5.Büdcənin mahiyyəti.
Bazar iqtisadiyyatı şəraitində özünəməxsus yeri və rolu ilə fərqlənən, maliyyə münasibətləri sistemi onun müəyyən həlqələrinin cəmindən ibarətdir. Əvvəlki inzibati-amirlik sistemindən fərqli olaraq bazar münasibətləri şəraitində maliyyə sistemi xeyli genişlənmiş, böyümüş və daha da dərinləşmişdir. Hazırda cəmiyyətin gələcək inkişaf dinamikası birbaşa maliyyə münasibətlərindən asılıdır. Dövlətin müvafiq gəlir və xərcləri həyata keçirmək üçün maliyyə sisteminin təkmilləşdirilməsini təmin etməlidir.
Maliyyə münasibətləri sisteminin əsas həlqələrindən biri olan dövlət maliyyəsi dövlətin iqtisadi, sosial və siyasi funksiyalarını həyata keçirmək üçün ən mühüm alətdir.
Dövlət öz funksiyalarını yerinə yetirmək üçün müəyyən pul vəsaitləri fondlarına malik olmalı və onları müvafiq qaydalara uyğun olaraq istifadə etməlidir. Bu mənada dövlət maliyyəsinin ən mühüm tərkib hissəsi olan dövlət büdcəsinin rolu olduqca böyükdür və ona görə də büdcə dövlətin ən zəruri atributu sayılır.
Büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə planıdır. Büdcə dövlətin gəlirləri və xərcləri arasındakı balansı əks etdirir.
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində büdcənin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxsahəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı məişətdə müxtəlif mənalarda işlədilir, yəni dövlət, ailə, vaxt, yerli, şəxsi büdcə və s. Tarixən büdcə sözü ingilis mənşəli “budget” sözündən götürülüb və çanta, torba mənasında işlədilib. Büdcə anlayışı XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil olmuş, məna etibarı ilə xəzinə sözünə yaxındır. Ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Əgər ailə büdcəsi ailənin gəlir və xərc balansını əks etdirirsə, dövlət büdcəsi dövlətin gəlir və xərcləri arasındakı balansı təzahür etdirir.
Bütün dövlətlərdə təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ümumi daxili məhsul və milli gəlir yaradılır. Maddi istehsal sahəsində yaradılmış milli gəlir ardıcıl olaraq bölgü və yenidənbölgü mərhələsindən keçir, büdcə gəlirlərinin yenidən bölgüsü və gələcəkdə istifadə edilməsində mühüm rol oynayır. Ölkənin milli gəlirinin bölgüsü prosesində onun bir hissəsi pul formasında büdcəyə daxil olur və maliyyə resurslarının mərkəzləşdirilmiş fondunu əmələ gətirir.
Büdcə dövlətin vəzifə və funksiyalarının maliyyə təminatı üçün müəyyən edilmiş pul vəsaitləri fondunun yaradılması və istifadəsi formasını ifadə edir. Büdcə ölkənin maliyyə sistemində aparıcı mövqeyə malikdir. O, bir tərəfdən dövlət ilə, digər tərəfdən müəssisə və əhali arasında bölgü münasibətlərinin bir hissəsini ifadə edir ki, bu da maliyyə resurslarının ümumdövlət fondunun formalaşması və istifadəsi ilə bilavasitə əlaqədardır. Bu münasibətlərin məzmunu dövlətin bu və ya digər tarixi dövrdə həll etdiyi vəzifələr ilə şərtləşir.
Dostları ilə paylaş: |