1
Erməni cinayətləri
(sənədlər əsasında)
I cild
Milli Təhlükəsizlik Nazirliyi
Bakı - Vətən – 2004
2
Ön sözün müəllifi tarix elmləri doktoru,
Professor Yaqub Mahmudov
İdeyanın müəllifi və elmi redaktoru
Tarix elmləri namizədi Məmməd Cəfərli
Redaksiya heyəti:
Lətif Babayev
Fuad Babayev
Taleh Sadıqov
Rəşad İbrahimov
Erməni cinayətləri (sənədlər əsasında) - Bakı,
“Vətən”, 2004. – 164 səh.
Kitabda Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına
qarşı həyata keçirilən təcavüzkar separatçılıq və dövlət terrorizmi siyasəti, erməni
quldur birləşmələrinin həmsərhəd ərazilərdə,Vətənimizin işğal olunmuş Dağlıq
Qarabağ bölgəsində və ətraf rayonlarda törətdiyi qanlı cinayətlər, dinc sakinlərin
başına gətirilən olmazın fəlakətlər konkret faktlar və istintaq materialları əsasında
öz əksini tapmışdır. İki yüz illik tarixə malik olan erməni cinayətkarlığının tam
məğzinin bir kitabla əhatə olunması qeyri-mümkündür. Təqdim olunan kitabda
(1-ci cild) erməni millətçiləri tərəfindən yalnız son 15-20 ildə törədilən cinayətin
faktoloji mənzərəsi əks olunmuşdur. Bu mənada kitabın sonrakı cildində sənəd və
materiallarda illərdən bəri öz məqamını gözləyən faktların təqdimatı ilə erməni
cinayətlərinin təfərrüatları ilə işıqlandırılması nəzərdə tutulur. Kitab Dağlıq
Qarabağ münaqişəsini araşdıran tədqiqatçılar və geniş oxucu kütləsi üçün maraq
doğura bilər.
Milli Təhlükəsizlik Nazirliyi, 2004
3
Erməni terrorçularının çirkin anatomiyası
(“Erməni cinayətləri (sənədlər əsasında)”kitabına
ön söz
Bu bir həqiqətdir ki, yaşadığımız son dərəcə mürəkkəb bir keçid
dövründə, özü də Azərbaycan kimi Qərbi Şərqlə, Şimalı Cənubla əlaqələndirən və
hamının göz dikdiyi strateji əhəmiyyətli bir məkanda Vətənin keşiyində duran
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının üzərinə çox ağır, ağır olduğu qədər
də şərəfli məsuliyyət yükü düşür.
Son illərdə Milli Təhlükəsizlik Nazirliyimizin fəaliyyətinin əsaslı surətdə
yenidən qurulması, bu şərəfli xidmət sahəsində Vətənin ən qeyrətli övladlarının,
özü də ziyalı potensialının cəlb olunması hamıda, o cümlədən bir ziyalı kimi
məndə, böyük qürur və razılıq hissi doğurur.
Məlumdur ki, hər bir millət öz təhlükəsizliyinin keşiyində özü
durmalıdır. Bu baxımdan xalq öz tarixinə, o cümlədən ona qarşı müxtəlif
yönlərdən yürüdülmüş təcavüzkar xarici siyasətlərin, terror və kütləvi
soyqırımların tarixinə dərindən-dərinə bələd olmalıdır. Həmin sahədə isə, min
təəssüflər olsun ki, son vaxtlara qədər lazımi tədqiqat işləri aparılmamışdır.
Göstərilən çatışmazlıq, əlbəttə, milli təhlükəsizliyin qorunması sahəsində də ciddi
çətinliklər yaradır. Məhz buna görə də son bir neçə il ərzində Milli Təhlükəsizlik
Nazirliyin əməkdaşları tərəfindən aparılmış qiymətli araşdırmalar tarix elmimizin
çox mühüm nailiyyəti hesab oluna bilər.
Bu baxımdan, haqqında bəhs etdiyimiz “Erməni cinayətləri (sənədlər
əsasında)” kitabı erməni-daşnak quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri
vəhşiliklərin geniş ictimaiyyətə çatdırılması sahəsində növbəti, həm də çox uğurlu
addımdır. Çox böyük zəhmətin, humanizm duyğularının, eyni zamanda, qeyrət
ruhunun nəticəsi olanda bu əsərdə erməni terrorçuluğunun çirkin anatomiyası
bütün çılpaqlığı ilə ortalığa qoyulur.
“Erməni cinayətləri (sənədlər əsasında)” kitabı erməni separatçıları və
terrorçularının qondarma “Dağlıq Qarabağ problemi”ni necə yaratdıqlarını sübut
edən faktlar toplusudur, cinayətkarın anatomiyasını olduğu kimi əks etdirən
aynadır. Kitabda tarixi ardıcıllıqla, adı-ünvanı verilən real faktlarla, silahla
quldurların həyata keçirdikləri qəddar cinayət hadisələri ilə, azərbaycanlılara qarşı
törədilən amansız soyqırımlarının dünyanın terrorçuluq mərkəzlərindən biri olan
İrəvandan idarə olunması ilə, bu terror əməllərinin beynəlxalq terrorla bağlılığı
ilə, dinc əhaliyə qarşı həyata keçirilən və tarixdə misli görünməmiş işgəncə
“metodları” ilə tanış olduqca oxucuda bir qənaət hasil olur: “Erməni cinayətləri”
əsəri gələcək nəsillər üçün çox qiymətli ilk mənbə, əvəzolunmaz tarix
salnaməsidir.
“Erməni cinayətləri” kitabı, eyni zamanda, təkzib olunmaz ittiham
aktıdır. Əsərdə verilən faktlar öz xarakterinə görə, eyni ilə daşnakların tarixi boyu
4
Cənubi Qafqaz, Şərqi Anadolu və Cənubi Azərbaycanın türk-müsəlman əhalisinə
qarşı törətdikləri soyqırımlarının təkrarıdır, daha doğrusu, cinayətkar həmin
cinayətkardır. Milli-etnik mənşəyinə və dini mənsubiyyətinə görə ana bətnindəki
körpədən tutmuş, əlsiz-ayaqsız qocalara, qadınlara, əlillərə qədər bütün türk-
müsəlman əhalinin məhv edilməsi, həm də bu zaman görünməmiş cəza
“metodları” ilə amansızlıqla qətlə yetirilməsi erməni terrorçuluğunun səciyyəvi
xüsusiyyətidir.
Oxucu mühakiməsinə verilən bu qiymətli əsər yaşıdığımız dünyanın
çirkin reallıqlarından biri olan ikili standartlar siyasətinə qarşı da tutarlı bir
ittihamnamədir.
Şübhə etmirik ki, bu gün öz mənafeyinə naminə Azərbaycan xalqının
başına gətirilmiş müsibətlərə göz yumanlar da gec-tez erməni torunun “dadını”
görəcəklər. Görəcəklər və ayılacaqlar, 11 sentyabrda olduğu kimi!
Bu baxımdan “Erməni cinayətləri” kitabı təkcə bizim üçün Azərbaycan
və Anadolu türkləri üçün deyil, dünyanın taleyindən narahat olan bütün
insanlardan ötrü də, hətta özünü “karlığa”, “korluğa”, “bilməməzliyə vuranlar” -
ikili standart oyunu oynayanlar üçün də “fəlakət!” siqnalıdır!
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda
ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticələri” , “Azərbaycanın
həmsərhəd rayonlarında erməni işğalçılarının törətdiyi cinayətlər”, “Erməni
separatçıları tərəfindən törədilmiş terror aktlarını xronoloji ardıcıllığı” kimi üç
fəsildən, Giriş və Nəticədən (Son söz əvəzi) ibarət olan “Erməni cinayətləri” kitabı
öz strukturuna görə də qarşıya qoyulan problemi bütünlüklə əhatə edir.
Müasir dünyanın ən ağır və ən ağrılı problemlərindən biri olan
terrorçuluğa nifrət orada bu qiymətli əsəri araya-ərsəyə gətirən Milli Təhlükəsizlik
əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bütün oxucularla birlikdə bu dəyərli
kitabın 2-ci cildinin də işıq üzü görməsini arzulayıram.
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
Tarix elmləri xadimi, tarix elmləri doktoru, professor.
5
Giriş
Bəşər tarixi bir çox sivilizasiyanın meydana gəlməsi və tarix
səhifələrindən silinməsinin şahididir. Tarixən Avropa və Asiyanın qovuşuğunda
yerləşən Azərbaycan hər iki mədəniyyətin nailiyyətlərinin üzvü surətdə
çulğalaşdığı bir məkan olaraq, başqa etnik qruplara, dini konfessiyalara, milli
mentalitentlərə və müxtəlif mədəni dəyərlərə dözümlülüyü və tolerantlığı ilə
seçilmişdir. Buna nümunə kimi Azərbaycan xalqının qenetik yaddaşını əks etdirən
“Kitabi Dədə Qorqud” eposunda təcəssüm olunan ilkin demokratiya ənənələrini,
bütün taleyüklü məsələlərin ümumxalq toplantılarında həll edilməsini, qadın
hüquqlarına hörmət və digər liberal dəyərləri göstərmək olar. Bu sərvətləri əldə
etmək üçün Avropa sivilizasiyası uzun tarixi yol qət edərkən Azərbaycan xalqının
düşüncə tərzində sadaladığımız keyfiyyətlər artıq çoxdan kök salmışdır. Ancaq
bir həqiqət etiraf olunmalıdır ki, qürur duyduğumuz bu xüsusiyyət və keyfiyyətlər
xalqımıza heç də həmişə xeyir gətirməmiş, əksinə, tarixin müəyyən mərhələlərində
onun özünə qarşı çevrilmişdir. Bəşər mədəniyyətinə bir çox sahələrdə tövhələr
vermiş və daim dinc quruculuqla məşğul olmuş xalqımız ambisiyaları ilə imkanları
bir-birinə uyğun gəlməyən məkrli qonşularının şüuraltı nifrət və xudbinliyinin
hədəfinə çevrilmişdir. Həmin şüuraltı nifrət və kin bir çox hallarda ölkəmizə
qarşı açıq təcavüz, düşmənçilik xarakteri kəsb etmişdir. Yurdsuz ikən yurd
verdiyimiz, ocağımızın istisinə qızınan ermənilər bu baxımdan xüsusilə
“fərqlənmiş”, on iki yüz il ərzində Azərbaycan torpaqlarında məskunlaşmaqla,
qədim Oğuz yurduna məxsus ərazilərdə özlərinə dövlət yaratmağa nail olmuşlar.
Məkrli erməni siyasəti və erməni havadarlarının köməyi nəticəsində Azəırbaycan
torpaqları mərhələ-mərhələ işğal və ihlaq edilməklə, sonrakı daha böyük
xəyanətlərə yol açılmış, tarixin ən qanlı faciələri və cinayətləri törədilmişdir.
Yuxarı Qarabağ xaqlımızın sosial-tərəqqi və milli dövlətçilik tarixində
çox mühm rol oynayıb və oynayır. Təbiət onu gözəlliyin, harmoniyanın məkanı
kimi seçmişdir, fəqət nə edəsən ki, erməni ekspamsionizmi, rus şovinizmi və
himayədarlığı Qarabağı, bütün Azərbaycanı Qafqaz, Mərkəzi Avropa və Yaxın
Şərq miqyasında sosial ədalətsizlik, milli təxribat üçün geosiyasi ünvan seçdi.
Fərqanədə, Oşda, Osetiyada, Dnestryanıda, hətta Balkanlarda davam edən
zəncirvari qlobal zəlzələyə seysmik nüvə Dağlıq Qarabağ oldu.
Zaman-zaman Türkiyə və iran ərazisindən köçürülərək İran ərazisində
məskunlaşdırılan ermənilər ənənəvi havadarları Rusiyanın əlində alətə çevrilərək
bölgənin siyasi və iqtisadi sabitliyinə maneə yaradırdılar. Ermənilər rus
imperiyasının səxavət inəticəsində Qərbi Azərbaycan torpaqlarında oyuncaq
erməni dövləti yaratmağa müvəffəq oldular. Milli müstəsnalığa mübtəla olmuş
ermənilərin ambisiyaları Azərbaycan xalqına və bəşəriyyətə qarşı cinayətlər
zəminində həyata keçirilir və bu gün də həyata keçirilməkdədir. Azərbaycan 19-
cu əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər
6
tarixində törədilmiş vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınlar, soyqırımlar,
xüsusilə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə baş vermiş
hadisələr erməni millətçi dairələri və onları himayə edən böyük dövlətlərin mürtəce
qüvvələri tərəfindən bütün Zaqafqaziya miqyasında Azərbaycanlı əhaliyə qarşı
aparılmış etnik düşmənçilik siyasətində irəli gəlməkdədir.
Uzun illərdən bəridir ki, erməni lobbisinin beynəlxalq ictimaiyyətin gözü
qarşısında “əzabkeş erməni xalqı” obrazı yaratmaq istiqamətində məqsədyönlü və
iftira böhtan dolu kompaniyaların niyyəti, törətmiş olduqları və gələcəkdə
törədəcəkləri cinayətlərə bəraət qazandırmaq özlərini sığortalamaqdan başqa bir
şey deyildir. XX əsrin əvvəllərindən başlayaraq dünyanın müxtəlif ölkələrinə
kütləvi surətdə səpələnmiş ermənilər “Böyük Ermənistan” ilğımı uğrunda mübarizə
məqsədi ilə xarici dövlətlərin siyasi elitalarına yol tapmış, həmin ölkələrdə
eloktoratın ələ alınması, vəzifəli şəxslərlə sövdələşmələr, mənsəbli diplomatların
qətlə yetirilməsi kimi üsullardan istifadə etmişlər.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Vilayət Sovetinin növədən
kənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarlıb Ermənistan
SSR tərkibinə verilməsi haqqında” məsəl müzakirə olunmuş və səsvermənin
prosedur qaydaları pozularaq saxtalaşdırma yolu ilə qərar qəbul edilmişdir.
Bu qərar erməni milətçilərini azərbaycana qarşı əsasız ərazi iddialarından
qaynaqlanan təcavüzkar separatçılığının baş qaldırmasına təkan verdi. Təkcə 1988-
ci il ərzində ermənilər tərəfindən Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ
regionunda 186 nəfər azərbaycanlı qətlə yetirilmiş, 200 mindən çoxu isə doğma
ocaqlarından vəhşicəsinə qovulmuşdur. Münaqişənin Dağlıq Qarabağla
məhdudlaşdığını və Ermənistanla Azərbaycan arasında deyil, Dağlıq Qarabağla
Azərbaycan arasında baş verdiyini iddia edən erməni millətçiləri respublikanın
Ermənistanla həmsərhəd rayonlarında silsilə təcavüz aktları, qətllər və talanlar
törətmişlər. Əslində bu siyasət planlı xarakter daşıyaraq Azərbaycan ordusunu iki
cəbhədə hərbi əməliyyatlara cəlb etmək məqsədi güdürdü. Azərbaycanın
Ermənistanla həmsərhəd rayonları dəfələrlə erməni silahlı birləşmələrinin
həmlələrinə məruz qalmışlar. Müharibənin ilk illərində əhalinin arasında vahimə
yaratmaq məqsədi ilə həyata keçirilən həmlələr sonradan ağır hərbi texnika ilə
müşayiət olunan irimiqyaslı hücumlarla əvəz olunmuşdur.
Tarix-ideyalar, nəsillər, dünyagörüşləri arasında mübarizədir. Bu
mübarizədən qalib çıxmaq üçün tarixi inkişafın sərt qanunauyğunlaqlarını dərk
etmək, səbəb və nəticə, təsadüf və zərurət əlaqələrini məniməsəmək vacibdir. Bir
əsrdə dörd dəfə eyni ssenarili faciə ilə üzləşdiyimiz təsadüfdür, yoxsa bəzən
fərqinə varmadığımız tarixi proseslərin labüd nəticəsi?!
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri təsnif edərkən,
belə bir qənaətə gəlmək olar ki, həmin aksiyalarda genosid anlayışını özündə
təzahür etdirən cinayət tərkibi mövcuddur. Beynəlxalq hüquqda genosid ayrı-ayrı
7
əhali qruplarının irqi, milli, yaxud dini motivə görə məhv edilməsi, bəşəriyyətə
qarşı ən ağır cinayət hesab olunur.
1948-ci il dekabrın 9-da BMT Baş Məclisində genosid cinayətinin
qarşısını almaq və belə cinayətlərə görə cəza haqqında saziş qəbil edilmişdir.
Sazişə görə bu və ya digər milli, etnik, irqi və dini qrupu tamamilə və ya qismən
məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlər genodis hesab olunur:
a) belə qrupun üzvlərinin öldürülməsi;
b)belə qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya zehni pozğunluq
yetirilməsi;
c)belə bir qrup üçün qəsdən onun tamamilə və ya qismən fiziki məhv
edilməsinin nəzərdə tutan şəraitin yaradılması;
d) belə bir qrup arasında uşaq doğumunun qarşısını almağı nəzərdə tutan
tədbirlər.
Erməni zülmkarlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər öz
amansızlığına və qəddarlığına görə nəinki bu sazişdə əks olunmuş maddələrin
müdəaları ilə üst-üstə düşür, hətta bir çox məqamlarda həyata keçirilmə metod və
üsullarına görə sözügedən maddələrin məzmununu geridə qoyur və genosid
anlayışının hüquqi çərçivələrini genişləndirməyə zəmin yaradır.
1988-ci ildən başlayan erməni ekspansiyası, ermənilərin Dağlıq
Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların
soyqırım
qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. Azərbaycan
Respublikasının ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak
edilmiş, 20 mindən çoxu yaralanmış, 50 mindən çoxu əlil olmuş, 4 mindən çoxu
əsir və itgin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd müəssisəsi
dağıdılmış, azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və
qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində XX
əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni
dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə
məruz qalmışdır. Onu da demək lazımdır ki, indiki dövrdə azərbaycanda erməni
zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur.
Əfsuslar olsun ki, beynəlxalq aləm əksər hallarda həqiqətin dərinliyinə
varmadan, məsələnin mahiyyətinin tam şəkildə obyektiv surətdə yanaşmır. Əlbəttə,
bunun bir sıra kökü dərinlərə gedən izahı vardır. Belə ki. Azərbaycanın başına
gələn bəlaların bir çoxu, bilavasitə münaqişə haqqında dolğun və düzgün
məlumatın beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq imkanlarının məhdudluğu
ilə əlaqədardır. Ancaq onu da qeyd etmək lazımdır ki, siyasət çox zaman
subyektivlik üzərində qurulduğundan, bu münaqişəyə yanaşma tərzində də ikili
standartlar amili özünü qabarıq şəkildə göstərir.
Kitabın araya-ərsəyə gəlməsində məqsəd hadisələrin imkan daxilində
emosional çalar vermədən erməni cinayətləri barədə faktları dövriyyəyə
gətirməkdir. Bu faktlar heç də ayrı-ayrı şəxslərin təxəyyülünün məhsulu deyil,
8
tutarlı dəlil və sübutlar əsasında həyata keçirilmiş istintaq proseslərində və arxiv
sənədlərində əksini tapmış materiallardır. İstintaq gedişində müəyyən olunmuş
cinayətlərin ağırlığı hətta iş prosesində dəfələrlə cinayətlərlə üzləşmiş peşəkar
müstəntiqləri belə sarsıtmışdır. Mənbəşünaslıq bazasının bütövlükdə Azərbaycan
respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədləri və istintaq
materiallarının təşkil etməsi kitabın tarixşünaslıq baxımından müəyyən dərəcəyə
malik olmasına əsas verir. Şübhə etmirik ki, gələcəkdə tarixçilər, sosiloqlar,
politoloqlar və müvafiq problemi araşdıran digər tədqiqatçılar təqdim olunan
kitabın faktoloji bazasından faydalanmaq imkanı əldə edəcəklər. Kitab həmçinin
erməni cinayətlərinin əsl mahiyyətinə yaxından bələd olmaq istəyən geniş oxucu
auditoriyası üçün də maraq doğrucaqdır. Onu da qeyd etmək və inanmaq istərdik
ki, bu kitabda toplanmış faktlara istinadən müxtəlif dillərdə yazılacaq yeni
əsərlərin meydana çıxması ilə 1988-ci ildən etibarən Ermənistan Respublikası
tərəfindən Azərbaycana qarşı aparılan elan olunmamış müharibədə ermənilərin
törətdikləri cinayətlər barədə həqiqətlərin başqa xalqlara çatdırılması istiqamətində
növbəti addımlar atılacaqdır. Kitab Milli Təhlükəsizlik Nazirliyinin elmi-tədqiqat
qrupu tərəfindən hazırlanmışdır.
9
I Fəsil: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf
rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə
siyasətinin nəticələri
Erməni millətçiləri uzun illərdən bəridir ki, Azərbaycan torpaqlarına qarşı
ərazi iddialarını həyata keçirmək üçün əlverişli məqam aramışlar. Sovetlər
İttifaqından başlanan bədnam yenidən qurma və aşkarlıq siyasəti ermənilərə məhz
bu fürsəti verdi. Ermənistandakı və mərkəzdəki ideya ilhamçılarının tövsiyyələri,
şovinist “Daşnaksütyun”, “Krunk”, “Qarabağ” təşkilatlarının proqram bəyanatları
əsasında hərəkətə gəlmiş erməni terror maşını işğalçılıq siyasətinin əsas hədəfi
kimi məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu seçdi. Sovetlər
İttifaqı və o zamankı respublika rəhbərliyinin cinayətkar məsuliyyətsizliyi
nəticəsində
Dağlıq Qarabağdakı separatçı qüvvələr bölgədə yaşayan
azərbaycanlılara münasibətdə özlərinin soyqırım və deportasiya siyasətlərini
həyata keçirməyə başladılar. Birinci mərhələdə Dağlıq Qarabağda erməni
əhalisinin sayca çoxluq təşkil etdiyi azərbaycanlı əhalinin sıxışdırılması, üstünlük
təşkil edirdisə, ikinci mərhələdə erməni silahlı birləşmələri Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan məntəqələrini və dinc əhalini hədəfə alaraq öz
miqyaslarına görə Xatın, Sonqmi faciələri ilə bir sırada dayanan Xocalı soyqırımını
törətmişlər.
Ermənistan Azərbaycan Republikasının Dağlıq Qarabağ regionunda,
eləcə də həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri cinayətlər,
vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində keçirilən
tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokrorluğundan daxil olmuş bir
neçə, o cümlədən 63903 №-li cinayət işinin təhlili zamanı müəyyən olunmuşdur ki,
1992-ci il 20 avqust tarixində Goranboy batalyonunun əsgərləri Rüstəmov
Fəxrəddin İdris oğlu, Rüstəmov Zaməddin İdris oğlu, Rüstəmov Sənan Rüstəm
oğlu və Gülməmmədov İlqar Bəhərçin oğlu üç avtomatla silahlanaraq
ermənilərdən qalmış bir tankı, bir BMP-ni və bir topu gətirmək məqsədilə “DT –
75” markalı traktorla Ağdərə rayonunun Talış meşəsinin dağlıq hissəsinə, tala olan
yerə getmiş, geri qayıtmamışlar. 1992-ci il avqustun 22-də Fəxrəddinin və
Zaməddinin qardaşı Cəmaləddin, İlqarın qardaşı Vüqar və Asif bir avtomat
götürüb “UAZ” markalı avtomaşınla həmin yerə onları axtarmağa getmiş, burada
uzaqdan “DT-75” markalı traktor, ondan təxminən 40-60 metr aralıda isə üç meyit
görmüşlər. Onlardan biri Gülməmmədov İlqar Bəhərçin oğlunun meyiti olmuşdur.
Lakin yaxınlıqda silahlı ermənilərin olduğundan qorxaraq irəli getməmiş, geriyə
qayıtmışlar. Səhərisi gün onlar Goranboy batalyonunun 30-35 əsgəri ilə birlikdə
yenidən həmin yerə gəlmiş və müəyyən etmişlər ki, gördükləri üç meyitdən qalan
ikisindən biri Rüstəmov Fəxrəddin İdris oğlunun, o birisi isə Rüstəmov Sənan
Rüstəm oğlunun meyitidir. Onların bədənində odlu silahdan yetirilmiş xeyli saydı
zədə izləri olmuş, İlqarın iki qulağı və üç əl barmağı, Fəxrəddinin isə bir qulağı
10
kəsilmişdir. Onlar həmçinin “DT-75” markalı traktorun kabinasında Rüstəmov
Zaməddin İdris oğlunun meyitini tapmışlar.
1992-ci il sentyabrın 10-da Ağdərə rayon prokuroru əvəzi, 2-ci dərəcəli
hüquqşünas M.Ə.Bağırov tərəfindən 4 azərbaycanlının qətlə yetirilməsi faktı üzrə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı
bəndləri ilə cinayət işinin başlanılması haqqında qərar tərtib olunmuşdur. Cinayət
işi aidiyyəti üzrə Qarabağ qarnizonunun hərbi prokurorluğunun, 05.12.1992-ci il
tarixdən isə Tərtər ərazi prokurorluğunun icraatına verilmişdir. İş üzrə keçirilmiş
istintaq tədbirləri zamanı hadisə yeri müayinə edilmiş, hadisə yerindən 3 ədəd güllə
və 28 ədəd giliz məhkəmə ballistik ekspertizasına göndərilmiş, Goranboy
batalyonunun zabit və əsgərlərindən, o cümlədən qətlə yetirilənlərin yaxın
qohumlarından ifadələr alınmışdır. Əməliyyat-axtarış tədbirlərinin aparılmasına
baxmayaraq, hadisəni gözləri ilə görmüş şahidləri, cinayəti törətmiş şəxsləri
müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan materiallardan görünür ki,
cinayətin törədildiyi yer, yəni Ağdərə rayonunun Talış meşəsinin dağlıq hissəsi
erməni quldurlarının nəzarəti altında ola bilərdi. Çünki meşənin ətrafında olan
kəndlər ermənilərdən azad olunsa da, meşənin erməni quldurlarından təmizlənməsi
üçün əməliyyat keçirilməmişdi. Qətlə yetirilənlərin qohumları R.Rüstəmovun,
B.Gülməmmədovun, İ.Əhmədovun və batalyonun əsgərləri A.Məmmədovun,
M.Maqsudovun, A.Əhmədovun, S.Süleymanovun, T.Əhmədovun, A.Mustafayevin
və başqalarının izahatlarında öldürülənlərin heç kim ilə ədavəti və düşmənçiliyi
olmadığı bildirilirdi.
Göstərilənlərə əsasən, Rüstəmov Fəxrəddin İdris oğlunun, Rüstəmov
Zaməddin İdris oğlunun, Rüstəmov Sənan Rüstəm oğlunun və Gülməmmədov
İlqar Bəhərçin oğlunun döyüş tapşırığını yerinə yetirərkən Talış meşəsində
gizlənmiş erməni quldurları tərəfindən qətlə yetirilməsi ehtimalı təsdiq
olunmuşdur. Müharibə şəraiti olduğü üçün və cinayəti törətmiş şəxslərin Dağlıq
Qarabağın ermənilər yaşayan ərazisində olması səbəbindən əməliyyat-axtarış
tədbirləri aparıb həbs edilməsi qeyri-mümkün olmuşdur.
Qeyd
olunanlara
əsasən, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 209-cu maddəsinin 3-cü bəndi və 213 maddəsi rəhbər tutularaq
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı
bəndləri ilə qaldırılmış 63093 saylı cinayət işinin ibtidai istintaqı cinayəti törətmiş
şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda,
eləcə də həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri cinayətlər,
vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində keçirilən
tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş
bir neçə cinayət işinin materialları, o cümlədən 13/636-92 N-li cinayət işinin təhlili
zamanı məlum olmuşdur ki, 1992-ci il oktyabrın 21-də saat 16.30 radələrində
Tərtər-Kəlbəcər nəqliyyat yolunda, Sərsəng su anbarının 1,5 kilometrliyində
11
hərəkətdən “ZİL-130”, “URAL”, “UAZ- 469”, “QAZ-52” markalı avtomobillər
odlu silahlardan atəşə tutulmuşdur. Nəticədə altı nəfər (Əsgərov Salman Fərman
oğlu, Quliyev Əşrəf Yunis oğlu, Bəylərov Mahir Əmiraslan oğlu, Orucov Musa
Oruc oğlu, Bayramov Məzahir Təhməz oğlu) qətlə yetirilmiş və avtomobillərə
əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur.
Baş vermiş cinayət hadisəsi ilə əlaqədar 1992-ci il oktyabrın 23-də
Gəncə qarnizonunun hərbi prokuroru R.M.Yusifov tərəfindən Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı və 8-ci bəndləri ilə
cinayət işinin başlanılması haqqında qərar tərtib edilmiş və iş üzrə istintaq qrupu
təşkil olunmuşdur. Cinayət işi ilə əlaqədar hadisə yeri müəyyən edilmiş, avtomat
və birdəfəlik qumbaraatanların gilizləri tapılmış və işə əlavə edilmiş, çoxlu sayda
şahidlər dindirilmiş, 3 nəfər barədə məhkəmə-tibb ekspertizası təyin edilmiş və
Kəlbəcər rayon Polis Şöbəsinə bununla əlaqədar xüsusi tapşırıqlar verilmişdir.
İstintaq zamanı cinayəti törətmiş şəxslərin iştirakı olmadan həyata keçirilməsi
mümkün olan bütün istintaq tədbirləri təşkil edilmiş, lakin cinayətkarları
müəyyənləşdirmək mümkün olmamışdır.
Müharibə şəraiti olduğu üçün və cinayəti törətmiş şəxslərin Dağlıq
Qarabağın ermənilər yaşayan ərazisində olması səbəbindən əməliyyat-axtarış
tədbirlərinin davam etdirilərək onların həbs edilməsi qeyri-mümkün olmuşdur.
Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual
Məcəlləsinin 209, 210 və 213-cü maddələri rəhbər tutularaq Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı və 8-cı bəndlərinin
əlamətləri ilə qaldırılmış 13/636-92 saylı cinayət işinin ibtidai istintaqı cinayəti
törətmiş şəxslərin müəyyən edilməməsi səbəbindən dayandırılmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı azərbaycanlılara qarşı
cinayətlər törətmiş Ağayan Elmira, Abramyan Sergey, Babayan Karen
Andranikoviç və Marqaryan Sveta ermənilər barəsində əlavə məlumatlar əldə
edilmişdir.
Belə ki, keçirilmiş tədbirlər zamanı daxil olmuş məlumata görə,
podpolkovnik Ağayan Elmira 8-ci motoatıcı alay komandirinin arxa cəbhə üzrə
müavini, ləqəbi, “Xanım”dır. Təxminən 55-60 yaşı var, dolu, orta boyludur. 1996-
cı ilə qədər alay komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət
etmiş və ordu sıralarından tərxis olunmuşdur. 1997-ci ilin yayında isə alaya yeni
vəzifəyə təyin edilmişdir.
Dostları ilə paylaş: |