Mövzunun tədrisinin məqsədi. Makroiqtisadi tarazlığın mahiyyəti və ilkin şərtlərini açıqlamaqla, neoklassik və .Keynsçi modellərin təsir mexanizmlərini, əsas xüsusiyyətlərini öyrənmək.
Mövzunun təlim nəticəsi: 1.Makroiqtisadi tarazləğın mahiyyəti və ən mühüm nəzəriyyələrini bilmək.
2.Milli iqtisadiyyatın səmərəliliyi və maksimum iqtisadi səmərəlilik konsepsiyalarını fərqləndirmək.
3. İstehlak və yığım, istehlak və yığıma orta, son hədd meylliyi anlayışlarını bilmək.
4.İstehlak və yığım qrafiklərinin yerdəyişməsinə təsir edən amilləri şərh etmə bacarığı.
5. İnvestisiya xərcləri və investisiya tələbi əsasında sadə makroiqtisadi keynsçi modelin şərhini bacarmaq.
7.1.Makroiqtisadi tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri. Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir. Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, bazar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılığını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.