Əminə Pakrəvan
ABBAS MİRZƏ
VƏ
AZƏRBAYCAN
Çevirən: Güntay Gəncalp
Redaktor: İlahə Ucaruh
Emineh Pakravan
Abbas Mirzə
Editions Buchet / Chastet (Paris) 1973
İçindəkilər:
Qaynaqlar.............................................................
Ön söz (tərcüməçidən)...............................
Yazar haqqında.....................................................
Ağaməhəmməd Xanın iqtidara gəlişi və ölümü (özət).
Abbas Mirzənin çocuqluğu...................................
Fətəlinin iqtidara gəlişi. Giriş.............................
Fətəli Şah səltənətinin ilk illərində
Qacar sarayının durumu........................................
Savaşlar bölümü. .........................................
On il davam edən savaşların başlaması.......................
Sisyanovun Bakıda öldürülməsi........................
Fransa-Qacariyə münasibətləri. Giriş.............
Fransa ilə strateji münasibətlərin başlaması............
Savaşların davamı...........................
On illlik savaşın davamı.....................
Mutlu illər. Giriş................................
Mutlu illər....................................................
Böyük sınaq. Giriş...................................
Böyük sınaq....................................................
İrəvanın işğalı və Azərbaycandan ayrılması.........
Rus ordusu Təbrizi işğal edir.............................
Türkmənçay müqaviləsi....................................
Savaşlar və siyasi oyunlar. Giriş.....................
Savaşlar və siyasi oyunlar...................................
Qriboyedovun qətli....................................
Xorasan olayları. Giriş......................................
Xorasan olayları............................................
Qaynaqlar
I. Qacar qaynaqları:
-
Əzodüddövlə, “Tarix-e Əzodi”, daş çapı, Bəmbəi,1885
-
Dənbəli (Əbdülrəzaq), “Maaser Sultani”, daş çapı, Təbriz,1241 Hicri Qəməri
-
Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri
-
Hidayət (Rzaqulu), “Rövzət-üs Səfa”
-
Laçini (Əbulqasim), “Əhvalat və dəst xətthaye Abbas Mirzə Naib-üs Səltəne” (Abbas Mirzənin tərcümə-i halı və əlyazmaları), Tehran, 1326 Şəmsi
-
Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi), Tehran, 1335 Şəmsi
-
“Farsnameye Naseri”, Şiraz, daş çapı, tarixsiz.
II. Avropa qaynaqları:
-
Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849.
-
Driault (Edouard), La politique orientale de Napoleon, Paris 1904.
-
Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 181302 vol. St.
Petersburg, 1819.
-
Dubeux (Louis), La Perse, Paris, 1841.
-
Dumas (J.B), Un fourrier de Napoleon vers 1´İnde, Paris 1814.
-
Dupre (A), Voyage en perse fait dans les annees 1807, 1808 et 1809-2 vol. Paris, 1809.
-
Gardane (Alfered de), Mission du General Gardane en Perse, Paris, 1865.
-
Jaubert (Amedee), Voyage en Armenie et en Perse fait dans les annees 1805 et 1806, Paris, 1821.
-
Jones Brydges (Sir Harford), Dynasty of the Kajars, London, 1883.
-
Kaye (Sir John William), Histori of the Ear in Afghanistan, London, 1851.
-
Kaye (Sir John Üiiliam), Life and Correspondance of major General Sir John Malcolm, London, 1856.
-
Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821.
-
Kotzebue (Maurice de), Voyage en Perse en 1817, Paris, 1819.
-
Malcolm (Sir John), History of Persia, London, 1829.
-
Manvelichvili (Alex), Histoire de Georgie, Paris, 1851.
-
Morier (James), A Journey through Persia, London, 1812.
-
Second Journey through Persia, London, 1818
-
Olivier (Guillaume, Antoine), Voyage dans 1´Empire Ottoman, 1´Egypte et la Perse,1807.
-
Stcherbatov (Prince), Le Marechal Prince Paskievitch, St. Petersbourg, 1890.
-
Sykes (Sir Percy), A History of Persia, London, 1915.
-
Vandal (Albert), Napoleon et Alexandre, Paris, 1896.
-
Watson (Robert grant), A History of Persia, London, 1866.
Önsöz
Əziz oxucu!
Güney Azərbaycanda fars şovinistlərinin türkləri soysuzlaşdırma planları haqda bilginiz vardır. Azərbaycan tarixini və görkəmli şəxsiyətlərini İran mərkəzli bir yanaşma ilə fars kimliyinə, fars tarixinə aid etməyə çalışırlar. Bütün dövlət imkanları da fars zehniyəti mərkəzli sistemin əlində olduğu üçün bu işdə başarılı olmuşlar. Azərbaycanda oyanışın və milli kimliyin yüksəldiyi bir vaxtda tarixi gerçəklərin olduğu kimi dərk edilməsinə ciddi ehtiyac vardır. Tərcümə etdiyim “Abbas Mirzə və Azərbaycan” adlı kitabın bu ehtiyacı bərtərəf etməkdə çox təsirli olacağına inanıram. Yaxın tariximizin bilinməsi baxımından kitabda gerçəkdən geniş bilgilər var. İlk dəfə olaraq XIX əsrdə Azərbaycan Ordusunun qurulması və ilk dəfə olaraq da Qacar Şahzadəsi Abbas Mirzənin başçılığı ilə Azərbaycanın bütövlüyü uğrunda silahlı savaşın təfərrüatı haqqında geniş bilgi əldə edəcəksiniz.
Şahzadə, Şərqdə ilk siyasi şəxsiyət olaraq sekular bir dövlət qurmaq istəmiş, bu səbəbdən də fars milliyətçiliyi mərkəzli şiə mollalarının etirazına tuş olmuşdur. Buna qarşılıq olaraq Abbas Mirzə Azərbaycan mərkəzli din projesini gəlişdirməyi düşünmüşdür. Bu istiqamətdə özəlliklə də Rusiya imperatoru I Pyotrun reformlarından da təsirlənmiş, onun saqqal inqilabını Azərbaycanda gerçəkləşdirmək niyətində bulunmuşdur. Bu işini ilk öncə Azərbaycan ordusunun əsgərləri üzərində tətbiq etmiş, hər kəsin Avropalılar kimi saqqalını qırxmağa əmr etmişdi. Şahzadənin bu əməli din xadimlərinin çox ciddi etirazına səbəb olmuşdur. Çünkü axundlara görə saqqal qırxmaq dini adət-ənənələrə uyğun gəlmirdi.
Şahzadə, Qacariyədə və Azərbaycan Ordusunda xidmət edən Fransanın hərbi mütəxəssis və mühəndisləri vasitəsi ilə 1789-cu il Böyük Fransa inqilabının modern tələbləri ilə tanış olmuş, dərindən təsirlənmişdir. Bu səbəbdən də həm paytaxtı Təbrizə köçürmək, həm türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili olaraq elan etmək, həm də XIX əsr şərtlərinə görə sekular bir dövlət qurmaq istəmişdir. Bunun üçün Azərbaycanın hərbi, mədəni və iqtisadi həyatının modernləşməsi istiqamətində bir çox reformlar gerçəkləşdirmişdir. Ancaq Abbas Mirzənin islahatlarını durdurmaq üçün din xadimlərinin təlqini ilə atası Fətəli Şah onu Azərbaycandan uzaqlaşdırmaq zorunda qalmışdır. Xorasanda vəfat edən Abbas Mirzə son nəfəsində “Azərbaycan, Azərbaycan” deyə gözlərini yummuşdur.
Kitabda XIX əsr dünyanın böyük dövlətlərinin Orta Doğu və Mərkəzi Asiya ilə bağlı planları, Şahzadənin diplomatik və hərbi manevraları haqqında hərtərəfli bilgi vardır. Bu bilgilər XIX əsrin birinci yarısında Qacariyədə xidmət edən Fransa, İngiltərə, Rusiya kimi xarici dövlətlərin təmsilçilərinin rəsmi məktublarından və şəxsi xatirələrindən alınmışdır. Ən önəmli olan da budur ki, o zamanki savaşlar farsların və rusların uydurduqları kimi İran-Rusiya arasında deyil, Qacariyə-Rusiya arasında baş vermişdir. Bu savaşın baş ifaçıları isə Azərbaycan Ordusu ilə Rusiya ordusu olmuşdur. Daha ayrıntılı bilgi üçün kitabı diqqətlə oxumaq lazımdır. Tərcümədə bəlkə bügünkü alışılmış Azərbaycan türkcəsindən bir az fərqli üsluba rastlana bilərsiniz. Bunlar şüurlu şəkildə edilmişdir. Kitabda dərinləşdirilmiş və öz kökü üstündə doğub-doğura biləcək ana dilimizin imkanlarından geniş şəkildə faydalanmağa çalışılmışdır.
Güntay Gəncalp Finlandiya 10.02.2007
Guntay_1@yahoo.com
Yazar haqqında
Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avstriyalı bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə, türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir. İtalyan dilini də danışma səviyəsində deyil, oxuma düzeyində bilmiş olur.
Bir neçə ildən sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar diplomatı ilə evlənir. Gənc ailə bir il Qacarların başkəndi Tehranda yaşayır. İlk çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin başkəndinə diplomat olaraq göndərilir. On il Qahirədə yaşayırlar. Əminənin əri fanatik bir islamcı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin fanatik davranışlarına dözə bilməyib ondan ayrılan Əminə çocuqları ilə bərabər Belçikaya yerləşir.
1933-cü ildə Əminə Pakrəvan Pəhləvilər tərəfindən rəsmən “İran” adlandırılmış ölkəyə köçür. Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan Əminə Pakrəvan, Tehran Universitetində fransız dili və ədəbiyyatı üzrə öyrətmənlik etməyə başlayır. 1936-cı ildə qızının vəfatına baxmayaraq, araşdırmaçılıq və yazarlıq çalışmalarına davam edir. 1951-ci ildə “Tarixsiz əmir” adlı kitabı “Rivarol” ödülü qazanır. 1958-ci ildə xərçəng xəstəliyindən həyatını itirir. Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır: “Tarixsiz əmir”, “Qəzvin, unudulmuş başkənd”, “Əski Tehran”, “Dördüncü nəsl”, “Abbas Mirzə və Azərbaycan”, “Ağaməhəmməd Xan Qacar”.
Ağaməhəmməd Xanın iqtidara gəlişi
1722-ci ildə Türküstan xanlıqlarının hücumu qarşısında çöküş sürəcini yaşayan Səfəvi dövlətinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar türk boyundan yüksələn Nadir adında bir cəngavər üstləndi. İkinci Təhmasib Səfəvinin xidmətində olan Nadir, Avşar türk soyundan idi. Təhmasibi devirib və ölkənin yönətimini ələ keçirdi. Nadir Azərbaycanın Muğan bölgəsində başına şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir türk padşahı kimi tanındı.
Yenilikçi və savaş taktikasının uzmanı olan Nadir Şah Dehlini fəth etdi. Nadir Şah dində reformlara başladı, bu reformların qurbanı oldu və öz yaxınları olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən öldürüldü.
Nadir Şahın qətlindən sonra Lor soyundan olan Kərim Xan Zənd, Avşar İmperatorluğunun bir qismində dövlət qurdu və 29 il iqtidarda bulundu. 1779-cu ildə ölən Kərim Xan Zəndin varisləri iqtidarı öz aralarında paylaşdılar.
Ağaməhəmməd Xan Qacar bütün rəqiblərini və Zəndiyələrin son padşahı olan Lütfəli Xan Zəndi də yenərək qalib oldu. 1797-ci ildə Qarabağ savaşında öldürüldü. Ağaməhəmməd Xanın evladı olmadığı üçün qardaşı oğlu Fətəli Xanı ( çocuqluğunda ona Baba Xan deyilirdi) öz varisi olaraq duyurmuşdu. Fətəli bu mirasın qorunması üçün ən uyğun şəxs kimi görünürdü.
Abbas Mirzənin çocuqluğu 1
Ağaməhəmməd Xan çox ehtiyatlı hökmdar idi. Öz yerinə canişin təyin etməsinə rəğmən, daima bu gənc adamın hökmdara qarşı erkən baş qaldırıb, iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşahın casusları Şirazda yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər. Ağaməhəmməd Xan Qacar sonsuz, evladsız olduğu üçün qardaşı oğlu Baba Xanın (Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan iki oğlu var idi. Bu iki evladın arasında sadəcə bir neçə həftə yaş fərqi var idi. Birinci oğlan Məhəmmədəli, soyu bəlirsiz olan Xeyvəli bir qadından idi. Qacar yasasına görə Məhəmmədəlinin padşah olması mümkün deyildi. Çünkü* bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağaməhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi. “Qacar Yasası”na görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi. Məhəmmədəlinin atası Qacar soylu olmadığı üçün vəliəhd olma şansı yox idi.
Baba Xanın ikinci oğlu Abbas Mirzə idi. Abbas Mirzənin anası Qacar soyunun Dollu boyundan idi. Dollu boyu Ağaməhəmməd Xanın iqtidara yüksəlməsinə yardım etmişdi. Ağaməhəmməd Xan Qacar, bu soydan olan Asiya xanımı qardaşı oğlu Baba Xanla evləndirmişdi. İmperatorluq mirasını bu qadının doğuracağı çocuğa buraxmaq istəyirdi. Toy günü padşah özü gəlinin dəvəsinin cilovunu çəkmişdi. Qacar törəsinə görə gəlin gəldiyi evin varıb ocağının daşını öpməli idi. Bütün bu mərasim sürəsincə gəlinə padşah eşlik etmişdi.
Bəzi rəvayətlərə görə Ağaməhəmməd Xan Qacar, Dollu Asiyanı, hətta mövcud vəliəhd Baba Xanın anasından da daha artıq dəyərləndirirmiş. Zəif bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğurduqdan sonra vəfat etmişdir.
Asiyanın doğurduğu ilk çocuk Abbas Mirzə idi. Abbas Mirzə hələ südəmər çocuqkən Ağaməhəmməd Xanın iradəsi üzərinə fərzi vəliəhd olaraq duyurulmuş və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır.
Abbas Mirzə dörd yaşında ikən bilinməz bir xəstəliyə yaxalanır. Bu xəstəlik onun vücudunu çox etkiləyir. Çocuğun tədavisi üçün Ağaməhəmməd Xan ölkənin ən ünlü həkimlərini saraya çağrıtdırır. Belə anlaşılır ki, həkimlərin müalicə edə bilmədikləri bu bilinməz xəstəlik Abbas Mirzənin yetkinlik çağında öz-özünə sağalmışdır. Ya da Qaspar Druvilin (Gaspard Drouville) dediyi kimi Abbas Mirzə ağır idmanlar və bədən eyitimi yoluyla bu xəstəliyi yenməyi başarmışdır. 14-25 yaşları arasında Şahzadə onu tanıyan bütün çevrəsini cismən güclü olan bir insan kimi etkiləmişdi. Bu yaşlarında çəkilmiş rəsimlər də onun yaraşıqlı görünümlü və güclü olduğunu göstərməkdədir. Ancaq 30 yaşından sonra əski xəstəliyi təkrar baş qaldırmağa başlayır. İngilis cərrah Karmek, Abbas Mirzənin sümük (kəmik) xəstəliyinə yaxalandığını sezmişdir.
Abbas Mirzə yeddi yaşından etibarən süvarilik, ox atma, qılınc və güləş kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı. Yeni təsis edilmiş Tehran, ağ torpaqdan yapılmış qala divarları ilə səciyələnirdi. Abbas Mirzə və qardaşları səkkiz yaşlarına qədər Tehrandan başqa bir şəhər görməmişdilər. Hər kəs belə düşünürdü ki, Ağaməhəmməd Xan Qacar tərəfindən tərcih edilən Abbas Mirzə, özündən bir neçə həftə böyük olan ögey qardaşı Məhəmmədəli (Dövlət Şahi) ilə iqtidar və vəliəhdlik uğrunda savaşacaqdır. Hər iki şahzadənin həm açiq, həm də gizlin dostları var idi. Məhəmmədəlinin yandaşları Abbas Mirzənin xəstəliyini daima anımsataraq Ağaməhəmməd Xan Qacarı etkiləyib, onu Abbas Mirzə haqqında verdiyi Naib-ül Səltənəlik qərarından vaz keçirməyə çalışırdılar. Məhəmmədəli, Abbas Mirzə qədər yaraşıqlı və etkiləyici olmasa da özbək anasından iri sümükləri irs olaraq daşıyırdı. Məhəmmədəli beş yaşında süvariliyi öyrənmiş, təkbaşına at üstündə oturub cevlan edirdi. Beş yaşında ikən işlərini gərəyincə yapmayan bəzi xidmətçiləri padşahsayağı cəzalandırmişdı.
1797-ci ilin baharında Ağaməhəmməd Xan Gürcüstana hücum etmək üçün hazırlıq işlərinə başladı. İmperatrisa Yekatirina yenicə ölmüşdü və Ağaməhəmməd Xan düşünürdü ki, onun varisi olan Birinci Pavel Qafqazlarla ciddi ilgilənməməkdədir. Bu üzdən də Ağaməhəmməd Xana görə Qarabağ xanlarının dərsini vermə zamanı gəlmişdi. Ağaməhəmməd Xan, Qarabağ və Xəzəryanı xanlıqları özünə tabe edib, vergi almaq fikrində idi. Bu xanlıqlar aşağıdakılardı: Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı, Qarabağ.
Ağaməhəmməd Xan casusları vasitəsi ilə Gürcüstanda hökm sürən Baqratiyon Şahzadələrindən birisi ilə gizlincə ilişki qurmuş, onu Gürcüstanın elbayı (valisi) edəcəyi haqda və´dlərdə bulunmuşdu.
Qarabağ xanları arasında İbrahim Xəlil Xan özünü bağımsız bir ölkənin sultanı kimi aparırdı. Qacarlara qarşı için-için nifrət etməsinə baxmayaraq, məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana vermək zorunda qalmışdı. Fətəli ilə Ağabacı xanım arasındaki evlilik çox maraqlı olmuşdur. Özəl bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabacı xanım bəy tərəfindən sevilməmişdir. Ağabacı xanım sonuna qədər bakirə qalsa da Baba Xanı gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü.
Ağaməhəmməd Xan Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu üs (qərargah) vasitəsi ilə rusların bulunduğu Dərbəndi rahatca ələ keçirib, dəniz tərəfindən daima təhdid edilən Bakını da kontrol altına ala bilərdi. Əgər yay fəslində savaş Ağaməhəmməd Xanın istəyi və planları doğrultusunda yürüsə idi, qış fəslini Qarabağda keçirməyi düşünürdü. Bu səbəbdən də Abbas Mirzəni da özü ilə bərabər apardı. Çünkü onu yanında bulundurmaqdan xoşlanırdı. Digər tərəfdən, ona savaş fənləri və tekniklərini öyrətmək istəyirdi. Naib-ül Səltənə Abbas Mirzədən başqa Məhəmmədqulu Mirzə adında digər bir şahzadə də bu səfərdə Ağaməhəmməd Xana eşlik edirdi. Ağaməhəmməd Xanın savaş arxadaşı və yaxın əqrəbası olan Pirqulu Xan, Padşah tərəfindən bu çocuqları qorumaq üçün görəvləndirilmişdi.
Həyatında ilk kəz olaraq Abbas Mirzə Azərbaycanı ziyarət edir və bu ölkənin sevimli baharının heyranı olurdu. Sanki gizlin bir güc Abbas Mirzənin yazqı və taleyinin Azərbaycana əbədiyyən bağlandığını onun könül qulağına pıçıldayırdı. Beləcə Abbas Mirzənin Azərbaycan sevdası macərası bu torpağı çocuqluq yaşlarında qarış-qarış gəzərək başlayacaq və bütün ruhunu, vücudunu saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə çılğınca axan Araz çayının heyranı olmuşdu. Sonralar ruslarla savaşarkən məğlub olan Abbas Mirzə içini və dərdini batılı danışmanlarına açacaqdı ki, nədən sevdiyim Araz çayı yurdumun bölünmüşlüyünün rəmzi olmalıdır?! Araz çayına olan Abbas Mirzənin heyranlığı ömrünün sonuna qədər onu tərk etmədi. Bəlkə bunun yurdsevərlik duyğusunun ötəsində başqa bir səbəbi də ola bilər, bəlkə də Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq xatirələri ilə qaynayıb qarışmış və fərdi həyatındaki dəyərlərin bir parçasına dönüşmüşdür. Bəlkə də Araz çayı onun iç dünyasını dış dünya ilə və doğa gözəllikləri ilə bağlayan bir rəmzə çevrilmişdir. Bəlli və bəlirsiz səbəblərdən dolayı Araz çayı Abbas Mirzə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar vardı, yalnız Abbas Mirzə üçün çay deyildiyində ancaq Araz xatırlanırdı.
Ağaməhəmməd Xana xəbər gəldi ki, Qarabağın kiçik xanları İbrahim Xəlil Cavanşirə qarşı birləşmiş və onu fərara zorlamışlar. Ağaməhəmməd Xan fürsəti qaçırmadan bərq asa və çox sürətli bir əməliyatla Şuşanı almaq üçün ordunu hərəkətə keçirdi. Ağaməhəmməd Xan Şuşanın gözəlliyi qarşısında heyran qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük və şəhər mədəniyəti baxımından daha irəli düzeydə idi. Bütün ordu mənsubları da dağların qoynunda və ormanlıqda yerləşən bu şəhərin gözəlliyinə heyran olmuşdular.
1747-ci ildə Avşar imperatorluğunun Sultanı Nadir Şah öldürüldükdən sonra Avşar ordusuna mənsub olan Pənah Xan adında bir tümənbaşı sərkərdəliyini etdiyi ordusu ilə Qrabağa gəldi və Şuşa şəhərinin yaxınlığında yurd saldı. Pənah Xan Şuşanın qorunması və gəlişməsi üçün çox özən göstərdi. Beləliklə Şuşa Qafqazların ən böyük ticarət şəhəri halına gəldi. Bu üzdən Şuşaya Pənahabad da deyirdilər. İbrahim Xəlil Cavanşir bu şəkildə mədəni bir şəhərin varisi olmuşdur.
Ağaməhəmməd Xanın Şuşaya vardığı üçüncü günün sabahında xəbər yayıldı ki, şah qətl edilmişdir! Həmən Şuşanı kaos sarmağa başladı. Şaha sadiq olan bəzi xidmətçilər şaşqınlıqdan özlərini itirmiş və nə yapacaqlarını bilmirdilər. Bu arada Pirqulu Xan böyük zəhmətlərə qatlaşaraq bir neçə mahir süvari savaşçı tapıb iki şahzadəni Tehrana göndərməyi başardı. Talış dağlarında şahzadələr üçün ciddi təhlükələr ola bilərdi. Çünkü bu iki şahzadə Qacar sülaləsinə düşmən olanlar üçün çox uyğun rəhinə (girov) sayılırdı. Ağaməhəmməd Xan Qacarın cənazəsi öldürüldüyü yerdə ortalıqda qalmışdı. Yalnız özü ilə bərabər daşıdığı və yatdığı yerlərdə barındırdığı cəvahirat yoxa çıxmışdı.
Fətəlinin iqtidara yüksəlişi
Giriş
Şirazda əmisinin ölümündən xəbərdar olan Baba Xan həmən özünü başkənd Tehrana çatdırdı. Ağaməhəmməd Xanın yaşlı və təcrübəli başvəziri Etimad-üd Dövlənin yardımı və bəsirətli planları ilə əmisinin şahlıq mirasına sahib çıxdı. Etimad-üd Dövlə öncə Zəndiyə xanidanının vəziri olmuşdur. Onlara ihanət edib və Ağaməhəmməd Xanın tərəfinə keçmişdi. Etimad-üd Dövlə əmr etmişdi ki, padşahın varisi Baba Xan başkəndə çatmayınca Tehranın darvazaları heç kimə açılmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər türlü qarğaşa (iğtişaş) və kaosu önləyə bilmişdi. Etimad-üd Dövlənin planları hesabına həm bəzi xanlıqların, həm də bəzi Zəndiyyə şahzadələrinin Qacar dövlətini devirmə planları baş tutmamış, hamısı məğlub edilib öldürüldü.
Fətəli şahın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirzə məsələsini həll etməsi idi. Nadir Mirzənin tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fətəli Şah anlaşma yolu ilə məsələni savaşsız həll etmək istəyirdi. Ancaq bəzi saray danışmanlarının təhriki ilə Fətəli Şah tutum və mövqe dəyişdirdi. Nadir Şahın soyundan olan və padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fətəli şahı daha çox rahatsız edən öz qardaşı Hüseynqulu Xan idi ki, Kiçik Xan ləqəbi ilə tanınırdı. Hüseynqulu Xan da varislik iddiasında idi. Məğlub edilən Hüseynqulu Xanın gözlərini kor edib buraxdılar.
Fətəli Şahın səltənətinin ilk illərində Fransa və İngiltərə ona yaxınlaşmağa başlamışdı. Bu illərdə İngiltərə Hindistanı istilasına uğratma prosesini başa çatdırmaqda idi. Hindistanda fəaliyət göstərən bir ingilis ticarət kompanisi həm də siyasi işlərlə məşğul olurdu. Birinci Napoleon Bonapart Rusiya ilə bir yerdə Hindistanı işğal etmək üçün Birinci Çar Pavellə gizlincə anlaşmışdı. Bu gizlin anlaşmadan İngiltərə xəbərdar olmuşdu. Tehran dərbarı öncə yarırəsmi bir ingilis elçisini qəbul etdi. Mehdi Xan adlı bu yarımelçi Ağaməhəmməd Xanın ölümü münasibəti ilə başsağlığı verməyi bəhanə edərək, əslində durumu öyrənməklə görəvləndirilmişdi. Həm başsağlığı vermək, həm də Fətəli Şahın başına tac qoyması münasibəti ilə İngiltərəni təmsilən xoş diləklərini padşaha çatdırmaq üçün gəlmişdi. 1801-ci ildə ingilis albayı Molkolm öz elçilik görəvinə başlayacaqdı. Hind ordusuna mənsub olan bu gənc albay (polkovnik) 1798-1805-ci illəri arasında Hindistanın hakimi olan Lord Velzli tərəfindən himayə olunurdu. Molkolm öz görəvi boyunca biri siyasi və digəri ticari olmaq üzrə Qacariyə ilə iki müqavilə bağlamağa nail oldu.
Fətəli Şah səltənətinin ilk illərində Qacar sarayının durumu
İnkar etmək olmaz ki, Fətəli Şahın səltənətinin ilk illərində bir tür sənət renesansı kimi bir hadisə ortaya çıxmışdır. Şahın da gözəl binalar yaptırma həvəsi ifrat şəkildə mövcud idi. Bu memari əsərlər Pəhləvi dönəmində özəlliklə məhv edildilər ki, Qacarlardan memari miras olaraq bir əsər qalmasın. Çünkü Pəhləvi sülaləsi özünü Qacar düşmənçiliyi zəminində gəlişdirmişdi. Sonra da Pəhləvilərin bu Qacar düşmənçiliyi tutumları türklərə qarşı açıq həqarət şəklində ortaya çıxacaqdı. Fətəli Şahın ilk yapdırdığı saray “Qacar Taxtı” idi.
Fətəli Şah da əmisi Ağaməhəmməd Xan kimi ovçuluğu çox sevir, ov ovlamaqdan zövq alırdı. Fətəli Şah hara getsə idi yalnız olmazdı. Bəlli şəxslər hər zaman yanında olardı.
Gürcüstan məsələsi Fətəli şahı daima düşündürməkdə idi. Gürcüstan bu coğrafiyada iqtidara gələn bütün dövlətlər üçün önəmli olmuşdur. Çünkü bütün dönəmlərdə şahlar Gürcüstanın şərabına, balına və gözəl qızlarına heyran olmuşlar.* Rusiya yandaşlığı ilə bilinən Erkli1 öldükdən sonra onun oğulları və nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah da onlara hörmətlə yanaşırdı. Şah onlara müttəfiq kimi baxırdı. Çünkü Baqratiyon xanidanı əskilərə dayanan soylu bir ailə idi. Fətəli Şah Gürcüstanı zorla və ya dostluq yolu ilə işğal etmək haqqında düşünürdü.
1800-cü ilin baharında Gürcüstan şahzadələrinin Xoya gəlmələri qərarlaşdırılmışdı. Burada şahzadələr Rusiyanın Gürcüstana uyquladığı ağır şərtləri dilə gətirib, Fətəli Şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandaki olaylar Fətəli Şahın Xoya gəlməsini əngəllədi. Xorasandaki qiyamları yatırmaq üçün bu bölgəyə getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman Xan Abdali, Qacarlara qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan, Nadir Şahın ordusunda böyük mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra Türküstanın, Xorasanın və Hindistanın bir bölümünü əlində bulundurmaqda idi. Fətəli Şah bu önəmli təhdid ünsürünü ortadan qaldırmaqda qərarlı idi. Fətəli Şah insani təbiətə sahib idi, çünkü həyatın gözəlliklərinə inanır və həyatdan zövq almağı daima göz önündə bulundururdu. Yalnız bütün bu karakterinə rəğmən, bəzi yaxın adamlarını uzaqlaşdırmağı da nəzərdən qaçırmırdı. Qacar öldükdən sonra Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayətinin əski elbayı Etimad-üd Dövlənin davranışları Fətəli Şahda şübhə oyatmışdı. Qacar sarayında və bir çox çevrələrdə yayılmışdı ki, Fətəli Şah sadəcə isim olaraq şahdır, əslində isə ölkəni idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı olmuşdur. Etimad-üd Dövlə sadəcə öz yaxınlarını saraya yerləşdirməklə yetinməmiş, həm də müxtəlif vilayətlərdə də öz adamlarını elbay və hərbçi olaraq yerləşdirmiş, ölkənin ticarət işlərini də ələ keçirmişdi. Etimad-üd Dövlə Şahın ona qarşı başlayan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı, ancaq iqtidarın dəyişik mərkəzlərində yerləşdirdiyi adamlarına güvəndiyi üçün qorxmurdu. Uyğun bir zamanı bəkləyirdi ki, bir devrilişlə ölkənin bütün yönətimini ələ keçirsin. Digər tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandaki tacirləri ilə də ticari və gizlin siyasi irtibat qurmuşdu.
Fətəli Şah işrət məclisinə hər kəsi buraxmırdı. İşrət və şənlik məclisi türlü-türlü gözəl qadınlarla dolu idi. Bu qadınların çoxu ilə cinsi ilişkidə bulunurdu. Bu qadınların bir çoxu ona şahzadələr doğurmaları nədəni ilə işrət məclisindən uzaqlaşır və padşahın qadınları cərgəsinə qatılırdılar. Padşah, qadın düşgünlüyünü kimsə görməsin deyə hər kəsi bu məclisə buraxmırdı. Fətəli Şahın öz ləzzət və zövqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arxadaşı olan bu əmisi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıxarmışdı. Bu üzdən də onun işrət məclislərində bulunmasında bir sakınca görmürdü. Çünkü kor idi və sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı.
***
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici ölkə səfiri dövlət başçısı ilə görüşməmişdi. Nə Nadir Şah dönəmində, nə də Ağaməhəmməd Xan dönəmində. 1800-cü ilin yayında albay Molkolm Buşəhrə varar-varmaz Fətəli Şahla görüş istyində bulunması hər kəsi və saray adamlarını da şaşırtdı.* Molkolm, Hindistanın hökmdarını təmsilən və Hind kompaniyasının elçisi kimi Şahla görüşmək istəyirdi. Padşah Xorasandaki qiyamı yatırmaq üçün Tehrandan çıxdığına görə Molkolmun Şahla görüşü dekabr (aralıq) ayına ertələndi. 1801-ci ilin yanvar (ocaq) ayında Molkolm vasitəsi ilə Qacariyə və İngiltərə arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri böyük bir zəfər olaraq mərkəzə duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyəyə ayağı açılırdı. Molkolm, Qacariyədə “İngiltərə altunundan daha dəyərli bir şey yoxdur” fenomenini yaratdı. Qacariyə tarixi üzrə uzman (mütəxəssis) olanlar yazırlar ki, Molkolm Tehranda olduğu zaman Abbas Mirzə Azərbaycanda imiş. Azərbaycanda bəzi xanların qiyamlarını yatırmaqla məşğulmuş. Xorasanda bulunan Fətəli Şah, Con Molkolmu qəbul etmək üçün Abbas Mirzənin Tehrana gəlməsini istəyir. Amedee Jauberin “Persiya səfəri” adlı kitabında verdiyi bilgilərə görə bu zaman çox gənc olan Abbas Mirzə bu görüşmə sürəsincə Batıda olub bitənlərlə daha çox ilgilənir. İngiltərənin Hindistandaki davranışları konusunda sorular sorurdu. Ona Moğulların son qalıqları olan kiçik dövlətləri və şahlıqları necə yendikləri konusunda bilgi vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda qayqılı olan Abbas Mirzə düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək. İngiltərənin böyüməsini və teknolojik tərəqqisini gözləmləyən Abbas Mirzə gələcəkdə ölkəsinin İngiltərə tərəfindən işğal ediləcəyindən qorxurdu. Bu üzdən də Hindistan və İngiltərə haqqında sorular sorurdu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirzə görüşdüyü bütün batılı heyətlərə sorular sorurmuş.
Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyi üzərinə öz əqrəbalarından olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar tərəfindən “Qacar yasası” olaraq tətbiq edilən kurala görə Abbas Mirzənin bu qadınından dünyaya gələcək olan çocuğu gələcəyin vəliəhdi olacaqdı. Çünkü Dollular Qacar soyunun boylarından biri idi. Abbas Mirzənin gənc eşi haqda ancaq bu qədər bilinməkdədir. Onun Dollu soyundan olması bəllidir. Bir də ana mələkə öldükdən sonra İkinci Məhd-i Ülya (ulu kadın) ləqəbi ona verilmişdir. Ancaq Fətəli şahın anasına məxsus olan tam iqtidar və mütləq iradə sahibi olma kimi bir imkan ona qismət olmamışdır.
***
Qış fəsli hər tür hərbi əməliyatı durğun duruma gətirmişdi. Hər kəs güc birikdirmək üçün ev eşiyinə gedirdi. Ancaq bahar gələr-gəlməz Şah, ordunu düzənli vəziyyətə gətirirdi. Ya şəxsən özü ordunun komutanlığını üstlənirdi ya da komutanlığı yetişkin şahzadələrdən birinə buraxırdı. Şahzadə Məhəmmədəli Mirzə və Abbas Mirzə ilk komutanlıq görəvini üstləndilər. Ən gənc yaşlarında, yəni 14-15 yaşlarında savaş atəşi ilə tanış oldular. Məhəmmədəli Mirzə atası ilə bərabər Xorasana getdi. Şah, onun savaşa olan həvəsini görüb təcrübəli mənsəb sahiblərinin nəzarəti altında daima özbəklər tərəfindən hücuma məruz qalan ölkənin Doğu sınırlarını qorumaqla görəvləndirdi. Məhəmmədəli Mirzənin (Dövlətşahi) tərəfdarları ən yaxın zamanda onun Xorasanın elbayı olacağına inanır və buna görə onunla irtibatlarını genişlətməyə çalışırdılar. Ancaq Fətəli Şah onu mərkəzə çağırıb Qəzvinin elbayı təyin etdi.
Abbas Mirzə də 1799-cu ildə Azərbaycanda ordunun komutanlığını üstləndi. Burada Qacarlara qarşı baş qaldıran xanlarla savaş hazırlığına başladı. Gənc komutana bir neçə öndə gələn Qacar xanları da eşlik edirdilər. Bunların ən önəmlisi Əsədulla Xan Nuri idi. Tarixi verilər göstərir ki, bu adam Abbas Mirzə üçün 30 minlik ordu təşkil etməyi başarmışdı. Hər kəsin üzərində düşündüyü Abbas Mirzənin Azərbaycan əhalisi ilə olan münasibətləri idi. Vergilərdən bezmiş və yoxsullaşmış, kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycan əhalisinə Abbas Mirzə özəl bir özən göstərir, onların durumlarının yaxşılaşması üçün bir çox işlər görür, fərmanlar verirdi. Bu yazıq, miskin, yoxsul insanlar hərbçi süvariləri gördüklərində fərar edirdilər. Lakin Abbas Mirzənin mehribanca davranışlarını gördüklərində ona fövq-əl insan kimi baxirdilar. Abbas Mirzənin davranışına güvənən və onun Azərbaycan sevdasına inanan bu yoxsul insanlar duz çörəkləri ilə, süfrələrindəki olan-olmazları ilə Abbas Mirzəyə və onun Azərbaycan Ordusuna yardımda bulunurdular. Beləcə, Abbas Mirzə Azərbaycan əhalisi arasında hörmət qazanır, Azərbaycanlıların sevimlisinə çevrilirdi.
Azərbaycan kəndlilərinin yaşayışını normal hala gətirmək Abbas Mirzənin fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzəyə eşlik edən Qacar soylu yaşlı insanlar onun bu yoxsul insanlara göstərdiyi münasibəti keçici gənclik hissiyatı kimi dəyərləndirirdilər. Azərbaycan əhalisinin bu qədər yoxsulluq içində yaşamasından üzüntü duyan Şahzadəni anlamaqda zorluq çəkirdilər.
Abbas Mirzənin ordusu Təbrizin kənarında otraq saldı. Abbas Mirzə, Xoy və civarında hökm sürən, kəndliləri talayan və Qacarlara qarşı dirənc göstərən Cəfərqulu Xan Dənbəliyə ixtar göndərdi ki, ən qısa zamanda onun hüzurunda bulunsun. Yoxsa bütün olacaqlardan və başına gələcəklərdən özü sorumlu olacaqdır. Dənbəli Abbas Mirzənin bu ixtarını önəmsəmədiyi üçün Azərbaycan ordusu Xoya doğru hərəkətə başladı. Ancaq Xoya çatdığında xəbər gəldi ki, Dənbəli ən yaxşı süvariləri ilə bərabər şəhəri tərk etmiş və yoxa çıxmışdır.2 Dənbəli illərcə ruslar tərəfindən Abbas Mirzəyə qarşı dəstəkləndi. Dənbəli, soyqunçu kürd qrupları ilə o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli biri kimi tanınırdı. Bu üzdən də Dənbəlini təqib etmək çətin iş idi. Bir kərə onu bir kürd kəndində mühasirəyə aldıqlarını sandılar. Ağır itki verərək bu kənd ələ keçirildi. Ancaq yenə də Dənbəlidən xəbər yox idi. Gecənin qaranlığından yararlanaraq bu kəz də qaçmağı başarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etmişlər. Dənbəli, Urmu gölünə tökülən çayların birinin axarını Abbas Mirzənin ordusuna tərəf dəyişdirməyi başarır. Bu plan baş tutsa idi, Abbas Mirzənin ordusu yaranan bataqlıqda sürətli hərəkət imkanını itirib məğlub olacaqdı. Lakin Abbas Mirzənin manevrası müvəffəqiyətlə sonuclandı və o bataqlığa Dənbəlinin öz ordusu yaxalandı. Dənbəli bu savaşda ordusu ilə bir yerdə yenik düşdü.3
Dostları ilə paylaş: |