AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


II FƏSİL OCAQLARLA, PİRLƏRLƏ BAĞLI



Yüklə 0,77 Mb.
səhifə5/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

II FƏSİL

OCAQLARLA, PİRLƏRLƏ BAĞLI

MƏTNLƏRİN JANR ÖZƏLLİYİ

Azərbaycan şifahi xalq ədəbiyyatında ocaq, türbə və pir­lər­lə əlaqədar söylənən bütün mətnlər əsasən, əfsanənin bir qolu olan dini əfsanə və mənqəbə adlanan iki janrda toplanmışdır. Daha doğrusu, istər hər hansı bir təriqətə mənsub olan övliya, dərviş, istərsə də təriqət mənsubiyyəti olmayan və ya təriqətə münasibəti bilinməyən imam övladları seyidlərin kəramətləri həm dini əfsanələrin, həm də mənqəbələrin mövzusu olmuşdur. Ancaq bir qayda olaraq mənqəbələrin yaranmasında dini əfsanə­lərin rolunu da qeyd etmək lazımdır. Xalq arasında tam şəkildə əfsanə və ya mənqəbə adlandırılması çətin olan bəzi mətnlər də vardır ki, bunları şərti olaraq mənqəbə janrı adı altında öyrən­məyin doğru olacağını düşündük. Ancaq ümumilikdə götürdük­də əfsanə və mənqəbə bir-birinə yaxın olsalar da, bu janrlar ara­sında fərq var­dır ki, bu haqda daha sonrakı yarımfəsildə da­nışı­lacaqdır. Belə­lik­lə, bu iki janrın spesifikası, funksiyası və nəha­yət, rolu haqqında məlumat verməklə ocaqlar və pirlər haqqında söylənən mətnlərin xüsusiyyətini araşdırmağın daha asan olacağını düşünmək olar. Bu fəsildə və yarımfəsillərdə onlardan ayrıca bəhs olunacaqdır.

Bir mühüm məsələ də Azərbaycanda ocaq, türbə və pirlər­lə bağlı kəramətlərdən bəhs edən əfsanə və xüsusən də, mənqə­bələrin kifayət qədər toplanıb nəşr edilməməsidir. Ən əsası da onların müasir folklorşünaslığın nailiyyətləri baxımın­dan tədqiq edilməməsidir. Həm də kəramət motivlərinin bir çox əfsanə, rəvayət və mənqəbə üçün müştərək olduğunu da unutma­maq lazımdır. Burada araşdırılacaq əfsanə və xüsusən də mən­qəbələr haqqında elmi-nəzəri mülahizələr dünya folklorşünas­lığının me­todologiyasına dayanılaraq aparılmışdır. Elmi-nəzəri görüşlərin formalaşmasını təmin edən, onları tamamlayan mətnlər isə, əsa­sən, Cənub bölgəsinin rayonlarından biri olan Masallıdan top­lan­mış materiallar üzərində aparılmışdır.

Əfsanələr

Azərbaycan folklorunun geniş yayılmış janrlarından biri olan əfsanələr məzmununa görə rəngarəngdir. Əfsanələrdə dün­ya­nın ya­ranmasından, yerlə göyün bir-birindən ayrılmasından, ulduzlardan, Günəşdən, Aydan, dağdan, çaydan, qalalardan, adı dillər əzbəri olan igidlərdən, tarixi şəxslərdən, halallıqdan, düz­lükdən, bir sözlə, bizi əhatə edən həyatın və insanın, dünyanın və təbiətin xüsu­siyyətlərindən bəhs olunur. Əfsanələrin böyük bir qrupunu da təbii olaraq dini məzmunlu əfsanələr təşkil edir. Dini əfsanələr keç­mişdən İslamın ortaya çıxmasına qədər qəbul etdiyimiz dinlərin təsiri ilə yaranmışdır. Xüsusən, İslam dininin yayılmasından sonra dini əfsanələrin məzmunu yeni-yeni çalar­lar­la daha da zənginləşdi. Zaman keçdikcə dini kitablara da dü­şən bu əfsanələr uzun müddət şifahi repertuarda yaşamış, dinin prinsiplərini, fərzləri, peyğəmbər, səhabələr, imamlar, imam övladları, din uğrunda vuruşan qazilər, din uğrunda şəhid olanlar haqqında xalqı məlumatlandırmış, maarifləndirmişdir və bu gün də maarifləndirməyə davam edir.

Peyğəmbərlər, imamlar və din böyükləri, Allah dostları və­­li­lər haqqında yaranan dini əfsanələr yavaş-yavaş övliya kul­tunu əmələ gətirmişdir. Konkret olaraq desək, həmçinin də Azər­­baycanın Cənub bölgəsində ocaqlar, pirlər və türbələrdə yatan seyidlər haqqında yaranan mətnlərə çevrilmişdir. Bu pro­sesin tarixi seyrini izləmək mümkün olmasa da, hər halda öv­liyalar, xüsusən də, ocaqlar və pirlər haqqında yaranan dini əf­sa­nələrin və mən­qə­bələrin nisbətən daha gec formalaşdığını de­mək mümkündür. Təbii ki, övliyaların, pirlərin fövqəladəlik­ləri ilə bağlı əhvalatlar xalqın təfəkküründə müqəddəsləş­dirilərək əfsanələrin və mənqəbələrin mövzusu olmuşdur. Bu əfsanələr dini, dini-irfani məzmunda oldu­ğu üçün keçmiş Sovet­lər İttifa­qında toplanmasına və araşdırılma­sına diqqət edilmə­miş, bəzən toplanılıb öyrənilməsi qadağan olun­muşdur. Buna baxmayaraq 1960-cı illərdən sonra, az da olsa, dini mövzulu əfsanələrdən daha çox ümumi məzmunlu olanları nəşr edilmiş və əfsanə ilə bağlı təsnifatlarda onların adları çəkilmişdir.

Funksional-semantik baxımdan dini əfsanələrin böyük bir qismi Haqq dini olan İslamı təbliğ etmək, onun müqəddəsliyini, böyüklüyünü, halallığını, qurtuluşa aparan ən doğru din oldu­ğunu göstərmək üçün yaradılmışdır. Dini əfsanələrin qaynağı bir qayda olaraq Qurani-Kərim, hədislər, şərh kitabları, peyğəm­bər­lər haqqında yazılan Siyari-nəbi adlı kitablar, qissələrdir. Özəl­liklə İslam dininin yayıldığı geniş coğrafiyada musəvi və xris­tian peyğəmbərlər haqqında Quranda verilən məlumatların məz­mu­nu zamanla savadlı din nümayəndələri tərəfindən şifahi şə­kil­də danışılmaqla geniş­lən­di­ril­miş, zənginləşdirilmiş, əfsanə for­ma­sına salınmışdır. Daha sonralar bu əfsanələr, nəhayət, xalq ara­sında məzmun və formaca dəyişikliyə uğrayaraq yeni şəkil almışdır. Öncə şifahi şəkildə yayılan bu dini əfsanələr, sonradan kitablaşdırıl­mış, savadlı din nümayəndələri də kitablardan oxu­yub öyrəndiklərini yas məclislərində, dini söhbətlərdə danış­ma­ğa başlamışlar. Beləliklə, sözdən yazıya və təkrar yazıdan sözə keçməklə dini əfsanələr yeni təhkiyə özəlliyi qazanmışdır.

Burada savadlı din nümayəndələrinin Tövrat və İncildə möv­cud olan eyni məzmunlu məlumatlardan da istifadə etdiklə­rini və bunların sintezindən faydalanmaqla yeni mətn yaratdıq­larını da demək lazımdır. Sonradan kontaminasiya edilən bu miflər və ya mifik məzmunlu hekayələr mömin insanların ən çox danışdıqları və dinlədikləri əfsanələr olmuşdur (11, 200). Tə­bii ki, dini əfsanələr də daxil olmaqla ümumən əfsanələrin, hət­ta mənqəbələrin məzmununda mifik düşüncə, mif mətni var­dır. Ümumən əfsanələri, konkret olaraq da dini əfsanələri ma­raqlı, məzmunlu edən də bu mifoloji ünsürlərdir.

Hər halda istər dini olsun, istərsə tarixi, istərsə də coğrafi, bir sözlə, ümumi məzmunlu olsun, əfsаnələrin yаrаnmаsında mif hər zaman mühüm rоl оynаmışdır. Bu məlum həqiqət Azər­baycan folklorçularının da diqqət nəzərindən qaçmamış, mifoloji görüşlərin, kosmoqonik mətnlərin əfsanələrin yaranmasında mühüm rol oynadığı vurgulanmışdır (20, 189-203; 24, 68-87).

Mifik hekayələr əvvəlki strukturunu, qismən də məzmu­nunu itirsə də, müəyyən zаmаn mərhələlərində unudulsа da, yаd­­dаşlаrdаn tamamilə silinmir və yaddaşlarda qalanlar yеni fоr­­mаdа – əfsаnə biçimində, rəvayət, mənqəbə mətnində özünü mü­hаfizə еdə bilir. Mif və əfsаnə еyni zаmаndа tаriхi zаmаnlа, tаriхi zаmаnın müəyyən hаdisələri ilə də bаğlıdır. Mifik düşün­cənin qorunması baxımından dünya folklorşünaslığında əfsanə probleminin öyrənilməsi xüsusi yer tutmuşdur. Alimlər əfsanə mətnlərinin necə yaranması haqqında diskussiyalar aparmış, bu mətnlərin hətta klassifikasiyalarını da müəyyən etməyə çalışmış­lar. S.Tomp­son, A.Aarne, K.Çistov, E.M.Meletinskiy, P.N.Bora­tav, A.Püs­küllüoğlu və b. əfsanə haqqında dəyərli bilgilər ver­miş, əfsanələrin özəlliklərini tədqiq etməyə çalışmışlar. Azər­bay­­canda əfsanə janrı və onun xüsusiyyətləri ilə ən çox məşğul olan professor Sədnik Paşayev olmuşdur. Məsələn, S.Paşayev Azərbaycan əfsənələrinin üç yolla yarandığını qeyd edir:

1. Şifahi yolla, müstəqil bir növ kimi: Dədə Günəş, Aldədə əfsanələri, Qız qalaları əfsanələri, Ovçu Pirim əfsanələri və s.;

2. Nağıl və dastanların daxilində, onların tərkib hissəsi ki­mi: Tapdığın nağılı, Dürat, Qırat, Misri qılıncla bağlı əfsanələr;

3. Klassik sənətkarların əsərlərindən bəhrələnərək yayılan əfsanələr: Nizaminin “Xəmsə”si, Arif Ərdəbilinin “Fərhadna­mə”­­si, Əssar Təbrizinin “Mehr və Müştəri”si əsasında yarananlar (31).

F.Bayatın da qeyd etdiyi kimi, əfsanələr müstəqil bir janr olana və araşdırılana qədər dastanın, nağılın, ayrı-ayrı miflərin tər­kibində mövcud olmuş, onlara xas olan xüsusiyyətlərlə dona­tıl­mış­dır (45, 127). Əfsanənin müstəqil bir janr kimi formalaş­ması və mi­fik düşüncəni özündə yaşatması daha sonrakı dönə­min məhsulu­dur. Təbii ki, bütün hallarda mif öz ritual əsasla­rından məhrum olduqdan sonra nağılın, əfsanənin, rəvayətin, atalar sözlərinin və b. janrların içində əriyir, onların məzmununu təyin edir. Ona görə də E.M.Meletinskiy mifin diferensiallaş­ma­sından, onun nağıla keçmə­sindən danışarkən qeyd etdiyi proses (97, 284-296), əsasən, mifdən əfsanələrə keçiddə baş verir: mə­ra­simlərin sona çatması, dini mahiyyətin, mifoloji hadisələrin həqiqiliyinə inamın zəifləməsi, ayin və ritualın da öz əhəmiy­yətini itirməsi və aradan çıxması, unu­dulması, uydurmanın şüur­lu şəkildə yaradılması, etnoqrafik mü­kəmməlliyin itirilməsi, ila­hi mənşəli mifoloji qəhrəmanların adi qəhrəmanlar ilə əvəz olun­ması, mifoloji zamanın bilinməyən bir zaman tipinə çevril­məsi, diqqətin kollektivdən çox şəxsiyyətin üzərinə keçirilməsi və s. ilə bağlıdır (98, 142). Bütün bunların ha­mısı əfsanə janrının formalaşmasında əsas faktorlardan biridir.

Miflərdə bir çox məsələlər açılmamış, gizli, sakral, ümumi şəkildə qaldığı halda, əfsanələrdə bunun tərsini görürük. Əfsanə müqəddəs olanı izah edir, fövqəladə olan insanlar, əşyalar haq­qında məlumat verir. Burada qeyd olunması lazım olan bir məsələ də əfsanənin tarixi hadisələri əks etdirməsi, tarixi şəxslər haq­qında olmasıdır. Ancaq əfsanə tarix deyil, tarixlə sıx əlaqəsi olan bir janrdır. Ona görə də dini əfsanələr digər janrlardan fərqli olaraq tarixə daha yaxın olması, tarixi hadisələr və tarixi şəxslər haqqında məlumatı bədiiləşdirərək təqdim etməsi ilə seçilir (45). Əfsanənin tarixlə əlaqəsinə diqqət çəkən R.A.Georgesin də yazdığına görə, əfsanə ”yaxın və ya uzaq keçmişdə də olsa, tarixi bir dövrdə baş vermiş və söyləyənlə dinləyənin həqiqət olduğuna inandığı bir hekayə və ya söyləntiyə” çevrilmişdir (53, 14). Əfsanələrdə yaşanan, həqiqətdə baş verən məlum bir hadisənin izləri görünür. Bəzi əfsanələrdə “Oğlan-qız daşı”, “Oğlan bulağı”, “Qız bulağı”, “Gəlin qayası”, “Qız qayası” və s.-də tarixi hadi­sələrin ən dərin qatları ilə bərabər dini məzmun da yaşayır.

Əfsanələr haqqında ayrı-ayrı tədqiqatçılar fikir söyləmiş, bir-birindən fərqli təsnifatlar aparmışlar. Burada bu təsnifatların hamısı haqqında fikir bildirməyə ehtiyac yoxdur. Sadəcə, onu demək lazımdır ki, bunlar janra müxtəlif baxımdan yanaşmanın nəticəsi olub, bəzən əfsanə, rəvayət, mənqəbə, mif arasında fərqi görə bil­mə­məkdən və ya əfsanə anlayışına daha geniş məna yük­ləməkdən irəli gəlir. Təbii ki, əfsanə ilə rəvayət arasındakı fərq Azərbaycan folklorçularının da diqqət mərkəzində olmuşdur (1, 3-18; 34, 8-39).

Ona görə də kosmoqonik, antropoqonik, dini əfsanələr ki­mi təsnifatlar ortaya çıxmışdır ki, bunların mifik hekayələr ol­duğu məlumdur. Hər halda bu günə qədər əfsanə haqqında ən geniş və hərtərəfli təsnifatı Pertev Naili Boratav vermişdir:



  1. Dünyanın yaradılışı və sonu ilə bağlı əfsanələr

  2. Tarixi əfsanələr

  1. Bəlli yerlərin mənşəyi (dağlar, göllər və s.)

  2. Yaşayış yerlərinin mənşəyi (şəhərlər, kəndlər və s.)

  3. Böyük binaların mənşəyi (kilsələr, camilər, məscidlər, körpülər və s.)

  4. Xəzinələr

  5. Millətlərin, hökmdar sülalələrinin və ictimai təbəqələ­rin, siniflərin mənşəyi

  6. Fəlakətlər

  7. Tarixi şəxsiyyət kimi bilinən qəhrəmanların qalib gəl­dik­ləri qeyri-adi gücə sahib vəhşilər

  8. Döyüşlər, fəthlər, istilalar

  9. Mövcud sistemə üsyan edənlər

  10. Digər hadisələr və müdriklər, mədəni qəhrəmanlar, alim­­lər, şairlər

  11. Eşq və ailə həyatı

  12. Kiçik bir toplumun bir parçası olan digər insanlarla bağlı əfsanələr

  1. Qeyri-adi şəxslər və varlıqlar haqqında əfsanələr

  1. Alın yazısı

  2. Ölüm və sonrası

  3. Qorxulu yerlər

  4. Təbiətin bir parçası olan yerlərin (meşə, göl və s.), heyvanların sahibləri (qoruyucuları)

  5. Cinlər, pərilər, əjdahalar və s. bağlı əfsanələr

  6. Şeytan

  7. Xəstəlik və şikəstlik gətirən varlıqlar (albastı kimi)

  8. Qeyri-adi gücləri olan insanlar (sehrbaz, ovsunçu və s.)

  9. Mifik səciyyəli heyvan və bitkilər (adamotu kimi) haq­qında əfsanələr

  1. Dini əfsanələr (53, 113).

Qeyd etmək lazımdır ki, mifoloji və dini əfsanələrdən S.Pa­şayev də öz əsərlərində verdiyi təsnifatda geniş bəhs etmiş­dir (34, 60).

Mifoloji əfsanələrin mayasını inanclar, etiqadlar təşkil edir. İnanclara əməl edənlər və əməl etməyənlər əfsanələrdə daşa, ağa­ca və s. çevrilə bilirlər. Ancaq bu çevrilmənin mahiyyət baxı­mın­dan fərqli tərəfləri vardır. İnanclara əməl edənlər xilas olmaq, baş verə biləcək fəlakətin qarşısını almaq üçün Tanrıya yalvarmaqla hər hansı bir əşyaya – daşa, ağaca, qayaya, quşa və s. çevrilirlər. Əməl etməyənlər isə müqəddəs olanları ələ saldıqları, hörmət­siz­lik göstərdikləri, sözə əməl etmədikləri və s. üçün Tanrı tərə­fin­dən cəzalandırılırlar. Məsələn, çoban Tanrıya nəzir dediyi qurban­ları vermədiyinə görə, yəni inanca əməl etmədiyinə görə, daşa çevrilir (tabu pozulmuşdur), yaxud gəlin namusun hər şeydən üstün olduğu inancına əməl edir, bu da onu ağaca, yaxud quşa dön­dərir. Əfsanə və rəvayətlərin bir xüsusiyyəti də odur ki, müx­təlif zaman çevrəsində yaranan bu nümunələr zamanın sonrakı tə­sirlərinə məruz qalaraq, formasını, üslubunu, hətta dil xüsusiy­yət­lərini, bədii ifadə vasitələrini dəyişdirir, artırır, azaldır, təkmil­ləş­dirir, əvvəlki variantından seçilmək imkanına malik edir (34, 70). Əfsanələrdə romantika, xəyal, emosiya, təxəyyül xalqın fan­tazi­yası ilə birləşir və beləliklə, mifoloji məzmunlu əfsanələr za­man­la dini əfsanələrə çevrilərək repertuarda yaşamağa davam edir.

Sadəcə, dini əfsanələr deyil, bütövlükdə həm toponimik, həm mifoloji, həm tarixi əfsаnələrin əksəriyyətində mifоlоji-ri­tuаl əsаslаr vаrdır. Bu isə оnlаrın mifоlоji dünyаgörüşünün mü­hüm хüsusiyyətlərini, mifоlоji şüurun fоrmаlаşdırdığı inаnclаrı əks еtdirməsini göstərir. Əfsаnələrin məzmunu həmin mifоlоji inаnc­lаrın əsаsındа fоrmаlаşır və milli-mifоlоji dəyərləri əks еt­dirir. Epik təhkiyə janrları içində həcminin dastandan, nağıldan kiçik olması ilə seçilən əfsаnələrin аlt təbəqəsində mifoloji ün­sür­lər giz­li şəkildə qorunur. Ancaq folklor janrı olduğuna görə bir qayda olaraq əfsаnələrdə kosmoqonik, antropoqonik, esxa­tolojik mahiy­yət itmişdir. Nağıl kimi əfsаnələr də mifoloji rituаl köklərindən uzаqlаşаrаq yavaş-yavaş dеmifləşmiş, müqəddəs­liyini mətnin alt qatında saxlamışdır. Buna baxmayaraq, dərin qatlardakı mifoloji ünsürlər əfsanənin əsas xüsusiyyəti olaraq qalır. S.Pаşаyеv haqlı olaraq yаzır кi, hər hаnsı bir əhvаlаt, hаdisə və tаriхi кеçmiş о zаmаn əfsаnəyə çеvrilir ki, о, əsаtirlə bаğlаnır (33, 75).

Folklor janrlarının demək olar ki, böyük əksəriyyətinin, o cümlədən əfsanə və rəvayətin əsasını hansısa mifoloji görüş, kon­kret desək, inanc təşkil edir. İnanclar istər mifoloji olsun, istərsə də şamanist qaynaqlı olsun, kökü baxımından ibtidai dini görüş­lərlə bağlıdır. Geniş məzmunlu inanclardan fərqli olaraq mifik düşüncə mətn formasında miflərdə əks olunur. Eyni bir mifik düşüncənin müəyyən fərqlərlə həm mifdə, həm əfsanədə, həm də rəvayətdə əks olunduğunun şahidi olmaq mümkündür. Bu, mifdə əks olunmuş dünyagörüşün əfsanə və rəvayətə trans­formasiyası deməkdir. Ancaq burada əfsanə ilə rəvayətin qarşı­lıqlı təsiri ilə bərabər, onların fərqli tərəflərini də demək lazım­dır. Azərbaycan folklorşünaslığında bu məsələ ilə bağlı ən son araşdırmada əfsa­nə­nin rəvayətdən fərqli cəhətləri daha elmi üsul­larla göstərilmiş­dir (1, 3-19). Hər halda deyilənlərdən mifin ilkinliyini, əfsanə və rəvayətlərin, hətta mənqəbələrin törəmə, son­radan meydana gəlmə olduğunu görmək mümkündür. Mifo­loji düşüncənin daha çox qorunduğu və hətta mətnə çevrilmiş forması əsatirdir. Miflə əfsanə və rəvayət arasında olan yaxınlıq əsatirdən qaynaqlanır. Ancaq epik təhkiyə növü kimi əsatir mif deyil, mifdə əks olunmuş mifoloji dünyagörüş sisteminin sax­lan­dığı mətnləşmiş qəlibdir. S.Paşayev yazır ki, əsatir (mif nə­zər­də tutulur) sadəcə olaraq, Günəş, Ay, ulduz, tanrılar panteo­nu, ümumiyyətlə, təbiətdə baş verən müxtəlif əhvalat və hadi­sələr haqqında hekayətlər toplusu deyil. Əsatir əslində təbiət, yaxud həyat hadisələrinə adamların baxışını xəyali bir şəkildə əks etdirən şifahi hekayətlərdir (5, 11). Bu şifahi hekayətlər müxtəlif məzmunlarda – kosmoqonik, etno­qonik, təqvim, es­xatoloji şəkillərdə funksionallaşaraq hazır qəlib­lərə uyğun və­ziyyətə gətirilir. Ona görə də folklor janrları ara­sında mifoloji düşüncə mətn işarəsi kimi qeyri-bərabər paylanır. Bu, yaddaşdan asılı olan bir məsələdir. Belə olduqda yaddaşlarda qalan hər hansı dünyagörüş modeli və mətn tipi qəlibə uyğun şəkildə formalaşır. Mifoloji dünyagörüşdən danışanda əsatirə ekvivalent kimi mif terminindən də istifadə edilir ki, bu da mətn mənasında əsatirin funksiyasının eynisidir.

Əfsanələrdən və rəvayətlərdən fərqli olaraq dini əfsanə­lər­də mövzu daha da konkretləşir, məqsəd aydınlaşır. Azərbaycan dini əfsanələri, təkcə dini görüşləri deyil, həm də dinin müqəd­dəsləşdirdiyi adamları qəhrəmana çevirir. Belə şəxslər şərə qarşı çıxır, zülmə üsyan edir, ədaləti bərpa edir və s. (5, 15). Bəzən dini əfsanələrdə xeyir və şər motivlərindən, dünyanın yaranma­sında Allahın rolundan, şeytanın hərəkətlə­rindən də bəhs edilir. Bu cür əfsanələr mövzusuna görə kos­mo­qonik məzmunlu əsa­tirlərə yaxındır. Əslində bunlar möv­zusuna və ideyasına görə ən qədim əfsanələrdir. Dini əfsa­nələr heç də hər zaman, sadəcə, dini məz­munu əks etdirmir, eyni zamanda, xalqın sosial həyatını tərənnüm edir, ümumi məişət problemlərini də həll edir. Bu əfsanələrə tipoloji yöndən də yanaşmaq mümkündür. Dini və dünyəvi həyatı dərk etməyin psixoloji üsulları əfsanələrdə xü­susi yer tutur.

Burada Azərbaycanda əfsanələrin təsnifatı təcrübəsin­dən də danışmaq lazımdır. Аzərbаycаn folklorşünasları əfsа­nələri dünya təcrübəsindən fərqli olaraq başqa kriteriyalarla qruplaş­dırırlar. Məsələn, P.Əfəndiyеv əfsаnələri аşаğıdакı qruplаrа böl­müşdür:

1. Hеyvаnlаr, quşlаr hаqqındа olan əfsаnələr;

2. Yеr аdlаrı, qаlаlаr, аbidələr və s. hаqqındа оlаn əfsаnə­lər;

3. Tаyfа, еl, хаlq, nəsil, tоtеm аdlаrı bildirən əfsаnələr;

4. Nizаmi Gəncəvinin yаrаdıcılığı ilə bаğlı оlаn əfsаnələr;

5. Ailə-məişət, хаlqın аrzu-istəkləri hаqqındа olan əfsаnə­lər (yа dа ictimаi məzmunlu əfsаnələr);

6. Tаriхi şəхsiyyətlərlə bаğlı əfsаnələr;

7. Səmа cisimləri hаqqındа əfsаnələr;

8. Dini əfsаnələr (19, 131).

P.Əfəndiyev folklorun digər problemləri ilə bərabər (16; 17; 18) əfsanə ilə bağlı təsnifat məsələsinə yenidən baxmış, Azər­­­baycan əfsanələrinin bölgüsündə dini əfsanələrə yenidən yer vermişdir.

Bundаn bаşqа əfsаnələrin təsnif еdilməsində V.Vəliyе­vin, S.Pаşаyеvin və bаşqаlаrının prоblеmə bахışlarındаn yаrаrlаn­mаq da оlаr. Əfsanələrin təsnifatı ilə müntəzəm şəkildə məşğul olan folklorçulardan biri də S.Pаşаyеvdir. O, “Аzərbаycаn хаlq əfsаnələri” кitаbındа əfsаnələri bu dəfə 10 qrupа bölür, bu bölgüyə Dədəgünəş, Sаrа hаqqındа əfsаnələr, Коrоğlu hаqqındа əfsаnələr, qədim qаlаlаr hаqqındа əfsаnələr кimi хüsusiləş­diril­miş əfsаnələri də dахil еdir (31, 182-185). Sonralar da S.Pa­şayev əfsanə mövzusuna aid yazdığı əsərlərində onların təsni­fatına nəzər salmış, bəzi dəqiqləşdirmələr aparmışdır (34).

V.Vəliyеv isə əfsаnələrin təsnifini аşаğıdакı qаydаdа аpаrır:

1. Əsаtirlə bаğlı əfsаnələr;

2. Təbiət hаdisələri və hеyvаnlаr, bitкi və аğаclаrlа bаğlı əfsаnələr;

3. Tаriхi hаdisə, şəхsiyyət və аbidələrlə bаğlı əfsаnələr;

4. Dini əfsаnələr;

5. Qədim dövr ədəbiyyаtımız və Nizаmi yаrаdıcılığı ilə bаğlı оlаn əfsаnələr (38, 272).

V.Vəliyеv Аldədə ilə bаğlı əfsаnələrin gеniş yаyıldığını gös­tərir və yаzır кi, “mifоlоji təfəkkürün аrаdаn çıхdığı vахtdа bu əsаtirlərin “nüvəsi” əfsаnələrin yаrаnmаsı üçün mənbə оl­muş­dur” (38, 272). Hər halda Azərbaycan folklorçuları dini əfsanələrin varlığını inkar etməmişlər və bölgüdə doğru olaraq dini əfsanələri alt başlıq kimi vermişlər. Həm də onlar əfsanə janrının yaran­masında əsatirlərin (miflərin) rolunu düzgün qiy­mətləndirmişlər.

Türkiyədə əfsanə araşdırmalarında dini əfsanələrə də mü­hüm yer ayrılmışdır. Əfsanələrin müəyyən tarixi dövrlərdə tə­şək­kül etdiyini bildirən bu tədqiqatçılar onların məzmununda dini ünsürləri xüsusi olaraq vurğulamışlar. Ona görə də əfsanə­lərin möv­zusu hər hansı bir hadisə, tarixi və dini bir şəxsiyyət, yaxud müəyyən bir yer ola bilər. Bütün bunlar əfsanələrin mif­lərdən qay­naqlandığını göstərir. Ancaq tarixi dövrlər içində təşəkkül etdikləri üçün əfsanələr miflərdən fərqlənir və ayrılırlar. Miflərdə zaman başlanğıc zamandır. Miflərin qəhrəmanları tanrılar və yarı tanrılar­dır. Əfsanələrdə qəhrəmanların fövqəladə gücləri olsa da, onlar Tanrı və ya yarı tanrı səviyyəsində de­yil­lər. Burada bir önəmli mə­sələ də mifologiyanın daha çox pri­mitiv dövrlərdə və primitiv mə­dəniyyətlərdə meydana gəldiyidir ki, miflər bu dövrün məhsulu olduğu üçün hələ də yaranan əfsanə mətn­lərindən fərqlənir. Mən­qəbələr isə indiki vaxtda da meydana gələ bilirlər. Ona görə də əfsanələr qaynaqlarını mifo­logi­yadan, tarixdən, dindən və gündə­lik həyatdan ala bilirlər. Türkiyədə əfsanə ilə bağlı araşdırmalarda P.N.Bora­tavın təsni­fatı haqqında yuxarıda məlumat verdik. Bu­ra­da əfsanə ilə məş­ğul olan B.Seyidoğlunun fikirləri maraq doğurur.

Bilgə Seyidoğlu əfsanələrin xüsusiyyətlərini üç maddə halında göstərmişdir:

1. Bir inanc ətrafında təşəkkül edənlər. Bu inanc əfsanə­lərin gerçək və doğru olduğu inancıdır.

2. Əfsanələr bilinməyən əsrarəngiz bir aləmi izah edərlər. Bu baxımdan fövqəladə ünsürlər ehtiva edərlər.

3. Əfsanələr, bu tərifə görə miflərin müasirləşmiş şəkli ola­raq ifadə edilməkdə, çox əski hekayələr olduğu deyilmək­də­dir. Bu baxımdan əfsanələr müqəddəs ünsürlər haqqında mə­lu­mat verməklə yanaşı, həm də bu ünsürlərdən təşkil olunurlar (71, 35).

Əfsanələr, gerçək və ya xəyali insanlar, yerlər, hadisələr haqqında məlumat verən, onlar haqqında əhvalat danışan, nisbə­tən qısa hekayələrdir (75, 9). Digər tərəfdən, əfsanələr insan­la­rın, yerlərin və hadisələrin mahiyyəti haqqında izahedici məlu­mat­­lar da verirlər. İzah edilənlərin isə inandırıcılıq xüsusiyyət­ləri vardır. Fövqəladəlik əfsanələrdə, ümumiyyətlə, geniş yayı­lan bir xüsu­siyyətdir. Əfsanələrin müəyyən bir şəkli yoxdur, izah­ları asandır, dili gündəlik danışıq dilinə çox yaxındır (75, 10).

Rus folklorşünaslığında da əfsanə, rəvayət problemi və onun təsnifatı məsələsi diqqət mərkəzində olmuşdur. Mifoloji məzmunlu əfsanələrlə yanaşı, tədqiqatçılar müqəddəs yerlərlə və müqəddəslərlə bağlı əfsanələrə də xüsusi yer ayırmışlar (101, 376 – 379; 82; 93).

Əfsanələrin təsnifatından danışan folklorçuların bir hissəsi dini əfsanələri ayrıca bir başlıq kimi qeyd etməmişlər. Hətta nəşr olunan kitablarda da dini əfsanələrə az yer verilmişdir (4). Onlar dini əfsanələri əfsanənin bir alt qolu kimi təqdim etmişlər. Hal­buki xalq arasında quş dili bilən Süleyman peyğəmbərlə, Da­vudla, Hz.Eyyubla, Yusif peyğəmbərlə, Məhəmməd peyğəmbər­lə və daha çox imamlarla, xüsusən də, Hz.Əli və Hz.Hüseynlə, Hz.Əbülfəzlə, Kərbəla hadisələri ilə bağlı əfsanələr geniş yayıl­mışdır. Bu əfsanələrin sonradan ocaq kimi müqəddəsləşdirilən “Əli ayağı”, (Bakıda və Masallıda) “Fatma nənə təndiri”, (Ma­sallı, İstisu) “Düldülün ayaq izi” (Bakı) və s. müqəddəs yerlərin yaranmasına çox böyük təsiri olmuşdur. Məsələn, Masallı bölgə­sinin “İstisu” adı ilə bilinən yerində xalq arasında müqəddəs sayılan və ziyarət edilən “Fatma nənə təndiri”, Hz.Həsənlə, Hz.Hüseynin ayaq izləri, Fatma nənənin baş suyu kimi ocaq yerləri dini əfsanələrin təsiri ilə yaranmışdır. Xalq niyyət edərək bu təndirə daş parçaları yapışdırır. Fatma nənənin baş suyu haqqında əfsanə də danışılır. Guya o, başını yuyarkən düşmənlər gəlmiş, Fatma nənə də tələsdiyindən başını durulamadan ayranlı (o zamanlar qadınlar başlarını ayranla yuyurdular) suyu yerə tökmüş, darağı da unutmuşdur. Doğrudan da, Fatma nənənin suyu adlanan xalqın şəfaverici adlandırdığı bu su ayran kimi ağdır. Suyun yanında bitən otlar isə tük kimi incədir (118).

Аzərbаycаn əfsаnələrinin təsnif еdilməsində əsаs mеyаr mоtiv hеsаb оlunmаlıdır. Məhz mоtivlərin köməyi ilə əfsаnələri qruplаşdırmаqlа ciddi nəticələr əldə еdildiyinə inanıldığından tədqiqatçıların çoxu bu yolu tutmuşdur. Məsələn, R.Qаfаrlı dа Аzərbаycаn əfsаnələrinin mоtiv tərkibinə əsаslаnаrаq оnlаrı



  • mifik təsəvvürlərə söykənən,

  • göy cisimlərinə həsr оlunаn,

  • təbiət və оnun hаdisələri hаqqındа оlаn,

  • İslаm dininin təsiri ilə fоrmаlаşаn,

  • fоlklоrun bаşqа jаnrlаrındаn süzülüb gələn,

  • yаzılı ədəbiyyаtdаn kеçən əfsаnələr adı altında qruplаş­dırır (23, 254).

Göründüyü кimi, bu təsnifatda tоpоnimiк və еtiоlоji əfsа­nələr yеr аlmаmışdır. Yuxarıda deyilənlərə əsaslanaraq belə nə­ti­cəyə gəlirik ki, bir janr kimi geniş məzmuna malik olan əfsa­nələrin geniş yayılmış bir növü də dini əfsanələrdir. Bu əfsa­nələrin çoxu toplanmasa da, ayrıca tədqiq olunmasa da, folklor araşdırmaları zamanı xalqın yaddaşında ən çox yer alan dini əf­sanələrin olduğunu gördük (2012-2014-cü illərdə Masallı bölgə­sində apardığımız folklor toplaması zamanı bunun şahidi olduq). Sadəcə peyğəmbərlərdən, imamlardan, din böyüklərindən bəhs edən əfsanələr deyil, eyni zamanda, toponimik əfsanələr, cinlər­lə, üfürükçülərlə, cadugərlərlə bağlı əfsanələr də geniş yayıl­mışdır ki, bunların da ocaq və pirlərlə bağlı söylənən əfsanə və mənqəbələrə böyük təsir göstərdiyi şübhəsizdir. Cənub bölgə­sində, xüsusən də, Masallıda ocaq və pirlərlə bağlı söylənən mənqəbələrin çoxu dini əfsanələrin, mifoloji məzmunlu əfsanə­lərin yeni forması, yeni məzmunudur.

Burada önəmli olan bir məsələyə də toxunmaq lazımdır. Bu da türk xalqlarının daha qədim əfsanələrinin, türklərin İslam dinini qəbul etmələri ilə bərabər yaradılış və törəyişlə bağlı miflərinin öz yerini Quran qissələrində nəql edilən əfsanələrə, övliya mənqəbələrinə, alp ərənlərlə bağlı rəvayətlərə verməsi məsələsidir. Qısası, şamanlar övliyalara, şamanların sakral mə­kan­ları isə ocaqlara çevrilmişdir. Təbii ki, övliya kəramətlərini mənqəbələr istisna olmaqla qalan mətnlər dini və təsəvvüfi məz­munlu əfsanələrin içində yer alır. İslam dinindən qabaq kəraməti məşhur olan övliyaların yerində şamanlar və başqa din adamları vardı. Darda qalanların yardımına yetişən Hz.Xızırdan əvvəl bozqurd yol göstərici və xilaskar idi, çətin zamanlarda köməyə çatırdı. Düşmənlərə qalib gələn alp ərən, eyni zamanda, mənəvi və fiziki gücə sahib idi. Hökmdarlar, el ağsaqqalları yenə də müqəddəs idi. Bütün bunlar İslamiyyətin əfsanələrin mahiy­yə­tini çox da dəyişdirə bilmədiyini göstərir. Dəyişən əfsanələrin yalnız zahiri tərəfi, qismən də məzmunudur.

Bolşevik inqilabından sonra peyğəmbərlər, övliyalar haq­qındakı dini əfsanələr ateizmin qorxusundan repertuardan çıx­ma­ğa başladı və bu əfsanələr söylənmədiyi, söylənməsi qada­ğan olunduğu üçün yavaş-yavaş unudulmağa başladı. Ancaq Azər­bay­canın Cənub bölgəsində başlıca mövzusu peyğəmbərlər (Hz.Davud, Hz.Süleyman, Hz.Eyyub və Hz.Məhəmməd), imam­lar olan dini əfsanələr, xüsusən də, mənqəbələr çox yayıldığın­dan onların icrası da uzun zaman repertuardan çıxmadı. Xüsu­sən, Hz.Əli, Hz.Hüseyn, Hz.Fatimə, Hz.Abbasla bağlı dini əfsa­nələr bu bölgədə geniş yayılmışdır. Bu dini əfsanələr sonradan seyidlərin, övliyaların kəramətləri şəklində yenidən işlənmiş, Cənub bölgəsi insanlarının mənəvi dünyasının tərkib hissəsinə çevrilmişdir. Dini əfsanələrin insanlarda doğruluq, düzlük, halallıq, ədalətlilik, dininə hörmət kimi hisslərlə bərabər, vətən, millət və ən əsası da insan sevgisi, canlı varlıqlara sevgi hissləri aşılamaq, bəlkə də, onların ən əsas funksiyası idi.

Beləliklə, Azərbaycan folklorunun aparıcı janrlarından olan əfsanələr və onun bir alt qolu olan dini əfsanələr insanların müqəddəslərə olan hörmətini, sevgisini bütövlükdə insana aid etməklə inanc dünyamızı daha da zənginləşdirmiş oldu.




Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə