İsa Musayev, Mətləb Əlizadə
İNFORMATİKANIN ƏSASLARI
(Dərs vəsaiti)
Bakı – 2014
2
Giriş
Müasir dünya günbəgün virtuallaşmaqdadır. Yəni bu günədək həlli mümkün
olmayan məsələlərin həlli mümkün olmaqdadır. Bu prosesin təməlində kompüterləşmə və
informatlaşma dayanır.
Taxıl, polad, elektrik kimi, kompüter də İnsan həyatının ayrılmaz tərkib hissəsinə
çevrilməkdədir. Bütün dünya ölkələri bu prosesin içində yeni məzmun kəsb edən
mövcudluq formasına keçməkdədir.
Fizika, kimya, biologiya kimi fundamental təbiətşünaslıq elmlərindən biri olan
―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası bəşəriyyətə informasiya-kommu-
nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.
Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu
kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl
qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə etməyə
çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri
İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.
Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır.
İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət formalaşdırmaqdır. Bu isə yeni
düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı-
nın reallaşması deməkdir.
İnformatika, Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl ideyalar və prinsiplər
əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən
hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.
İnformatika təlimi get-gedə konkret aparat-proqram vasitələrinin xarakteristikasını
arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir.
Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin
dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu
xeyli gec başa düşülmüşdür.
Maddə, enerji və informasiya kimi təməl mahiyyətlərin insana xidmət etməsində ən
ümumi elmi instrument olan riyaziyyatın mühüm rolu vardır. İnsanın əldə etdiklərinin
əksəriyyəti riyazi metodların tətbiqi ilə mümkün olmuşdur. Min illərdən bəri istifadə
3
edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə
malikdir. Buna baxmayaraq, informatika riyaziyyat və digər elm sahələrini bəşəriyyətin
həyatına daha dərin nüfuz etdirərək daha dərin dəyişikliklər törədə bilmişdir. Bu
dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir.
Odur ki, informatikanın tədrisi həm də informatikanın yaratdığı imkanlardan ağılla və
ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir.
Dərs vəsaiti 8 bölmədən ibarətdir.
Birinci bölmə
―İnformatikanın obyekti, predmeti və metodu‖ adlanır. Burada
Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın
yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və
informatikanın predmeti və metodu barədə ardıcıl və yığcam məlumat verilərək müasir
dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir.
İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında
verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması,
onun fizikada, biologiyada, kibernetikada və informatikada mənalandırılması müxtə-
lifliklərinin səbəbləri, informasiyanın kəmiyyət xarakteristikaları, təqdimatı və
kodlaşdırılması məsələləri araşdırılmışdır.
Üçüncü bölmə ―İnformasiya emalının texniki vasitələri‖ adlandırılmışdır. Bu
bölmədə ədədi informasiya emalı qurğuları və informasiya emalının instrumental
vasitələrinin inkişafı, fərdi kompüterlərin aparat təminatı, informasiyanın kompüter
yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.
Dördüncü bölmə ―Kompüterin hesabi və məntiqi əsasları‖na həsr edilmişdir.
Dördüncü bölmədə ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi,
məntiqin əsasları və kompüterin məntiqi əsasları, ədədi, mətni, qrafik və səs
informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır.
Beşinci bölmə ―İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları‖
adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual
Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir.
Altıncı bölmə ―Kompüter sistemlərinin proqram təminatı‖nı özündə əks etdirir.
Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram
təminatı, o cümlədən əməliyyat sistemləri, proqramlaşdırma texnologiyalarının instru-
mentariyası və tətbiqi proqram təminatı, o cümlədən, tətbiqi proqram təminatına
4
nümunələr kimi mətn redaktoru, elektron cədvəllər və qrafik redaktor barədə yığcam
məlumat öz əksini tapmışdır.
Yeddinci bölmə ―Kompüter şəbəkələrinin arxitekturası‖ adlanır. Dərs vəsaitinin
yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri
şərh edilmişdir.
Səkkizinci bölmə ―İnformasiya sistemləri və texnologiyaları‖na həsr edilmişdir.
Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya-
ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları
şərh edilmişdir.
5
Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu
1.1 Dünyanın maddi-enerji mənzərəsi. Fizika və kimyanın təsvir etdiyi dünya
mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi-
enerji mahiyyətli varlıqdır. Bu varlıq elementar zərrəciklərdən qalaktikalaradək, bioloji
sistemlərdən insana, cəmiyyətə və texnikayadək son dərəcə mürəkkəb strukturlar
iyerarxiyasıdır.
1.2 Dünyanın informasiya mənzərəsi. Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli
olsa da onun informasiya təsviri daha əhəmiyyətlidir. Çünki müxtəlif təbiətli mürəkkəb
sistemlərin qurulması və fəaliyyət göstərməsi yalnız informasiya aspektində izah edilə
bilir. Bu aspekt əvvəlcə kibernetikada, sonra isə biologiyada tədqiqat təməli kimi
seçilmişdir. 20-ci əsrin sonlarından etibarən isə bu təməl üzərində dünyanın informasiya
mənzərəsi yaradılmışdır. Beləliklə, informasiya mənzərəsi dünyanın maddi-enerji
mənzərəsini tamamlamışdır.
1.3 İnformasiya təbiətdə. Termodinamikanın ikinci qanununa görə, qapalı sistemə
kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır,
qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan
neqentropiya
1
azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin
sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən
proseslər bir istiqamətli deyil, dissipativ xarakterlidir, yəni bir-birinə qarşı gedən iki
istiqamətli proseslərdir. Çünki yalnız bütövlükdə Kainat mütləq bütöv qapalı sistemdir,
qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim
dəyişmədə, mütəmadi inkişafda mövcuddur. Lakin inkişaf heş də həmişə tərəqqi
anlamında başa düşülən deyil. Belə ki, inkişaf tərəqqi, durğunluq və tənəzzül şəklində
təzahür edən prosesdir. Yalnız tərəqqi halında informasiya artır. Durğunluq və tənəzzül
hallarında isə entropiya artır. Kainatın vacib tərkib hissələrindən biri olan canlı aləm hələ
ki sadədən mürəkkəbə doğru inkişafda olduğundan, burada entropiya daim azalmaqda,
informasiya isə artmaqdadır.
Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat
fəaliyyəti üçün əsas şərtdir.
1
neqativ entropiya, anti entropiya, informasiya
6
1.4 Canlı təbiət və informasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri
müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal
etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır.
Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir.
İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya
daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya
ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat
fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən
mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır.
İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya
qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya
mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm
vasitəsi kimi çıxış etməkdə idi. Bilik - predmet və hadisələrin dərk edilmiş və yadda
saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss
üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu
baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın
qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa
bağlıdır.
1.5 Genetik informasiya. İstənilən canlı orqanizm, o cümlədən, insan irsi ötürülən
genetik informasiya daşıyıcısıdır. Genetik informasiya hüceyrəni təşkil edən DNK
molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən
quruluş və fəaliyyət sahəsinə cavabdehdir. Orqanizmin təşkili səviyyəsi genlərin sayı ilə
müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.
1.6 İnsan və informasiya. İnsan informasiya dünyasında yaşayır. O, ətraf aləmi öz
hiss üzvləri vasitəsilə informasiya alaraq dərk edir. Aldığı informasiyanın 90%-ni görmə
hissi ilə, 9%-ni eşitmə, 1%-ni digər
2
hiss üzvləri ilə əldə edir. Hiss üzvləri ilə aldığı infor-
masiyanı insan yaddaşında saxlayır. İnsan təfəkkürü (düşüncəsi) beyində gedən
informasiya emalı prosesi kimi təsəvvür edilir. İnsan təfəkkürü dünyanın informasiya
modelini yaradır.
2
iybilmə, dadbilmə və lamisə (dəri)
7
İnformasiyanın alınması, saxlanması, emalı və ötürülməsi ilə bağlı proseslərə
informasiya prosesləri deyilir.
1.7 İnformasiya və cəmiyyət. İnsanlar arasında ünsiyyət informasiya mübadiləsi
şəklində baş verir. İnformasiya mübadiləsi yazılı, şıfahi və jestlərlə həyata keçirilə bilir.
İnformasiya dil vasitəsi ilə ötürülür. İnformasiyanın başa düşülməsi üçün dil ümumi
olmalıdır. Dillərin çoxluğu informasiyanın ötürülməsi imkanlarını genişləndirir və seçim
imkanlarını artırır. İnsan cəmiyyəti tarixinə, müəyyən mənada, informasiyanın yığılması
və emalı tarixi kimi baxmaq mümkündür. Dərketmə prosesi informasiyanın alınması,
saxlanması və emalı proseslərinin məcmusudur. Alınmış informasiya müxtəlif
daşıyıcılarda (saxlayıcılarda), kitablarda, audio-video kassetlərdə, maqnit və lazer
disklərində saxlanır.
Kompüterlərin vahid qlobal İnternet şəbəkəsində əlaqələndirilməsi bəşər tarixi
ərzində yığılıb toplanmış informasiyaya hər bir şəxsin müraciət edə bilməsini mümkün
etmişdir.
1.8 İnformasiya prosesləri texnikada. İnformasiya prosesləri təbiətə, insana və
cəmiyyətə xas olduğu kimi, texnikaya da xasdır. Texniki qurğuların normal fəaliyyəti
idarəetmə prosesləri ilə bağlıdır ki, bu da mahiyyətcə, informasiyanın alınması,
caxlanması, emalı və ötürülməsi proseslərinin məcmusundan ibarətdir. Bəzi hallarda
idarəetmənin əsas ağırlığını insan öz üzərinə götürməli olur. Digər hallarda idarəetmə sırf
maşının işidir.
1.9 İnformatlaşdırmanın aparat və proqram vasitələri. İnformasiyanı rəqəm forma-
sında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer,
skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir.
İnformatlaşdırma dedikdə, müxtəlif profilli mütəxəssislərin peşəkar fəaliyyətində, tədrisdə,
elmi-tədqiqatda, idarəçilikdə, inzibatşılıq fəaliyyətində, məişətdə, asudə vaxtda müasir
informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.
İnformasiyanı avtomatik emal edən universal vasitə kompüterdir. Kompüter müxtəlif
təyinatlı, müxtəlif funksiyaların icrasına imkan verən proqramlar vasitəsi ilə idarə olunur.
Proqram dedikdə, ən ümumi halda, icraçıya aydın olan formada yazılmış xüsusi əməllər
ardıcıllığından ibarət olan fəaliyyət planı başa düşülür. Xüsusi halda, icraçı dedikdə,
kompüter nəzərdə tutulur. Kompüter proqramları məcmusuna proqram təminatı və ya
informatlaşdırmanın proqram vasitələri deyilir.
8
1.10 İnformasiya və kommunikasiya texnologiyaları. Kompüterdə mətn redaktoru-
nun köməyi ilə sənəd hazırlamaq üçün mətn informasiyasının emalı texnologiyasından,
qrafik redaktordan istifadə etməklə şəklin redaktə edilməsi üçün qrafik informasiyanın
emalı texnologiyasından, elektron cədvəllərdən istifadə etməklə müxtəlif hesablamaların
aparılması üçün isə ədədi informasiyanın emalı texnologiyasından istifadə edilir.
İnformasiya modellərini tədqiq edərkən alqoritmlər hazırlamaq və onları proq-
ramlaşdırma dillərində kodlaşdırmaq lazım gəlir ki, bu da əslində proqramlaşdırma
texnologiyasından istifadə etmək deməkdir.
Lazımi informasiyanın qlobal kompüter şəbəkəsi olan İnternetdə axtarılması və əldə
edilməsi kommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir.
Beləliklə, İnformasiya və kommunikasiya texnologiyaları dedikdə, cəmiyyətdə
istifadə edilmək üçün informasiyanın yığılması, saxlanması, emal edilməsi və yayılması
ilə bağlı olan metodlar, qurğular və istehsal prosesləri məcmusu başa düşülür.
1.11 İnformasiya cəmiyyəti. Fərdi kompüterlərin kütləvi istehsalı və İnternetin
misilsiz sürətlə genişlənməsi inkişaf etmiş dünya ölkələrində informasiya cəmiyyətinin
bərqərar olmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. İnformasiya cəmiyyətində əsas
resurs informasiyadır. İstənilən fəaliyyəti yalnız informasiyanın köməyi ilə səmərəli etmək
mümkündür. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi informasiyanın emalı
sferasında məşğul olur, gündəlik həyatında və istehsal fəaliyyətində informasiya və
kommunikasiya texnologiyalarından istifadə edir.
İnformasiya cəmiyyətində yaşamaq və fəaliyyət göstərmək üçün informasiya
mədəniyyətinə yiyələnmək tələb olunur. İnformasiya mədəniyyəti dedikdə, informasiya
texnologiyalarından istifadə bacarığı və bu sferadakı hüquqi və etik normalara əməl etmək
səviyyəsi nəzərdə tutulur.
1.12 İnformatika. Dünyanın tədqiqinə informasiya yanaşması informatika çərçivəsin-
də həyata keçirilir.
―İnformatika‖ termini fransızca İnformatique sözündəndir. Bu, informasiya və
avtomatika sözləri əsasında yaradılmışdır. Odur ki, informatika, ilk növbədə, infor-
masiyanın avtomatik işlənməsi mənasını ifadə edir. Lakin hal-hazırda informatika dedikdə,
əsasən, informasiyanın avtomatlaşdırılmış işlənməsini, yəni insanın iştirakını nəzərdə tutan
informasiya texnologiyasını reallaşdıran texniki və proqram vasitələrinin yaradılması və
istismarı ilə bağlı ideya və metodlar sistemi nəzərdə tutulur.
9
İnformatikaya verilən bəzi təriflərlə tanış olaq:
İnformatika - informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və
proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat-
laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir.
İnformatika
– hesablayıcı texniki vasitələrin köməyi ilə verilənlərin yaradılması,
saxlanması, təkrar istehsalı, emalı və ötürülməsi, həmçinin həmin texniki vasitələrin
fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.
İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi
ilə onun yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi və istifadə edilməsi qanuna-
uyğunluqlarını və üsullarını öyrənən elmdir.
İnformatika – ixtiyari
3
təbiətli obyektlərdəki informasiya və onun elektron vasitə-
lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir.
İnformatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı
olan informasiya prosesləri haqqında elmdir.
İnformatika – informasiyanın ümumi xassələri və qanunauyğunluqları, həmçinin,
informasiyanın axtarışı, ötürülməsi, saxlanması, emalı və insan fəaliyyətinin müxtəlif
sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana
gəlməsi nəticəsində formalaşmışdır. Başqa sözlə, informatikanın yaranması verilənlərin
maşın daşıyıcılarında qeyd edilməsi, yığılması, emalı və ötürülməsi ilə bağlı olan yeni
informasiya texnologiyalarının meydana gəlməsi və yayılması ilə şərtlənmişdir.
İnformatikanın tərkibinə: informasiyanın kodlaşdırılması nəzəriyyəsi, proqram-
laşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı
proseslərinin riyazi nəzəriyyəsi daxildir.
Bu təriflər göstərir ki, informatikanın fəaliyyət dairəsi ―kompüter haqqında elm‖
olmaqdan daha genişdir.
Beləliklə, informatikanın obyekti - informasiya prosesləri, predmeti - bu proseslərin
substratı olan informasiyanın emalı, metodu isə sözügedən emal prosesinin səmərəli
4
avtomatlaşdırılmasıdır.
3
texniki, bioloji, sosial
4
optimal
10
Bütün bu deyilənlər göstərir ki, İnformatika, ilk növbədə, yeni məsələlərin həllini,
ikinci növbədə isə ənənəvi məsələllərin yeni qoyuluşda həllini gerçəkləşdirməyə dair
biliklər sistemidir.
İnformatikanın predmetini aşağıdakılar təşkil edir:
-hesablayıcı texniki vasitələrin aparat təminatı;
-hesablayıcı texniki vasitələrin proqram təminatı;
-aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri;
-insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri.
Qarşılıqlı fəaliyyət vasitələri informatikada interfeys adlandırılır. Buna görə də
aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələrinə aparat-proqram
interfeysi, insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələrinə isə
istifadəçi interfeysi deyilir.
İnformatika elminin əsas məsələsi hesablayıcı texniki vasitələrin aparat və proqram
vasitələri ilə işin qayda və metodlarını sistemləşdirməkdən, sistemləşdirmənin məqsədi isə
qabaqcıl və səmərəli texnologiyaların seçilməsindən, tətbiqindən və inkişaf etdirilməsin-
dən ibarətdir.
İnformatika praktiki elmdir. Bu o deməkdir ki, informatikanın nailiyyətləri təcrübədə
yoxlanılır və səmərəlilik kriterisi üzrə qiymətləndirilərək tətbiq edilir. Bu baxımdan,
informatikanın əsas məsələsinin tərkibində aşağıdakı əsas istiqamətləri ayırırlar:
-hesablayıcı sistemlərin arxitekturası (verilənlərin avtomatik emalı üçün nəzərdə
tutulmuş sistemlərin yaradılması qaydaları və metodları);
-hesablayıcı sistemlərin interfeysləri (aparat və proqram təminatlarının idarə edilməsi
qaydaları və metodları);
-proqramlaşdırma (məsələ komplekslərinin işlənib hazırlanması qaydaları və
metodları);
-informasiyanın qorunması (verilənlərin qorunması priyomlarının ümumiləşdirilməsi,
mühafizə metodları və vasitələrinin işlənib hazırlanması);
-avtomatlaşdırma (aparat-proqram vasitələrinin insan müdaxiləsi olmadan fəaliyyət
göstərməsi);
-standartlaşdırma (aparat və proqram vasitələri arasında və müxtəlif hesablayıcı
sistem tiplərinə aid olan verilənlərin təsviri formatları arasında uyuşanlığın təmin
edilməsi).
11
İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün
əsas məsələ səmərəlilik məsələsi olmuşdur. Aparat vasitələri üçün səmərəlilik dedikdə,
məhsuldarlığın dəyərə nisbəti nəzərdə tutulur. Proqram vasitələri üçün səmərəlilik
istifadəçinin məhsuldarlığını ifadə edir. Proqramlaşdırmada səmərəlilik dedikdə, vahid
vaxt ərzində proqramçının hazırladığı proqram kodunun həcmi nəzərdə tutulur.
İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya
digər əməliyyatın necə icra edilməsi əsas olmasa da, vacibdir. Əsas məsələ odur ki,
verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun.
Dostları ilə paylaş: |