Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix28.12.2016
ölçüsü3,87 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

yollar və vasitələr axtarıb tapmalıdır. Əkinçilik sisitemi öz təkamülünü davam 

etdirməlidir, çünki «yaşıl inqilablar» barədə bəzi ölkələrdə hay-küy qaldırılsa da, 

dünyanın bəzi guşələrində aclıq narahatlıq doğuran bir problem olmaqda davam edir. 

Əkinçilik yüksək və sabit məhsulun alınmasına xidmət etməlidir, kənd təsərrüfatı 

istehsalı yalançı, bayağı şüarlardan azad olmalı, öz inkişafına xidmət edən cəhətlərə və 

vasitələrə diqqəti yönəltməlidir. Optimal səpin dövriyyəsi və torpağın becərilməsi, 

gübrələrdən, bitki mühafizəsi vasitələrindən daha səmərəli istifadə edilməsi aqrar 

bölmənin mühüm vəzifəsinə çevrilməlidir. İndiyədək boş şüarlarla, vədlərlə kimisə 

qidalandırmaq mümkün olmamışdır, bununla məşğul olan alimlər az qala «dahilik» 

qiyafəsi eşqinə düşsələr də, onların proqnozları sabun köpüyü təsiri bağışlamaqdan 

uzağa getməmişdir.  

Əkinçilik sistemlərinin tətbiqində dünyaya məlum olan metodlardan istifadəyə 

də əyri gözlə baxmaq yolverilməzdir. Dəmyə zonalarda taxıl- herik sisteminin tətbiqi 

gündəlikdən çıxarılmamalıdır. Təmiz herik, becərilmənin və gübrələrin düzgün tətbiq 

edilməsi hesabına məhsuldarlığı xeyli yüksəltmək olar.  

Minimum, optimum və maksimumdan ibarət olan əkinçilik qanunlarına görə 

məhsulun miqdarı minimumda yer tutan faktorlarla müəyyən edilir. Ən yüksək 

məhsul faktorların optimal təsiri ilə əldə olunur. Faktorların maksimal (izafi) təsirində 

məhsul aşağı düşür. Bitkilər vasitəsilə torpaqdan çıxan mineral qida elementlərinin 

əvəzinin ödənilməsi zərurəti meydana gəlir. Ona görə də torpağa üzvi və mineral gübrə 

verilməsi mühüm əhəmiyyətə malikdir. Peyin torpağa bitkilərin götürdüyü kül 

elementlərini və azotun xeyli hissəsini qaytarır. Torpaq – bitki – emal edilmiş bitki 

maddələrin qalıqları – torpaq – bitki dövriyyəsi baş verir.  

Əkinçilikdə geniş təkrar istehsalın iqtisadi və təbii prosesləri birləşir. Torpaq və 

bitkilər əsas istehsal vasitəsi və əmək obyektləri kimi çıxış edirlər. Əkinçilikdə həm də 

kənd təsərrüfatı istehsalının mövsümi xarakter daşıması kəskin qaydada öz əksini tapır, 

bu isə ilin mövsümlərində Günəş enerjisinin bərabər qaydada düşməməsi ilə və 

bitkilərin becərilməsinin biologiyası ilə əlaqədardır. Bizim eradan əvvəl II əsrdə 

Romada yaşamış məşhur dövlət xadimi Böyük Katon kənd tətərrüfatına həsr edilmiş 

kitabında bitkilərin müxtəlif məhsuldarlığa malik olmasını, bəzən məhsul verməməsi 

ehtimalını əsas götürərək 100 yügerlik (25 hektarlıq) torpaq sahəsini ona qədər növ bitki 

altında bölməyi məsləhət görürdü ki, torpaq sahibi becərdiyi yalnız bir bitkinin 

məhsulu olmadığı ildə tam iqtisadi iflasla üzləşməsin.  

Əkinçiliyin növləri də torpaqdan istifadədə nəzərdən qaçılırmamalıdır. Bu 

növlərə sabit, quru (qeyri-sabit), suvarılan, dəmyə və dağ əkinçiliyi daxildir. Hamıya 


63 

 

yaxşı məlumdur ki, kənd təsərrüfatı bitkilərinin səhra rayonlarında suvarmasız 



becərilməsi mümkün deyildir. Həmçinin dəmyə, yaxud dağ əkinçiliyi növləri özlərinə 

müvafiq qaydada qulluq göstərilməsini tələb edir. Dəmyə əkinçilikdə xüsusi sistemin 

tələblərinə əməl edilmədikdə, bu, acınacaqlı nəticələrə gətirib çıxarır. Qazaxıstandakı 

xam torpaqların istifadəsinə başlandıqdan az sonra bu tipli bəlalar özünü nümayiş 

etdirirdi. 1960-cı illərin əvvəllərində iri bir taxılçılıq sovxozunda (adətən onların əkin 

sahəsi on minlərlə hektarı əhatə edirdi), alaq otu zəmiləri bütünlüklə altına aldığından 

biçin üçün kombaynları onlara buraxmaq mümkün olmadı, bir az sora isə yağan qar 

zəmilərin məhsulunu yığmağa imkan verməyəcəkdi. Sovxoz direktoru vəziyyətə real 

qiymət verib, məhsulu yetişmiş zəmiləri şumlatdırdı. Onu təqib etdilər, cəzalandırmaq 

istədilər. Onun cəsarətli qərarı yaxşı nəticə verdi, gələn ili həmin sahələrdəki yazlıq 

taxıl zəmilərindən iki qat artıq məhsul götürüldü və sovxoz direktoru xeyli 

məşhurlaşdı. O, öz kitabında qeyd edirdi ki, o, heç də yenilik etməmişdi, öyrənmişdi ki, 

qədim misirlilər 2 min il əvvəl torpağın bir hissəsini təmiz herik altında qoymaqla, 

yaxşı məhsul götürə bilirdilər. Onun novatorluğu qədim əkinçilərin təcrübəsinə 

əsaslanırdı. Axı Misir həmin vaxtlar Qədim Roma imperiyası üçün taxıl ambarı 

vəzifəsini yerinə yetirirdi.  

Dünyada daha münbit, ən yüksək keyfiyyətli torpaq qara torpaq hesab olunur. 

Onun tərkibində humusun miqdarı 4 faizdən 15 faizə qədər və bəzən daha çox olur. Bu 

torpağın dünyadakı ümumi sahəsinin xeyli hissəsi Rusiyadadır, ona görə onu bildirən, 

ingilis dilində də rus dilindən götürülmüş «çernozem» sözü torpağın qara rəngindən 

götürülmüşdür. Bəzi statistikaya görə, onun dünyada ümumi sahəsi 240 milyon hektara 

bərabərdirsə, bunun yarıdan çoxu, 130 milyon hektarı keçmiş SSRİ ərazisində idi. 1889-

cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində Rusiyanın nadir eksponatı kimi bir 

kubmetr ölçüdə olan qara torpaq nümayiş etdirilirdi, onu Voronej torpağından 

götürmüşdülər. Rusiya sərgidə qiymətli metallara qədər çox şey göstərə bilərdi, lakin 

belə nümunələr başqa ölkələrdə də var idi. Rusiyanın əbədi və qiyməti ölçüyə 

gəlməyən sərvəti olan qara torpağa üstünlük verilmişdi və sərgiyə gələnlər bu qəribə 

eksponata böyük heyranlıqla tamaşa edirdilər. Təəssüf ki, həm çar Rusiyasında, həm də 

SSRİ dövründə bu nemətdən səmərəli istifadə edilməmişdi. Qara torpaq qidalı 

maddələrə çox miqdarda malik olması, yüksək məhsuldarlığı ilə seçilir. Lakin həm də 

belə qiymətli sərvət özünə düzgün, savadlı qulluq göstərilməsini tələb edir. Bu təbii 

kapitala adekvat qayğı göstərilmədiyindən, çox humuslu torpaqların sahəsi 2,5 dəfə 

azalmışdır. Aşağı humus tərkibli olan torpaqların sahəsi isə 4,5 dəfə artmışdır. Uzun 

müddət ərzində humus parçalanmağa məruz qalır, məhsulun əmələ gəlməsinə sərf 

olunur və geri qaytarılmadan torpağı tərk edir. Buna görə də qaratorpağın münbitliyi 

durmadan aşağı düşür. Sovet dövründə məhsuldarlığı artırmaq naminə Şimali 

Qafqazda həmin torpaqların suvarılması onlara böyük ziyan vurdu. Qara torpaq 

süxurla əvəzolunma sərhədində özünü qaloş kimi aparır, suyu aşağı buraxmır və 

buxarlanma öz nəticəsi kimi torpağın şoranlaşmasına gətirib çıxarır. Təbii yağışla əldə 

edilən məhsul suvarılmadan iki-üç il sonra xeyli aşağı düşür və region ciddi iqtisadi 

ziyanla üzləşməli olur. Torpaqşünaslar müəyyən etmişlər ki, qaratorpağın bir faizinin 

itirilməsi əkinçilərə gələcək on potensial məhsula başa gəlir.  



64 

 

Qaratorpaqda təmiz herik və digər əkinçilik priyomların əhəmiyyəti xüsusilə 



böyükdür. Herik torpaqlar xüsusilə quraq illərdə digər heriksiz sələflərə nisbətən iki 

dəfə artıq payızlıq taxıl məhsulu götürməyə imkan verir. Meşə qoruyucu zolaqlar 

qaratorpaqların münbitliyini bərpa etməyə çox kömək edir. Quraqlıq elə bil ki, bu 

sahələrdən yan ötüb keçir. Ona görə də böyük rus alimi V.V.Dokuçayev meşə 

zolaqlarını «rütubət mağazası» adlandırırdı. Onlar küləyin vəhşi gücünü ram edir və 

yatırdırlar.  

Müasir Rusiya təkcə qaratorpağı itirmir, keçən əsrin 90-cı illərində 40 milyon 

hektara yaxın kənd təsərrüfat torpağı dövriyyədən çıxarılmışdı. 

Qaratoropaq haqqında rus yazıçısı A.S.Serafimoviç Krasnodar diyarında olanda, 

mazut kimi yağlı torpağı görəndə təəccübünü gizlətməyərək, obrazlı şəkildə demişdi 

ki, bu torpağı çörəyə yağ kimi yaxıb yemək olar.  

Torpaq hər bir xalqın malik olduğu elə sərvətdir ki, ona düzgün qulluq edildikdə 

daha böyük gəlir verir. Torpağın qədrini bilməyənlər isə imperator Avqustun sözləri ilə 

desək, qızıl qırmaqla balıq tutanlara bənzəyirlər, qırmaq qırılsa qızıl da itirilir, balıq da 

tutula bilməyəcəkdir. Torpağa savadsız münasibət təkcə gözlənilən məhsulun deyil, 

gələcək nəsilə çatacaq məhsulun taleyini də bu ağılsız hərəkətin qurbanına çevirir. 

Böyük rus torpaqşünası V.V.Dokuçayev ölkəsindəki torağa ögey münasibətini 

gizlətməyərək demişdi: «Rusiyanın kənd təsərrüfatı birjadakı qumara bənzəyir: yaxşı il 

düşdükdə – çörək olacaq, quraqlıq baş verdikdə yenidən məhsul qıtlığı və aclıq 

meydana gəlir». 

Böyük alimin sözləri digər xalqlar üçün də xəbərdarlıq harayı olmalıdır. Kənd 

təsərrüfatına qumar kimi baxılmamalı, «gələr gətirər, gedər batırar» prinsipi ilə 

yanaşılmamalıdır. Çünki ərzaq məhsulları bəşər övladının həyatı üçün mühüm amildir 

və onun istehsalına da eyni ciddilik səviyyəsində münasibət bəslənməlidir. Başqa 

ölkələrdən daim idxal edilən ərzaq məhsulları ilə əhalinin təchizatı vəziyyətdən 

müəyyən çıxış yolu olsa da, ölkəni ərzaq girovuna çevirir. Özünün malik olduğu 

münbit torpaq yalnız kənd təsərrüfatı təyinatı üçün və mümkün olduğu qədər böyük 

səmərəliliklə istifadə edilməlidir. Xalqın ərzaqla təmin olunmasının taleyini bütövlükdə 

idxala tabe, əslində əsir etmək, iqtisadi siyasəidəki ağır səhv hesab edilməlidir. Təbiətin 

əliaçıqlıq edərək münbit torpaqla mükafatlandırdığı xalqlar bu nemətin qədrini bilib, 

ondan ağıllı qaydada istifadə etməsə, daha acı məğlubiyyətlə üzləşə bilər. 

 

 



 

Yalan, aldatma, məkr və hiyləgərlik 

 

Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç də az olmayan, 



real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc 

xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç də 

sıradan çıxmır, illər, əsrlər ötsə də öz mövcudluğunu saxlamaqda və hər bir cəmiyyətin 

mənəvi dünyasına zərbə vurmaqda davam edir. Bəlkə də ibtidai insan bu qüsurların 

çoxundan xali idi, ibtidai icmalarda insanı aşağılayan dəyərlərə yer yox idi, çünki onlar 

icmanın məhvinə səbəb ola bilərdi. İndi də öz ibtidai keçmişindən o qədər də 



65 

 

uzaqlaşmayan, sivilizasiadan kənarda qalan xalqların təbiəti və davranışı bu 



mülahizəni bütünlüklə təsdiq edir. Azsaylı şimal xalqlarında, həmçinin Sakit okeanın 

bəzi adalarında yaşayan, tarixdən əvvəlki cəmiyyətin həyat tərzini saxlayan xalqlarda 

yalan bir qayda olaraq işlədilməyindən, onlar başqalarının yalanını da həqiqət kimi 

qəbul etməklə, bu barədə azacıq şübhə də nümayiş etdirmirlər. Sivilizasiya ilə hələ 

əlaqəsi olmayan xalqlar təbiətin övladları olduqlarından, təbiətin qanunauyğunluqları 

da özünü bütünlüklə açıq büruzə verdiyi kimi, yalana, aldatmaya ehtiyac duymurlar, 

ona görə də onlarda adamların bir-birinə etibarı güclü olur və xəyanət halları baş 

vermir.  

Yalnız təbiətlə mübarizədə ibtidai insan ona köməyə gələn, öz yaşayışını təmin 

etmək üçün vəhşi heyvanı ovlamaqda müəyyən hiyləgərlik xüsusiyyətlərinə yiyələnir. 

Buna isə o, öz təcrübəsi vasitəsilə nail olmuşdur, axı həmin xalqlar nəsilbənəsil vəhşi 

heyvanların davranışını müşahidə edib, öyrəndiklərindən, belə bələd olma çox da 

əziyyət çəkmədən ovunu ələ keçirməyə kömək edir. İbtidai insanın hiyləgərliyi 

beləliklə cəmiyyət üzvləri arasında bir-birinə qarşı olmayıb, yalnız özünü qida ilə təmin 

etmək üçün tətbiq edilir. Təbiətin övladı təbiətə də əslində ciddi ziyan vurmadan yalnız 

öz tələbatını ödəmək qayğısına qalır.  

 

Həmin qüsurların mahiyyəti 



 

Yalan, mənbəyinin əvvəlcədən yalan olduğu bilinən və digərinin bunu həqiqət 

kimi qəbul etməsinə yönələn saxta informasiyadır. Əks tərəf əslində həqiqət olmayanı 

həqiqət şəklində mənimsəyir. Yalanın özünü daha çox tətbiq etmə meydanları vardır. 

Belə ki, yalan siyasətin ayrılmaz elementi heab olunur və müharibədə düşməni çaş-baş 

salmaq üçün ən mühüm vasitəyə çevrilir. Bu dövrədə yalan bir vacib sənətə çevrilir. 

Boris Yeltsin hakimiyyətə gəldikdən sonra, ölkədə aparılan geniş miqyaslı özəlləşmə 

islahatı əslində quldurluq formasında dövlət, xalq mülkiyyətinin qəsb edilməsi şəklini 

aldı. Onun sağ əli olan Anatoli Çubays bu məqsədlə icad etdiyi vauçerlərin xalqa böyük 

maddi gəlir gətirəcəyini vəd etdi, əslində isə az vaxtdan sonra həmin vauçerlər dəyəri 

olmayan kağız parçasına çevrildi, iri sənaye müssisələri isə dövlət orqanları ilə 

cuğlaşmış bi qrup qarətçinin, sonralar onlar oliqarx adlanacaqdı, əlinə keçdi. Vaxtilə az-

çox təminatlı həyat tərzinə malik olan əhali yalanlar və quldurluq hesabına dilənçi 

vəziyyətinə düşdü. Yaxud Çingizxan şəhərləri işğal etməmişdən əvvəl yalanı həqiqət 

kimi öz casusları vasitəsilə düşmən ərazisində yaydırmaqla, döyüş başlamamışdan 

əvvəl rəqib ordunun döyüş ruhunu aşağı salırdı, əhali arasında isə bu vaxt panika 

vəziyyəti yaranırdı. Çingizxan ordusunun nəhəng ölçüdə olması barədəki şaiyələr 

düşmən ərazisində baş alıb gedirdi və beləliklə, onun böyük qələbələrinə əlavə geniş 

yol açılırdı.  

Siyasətdə isə bir qayda olaraq yalansız keçinmək olmur. Xalq bəzən yalanın 

mahiyyətini və məqsədini lazımınca araşdırmaq və dərk etmək qüdrətində 

olmadığından, nəticə etibarilə onun əsirinə çevrilir.  

Yalan və aldatma ümumiyyətlə, mədəniyyətin inkişafının əyri cəhətinin 

qanunauyğun məhsuludur, onların səbəbləri və meydana çıxma qaydaları o qədər 



66 

 

rəngarəng, həm də maraqlıdır ki, bu qüsurlardan baş çıxarmaq üçün diqqətli tədqiqat 



aparılması tələb olunur.  

Biznesdə, iqtisadiyyatda və siyasətdə çox vaxt belə bir vəziyyət yaranır ki, yalnız 

yalan və aldatmanın köməyi ilə üstünlük qazanmaq olur. Bu isə cəmiyyətin, 

ümumiyyətlə yalanda yaşadığından xəbər verir. Siyasətçi müəyyən maska geyinir, 

özünə əhali üçün cazibədar olan bir obraz yaradır. Bu obraz onun uğurları üçün mayak 

rolunu oynayır. Uinston Çörçill hazırcavablığından, erudisiyasından, natiqlik 

məharətindən geniş istifadə etməklə, bəzən sui-istifadələrə də yol verirdi. Hitler 

hakimiyyətə gəldikdən sonra Çörçill demişdi ki, alman xalqı öz fürerinə dua etməlidir

o, hesab edirdi ki, alman xalqının bəxti gətirmişdir. Sonralar o,öz səhvinin zəhər acısını 

dadmalı oldu. ABŞ prezidenti Con Kennedi şüurlara güclü təsir göstərən ifadələrlə 

xalqı heyran edə bilirdi. Televiziya çıxışları prezident seçkisində qalib gəlməsində ona 

xeyli kömək etmişdi. Təkcə öz ölkəsində deyil, dünyada onun pərəstişkarları çox idi və 

təqdim etdiyi gənc dövlət xadimi obrazı da buna xidmət edirdi. 1993-cü ildə, faciəli 

ölümündən bir qədər əvvəl Qərbi Berlinə səfər edərkən mitinqdəki çıxışında Berlin 

Divarını (bu Divar 1961-ci ildə N.S.Xruşşovun təkidi ilə tikilmişdi) kommunizmin 

məğlubiyyətinin nümunəsi olduğunu vurğulayaraq demişdi: «Azadlıq çox çətinliklərə 

malikdir, demokratiya heç də mükəmməl deyildir. Lakin biz xalqımızı onun arasında 

saxlamaq üçün heç vaxt divar tikmirik». Kennedinin bu çıxışı daha çox alman dilində 

dediyi «Ich bin ein Berliner» - «Mən Berlinliyəm» sözlərlə məhşurlaşdı. Əzilənlərin 

yanında olmaq nişanəsi kimi həmin ifadədən sonralar çoxları  müxtəlif variantlarda 

istifadə etdi. Bu çıxışında Kennedi birbaşa yalana əl atmasa da, adamların şüuruna və 

ürəyinə təsir göstərmək üçün ən uğurlu vasitədən istifadə etmişdi, xalqa yaxınlıq 

nümayiş etdirməklə öz cazibədarlığını yüksəltmişdi.  

Kino artistliyindən müəyyən siyasi fəaliyyət yolu keçməklə ölkəsinin 40-cı 

prezidentliyinə gələn Ronald Reyqan jurnalistlərlə görüşlərində özünü onların dostu 

kimi, açıq-saçıq, qeyri-rəsmi aparırdı, düşməncəsinə olan hücumlardan qorunmaq üçün 

yumora əl atırdı. Çıxışlarında istifadə etdiyi çox saydakı anektodlar nitq xörəyinə 

qatılan ədviyyat kimi onun dadını yaxşılaşdırırdı və natiqə əlavə populyarlıq gətirirdi. 

Rusiya prezidenti Boris Yeltsin hədyan hərəkətləri, yarımsərxoş görünüşü ilə özünün 

sadə, xalq adamı olması təsəvvürünü yaratmağa çalışırdı. Vladimir Putin isə fəhlələrlə, 

kəndlilərlə görüşəndə özünü onlara qayğı göstərən, bərabər sosial vəziyyətə malik olan, 

səmimi bir insan kimi təqdim etməyə çalışır. Jurnalistlərə nümayiş etdirdiyi isti 

münasibətlə  özünə güvənməklə yanaşı, həm də qüvvəsinə əmin olduğunu vurğulayır. 

Görünür, dövlət xadimləri maskasız ötüşə bilmirlər, şəxsi keyfiyyətlərinin, birinci 

növbədə ağıllarının imkan verdiyi dərəcədə ondan ustalıqla istifadə etməyi bacarırlar. 

   Lakin siyasətçilər yalandan istfadə etdikdə həddi aşmamalıdırlar, axı 

adamların qulaqlarından başqa gözləri,şüurları vardır və axırıncılar bir qədər onların 

aldadılmasının qarşısını alır. Yalandan qeyri-məhdud qaydada istifadə etdikdə, o bəzən 

əks istiqamətdə işləməyə başlayır, sahibinin ifşa olunmasına şərait yaradır. Siyasətçilər 

ABŞ-ın məşhur prezidenti Abraham Linkolnun nəsihətinə əməl etsələr, yəqin ki, öz 

maskalarından uzun müddət istifadə edə bilərdilər. Linkoln demişdi: “ Sən xalqın bir 

hissəsini həmişəlik, xalqın hamısını bir neçə dəfə aldada bilərsən, lakin xalqın hamısını 



67 

 

həmişəlik aldada bilməzsən”. Xalqın hamısını həmişəlik aldatmağa can atanlar bir 



qayda olaraq öz avantyuralarının qurbanlarına çevrilirlər  

Yalanla, aldatma ilə məşğul olanlardan həm də müəyyən bacarıq, qabiliyyət 

tələb olunur. Hunlar öz həyat tərzini dəyişmədikləri kimi, onların sosial pilləkəndə 

irəliləmələri də buna təsir edə bilmir, yalan, aldatma silahını gəzdirənlər də həm də öz 

amplualarını dəyişməyən aktyorlara bənzəyirlər. Onların ağlı, şüuru bu qaydada 

köklənmişdir, o, sərancamında olan yaydan yalnız yalan oxu atıla bilər. Köpək balığı 

daim üzməlidir ki, nəfəs ala bilsin, dayansa o, öləcəkdir. Yalan oxunu atanlar da öz 

silahlarından istifadə etməsələr cılız, sərsəm kimi görünürlər. Axı yaxşı deyirlər ki, 

yalançının nəfəsi də yalanla gedib gəlir.  

    Hərb sahəsində isə yalan bir-birinə əks qaydada təzahür edə bilər. Əgər 

Çingizxan öz ordusunun qeyri-adi gücü barədə məlumatlar yaydırdısa, faşist 

Almaniyasının xüsusi xidmət orqanları öz ordusunun gücünü və imkanlarını 

azaltmağa yönəlmiş xəbərlər yaymaqla düşməni azdırmaq yoluna əl atırdılar. Onlar 

Böyük Britaniya əhalisini Almaniyanın zəifliyinə və fəal mübarizəyə qadir olmadığına 

inandırmağa çalışırdılar, hətta öz məğlubiyyətlərinin konkret vaxtlarını da dilə 

gətirirdilər. Belə vaxt gəlib çatanda alman hərbi-hava və hərbi-dəniz qüvvələri daha 

fəal surətdə hücumlarını davam etdirirdi. Bu isə ingilisləri ümidsizliyə düçar edir və 

onlarda öz hökumətlərinə qarşı narazı münasibətin yaranmasına səbəb olurdu. 

Şaiyəyə kor-koranə qaydada inanmaq böyük qəbahət sayılsa da, daha rahatdır, 

çünki məsuliyyət, vicdan və hətta könülün dəyişilməsi başqalarının üstünə atılır. 

Kürdlərin mübarizə hərəkatında «peşmərqə» ifadəsi «ölümun üzünə baxan adam» 

mənasını verdiyi kimi, şaiyəyə hər an inananlara da «qulağını yalan üçün geniş açan 

adam» adlandırmaq düzgün olardı.  

Yalan həm də onu daim işlədənlər üçün psixiki xəstəlik xarakteri daşıyır. Onlar 

yalandan bəzən lazım gəlib-gəlmədi istifadə edirlər, istənilən məsələyə görə, bəzən 

hətta özlərinin ziyanına olan yalana da əl atırlar. Siyasətdə isə kobud, lazımi formaya 

salınmamış yalan fayda vermir. Burada «yalan nə qədər böyük olsa, ona daha yaxşı 

inanırlar» barədəki Gebbels prinsipi o qədər də kara gəlmir. Siyasətdə şəraitin tələbinə 

uyğun gələn yalanın tətbiq edilməsi daha əlverişli sayılır. 

Lakin yalan cəmiyyətə bütünlüklə hakim kəsilə bilmir, yalana asanlıqla inanan 

kütlə arasında az da olsa şübhə edənlərə də rast gəlmək olur. Cəmiyyət bütünlüklə 

yalan dənizinə gömülsə də, «Kral çılpaqdır» sözlərini bərkdən söyləyən bir adam, hətta 

o, uşaq olsa da, tapılır. Ona görə də yalandan istifadənin bir sıra məhdudiyyətləri də 

vardır. Hər şeydən əvvəl bu məhdudiyyət əxlaq prisiplərindən irəli gəlir. Burada daxili 

xüsusiyyətdən irəli gələn səbəblər də ola bilər. Həm də bəzi siyasi qruplar məlumatın 

saxta olduğunu bildikdə, yalan artıq təhlükəli xarakter daşımağa başlayır, belə yalan 

siyasi nüfuzun itirilməsinə gətirib çıxara bilər. Bir cəhət də unudulmamalıdır ki, hər bir 

yalanda həqiqətin kiçik bir hissəsi gizlənir.  

Yalanın müqayisəsiz ustaları dələduzlardır. Onlar fırıldaqlardan geniş istifadə 

edir, müxtəlif yalanlarla öz qurbanlarının etibarını qazanmağa müvəffəq olurlar. 

Dələduzun cəzbedici «tələ yemini» nümaiş etdirməsi qurbanı şirnikləşdirir. Özünün 

qəfildən varlanması barədə çaşdırıcı məlumat yayır və bu, qurbandan xeyli məbləğdə 

pul çəkmək alətinə çevrilir. Dələduzlar dərdi bölüşmək, başına faciə gəlmiş adamın 


68 

 

müsibətinə yanmaq kimi psixoloji təsir vasitələrindən istifadə edir, tanıyıb, 



tanımamağından asılı olmayaraq əksər matəm məclislərində iştirak etməklə, bunu 

gələcək qurbanlarına nümayiş etdirməyə çalışırlar. Digər bir vasitə isə dələduzun 

qurbanını yaxından tanıması, bir regiondan, hətta həmyerli olmaları, bir yerdə təhsil 

almaları, bəzən hətta nə vaxtsa yaxın olmaları barədə həqiqətə heç cür uyğun olmayan 

səbəblər uydurması və onları işə salmasıdır. Belə «xatirələr» dələduza yaxınlıq hissi 

yaradır, ona olan inamsızlığı və şübhəni azaldır, bu yolla qurbanın aldadılması da xeyli 

asanlaşır. Dələduz keçmişinə belə saxta ekskurslar etdikdə öz «istedadından» istifadə 

edərək xüsusi bədii və təsirli formaları işə salır. O, asılı olduğu adama elə qulluq 

göstərir ki, bunu yalnız ana qarışqanı yemləməklə məşğul olan qarışqanın xidmət 

canfəşanlığı hesabına özünü ac qoyub, ölməsi ilə müqayisə etmək olar. Əlbəttə, dələduz 

ölmək istəmir, ancaq hamısinin qarşısında hər cür «fədakarlıq» göstərməkdən də 

usanmır.  

Dələduzlarda bədii təxəyyül çox güclü olur, onlar rəvayətlər uydurmaq ustasına 

çevrilirlər; qurbanını ələ keçirmək, əsir etmək üçün qısqanclıq yaradan miflər 

quraşdırılır. Mif isə bəzən real hadisədən də böyük təsir gücünə malik olur. Dələduz 

əksər hallarda yalanına görə təlaş hissi keçirmir, cəsarətliliyi, həyasızlığı onun uğur 

qazanmasına yaxından kömək edən amilə çevrilir. Bəzən o, qurbanına qarşı hücuma 

keçməyə başlayır, ona təhlükə yarandığını saxta qaydada yada salır, bu məsələdə öz 

mövqeyini möhkəmlindirmək üçün mətbuatdan istfadə etməyə girişir. Dələduzun 

rəngarəng yalan axınında həqiqətin bircə damlasına da rast gəlmək mümkün olmur. Bir 

qayda olaraq həqiqətə nifrət edənlər daha çox yalan danışırlar. Yalan kabusu heç də 

qorxu hissi yaratmamalıdır. ABŞ-ın görkəmli dövlət xadimi və böyük demokratı Tomas 

Ceffersonun dediyi kimi, «Həqiqətdən dəhşətə gəlməyən yalandan heç də 

qorxmamalıdır».  

Yalan nadir hallarda şər məqsəd güdülmədən, ondan hansısa fayda umulmadan 

istifadə edilir. Yalan çox hallarda məkrə, aldatmaya xidmət edir, hiyləgərlik  silahı kimi 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə