1
MİRZƏ FƏTƏLİ AXUNDOV
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS
(Hacı Qara)
Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.
Əfradi-əhli-məcalis:
Heydər bəy
Əsgər bəy
Səfər bəy
Sona xanım – Heydər bəyin adaxlısı
Təyyibə xanım – Sona xanımın anası
Hacı Qara – sövdagər
Tükəz – onun arvadı
Bədəl – onun oğlu
Kərəməli – onun nökəri
Xudaverdi – müəzzin
Ohan – qaraulların yüzbaşısı
Sərkis, Qəhrəman, Karapet və başqa altı qaraul
Mkrtıç və Tuğ əkinçiləri
Arakel
Murov
Naçalnik
Xəlil – yüzbaşı, murov yanında
Murovun və naçalnikin əmaləsi
Yasavul
ƏVVƏLİNCİ MƏCLİS
Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində,
aydınlıq gecədə, Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydər bəy
qabağında habelə yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə danışır.
Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var,
nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək
dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən
günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq
olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə
osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə
gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir
kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam
Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır.
2
Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi
gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən
ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki,
naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa
getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır
ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab
verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki,
gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki,
kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü
görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən
də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü.
Səfər bəy: Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at
minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə
yubandı? Ha, odur gəlir!
Bu halda Əsgər bəy yetişir.
Əsgər bəy: Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin
və fikirli görükürsən?
Heydər bəy: A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı
gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki: Heydər bəy,
quldurluq, oğurluq eləmə!
Səfər bəy: Yəni acından öl!
Heydər bəy: Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər
bəydir! Əgər o əl çəkə, ölkə farağat olar. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi
məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə; gərək genə
təzədən qaçaq olam.
Əsgər bəy: Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm
götürüb qaçmağına səbəb nədir?
Heydər bəy: Səbəb odur ki, pul tapmıram xarcın çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər
bəy məsləhət görür ki, götürüm qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümdən
bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü
qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni
çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.
Səfər bəy: Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını
toy edib gətirə bilmirsən. Mən də dedim ki, istəyirsən, gəlim, gedək qaçıraq, gətirək. İndi
özün bil!
Əsgər bəy: Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy
xarcı hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir!
Heydər bəy: Toy xarcını hardan hazır edəcəksən?
Əsgər bəy: On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq;
onun qazancı ilə toyunu elərsən!
Heydər bəy: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər,
gedib yığışdırıb gətirək, gələk?
Əsgər bəy: Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.
Heydər bəy: Əcəb danışırsan! Mən pulu hardan alım?
Əsgər bəy: Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara
ağcabədilidən ki, sövdagər və dövlətli kişidir, pul götürrük, gedərik mal gətirrik, satarıq, onun
pulunu özünə rədd edərik, qazancı bizə qalar.
Heydər bəy: Hacı Qara, deyirlər, çox xəsisdir. O adama pul verər?
3
Əsgər bəy: Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır;
ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər.
Heydər bəy: Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız
ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm bu gecə məni gözlüyür.
Əsgər bəy və Səfər bəy: Çox əcəb, çox gözəl!
Heydər bəy: Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı
Qaranın yanına!
Əsgər bəy və Heydər bəy
:
Salamat ol, gedirik. Amma sübh tezdən gəl. (Gedirlər.)
Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun
dalısında Sona xanım qəşəng səfər paltarını geyinib, ipək çarşabı başında, o yan-bu yana
baxır; qalxır, oturur.
Sona xanım
:
Allah, görəsən genə nə oldu, gəlmədi! Gecə yarıdan ötübdür, hələ indiyədək
görükmür. Dan yeri ağarıb, sabah indicə açılar. Bilmirəm necə edim? Bir azacıq da
gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam. (Qalxır ayaqa, o yana-bu yana
baxır.) Xeyir, gəlmir! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə
hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək
gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən
qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi
gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun
fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturub yerə, sonra). Eh, nə vəsvəsələr
gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna
da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalında qulaq asıb
eşidəydi ki, mən deyirəm: gedərəm özgəsinə. Görəsən inanardımı? Əlbəttə inanmayacaqdır,
çünki bilir, yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir.
Bu halda kolun dalısından Heydər bəy atlı üzə çıxır, atdan enir.
Heydər bəy
:
Sona xanım!
Sona xanım:
Heydər, sənsən?
Heydər bəy
:
Mənəm!
Sona xanım:
Yalqızsan? Bəs hanı yoldaşların?
Heydər bəy: Yoldaşım yoxdur, yalqız gəlmişəm.
Sona xanım: Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda
yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyaçaqlar,
şəksiz dalımca atlanıb atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzumü
qiyamətədək görməzsən!
Heydər bəy: Hələ səni aparmağa gəlməmişəm, qorxma!
Sona xanım: (qeyz ilə) Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən?
Heydər bəy: Başqa məsləhət var, qulaq as!
Sona xanım: Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda
bilmənəm!
Heydər bəy: Bir dayan, söz deyirəm!
Sona xanım: (atın cilovundan yapışıb) Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda
deyərsən!
Heydər bəy: (onun qolundan tutub) A qız, bir gör nə deyirəm! Axı tələsmə!
Sona xanım: Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de!
Heydər bəy: A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni
niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur?
4
Sona xanım: Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz
gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-
zaddır? İyirmi qızdan birisinə toy olmur.
Heydər bəy: A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub
qaçır. Axı sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə
hərəkət idi, etdin, bizi rüsvay elədin? Onda nə cavab verərəm?
Sona xanım:
(bir az fikir edib) Pulu hardan tapıbsan?
Heydər bəy: Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.
Sona xanım:
(yerə oturur) Yaxşı, söylə görüm!
Heydər bəy: Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?
Sona xanım: Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdagər ki, deyilsən, bu hesabları
yoxlursan? De görüm, nə qədər pul tapıbsan?
Heydər bəy: Axı, bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs
qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük
çıxarda bilir.
Sona xanım: A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerli-
dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın?
Heydər bəy: A qız, qoymazsan bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng
çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar! Əsgər bəy deyir ki, həm ucuzdur və
həm göyçəkdir, həm də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus
çitini tanımırlar.
Sona xanım: Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun, sözünü de!
Heydər bəy: Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır, geyir.
Hacı Əzim bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır.
Sona xanım: Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə
düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən?
Heydər bəy: Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti necə əzizdir?
Sona xanım: Nəyimə gərəkdir ki, başa düşüm?! Firəng çiti alıb-satanam?
Heydər bəy: Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdagərlərə
versəm, iki toyun xarcı çıxar!
Sona xanım: Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də
deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib
yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!
Heydər bəy: Pul tapmışam, yalan demirəm!
Sona xanım: Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?
Heydər bəy: Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm,
qazancını yarıya bölək, yoxsa verməz ki, toy edim!
Sona xanım: Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc
var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.
Heydər bəy: Özü sövdagər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki,
Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.
Sona xanım: Kazaklar sənin də tükünü didə bilməzlərmi?
Heydər bəy: Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların
gözünə görükərəmmi ki, mənim tükümü didələr?!
Sona xanım: Sən ələ oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan
olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə
çıxıbsan, istəyirsən yenə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı
deyiləm! Dur gedək, mən toy istəmirəm!
Heydər bəy: Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola? Çörək
istəməzsənmi?
5
Sona xanı: Allah kərimdir, ac ki, qalmayacayıq?
Heydər bəy: Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala
getmə, çörək bacadan ki, düşməz!
Sona xanım: Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istəyirsən
get qaçaq mala!
Heydər bəy: Çünki rüxsət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib
aparmasam, məndən əksik adam yoxdur!
Sona xanım: İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! ( Qalxır ayağa.)
Heydər bəy: Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et!
İki həftədən sonra, vallah, toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər
görünür. Atan, anan yanında məni xəcil eləmə!
Sona xanım – İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm,
dur gedək!
Heydər bəy: Allahı sevirsən, sözümə qulaq as!
Sona xanım: ( başlayır ağlamağa) Heydər, görükür ki, məndən soyumusan?
Heydər bəy: Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək.
Sona xanım istəyir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb Sona xanımın anası
Təyyibə xanım alaçıqdan çıxır, çağırır.
Təyyibə xanım: Sona, Sona, Sona huy!
Sona xanım: Vay dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! ( Tez qısılır yerə.)
Heydər bəy: A qız, bəs mən necə edim?
Sona xanım: Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!
Heydər bəy: Ha vaxt bəs gəlim?
Sona xanım: Heç vaxt, get dəxi məni görməzsən!
Heydər bəy: Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü
öldürrəm!
Sona xanım: Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam
səni görməsin!
Heydər bəy: ( onun boynun qucaqlayıb üzündən öpür) Bu saatda gedirəm, qadan alım, dərd
eləmə, bax, özün izn verdin!
Təyyibə xanım: Ay qız, Sona, hardasan? ( Heydər bəy tez atı minib tələsik uzaqlaşır.)
Sona xanım: Ay ana, burdayam, gəlirəm.
Təyyibə xanım: ( yaxınlaşıb) A qız, çöldə nə qayrırsan bu qədər vaxt?
Sona xanım: Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça
burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sıqırçıya, buzovçuya rast gəlib
aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda
axtarıram, tapmıram. (Əyilib başmağın axtarır.)
Təyyibə xanım: Ayağını
düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?
Sona xanım: Elə burda düşdü ey! ( Əlin yerə sürtür.)
Təyyibə xanım: ( yerə əyilib) Bəs hanı, əgər burda düşübdür?
Sona xanım: Bax, budur, tapdım! ( Başmağın tayın əlində göstərir.)
Təyyibə xanım: Di gey ayağına, gedək! ( Sona xanım başmağı geyib anası ilə gedir.)
Pərdə salınır.
İKİNCİ MƏCLİS
İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində
6
qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef
oturubdur.
Hacı Qara: Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurquşun
imiş! Üç aydır Qaladan almışam, gətirib beş top satmamışam heç kəs malın üzünə baxmır.
Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək
də bunları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?!
Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə
gəlməyə, bu harda görünübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra
verən, səni görüm ki, heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın
yemiyəsən! Uf, uf! (əlin dizinə çırpır.) Zalım oğlu zalım, yüz yol qurana, peyğəmbərə and
içdi ki, çox ravac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün, indi üç ay
olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz
manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək.
Bu halda Xudaverdi müəzzin yetişib qəflətən
Xudaverdi: Səlaməleyk! Hacı, atanızın ismi-şərifi nədir?
Hacı Qara: Əleykəssəlam! Naşurun topu neçiyədir?
Xudaverdi: Xeyir, mən soruşuram ki, mərhum atanızın adı nədir?
Hacı Qara: Nəyinə lazımdır, əzizim?
Xudaverdi: Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına
tapşıram.
Hacı Qara: Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərifinizə düşdü?
Xudaverdi: Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə
bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə surəsi mənim atama
oxusun, gəlsin bir abbası verim?
Hacı Qara: Mən? Necə, nə danışırsan, dəli olubsan?
Xudaverdi: Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər
veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.
Hacı Qara: Kişi, özbaşına sənə nə lazım olmuşdu mənim atama Quran oxuyursan?
Xudaverdi: Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.
Hacı Qara: Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama
Quran oxuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur!
Xudaverdi: Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir
abbası şəfəqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.
Hacı Qara: Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola; get, axtar, tap, abbasını al. Bu
kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı
sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir.
Xudaverdi gedir.Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər.
Əsgər bəy: Səlam-əleyk, Hacı!
Hacı Qara: ( başın yuxarı götürüb) Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın!
Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar.) Xoş gəldiniz, ağrınızı alım, səfa
gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz?
Əsgər bəy: Qəlyan çəkirik.
Hacı Qara: Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur.)
Əsgər bəy: Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı?
Hacı Qara: Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz.
7
Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap
boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb
doldurmuşam. (Qəlyanı verib əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına.) Hacı
qadanızı alsın, hər nə qədər istəyirsiniz, seçin. Getdiyim kəbəyi-beytüllah haqqı, Qurana and
olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam
Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə
qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, bunların birin də
dükanda görməzsiniz. Alın, aparın!
Əsgər bəy: Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma!
Hacı Qara: (Təəccüb və məlal ilə) Necə nəyinizə gərəkdir? Bəs sövda eləməyəcəksiniz?
Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?
Əsgər bəy: Xeyir, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.
Hacı Qara: Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövda edərəm. Bəşərti ki, xalis inək
yağı ola.
Heydər bəy: A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı
var və nə qoyun yağı.
Qulaq as,
görək Əsgər bəy nə deyir.
Hacı Qara: (qaşqabaq ilə) Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt
gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!
Əsgər bəy: Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı, biz səni deyib
gəlmişik!
Dostları ilə paylaş: |