duruyordu.  İranvari  yaşıl  sarığı,  dəvə  yunundan  qolsuz  əbası  ilə 
ehtiramkar  vəziyyətdə  olan  ixtiyarın  ricalarını  miralay  valiyə  eynən  tərcümə 
etməyərək dedi: 
—  Şeyx  Əhməd  Səlyani,  bu  yetim  çocuğun  Tiflis  gimnaziya  kurslarından 
birisinə yerləşdirilməsini xahiş ediyor. 
Tərcüman  M.  Fətəli  Axundov  çocuğun  bir  əsgər  məktəbinə  qeyd 
etdiriləcəyindən  qorxurdu.  Bu  sözlər,  Qafqaz  şeyxülislamının  nəvəsini  rus  zabiti 
olmaqdan  qurtarmışdır.  Mixail  Nikolayeviçin  xüsusi  əmrilə  Tiflis  gimnaziyasına 
qeyd və qəbul olunan bu kiçik çocuq sonradan bütün türklüyə xidmətlər ifa edəcək 
olan Hüseynzadə Əli bəydir".
2
 
Türk  milliyyətçiliyinin  dahisi  Akçuranın  təsvir  etdiyi  bu  romantik  səhnə 
Tiflisdə baş verirdi və nəvəsinin əlindən tutub onu canişinliyə gətirən iranvari yaşıl 
sarığı,  dəvə  yunundan  qolsuz  əbası  ilə  ehtiramkar  vəziyyətdə  olan  ixtiyar  isə 
Rusiya imperatoru II Aleksandrın fərmanı ilə 1852-ci il oktyabrın 15-dən 1884-cü 
ilə  qədər Qafqazın  Şeyxülislamı olmuş  Axund Əhməd Səlyani idi.  Tariximizdəki 
nadir şeyxülislamlardan biri... 
 
* * * 
 
                                                           
*
 S. Turan haqqında daha ətraflı kitabın sonunda "Səlim Turan" yazısına bax — müəllif. 
**
 Əli bəyin nəsil şəcərəsi barədə əlavə məlumat kitabın sonunda təqdim edilir — müəllif. 
 


 
Axund Əhməd Səlyani Qafqaz şeyxülislamı olduğu  32 il müddətində sözün 
geniş  mənasında  Azərbaycanın  ruhani  həyatını  maarifçilik  düşüncəsinə  yönəldə 
bilmişdi.  Şeyxin  yaşadığı  dövr  elmi  ədəbiyyatda  ümmətçilikdən  milliyyətçiliyə 
keçid  dövrü  kimi  səciyyələndirilir.  Amma  XIX  yüzil  Azərbaycan  ictimai  fikrini 
tədqiq edən araşdırmalarda heç də bu müstəvidə onun yeri, missiyası qabardılmır, 
etiraf  edilmir,  şeyxin  bənzərsiz  şəxsiyyəti,  böyük  dini  və  elmi  təfəkkürü, 
ensiklopedik  zəkası,      hadisələrə  universal  yanaşmaq  səriştəsi,  qabaqcıl  və  işıqlı 
düşüncələri,  milli  dəyərlərə  etibarlı  münasibəti  və  belə  bir  ovqatla  Qafqazın 
şeyxülislamlıq institutuna 32 il rəhbərlik etməsi barədə nədənsə az danışılır. Amma 
bizcə,  onun  fövqəladə  xidmətləri,  gördüyü  işlər,  yazdığı  kitablar  imkan  verir  ki, 
şeyxin adı maarifçilik hərəkatının öndə  gələn ismlərindən biri kimi hallandırılsın. 
Təkcə  Axund  Əhməd  Səlyaninin  varlığı  ruhani  təfəkkürün  Azərbaycanda  necə 
mütərəqqi mahiyyət kəsb etdiyini isbatlamaq üçün yetərlidir. 
Nəcəf alimlərindən olan Axund Əhməd Səlyani   "Tarixi-ədəbiyyati-türki" 
adlı kiçik həcmli bir əsər yazmışdı, türk millətinin böyükləri, əski türklərin yazısı, 
cığatay  ədəbiyyatının  qızıl  dövrü,  uyğur  dili,  Əlişir  Nəvai  haqqında  yazılı  söz 
deməyi  özünə  vicdan  borcu  bilirdi,  "Qafqaz  məmləkətinin  xalqları",  "Kitabi-
kəşfül-əyyam və əl-şohur" "Tərbiyətül-ətfal", "Dilguşə", "Müəllimül-ətfal-fi-təriqe 
təlimül  ətfal"  əsərlərini  qələmə  almışdı.  Şeyxülislamın  "Qafqaz  məmləkətinin 
xalqları"  -  "Bəsaül-nas  fi-məmləkətil-Qafqaz"  əsərini  Bakıxanovun  "Gülüstani-
İrəm"i  ilə  bir  yerdə  xatırladan  Yusif  Vəzir  Çəmənzəminli:  "Eyni  əsrdə  yazılan 
ikinci  əsər  Şeyx  Əhməd  Səlyaninin  "Bəsaül-nas  fi-məmləkətil  Qafqaz"  adlı 
kitabıdır  ki,  70  səhifədən  ibarət  olub,  fars  dilindədir.  Əsər  yarımçıqdır,  müəllif 
bitirməyə müvəffəq olmamışdır... Bu kitab da qeyri-mətbudur" — deyə əsər barədə 
ilk dəfə məlumat vermişdi.
3
 
Haşiyə.  Yuxarıda  adı  keçən  "Müəllimül-ətfal-fi-təriqe  təlimül  ətfal"  əsəri 
barədə  bəzi  məqamları  qeyd  etməyi  zəruri  bilirik.  Şeyxülislam  Axund  Əhməd 
Hüseynzadənin     bu əsəri Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" 
kitabının  1935-ci  il  nəşrində  "Kitabe-müəllimine-ətfal"  adı  ilə  Qafqazın 
Şeyxülislamı  Axundzadənin  əsəri  olaraq  təqdim  edilir.  Tərbiyət,  kitabın        1879-
1880-ci  illərdə  nəşr  olunduğunu  qeyd  edib.

Ancaq  məlumdur  ki,    1852-1884-cü 
illərdə  Qafqazın  şeyxülislamı  Axundzadə  deyil,  Hüseynzadə  olmuşdu.  Axund 
Hüseynzadənin  yazdığı  "Müəllimül-ətfal-fi-təriqe  təlimül      ətfal"  əsəri,  Tərbiyətin 
göstərdiyi kimi, 1879-1880-ci  illərdə deyil, 1875-ci ildə  Tiflisdə nəşr olunmuşdu. 
Fars və türk dillərində yazılmış bu  kitabın bir nüsxəsi hazırda  Bakıda Əlyazmalar 
İnstitutunda qorunmaqdadır. 
 
* * * 
 
Axund  Əhməd  Hüseynzadə  xalq  arasında  da,  ruhanilər  və  ziyalılar 
içərisində də, imperiya məqamlarında da böyük nüfuz sahibiydi. 


 
Rus  ədəbiyyatının  dahisi  M.  Lermontovun  Rayevskiyə  yazdığı  məktubda 
adı  keçən  türk  alimi  Əhməd  odur.  Ateist  Mirzə  Fətəli  Axundova  görə  "Müxtəlif 
elmlər və fənlər sahəsində, astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət 
və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində şeyxülislamın tayı-bərabəri 
yoxdur.  O,  filosof  təbiətli,  liberal  məsləkli,  tərəqqi  sevən,  fitrən  fəsahətli  bir 
adam"
5
 idi. İmperator isə onu 1881-ci ildə "III dərəcəli müqəddəs Vladimir ordeni" 
ilə  təltif  etmişdi.  "Əkinçi"  qəzetində  Həsən  bəy  Zərdabi  onun  müsəlmanları 
dünyəvi  elmləri  öyrənməyə  çağıran  yazısını  dərc  edirdi.  Şeyx  "Əkinçi" 
səhifələrində  ciddi  fikir  ayrılıqlarına  səbəb  olan  "Elmi  əbdan,  elmi  ədyan" 
mövzusunun  muzakirəsində  iştirak  edirdi...  Şeyxülislam  Axund  Əhməd  Səlyani 
1876-cı  ildə  "Əkinçi"  qəzetində  çap  olunmuş  məqaləsində
6
  həm  ruhaniyyət  alimi 
kimi,  həm  də  dünyəvi  elmlərin  təəssübkeşi  kimi  çıxış  edirdi.  İki  aspekt    onun 
yazısında bir-birindən o qədər ayrılmazdır ki, əslində bir Şeyxin məhz XIX yüzildə 
belə  düşünməsi,  danışması  və  davranması  Azərbaycanın  ruhani  həyatında  gedən 
prosesləri yenidən dəyərləndirmək üçün möhkəm əsas verir. 
Şeyxə  görə,  müsəlmanlar  dünyəvi  elmləri  öyrənməliydilər  ki,  dünyanın 
iqtisadi  inkişaf  yolunda  ləngiməsinlər.  Şeyx  bildirirdi  ki,  Hz.  Peyğəmbərimiz 
müsəlmanlara  ruhani  elmləri  təlqin  etdiyi  kimi,  dünyəvi  elmlərə  yiyələnməyi  də 
tövsiyə edib. Özünü bilən Rəbbini biləndir. Elə buna görə də insan ən əvvəl özünü 
bilməlidir. Özünü bilməyin bir yolu isə ruhani elmlərlə yanaşı dünyəvi elmləri  — 
riyaziyyatı,  fizikanı,  kimyanı,  həndəsəni  mənimsəməklə  gerçəkləşə  bilərdi. 
Qafqazın şeyxi belə düşünürdü. 
 
* * * 
 
Şeyxülislam  Axund  Əhməd  Əli  oğlu  Hüseynzadə  Səlyani  1812-ci  ildə 
Salyanda  anadan  olmuşdu.  72  yaşında  —  1884-cü  ildə  Tiflisdə  dünyasını 
dəyişmişdi.  
Şeyxin  imperator  məqamlarından  gözlənilməz  və  ümumilli  mənafelərə 
söykənən tələb və ricaları Peterburqda Pobedonosevi silkələyirdi. Şeyxülislam rus 
imperiyası  tarixində  müsəlmanların  ilk  rəhbəriydi  ki,  səltənət  məqamlarından 
Qafqaz  müsəlmanları üçün  yüksək ixtisaslı ruhanilər  yetişdirilməsi  məqsədilə  Ali 
Ruhani Məktəbinin yaradılmasını tələb edirdi. 
"Qafqaz şeyxülislamı mərhum Şeyx Əhməd Səlyani otuz  il bundan əqdəm 
məmləkətimizin  özündə  qabili-molla  və  axund  yetişdirmək  üçün  bir  məktəbi-
ruhani  layihəsi  tənzim  edib  hökumətə  təqdim  etmiş  idi.  Bu  layihə  şurayi-dövlət 
məclisində  müzakirə  olunduğu  zaman  imperatorun  əmisi  bulunan  sabiq  Qafqaz 
canişini Veliki Knyaz Mixail Nikolayeviç həzrətləri dəxi müsəlmanlar üçün böylə 
bir  məktəb  təsəvvürünün  qüvvədən  felə  çıxarılmasını  tələb  etdiyi  halda 
müşarüleyhə  şiddətlə  etiraz etmiş idi  ki: "Biz  müsəlmanların  nur  maarif ilə  xabi-
qəflətdən oyanmasına yol verəcək qədər dəlimiyiz?"
7
 


 
Bu tarixi hadisəni Əli bəy Hüseynzadə  "Məsaülül-həyat" adlı  məqaləsində 
yazır. Etiraz edən isə Əli bəyin təbiriycə desək, "xalqın nicat və səadətini cəhalət 
və  əsarətdə"  görən,  yalnız  müsəlmanların  deyil,  ümumiyyətlə,  bütün  Rusiya 
elminin və maarifinin düşməni kimi ad çıxarmış sinodun baş prokuroru Konstantin 
Pobedonosev idi. Rusiya tarixində  hüquqşünas kimi məşhur olan, III Aleksandrın 
və  II  Nikolayın  hüquq  müəllimi  Pobedonosev  təkcə  müsəlmanların 
maariflənməsinin əleyhinə deyildi, Rusiyanın mənəvi həyatında Tolstoyun rolu ilə 
əlaqədar 1891-ci  il  yanvar ayının 1-də  çar III  Aleksandra  yazdığı və "Tolstoy öz 
ağılsızlığının  fanatikidir"  cümləsi  ilə  başlayan  məktubundan  da  görünür  ki, 
gerçəkdən də bu adam, ümumiyyətlə, maarif və düşüncə işığının qənimi olub. 
 
* * * 
 
...Şeyx  həzrətləri  fikir tariximizin  görkəmli  nümayəndələrinin  həyatında  iz 
qoymuşdu. Qasım bəy Zakiri və oğullarını sürgün bəlasından xilas edənlərdən biri 
şeyxülislam Əhməd Hüseynzadəyə Zakir, Seyid Əzim Şirvani şeirlər həsr edirdilər. 
Seyid  Əzim  Şirvani  onu  "hikmətin  əvvəlinci  loğmanı",  "riyazi  şəriətin  şəcəri", 
"Küntü  kənzin"  hədisinin  səməri",  "Vəhdət  dənizinin  gövhəri"  adlandırırdı. 
Şirvaninin  təqdimatında  şeyxülislam  Əhməd  Səlyani  "əhli-elmin  mümtazı",  elmi 
"əllaməyə naz edən" bir alimdi və əhli-islam axund Əhməd Hüseynzadənin lütfünə 
möhtacdı.  Seyid  Əzim  "Şeyxülislam  Molla  Əhməd"  adlı  şerində  onun  üstün 
məziyyətlərini belə yüksək dəyərləndirirdi.

 
* * * 
 
Şahzadə  Mirzə  Yusif  xanın  1862-ci  ildə  Mirzə  Fətəli  Axundova  yazdığı 
məktubda  Axund  Əhməd  Səlyani  ilə  bağlı  belə  bir  maraqlı  məqam  var:  "Mən  o 
cənabı,  mollalar  silkindən  hesab  etmirəm.  Mən  onu  ruhani  alimlərdən  bilirəm". 
Eyni  fikri  bir  müddət  sonra  1935-ci  ildə  Sultan  Məcid  Qənizadə  "XIX  əsrin  axır 
illərində  maarif  və  ədəbiyyata  dair  xatirələrim"  adlı  əsərində  davam  etdirir: 
"Türkiyədə  ad  qazanmış  salyanlı  filosof  Əli  bəy  Hüseynzadənin  babası...  Axund 
Molla Əhməd şeyxülislamm məsnəfində sair axund və şeyxlər kimi... deyil idi. Öz 
nəvələrinin və sair əqrabasının təhsili yolunda fədakarlığı çox idi. Bizləri görəndə 
hal-əhvalımızı yoxlayıb dərdimizə qalırdı".
9
 
Şeyx  həzrətləri  ortodoksal,  yaxud  ehkamçı  olmadı.  XIX  yüzillikdə  ərəb 
əlifbasının islahatını şəriətə zidd hesab etməyən bir şeyxülislam təsəvvürə gətirmək 
Şeyx  Əhməd  Səlyani  fenomeni  istisna  olunarsa,  sadəcə  mümkün    olmayacaq. 
Axund  Əhməd  Səlyaninin  əlifba  təəssübkeşlərinə  ünvanladığı  bir  yazısından  bəzi 
məqamları   xatırlatmaq yerinə düşər. Şeyxülislam, bəli, məhz şeyxülislam yazırdı: 
"Hərgah, hərfin surət və əşqası təqdir tapırsa, onlar dad və fəryad edirlər ki, hay, 
din  getdi!  Vay,  məzhəb  getdi!  Quran  —  kitab  təğyir  tapdı.  Heç  onlar  başa 

10 
 
düşməyirlər  və  dərk  etməyirlər  ki,  Quranın...  təğyir  olunmağı  məna  və  əlfazın 
təğyir və təbdilini müstəlzəm deyildir. Çünki müvafiq şəriət məzhər olanların (yəni  
əlfaz  məvinənin) təğyirinə əsla və qətən heç bir yol mütəsəvvür deyildir. Və məna 
yenə öz yerində baqidir ki, hərgiz şəri-ənvara müxalif olmaz".
10
 
...Azadfikirliliyə  ehtiramla  yanaşan  Şeyx  Əhməd  Ruhül-qüdsə  göndərdiyi 
ismarıcında  bəyan  edirdi:  "Doğrudur,  mən  də  şeyxülislamam.  Amma  Ruhül-
qüdsün əqidələrini inkar edən İstanbul şeyxülislamı kimi deyiləm". 
Axund  Əhməd  Səlyanı  şeyxülislamlıq  kürsüsündə  32  il  fasiləsiz  çalışdı. 
Nəinki təkcə ruhanilər, eləcə də  demokratik fikirli ziyalılar arasında  böyük nüfuz 
və  söz  sahibi  oldu.  Onu  "Qafqazın  birinci  adamı"  kimi  dəyərləndirən  müasirləri 
ifrata  varmırdılar.  Gerçəkdən  də  yüksək  tolerantlığı  və  elmə,  maarifə  yönəli 
tədbirləri, Qori Müəllimlər Seminariyası yanında "ölkənin yalnız türk əhalisi üçün 
müstəqil Azərbaycan şöbəsi"nin açılması sahəsində Mirzə Fətəli Axundovla birgə 
göstərdiyi  xidmətləri"  və  s.  yaşadığı  dönəmdə  Şeyx  Əhməd  Səlyanini  Qafqazın 
birinci adamına çevirmişdi. 
Parisdə nəşr olunmuş "Hesab" dərsliyini mütaliə etməyə vaxt tapan, yaxud 
yeni  tərtib  olunmuş  əlifbada  sait  və  samit  hərfləri  şəxsən  özü  gözdən  keçirmək 
istəyən  şeyxülislam,  əlifbanın  islahatı  yolunda  maneə  törədən  İstanbul 
nazirlərindən  narazı  olduğunu  da  açıq  bildirirdi  və  "sünnülərin  öz  kitablarında 
köhnə... əlifbanın dəyişilməsinin şəriətə müxalif olmadığına dair fitva" axtarırdı.
12 
 
* * * 
 
Çox erkən yaşlarında atasını itirən Əli bəy Hüseynzadə belə kamil, mötəbər 
bir şəxsiyyətin himayəsi və tərbiyəsi ilə  böyümüşdü. Şeyx Əhməd şeyxülislamlıq 
görəvində əmisinin varisi idi. Qafqaz müsəlmanlarının Axund Əhməddən əvvəlki 
Şeyxülislamı Məhəmmədəli Hüseynzadə Axund Əhmədin əmisi və qayınatasıydı. 
Şeyxülislam Məhəmmədəli Səlyani də  millətin maarifə  yönəlməsi yolunda 
müstəsna  xidmətlər  göstərmişdi.  Məhəmmədəli  22  yaşında  Tiflisdə  şiə  məzhəbi 
üzrə  Qafqaz  müsəlmanlarının  ruhani  rəhbəri  seçilmişdi.  1847-ci  il  dekabr  ayının 
12-də  "Qafqazda  birinci  olan  Tiflis  şiə  məktəbinin"  layihəsinin  müəllifi  də  axund 
Məhəmmədəli Hüseynzadə olmuşdu. Bu məktəb məşhur "Əli təriqi üzrə müsəlman 
ruhani  məktəbi"ydi.  Şeyxülislam  Məhəmmədəlinin  tərtib  etdiyi  layihədə  "məktəb 
və  mədrəsələrin  çoxəsrlik  təcrübəsi  ilə  yanaşı,  mövcud  dövlət  məktəblərinin 
təcrübəsi də əsas götürülmüşdü".
13 
 
1792-ci  ildə  anadan  olmuş  Axund  Məhəmmədəli  şeyxülislamlıq  görəvində 
1813-cü  ildən  etibarən  39  il  çalışıb.
14
  Təqaüdə  çıxması  ilə  əlaqədar  Qafqaz 
canişininə yazdığı "Məlumat vərəqəsi"ndə qeyd etdiyi kimi o, 22 yaşından tamam 
qocalanadək  həmin  vəzifədə  çalışmışdı.  Axund  Məhəmmədəli  vəzifəsini  tərk 
edərkən  öz  yerinə  qardaşı  oğlu  axund  Əhmədin  təyin  edilməsini  xahiş  etmişdi. 
Beləcə,  əmi  və  qardaşoğlu  Hüseynzadələrin  timsalında  Əli  bəyin  babası  və 

11 
 
nənəsinin  atası  -  Hüseynzadələr  Cənubi  Qafqaz  Ruhani  idarəsinə  71  il  başçılıq 
etmişdilər. 
 

Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin