Elmi redaktoru:
Azərbaycan Respublika EA-nın müxbir üzvü
İqrar Əliyev
Redaktoru
Elmira Məmmədyarova
Rəssamı
Taleh Məlikov
Qaşqay S.
Q 29 Manna dövləti. B.:
Azərnəşr, 1993, 107 səh.
Təqdim edilən monoqrafiya eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində
Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən olan Mannanın siyasi və
iqtisadi tarixinə həsr olunmuşdur. Əsərdə Cənubi Azərbaycan ərazisində qazıntılar
zamanı aşkar edilmiş mixi yazılarından istifadə edilmişdir.
Kitabda dövlət
quruculuğu və etnik problemlərə, təsərrüfatın müxtəlif sahələrinə xüsusi yer
verilmişdir. Manna dövlətində yüksək mədəniyyət və
inkişaf etmiş iqtisadiyyat
olmuşdur.
P 0503020007-74
BBK 9/C42/
M – 651307 - 93
5 - 552 - 01 89 - 2 © Azərnəşr, 1993
GİRİŞ
Cənubi Azərbaycan ərazisində yazılı mənbələrdə qeyd edilən ilk iri dövlət
qurumu Manna dövlətidir. Manna dövlətinin təşəkkülündə və onun
möhkəmləndirilməsində iştirak etmiş bu ərazidəki müxtəlif
tayfa birliklərinin
tarixi, eləcə də e. ə. I minilliyin birinci yarısında Yaxın Şərqin ən güclü
dövlətlərindən birinə çevrilən Manna dövlətinin özünün tarixi böyük maraq kəsb
edir.
Qədim Şərqə həsr edilmiş elmi ədəbiyyatda e. ə. I minilliyin əvvəllərində
Urmiya gölünə bitişik ərazilərdə yaşayan əhalinin siyasi, xüsusilə də iqtisadi tarixi
çox zəif işıqlandırılmışdır. Bununla belə qonşu ərazilərdə mövcud olmuş Aşşur və
Urartu kimi dövlətlər barədə biz əhəmiyyətli dərəcədə daha dolğun tarixə malikik.
E. ə. I minilliyin əvvəllərində qonşularla müntəzəm qarşılıqlı
əlaqələri
barədə məlumat verən yazılı mənbələr olsa da Urmiyanı hövzə əyalətləri tədqiqat
mərkəzindən kənarda qalmışdır. Xırda tayfa birliklərinin, eləcə də ayrı-ayrı şəhər-
dövlətlərin konsolidasiyasında Manna çox mühüm rol oynamışdır. O, dəfələrlə
Aşşur və Urartu arasında gedən ərazi çəkişmələrindən öz xeyrinə istifadə etmişdi.
Aşşur dövlətinin zəifləməsindən və darmadağın edilməsindən sonra Manna e.ə. I
minilliyin ortalarından Ön Asiyanın ən qüdrətli dövlətinə çevrilən Midiyaya tabe
edildi. Lakin Midiyaya tabe olsa da Manna iqtisadi
və mədəni cəhətdən Midiya
dövlətinin ən inkişaf etmiş hissəsi kimi qalmaqda idi.
Bu ərazinin zəif öyrənilməsinin əsas səbəbi burada ardıcıl arxeoloji
qazıntıların aparılmaması idi. Arxeoloji materialların hamısı təsadüfən tapılmış
dəfinələrdən və ya ayrı-ayrı əşyalardan ibarət idi. Bu boşluq Cənubi Azərbaycanda
Urmiyanı əyalətlərdə aparılan geniş miqyaslı arxeoloji tədqiqatlar sayəsində
dolduruldu. Urmiya gölünün cənub sahilində yerləşən Həsənlu yaşayış yerində,
yaxınlıqdakı Dinhatəpə və Göytəpə, şimali-qərb sahilində
yerləşən Həftəvantəpə,
habelə Səfidrud çayı vadisində tapılmış nekropollarında və başqa obyektlərdə
aparılmış qazıntılar zəngin və müxtəlif çeşidli material vermişdir. Naxçıvan
zonasında aşkar olunmuş abidələrdən də külli miqdarda oxşar materiallar əldə
edilmişdir.
Bu materiallar sinfi təbəqələşmənin dərinləşdiyini, əmək məhsuldarlığının
yüksək
səviyyəsini, inkişaf etmiş sənətkarlıq istehsalının mövcudluğunu və s.
göstərir.
Maddi mədəniyyət dəlilləri bizə Aşşur və Urartu yazılı mənbələrindəki
məlumatları daha geniş və hərtərəfli dərk etməyə imkan verir.
Əsərdə imkan daxilində e. ə. I minilliyin əvvəllərində Urmiyanı hövzədə
yaşamış əhalinin həyat və məişət mənzərəsini daha aydın təsəvvür etmək üçün
yazılı mənbələri və maddi mədəniyyət məlumatlarını tutuşdurmağa çalışırıq.